QABİL ƏLİYEV,
Tarix üzrə elmlər doktoru, professor
Azərbaycan Xalq Cümhuriyyəti Şimali Qafqazda Dağlı Respublikası yaradıldıqdan sonra dağlı xalqlarına davamlı şəkildə maliyyə, iqtisadi, diplomatik və hərbi yardımları göstərməyə başladı. 1918-1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti özünün çətin vəziyyətdə olmasına baxmayaraq, Dağlı Respublikasına 50 milyon manat həcmində maliyyə yardımı göstərdi ki, bu da 1919-cu il üçün AXC-nin dövlət büdcəsinin 1/8 hissəsini təşkil edirdi.
Azərbaycan xalqının Şimali Qafqazın yerli dağlı əhalisi ilə çoxəsrlik siyasi, iqtisadi və mənəvi əlaqələri 1917-1920-ci illərdə milli müstəqillik uğrunda müba-rizə dövründə daha da gücləndi və çoxşaxəli oldu. Azərbaycanın qabaqcıl ziyalıları, ictimai-siyasi xadimləri bəhs olunan dövrdə Şimali Qafqaz xalqlarının milli-azadlıq hərəkatını rəğbətlə izləyir və bütün mümkün vasitələrlə onlara yardım edirlər.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası (Dağlı Respublikası) yaradıldıqdan sonra Azərbaycanın dağlı xalqlarına maliyyə, iqtisadi, diplomatik və hərbi yardımları davamlı və sistemli xarakter aldı. AXC ilə Dağlı Respublikası arasında çeşidli münasibətlərə AXC-nin xarici siyasətinə, Şimali Qafqazda dağlıların azadlıq mübarizəsinə həsr olunmuş monoqrafiyalarda [1, 2, 3], akademik nəşrlərdə [4, 5] bu və ya digər dərəcədə toxunulsa da, qarşılıqlı münasibətlərin bütünlüklə və tam şəkildə araşdırıldığını söyləmək mümkün deyildir. Oxucuların diqqətinə təqdim edilən məqalədə Azərbaycanla Dağlı Respublikası arasında qarşılıqlı əlaqələrin əsas və önəmli cəhətlərini açıqlamaq qarşıya məqsəd qoyulmuşdur.
1917-ci il Oktyabr çevrilişindən sonra Şimali Qafqazda hakimiyyət uğrunda bolşevikləri dəstəkləyən sovetlər, Terek kazaklarının rəhbərliyi və dağlı xalqları-nın milli şuraları mübarizəyə başladılar. Oktyabrın sonunda Petroqrad çevrilişi Dağıstanda da pisləndi və Terek dağlıları ilə birlikdə Terek-Dağıstan hökuməti yaradılması fikri irəli sürüldü. Bu qurumların nümayəndələri noyabrın 8-də Vladiqafqazda birgə iclas keçirdilər. İclasda Şimali Qafqaz Dağlıları Mərkəzi Komitəsinin sədri Ə.Çermoyev, Terek vilayəti İcraiyyə Komitəsinin sədri P.Kotsev, Terek kazaklarının atamanı M.Karaulov və vilayət soveti rəhbərliyi bölgədə idarəçiliyi təmin etmək üçün ayrı-ayrı sahələr üzrə komissarlıqlar yaratdılar [6, 16.XI.1917; 3, 125]. Dekabrın 2-də Şimali Qafqaz Dağlı İttifaqının yaradılması haqqında bəyannamə qəbul edildi. Rəşid xan Qaplanovun başçılığı ilə müvəqqəti hökumət təşkil olundu. M.Karaulov hökumət başçısının müavini, ədliyyə və maliyyə komissarı, general X.Talışxanov hərbi komissar, “Vəhşi diviziya””nın komandanı, general Polevtsev Terek-Dağıstan hərbi hissələrinin komandanı təyin olundular və s. Lakin bolşevik təbliğatı və Qafqaz cəbhəsindən qayıdan rus əsgərlərinin yerli əhaliyə qarşı zorakılıqları milli toqquşmalara səbəb oldu. Dekabrın 13-də bolşevik təsiri altında olan rus əsgərləri M.Karaulovu qətlə yetirdilər. Bu hadisə rus-kazak hərbçilərinin bölgədə dağlılara qarşı qətl və qarətlərinin geniş miqyas almasına gətirib çıxardı. Qroznıda, Vladiqafqazda rus əsgəri qüvvəsinə arxalanan Sovetlər 1918-ci ilin əvvəlində hakimiyyəti ələ keçirdilər. Martın 17-də isə Pyatiqorskda Terek Xalq Komissarları Soveti təşkil edildi [7, 136]. Şimali Qafqazda bolşevik hakimiyyəti qurulmasına başlandı.
Dağıstanda isə Nəcməddin bəy Qotsinskinin və Uzun Hacının başçılıq etdiyi islamçı qüvvələr fəallaşdılar. Petrovsk (Mahaçqala – Q.Ə.) bolşeviklərdən təmizləndi. Hərbi İnqilab Komitəsinin sədri U.Buynakski Həştərxana qaçdı və rus bolşeviklərindən Dağıstana hərbi qüvvə yeritməyi xahiş etdi. N.Qotsinski Dağıstan və bütün Şimali Qafqaz müsəlmanlarının imamı kimi öz hakimiyyətini elan etdi, aprelin əvvəlində isə Bakıda müsəlman əhaliyə qarşı erməni-bolşevik soyqırımının qarşısını almaq üçün hərbi yürüşə başladı. Dağıstan süvari alaylarının da iştirak etdiyi bu yürüş zamanı erməni-bolşevik qüvvələri Xaçmaz yaxınlığında məğlub edildi. Aprelin 10-da N.Qotsinskinin başçılıq etdiyi Dağıstan könüllüləri Bakı Sovetinin yaratdığı Biləcəri – Xırdalan müdafiə xəttinə çatdı [4, 78]. Lakin bu zaman Həştərxandan dəniz yolu ilə bolşeviklərin Petrovska hərbi qüvvə yeritməsi xəbərini eşidib tələsik Dağıstana dönməyə məcbur oldu.
Terek-Dağıstan hökuməti bu dövrdə iflic vəziyyətə düşdü və fəaliyyətini dayandırdı. Dağlı milli qüvvələrinin liderləri Cənubi Qafqaz Seymi ilə birlikdə çıxış etmək, bütün Qafqazın təmsil olunduğu hakimiyyət strukturlarının yaradılmasına nail olmaq məqsədilə Tiflisə toplaşdılar.
Seymin Müsəlman fraksiyasına daxil olan deputatlar 1918-ci ilin mart ayında dağlı nümayəndəliyinin Cənubi Qafqaz Seyminə qatılmaq və bolşevik təhlükəsinə qarşı birlikdə mübarizə aparmaq haqqında müraciətini dəstəklədilər. Lakin Seymin erməni və gürcü nümayəndələri həmin təklifin əleyhinə çıxdıqları üçün bu iş nəticəsiz qaldı. Belə olduqda, Müsəlman fraksiyası üzvləri Şimali Qafqazdan gəlmiş nümayəndələrlə ikitərəfli münasibətlər yaratmaq üçün Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Aslan bəy Səfikürdski, Məhəmməd Qazi Dibirov, Heydər Bammatov, Əbdülməcid Çermoyevin daxil olduqları xüsusi komissiya yaratdılar. Məhz Seymdəki azərbaycanlı ictimai xadimlərin səyi nəticəsində dağlı nümayəndələrinin Trabzon sülh danışıqlarında iştirakı mümkün oldu. Müsəlman fraksiyasının təkidi ilə Trabzona sülh konfransına göndərilən nümayəndə heyətinin tərkibinə dağlı nümayəndəsi İbrahim bəy Heydərov [8, 107] da daxil edildi. Trabzonda Azərbaycan və dağlı nümayəndələri Şimali Qafqazla Cənubi Qafqazın vahid müstəqil dövlətdə birləşməsini təklif etdilər. Lakin gürcü və erməni nümayəndələri, eləcə də alman komandanlığının təmsilçisi, Qafqazda müstəqil dövlət yaradılması zamanı bölgədə müsəlman-türk təsirinin artmasından, Osmanlı dövlətinin mövqeyinin güclənməsindən ehtiyatlanaraq, buna razılıq vermədilər.
Cənubi Qafqaz Seyminin 1918-ci il aprelin 13-də keçirilən iclasında Qafqaz cəbhəsində yaranmış vəziyyət müzakirə olundu, gürcü və erməni nümayəndələrindən ibarət Ali Müdafiə Şurası yaradıldı, Osmanlı dövlətinə qarşı müharibə elan edildi, Seymin fəaliyyəti isə 2 həftəliyə dayandırıldı. Seymin Müsəlman fraksiyası həmin gün axşam toplaşaraq Seymin bu qərarlarını müsəlman əhalisinin hüquqlarının tapdalanması kimi qiymətləndirdilər. Fraksiyanın üzvü H.Məmmədbəyov isə çıxışında daha irəli gedərək Seymi tərk etməyi, Şimali Qafqaz nümayəndələri ilə bir araya gəlib müsəlman əhalisinin gələcək taleyi barədə fikirləşməyi təklif etdi. Lakin fraksiya üzvlərinin əksəriyyəti Trabzon sülh konfransındakı nümayəndələrimizin məlumatını dinləməyi və kəskin addımlardan çəkinməyi məqsədəuyğun saydı.
Trabzonda uğur qazana bilməyən dağlı nümayəndələri isə İstanbula gedərək, Osmanlı hökuməti ilə birbaşa təmasa girdilər. Batum sülh konfransı ərəfəsində hərbi nazir Ənvər paşa ilə görüşüb, ondan yardım istədilər [9, 65]. 1918-ci il mayın 11-də isə dağlı nümayəndə heyəti Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının (Dağlı Respublikası) yaradılması haqqında İstiqlal bəyannaməsi qəbul etdi. Osmanlı dövlətinə və onun müttəfiqlərinə bu haqda rəsmi nota verdilər. Əbdülməcid Çermoyevin və Heydər Bammatovun imzaladığı bu sənədlər Osmanlı dövləti rəhbərliyi tərəfindən məmnunluqla qarşılandı. Alman nümayəndə heyəti isə bu qurumun bütün Şimali Qafqazı əhatə etməsinə qarşı çıxdı, Kuban vilayətində kazaklarla münasibətləri daha önəmli saydığını nümayiş etdirdi. Mayın 24-də Ə.Çermoyevin başçılıq etdiyi Dağlı Respublikası hökuməti Gəncəyə köçdü. Dağlı Respublikası nümayəndə heyəti 1918-ci il iyunun 8-də Batumda Osmanlı dövləti ilə dostluq və əməkdaşlıq müqaviləsi imzaladı. Bu müqaviləyə əsasən, Osmanlı dövləti Dağlı Respublikasına hərbi yardım etməyi və xarici təhlükələrdən müdafiə etməyi öhdəsinə götürdü [9, 66].
Daha sonra Dağlı hökumətinin üzvləri P.Kotsev və V.G.Cabagiyev Osmanlı dövlətinin hərbi yardımı məsələsinin detallarını aydınlaşdırmaq üçün Tiflisdə Yusif İzzət paşa ilə danışıqlar apardılar. Dağlı hökumətinin ilk Xarici işlər naziri Heydər Bammatov isə diplomatik missiya ilə Avropaya yola düşdü. 1918-ci ilin iyununda Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Dağlı hökumətinin başçısı Ə.Çermoyevin müraciətinə əsasən Dağıstana Şəki-Axtı yolu ilə hərbi dəstə göndərdi. İsmayıl Haqqı bəyin başçılıq etdiyi 74 zabit və 577 əsgərdən ibarət olan bu Osmanlı hərbi qüvvəsi Dağıstanın dağlıq bölgəsində bolşeviklərə qarşı mübarizə aparan Nuh bəy Tarkovskinin və polkovnik Cəfərovun rəhbərliyində olan könüllü dəstələrə yardım göstərdi. İyunun 21-də Qünib aulunda qərargah yaratmış əslən çərkəz olan İsmayıl Haqqı bəy bütün Şimali Qafqaz müsəlmanlarına müraciət edərək, onları birləşməyə və bolşeviklərə qarşı qəti mübarizəyə çağırdı. AXC hökuməti də yarandığı ilk günlərdən Dağlı Respublikası ilə əlaqələrin genişləndirilməsinə çalışırdı. Xarici işlər naziri M.H.Hacınskinin 1918-ci il iyunun 26-da Dağlı hökumətinin sədri Ə.Çermoyevə ünvanladığı məktubda AXC-nin Dağlı Respublikası ilə xoş münasibətlər qurmaq istəyi bildirilmişdi [2, 170]. Azərbaycan tərəfi Dağlı hökumətinə və dağlı əhalisinə siyasi, iqtisadi və hərbi yardım göstərmək istiqamətində ardıcıl səy göstərirdi. 1918-ci ilin iyun ayında Azərbaycan hökuməti İnquş Milli Şurasının xahişi ilə, inquş mücahidlərinə hərbi sursatla yardım etmişdi [3, 194].
1918-ci ilin yayında Bakı yaxınlığında Osmanlı-Azərbaycan hərbi qüvvələrinin zərbələrindən Şimala qaçan L.Biçeraxovun rus kazak dəstəsi Dərbəndi və Petrovsk-Portu ələ keçirərək, Rusiya hakimiyyətini bərpa etdi. Belə vəziyyətdə N.Tarkovski dağlı könüllü alayları ilə Xunzaxa, oradan da Temir-xan-Şuraya yürüş edərək, bütün bölgənin kazaklar tərəfindən işğalının qarşısını aldı. Sentyabrın sonunda Osmanlı və Azərbaycan hərbi qüvvələri Dağlı Respublikasına yardıma gəldilər. Yusif İzzət paşanın komandanlıq etdiyi ordu hissələri oktyabrın 6-da Dərbəndi, 23-də Temir-xan-Şuranı, noyabrın 7-də Petrovsk-Portu Biçeraxovun rus-kazak-erməni qüvvələrindən azad etdi [9, 165,177-178].
Oktyabrın 13-də Ə.Çermoyevin başçılığı ilə Dağlı Respublikası hökuməti Dərbəndə, oktyabrın 24-də isə Temir-xan-Şuraya köçdü. Azərbaycan hökuməti onun normal fəaliyyətə başlaması üçün oktyabrın 8-də 1 milyon manat faizsiz kredit ayırdı [10, 241]. 1 ay sonra Dağlı hökumətinin maliyyə naziri Vassan Gəray Cabagiyev Bakıya gələrək, Azərbaycan hökumətindən yeni – bu dəfə 500 min manat həcmində maliyyə yardımı aldı. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyəti Dağlı Respublikasına həmçinin təmənnasız olaraq yanacaq, silah-sursat və s. göndərirdi. Nəhayət, 1918-ci il noyabrın 28-də Azərbaycan xalq Cümhuriyyəti ilə Dağlı Respublikası arasında müqavilə bağlandı. Müqaviləni Azərbaycan tərəfindən ticarət və sənaye naziri Behbud xan Cavanşir və maliyyə naziri Məmməd Həsən Hacınski, Dağlı hökumətinin səlahiyyətli nümayəndələri – sənaye və ticarət naziri Bahadur bəy Malaçixan və yollar, poçt və teleqraf naziri İbrahim bəy Heydərov imzaladılar. Müqaviləyə əsasən, Azərbaycan tərəfi Dağlı hökumətinə 10 milyon manat məbləğində faizsiz kredit verdi. Dağlı hökuməti bu borcu 2 il müddətində buğda ilə qaytarmalı idi [11, 107-108]. Daha sonra əlavə maliyyə yardımı, yanacaq və silah-sursat yardımları göstərildi. Noyabrın ortalarında Dağlı Respublikası hökuməti Antanta nümayəndələrinin tələbi ilə Biçeraxovla barışıq imzaladı. Osmanlı-Azərbaycan hərbi qüvvələri bölgədən çıxarıldı.
1918 il noyabrın 12-də Temir-xan-Şurada Dağıstan, Çeçen və İnquş nümayəndələrinin böyük toplantısı çağrıldı. Toplantı iştirakçıları Dağlı Respublikası hökumətinə tam etimad nümayiş etdirdilər. Noyabrın 24-də Dağlı Respublikası hökumətinin rəsmi orqanı “Şimali Qafqaz” qəzeti çap edilməyə başlandı. Qəzetin ilk nömrəsində hökumətin “Dağlılara, kəndlilərə, kazaklara, fəhlələrə, ziyalılara!” müraciəti dərc edildi. Burada hökumətin Dağıstan və Çeçenistanda vəziyyətə nəzarət etdiyi, bolşevik qüvvələrinə qarşı qəti mübarizə aparıldığı bildirilir, Şimali Qafqazın bütün xalqlarının, həmçinin rus və kazak əhalisinin hüquqlarının qorunmasına təminat verilirdi.
Dağlı Respublikası hökuməti Qafqazdakı ingilis qüvvələrinin komandanı U.Tomsonun təklifi ilə dağlı-kazak münasibətlərini normallaşdırmaq üçün əməli addımlar atdı. Dekabrın 10-da Bakıda Dağlı hökuməti nümayəndəsi Şimali Qafqazın rus, kazak əhalisinin təmsilçiləri ilə müqavilə imzaladı. Bu sənəddə rus əhalisinə ali dövlət idarəçiliyində iştirak hüququ verildi, kazak hərbi dəstələrinin 40 minlik dağlı ordusunun tərkibinə daxil edilməsi qərara alındı. Bu razılaşmaya əsasən, dekabrın 15-də Ə.Çermoyevin başçılıq etdiyi hökumət istefa verdi. Dekabrın 19-da P.Kotsevin başçılığı ilə yeni koalision hökumət təşkil edildi. İki nazir postu kazaklara ayrıldı [12, 28.XII.1918]. Lakin ingilislərin himayəsində olan L.Biçeraxovun pozuculuq fəaliyyəti üzündən kazaklar Dağlı hökuməti ilə əməkdaşlıqdan imtina etdilər. Dekabrın 31-də isə Tomson bildirdi ki, Dağlı Respublikasının səlahiyyəti Rostov-Petrovsk dəmir yolu xəttinə kimidir, ondan cənubdakı Dağıstan ərazisi L.Biçeraxovun fəaliyyət dairəsi olacaq, Petrovsk-Bakı dəmir yolu, Petrovsk və Dərbənd limanları müttəfiqlərin nəzarəti altında qalacaqdır. İngilis komandanlığı bu addımı ilə Şimali Qafqaz xalqlarının birliyinə və bolşevik təcavüzünə qarşı mübarizəsi işinə ciddi zərbə vurdu. Şimali Qafqazda “vahid və bölünməz Rusiya” uğrunda çıxış edən general Denikinin Dağlı Respublikasına qarşı təcavüzünə şərait yarandı.
Şimali Qafqaz dağlı xalqları nümayəndələrinin 1919-cu il yanvarın 15-də Temir-xan-Şurada keçirilən yığıncağında parlament yaradılması qərara alındı. Yanvarın 20-də Dağlı məclisi adlı nümayəndəli orqan yaradıldı. Dağlı xalqların milli azadlıq mübarizəsinin fəal iştirakçısı, qumuq ictimai xadimi Zübeyir Temirxanov Dağlı məclisinin – parlamentin sədri seçildi. Bu xəbər Azərbaycanda böyük sevinclə qarşılandı. Azərbaycan Parlamenti bu münasibətlə 1919-cu il yanvarın 25-də Dağlı Respublikasına təbrik teleqramı göndərdi [13, 197]. Teleqramda hər iki qardaş və qonşu cümhuriyyətlərin əl-ələ verib öz müstəqilliklərini hər bir təhlükədən müdafiəyə qadir olmalarına dərin inam hissi əks olunmuşdu.
1919-cu ilin əvvəlində Denikin ordusu Terek vilayətinə soxuldu, inquşların müqavimətini çətinliklə də olsa qırıb, Vladiqafqazı ələ keçirdi. Dağlı hökumətinin ingilis komandanlığı və Denikinlə danışıqları nəticəsiz qaldı. Denikin Dağlı Respublikasını tanımaqdan boyun qaçırdı və “Könüllü ordu”nun generalı Lyaxovu Terek-Dağıstan diyarının hakimi təyin etdi. Martın 5-də Denikin ordusu Çeçenistana soxuldu. Azərbaycan hökuməti Dağlı Respublikasına qarşı hərbi təcavüzün dayandırılması üçün bütün imkanlara əl atdı: Dağlı hökumətinə yeni maliyyə yardımı göstərdi, könüllü hərbi dəstələr və sanitar briqadaları təşkil edilməyə başladı, Bakıdakı ingilis missiyasından təsirli tədbirlər görməsi istənildi və s.
Azərbaycan Xalq Cümhuriyyəti ilə Dağlı Respublikası arasında 1919-cu il yanvarın 9-da yeni müqavilə imzalandı. Azərbaycan tərəfindən Fətəli xan Xoyskinin üçüncü hökumət kabinəsində ərzaq naziri olmuş K.N.Lizqarın və Dağlı Respublikasının Azərbaycandakı nümayəndəsi Əlixan Qantəmirin imzaladıqları bu müqaviləyə görə Dağlı Respublikası hökuməti Azərbaycana 50 vaqon buğda göndərməli, Azərbaycan tərəfi isə pudu 60 manatdan haqqını dərhal ödəməli idi. Bütün taxılın müqavilənin imzalanmasından sonrakı 4 ay ərzində göndərilməsi razılaşdırıldı [11, 138]. 1919-cu il fevralın 23-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə Dağlı Respublikası arasında üçüncü müqavilə bağlandı. Bu müqaviləyə əsasən, Azərbaycan tərəfi Dağlı hökumətinə daha 10 milyon manat faizsiz kredit verməyi öhdəsinə götürdü. Bu vəsaitin 5 milyon manatı dərhal ödənildi [10, 290].
Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ilin əvvəlində Şimali Qafqazın Denikin tərəfindən işğalına qarşı Dağlı hökumətinə həm də diplomatik və hərbi yardım göstərdi. Fevralın 25-də öz səlahiyyətli elçisi Əbdürrəhim bəy Haqverdiyevi Temir-xan-Şuraya göndərməyi qərara aldı. Martın 1-də Azərbaycan hökuməti Denikinə qəti etirazını bildirdi. Şimali Qafqazın işğalını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün addımlar atdı. Martın 6-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Bakıdakı Müttəfiq qoşunlarının komandanı general U.Tomsona nota təqdim etdi. Notada Anlanta dövlətlərindən “…qan tökülməsinin və bütün Qafqazı bürüyə biləcək böyük yanğının qarşısını almaq məqsədilə general Denikinin Könüllü ordusunun Şimali Qafqaz Dağlılar Xalqları İttifaqı Respublikasına qarşı təcavüzkar hərəkətlərinə dərhal son qoyması üçün ən qəti tədbirlər görülməsi” istənildi [11, 177-178].
Azərbaycan hökumətinin diplomatik fəaliyyəti nəticəsində Gürcüstan hökuməti də martın 7-də Denikinin Dağlı Respublikası ərazisinə hücumuna etirazını bildirdi və Dağlı hökumətinə yardım göstərəcəyini elan etdi. Dağlı Respublikası üçün çox ağır bir vaxtda – martın 28-də Azərbaycanın diplomatik nümayəndəliyi Temir-xan-Şurada fəaliyyətə başladı [11, 196] və elə həmin gün Azərbaycan xarici işlər nazirliyinə Denikin ordusunun və rus kazaklarının Terek vilayətinə, həmçinin Çeçenistana hücum etmələri haqqında məlumat göndərdi. Ə.Haqverdiyev 1919-cu il martın 30-da öz etimadnaməsini Dağlı Respublikası hökumətinin sədrinə təqdim etdi, 31-də isə bütün nazirlərlə görüşdü və Dağlı parlamentinin iclasında iştirak etdi.
Dağlı Respublikası üçün son dərəcə ağır olan həmin günlərdə Azərbaycan diplomatik nümayəndəliyinin Temir-Xan-Şurada fəaliyyətə başlaması Dağlı Respublikası və bütün Şimali Qafqaz xalqlarına böyük mənəvi və siyasi yardım idi. Ona görə də, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin bu addımı Şimali Qafqazda sevinclə qarşılanmış, ruh yüksəkliyi doğurmuşdu. Diplomatik nümayəndəlik Dağlı Respublikasındakı Azərbaycan vətəndaşları ilə əlaqə yaratmış, onların hüquqlarının qorunması, ehtiyacı olanlara yardım göstərilməsi işini təşkil etmişdi.
Ə.Haqverdiyev aprel-may aylarında Azərbaycan xarici işlər nazirliyinə göndərdiyi məlumatlarda Denikin ordusunun Dağlı Respublikasına qarşı hərbi əməliyyatları, Dağlı parlamentində və ictimai dairələrdə Dağıstanın Azərbaycanla birləşməsi məsələsinin qaldırılması və bununla bağlı müzakirələrin gedişi haqqında dəqiq və təfsilatlı informasiya vermişdi.
Aprelin əvvəlində Denikin ordusunun Çeçenistanın çox hissəsini işğal etməsi Dağlı Respublikasında hökumət böhranı yaratdı. P.Kotsevin və Hərbi nazir N.Tarkovskinin passivliyini tənqid edən hökumət üzvləri R.Qaplanov, V.G.Cabagiyev və N.Şahsuvarov istefa verərək, yeni hökumət qurulmasını istədilər. Aprelin 11-də parlamentin iclasında P.Kotsev istefa verdiyini elan etdi. Parlament hökumətin təşkilini yenidən P.Kotsevə tapşırdı. Dağlı hökumətinin əhali arasında böyük nüfuza malik din xadimləri Şeyx Uzun Hacı və Şeyx Əli Hacıya müraciət edib bütün dağlı qüvvələrini səfərbər etmək cəhdi gözlənilən səmərəni vermədi. Dağıstanda isə Dağlı Respublikasından çıxıb Azərbaycanla birləşmək uğrunda hərəkat geniş vüsət aldı. Belə bir şəraitdə aprelin 6-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Dağlı Respublikasına hərbi yardım göstərməyi qərara aldı. Bu məqsədlə həm könüllü dəstələrin yaradılmasına və Şimali Qafqaza göndərilməsinə başlandı, həm də dağlı döyüşçülərinə tibbi yardım üçün sanitar briqadaları təşkil edildi. Aprelin 17-də isə Azərbaycan Cümhuriyyəti Parlamenti Dağlı Respublikası hökumətinə daha 30 milyon manat faizsiz kredit vermək haqqında qanun qəbul etdi [10, 40-41].
Beləliklə, 1918-ci ilin sonu – 1919-cu ilin ilk aylarında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti özünün çətin vəziyyətdə olmasına baxmayaraq, Dağlı Respublikasına 50 milyon manat həcmində maliyyə yardımı göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan M.Ə.Rəsulzadə bu yardımın real miqyasını təsəvvür etmək üçün aşağıdakı müqayisələri oxucuların diqqətinə çatdırmağı məqsədəuyğun saymışdı: 50 milyon manat o zamankı valyuta kursu ilə 2,5 milyon ingilis funt-strerlinqinə bərabər idi. 1919-cu il üçün AXC büdcəsinin xərcləri 415 milyon manat müəyyən edilmişdi və Dağlı Respublikasına Azərbaycanın maliyyə yardımı dövlət büdcəsinin 1/8 hissəsini təşkil edirdi [14, 590].
1919-cu il aprelin əvvəlində Denikinin Könüllü ordusu Terek vilayətinin işğalını əsasən başa çatdırdı. Bundan sonra, Dağıstanda Dağlı Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı. Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlı Respublikasındakı diplomatik nümayəndəsi Ə.Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş edirdilər. Ə.Haqverdiyevin aprelin 15-də Xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə gizlicə bunu arzu edirlər [11, 201]. Dağıstanlı zabitlər,o cümlədən Dağlı Respublikası hökumətində hərbi nazirin müavini olmuş general H.M. Xəlilov da bu mövqedən çıxış edirdilər.
Könüllü ordunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycanla birləşmək tərəfdarları sürətlə artırdı. Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr həm tarixən, həm də iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar. Aprelin 29-da Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlı Respublikası parlamenti üzvlərinin, zabitlərin, ruhanilərin və ziyalıların birgə iclasında müzakirə edildi. Zabitlər Könüllü orduya qarşı mübarizənin davam etdirilməsini və hərbi əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini təklif etdilər. Dağıstan deputatlarının lideri M. Q.Dibirov, nüfuzlu din xadimi Şeyx Uzun Hacı da bu təklifə tərəfdar çıxdılar.
Mayın 5-də Bakıdakı Müttəfiq qoşunlarının komandanı general U.Tomson da Fətəli xan Xoyski ilə görüşündə Dağıstanın iqtisadi, topoqrafik və digər cəhətlərdən Azərbaycanla bağlı olduğuna görə, onun Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsini labüd saymışdı [11, 217].
Müttəfiqlərin bu görüşləri, xüsusən də Dağıstanın öz taleyini Azərbaycanla bağlamaq üçün addımlar atması Denikinin bölgədə fəallaşmasına, təxribatçılıq fəaliyyətini gücləndirməsinə səbəb oldu. Əhalinin rəğbətini qazanmaq üçün Dağıstana yerli özünüidarəçilik veriləcəyi vəd edildi, Könüllü ordunun bölgədə başlıca vəzifəsinin bolşeviklərə qarşı mübarizə aparmaq olduğu bildirildi. Yüksək rütbəli dağlı zabitlərinin Şimali Qafqazın müsəlman bölgələrinin idarəsinə cəlb edilməsi isə zabit heyətinin mövqeyində dəyişiklik yaratdı.
Belə bir şəraitdə mayın 12-də P.Kotsevin başçılıq etdiyi Dağlı Respublikası hökuməti istefa verdi. Parlament zabitlərin təzyiqi ilə yeni hökumətin təşkilini general H.M.Xəlilova tapşırdı [11,223-224]. Xəlilov Denikinin nümayəndəsi ilə danışıqlara girdi və Dağlı Respublikası hökumətini buraxdı. Mayın sonunda Dağıstan Könüllü ordu tərəfindən müqavimətsiz tutuldu.
1919-cu il mayın 30-da Parisdə AXC və Şimali Qafqaz dağlılarının sülh konfransı nümayəndələrinin yığıncağında Heydər Bammatov Azərbaycanla Dağıstan arasında saziş bağlanması təklifi ilə əlaqədar çıxış edərək bildirdi ki, bizim əsas məqsədimiz Qafqaz konfederasiyasıdır. AXC və Dağıstan razılaşmaya nail olmalı, hökumətlərimiz və parlamentlərimiz qəti qərara gəlib praktik fəaliyyətə başlamalıdırlar. H.Bammatov çıxışında qeyd etmişdi: “biz hətta konfederasiya yox, hətta kantonal əsasında federasiya təklif etdik. Ancaq Azərbaycan nümayəndəsi M.H.Hacınski Qafqaz dövlətləri arasında ümumi xarici siyasətlə iqtisadi və hərbi ittifaq təklif etdi. Biz bu təklifə razı olduq ki, nəticədə kantonal əsasda Qafqaz federasiyasına gəlib çıxaq” [15, 3].
Denikinin ordusu 1919-cu il mayın sonunda bütün Şimali Qafqazı ələ ke-çirdikdən sonra Dağlı Respublikası hökumətinin və parlamentinin üzvlərinə Bakıda sığınacaq verildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, bundan əlavə, Dağıstan qaçqınlarına yardım göstərilməsi üçün 1 milyon manat vəsait ayırdı.
Əbdürrəhim bəy Haqverdiyev iyunun 7-də Dağıstanda baş verən hadisələr haqqında Azərbaycan hökumətinə göndərdiyi məlumatda Denikinin bölgədə cəmi 1 mindən azacıq çox hərbi qüvvəyə malik olduğunu bildirir və yerli əhalinin arzusunu nəzərə alıb, Port-Petrovska qədərki ərazini Azərbaycana birləşdirmək üçün hərəkətə keçməyə çağırırdı. Britaniya hökumətinin iyunun 11-də bəyan etdiyi demarkasiya xəttinə görə də Könüllü ordu Petrovskdan 5 mil cənubda dayanmalı idi.
Azərbaycan hökuməti Dərbəndi və demarkasiya xəttinə qədərki Dağıstan ərazisini denikinçilərdən təmizləmək üçün dərhal diplomatik və hərbi hazırlığa başladı [16, 333-335]. Lakin Denikin ordusu Cənubi Dağıstanı tərk etməkdən qəti boyun qaçırdığı üçün avqustun 4-də Britaniya hökuməti demarkasiya xəttini Dağıstanın cənub sərhədinə çəkərək, bölgəni bütünlüklə Könüllü ordunun təsir dairəsinə aid etdi. Azərbaycan hökuməti yaranmış mürəkkəb hərbi-siyasi vəziyyəti nəzərə alaraq, Dağıstanın birləşdirilməsi ilə bağlı hazırlığı dayandırmalı oldu.
Bütün bu faktlar aydın göstərir ki, Azərbaycan, əvvəlki tarixi dövrlərdə olduğu kimi, 1918-1920-ci illərin ağır şəraitində də Şimali Qafqazın yerli dağlı xalqlarına arxa durmuş, bütün mümkün vasitələrlə Dağlı Respublikasına sonadək yardım göstərmişdi.
Ədəbiyyat
1. Həsənov C.P. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər). Bakı, 1993
2. Nəsibzadə N.L. Azərbaycanın xarici siyasəti (1918-1920). Bakı, 1996
3. Göyüşov A.R. 1917-1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi. Bakı, 2000.
4. Azərbaycan Cümhuriyyəti (1918-1920). Məs. redaktor: N.Ağamalıyeva. Bakı, 1998
5. Azərbaycan tarixi. Yeddi cilddə, c.V, Bakı, 2001.
6. “Каспий”, 1917-1918 гг.
7. Коренев Д.З. Революция на Тереке. Орджоникидзе, 1967
8. Документы и материалы по внешней политике Закавказья и Грузии. Тифлис, 1919
9. Nəsir Yücəər Birinci dünya müharibəsində Osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı. Bakı, 1999
10. Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты (сборник докемунтов). Бакы, 1998
11. Азербайджанская Демократическая Республика (1918-1920). Внешняя политика (документы и материалы), Баку, 1998
12. “Азербайджан”, 1918-1920 гг.
13. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920).Parlament. Stenoqrafik hesabatlar. C.I, Bakı, 1998
14. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990
15. Bammat Heydər Qərb mədəniyyətinin inkişafında müsəlmanların rolu. Bakı, 1994. s.3
16. Азербайджанская Демократическая Республика (1918-1920). Армия (документы и материалы), Баку, 1998
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM