Səlimə Quliyeva
Bakı Dövlət Universiteti,
böyük laborant
Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında münasibətlərində mədəni əlaqələr özünəməxsus yer tutur. Mədəniyyət sahəsində münasibətləri şərtləndirən mühüm amillərdən biri Azərbaycan və Fransa arasında tarixən mədəni əlaqələrin mövcudluğu faktı olmuşdur. Tarixi keçmişə nəzər salsaq, siyasi, iqtisadi və mədəni əlaqələrin təşəkkülü tarixi orta əsrlərə təsadüf edir. Ağqoyunlu və Səfəvi dövlətləri tərəfindən Avropa ölkələri ilə siyasi - iqtisadi əlaqələr qurulduqdan sonra Azərbaycan və Fransa arasında ədəbi münasibətlərin, elmi əlaqələrin bəsit şəkildə təzahür etdiyi nəzərə çarpır. Bu dövrdə mədəni-ədəbi əlaqələr pərakəndə və qeyri-müntəzəm xarakter daşımışdır [13, s.77]. Fransa ilə mədəni əlaqələrin daha dinamik və demokratik prinsiplər əsasında gerçəkləşdirilməsi əlbəttə ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra mümkün oldu. İki ölkə arasında mədəni əlaqələrin yeni, müasir beynəlxalq prinsip və normalar əsasında yenidən qurulması zərurəti ortaya çıxdı. Bunu qeyd etmək lazımdır ki, ölkəmizin dövlət müstəqilliyinin bərpa edilməsi bəyan edildikdən sonra Azərbaycan Respublikasını dünya dövlətləri arasında ilk tanıyan ölkələrdən biri də məhz Fransa oldu. Fransa Azərbaycanın dövlət müstəqilliyini 1992-ci ilin yanvarında tanımış, diplomatik əlaqələr isə həmin ilin fevralında yaradılmışdır. 1992-ci ilin martında Fransanın Azərbaycanda, 1994-cü ilin oktyabrında Azərbaycanın Fransada səfirliklərinin açılması ölkələrimiz arasında mədəni əlaqələrin yeni mərhələdə müasir tələblər əsasında inkişaf etdirilməsinə təkan verdi [14, s.338]. Yeri gəlmişkən, Azərbaycanda Türkiyə səfirindən sonra rəsmi fəaliyyətə başlayan ikinci diplomat Fransa səfıri olmuşdur. Çox maraqlı bir faktdır ki, 1992-ci ilin noyabrında Fransanın Bakıdakı səfiri Jan Perren Azərbaycan hökumətinə bir çox sahələrdə, eləcə də mədəni-maarif, elm sahələrində əməkdaşlıq təklifi ilə müraciət etdi. Lakin adekvat cavab almadı. Azərbayca-Fransa münasibətlərinin ilkin mərhələdə nisbətən zəif inkişaf etməsinin səbəbləri o zaman Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinə görə hərbi - siyasi vəziyyətin gərgin olması, Fransanın isə Ermənistanla sıx əməkdaşlıq əlaqəsi saxlayan ölkə kimi qiymətləndirilməsi idi [13, s.80; 22].
1993-cü il avqustun 13-də Fransanın səfıri J. Perreni qəbul edərkən Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri Heydər Əliyev “İki ölkə arasında dostluq və əməkdaşlıq” münasibətlərinin daim möhkəmlənəcəyini söyləmişdi [13, s.81; 1]. Həmin ilin oktyabrında Bakıda Fransa səfırliyi binasının açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin çıxışı və xaricə ilk rəsmi səfərini bu ölkəyə etməsi ölkələrimiz arasında mədəni əlaqələrin əhatə dairəsinin genişlənəcəyindən xəbər verirdi. 1993-cü ilin dekabrında prezident Heydər Əliyev Fransaya səfəri zamanı Azərbaycanın Fransa da daxil olmaqla dünya dövlətləri ilə siyasi, iqtisadi və mədəni sahələrdə dostluq və beynəlxalq əməkdaşlıq prinsiplərini bəyan etdi. Səfər zamanı mədəniyyət sahəsində də ikitərəfli əməkdaşlığı tənzimləyən hüquqi-normativ sənədlər imzalandı. Həmin vaxtdan etibarən iki dövlətin qarşılıqlı münasibətləri tarixinə “dost” sözü əlavə olundu. İmzalanmış müqavilə mədəniyyət, elm və təhsil sahəsində iki ölkə arasındakı mövcud əməkdaşlığın və tərəfdaşlığın prinsiplərini, xüsusiyyətlərini müəyyən edirdi. Sənəddə habelə, hər iki xalqın istək və arzularının, qarşılıqlı mənafeyi və təhlükəsizlik məsələlərinin üst - üstə düşməsi qeyd olunur və onlar arasındakı münasibətlərin bundan sonra yeni miqyas alacağı açıqlanırdı [11, s.39].
Ölkələrimiz arasında müqavilələrin imzalanmasından sonra Azərbaycan - Fransa mədəni əlaqələrinin inkişaf dinamikasında keyfiyyət dəyişikliyi özünü dərhal göstərmiş oldu. Belə ki, 1994-cü ildən başlayaraq Fransa hökuməti Bakıda hər il Fransa fılmlərinin həftəliklərini təşkil etməyə başladı ki, bu da ənənəvi səciyyə kəsb etdi. Həftəliklərin keçirildiyi vaxtda bir çox digər mədəni tədbirlər də təşkil olunurdu ki, bu da Azərbaycan -
Fansa mütəxəssislərinin işgüzar münasibətlərinə geniş imkanlar açırdı. Məsələn, bu həftələrdən birində Paris və Strasburq Universitetləri rektorlarının iştirakı ilə Azərbaycan Dillər Universitetində Fransa və Azərbaycan dillərinin qarşılıqlı öyrənilməsi məsələləri geniş şəkildə müzakirə edildi [6, s.479].
Rəsmi səfərlər və beynəlxalq səviyyəli tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fransa dövlət və hökumət nümayəndələri ilə görüşlərdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olmuş və aktuallıq kəsb etmişdir. 1996-cı ilin oktyabrında Fransanın xarici işlər naziri Erve de Şarettin Bakıya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti Heydər Əliyev çıxışında bu səfərin böyük əhəmiyyəti olduğunu söyləmiş və Parisin İrəvanla dostluq əlaqələrinə görə Azərbaycanın Fransa ilə sıx əməkdaşlıq edə bilməyəcəyi fikri ilə razılaşmadığını demişdi. Heydər Əliyev keçən dövr ərzində bərqərar olmuş münasibətlərin səviyyəsini yüksək qiymətləndirdiyini vurğulamışdı. Erve de Şarett isə iki dövlət arasında münasibətlərin qısa müddətdə normal məcraya salınmasında Heydər Əliyevin xidmətlərini xüsusi ilə vurğuladı [2].
1997-ci il yanvar ayının 13-15 tarixlərində prezident Heydər Əliyevin yenidən Fransaya tarixi səfəri, Xarici işlər nazirlərinin ölkələrimizin daha da yaxınlaşmasını təmin edən mədəni mübadilə və əlaqələr haqqında birgə bəyanat imzalamaları, bir çox şirkətlərlə (“Elf Akilen”, “Total” neft şirkətləri) müqavilələrin bağlanması mədəni əməkdaşlıq sahəsində yeni cığırların açılmasını təmin etdi. Belə ki, xarici işlər nazirlərinin imzaladıqları birgə bəyanatın başlıca istiqamətlərini elmi mübadilə, təhsil sahəsində əməkdaşlıq, ədəbiyyat, musiqi, kino və s. üzrə birgə layihələrin həyata keçirilməsi təşkil edirdi. Azərbaycanla neft istehsalı və istehlakı sahəsində əməkdaşlıq edən fransız şirkətləri, eyni zamanda mədəni-kütləvi tədbirlərə dair layihələr də təqdim edərək onların birgə reallaşmasını həyata keçirməkdədirlər [12, s.240-242].
XX əsrin 90-cı illərində Fransada fəaliyyət göstərən Azərbaycan icmalarının (“Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz”, “Azərbaycan Kültür Cəmiyyəti”, “Fransa-Azərbaycan Kültür Cəmiyyəti” və s.) da mədəni əlaqələrin genişlənməsi istiqamətindəki fəaliyyətini qeyd etmək lazım gəlir. Fransada mütəşəkkil şəkildə təşkilatlanan və güclü lobbiyə malik olan ermənilərin bu ölkədə azərbaycanlılara qarşı böhtançı və düşmənçilik fəaliyyətləri, Azərbaycanı gözdən salmağa çalışmaları, milli - mədəni irsimizi öz adlarına çıxmaq cəhdləri və başqa məkrli hərəkətləri ölkələrimiz arasında mədəni əlaqələrə mənfı təsir göstərmişdir. Ona görə də Fransada Azərbaycan mədəniyyətinin təbliği sahəsində milli diasporun öz fəaliyyətini gücləndirməsi mühüm əhəmiyyət kəsb edir.
2000-ci illərdən etibarən mədəniyyət sahəsində əməkdaşlıq imkanları daha da artmış, 2002-ci ilin martında AMEA-nın Mərkəzi Kitabxanasında Azərbaycan-Fransa elmi-mədəni zalı açılmışdır. Qeyd etmək lazımdır ki, Fransaşünaslıq sahəsində tədqiqatlar aparan alimlər üçün qiymətli vəsaitlərlə təmin olunmuş bu zalın açılışında Fransanın ölkəmizdəki səfiri Ş.Puore də iştirak etmişdi [4, s.193]. Bu illər ərzində Fransanın Paleantologiya İnstitutu, Avropa Arxeoloji Tədqiqatlar Mərkəzi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu arasında yaradılmış əlaqələr yüksələn xətlə inkişaf etmişdir.
Müstəqillik illərində Fransada Azərbaycan mədəniyyətinin təbliği ölkəmizin tanınmasında əhəmiyyətli yer tutmuşdur. Qeyd etmək lazımdır ki, hələ müstəqilliyin elan edilməsinə qədərki dövrdə Parisdə 1989-cu ildə R.Abutalıbov, Q.Süleymanov və digər azərbaycanlılar tərəfindən “Azərbaycan evi” adlı mədəniyyət cəmiyyətinin əsası qoyulmuşdu. Bu təşkilat Fransada qeydiyyatdan keçən ilk Azərbaycan təşkilatı idi. Təşkilatın yaradıcıları həmin dövrdə Azərbaycanla bağlı bir neçə tədbirin həyata keçirilməsinə müvəffəq oldular. Parisdəki “Azərbaycan Evi”nin o zamankı əsas heyəti Səid İsmayılov, Patrik Desmont, Səməd İsmayılovdan ibarət idi. Parisdəki “Azərbaycan Evi”nin ən görkəmli üzvləri sırasında isə Andre Qadaud, Jean-Pierre Quinhut, Fransa-Qafqaz Cəmiyyətinin prezidenti Ambroise Dupont, fəxri senator Jean Boyer, Aralıq dəniz Avropası prosesinin səlahiyyətli nümayəndəsi, keçmiş səfir Francois Qouyette və keçmiş səfir Roland Blatmanın adları qeyd edilir. Lakin Parisdəki “Azərbaycan Evi”nin fəaliyyəti o qədər də uzun sürmədi. Belə ki, Parisdəki “Azərbaycan Evi” nin o zamankı sədri Timurçin Hacıbəylinin vəfatı və daha sonra sədr müavini Ramiz Abutalıbovun vətənə qayıtması nəticəsində təşkilat fəaliyyətini dayandırmağa məcbur oldu. Lakin sonrakı dövrlərdə Fransada Azərbaycan diasporunun fəaliyyəti tam strukturlaşmadığından və güclü erməni diasporunun ölkəmizə qarşı apardığı böhtan kampaniyalarına ləyaqətli cavab vermək üçün Parisdə “Azərbaycan Evi” nin fəaliyyətini bərpa etməyin vacibliyi ortaya çıxdı. Nəticədə yerli diaspor nümayəndələrindən ibarət yeni İdarə Heyətinin rəhbərliyi ilə Parisdəki “Azərbaycan Evi”nə yeni bir nəfəs verildi [15].
Tədqiq etdiyimiz dövrdə Fransada Azərbaycan mədəniyyətinin təbliğinda “Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz”in, “Azərbaycan Kültür Cəmiyyəti”nin, “Fransa -Azərbaycan Kültür Cəmiyyəti”nin xüsusi xidmətləri olmuşur. “Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz” Fransada yaşıyan Azərbaycan ziyalısı İren Məlikovanın təşəbbüsü ilə yaradılmışdır. Qeyd edək ki, İ.Məlikova Strasburq Humanitar Elmlər Universitetində 1984-cü ildə Azərbaycan Mədəniyyətini Araşdırma Mərkəzi yaratmış və onun prezidenti seçilmişdir. Mərkəzin adı 1988-ci il may ayında dəyişdirilərək Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz olmuşdur. Dəyişiklikdən sonra Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini və ədəbiyyatını öyrənən bu mərkəzə yenidən məşhur Azərbaycanşünas alim, professor İren Melikoff prezident, professor Lui Bazen və Timurçin Hacıbəyli vitse-prezident seçilirlər. Bundan əlavə Mərkəz öz qarşısına Azərbaycan haqqında ümumi məlumatlar yaymağı, Azərbaycan yazıçılarının və şairlərinin əsərlərinin nəşrini təşkil etməyi qoyur. Mərkəz alimlərin görüşlərini keçirməyi, müxtəlif tədbirlər təşkil etməyi, xüsusi kitabxana, videoteka, fonoteka yaratmağı da nəzərdə tutulmuşdu [7].
Müstəqillik illərində Fransa və Azərbaycan arasında ədəbi əlaqələrin qurulması, Azərbaycan yazıçı və şairlərinin Fransada öyrənilməsi və təbliği, fransız ədəbiyyatının mütərəqqi istiqamətlərinin ölkəmizdə təbliği sahəsində də müəyyən addımlar atılmışdır. Tarixə nəzər saldığımız zaman görürük ki, Fransada Azərbaycanla bağlı ədəbiyyatın yaranması bir necə ədibin adı ilə bağlı olmuşdur. Ceyhun Hacıbəylinin vaxtilə “Azərbaycan” adlı jurnalın redaktoru olması fransız cəmiyyətində Azərbaycanla bağlı fundamental ədəbi fikirlərin formalaşmasına zəmin yaratmışdı [21]. Ömrünün sonuna kimi Paris şəhərində yaşayıb yaradan, “Azərbaycan evi”ndə fəal iştirak edən,“Qafqaz günləri” (1946) kitabının, onlarla monoqrafiya və tərcümələrin müəllifi olan Ü.Baninin yaradıcılığı da Azərbaycan-Fransa ədəbi əlaqələrində mühüm yer tutur [20].
Yuxarıda da qeyd etdiyimiz kimi, Fransada fəaliyyət göstərmiş azərbaycanlı yazıçılardan biri də İren Məlikoff olmuşdur. O, Azərbaycanşünas türkoloq alim kimi bir çox universitetlərin fəxri doktoru, Strasburq Universitetinin professoru, “Turkika” adlı türkoloji jurnalın redaktoru idi. 2009-cu ildə Parisdə vəfat edən İren Məlikoff “Danışmənd dastanı”, “Əbumüslüm Xorasani və Umur Paşa dastanı” adlı əsərlərin müəllifidir [20].
Fransada ədəbi irsi ən çox diqqət mərkəzində saxlanılan Azərbaycan şairlərindən biri və bəlkə də birincisi Nizami Gəncəvi olmuşdur. 1995-ci ildə dahi şairin fransız dilinə tərcümə olunmuş qəzəlləri “Mözüra” jurnalında nəşr edilmişdi. Jurnalın 34-cü nömrəsi bütövlükdə məhz Nizami Gəncəvinin yaradıcılığına həsr edilmişdi. Əsərlərin tərcüməsi Azərbaycan alimi Ə.Musayev tərəfindən həyata keçirilmişdi [4, s.182].
Bundan az sonra Nizami yaradıcılığına marağın artması nəticəsində şairin “Yeddi gözəl” poeması “Yeddi şahzadə xanımın evi” adı ilə Parisdə nəşr edilmişdi. Üç min tirajla çap edilmiş 850 səhifəlik kitabın tərcüməçi və tərtibçisi YUNESKO-nun əməkdaşı Maykl Barri olmuşdu.
Bəhs edilən illərdə Azərbaycan - Fransa mədəni əlaqələri beynəlxalq və regional təşkilatlar çərçivəsində də genişlənmişdir. Respublikalarımız arasında çoxtərəfli mədəni əlaqələrdə ən mühüm hadisə Fransada YUNESKO - nun xətti ilə Məhəmməd Füzulinin 500 illik, “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin yüksək beynəlxalq səviyyədə təşkili oldu. Dünya şöhrətli Azərbaycan müğənnisi Alim Qasımovun həmin beynəlxalq təşkilatın xətti ilə 1994-cü ildə “İlin ən yaxşı muğam ustası” kimi fəxri ada layiq görülməsi milli musiqimizin bu ölkədə tanıdılmasında mühüm rol oynadı. İldən-ilə artan bu faktlar Azərbaycan Respublikası və Fransa arasında ikitərəfli münasibətlərlə yanaşı, çoxtərəfli mədəni əlaqələrin yaranması və inkişafı baxımından da əhəmiyyət kəsb edirdi [3].
XX əsrin 90-cı illərindən etibarən iki ölkə arasında kino əlaqələri yeni keyfiyyət və məzmun daşımağa başladı. 1994-cü ilin payızında Bakıda Azərbaycan kinematoqrafçılar ittifaqının və Fransa səfirliyinin köməyi nəticəsində “Lyumyer” sinema-klub xeyriyyə cəmiyyəti” yaradıldı. Bu cəmiyyətin köməyi ilə bir çox fransız filmləri bakılılara təqdim edildi. Ümumiyyətlə, “Lyumyer” sinema-klubunun Azərbaycan – Fransa kino əlaqələrinin genişlənməsində böyük rolu olmuşdur [21].
Ümumiyyətlə, 1994-cü ildən başlayaraq, Fransa hökuməti Bakıda hər il Fransa filmlərinin həftəliklərini təşkil etməyə başladı ki, bu da ənənəvi səciyyə kəsb etdi. Həftəliklərin keçirildiyi vaxtda bir çox digər tədbirlər də təşkil olunurdu ki, bu da Azərbaycan-Fransa mütəxəssislərinin işgüzar mübadilələrinə geniş imkanlar açırdı. Məsələn, bu həftələrin birində Paris və Strasburq Universitetləri rektorlarının iştirakı ilə Azərbaycan Dillər Universitetində Fransa və Azərbaycan dillərinin qarşılıqlı öyrənilməsi məsələləri geniş şəkildə müzakirə edildi.
1995-ci ilin noyabrında Nant şəhərində keçirilən üç qitənin Beynəlxalq kinofestivalında 12 Azərbaycan filminin nümayiş etdirilməsində Fransa səfirliyinin böyük köməyi oldu [21]. “Yarasa” bədii fılmi 1996-cı ildə Fransada keçirilən “Birinci plan” Beynəlxalq Kinofestivalında “Avropanın tammetrajlı ən yaxşı bədii filmi” adına layiq görüldü [19].
Bu dövrdə Azərbaycan kinomatoqrafiyasında da Fransa mövzusunda bəzi filmlər ərsəyə gətirilmişdir. Belə filmlərdən ən məşhuru rejissor V. Mustafayevin 1995-ci ildə çəkdiyi “Fransız” filmi olmuşdur. Filmdə Avropadan qayıdandan sonra öz milli adət-ənənlərimizə yuxarıdan aşağıya baxan azərbaycanlıdan bəhs edilir. Film Qeyd edək ki, Əmir Pəhləvanın “Əhlikef” povestinin motivləri əsasında 1995-ci ildə çəkilmiş bu film 7 aprel 2016-cı ildə Fransada “Xaos və harmoniya” şüarı altında keçirilən “Avropa ətrafında Avropa” Film Festivalında Parisin İncəsənət Mərkəzində nümayiş etdirilmiş və izləyicilərin diqqətini cəlb etmişdir.
Bəhs olunan dövrdə radio və televiziya sahəsində də əməkdaşlıq müvəffəqiyyətlə inkişaf edirdi: hər həftə tədris proqramları (fransız dilinin tədrisi), Radio Frans İnternasional (RFV) tərəfindən təqdim edilən musiqi verilişləri Azərbaycan radio və televiziyasında verilirdi [21].
Parisdə dekorativ incəsənət muzeyində Təbriz parçaları kolleksiyası, XVI əsr xalçası nümayiş etdirilirdi. Parisdə Şərq xalçalarının fransız mərkəzində gözəl xalça qalereyası fəaliyyət göstərir ki, burada da mütəmadi olaraq Azərbaycan xalçaları nümayiş etdirilirdi.
1992-ci ilin əvvəllərində bütün qışı fransız şəhərləri Bordo, Buarries, Şato de İzarede rəssam V.Nərimanbəyov, oğlu Əmirbəy və qızı Nigarın rəsm sərgisi nümayiş etdirildi. 1997-ci ilin sonlarında Fransada görkəmli Azərbaycan fotoqraflarından S.Ələsgərova, R.Hüseynov, Ş.Sərkərova, Ə.Seyran və digərlərinin yaradıcılığını özündə əks etdirən albom işıq üzü gördü. Eyni zamanda Nant kinofestivalı çərçivəsində iyirmi dörd azərbaycanlı fotoqrafının yüzdən çox eksponatını həmin fransız şəhərinin sakinləri böyük maraqla seyr etdilər [17].
1993-cü ildən məcburi qaçqın, köçkün və didərginlərə Fransanın humanitar yardımı ilbəil artmışdır. Humanitar yardımların həcmi ilkin 14,5 min ABŞ dollarından 2 milyon ABŞ dollarınadək artmışdır. Qirmızı xaç və Qırmızı aypara xətti ilə Fransadan gələn humanitar yardımlar nədən ibarət olurdu? Qida məhsulları mühüm yer tuturdu. Eyni zamanda 462 çadır, 36 min torğan, mətbəx avadanlıqları. Qaçqın uşaqlara xüsusi diqqət ayrılmışdı: 0,5 ton uşaq ayaqqabısı, 9,5 ton paltar və s. Naxçıvanda aviaqəza baş verdikdən sonra Fransanın səfiri ləngimədən ziyan çəkənlərə antibiotik, antisentik, qlükoza, sarğı vasitələri, bint və digər tibb ləvazimatları ilə yardım etdi. 1995-ci və 1996-cı illərdə Azərbaycanda malyariya xəstəliyi yayılanda “Elf” Fondu xloroxin, mikroskop və digər tibbi ləvazimat və dərmanlarla yardım etdi. Bəhs edilən illərdə respublikanın Sumqayıt, Şamaxı, Abşeron və digər rayonlarındakı xəstəxana, qospital və dispanserlərdə yüz minlərlə insan fransiz farmakoloq, epidemioloq və digər səhiyyə işçilərinin sayəsində sağalırdılar. Faktlar təsdiq edir ki, Azərbaycan xalqının bu ağır günlərində Fransa höküməti və xalqı uzaqda olmasına baxmayaraq, ona yaxından köməklik göstərmişdir.
Qeyd edək ki, Fransada Azərbaycan musiqisinə də maraq böyük olmuşdur. 1992-ci ildə Dünya Musiqi Mədəniyyəti evinin bir qrup tanınmış şərqşünas alim və musiqiçiləri Azərbaycana gəlmiş, Azərbaycan muğamları və təsnifləri ilə maraqlanmışlar. O zaman “Azərbaycan muğamlarının antologiyasını” hazırlamaq təşəbbüsü ilə çıxış edən mütəxəssislər Azərbaycan “Orta Mahur”, “Şüştər”, “Mənsuriyyə”, “Şiesteyi-fars” və digər nadir muğamları lentə yazmış və Fransaya aparmışlar [16].
Sonralar Parisin mərkəzi küçələrindən birində olan mağazanın Asiya qitəsi bölməsində Azərbaycan müğənniləri və muğam ifaçıları A. Qasımov, M.Əyyubova və A.Abdullayevin ifasında olan muğamlar satışa çıxarılmışdır [8].
Azərbaycan-Fransa siyasi əlaqələrinin tarixində olduğu kimi mədəni əlaqələrinin tarixində də Heydər Əliyevin 1997-ci ildə Fransaya səfəri yadda qalan olmuşdur. Bu səfər zamanı Heydər Əliyev 1997-ci il martın 27-də Parisin “Şanz ELize” teatrında dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin 70 illiyinə həsr edilmiş təntənəli yubileyində iştirak etmişdir [4, 137].
1997-ci ilin oktyabrında Azərbaycana gələn Beynəlxalq Muzeylər Şurasının üzvü, Paris Musiqi Muzeyinin nümayəndəsi Patris Verye Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə təmsil etdiyi muzey arasında əlaqələrin yaradılması təşəbbüsü ilə çıxış etmişdir.
1998-ci ilin yazında Azərbaycanın mədəniyyət xadimlərindən bir qrupu (Xalq artistləri Q.Quliyeva, C.Əkbərov və müğənni S.İmanova)Parisdə keçirilən qədim türk musiqi festvalında iştirak etmiş, festivalın keçirildiyi “Zİnqaros” salonunda Azərbaycan muğamlarını ifa etmişlər. Festivalda ifa olunan “Şur”, “Çahargah”, “Mahur-hindi” kimi Azərbaycan muğamları fransız musiqiçilərində böyük heyranlıq oyatmışdır.
1998-ci il sentyabrın 22-də Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin 80 illik yubileyi Fransanın paytaxtı Paris şəhərində qeyd edilmişdir. Azərbaycan Milli Kamera Orkestri yubiley tədbirində Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərini, “Leyli və Məcnun” simfonik əsərini ifa etmişdir. YUNESKO-nun baş direktoru F.Mayor yubiley tədbirində iştirak edən Azərbaycan nümayəndə heyətini qəbul etmişdir.
2000-ci ilin dekabr ayında Respublika Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Parisin Mayt Qalereyasının litoqrafiya və afişa sərgisi açılmışdır. Azərbaycan Rəssamlar ittifaqının və Fransanın ölkədəki səfirliyinin birgə təşkil etdikləri sərgidə avanqardist rəssamların 30-a yaxın əsəri nümayiş olunmuşdur [10].
2000-ci ilin dekabr ayının sonlarında Parisin “Şərq ədəbiyyatı” nəşr evində fransız dilində çapdan çıxmış “Yeddi şahzadə xanımın sarayı” kitabının müzakirəsi keçirilmişdir. Müəllif Maykl Barri N.Gəncəvinin məhz Azərbaycan şairi olduğunu dəfələrlə vurğulamış, şairin həyat və yaradıcılığı, fəlsəfi baxışları habelə özünün tərcümə etdiyi “Yeddi gözəl” poemasının əsas xüsusiyyətləri barədə məlumat vermişdir [9].
Beləliklə, bəhs edilən illərdə Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli səviyyələrdə qəbul edilmiş sənədlər və əməkdaşlıq istiqamətində atılan addımlar ölkələrimiz arasında mədəni əlaqələrin intensiv surətdə inkişafına şərait yaratmışdır. Azərbaycan Prezidenti Heydər Əliyev 14 iyul 2002 - ci ildə Bakıda Bastiliyanın alınması günü münasibətilə etdiyi növbəti çıxışında Fransa ilə münasibətlərin, o cümlədən mədəni əlaqələrin inkişafında da əldə olunan uğurlara böyük əhəmiyyət verərək bildirmişdi: “Fransa ilə bizim çox sıx dostluq və faydalı əməkdaşlıq əlaqələrimiz var. Bu əlaqələr demək olar ki, bütün sahələri - siyasi, iqtisadi, həm də elmi-mədəni, humanitar və digər sahələri əhatə edir. Biz dostluğumuzu və əlaqələrimizi yüksək qiymətləndiririk. Bu əlaqələri qorumaq, saxlamaq, inkişaf etdirmək üçün səylər göstəririk” [5].
Açar sözlər: Azərbaycan, Fransa, mədəniyyət, maarif, əməkdaşlıq
Ədəbiyyat
1. “Azərbaycan” qəzeti, 1993,14 avqust
2. “Azərbaycan” qəzeti, 1996, 12 oktyabr
3. “Azərbaycan” qəzeti, 08.06.1999-cu il
4. Abdullayev Ə. Müstəqil Azərbaycan və Fransa. Bakı:İqtisad Universiteti nəşriyyatı, 2007, 210 s., s. 193
5. Azərbaycan - Fransa münasibətləri - Welcome to Heydar Aliyevs...// library.aliyev-heritage.org
6. Beynəlxalq mədəni əlaqələr. Dərslik (M.C.Manafovanın və N.T.Əfəndiyevanın redaktəsi ilə). Bakı: Sabah, 2008, 660 s.
7. Diaspora hərəkatında qadınların rolu // Olaylar. - 12.03.2014, s. 10.
8. Əliyev Ə. Parisdə Azərbaycanlı ifaçıların kassetləri satılır. “Azərbaycan” qəz., 2 noyabr 2000-ci il, № 251 (2663).
9. Əliyev Ə. Parisdə N.Gəncəviyə həsr olunmuş əsərin müzakirəsi. “Azərbaycan” qəz., 31 dekabr 2000-ci il, № 301 (2713).
10. Fransa rəssamlarının sərgisi açılmışdır. “Azərbaycan” qəz., 19 dekabr 2000-ci il, № 291 (2703).
11. Heydər Əliyev Azərbaycanı dünyaya tanıdır. İctimai-siyasi ədəbiyyat / tərt.: N. İbrahimov, İ. Şükürov. Bakı: Azərbaycan, 1994,175 s.
12. Heydər Əliyev: Müstəqilliyimiz əbədidir” (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar). Bakı: Azərnəşr, 1998, 8-ci cild, 488 s.
13. Həsənov Ə. Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri (1991-1996). Bakı: Elm, 2000, 368 s.
14. Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Dərslik. Bakı: Azərbaycan, 2005,752 s.
15. Parisdəki “Azərbaycan Evi” 04.03.2013 // http://olaylar.az/news/diaspora/32959
16. Şükufə T. Parisə - qədim Şərq musiqi festivalına // Azərbaycan qəzeti, 05.04.1998.
17. Выставка, покорившая Нант. Газета «Бакинский рабочий», 11 января 1997 г.
18. Гасымлы М. Азербайджан в международных культурных связах (1946-1990 гг.). Тбилиси: Артануджи, 2005, 300 c.
19. Газета “Зеркало”,1 марта 1996 г.
20. Каспийский прибой у берегов Сены. Газета «Бакинский рабочий», 11 января 1997 г.
21. Навстречу друг друга. Рассказывает Ги Шевалье, советник по культуре посольства Франции в Азербайджане. Газета «Бакинский рабочий», 11 января 1997 г.
22. Relations franco-azerbaidjanaises. http://www.colisee.org/rubrique. bphp?id_ rubrique=75
Резюме
С.Гулиева
Бакинский Государственный Университет
Отношения в сфере культуры между Республиками Азербайджана и Франции в конце XX – в нач. ХХI вв.
Статья посвящена анализу отношений между Республиками Азербайджана и Франции в области культуры. В конце XX века Республика Азербайджан и Франция установили и развивали свои отношения в указанной области. Азербайджано-французское сотрудничество в области культуры стала достаточно регулярным, и приобрело высокий уровень в конце XX – в нач. ХХI вв.
Ключевые слова: Азербайджан, Франция, культура, просвещение, сотрудничество
Summary
S.Gulieva
Baku State Universitety
Cultural relations between the Republics of Azerbaijan and France in the late XX – early XXI centuries
The article is devoted to analysis of relations between Azerbaijan Republic and the Republic of France in the field of culture. At the end of the XX century the Republic of Azerbaijan and the Republic of France developed and established their relations in this area. The French-Azerbaijan cooperation grew sufficiently regular and at a high level in the field of culture in the late XX – early XXI centuries.
Key words: Azerbaijan, France, culture, education, colobration
"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM