Tarix elmləri doktoru, professor
Strategiya.az saytı "Geostrategiya" jurnalına istinadən Prezident Administrasiyasının İctimai Siyasi Şöbəsinin müdiri, professor Əli Həsənovun "AZƏRBAYCANIN MÜASİR GEOSİYASİ İNKİŞAF XARAKTERİSTİKASI VƏ PERSPEKTİVLƏRİ" məqaləsini diqqətinizə çatdırır
Postsovet məkanının, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın müasir geosiyasi xarakteristikasını, region ölkələrinin inkişaf tendensiyalarını və geosiyasi inkişaf perspektivlərini qiymətləndirən əksər ekspertlər:
• əlverişli coğrafi, geosiyasi, geoiqtisadi, hərbi-geostrateji mövqelərini;
• yürütdüyü müstəqil daxili və xarici siyasətini;
• zəngin təbii ehtiyatlarını, maddi, mənəvi, əmək və insan resurslarını,
• Şərq-Qərb alternativ nəqliyyat-kommunikasiya, tranzit və enerji dəhlizlərinin yaradılması sahəsində yürütdüyü transmilli siyasəti və tutduğu düzgün mövqeyini;
• daxili ictimai-siyasi sabitliyi təmin etməsini, demokratik dövlət, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı quruculuğu prinsiplərini rəhbər tutmasını;
• son on ildə nail olduğu dinamik sosial-iqtisadi inkişafı və gələcək inkişaf potensialını nəzərə alaraq Azərbaycan Respublikasını bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab edirlər.
Mütəxəssislərin fikrinə görə, geosiyasi xarakteristikanın əsas dəyər ölçüləri kimi çıxış edən həmin amillər ölkənin həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, həm də mövcud dinamik inkişafını şərtləndirmişdir.
Digər geosiyasi xarakteristikasına - ərazisinin ölçülərinə, sərhədlərinin vəziyyəti və qonşularla münasibətlərinə, maddi və mənəvi resurslarından yararlanma əmsalı və s. görə də Azərbaycan Cənubi Qafqazın ən böyük və ən perspektivli dövləti hesab olunur. Ərazisinin təbii və coğrafi resurslarına onun:
- 86,6 min kvadrat km. quru və 80 min kvadrat km. Xəzər dənizindəki milli sektoru;
- Avropa və Asiyanı birləşdirən əlverişli coğrafi, geosiyasi və geoiqtisadi vəziyyəti;
- avtomobil, dəmir yolu və su nəqliyyatı vasitəsilə Rusiya, Türkiyə, İran, Gürcüstan, Ermənistan, Orta Asiya və Qara dəniz bölgəsi ölkələri ilə nəqliyyat-kommunikasiya xətləri və s. daxildir.
Ölkənin geosiyasi dəyərinin artmasına və xarici ölkələrlə münasibətlərinin qurulmasına müsbət təsir göstərən əsas amillərdən biri onun əhəmiyyətli geosiyasi və coğrafi məkanda yerləşməsi hesab olunur. Ölkə dünyanın ən əhəmiyyətli regionlarından hesab olunan Avrasiyanın ortasında yerləşir, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanır.
- Azərbaycan Gürcüstanla birlikdə, Xəzər-Qara dənizləri arasındakı mühüm əhəmiyyətli Kontinental geosiyasi məkanın;
- Türkmənistan və Qazaxıstanla birlikdə Avropa-Cənub-Şərqi Asiyanın;
- Rusiya və İranla birlikdə Şimal-Cənub dəhlizinin;
- Şərqlə-Qərb arasındakı əksər transmilli nəqliyyat-kommunikasiya layihələrinin;
- NATO və KTMT kimi hərbi-strateji bloklaşmaların təmas xəttində yerləşir, həm Avropanın, həm Asiyanın, həm də bəhs olunan sahələr üzrə Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional maraqlar mübarizəsində önəmli vəsilə kimi çıxış edir. Mütəxəssislərin fikrinə görə, Xəzərətrafı ölkələr içərisində ən əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqe məhz Azərbaycana məxsusdur. Düzdür, tədqiqatçılar regional əhatə dairəsi və bölgənin geosiyasi mühiti ilə bağlı bəzi məqamları nəzərə alaraq (Ermənistan, İran və Rusiyanın müəyyən məsələlərdə Azərbaycanla üst-üstə düşməyən maraqları və s.) onun tam müstəqil siyasət yürütmək və beynəlxalq aləmlə milli maraqlara uyğun sərbəst hərəkət etmək imkanını qismən məhdud hesab edir və bu fonda Cənubi Qafqazda, ətraf regionlarda mövcud olan münaqişələrin bölgə dövlətləri arasında ən çox Azərbaycana mənfi təsir göstərdiyini və onun müstəqil siyasət kursunu təhdid edəcəyini proqnozlaşdırırlar. Onların fikrinə görə, milli və regional təhlükəsizlik, regional və beynəlxalq inteqrasıya və s. geosiyasi, geoiqtisadi və geostrateji məsələlərdə Azərbaycanın həm bölgə, həm də dünya ölkələri ilə üst-üstə düşən və düşməyən maraqları, fərqli fəaliyyət istiqamətləri mövcuddur ki, bu da rəsmi Bakının gələcək geosiyasi qərarlarına təsirsiz ötüşməyəcəkdir. Lakin nəzərə almaq lazımdır ki, qloballaşma dövrünün müasir çağırışları fonunda bütün ölkələr, o cümlədən dünyanın aparıcı dövlətləri qlobal və regional çərçivədə, müəyyən proseslərin və hadisələrin təsiri altında, habelə qarşılıqlı maraqlar kontekstində tez-tez öz siyasətlərinə müəyyən düzəlişlər edirlər. Təbii olaraq, Azərbaycan da öz milli maraqlarının təmin edilməsinə istiqamətlənmiş siyasi kursuna, əlverişli coğrafi mövqeyinə və kəsb etdiyi transmilli geosiyasi əhəmiyyətinə uyğun olaraq bu və ya digər gedişlər edir və bundan sonra da edəcəkdir.
Geoiqtisadi dəyərinə görə Prezident Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu yeni neft strategiyası və digər transmilli enerji-nəqliyyat-kommunikasiya layihələrin həyata keçirilməsi, sözün həqiqi mənasında, Azərbaycanı geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri və şirkətləri üçün cəlbedici tərəfdaş etmişdir. Ölkənin əlverişli geoiqtisadi dəyəri həm də yalnız neft-qaz sektoru ilə məhdudlaşmamış, keçən illərdə yürüdülən düzgün iqtisadi inkişaf strategiyası ümumilikdə Azərbaycanı Avrasiyanın iqtisadi, siyasi və sosial-mənəvi cəhətdən dinamik inkişaf edən bir ölkəsinə, dövlətlərarası əlaqələrdə ciddi geosiyasi aktora çevirmişdir. Bununla yanaşı, Azərbaycan həm də hövzənin neft-qaz resurslarından istifadənin düzgün strategiyasını müəyyənləşdirməklə, beynəlxalq aləmin daim artan enerji ehtiyacı ilə ölkənin milli maraqlarını uzlaşdırmaqla və bu əsasda etibarlı tərəfdaş kimi tanınmaqla, milli iqtisadi və maliyyə dividendlərini gücləndirməklə beynəlxalq dəyərini artırmış və xarici aləmlə münasibətlərini intensivləşdirmək imkanı qazandırmışdır. Bu amilə təkcə təbii resurs mənbəyi və geoiqtisadi anlamında yanaşmaq düzgün olmazdı. Ölkənin bəhs olunan üstünlüklərindən, xüsusən də neft və qaz amilindən bacarıqla istifadə etməklə, müasir dünyanın aparıcı dövlətləri və güc mərkəzlərinin diqqətini özünün digər milli problemlərinə cəlb etməsi Azərbaycanın müasir dövrdə əsas milli geosiyasi vəzifələrindən biri hesab olunur. Bu üstünlüyün və imicin qorunması və düzgün istifadə olunması gələcəkdə də Azərbaycanın geosiyasi addımlarının və vəzifələrinin əsas müvəffəqiyyətini təşkil etməlidir.
Hazırda Azərbaycan Xəzər dənizinin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistanla birlikdə üçüncü minillikdə Avropanın artan enerji tələbatının ödənilməsi və dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində “ən əlverişli, ümidverici və etibarlı alternativ tərəfdaş” hesab olunur. Dünyanın alternativ enerji mənbəyi hesab olunan Xəzər regionunda neft-qaz istehsalı ilə bağlı əsas risklərdən biri hasil olunan məhsulun dünya bazarlarına təhlükəsiz və sərbəst marşrutlarla çıxarılması ilə bağlıdır. Bu anlamda Azərbaycan özünün və tərəfdaşlarının hasil etdiyi neft-qaz məhsullarının xarici bazarlara çıxarılması, ixrac marşrutlarının şaxələndirilməsi (diversifikasiyası) məsələsində Xəzər ölkələri içərisində həm Qazaxıstandan, həm də Türkmənistandan əlverişli vəziyyətdədir. Onlarla müqayisədə Azərbaycanın enerji ixracı riskləri çox aşağı səviyyədədir. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan bölgənin karbohidrogen ehtiyatlarının alternativ yolla Avropaya nəqli marşrutunu müəyyənləşdirərək, planetar əhəmiyyətli, eyni zamanda çox məsuliyyətli və uzaqgörən strateji seçim etdi. Nəticədə Xəzərin neft və qaz ehtiyatlarının alternativ və müstəqil yolla Avropa ölkələrinə çatdırılmasının yeni marşrutunu dövriyyəyə buraxdı. Bu marşrut ilə yeni neft və qaz ixracı kəmərlərinin çəkilməsi növbəti bir amil olaraq Azərbaycanın regionda geosiyasi, geoiqtisadi nüfuzunu və tranzit dəyərini artırdı və Xəzər hövzəsinin, Mərkəzi Asiyanın enerji resurslarının Qərbə nəqli istiqamətində əsas tranzit ölkələrdən birinə - yeni transmilli yanacaq və nəqliyyat dəhlizlərinin dayağına çevirdi.
Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılmasını nəzərdə tutan layihələrin reallaşması heç də asanlıqla başa gəlməyib, müxtəlif beynəlxalq, regional və yerli geosiyasi maraqların toqquşması ilə müşahidə olunubdur. Lakin Azərbaycanın tam müstəqil geosiyasi, geoiqtisadi və təhlükəsizlik siyasəti, prinsipial və qətiyyətli mövqeyi Asiya ilə Avropanı birləşdirən böyük enerji-nəqliyyat layihələrinin həyata keçirilməsini mümkün etdi. Hazırda, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk kimi illik gücü təxminən 70 milyon ton təşkil edən üç neft kəməri, Bakı-Tbilisi-Ərzurum, Bakı-Astara-İran və Bakı-Rusiya kimi illik gücü təxminən 30-40 milyard kub metr olan maye qaz kəmərlərinin mövcudluğu Azərbaycanın və tərəfdaşlarının enerji ixracı sahəsindəki geoiqtisadi risklərini, demək olar ki, sıfıra endirmişdir. Xəzər qazının Qara dənizin Gürcüstan limanlarına qədər kəmərlərlə, sonra isə sıxılaraq tankerlərlə Rumıniyaya, oradan da Avropa Birliyi ölkələrinə ixrac olunması haqqında dövlətlərarası sazişin imzalanması təkcə Azərbaycanın deyil, bütöv Xəzər hövzəsi ölkələrinin qaz ixracı ilə bağlı risklərini ciddi şəkildə azaltmış və geoiqtisadi etibarlılığını artırmışdır. Buna əlavə olaraq “Şahdəniz 2” layihəsinin reallaşdırılması ilə yeni kəmərlər- TANAP və TAP vasitəsilə böyük Azərbaycan qazının Avropa bazarına çıxarılması perspektivi bu etibarlılığı daha da möhkəmləndirmişdir.
Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan həm də Avrasiyanın giriş qapısı, Şərq-Qərb nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin mərkəzi dövləti hesab olunur. Rusiyadan yan keçməklə Avropa və Asiya ölkələri arasında bağlayıcı körpü rolunu icra edən Trans-Qafqaz nəqliyyat-enerji dəhlizi (TRASEKA), strateji Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin təşəbbüskarı, hərəkətverici qüvvəsi və əsas təminatçılarından biri məhz Azərbaycandır. Bundan başqa, Trans-Asiya nəqliyyat dəhlizində (Cənubi, Şərqi və Orta Asiya-İran-Azərbaycan-Rusiya və əksinə, İranın Fars körfəzi vasitəsilə bu ölkələri Avropa ilə birləşdirən nəqliyyat-kommunikasiya layihəsi - Ə.H.) əsas bağlayıcı ölkələrdən biri kimi çıxış etməsi Azərbaycanın mühüm tranzit əhəmiyyətini bir daha təsdiq edir. Dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici bir vəsiləyə çevrilməsi Azərbaycanın son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturlarının, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına təkan vermişdir. 2013-cü ildə ölkədə yeni nəhəng Gəmiqayırma zavodu istifadəyə verilmiş, Xəzər donanması müasir gəmilər hesabına gücləndirilmiş, yaxın bir neçə ildə isə yükötürmə gücü
20 milyon tona bərabər olan Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisinin başa çatdırılması nəzərdə tutulmuşdur. Paralel olaraq Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yenidənqurma işləri aparılmış, əlavə nəhəng terminallar istifadəyə verilmiş, regionlarda 5 yeni aeroport tikilmişdir. Ölkənin dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilməyə başlamış, 2015-ci ildə isə Şərqlə Qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Görülən bütün işlərin başlıca məqsədi Azərbaycanın regionun tranzit mərkəzi statusunu möhkəmləndirməklə yanaşı, həm də onun nəqliyyat-logistika mərkəzinə çevrilməsini təmin etməkdir. Bu isə onu deməyə əsas verir ki, Almaniya, Niderland, Böyük Britaniya, Çin, Cənubi Koreya, İran və digər ölkələrdə olduğu kimi, Azərbaycanda da Nəqliyyat Logistika Mərkəzinin yaradılacağı gün heç də uzaqda deyil.
Beləliklə, Avrasiyanın əsas tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir və ən əsası isə dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri (Avropa Birliyi, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və b.) Azərbaycanı üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçılarından biri
hesab edir, həm də onun əsas tranzit ölkə mövqelərinin güclənməsində maraqlı olduqlarını nümayiş etdirir və bu işə ciddi səy göstərirlər. Azərbaycanın tranzit imkanları artdıqca, planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən digər əsas amil hesab olunur.
Azərbaycanın qlobal və regional geosiyasi çəkisini artıran ən başlıca amil onun müstəqil bir dövlət olaraq tam formalaşması, özünü təmin edən milli iqtisadiyyata, maddi, mənəvi və insan resurslarına, milli-vətəndaş birliyinə, əhali tərəfindən dəstəklənən milli inkişaf kursuna, güclü ordu və müdafiə potensialına və s. zəruri təsisatlara malik olması və bütün bunlara söykənərək müstəqil daxili və xarici siyasət yürütməsidir. Müstəqillik əldə edildikdən sonrakı dövrdə milli dövlətin iqtisadi, hüquqi və ideoloji əsaslarının, idarəçilik mexanizminin, daxili və xarici siyasət strategiyasının, təhlükəsizlik konsepsiyasının formalaşdırılması və həyata keçirilməsi prosesi bir tərəfdən Ermənistanla hərbi qarşıdurma, digər tərəfdənsə Azərbaycanı istiqamətləndirmək, onu təsir altında saxlamaq istəyən daxili və xarici güclərlə kəskin mübarizə şəraitində baş tutmuşdur. Prezident Heydər Əliyevin şəxsi nüfuzu, siyasi uzaqgörənliyi, böyük idarəçilik təcrübəsi sayəsində 1993-2003-cü illəri əhatə edən birinci on il ərzində bütün milli resursları vahid məqsəd uğrunda səfərbər etmək və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, onu sabit inkişaf yoluna çıxarmaq, milli iradəyə əsaslanan müstəqil subyekt kimi beynəlxalq aləmlə sıx inteqrasiyasını təmin etmək mümkün olmuşdur. Bununla yanaşı etiraf olunmalıdır ki, hər bir dövlət ilkin mərhələdə xarici təhlükələrdən qorunmaq sahəsində özünümüdafiə sistemini dərhal formalaşdıra bilmir, müxtəlif təzyiq və təhdidlərə qarşı sinə gərmək məcburiyyətində qalır. Bu mənada Azərbaycan daha uğurlu siyasət həyata keçirərək, müstəqilliyinin ilk dövründə ayrı-ayrı güc mərkəzləri arasında balans yaratmağa, minimum güzəştlər hesabına maksimum dividendlər əldə etməyə, prinsipial məsələlərdə öz mövqeyini qoruyub saxlamağa və inkişaf etdirməyə nail olmuşdur. Nəticədə dövlət həm özünün neft strategiyasını uğurla reallaşdırmağı bacarmış, həm də gələcək sürətli inkişafının möhkəm bazasını yaratmışdır.
2003-20013-cü illəri əhatə edən ikinci onillikdə Azərbaycan oturuşmuş liberal iqtisadiyyata və böyük maliyyə resurslarına, güclü orduya malik, özünü tam təmin edən, heç kimdən asılı olmayan, sözünü cəsarətlə deyən, mövqeyinə və rəyinə hörmətlə yanaşılan və milli maraqlara əsaslanaraq tam müstəqil siyasət yürüdən ölkəyə çevrilimişdir. Məhz buna görə də bu gün Azərbaycan ciddi geosiyasi faktor kimi postsovet məkanının, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın müasir geosiyasi, geoiqtisadi və hərbi-geostrateji xarakteristikasının müəyyənləşdirilməsinə mühüm təsir göstərir, habelə BMT, ATƏT, Avropa Şurası, İKT, Qoşulmama Hərəkatının fəal üzvü olaraq, eyni zamanda dünyanın güc mərkəzləri ilə yaxından əməkdaşlıq edərək qlobal siyasətdə özünün iştirak imkanlarını getdikcə genişləndirir.
Azərbaycan Cənubi Qafqaz və keçmiş postsovet məkanında ümumi iqtisadi potensialına görə də xarici aləmin diqqətini çəkir. Hazırda Cənubi Qafqazda, Avrasiya məkanında və dünyada Azərbaycanın mövcud və perspektiv geoiqtisadi potensialı - iqtisadi inkişaf resursları, malik olduğu maddi və insan ehtiyatları, bu sahələrdə ölkə rəhbərliyinin yürütdüyü praqmatik siyasət yüksək qiymətləndirilir. Cəmi 9 milyondan bir az çox əhalisi olmasına baxmayaraq, zəngin təbii, xüsusən enerji və karbohidrogen ehtiyatlarına, əlverişli iqlim və münbit torpağa, turizm imkanlarına, kənd təsərrüfatı və sənaye infrastrukturlarına və işlək əhaliyə malik olması onun iqtisadi perspektivlərini xüsusi cəlbedici edir.
Mütəxəssislərin fikrinə görə, region ölkələri içərisində öz geosiyasətini və geoiqtisadiyyatını, beynəlxalq əlaqələrini, reallaşdırdığı daxili və xarici layihələri və s. Xəzər dənizinin karbohidrogen məhsullarının istehsalı və satışı ilə ən sıx əlaqələndirən ölkə məhz Azərbaycandır. Azərbaycanın iqtisadi inkişafının əsasında da məhz xarici şirkətlərlə Xəzər dənizində müştərək kəşf və istehsal etdiyi neft-qaz ehtiyatlarının sərbəst istifadəsi amili dayanır. Bu strateji məhsul ölkənin dinamik daxili iqtisadi, sosial və mənəvi inkişafını şərtləndirməklə bərabər, həm də onu dünya geosiyasətində, xüsusən Avropa enerji sektorunda mühüm bir amilə çevirmiş və geoiqtisadi tərəfdaşlıq dəyərini yüksəltmişdir. Hazırda ölkənin təsdiq olunmuş karbohidrogen ehtiyatları 4.6 milyard ton şərti yanacaq təşkil edir. Bunun 2 milyard tonu neft, 2,6 trln. kub metri isə (ümumilikdə ehtimal edilən karbohidrogen ehtiyatları isə 10 milyard ton şərti yanacaq) təbii qaz təşkil edir. Təkcə “Şahdəniz” yatağının ehtiyatı 1,2 trln. kubmetr, 2010-cu ildə kəşf olunmuş “Ümid” qaz yatağının ehtiyatı 250-300 mlrd. kubmetr, 2011-ci ildə kəşf olunmuş “Abşeron” yatağının ehtiyatı isə 350 mlrd. kub metrdən artıq qaz-kondensat miqdarında qiymətləndirilir. Müstəqillik illərində neft sektoruna 48 milyarddan çox ABŞ dolları miqdarında xarici sərmayə qoyulmuş, 61 yeni neft yatağı istismara verilmiş və yaxud yararlı vəziyyətə gətirilmışdir (1).
Hələ 2000-ci ilin əvvəllərində mütəxəssislər 2010-cu ildən etibarən Azərbaycanın Xəzərdə ildə təxminən 55 milyon ton neft və 20 milyard kub metr qaz çıxarmaq imkanı olacağını proqnozlaşdırırdılar. Dünya mütəxəssislərinin hesablamalarına və proqnozlara görə, XXI əsrdə Azərbaycan dünyanın enerji məhsullarına artan tələbatının nəzərəçarpacaq hissəsini (ildə təxminən 40-50 milyon ton neft və 25-30 milyard kub metr qaz) verəcəkdir. Artıq 2006-cı ildə neft və qaz hasilatının həcmi bu proqnozların əsassız olmadığını təsdiq etdi. Dövlət Neft Şirkətinin rəsmi məlumatına əsasən, keçən illər üzrə Azərbaycanın neft və qaz hasilatının dinamikası aşağıdakı kimi olmuşdur (2).
Göründüyü kimi, 2010-cu ildə Azərbaycanda həm neft, həm də qaz hasilatının həcmi ilə bağlı proqnozlar özünü doğrultmuşdur. Ölkədə 53 milyon tondan artıq neft, 29 milyard kubmetrdən artıq isə təbii qaz istehsal edilmişdir. Xəzər dənizində 2010-cu ildə ən çox neft və qaz Azərbaycana məxsus milli sektordan çıxarılmışdır. Sonrakı illərdə karbohidrogen ehtiyatların hasilatına korrektələr edilmiş, mövcud tələbat nəzərə alınaraq neft hasilatı stabil olaraq 43-45 milyon ton həcmində saxlanılmış, əsas diqqət isə qaz hasilatı sahəsində yeni layihələrin həyata keçirilməsinə yönəldilmişdir. Yaxın bir neçə ildə “Şahdəniz -2” layihəsinin reallaşdırılması nəticəsində bu yataqdan hasil olunacaq qazın həcminin 9 milyard kubmetrdən 16 milyard kubmetrə çatdırılması planlaşdırılır. “Abşeron” qaz yatağından isə ildə 5 milyard kubmetr qaz hasil olunacağı gözlənilir. “Abşeron”, “Ümid” və digər perspektivli qaz yataqlarının ehtiyatlarını da nəzərə almaqla yaxın gələcəkdə Azərbaycanda qaz hasilatının həcminin 45-50 milyard kubmetrə çatdırılacağı proqnozlaşdırılır (3).
Neft və qaz istehsalı üzrə həyata keçirilən transmilli layihələrə yaradılan şəraitə görə, xarici partnyorlar bölgə ölkələri içərisində ən çox Azərbaycan və Qazaxıstandan razıdırlar və bu ölkələrin iqtisadi gələcəyinə də çox nikbin yanaşırlar. Hazırda Qərb ölkələri və ABŞ Azərbaycanı özlərinin
enerji sahəsində ən sabit və etibarlı tərəfdaşlarından biri kimi dəyərləndirərək, ona dünya enerji bazarına çıxmaq üçün lazım olan bütün köməkliyi göstərirlər (4). Bütün bunlar Azərbaycanın dünyada və regionda transmilli geoiqtisadi dəyərini artırır və əlverişli tərəfdaşa çevirir.
Azərbaycanın müstəqillik illərində davamlı olaraq müşahidə olunan sürətli sosial-iqtisadi inkişafı faktı da, mütəxəssislərin fikrinə görə, Cənubi Qafqaz ölkələri içərisində onun geoiqtisadi çəkisini getdikcə əhəmiyyətli dərəcədə yüksəldir. 1996-cı ildən başlayaraq Azərbaycanda ümumi daxili məhsul istehsalının orta hesabla hər il 10%-dən yuxarı artımı, inflyasiyanın nisbətən sabit saxlanması, əhalinin pul gəlirlərinin və yaşayış həddinin getdikcə yüksəlməsi, istehsalda qeyri-neft sektorunun və özəl sahənin payının artması, idxal-ixrac balansında ixracın üstünlüyünün təmin edilməsi və s. həyata keçirilən iqtisadi siyasətin səmərəli olmasını bilavasitə təsdiq edir. 1999-2001-ci illərdə ölkədə ÜDM-in orta illik artım sürəti 2,5 faiz, 2001-2004-cü illərdə isə 8-10% təşkil etmişdir. 1993-2004-cü illərdə Azərbaycan iqtisadiyyatına bütün mənbələr hesabına 22,6 milyard ABŞ dolları miqdarında sərmayə qoyulmuşdur ki, bunun da 17 milyardı xarici, 5,6 milyardı isə daxili sərmayə olmuşdur (5). Müstəqillik illərində ölkə iqtisadiyyatına yatırılmış sərmayələrin ümumi həcmi 2013-cu ildə 172.4 milyard dollara çatmış və 2007-ci ildən başlayaraq daxili sərmayələrin həcmi xarici sərmayələrin həcmini üstələməyə başlamışdır. 2004-2013-cü illərdə ölkə iqtisadiyyatına 150.2 milyard dollar investisiya qoyulmuş, onun da 54%-i daxili sərmayələr olmuşdur (6).
Mütəxəssislər hesab edirlər ki, artıq 2005-ci ildən başlayaraq Azərbaycan öz iqtisadi və sosial inkişaf parametrlərinə görə nəinki təkcə bölgədə, həmçinin dünyada lider ölkəyə çevrilə bilmişdir. Məsələn, 2005-ci ildə ölkədə ÜDM istehsalı 27%, 2006-cı ildə isə 34% artaraq bölgənin və dünyanın ən yüksək göstəricisi olmuşdur (7). Azərbaycanın sürətli iqtisadi inkişafı sonrakı illərdə də öz yüksək tempini saxlamış və ÜDM artımı müvafiq olaraq 2007-ci ildə 27%, 2008-ci ildə 11%, 2009-cu ildə 9,3% və 2010-cu ildə 5,7% təşkil etmişdir (8). 2008-ci ildə başlayan ümumdünya iqtisadi böhran bir çox ölkələrin, hətta inkişaf etmiş Qərb dövlətlərinin iqtisadiyyatına ciddi zərbə vurduğu halda, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlamış, əhalinin yaşayış səviyyəsi yüksəlməkdə davam etmiş, mühüm investisiya layihələrinin həyata keçirilməsi belə dayandırılmamışdır. Əgər 2011-ci ildə ölkədə ÜDM artımı cəmi 0.1% olmuşdusa, 2012-ci ildə bu rəqəm 2.2%, 2013-cü ildə isə 5.8% təşkil etmişdir (9). İqtisadi artım əsasən iqtisadiyyatın qeyri-neft sektorunun orta hesabla illik 10% yüksəlməsi hesabına əldə olunmuşdur.
Ümumilikdə, son 10 ildə Azərbaycanın inkişaf strategiyası xüsusi düşünülmüş, hərtərəfli əsaslandırılmış uzunmüddətli dövlət proqramları əsasında həyata keçirilmişdir. 2004-2013-cü illərdə Azərbaycanda sosial-iqtisadi, regional və ayrı-ayrı digər sahələrin inkişafını nəzərdə tutan çoxsaylı ünvanlı dövlət proqramları qəbul edilmiş və uğurla həyata keçirilmişdir. Bunun nəticəsində ölkə iqtisadiyyatı ümumilikdə 3.4 dəfə artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 5.5 faizə düşmüşdür. İşsizliyin səviyyəsi 4.8 faizə enmiş və bu göstəriciyə görə, Azərbaycan dünyanın bir sıra inkişaf etmiş ölkələrini də geridə qoymuşdur. Azərbaycanda müasir iqtisadi və sosial infrastruktur yaradılmış, respublikanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin olunmuşdur. Son 10 ildə Azərbaycanın dövlət büdcəsi 17 dəfə artaraq 25 milyard dollara çatmış, 2013-cü ildə icmal büdcənin gəlirləri 29.5 milyard dollar təşkil etmişdir. 2003-cü ildə cəmi 800 milyon dollar təşkil edən strateji valyuta ehtiyatları 2013-cü ildə artıq 50 milyard dollara yüksəlmişdir. Əmək haqları, pensiyalar, təqaüdlər ardıcıl şəkildə artırılmış və bu göstəriciyə görə, Azərbaycan MDB məkanında öncül yerləri tutmuşdur. Minlərlə istehsal obyekti, nəhəng zavod və fabriklər, texnoparklar tikilmiş, 1.2 milyon yeni iş yeri yaradılmışdır. 2500 məktəb, yüzlərlə səhiyyə müəssisəsi, mədəniyyət, idman obyektləri tikilmişdir. Nəhəng infrastruktur layihələri reallaşdırılmış, regional inkişaf proqramları paytaxtla bölgələr arasında kəskin fərqin aradan qaldırılmasına ciddi təsir göstərmişdir. Regionlar da paytaxt kimi dinamik inkişaf etmiş, müasirləşmişdir (10).
Son 10 ildə iqtisadi sahədə əldə olunmuş uğurlar nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda lider mövqelərini daha da möhkəmləndirmişdir. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə Azərbaycanda UDM istehsalı 71 mlrd. ABŞ dolları (11), müvafiq olaraq Gürcüstanda 16.1 mlrd. Dollar (12), Ermənistanda isə 10,4 mlrd. Dollar (13) təşkil etmişdir. Azərbaycanın Gürcüstan iqtisadiyyatının inkişafında oynadığı rolu da nəzərə alaraq, demək olar ki, bu gün ölkəmizin bölgənin UDM istehsalındakı payı 80%-dən çoxdur. Dünyanın bir çox nüfuzlu iqtisadi və maliyyə mərkəzləri, o cümlədən Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya İqtisadi Forumu, “Moodys”, “Fitch Raitings”, “Standard and Poors” nüfuzlu reytinq agentlikləri Azərbaycanın yüksək inkişaf tempi nümayiş etdirdiyini xüsusi vurğulayaraq, onun dünyada ən yüksək iqtisadi artıma malik olması faktını qeyd etmişlər. Davos iqtisadi Forumunun 2013-cü ilə dair hesabatında Azərbaycan “iqtisadiyyatın rəqabətə davamlılığı” əmsalına görə dünya ölkələri arasında 39-cu yeri tutmuşdur. ABŞ-ın “Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi - 2014” adlı hesabatda Azərbaycan dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən “orta azad ölkələr” sırasına daxil olmuşdur (14). Beynəlxalq maliyyə mərkəzlərinin, o cümlədən Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun hesablamaları göstərir ki, qarşıdan gələn illərdə Azərbaycanda sürətli iqtisadi inkişaf tendensiyası davam edəcək ki, bu da müvafiq olaraq həm ölkənin beynəlxalq imicinə, həm də xarici geosiyasi aktorlarla tərəfdaşlıq münasibətlərinə müsbət təsir göstərəcəkdir.
Hazırda təbii səbəblərdən ümumi iqtisadi gücünə görə Rusiya, Ukrayna, Qazaxıstan və Belarus kimi iri dövlətlərdən nisbətən geridə qalsa da, Azərbaycan qalan digər postsovet respublikalarından həm iqtisadi kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə irəlidədir. Bölgədəki neft istehsalına, transmilli nəqliyyat-tranzit imkanlarına, xarici iqtisadi əlaqələrinin intensivliyinə, enerji resursları ixracının şaxələndirilməsinə, Qərbin Xəzərə hərbi-geostrateji çıxışınin təmin edilməsi və hövzənin strateji hədəflərinə nəzarət imkanı yaratmasına və digər geoməkan üstünlüklərinə görə isə, Azərbaycan Qazaxıstan və Gürcüstanla birlikdə mütəxəssislər tərəfindən bölgənin ən əhəmiyyətli dövləti hesab olunur.
Bundan başqa, Azərbaycanın milli iqtisadiyyatı müstəqilliyinin ilk illərində tamamilə xarici kapitaldan və neft sənayesindən asılı idisə, son illərdə nisbət əsaslı şəkildə dəyişmiş, iqtisadi, sosial, infrastruktur və s. sahələrdə yerli kapital və qeyri-neft sektorunun payı üstün səviyyəyə yüksəlmişdir. Son illər Azərbaycan rəhbərliyi neft amilindən və xarici kapitaldan asılılığı kəskin şəkildə azaltmış, iqtisadi inkişafın yükünü qeyri-neft sektorunun üzərinə keçirmiş, əsas valyuta ehtiyatlarını da məhz bu sektorun yüksəlişinə istiqamətləndirərək, yerli istehsalın, xüsusən milli sənaye, emal və ərzaq istehsalı müəssisələrinin inkişafını təmin etmək üçün ciddi addımlar atmış ki, bu da ölkənin iqtisadi gələcəyi ilə bağlı əhalidə və mütəxəssislərdə nikbin əhval-ruhiyyə yaratmışdır. Azərbaycanda yürüdülən məqsədyönlü siyasətin - neftdən gələn gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilməsinin nəticəsi olaraq ÜDM-in strukturunda bu sahənin payı sürətlə artmışdır. Əgər 2010-cu ildə iqtisadiyyatda qeyri-neft sektorunun payı 44.4% təşkil edirdisə, 2013-cü ildə bu rəqəm artıq 56.6%-ə yüksəlmişdir. Hökumətin proqnozlarına əsasən, 2015-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 61,7 faizə çatacaqdır (15).
2005-2013-cü illərdə strateji neft və qaz məhsullarının satışından əldə edilən gəlirlər hesabına ölkənin enerji, nəqliyyat, rabitə-informasiya sektorunun tam yeniləşdirilməsi və bu sahələr üzrə milli təhlükəsizliyin möhkəmləndirilməsi, sosial və iqtisadi infrastrukturun yenidən qurulması, iqtisadiyyatının liberallaşdırılması və şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına önəm verilməsi, ekoloji tarazlığın təmin edilməsi və s. hesab olunur.
2003-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu və icrası respublikada yeni şərait yaradaraq, Azərbaycanın bütövlükdə əksər bölgələrinin hərtərəfli tərəqqisinə səbəb olmuş, mərkəzlə regionlar arasında iqtisadi-sosial fərqləri əsasən aradan qaldırmış, yaşayış məntəqələrinin simasını müasirləşdirmişdir. Respublikanın kommunal, yol-nəqliyyat, sosial, informasiya-kommunikasiya, ekologiya və digər sahələrin infrastrukturuna milyardlarla dollar investisiya qoyulmuşdur. Yeni iş yerlərinin açılması ölkədə işsizlik probleminin aradan qaldırılmasına mühüm təsir göstərmişdir.
Müstəqillik illərində Azərbaycanın kənd təsərrüfatı və ərzaq istehsalı sisteminə əsaslı investisiya yatırılmış, fermerlərə birbaşa dövlət dəstəyi göstərilmiş və bu sahənin inkişafına əsaslı təkan verilmişdir. Hazırda Azərbaycan əksər ərzaq məhsulları ilə özünü əsasən təmin edir. Əgər Sovet hakimiyyəti illərində Azərbaycan bəzi ərzaq məhsullarının istehlakında (ət, yağ, kartof, taxıl və s.) digər respublikalardan asılı vəziyyətdə idisə, müstəqillik dövründə bu balans daxili istehsal hesabına kəskin dəyişmişdir.
Göründüyü kimi, 2004-2013-cü illərdə həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı şaxələndirilmiş və iqtisadi balansda qeyri-neft sektorunun üstünlüyü təmin edilmişdir. Bununla yanaşı, qarşıdan gələn dövrdə də iqtisadiyyatda enerji amili öz aktuallığını saxlayacaq. Hazırda Azərbaycanın xarici borclarının miqdarı ÜDM-in 8%-i həcmindədir ki, bu da dünyada ən yaxşı göstəricilərdəni biri hesab olunur.
Mütəxəssislərin fikrinə görə, Xəzər regionunun hazırkı regional hərbi-geostrateji balansı Rusiyadan, geoiqtisadi və təbii enerji balansı Azərbaycan, Qazaxıstan və Türkmənistandan, nəqliyyat-kommunikasiya dəhlizləri Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiyadan asılıdır. Onların fikrinə görə, Rusiya, İran, Orta Asiya ölkələri, Azərbaycan, Türkiyə və Gürcüstanın, o cümlədən Qərb ölkələrinin iştirakı ilə formalaşan Xəzər hövzəsinin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mühitinin gələcək taleyində isə Azərbaycanın mövqeyi kifayət qədər yüksəkdir. Bu ölkənin ayaq qoyduğu “geosiyasi tərəzi”nin gözü dərhal regionun əsas ağırlıq mərkəzinə çevrilir və regional münasibətlərin üstün istiqamətini təşkil edir.
Azərbaycanın artan enerji ixracı potensialını düzgün qiymətləndirən ABŞ və Avropa İttifaqı 2007-ci ildən başlayaraq Avropaya qaz ixracını nəzərdə tutan “Cənub dəhlizi” çərçivəsində Nabucco qaz layihəsini geniş müzakirə mövzusuna çevrilmişlər. Ehtimal edilirdi ki, bu layihənin tikintisi 2010-2011-ci illərdə başlayarsa, artıq 2014-2015-ci illərdə onun vasitəsilə təxminən ildə 25-30 milyard kub metr Azərbaycan, Mərkəzi Asiya, hətta ola bilsin İran qazının Avropa bazarına ixracı mümkün olacaq və Avropa alternativ yanacaq mənbəyi əldə etməklə özünün enerji təhlükəsizliyi məsələsində Rusiyadan asılılığını xeyli azaldacaqdır. Ancaq Nabucco ətrafında aparılan uzun və səmərəsiz müzakirələr təsdiq etdi ki, bu layihənin əsas təşəbbüskarları real addımlar atmaq niyyətindən uzaqdırlar və əsas maliyyə yükünü hasilatçı ölkələrin üzərinə yönəltmək fikrindədirlər. Üstəlik, hasilatçı-tranzit-istehlakçı sxemi üzrə iştirakçıların maraqlarının uzlaşdırılmasında ziddiyyətli məqamlar özünü açıq şəkildə büruzə verirdi. Bütün bu qeyri müəyyənliklərin nəticəsi olaraq, artıq 2012-ci ilin aprelində Macarıstanın MOL şirkəti, 2013-cü ilin martında isə Almaniyanın RWE şirkəti Nabucco layihəsini tərk etdilər. 2013-cü ilin mayında isə Avstriyanın OMV şirkəti rəsmi şəkildə layihənin bağlandığını bəyan etdi (16).
2010-cu ildən başlayaraq Azərbaycan “Cənub dəhlizi” layihəsi ilə bağlı müzakirələrin perspektivsizliyini görərək təşəbbüsü öz əlinə aldı və növbəti dəfə liderlik keyfiyyətlərini ortaya qoydu. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandumun, 2012-ci ildə Türkiyə ilə Trans-Anadolu layihəsi üzrə sazişin imzalanması, 2013-cü ildə isə Trans-Adriatik layihənin əsas ixrac marşrutu kimi seçilməsi “Cənub dəhlizi”nə yeni nəfəs gətirdi. Nəticə etibarilə 2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarı qəbul edildi (17). Azərbaycan öz təşəbbüsü və praktiki addımları ilə yeni transmilli enerji layihələrinin əsasını qoydu, “Cənub dəhlizi” layihəsini xilas etdi, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında daha fəal iştirak etmək imkanı qazandı.
Azərbaycanın geosiyasi xarakteristikasının əsas göstəricilərindən biri də onun zəngin insan resurslarına malik olması ,ölkədaxili sabit daxili ictimai-siyasi, milli-etnik və dini vəziyyətin hökm sürməsi və dövlətin bütün bu sahələr üzərindəki nəzarət imkanları ilə sıx bağlıdır. Azərbaycanın insan resursları kəmiyyət və keyfiyyət baxımından digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə üstün və perspektivli görünür. Azərbaycanın ümumi demoqrafik göstəriciləri (əhalinin artım sürəti, gənclərin ümumi əhali arasında miqdarı və s.) müsbət istiqamətdə inkişaf edir. Ölkə əhalisinin sayı hazırda 9 milyondan artıqdır və artım balansı getdikcə müsbətə doğru dəyişir. Respublika üzrə hər kvadrat kilometrə, təxminən 96 nəfər düşür.
Keyfiyyət göstəricilərinə görə də ölkə əhalisi dünya standartlarına yaxındır. Əhalinin yaşayış səviyyəsi, təhsili, texniki və peşə hazırlığı, sağlamlıq və yaş meyarları, miqrasiya, urbanizasya göstəriciləri həm daxili inkişaf, həm də qlobal iqtisadi əlaqələr baxımından mütəxəssislər tərəfindən yetərli hesab olunur. Burada ən mühüm meyarlardan biri kimi 2004-cü ildən başlayaraq və hazırda da davam edən sosial proqramlar nəticəsində əhalinin yaşayış səviyyəsinin sürətlə yüksəlməsini, adekvat olaraq yoxsulluğun 10 dəfəyə yaxın azalmasını göstərmək olar. Hətta 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına həyata keçirilmiş layihələr nəticəsində qaçqın və məcburi köçkünlərin arasında yoxsulluq
səviyyəsi 2003-cü ildəki 75%-dən 2013-cü ildə 15%-ə yenmişdir. Reallaşdırılan tədbirlərin miqyası isə çox genişdir - 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailə 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Son bir neçə ildə orta hesabla hər il 20 min nəfərdən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin olunur. Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi məktəbi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 45 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman kompleksi tikilmiş, müasir tələblərə uyğun kommunal infrastruktur yaradılmışdır. Paralel şəkildə qaçqın və məcburi köçkünlərin məşğulluq probleminin həlli istiqamətində də səmərəli addımlar atılır (18).
Hazırda bütün dünyada baş verən qloballaşma prosesləri Azərbaycan əhalisinin həm daxildəki yerdəyişmə hərəkətinə (urbanizasiya prosesinə), həm də ölkə xaricinə miqrasiyasına təkan vermişdir. Müstəqillik dövründə kənd əhalisinin təxminən bir milyona yaxını kortəbii qaydada kəndləri tərk edərək Bakı şəhərinə və ətraf qəsəbələrə köçmüş, bir o qədər də ölkə əhalisi xarici ölkələrə miqrasiya etmişdir. Bunların daha çoxu mövsümi işlər üçün xaricə gedənlər, az bir qismi isə öz yaşayış yerini daimi dəyişənlərdir. Şəhərlərdə və rayon mərkəzlərində yaşayan əhali arasında bazar iqtisadiyyatına keçidlə və SSRİ dövründə tikilmiş iri sənaye müəssisələrinin dağılması ilə bağlı müəyyən işsizlik mövcud olsa da, bu boşluq miqrasiya və yeni istehsal-kommersiya müəssisələrinin yaranması hesabına doldurulur.
Tədqiqatçılar ictimai-siyasi və sosial-mənəvi resursların milli maraqların təmin edilməsinə yönəldilməsi sahəsində Cənubi Qafqaz ölkələri içərisində ən balanslı geosiyasəti və effektli siyasi idarəçilik sistemini də Azərbaycana aid edirlər. Azərbaycanın siyasi hakimiyyəti 1993-2013-cu illər arasında ölkənin geosiyasi vəzifələri və inkişaf ehtiyaclarına uyğun fəaliyyət konsepsiyasını və strategiyasını, dövlətin daxili və xarici siyasətinin prioritetlərini, istiqamət və vəzifələrini düzgün müəyyənləşdirmiş, təqdirəlayiq daxili və xarici fəaliyyət prinsipləri nümayiş etdirmiş, ölkəni beynəlxalq, regional, çoxtərəfli və ikitərəfli münasibətlər sistemində fəal təmsil etmişdir. Hazırda Azərbaycanın geosiyasi idarəcilik sistemi ölkə Prezidentinin, onun Administrasiyasının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və digər strukturların vahid fəaliyyət koordinasiyası əsasında həyata keçirilir. Bu sistem ölkənin bütün daxili institusional, ərazi, təbii-coğrafi, əhali və digər geosiyasi resurslarının, xarici siyasət aktivlərinin səmərəli və effektiv
istifadəsini, daxili və xarici siyasi-iqtisadi
əlaqələrin koordinasiyasını təmin edir. Xüsusən ölkənin daxilində və beynəlxalq aləmdə, xarici təşkilatlarda, transmilli qurumlarda vahid siyasət üzrə təmsil olunma və təmsilçiliyin idarə edilməsi, beynəlxalq münasibətlər sistemində cərəyan edən proseslərin öyrənilməsi və müvafiq strategiyanın hazırlanması, müttəfiqlərlə, tərəfdaşlarla, rəqiblərlə və digər beynəlxalq aktorlarla əlaqələrin xarakterinin müəyyənləşdirilməsi və həyata keçirilməsi sahəsində bu əlaqələndirmə sisteminin mühüm əhəmiyyəti özünü göstərir.
Uğurlu geosiyasi idarəçiliyin nəticəsi olaraq ötən dövrdə Azərbaycanın xarici aləmlə səmərəli əməkdaşlığı yaranmış, qarşılıqlı maraqlara cavab verən çoxsaylı ortaq transmilli layihələr həyata keçirilmiş, dünya siyasətinə təsir gücü olan böyük dövlətlərlə, beynəlxalq və regional qurumlarla tərəfdaşlıq münasibətləri qurulmuş, ölkənin nüfuzlu xarici alyanslarda, hökumətlərarası və qeyri-hökumət təşkilatlarında iştirakı təmin edilmişdir.
İqtisadiyyatın qloballaşdığı yeni minillikdə Azərbaycan dünyanın universal və qlobal iqtisadi sisteminə müvəffəqiyyətlə inteqrasiya olunur, Avropa İttifaqı, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər iqtisadi-maliyyə qurumları ilə hərtərəfli əməkdaşlıq edir. Təsadüfi deyil ki, bu qurumların dəstəyi və təqdimatı ilə, postsovet ölkələri içərisində ən çox xarici kapital da məhz Azərbaycan və Qazaxıstan iqtisadiyyatına yatırılıb. Hazırda adambaşına düşən xarici investisiyaların miqdarına görə Azərbaycan nəinki postsovet məkanının, həmçinin dünyanın lider ölkələrindən hesab olunur.
Keçən müddətdə Azərbaycanın regionda və dünyada nümayiş etdirdiyi balanslı geosiyasət, praqmatik xarici siyasət kursu, reallaşdırdığı uğurlu neft strategiyası, transmilli enerji və nəqliyyat-kommunikasiya siyasəti, həyata keçirdiyi regional və milli təhlükəsizlik strategiyası, Avropa Birliyi, NATO, ATƏT, MDB, İKT və b. beynəlxalq-regional qurumlarla yaratdığı tərəfdaşlıq münasibətləri, Avropa Şurasına və Qoşulmama Hərəkatına üzv qəbul olunması, əksər beynəlxalq konvensiyalara qoşulması və beynəlxalq aləm qarşısında götürdüyü öhdəliklərin icrası ölkənin xarici aləmlə geosiyasi, geoiqtisadi və hərbi-geostrateji tərəfdaşlıq münasibətlərinə müsbət təsir göstərən əsas amillər kimi çıxış etmişdir.
Müasir dünyada geoiqtisadi dəyər ölçüləri həm də mövcud ölkədə yürüdülən iqtisadi, siyasi, sosial, milli və s. siyasətin xarakteri və effektivliyi ilə ölçülür. Azərbaycan özünün müsbət və pozitiv iqtisadi inkişaf meyllərini-iqtisadiyyatının liberallaşdırılmasını, Qərblə iqtisadi əlaqələrini və bazar iqtisadiyyatı mexanizmlərini inkişaf etdirilməklə yanaşı, həm də ölkə daxilində sabit vətəndaş birliyinin yaradılması istiqamətində mühüm nailiyyətlər qazanmışdır. Ölkədə həyata keçirilən düzgün və fəal siyasət onun daxili ictimai-siyasi mühitini nəzərəçarpacaq dərəcədə modernləşdirmiş, dövlət və cəmiyyət həyatını demokratikləşdirmiş, sosial-mənəvi sahələri yeniləşdirmiş, vətəndaş cəmiyyəti təsisatlarını formalaşdırmış və müasir dövrün tələblərinə uyğunlaşdırmışdır. Avropa dəyərlərinə, dünyəvi və hüquqi dövlət quruculuğu yoluna üstünlük verməsi, vətəndaşlarının təhsil, mədəni və intellektual səviyyəsini yüksəltməsi və s. amillər ölkənin dünyəvi geosiyasi əhəmiyyətini və planetar imicini xeyli artırmış və geosiyasi xarakteristikasına müsbət təsir göstərmişdir. Hazırda Azərbaycan öz ictimai-siyasi və sosial-mənəvi vəziyyəti, yekdil milli-dini-vətəndaş birliyi, tolerant daxili vəziyyəti və s. ilə Cənubi Qafqazın ən sabit və lider ölkəsi hesab olunur.
Azərbaycan Cənubi Qafqazda həm də xristianlıqla islamın sərhədlərinin bitdiyi və sivilizasiyaların qovuşduğu, müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin bir arada inkişaf etdiyi, dini dözümlülüyün hökm sürdüyü coğrafi məkan olaraq, öz multikulturalist və tolerant cəmiyyəti, sabit ictimai mühiti ilə seçilir. Bu istiqamətdə ölkə rəhbərliyinin yürütdüyü ardıcıl siyasət ölkənin regionda geosiyasi nüfuzunu artırmaqla yanaşı, həm də Cənubi Qafqaz və Xəzər hövzəsində regional sabitlik və təhlükəsizliyin təmin olunmasına ciddi təsir göstərir. Bütün bunlar da Azərbaycanın xarici aləmlə geosiyasi tərəfdaşlığına müsbət təsir göstərən əsas amil hesab olunur.
Tədqiqatçılar Azərbaycanın üstün geosiyasi resursları sırasına, həmçinin azərbaycanlıların ölkədaxili və beynəlxalq aləmdə nümayiş etdirdiyi vətəndaş birliyini, hakimiyyətin siyasətinə xalqın etimadı və dəstəyini, milli maraqların və ölkədaxili sabitliyin qorunması üçün əhalinin, xüsusən ziyalıların nümayiş etdirdiyi güclü milli iradəni, vətəndaş əzmini və dövlətçilik təfəkkürünü və s. də aid edirlər. Müstəqilliyinin müəyyən mərhələlərində Azərbaycanın ictimai-siyasi və mənəvi resurslarının təsir gücünü azaltmaq, vətəndaş birliyini pozmaq, yürüdülən siyasətə etimadsızlıq yaratmaq istiqamətində həm xaricdən, həm də daxildən göstərilən bütün cəhdlərə baxmayaraq, bu gün Cənubi Qafqazın ən sabit ölkəsi Azərbaycandır. Tədqiqatçıların fikrinə görə, bölgədə ən sabit cəmiyyət, milli, etnik, dini icmalar arasında sülh və tolerantlıq mühiti də məhz Azərbaycanda hökm sürür. Bütün bunlar da öz növbəsində Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi liderliyindən xəbər verir və ölkənin daxili və xarici siyasətində mühüm amil kimi çıxış edir. Hər bir dövlətin siyasi, iqtisadi və s. fəaliyyətinin ölçü meyarı, göstəriciləri və müvəffəqiyyəti həm də onun beynəlxalq nüfuzundan, geosiyasi imicindən, qazanılmış reputasiyasından, onu təmsil edən rəhbərlərin (yaxud rəhbər işçilərin) təsdiq olunmuş nüfuzundan, daxildə və beynəlxalq aləmdə nümayiş etdirdiyi fəaliyyətdən, xalqının mədəni və intellektual səviyyəsindən və s. asılıdır. Bu baxımdan Azərbaycan özünün regional imicinə, daxili ideoloji-mədəni resurslarına görə dünyada seçilən yerlərdən birini tutur. Bu yer bir tərəfdən keçmiş Azərbaycan prezidenti, dünyada nüfuzlu ictimai-siyasi və dövlət xadimi imici qazanmış Heydər Əliyevin uzun müddət ölkəni beynəlxalq aləmdə təmsil etməsi, müsəlman ölkələri içərisində Azərbaycanın daha çox Avropa dəyərlərinə, dünyəvi və hüquqi dövlət quruculuğu yoluna üstünlük verməsi, xalqın təhsil, mədəni və intellektual səviyyəsinin yüksək olması, dünyanın elm, mədəniyyət və incəsənət xəzinəsinə verdiyi qabaqcıl töhfələrlə, digər tərəfdənsə hazırda prezident İlham Əliyevin yürütdüyü tam müstəqil və prinsipal xarici siyasət kursu ilə bağlıdır.
Dövlətlərin geosiyasi gücünün və beynəlxalq aləmə təsir imkanlarının əsas göstəriciləri həm də onun bütün dünyanın, ayrı-ayrı regionların ictimai-siyasi, iqtisadi, sosial, təhlükəsizlik mühitinə, beynəlxalq aləmin rəsmi və ictimai rəyinə təsir etmək imkanları, transmilli proseslərdə iştirakı və s. ilə ölçülür. Bu baxımdan Azərbaycanın dünya ölkələrinin alternativ enerji təminatı, transmilli enerji, nəqliyyat-kommunikasiya layihələrində iştirakı ilə yanaşı, həm də son illərdə digər planetar qlobal proseslərdə - beynəlxalq terrorizmə, narkoticarətə qarşı mübarizədə, dünya siyasətinin demokratik transformasiyasında, regional inteqrasiya və s. fəal iştirakı da onun bölgədəki geosiyasi gücünü və təsirini, beynəlxalq aləmdəki nüfuzunu, rolunu və dəyərini xeyli yüksəltmişdir. 2012-ci ildə 155 ölkənin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və bu qurumun çərçivəsində səmərəli fəaliyyəti onun qlobal müstəvidə məqsədyönlü, prinsipial və aktiv fəaliyyətin məntiqi nəticəsi kimi izah oluna bilər. Azərbaycan BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti ilə bir daha təsdiq etmişdir ki, bu ölkə qlobal təhlükəsizliyə, dünyada sabitliyin, sülhün və əmin-amanlığın bərqərar olmasına, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermək iqtidarındadır və bu işdə əlindən gələni edir. Bu müddət ərzində Azərbaycan BMT-nin üzv dövlətləri, qurumun rəhbər orqanları, digər beynəlxalq təsisatlarla sıx işbirliyi, sağlam əməkdaşlıq münasibətləri yaratmış və inkişaf etdirmişdir. BMT Təhlükəsizlik Şurası həm də Azərbaycan üçün öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq çərçivəsində həllini diqqətdə saxlamaq üçün bir vasitə olmuşdur.
Bundan başqa, Azərbaycan öz vətəndaş cəmiyyəti institutları, KİV-ləri və QHT-ləri vasitəsilə dünyanın qlobal ictimai və informasiya məkanında arzuolunan səviyyədə təmsil olunmasa da, ölkə daxilində qeyri-hökumət qurumlarına, mediaya yaratdığı sərbəst və azad mühitə, göstərdiyi maddi və mənəvi dəstəyə, dünyanın qlobal informasiya vasitələrinə, aparıcı xarici mətbuat orqanlarına və nümayəndəliklərinə yaratdığı əlverişli şəraitə və s. görə də dünyada vətəndaş cəmiyyəti və siyasi plüralizmin hökm sürdüyü bir dövlət imici qazana bilmişdir. Bu amil də ölkənin beynəlxalq imici və geosiyasi gücünə fəal təsir göstərir.
Azərbaycanın geosiyasi təsir və diplomatik resursları sırasına xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri, dünyada yaşayan azərbaycanlıları və s. aid etmək olar. Azərbaycan bu resurslar vasitəsilə dünyanın siyasi, mədəni, diplomatik və s. həyatında iştirak edir və müvafiq sahələrdə öz geosiyasi maraqlarını təmin etməyə çalışır. Xarici siyasət resurslarının gücünə, xarici ölkələrdəki səfirliklərinin və diplomatlarının sayına görə də Azərbaycan əksər postsovet və Cənubi Qafqaz ölkələrindən üstün mövqedədir. (Azərbaycanın xarici ölkələrdə 85 diplomatik təsisatı - 57 səfirliyi, 5 daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 fəxri konsulluğu və 7 təmsilçiliyi fəaliyyət göstərir ki, onlarda işləyən diplomat və xidmətçilərin sayı hazırda1000 nəfərə yaxındır).
Xaricdə yaşayan və ölkənin xarici
siyasət resursu kimi dəyərləndirilən soydaşlara gəldikdə, Cənubi Azərbaycanda, Gürcüstan, Rusiya (Dərbənd vilayəti) və başqa ölkələrdəki
tarixi vətənlərində yaşayan təxminən 30 -35 milyon azərbaycanlı ilə yanaşı, dünyada yaşayan digər soydaşlar də ana Vətənlə əlaqələrini kəsməmiş (bunların sayı təxminən 2 milyona yaxındır) və Azərbaycan üçün potensial investisiya mənbəyi hesab olunurlar. Məhz ikincilər (uzaq xaricdə yaşayanlar) Azərbaycandakı yaxınları ilə mütəmadi əlaqə yaradır, onların maddi problemlərinin həllində iştirak edir, yaşadıqları ölkələrdə qazandığı pulların bir qismini öz doğma şəhər və rayonlarında müxtəlif işlərə yönəldirlər. Odur ki, bu qəbildən olan azərbaycanlılar Azərbaycanın həm daxili, həm də qlobal inkişafında, onun sabit və təhlükəsiz yaşamasında, problemlərinin həllində daha çox maraqlıdırlar. Bu da Azərbaycan dövlətinə yürütdüyü xarici siyasətdə həmin insanlardan öz əhali resursu kimi istifadə etmək imkanı yaradır. Azərbaycanın planetar və regional geosiyasi təsirinə həlledici təsir göstərən əsas amillərdən biri də ölkənin mövcud hərbi-geostrateji potensialı, regional və beynəlxalq təhlükəsizlik blokları ilə münasibətləri və təhlükəsizlik siyasəti hesab olunur. Azərbaycan malik olduğu hərbi-geostrateji potensialına, bu sahədəki əsas göstəricilərinə və milli resurslarına görə də Cənubi Qafqazın lider dövləti hesab olunur. Baxmayaraq ki, ATƏT-in “Avropada adi Silahlı Qüvvələr haqqında” müqavilənin cinah sazişi ilə (bu müqavilə 15 may 1992-ci ildə Azərbaycanın o zamankı müdafiə naziri R. Qazıyev tərəfindən Rusiyanın təzyiqi nəticəsində imzalanmışdır) Cənubi Qafqazda Azərbaycanın, Gürcüstan və Ermənistanın hərbi texnika kvotası bərabərləşdirilmiş və Azərbaycanın milli hüquqları açıq şəkildə pozulmuşdur. Həm ərazisinin həcmi, həm də əhalisinin sayı nəzərə alınmadan, o zaman Azərbaycana Gürcüstan və Ermənistanla bərabər miqdarda ağır hərbi texnika kvotası verilmişdir. (Sazişə görə onların hər biri 220 tank, 220 zirehli döyüş maşını, 285 top və 100 hərbi təyyarə saxlaya bilərlər. Əgər, ərazisinin həcmi və əhalisinin sayına müvafiq bölgü aparılsa idi (qalan bütün ATƏT üzvü olan dövlətlərdə bölgü məhz bu prinsiplərlə aparılıb) o zaman Azərbaycanın hərbi texnika və silah kvotası tank üzrə müvafiq olaraq 565, ZDM üzrə 860, top üzrə 566 ədəd və s. silahlar üzrə də indikindən üç dəfə çox olmalı idi). Azərbaycanın əhalisinin sayına müvafiq olaraq, milli ordusunun say tərkibi, hərbi-texniki hazırlığı və silahlanma keyfiyyəti də həm Gürcüstandan, həm də Ermənistandan yüksəkdir. Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə xərclərinə görə də Cənubi Qafqazın lider ölkəsi Azərbaycan hesab olunur. (2010-cu ildən başlayaraq Azərbaycanın dövlət büdcəsində hərbi xərclər üçün 3 milyard manatdan artıq vəsait nəzərdə tutulur. Bu, orta hesabla Ermənistanın dövlət büdcəsindən 1.5 dəfə çoxdur).
Avroatlantik təhlükəsizlik strukturlarına inteqrasiya xətti götürməsi Azərbaycanı dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi bir aktora çevirmiş və transmilli hərbi-strateji maraqların mərkəzinə çıxarmışdır. 1994-cü ildə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmaqla Azərbaycan özünün regional və milli təhlükəsizlik maraqlarını təmin edəcəyinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olacağına çox ümid bəsləyirdi. Eyni zamanda, bu proqrama qoşulmaqda Azərbaycanın əsas məqsədi həm də öz müstəqilliyinə və sərhədlərinin təhlükəsizliyinə əlavə zəmanət almaq, Xəzər dənizinin ona məxsus sektorunda həyata keçirdiyi neft-qaz layihələrinin və dünya bazarlarına çəkilən transmilli kəmərlərin təhlükəsizliyini təmin etməkdən ibarət idi.
NATO-ya, yaxud KTMT-yə üzvlük məsələsinə gəlincə, Azərbaycan Cənubi Qafqazda və Avrasiya məkanında bir-biri ilə toqquşan geosiyasi maraqların (əsasən Rusiya və ABŞ başda olmaqla NATO və KTMT-nin) mövcud olduğunu nəzərə alaraq, həmişə tarazlı siyasət aparmağa üstünlük vermişdir. Mütəxəssislər hesab edir ki, bu sahədə Azərbaycanın həyata keçirdiyi siyasət Cənubi Qafqazın mövcud reallığına tam adekvat idi. Çünki “Rusiya Bakını hərbi cəhətdən birbaşa nəzarətdə saxlaya bilməsə də, Ermənistanla müvafiq əməkdaşlığı gücləndirmək və rəsmi olaraq Dağlıq Qarabağ münaqişəsindəki davranışını Ermənistanın xeyrinə dəyişməklə Azərbaycanın milli təhlükəsizliyinə və hərbi-strateji maraqlarına ciddi təhlükə yarada bilərdi” (19).
Beləliklə, göründüyü kimi Azərbaycan təkcə Avropa Birliyinin enerji təminatı və təhlükəsizliyi baxımından və “Qonşuluq siyasəti”nin əsas fiqurantlarından biri kimi deyil, həm də dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda, İraqda, Balkanlarda və s. həyata keçirdiyi sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması və s. fəaliyyəti ilə də Qərbin etibarlı tərəfdaşı hesab olunur (20).
Beləliklə, yuxarıda göstərilən amillər əsasında, hazırda Azərbaycanın əksər xarici və region ölkələri ilə yaxşı tərəfdaşlıq və əməkdaşlıq münasibətləri vardır. Azərbaycan ABŞ və Avropa Birliyi ilə yanaşı, Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya, Yaxın Şərq, 2012-ci ildə Qoşulmama Hərəkatına üzv olduqdan sonra isə bir sıra Cənubi Amerika və Afrika ölkələri ilə yaxşı münasibətlər qurmuş və onlarla tərəfdaşlıq əlaqələrini inkişaf etdirir. Azərbaycan Qara-Xəzər dənizi hövzələri və Cənubi Qafqaz ölkələri içərisində geosiyasi və geoiqtisadi riskləri ən minimum olan və “etibarlı tərəfdaş” imici qazanmış ölkələr sırasında lider mövqelərdən birini tutur. Ətraf ölkələrdən onun yalnız işğalçı Ermənistanla Dağlıq Qarabağla bağlı münaqişəsi və problemləri mövcuddur. Xəzər hövzəsi ölkələri içərisində Türkmənistan və İranla Xəzər dənizindəki sektor bölgüsü və bəzi yataqların mənsubiyyəti ilə bağlı müəyyən problemlər yaşansa da. hazırda bu ölkələr arasında bütün digər sahələr üzrə dostluq və tərəfdaşlıq münasibətləri hökm sürür.
Azərbaycanın əlverişli coğrafi durumu, müstəqil siyasəti, iqtisadi potensialı, maddi və mənəvi resursları və digər amillər onu regional mərkəz statusuna yüksəltmiş və beləliklə, geosiyasi dəyərini daha da artırmışdır. Azərbaycan bölgədə iqtisadi, sosial, humanitar və digər sahələrdə reallaşdırılan bütün layihələrin əsas təşəbbüskarı və mərkəzi fiqurudur. Ekspertlər müstəqillik dövründə həyata keçirilmiş transmilli neft və qaz, nəqliyyat-kommunikasiya layihələrini, son 10 ildə ölkə iqtisadiyyatının dinamik inkişafını əsas gətirərək 2013-cü ilin aprelində Dünya İqtisadi Forumunun məhz Bakıda keçirilməsini dünya birliyinin Azərbaycanın iqtisadi gücünə verdiyi qiymət kimi səciyyələndirirlər. Bununla yanaşı, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Beynəlxalq Humanitar Forumunun təşəbbüskarı və təşkilatçısı kimi çıxış edərək həm də dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun güclənməsinə öz dəyərli töhfələrinin verir. Təsadüfi deyil ki, bu gün ekspertlər Bakını “Humanitar Davos” adlandırırlar. Azərbaycan məscidin, kilsənin və sinaqoqun heç bir qısqanclıq, narahatlıq olmadan yan-yana fəaliyyət göstərdiyi, çoxsaylı milli və etnik azlıqların sülh və əmin-amanlıq şəraitində yaşadığı ən nadir tolerantlıq məkanı – multikulturalizm mərkəzi kimi bütün dünyada tanınır və qəbul edilir. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini, çoxsaylı beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil edən Azərbaycan artıq 2015-ci ildə l Avropa Oyunlarını keçirməyə hazırlaşır.
Azərbaycanın xarici aləmlə tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərən və geosiyasi dəyərini aşağı salan bəzi amillər də mövcuddur. Tədqiqatçılar bu sıraya ilk növbədə Ermənistanla münaqişənin və Dağlıq Qarabağ probleminin 20 ildən bəri həll olunmamasını aid edirlər. Ümumiyyətlə, müstəqilliyə qovuşduğu andan Azərbaycanın milli inkişafı yolunda rastlaşdığı ən mühüm problem də məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmuşdur. Müstəqilliyin ilk illərində bu problem ölkənin bölgədə və dünyada kəsb etdiyi geosiyasi əhəmiyyəti ciddi surətdə azaldaraq, beynəlxalq investisiya qurumlarının ölkəyə davamlı kapital qoyuluşu siyasətinə uzun müddət ciddi mənfi təsir göstərmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də bütövlükdə regionun iqtisadi, siyasi tərəfdaşlıq mühitinə, sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən başlıca amildir. Bu münaqişə həmçinin regionda transmilli enerji, nəqliyyat və dəhliz infrastrukturlarının təhlükəsizliyinə təhdid yaradır. Mütəxəssislər hesab edirlər ki, münaqişənin həllində heç bir irəliləyişin olmaması bir tərəfdən Azərbaycan ictimaiyyətini anti-qərb əhval ruhiyyəsində kökləyir, digər tərəfdən isə Avrasiyanın təhlükəsizlik sisteminə, tərəfdaşlıq mühitinə mənfi təsir edir (21).
Azərbaycanın geosiyasi xarakteristikasına mənfi təsir göstərən amillər sırasına, mütəxəssislər həm də ölkə daxilində iqtisadi inkişaf sahəsində sona çatdırılmamış bəzi milli layihələri - iqtisadi liberallaşma və özəl sektorun inkişafı prinsiplərinin dünya standartlarından qismən geri qalmasını, sərbəst iqtisadi, biznes və rəqabət mühitinin hələ də tam bərqərar olmamasını, ölkədaxili bəzi hüquqi, siyasi, iqtisadi və digər problemləri və s. aid edirlər. Bununla yanaşı hesab olunur ki, son illər vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı quruculuğu sahəsində islahatların dərinləşdirilməsi, korrupsiyaya, inhisarçılığa, hüquq pozuntularına qarşı mübarizənin gücləndirilməsi, bu məqsədlə hüquqi, institutsional, inzibati və digər tədbirlərin intensivləşdirilməsi mövcud problemlərin əsasən aradan qaldırılmasına artıq öz müsbət təsirini göstərir.
Azərbaycan iqtisadiyyatı müasir dünya miqyasında hələ ki, özünün enerji və xammal resursları, müəyyən qədər kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmsil olunur. Xarici kapital qoyuluşunun həcminə görə Azərbaycan ən qabaqcıl ölkələr sırasında olsa da, investisiyaların böyük bir qismi neft-qaz, enerji, nəqliyyat- kommunikasiya layihələrinə yönəldilmişdir. Əksər neft ölkələrində olduğu kimi, Azərbaycanın da mühüm iqtisadi göstəricilərinin və ümumiyyətlə iqtisadiyyatının əsasını neft-qaz sənayesi, enerji resurslarının istehsalı və satışı təşkil edir. Hazırda, ölkə büdcəsinin böyük qismini enerji resurslarının istehsalı və satışından gələn gəlirlər, yaxud bu sahədən daxil olan vergilər təşkil edir. Bununla yanaşı, qeyd olunmalıdır ki, son illər sənayeləşmə prosesinin sürətlənməsi, həm daxili bazarın ehtiyaclarının ödənilməsinə, həm də ixraca hesablanmış orta və böyük istehsal müəssisələrinin yaradılması, emal sektorunun güclənməsi, kənd təsərrüfatının inkişafı sahəsində atılmış mühüm addımlar, yeni torpaq sahələrinin dövriyyəyə buraxılması və iri fermer təsərrüfatlarının yaradılması, turizm, xidmət infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun yenidən qurulması, tikinti biznesinin inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi və gəlirlərinin artması qeyri-neft sektorunun əsaslı şəkildə inkişafına və ÜDM-in formalaşmasında onun payının kəskin şəkildə artmasına şərait yaratmışdır. 2013-cü ilin statistikasına əsasən, 57.7 milyard manatlıq ÜDM-in 24 milyard 35 milyon manatı neft sektorunda, 29 milyard 983 milyon manatı isə qeyri-neft sektorunda yaranmışdır. 3 milyard 690 milyon manat isə məhsula və xalis idxala tətbiq olunan vergilərdən əldə olunmuşdur. İl ərzində neft sektorunun inkişafı 101%, qeyri neft sektorunun artımı isə 110% təşkil etmişdir (22).
Xəzər dənizinin hüquqi statusunun həll edilməməsi, Trans Xəzər layihəsinə region dövlətlərinin fərqli yanaşması və digər problemlər həm Azərbaycanın, həm də digər bölgə ölkələrinin xarici aləmlə tərəfdaşlığına mənfi təsir göstərir.
Bir faktı da qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsindəki regional qarşıdurmalara və bəzi ölkədaxili problemlərə görə bir çox maraqlı dairələr dünya investorlarına nə qədər Azərbaycanı əlverişsiz bir ölkə kimi təqdim etməyə çalışsalar da, malik olduğu zəngin enerji resursları, Xəzər hövzəsində yürütdüyü effektli neft-qaz siyasəti və reallaşdırdığı çoxsaylı transmilli layihələr onu bütün dünya üçün bir o qədər, cəlbedici və arzuolunan tərəfdaşa çevirmişdir.
Beləliklə, ölkənin müasir geosiyasi xarakteristikası onu deməyə əsas verir ki, müstəqillik əldə edildikdən sonra tarix baxımından ötən qısa dövr ərzində Azərbaycan keçid dövrünü başa vurmuş, güclü regional geosiyasi amilə çevrilmiş, qlobal siyasətdə də öz sözü, rəyi və prinsipial mövqeyi ilə seçilən müstəqil dövlət kimi çıxış etməyə başlamışdır.
Qeydlər:
1. “İki sahil” qəzeti, 20 sentyabr 2013-cü il, xüsusi buraxılış
2. http://www.socar.az
3. Trend xəbər bülleteni – 14 may 2014, 14 iyul 2014.
4. İki sahil qəzeti – 26 fevral 2010. N46
5. “Azərbaycan” qəzeti, - 25 yanvar, 2004; 08 dekabr 2004; 17 yanvar 2009.
6. http://www.economy.gov.az/
7. AzerTAc. Bülleten – 28,31 yanvar 2006.
8. “Azərbaycan” qəzeti – 17 yanvar 2009, 15 yanvar 2010, 16 mart 2011-ci il.
9. http://www.economy.gov.az/
10. AzərTAc. Bülleten - 29 dekabr 2013
11. http://www. kaspiy.az - 10 yanvar 2014
12. http:// www. newsgeorgia.ru - 24 mart 2014
13. http:// www. newsarmenia.ru - 31 may 2014
14. AzərTAc, Bülleten – 17 yanvar 2014
15. http://www.economy.gov.az, Trend, 22 noyabr 2011
16. Vikipediya.org – Nabucco
17. AzərTAc. Bülleten - 29 dekabr 2013
18. http://www.refugees-idps-committee.gov.az
19. Rayner Fraytaq-Virminqhaus. Azərbaycanın xarici və təhlükəsizlik siyasəti // “Azerbaijan Focus” jurnalı, №1, 2009, s. 107.
20. Aleksandros Petersen. Azərbaycanın Avroatlantik baxışları //Azərbaycan focus, №2, yanvar-mart 2010.s.197
21. Michael Cohen. The effect of oil revenues on transition economics: the case of Azerbaijan // “Geopolitics of energy” Journal, №6, June 2006
22. http://www.stat.gov.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM