İnformasiya siyasəti ictimai rəyin formalaşdırılması kontekstində

08:00 / 01.11.2019

Xalid Niyazov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

Giriş
Qloballaşmanın indiki mərhələsində məğlubiyyət və qələbələr kommunikativ texnologiyaların geniş istifadəsi ilə görünməz informasiya cəbhəsində reallaşır. Yaranmış durumda KİV-in ictimai rəyin formalaşmasında rolu bir qədər də artır. Çünki məhz KİV vahid informasiya məkanı yaradan, fərqli fikirləri vahid məxrəcdə bir araya gətirən, yekdil mövqe formalaşdıran institut və təsisatlar kompleksi kimi çıxış edir. Yenə də KİV sayəsində insanın və cəmiyyətin sosiomədəni dəyərləri formalaşır. Bütün bunlar istənilən cəmiyyətin informasiya və xəbərdən asılılıq dərəcəsinin dəqiq və ətraflı öyrənilməsini diqtə edir. Bu, ən azından qanunlar və real həyat arasında harmoniyanın yaradılması baxımından da vacibdir. İnsan və cəmiyyət həyatına medianın təsiri düzgün qiymətləndirilmədikdə bu, dəyərlər sisteminin, elm və incəsənətin, mənəviyyatın çöküşünə gətirib çıxarır [5,105]. Yeni müstəqillik dönəmində Azərbaycan cəmiyyətinin transformasiyası da özünü təkcə iqtisadi, siyasi, sosial sferada yox, mənəvi müstəvidə də göstərir ki, sonuncuya təsir edən ən böyük amillərdən biri məhz KİV-dir.

Mediasfera və ictimai rəy
Müxtəlif ictimai xarakterli problemləri qabart­maqla KİV istər cəmiyyətin, istərsə də ayrılıqda götürülmüş fərdlərin fikir və davranşılarına təsir edir. Özü də müasir dövrdə KİV-in texniki imkanlarının yüksəlməsi şəraitində bu təsir daha dinamik xarakter almağa başlamışdır. Hazırda KİV-in texniki alətlər “arsenal”ına yalnız çap mediası, radio və televiziya deyil, intenet və onun vasitəsilə sosial şəbəkələr də daxil olmuşdur. Azərbaycanda peyk yayımı, kabel radio və televiziyasının inkişafı KİV cəbhəsinin “cəbbəxana”sını daha da zənginləşdirmişdir. Təcrübə göstərir ki, audiovizual medianın, radio və televiziyanın, internetin, cəmiyyətə, xüsusilə də onun gənclərdən ibarət təbəqəsinə təsiri daha kütləvi və güclüdür. Əhatə dairəsi sürətlə genişlənən internet informasiyanın axtarışı və ötürülməsi baxımından digər vasiətələri qabaqladığından onun istifadəçi auditoriyası daha sürətlə genişlənir. Belə bir üstünlük yaradıcılıq və təlim üçün geniş imkanlar yaradır. Eyni zamanda, məhz onun əsasında virtual reallıq yaranır. Müasir dövrdə təhlükəli xəbər siyasətinin yürüdülməsi, yanlış ictimai rəyin formalaşdırılması, informasiya təhlükəsizliyinin pozulması halları özünü məhz internet məkanında daha çox büruzə verməyə başlayır. Həmçinin, internet üzərindən sosial şəbəkələr vasitəsilə təhlükəli təbliğatların qurulması da günümüzün reallığıdır və elə Azərbaycan təcrübəsində bunun çoxsaylı nümunələri vardır. Amma bu problemə qarşı düyna miqyasında hələ də səmərəli mübarizə təcrübəsi işlənib hazırlanmamışdır. İnternetə çıxışın məhdudlaşdırılması isə söz və məlumat azadlığına qəsd kimi dəyərləndirildyindən həmin variant məqbul sayılmır. Hazırda bu məsələ üzərində dünya miqyasında ən müxtəlif rakurslardan aktiv müzakirələr davam edir. Qeyd edilənlər öz növbəsində KİV təbliğatının mənfi tərəflərinin də mövcudluğunu ortaya qoymuş olur. Dezinformasiyaların yayılması və bunun geniş kütlə tərəfindən qəbuluna cəhdlərin göstərilməsi təbliğatın zərərli tərəflərindən hesab olunur [6, 34].
Digər tərəfdən, yeni texnologiyalar sayəsində müasir dövrdə KİV təbliğatı insanların təkcə davranış deyil, şüur və psixikasına əvvəlki dövrlərlə müqayisədə indi daha çox təsir göstərir. Çünki yeni texnologiyalar sayəsində ötürülən informasiyaların həcm və çeşidi yenə də böyük olaraq qalır və həmin informasiyaların mənbəiynin ölkə daxilində yaxud xaricdə yerləşməsi də artıq hər hansı bir əhəmiyyət kəsb etmir. Bu isə zərərli təbliğata qarşı mübarizənin səmərəlilik əmsalını azaldan amillər sırasında yer alır.
İctimai rəyi digər sosial fenomenlərdən fərqləndirən əsas səciyyəvi məqam özünü aydın şəkildə büruzə verən təbii ifadə mexanizmlərinə malik olmasıdır. Xüsusən də media azadlığı şəraitində ictimai rəyin hansı istiqamətdə formalaşması özünü daha qabarıq şəkildə göstərir. Amma burada onu da nəzərə almaq lazımdır ki, əksər hallarda insanların bu və ya digər hadisə barədə fikirləri şərti xarakter daşıyır, biri-birinə yaxın olur və bu fikri hansı kontekstdə ifadə etməsindən əhəmiyyətli dərəcədə asılı olur. Bu səbəbdən ictimai rəyin hansısa sosial təbəqəni təmsil edən konkret və real adamların birmənalı fikri, yoxsa onların dediklərinin ümumiləşdirilməsinin nəticəsi olduğunu müəyyənləşdirmək çətindir. Eyni şəxsin, şəxslər qrupunun eyni suala verdikləri cavablar sosial tədqiqatların gedişində dəyişə bilir. Bütün bunlar ictimai rəyin formalaşdırılması prosesinin mürəkkəb xarakterindən xəbər verir və bu rəyi formalaşdıran mediadan böyük profesionallıq tələb edir.
Bununla belə, media bütün dövlərdə ictimai rəyin formalaşmasında xüsusi rol sahibi kimi çıxış edib və etməkdədir. İstənilən siyasi rejim, hətta ən repressiv rejim belə hakimiyyətin qəbul etdiyi qərarların ictimai rəy tərəfindən dəstəklənməsinə cəhdlər edir və bunu bilavasitə media üzərindən reallaşdırmağa çalışır. Bu da o deməkdir ki, heç bir hakimiyyət ictimai rəyə və onun formalaşmasında aparıcı rola malik mediaya biganə deyil. Belə bir məqamı da nəzərdən qaçırmaq olmaz ki, kütləvi kommunikasiya müasir cəmiyyətdə ən böyük hakimiyyət gücünə malik kateqoriya qismində qəbul olunur. Çünki mediaya yol tapa bilməyən fikrin, mövqenin ictimailəşməsi indiki şəraitdə mümkünsüz sayılır.
İnformasiya cəmiyyətlərinə keçid edən ölkələrdə sosial medianın rolu kifayət qədər yüksək, funksiyaları isə çoxşaxəlidir. Sirr deyil ki, sosial media, məsələn, “Facebook”, “Linkedin”, “Twitter” və digər bu kimi vətəndaş jurnalistikası adlanan vasitələr virtual və real məkan kimi olduqca təsirli bir vasitəyə çevrilmişlər. Onlardan bəzi hallarda ilkin məlumat mənbəyi kimi istifadə olunması təkcə yanlış məlumatların yayılması ilə məhdudlaşmır, eyni zamanda yanlış rəylərin formalaşmasına da səbəb olur. Buna görə də xəbər siyasətinin həyata keçirilməsi ilk növbədə səhihlik amili üzərində köklənməli, informasiyanın mənbəyi dəqiq olmalı, etibarlılığı yoxlanılmalıdır.
Paralel olaraq həmin informasiyanın ölkənin, cəmiyyətin mənafeləri baxımından məqbul yaxud qeyri-məqbul olması da müəyyənləşdirilməlidir. Təkzibedilməz faktdır ki, Azərbaycanda söz və məlumat azadlığı mövcuddur və bu praktiki olaraq qanunvericlik aktları, ölkənin qoşulduğu müxtəlif beynəlxalq konvensiyalarla öz təsdiqini tapmışdır. Lakin ən inkişaf etmiş demokratik Qərb dövlətlərinin təcrübəsində olduğu kimi, Azərbaycan da öz informasiya məkanını cəmiyyətə açıq-aşkar təhdid vəd edən informasiyalardan qorumaq hüququna malikdir. Eyni zamanda, bu məsələdə KİV-in də üzərinə böyük məsuliyyət düşür. Amma təəssüflər olsun ki, bəzi media quruluşları, xüsusilə də sosial medianı təmsil edən jurnalistika əksər hallarda sosial məsuliyyət hissini “unudur”. Onlar əldə etdikləri, bəzən isə məqsədyönlü şəkildə ötürülmüş məlumatların səhihliyini yoxla­madan, mexaniki şəkildə ictimailəşdirməklə ciddi fəsadlara yol açırlar. Bu mənada sosial jurnalistikanın fəaliyyətinin hansısa formada hüquqi tənzimlənməsini reallaşdırmağa böyük zərurət var və 2015-17-ci illərdə bununla bağlı bir sıra sahəvi qanunlara zəruri əlavvə və dəyişikliklər edilmişdir.
Bundan əlavə, bəzi transmilli media vasitələrinin də müxtəlif dövrlərdə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi hallarına təsadüf edilir və bu amillər informasiya məkanının daha ciddi qorunmasını zəruri edir. Akad. R. Mehdiyev bu xüsusda qeyd edir ki, “formasından və məzmunundan asılı olmayaraq, Azərbaycanın müstəqilliyi, suveren­liyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır” [9]. Yəni, informasiya məkanında milli və dövlətçilik maraqlarının qorunması ehtiyacı ön plana keçməli, mahiyyətindən asılı olmayaraq, informasiyaya kifayət qədər həssas münasibət sərgilənməlidir.
Xəbər siyasətinin obyekti elmi nöqteyi-nəzərdən cəmiyyət həyatının informasiya sferasıdır. Əslində, xəbər siyasətinin obyektinin kifayət qədər geniş olduğunu, cəmiyyətdə kütləvi informasiya prose­si­ni tam əhatə etdiyini söyləmək mümkündür. Xəbər siyasətinin məqsədi vətəndaşların və ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi və bunun üçün zəruri nəzəri-praktiki metodların işlənib hazırlanmasıdır. Müasir dövrdə informasiya təhlükəsizliyi kontekstində həmin tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Şəbəkə texnologiyalarının getdikcə insan həyatına daha çox nüfuz etməsi, lokal şəbəkələrin birləşərək qloballaşması, minimal təhlükəsizlik tələblərinə cavab verməyən proqramların sürətlə yayılması informasiya təhlükəsizliyinin etibarlı təminatını daha da aktuallaşdırır. İnformasiya təhlükəsizliyi dedikdə, informasiyanın və informasiya mühitinin təsadüfi yaxud düşünülmüş təbii və ya süni xarakterə malik təsirlərdən müdafiə vəziyyəti başa düşülür [3, 9]. Bu cür təsirlər vaxtında neytrallaşmadıqda onların təsiri altında formalaşan ictimai rəy də yanlış məqamlar üzərində köklənərək ölkə həyatı üçün ağır fəsadlar yarada bilir. Bu mənada informasiya təhlükəsizlyinin təmin edilməsi böyük əhəmiyyət kəsb edir və informasiya texnologiyalarının indiki inkişaf səviyyəsində xüsusi aktuallıq kəsb edir.

Media və informasiya təhlükəsizliyi sipəri
Dövlətin, cəmiyyətin, fərdlərin informasiya təhlükəsizliyinin təmin olunması biri-birindən qarşılıqlı asılılıqda həyata keçirilən prosesdir. İnformasiya müstəvisində milli maraqların xarici və daxili təhdidlərdən qorunması başqa ölkələr kimi Azərbaycanın da informasiya təhlükəsizliyini xarakterizə edir. Son araşdırmalara əsasən, belə bir təhlükəsizliyə nail olunması məqsədilə xüsusi təyinatlı informasiya-kommunikasiya sistemlərinin hazırlanması və istifadəyə yönləndirilməsi ön planda olmalıdır [7, 42-44].
Sirr deyil ki, Azərbaycan yenidən dövlət müstəqillyini əldə etdikdən sonra, ölkənin daxili və xarici siyasətinə təsir göstərə bilmək imkanlarını nəzərdən keçirən bəlli dairələr tərəfindən çoxsaylı informasiya və digər təbliğat vasitələri yaradılmışdır və həmin proses günü bu gün də davam etdirilməkdədir. Əsas etibarilə ölkə daxilində sabitliyin pozulmasına hesablanmış belə bir fəaliyyətin başlıca məqsədi Azərbaycanı əbədi xaos və qarşıdurmanın girdabına sürükləməkdir. Apriori, ölkəmizin informasiya təhlükəsizlyinin təmin edilməsi məlumat və xəbər vasitələrinə yad təsirlərin neytrallaşdırılmasından, aqressiv təbliğat kampaniyalarının qarşısının alınmasından asılıdır.
Azərbaycanın etibarlı informasiya təhlükəsizliyi çətirinin yaradılması, rəsmi dairələrin və mütəxəssislərin rəyinə görə, bütün ölkə səviyyəsində, vahid konsepsiya və fəaliyyət proqramı əsasında həyata keçrilməli, dövlətin daxili və xarici informasiya siyasəti, təbliğat və ideoloji işi sistemli formada və bir mərkəzdən idarə edilməlidir [1, 5]. Ərazilərimizin bir hissəssinin hələ də Ermənistan tərəfindən işğal olunması, təcavüzkar ölkənin erməni diasporunun yaxından iştirakı ilə Azərbaycana qarşı davamlı şəkildə informasiya müharibəsinin həyata keçirilməsi şəraitində bu məsələ aktuallığını həmişə qoruyur. Azərbaycanın informasiya təhlükəsizlyi siyasətinin əsas vəzifələrindən biri də həm özünün, həm də tərəfdaş region dövlətlərinin, transmilli informasiya vasitələrinin imkanlarından maksimum bəhrələnərək, beynəlxalq ictimaiyyətə çıxış kanalları və təsir mexanizmləri yaratmaqdan ibarətdir. Hər bir müstəqil dövlət kimi, Azərbaycanın da milli informasiya siyasətinin formalaşdırılması, ölkənin informasiya məkanının kənar qüvvələrin müdaxiləsindən və təsirindən maksimum qorunması, milli informasiya maraqlarının maksimum təmin edilməsi, dünyanın qlobal və virtual informasiya məkanına müxtəlif yollar tapılması, dünya ictimai rəyinə təsir imkanları yaradılması günün vacib vəzifələri sırasına daxildir [2, 144-145].
İnformasiya təhlükəsizliyinə yanaşmada üç prinsipial mövqeni fərqləndirmək mümkündür. Bunlardan birincisi informasiyanın, eləcə də onun toplanması, emalı, qorunması, ötürülməsi üzrə kompleks müdafiə tədbirlərini özündə ehtiva edir. İkinci şərt müxtəlif növ informasiya təsirlərindən müdafiənin necə təmin edilməsini və ya informasiya müharibəsində qalib gələ bilmək üçün ümumi tədbirlərin məcmusunu nəzərdə tutur. Sonuncu halda isə informasiya təhlükəsizliyi praktiki olaraq şəxsiyyətin, cəmiyyət və dövlətin həyat fəaliyyətinin informasiyaya bağlı bütün sferalarına sirayət etmiş olur. Göstərilən şərtlər daxilində V.İ. Yaroçkin informasiya təhlükəsizliyinə informasiyaya sanksiyalaşdırılmamış çıxışların qarşısının alınması, ötürülməsi və ya hər hansı qeyri-leqal formada istifadəsinin qarşısını alan tədbirlərin vahid mexanizmi kimi yanaşır [8, 22].
Müasir dövrdə müəllifin bəhs etdiyi vahid müdafiə mexanizminin yaradılmasını şərtləndirən çoxsaylı səbəblərdən biri də budur ki, günümüzdə müəyyən ölkələrin başqa dövlətlərə məxsus informasiya sistemləri üzərində nəzarəti ələ keçirmək cəhdlərinin artması müşahidə olunur, ictimai rəyin yanlış istiqamətə yönləndirilməsi, məqsədyönlü şəkildə idarə olunması cəhdlərinə rast gəlinir. Etibarlı müdafiə mexanizmlərinin yoxluğu şəraitində həmin cəhdlərin müvəffəqiyyətlə nəticələnməsinə dair yaxın tarixi əhatə edən misalların sayı kifayət qədərdir və ərəb coğrafiyasına nəzər salmaqla bunun əyani nümunələri ilə qarşılaşmaq mümkündür. Dövlətin cəmiyyət üzərində nəzarəti itirməsi və idarəçilik insti­tutunun zəifləməsinə yönəlik dezinformasiyaların yayılması sonda xaosa gətirib çıxarır. Çünki etibarlı informasiya təhlükəsizliyi təmin edilmədikdə informasiya məkanı konkret məqsədləri olan yad ünsürlərin əlinə keçir.
Azərbaycanın informasiya təhlükəsizliynə təhdid yaradan amillərə gəlincə, prof. Ə. Həsənov onları aşağıdakı şəkildə qruplaşdırır:
1. Xarici dövlətlərin (qüvvələrin) siyasi, iqtisadi, hərbi, kəşfiyyat və ideoloji strukturlarının öz maraqları çərçivəsində ölkənin informasiya sisteminə müdaxiləsi və onun milli maraqlarına qarşı fəaliyyəti.
2. Bəzi dövlətlərin və geosiyasi aktorların Azərbaycanı dünya informasiya məkanından sıxışdırmağa çalışması və ona qarşı təbliğat aparması.
3. Xarici ölkələrin və geostrateji mərkəzlərin kosmik, hava, dəniz, yerüstü texniki və digər kəşfiyyat vasitələrinin fəaliyyəti.
4. İnformasiya və telekommunikasiya vasitələrinin normal fəaliyyətinin pozulmasına, onlara qanunsuz daxilolmalara yönəlmiş xarici və daxili fəaliyyət və s. [2, 147-148].
Qeyd olunan təhdidlərin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, informasiya təhlükəsizliyinin təmin edilməsi birdəfəlik akt deyil. Bu, fasiləsiz prosesdir, ən rasional metodların tətbiqi ilə müdafiə sisteminin daim inkişaf və təkmilləşməsini nəzərdə tutur və nəticədə zəif nöqtələr tədricən aradan qaldırılır. Digər tərəfdən, informasiya təhlükəsizliyi informasiyanın emalının bütün mərhələlərində arsenalda olan bütün müdafiə vasitələrinin kompleks istifadəsi şəraitində mümkün sayılır. Təcrübədə informasiya təhlükəsizliyinin aşağıdakı istiqamətlərini fərqləndirmək olar:
1. Hüquqi müdafiə sisteminin qurulması. Bu zaman xüsusi qanunlar, qaydalar, digər normativ aktlar, prosedur və tədbirlər vasitəsilə informasiya təhlükəsizliyi hüquqi aspektdə təmin olunur. Azərbaycanda bu istiqamətdə ötən dövr ərzində bir çox vacib addımlar atılmış, xüsusən də informasiya texnologiyalarının inkişafı ilə bağlı qanunvericilik bazası daha təkmil hala gətrilmişdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “Elektron sənəd və elektron imza haqqında”, “Dövlət sirri haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Telekommunikasiya haqqında” və digər qanunları buna misal göstərmək olar [11].
2. Təşkilati müdafiə vasitələrinin yaradılması. Belə müdafiə sisteminin yaradılması informasiya üçün təhdidin aradan qaldırılmasında təhlükə mənbəyinə qarşı reqlamentasiya fəaliyyətini, normativ-hüquqi aspektdə onun addımlarının zəiflədilməsini, aradan qaldırılmasını özündə ehtiva edir.
3. Mühəndis-texniki müdafiə sistemi isə kommersiya fəaliyyətinə yönəlmiş zərərləri önləmək məqsədilə müxtəlif texniki vasitələrdən istifadəni nəzərdə tutur. Təhlükə yaradan texniki vasitələrin, proqramların aşkarlanması da bura aid edilir.
4. İqtisadi metodlar əsasında qurulan müdafiə sistemi informasiya təhlükəsizliyinin təmin olunması üçün maliyyə sanksiyalarını, digər iqtisadi əsaslı tədbirlərin həyata keçirilməsini özündə cəmləşdirir.
Azərbaycan təcrübəsində diqqət yetirdikdə bütün bunların çox böyük əhəmiyyət daşıdığını müşahidə etmək mümkündür. Məsələ bundadır ki, müasir Azərbaycanın davamlı və dayanıqlı tinkişafında informasiyanın, rabitə və kommunikasiya texnologiyalarının yeri və rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu, həm də sosial-iqtisadi inkişafın inno­vativ texnologiyalar üzərində qurulmasından, ölkədə informasiya cəmiyyətinin yaradılmasından qaynaqlanır. Hesablamalar göstərir ki, 2025-ci ildən sonra ölkənin informasiya-kommunikasiya üzrə gəlirləri neftdən əldə olunan gəlirlərə çatacaq və sonrakı mərhələdə onu keçəcək. Cəmiyyətə, eləcə də Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımıza informasiyaların çatdırılması üçün informasiya-kommunikasiya texnologiyalarından istifadə davamlı surətdə genişləndirilir. Həmin texnologiyalar üzərindən yayımlanan informasiyaya müdaxilənin qarşısının alınması, dezinformasiyaların cəmiyyət həyatına daxil olmasının önlənməsi zəruri şərtdir və sabitliyin, təhlükəsizliyin əsas təminatları sırasında yer alır.
Hazırda ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunmasında Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agent­liyi mühüm rol oynayır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanına əsasən yaradılmış agentlik dövlət orqanları üçün xüsusi dövlət rabitəsini, Prezident rabitəsini, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərini və şəbəkələrini, idarələrarası elektron sənəd dövriyyəsini, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsini, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin edən, dövlət orqanlarının informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirən, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi texniki tədbirləri hazırlayıb həyata keçirən qurumdur [10].
İnformasiya təhlükəsizliyi sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində bilavasitə iştirak edən agentliyin fəaliyyəti əsas etibarı ilə dövlət qurumlarını əhatə edir.
“Heç şübhəsiz, belə bir məqsəd dövlət tərəfindən qəbul edilmiş müxtəlif proqram və konsepsiyalarda, məsələn, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında, Azərbaycan Respublikasında İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmuşdur və bu həm strateji, həm də ümumnəzəri nöqteyi-nəzərdən məqbul sayılır. Ancaq bununla belə, müasir dünyada beynəlxalq güclərin yeni konfiqurasiyası, beynəlxalq münasibətlərin yeni dünya sahmanına uyğun dizaynı, maraq və mənafelərin kooperasiya və differensiasiyası, mövcud siyasi reallıqlar şəraitində, habelə informa­siya sferasında milli maraqların prioriteti və qorunmasının zərurətindən çıxış edərək şəxsiyyət - cəmiyyət - dövlət üçbucağında hər bir aktorun informasiya təhlükəsizliyinin qorunmasının informasiya siyasətinin sıradan deyil, başlıca, aparıcı məqsədinə çevrildiyinin vacibliyini təsbit etməyi də məqsədəuyğun sayırıq” [4].
Başqa sözlə, informasiya məkanının formalaşdırılması məqsədyönlü şəkildə reallaşdırılmalıdır ki, onu nəzarət edərək yönləndirmək mümkün olsun, neqativ təsir cəhdləri vaxtında və effektiv şəkildə neytrallaşdırılsın. Bu, ilk növbədə dövlət mənafeyinin, milli maraqların təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanın modern inkişafı, beynəlxalq miqyasda yüksək nüfuza malik dövlətə çevrilməsi, regionun lider dövləti statusunu daşıması, qlobal siyasətdə rolunu artması fonunda qeyd edilənlər ölkəmiz üçün xüsusi aktuallıq kəsb edir. Belə ki, qeyd olunanlar Ermənistanı, ona bağlı erməni lobbisini, düşmən maraqlarını təmsil edən müxtəlif dairələri ciddi surətdə narahat edir. Elə bu səbəbdən ictimai-siyasi sabitliyi pozmaq və ölkəmizə qarşı təxribatçı fəaliyyət cəhdlərinin hələ də səngimədiyi müşahidə olunur. Bu cür qüvvələr ilk olaraq Azərbaycanın milli maraqlarını hədəf alır, bunun üçün cəmiyyəti çaşdırmağa hesablanmış informasiya hücumlarından geniş istifadəyə cəhdlər göstərirlər.

Nəticə
Beləliklə, milli maraqlar mövcud şərtləri nəzərə alaraq, cəmiyyətin elitası tərəfindən tərtib edilmiş dövlətin obyektiv ehtiyaclarıdır və o, vətəndaş cəmiyyətinin üzvlərini birləşdirən aparıcı qüvvədir. Mövcud şərtlər daxilində ictimai rəyə real təsir imkanlarına malik media oqanları məhz bu durum­da cəmiyyətin obyektiv və operativ informasiya ehtiyacını təmin edərkən onu milli maraqlarla uzlaşdırmağı da bacarmalıdırlar. Bu o deməkdir ki, milli maraqların reallaşdırılmasında həyata keçirilən xəbər siyasəti və onun əsas daşıyıcısı olan medianın müstəsna rolu vardır. Cəmiyyətin ehtiyac duyduğu xəbər və məlumatlarla təmin edilməsi vətəndaşların yaşadıqları mühitin reallıqlarını müəyyən etməyə, dünyada gedən proseslərin ümumi mənzərəsini dəqiqləşdirməyə, davranış və problemli vəziyyətlərin həllində istiqamət seçimi etməyə geniş imkanlar verir.
Hazırda media-cəmiyyət-dövlət üçbucağında münasibətlər xalqın, dövlətin taleyi baxımından olduqca əhəmiyyətli vasitəyə çevrilmişdir və bu münasibətlər sistemində xəbər siyasəti artıq idarəetmənin həyata keçirilməsində mühüm funksional vahid qismində özünü göstərir. Medianın iştirakı olmadan hansısa məsələ ətrafında ictimai rəy yaradılması mümkünsüzdür. Amma bu ictimai rəyin informasiya təhlükəsizliyi şəraitində yaradılması da vacibdir, çünki bunun əksi xaos deməkdir. Milli təhlükəsizliyin təmin edilməsinin əsas tərkib elementlərindən biri qismində məhz hərətərəfli informasiya təminatının keçdiyini söyləmək mümkündür. Bu mənada dövriyyədə olan informasiyanın məzmunu, keyfiyyəti milli maraqlar, təhlükəsizlik baxımından proqnozlaşdırılmalı, müvafiq xəbər siyasəti həyata keçirilməlidir. Bu, ilk növbədə dövlət mənafeyinin, milli maraqların təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Açar sözlər: Azərbaycan dövləti, informasiya siyasəti, milli maraqlar, xəbər siyasəti, media, cəmiyyət.

 

İstifadə edilmiş ədəbiyyat:


1. “Azərbaycan“ qəzeti, 5 sentyabr 2011-ci il
2. Həsənov Ə.M. Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik Siyasəti. Letterperes Nəşriyyat evi. Bakı, 2011, 438 s.
3. İnformasiya təhlükəsizliyi, Dərslik, Bakı, “İqtisad Universiteti” nəşriyyatı, 2016, 384 s.
4. Niyazov X. Dövlət informasiya siyasəti: klassik yanaşmalar, müasir konseptlər. “Strateji Təhlil”, № 3-4 (21-22), 2017, s. 209-222
5. Кара-Мурза С.Г. Манипуляция сознанием. М., 2005, 832 с.
6. Назаров Б.Н. Массовая коммуникация и общество. М., 2004, 323с.
7. Соколова И.В. Актуальные проблемы социальной информатики. (Конспект лекций) М., 2002, 321 с.
8. Ярочкин В.И. Безопасность информационных систем. М.: Ось-89, 1996, 296 с.
9. https://azertag.az/xeber/Ramiz_Mehdiyev_Vetenperverlik_milli_ dovletchiliye_sedaqet_milli_maraqlar_ugrunda_prinsipialliq_KIV_lerin_fealiyyetinin_baslica_ elementlerini_teskil_etmelidir-791939. 12.10.2017
10. https://dmx.gov.az/page/6.html 19.10.2017
11. http://e-qanun.az/print.php?internal

SUMMARY
Ensuring the national interests of Azerbaijan in the context of information security
Kh. Niyazov
At any historical stage, one of the main obligations facing each state is to ensure national interests as much as possible. One of the primary conditions in achieving this goal is the correct formation of public opinion from the point of view of national interests. In this regard, the media have played and continue to play an important role in the internal politics of the country in terms of propagandist and promotional opportunities.
In accordance with the realities of the modern period, each country should have the ability to effectively use media activities to ensure its sustainable national security. As you know, the media have a mechanism of serious impact on people and public opinion. As a result of the external elements and activities of the enemy forces, this influence can cause serious damage to the national interests of each country. That is why, in order to create a safe information space in our count­ry, which is in a state of martial law, special attention was paid to the information policy and to ensuring national interests in this sector. The establishment of state-media relations based on liberal-democratic values has also played an exceptional role in ensuring national interests.

Key words: The Azerbaijani state, information politics, national interests, news policy, media, society

 

РЕЗЮМЕ
Обеспечение национальных интересов Азербайджана в контексте информационной безопасности
Х. Ниязов
На любом историческом этапе одним из основных обязательств, стоящих перед каждым государством является максимальное обеспечение национальных интересов. Одним из первостепенных условий в достижении подобной цели является правильное формирование общественного мнения с точки зрения общегосударственных интересов. В этом отношении СМИ играли и продолжают играть важную роль во внутренней политике страны с точки зрения пропагандистских и поощрительных возможностей.
В соответствии с реалиями современного периода, каждая страна должна обладать способностью эффективно использовать деятельность медиа для обеспечения своей устойчивой национальной безопасности. Как известно, СМИ обладают механизмом серьезного воздействия на людей и общественное мнение. В результате внешних элементов и деятельности вражеских сил данное влияние может нанести серьезный ущерб национальным интересам каждой страны. Именно поэтому для создания безопасного информационного пространства в нашей республике, находящейся в военном положении, особое внимание было уделено информационной политике и обеспечению общенациональных интересов в данной сере. Исключительную роль в обеспечении национальных интересов также сыграло установление отношений государства и медиа на либерально-демократических ценностях.

Ключевые слова: Азербайджанское государство, информационная политика, национальные интересы, новостная политика, медиа, общество.

 

"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM