Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır

18:58 / 24.08.2019

Rusiyanın dövlət başçısının Fransaya səfərində qlobal miqyasda aktual olan məsələlərlə yanaşı, ikitərəfli münasibətlərlə də bağlı müzakirələr aparılıb. Yayılan informasiyalara görə, Rusiya və Fransa prezidentləri müzakirələrdə ciddi razılıqlar əldə edə bilməyiblər. Ancaq müzakirələr çox sayda məsələni əhatə edib. Bundan başqa, E.Makronun "Yeddilər" qrupu ilə bağlı V.Putinə dolayısı ilə etdiyi təkliflər lazımi səviyyədə qarşılıq görməyib. Yaxın Şərqdəki münaqişələrin həllində Moskva və Parisin mövqeyindəki fərqlər qalmaqdadır. Bütün bu məsələlərin fonunda Rusiya-Fransa münasibətlərinin geosiyasi kontekstdə analizi üzərində dayanmağa ehtiyac vardır.

Tarixi məkanda görüş: ənənə davam edəcəkmi?

Rusiya Prezidenti V.Putinin Fransaya səfəri G7 ölkələrinin sammitindən bir həftə öncəyə təsadüf etdi. Ekspertlər bu iki hadisə arasında əlaqədən yazırlar. Daha çox Fransa Prezidenti E.Makronun G7 üzvlərinə Avropa-Rusiya münasibətləri ilə bağlı müəyyən informasiyalar çatdırmaq və eyni zamanda, siyasi dividend əldə etmək niyyəti haqqında bəhs edilir. Bunun üçün kifayət qədər əsaslar vardır. Çünki hazırda Qərb-Rusiya münasibətləri çox gərgin mərhələdədir və yumşalma əlaməti gözə dəymir.

Lakin ekspertlər prezidentlərin tam fərqli xarakterdə olmasının ciddi irəliləyişə inamı azaltdığını da vurğulayırlar. Bununla yanaşı, tarixi təcrübə göstərir ki, müəyyən kritik dönəmlərdə Parislə Moskva ortaq dil tapa bilirlər. Məsələn, 1966-cı ildə Şarl dö Qoll Moskvaya səfər edərək əhəmiyyətli razılıqlara nail olmuşdu. Tarix təkrarlanacaqmı?

Hər bir halda V.Putin Fransada çox sayda məsələni müzakirə etdi. Burada ikitərəfli münasibətlərlə yanaşı, ABŞ, Avropa və dünyanı narahat edən məsələlərlə (məsələn, İran problemi ilə) də bağlı fikir mübadiləsi aparıldı. Prezidentlərin Breqanson qalasında keçirilən və üç saatdan çox davam edən görüşünün geosiyasi konteksti kifayət qədər aktual məsələlərlə əlaqəlidir.

Mətbuata verdikləri bəyanatlarda müzakirələrin nəticələri ifadə olunub. Belə aydın olur ki, tərəflər bir sıra məsələlər üzrə razılığa gələ bilməyiblər, lakin müzakirələr faydalı olub. Rusiya Prezidenti Moskvada müxalifətin aksiyaları ilə bağlı qəti fikir bildirib. V.Putin deyib ki, Moskva Parisə bənzəməyəcək. Yəni müxalifətin hərəkətləri qanundan kənara çıxdıqda, dərhal cəzalandırılacaqlar. Belə çıxır ki, V.Putin Moskvadakı hadisələrdə xarici qüvvələrin təsirinin olduğuna inanır və etiraz aksiyalarına sərt reaksiya verməkdə qərarlıdır. Xatırladaq ki, "sarı jiletlilər" məsələsində Paris Rusiya və ABŞ-ı daxili işlərinə qarışmaqda ittiham etmişdi.

G7 ilə bağlı münasibətlərdə də Moskva təmkinli davranır. V.Putin bu məsələ ilə bağlı deyib ki, Rusiya G7-yə can atmır. Həm də ona görə ki, daha böyük beynəlxalq təşkilatlar mövcuddur, məsələn, G20! Ancaq Kreml G7-yə daxil olan ölkələrlə münasibətlərin inkişafına da qiymət verir. V.Putin bu münasibətlə Rusiyanın Qərblə deyil, ona alternativ ola biləcək geosiyasi dairələrlə bir düşərgədə olduğunu dolayısı ilə ifadə edib. Bu isə maraqlı və əhəmiyyətli seçimdir. Çünki dünya səviyyəsində getdikcə daha çox sayda dövlətlər yeni geosiyasi güc mərkəzinin formalaşdırılması ehtiyacından bəhs edirlər. Rusiyanın bu düşərgənin liderlərindən biri olmaq imkanı var.

İki Prezident İran məsələsi üzərində də dayanıblar. Fransa İranın nüvə razılaşmasına əməl etməsi zərurətini bir daha vurğulayıb. Paris hesab edir ki, bununla bağlı Tehranla müzakirələr davam etməlidir. Lakin məsələ burasındadır ki, Tehran əvəzində fayda görməyəcəksə, razılaşmalara əməl etməyəcək. Üstəlik, Tehran artıq uranın zənginləşdirilməsini yeni səviyyəyə qaldırıb. Makron-Putin danışıqları da bu baxımdan yeni heç nə verməyib. Moskva İranın maraqlarını müdafiə etməkdədir.

Maraqlı bir fraqment iqlim məsələsi müzakirə edilərkən meydana çıxıb. Fransa Prezidenti Sibirdəki yanğın hadisəsi və Severodvinsk yaxınlığında qapalı hərbi obyektdə baş verən nüvə partlayışını xatırladaraq iqlimlə bağlı ortaq işləri görməyin vacibliyini vurğulayıb. V.Putin isə cavabında Severodvinskin Sibirdə olmadığını diqqətə çatdırıb. Sibirdəki yanğınlarla bağlı isə dövlətin ciddi tədbirlər gördüyünü ifadə edib. Parisdə imzalanan iqlim sazişi üzrə tərəflərin əməkdaşlığının vacibliyi də vurğulanıb.

"Böyük Avropa" ideyası və geosiyasi reallıq: ziddiyyətlər qalır

Əlbəttə, V.Putin və E.Makron Yaxın Şərq məsələsini kənara qoya bilməzdilər. Onlar Liviya və Suriyanı da müzakirə ediblər. Liviyada siyasi parçalanma təhlükəsindən və problemin dinc yollarla həlli məsələsindən danışılıb. Orada vətəndaş müharibəsinin qarşısının alınması məsələsi aktuallığını saxlayır. Lakin böyük dövlətlərin heç biri münaqişəni aradan qaldırmaq üçün konkret addım atmır.

Suriyada vəziyyət daha kritikdir. Orada İdlib ətrafında son günlər vəziyyət daha da ağırlaşıb. B.Əsədə bağlı qüvvələr Rusiya və İranın dəstəyi ilə may ayından başladıqları hücumları genişləndirərək Xan-Şeyhun şəhərini ələ keçiriblər. Bu, Dəməşqə Hələbə gedən ana yolu nəzarətə götürməyə imkan verir. Xatırladaq ki, İdliblə bağlı Soçidə Rusiya ilə Türkiyə arasında bir razılaşma imzalanıb. Həmin razılaşmaya görə, bölgədən bütün terror qrupları çıxarılmalı idi. Buna rəğmən, oraya radikal qrupların axını güclənib. Onlar əyalətin 90 faizinə nəzarəti ələ keçirmişdilər. Rusiya tələb edirdi ki, Türkiyə terrorçuların oradan uzaqlaşdırılmasını təmin etsin. Ankara isə radikal terror qruplarını bilərəkdən oraya Dəməşqin yerləşdirdiyini bəyan edirdi. Tərəflər ortaq nəticəyə gələ bilməyiblər və Moskva hərbi əməliyyatlara baş vurub.

Bu arada Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa ilə imzalanan miqrasiya sazişindən çıxdığını bildirib. Deməli, son nəticədə Avropa növbəti miqrant dalğasına rast gələ bilər. E.Makron İdlibdəki vəziyyəti fəlakətli adlandırıb. Qocalar və uşaqların bombalardan həlak olduğunu deyib. V.Putin isə həmin əyalətin terrorçulardan təmizlənməsi zərurətini vurğulayıb. Beləliklə, İdlib məsələsində də Rusiya ilə Fransa fərqli mövqelərində qalıblar. Bölgədən qaçqınların sayı isə durmadan artır.

Ekspertlər məsələnin geosiyasi tərəfinə diqqət yetirirlər. Belə ki, Rusiya ABŞ və Türkiyənin təhlükəsiz bölgə yaratmaq üçün ortaq fəaliyyət göstərməsindən razı qalmayıb. Daha doğrusu, Ankaranın belə bir addım atmaması gərəkliyini çatdırıb. Xarici işlər naziri S.Lavrov deyib ki, Rusiya Türkiyəyə xəbərdar etmişdi ki, İdlib vurulacaq.

Münaqişələrin fonunda V.Putin və E.Makronun ABŞ və Rusiyanın orta və yaxın mənzilli raketlərinin ləğv edilməsi haqqında müqavilədən imtina etmələrinin müzakirəsi maraq doğurub. V.Putin açıq deyib ki, vəziyyəti Amerika bu hala gətirib. Bu səbəbdən Rusiya ABŞ-ın istehsal etdiyi silahlar gücündə silah istehsal edəcək. Bununla yanaşı, ABŞ həmin silahları yerləşdirməyincə, Rusiya da analoji sistemləri aktivləşdirməyəcək. Yəni Rusiya balansı təmin edəcək və qarşı tərəfin atacağı addımı gözləyəcək. Deməli, iki böyük gücün silahlanma yarışı yeni məzmun kəsb etməyə başlayır.

Bütün bunların fonunda prezidentlərin vahid Avropa konsepsiyası ilə bağlı fikir mübadiləsi aparması marağa səbəb olur. E.Makron "Lissabondan Vladivostoka qədər Böyük Avropa" ideyasını bir daha xatırladıb, bununla bağlı Rusiya şairləri və siyasətçilərin fikirlərindən misallar gətirib. Beləliklə də o, Rusiyanın əsrlərdir ki, Avropaya can atdığını ifadə edib.

Cavabında V.Putin bu ideyanı, əslində, avropalı siyasətçilərin ortaya atdığını deyib. Məsələn, Şarl dö Qoll Atlantikadan Urala qədər vahid Avropa yaratmaqdan bəhs edib. Ancaq Rusiya Sakit okeana qədər uzanır. Bunun hesabına Sakit okeana qədər geniş bir məkan Avropa mədəniyyəti məkanına daxildir.

Bunlar məlumdur, ancaq hazırda bu ideyanı reallaşdırmaq mümkün deyil. Bir sıra ziddiyyətlər vardır ki, onlar ciddi mövqe fərqləri yaradırlar. Lakin V.Putin onu da vurğulayıb ki, belə bir vəziyyət bu ideyanın ümumiyyətlə həyata keçməyəcəyi anlamını ifadə etmir. Nə zamansa, Avropa Lissabondan Sakit okeana qədər vahid olacaq. Məhz o günün gəlməsi üçün çalışmaq lazımdır.

Beləliklə, V.Putinin Fransa səfərində kifayət qədər maraqlı və aktual məsələlər müzakirə edilib. Lakin həmin məsələlər üzrə razılıqların əldə olunduğuna dəlalət edən əlamətlər yoxdur. Tərəflər növbəti dəfə öz mövqelərini ifadə ediblər. Buraya qlobal məsələlərdən tutmuş Avropa-Rusiya münasibətləri, İran, Liviya, Suriya məsələləri, silahsızlaşma problemi və iqlimlə bağlı vəziyyət daxildir. Rusiya-Aİ münasibətlərində isə irəliləyiş olmayıb. Ekspertlərə görə, bu səbəbdən G7-nin Fransadakı sammitində Rusiya ilə bağlı ciddi bir qərar olmayacaq. Həm də Aİ-nin yeni rəhbərlərinin Moskvanı kəskin tənqid etməsi vəziyyətin normallaşma perspektivinin az olduğunu göstərir.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM