Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadın siyasəti

14:01 / 18.02.2015

Samirə Ramazanova,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı

XX əsrin ilk illərindən etibarən ailə və qadın mövzusu ziyalılar tərəfindən geniş şəkildə müzakirə edilən ən aktual məsələlərdən olmuşdur. Bu problem fərqli əqidə sahibləri tərəfindən ən müxtəlif kontekstlərdə dəyərləndirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin elanı və İstiqlal Bəyannaməsinin qəbulu zamanı dövlətin demokratik bir cümhuriyyət olacağı düsturu Milli Şuranın siniflərə və ümumən xalqa aid olan nöqteyi-nəzərini şərh edirdi. Fəqət, bu, yenə həlli Şərq üçün hələ yetişməmiş olan qadın məsələsinin nə surətlə həll ediləcəyini göstərmirdi. Halbuki, dördüncü maddə “cins fərqi gözləmədən” tarixi ifadəsilə din və sinif məsələlərindən daha mühüm və daha yeni bir məsələ meydana atır, Şərq aləmində daha böyük bir inqilab etmiş olur. Milli dövlət ideoloqları bu qərardan çıxan mənanı, bütün qadınların kişilərlə bərabər haqq və səlahiyyətə malik olacaqları tərzdə şərh edirdilər (8, s.289). M.B.Məmmədzadə yazırdı ki, “Qadınlar sair vətəndaşlarla bərabər vətəni və siyasi hüquq kəsb edirdilər ki, bu hal bütün Şərqdə deyil, Avropada belə tamamilə tətbiq edilmiş deyildi. Azərbaycan milli xartiyası bu qərar ilə nə qədər ülvi, bəşəri və mədəni qayələrlə doymuş olduğunu isbat etməkdədir” (5, s. 142).
Qadınların sosial həyatda və ümumi ictimai fəaliyyətdə fəal iştirak etmələri və onların millətin işgüzar bir üzvü, məhsuldar və fayda verən bir zümrəsi olmaları uğrunda ziyalıların hələ bu vaxta qədər də çox təşəbbüsləri olmuşdu. Lakin ilk dəfə olaraq İstiqlal Bəyannaməsində bu mövzuya rəsmən toxunulması məsələsi həmin dövrün mətbuatında da müzakirə edilən aktual mövzulardan idi. Çünki, daha öncə bu yolda mübarizə aparmış Avropa mütəfəkkirləri də qadın məsələsini hər bir şeyin əsası, hətta cümhuriyyətin belə təməli hesab edirdilər. Montöskiye deyirdi ki, “bir milləti təşkil edən ailələr nə kimi bir ictimai üsul ilə idarə olunarlarsa, o millətin yaradacağı dövlət də, nə adlanırsa adlansın eyni ruh və şəkildə olur”. Çünki millət bir çox ailələrin məcmusundan ibarət böyük bir ailədən başqa bir şey deyildir. Ailədə hökmran olan qanun-qaydalar eyni ilə o millətin ictimai həyatına və xüsusən siyasətinə də hakim olur. Qadınların oxumaları zərurətini meydana qoyan səbəb də yenə milli mövcudiyyət məfkurəsi idi. Bu səbəb Həsən bəy Zərdabi tərəfindən başlamış ümumi tərəqqi və yüksəliş hərəkatı ilə bağlı olub onun vəcdə gətirdiyi bir cərəyandır (7, s.162-163). M.B.Məmmədzadə bu hərəkatı bütün tərəqqi və yüksəliş hərəkatının tamamlayıcısı hesab edərək yazırdı ki, “Qadın qisminin, millətin tərəqqi və yüksəlişindəki roluna verilən əhəmiyyət və qiyməti yüksəlməyə başlamışdı. Cavidin, Sabirin, Hadinin, Cavadın, Şaiqin fəaliyyət qələmləri bütün bir mövzu ətrafında idi. Şeir, ədəbiyyat, mətbuat, məktəb və maarif bir tərəfdən; xalqın nəzərini, fikrini, məişət tərzini vahimələr və xəyalatına acı və kəskin zərafətilə qırmanclayaraq milli və vətən şüurunun oyanmasına səy edən Mirzə Fətəlinin və onu təqlid edən fədakar nəslin teatr və təmsillərdə, digər tərəfdən, əfkar ümumiyyənin yüksəlməsinə səbəb olmuş, qadın qisminin dərəcəsini ucaltmış, ona mənən bütün mədəni hüquqları bəxş etmişdi. Artıq “ilk məktəb analar qucağıdır” etiqadı ilə “inandım ki, cənnət cənin ayağının altındadır” təranəsi ümumiləşmişdi” (5, s. 143-144).
Qadın problemi Cümhuriyyət parlamentinin də diqqətdə saxladığı aktual mövzulardan idi. Parlamentin ikinci iclasında “Hümmət” fraksiyasından Şeyxülislamov qadın hüquqlarından bəhs edərək deyirdi: “Millətimizin yarısını təşkil edən qadınlar qul sifətindədirlər. Biz onlara insan surətində baxmalıyıq. Millətin yarısı işləyib, yarısı işləməsə o millət çolaqdır. Üzərinə heç bir xeyir yetirə bilməz. Bu gün qadınlarımız gələcək övladlarımıza tərbiyə verməkdədirlər. Əgər onlar azadə olmasalar dövlət və vətənimizi müdafiə edən azad fikirli övlad dəxi yetirə bilməyib, özləri qul və əsir yaradarlar” (1, s. 64-65; 8, s.290).
Demokratik müzakirələr və məqsədyönlü siyasət nəticəsində qadınların məşğulluq imkanlarının artması, biznesə qoşulması üçün Cümhuriyyət parlamentində qanun qəbul edilir, qadınların daha çox məşğul olduğu kustar sənayeni inkişaf etdirmək və genişləndirmək məqsədilə yerli sahələrə kömək göstərən kustar sənaye kursları təşkil edilir və vəsait ayrılır, işsizliyin aradan qaldırılması və iqtisadiyyatın gücləndirilməsi məqsədilə bir sıra bölgələrdə toxuculuq və tikiş emalatxanası açılması barədə müxtəlif layihələr müzakirəyə çıxarılır. Səhiyyə sahəsində də xidmətin keyfiyyətinin yüksəldilməsində qadınların maraqları dövlət tərəfindən müdafiə olunurdu (7, s.163-164). AXC hökumətində milliləşmə ilə bağlı həyata keçirilən tədbirlər zamanı məktəblərin adlarının dəyişdirilməsi prosesində məzmun və keyfiyyət dəyişikliklərinə cəhd göstərilmiş, milli qadın kadrlarından təhsil prosesində istifadə edilməsi həyata kecirilmişdir (10, s.251-252).
Cümhuriyyət dövründə təhsilin yeniləşməsi, dünya təhsil və təlim-tərbiyə sisteminə inteqrasiya yolunda da uğurlu addımlar atılmış, tədrisdə oğlanlarla qızların birgə təlimi həyata keçirilməyə başlanmışdı. Eləcə də uşaqların erkən yaşlarından təlim-tərbiyəsinə dövlət qayğısının artırılması və anaların əmək fəaliyyəti ilə səmərəli məşğul olmasının həyata keçirilməsi məqsədi ilə I Milli Qadın Gimnaziyası nəzdində Frebel sistemli uşaq bağçası yaradılması ilə bağlı qanun layihəsi qəbul edilərək (3, s.37) yeni tipli qadın məktəbi təsis edilmişdir.
İlk gündən təhsil sahəsində qadınların kişilərlə bərabərhüquqlu fəaliyyətlərinə xüsusi önəm verən Xalq Maarif Nazirliyi qadın tədris müəssisələrində pedaqoji şuraların vəzifələrini dəqiqləşdirərək qızların əxlaqi tərbiyəsinin istiqamətlərini, tədris kursunun formasını, həcmini və məzmununu müəyyənləşdirməyə, fənlər üzrə daha münasib dərslik və dərs vəsaiti seçməyə, qızların əxlaqını və biliklərini qiymətləndirməyin metodikasını işləyib hazırlamağa çalışmışdır. Belə bir təhsil siyasəti sayəsində məktəblərdə idarəetmənin strukturu təkmilləşdirilərək kişi orta təhsil müəssisələrinə müvafiq olaraq qadın orta təhsil müəssisələrində də sinif müəllimi köməkçisi vəzifəsi ləğv edilir (10, s.123). 1919-cu il iyun ayının 2-də qadın orta təhsil məktəblərində qanunlara dəyişikliklər və əlavələr edilərək (10, s.251-252) pedaqoji şuranın sədri vəzifəsi direktor vəzifəsi ilə əvəz edilir və onlara bu vəzifədə kişi orta təhsil müəssisələrinin direktorları ilə bərabər hüquqlar verilir. Eyni zamanda sinif xanımı vəzifəsi sinif müəllimi ilə əvəz edilir, onlara da kişi məktəblərində dərs deyən müəllimlərlə eyni hüquqlar verilir (8, s.91).
Xalq Maarif Nazirliyinin yeni kişi və qız məktəbləri və seminariyalarının açılmasına dair Azərbaycan Parlamentinə təqdim etdiyi qanun layihəsi əsasında 1919-cu ildə 4 kişi, 3 qadın kurslarının açılması qərara alınmış (10, s.401), qadın orta məktəblərində sinif müəllimi müavini vəzifəsinin təsis olunması barədə qanun layihəsi qəbul edilmişdi (2, s.480-481). Dövlətin təhsilə və yaradıcılıq sahələrinə belə ciddiyyətlə diqqət yetirməsi sayəsində ədəbi-mədəni mühitin formalaşmasında da qadınların fəallığı artmışdır. “Bu dövrdə elmi publisistik və bədii yaradıcılıqla məşğul olan Ş.Əfəndizadə, Ş.Qaspıralı, Ş.Axundzadə, E.Yusif-bəyli, Ü.Sadıqzadə kimi qadın ziyalıların əsərlərində dövrün ictimai-siyasi və milli-mənəvi problemləri öz dolğun ifadəsini tapmışdır” (3, s.38).
Tarixi mənbələrdən gətirdiyimiz istinadlardan da göründüyü kimi milli dövlət anlayışının və istiqlal ideyalarının aktuallaşdığı illərdə və Azərbaycan Xalq Cümhuriyyəti dövründə ailə və qadın problemi elmi ictimaiyyətin müzakirə etdiyi prioritet məsələlərdən olmuşdur. Həmin dövrün mətbuat səhifələrində vaxtaşırı olaraq ailə və qadın probleminə dair maraqlı yazılar dərc edilmişdir. Məsələn, Səlim Səri imzalı bir müəllif “Azərbaycan” qəzetinin dekabr 1918-ci il tarixli 62-ci nömrəsində dərc edilmiş “Qadınlıq haqqı” adlı məqaləsində (6) yazırdı ki, qadınların haqqı bəhs mövzusu olduğu zaman etiraf edək ki, biz erkəklər bu məsələdə tamamilə bitərəf olmuruq. O, Platona istinadən bildirirdi ki, “Əflatuna görə ərlə arvad sağ və sol əl kimidir. Əllərimiz eyni işi görməklə mükəlləfdir. Yalnız birini artıq işlətmək vərdişi onu digərindən bacarıqlı etmişdir” – dediyi halda, bu gün ibadət əsnasında “Yarəbbi, məni hür yaratdığına və qadın olaraq dünyaya gətirmədiyinə həmd və şəfa edirəm” – deyirik.
Səlim Sərinin fikrincə, aradan bunca əsrlər keçdi və mədəniyyət bugünkü yüksək dərəcəsinə çatdı, amma qadın mövzusunda düşüncələrimiz az dəyişdi. Halbuki, qadın hər şeydən əvvəl anadır, tərbiyəçidir, müəllimədir. Qadın dilindən çıxan hər kəlmə ana şəfqəti şəkli alır. Buna görə də qadına veriləcək ilk haqq, ilk imtiyaz izdivacda və ailədə olmalıdır. Fəqət qəribədir ki, feminizm bu gün izdivaca qarşı adətən bir düşmən vəziyyətindədir. Bunu idarə edən mütəfəkkir qadınlar istəyirlər ki, qadının şəxsiyyəti olsun, iradəsinə sahib, istiqlaliyyətinə hakim olsun, qadın erkəyin icazəsində olan vəziyyətindən qurtulsun. İfrat bəzək, artıq tualet yapmasın. Xəfif xarakterlik, işvəbazlıq, şuxluq, erkəklərə xoş görünmək kimi əsrlərdən bəri kök salmış vərdişləri söküb atsın. Ciddi və məhsuldar cəhdlər göstərsin. Lazım gələndə erkəklərə möhtac olmadan keçinə biləcək bir sənət əldə etsin. Təsadüfi bir izdivaca həmən nail olmasın. Şəxsiyyətlərini belə tərbiyə edən qadınların mükəmməl zövcə və misilsiz ana ola bilmələri xatirə gələrkən, bu qədər uzaqgörən və tədbirli olmaları izdivac sahəsini daraldır... (6).
Araşdırmalar təsdiqləyir ki, Azərbaycan ziyalılarının XX əsrin əvvəllərində mövzuya dair irəli sürdükləri müddəaların bir çoxu sonrakı dövrdə də inkişaf etdirilərək təkmilləşdirilmişdir. Səlim Sərinin yazısında da müşahidə etdiyimiz həmin qənaətləri belə bir nikbin fikirlərlə ümumiləşdirə bilərik: Feminizm cərəyanı irəli getdikcə qadınların vüqarı yüksələcək, izdivaclar qaşla-gözlə deyil, fikirlə, ruhla yapılacaq və evlənmək istəyən gənclər “mən elə bir həyat yoldaşı istəyirəm ki, mənə ehtiyacı olmasın və məni bəyəndiyi, təqdir etdiyi üçün mənə varsın, mənimlə fikir və ruh arkadaşı olsun və məndən məmnun olmadığı gün məni tərk etsin”. Məhz ailədə tanınması lazım olan haqq budur (6).
Azərbaycan İstiqlal Bəyannaməsinin qadınlara verdiyi demokratik hüquqlardan bəhs edən M.B.Məmmədzadə də mövzuya oxşar kontekstdən yanaşır. O, “Qadınlara hürriyyət” adlı məqaləsində müsəlman qadının əsrlərlə davam edən hüquqsuzluğunun səbəblərini və maarifçilik dövrünün ziyalılarının ailə və qadın məsələsinə dair fəaliyyətlərini təhlil etdikdən sonra yazır: “O zamana qədər qadın hərəkatı bilavasitə iki davanın həlli ilə uğraşmışdı: 1) Qadınların müasir məktəblərdə təlim və tərbiyəsi, 2) Çarşabdan qurtulmaları məsələsi... Mətbuat, ədəbiyyat, teatr həp bu məsələlərlə məşğul idi. Tərəqqipərvər aydınların fədakaranə deyilə biləcək mücadiləsi sayəsində irfan ordusu müzəffər olduqca, ikinci məsələ də tədrici təkamül seyri göstərirdi. Və bu təkamül seyrinə müvazi olaraq, əsasən qadınların hürriyyəti və kişilərlə bərabər haqlara malik olmaları məsələsi də meydana çıxır və bu davanı ələ alan dərnəklər və birliklər qurulurdu” (4, s.2-3).
XX əsrin əvvəllərinə aid mənbələrdən gətirdiyimiz nümunələr bizə bunu deməyə əsas verir ki, deməli, tarixin bütün dövrlərində ailə institutu ictimai inkişafın əsas xüsusiyyətlərini özündə əks etdirmiş, ictimai fikir isə bu xüsusiyyətləri müxtəlif aspektlərdən ifadə etməyə çalışmışdır. Bu baxımdan ailə institutunun nəzəri baxımdan öyrənilməsi problemi Konfutsidən başlamış günümüzədək – iki min beş yüz ildən çox tarixə malikdir. Ailənin varlığı və yaşaması ilə bağlı fəlsəfi, etik, sosial-psixoloji, iqtisadi və digər sahələr üzrə çox sayda və həcmdə ədəbiyyat mövcuddur. Bu problemin öyrənilməsi də bu ədəbiyyatlara və biliklərə söykənir.
Təbii ki, əsrlərdən bəri problemə zamanına və tarixi-siyasi şəraitinə görə fərqli aspektlərdən baxılmışdır. Məsələn, əsərlərində ideal dövlət haqqında mülahizələr yürüdən Platonun ailə haqqında təsəvvürləri ideal dövlət quruluşundan irəli gəlirdi. O, qeyd edirdi ki, ailə münasibətlərini bütövlükdə dövlət tənzim edir. Onun təlimində təbəqələşməyə və sosial struktura uyğun olaraq, cəmiyyətin bəzi üzvləri, ailə qurmaq imkanından məhrum edilirdi. Ailə quranlar isə bütün həyatını uşaqların tərbiyəsinə və onların mənafeyinə həsr etməlidirlər (9, s.71).
Ailə institutunun tarixi-müqayisəli təhlilini apardıqdan və ənənəvi ailənin həyat tərzi ilə XIX əsrin sonu XX əsrin əvvəllərinin ailəsini müqayisə etdikdən sonra Feyerbax “ailə böhranı” kateqoriyasını ilk dəfə olaraq elmə gətirmişdir. Bu abstrakt anlayışın empirik göstəricilərinə görə, artıq o zaman nikah və doğum əmsalının aşağı düşməsi, boşanmaların sayının artması, valideyn nüfuzunun sarsılması tendensiyası müşahidə olunurdu. Alimlər destruktiv xarakter daşıyan ailə dəyişikliklərini sənaye cəmiyyətinin funksional qanunauyğunluqları ilə əlaqələndirirdilər.
Qeyd edək ki, türk sosiologiya məktəbində də ailə problemi əhəmiyyətli yerə sahib olmuşdur. Bu baxımdan Türkiyədə sosiologiya elminin banisi hesab olunan Ziya Göyalpın fikirləri mühüm əhəmiyyət kəsb edir. Z.Göyalp türk ailəsinin inkişaf xətti ilə cəmiyyətdəki dəyişikliklər arasında paralelliyin olduğunu qeyd edir, türk ailə quruluşunda həm patriarxal, həm matriarxal ailənin izlərinin olduğunu irəli sürürdü.
“Ailə tədqiqatlarının nəzəri-konseptual əsasları” başlıqlı məqaləsində (9, s.70-84) Əbülfəz Süleymanov yazır ki, müasir dövrdə ailə institutunda baş verən proseslər ailənin vəziyyətini insanlığın qlobal problemləri cərgəsinə çıxartdı. Qərb və hətta qeyri-qərb cəmiyyətləri bu gün ailə institutu sahəsində ciddi problemlərlə üzləşirlər və bu problemin həlli üçün müxtəlif çıxış yolları axtarışındadırlar. Bu sahədə yeni proseslər pozitivizmdə Durkheimin təyin etdiyi əsas qanuna tərs mütənasiblik təşkil edir. Həmçinin günümüzdə də sosial dəyişiklik prosesinə paralel olaraq doğum, əxlaq, boşanma, natamam ailələr, kimsəsiz yaşlılar, alternativ ailə formaları kimi mövzularda çoxsaylı mikro səviyyədə araşdırmalar aparılmaqdadır.
Azərbaycanda isə vəziyyət qərbdən fərqlidir. Ailə sosiologiyasının və ümumiyyətlə, sosiologiya elminin Azərbaycanda inkişafı olduqca yenidir. Beləliklə, ailə sahəsində aparılacaq tədqiqatların, ilk növbədə Azərbaycanın ictimai quruluşuna uyğun bir tərzdə aparılması vacibdir.
Azərbaycan ailəsinin tarixi inkişaf mərhələləri və mədəniyyəti düzgün olaraq dərk olunmalıdır. Ailə mövzusunda Qərb modellərindən mənimsənilən tipologiya-ların Azərbaycan cəmiyyətinə uyğunluğu öyrənilməli və cəmiyyətimizdə ən uyğun tipologiyaların inkişaf etməsinə nail olmalıdır. Ailə yalnız cəmiyyətlə əlaqə kon-tekstində araşdırılmamalıdır. Eyni zamanda ailə üzvlərinin hər birini sosial kateqoriya kimi qiymətləndirən araşdırmalara da yer verilməlidir. Hesab edirik ki, Qərb cəmiyyətləri ilə Azərbaycan cəmiyyəti arasındakı fərqli cəhətlər nəzərə alınaraq, öz sosial quruluşumuza, dəyərlərimizə, tariximizə uyqun olaraq həyata keçiriləcək tədqiqatlar Azərbaycanda ailə sosiologiyasının inkişafına xidmət edəcəkdir.
Buna görə, Azərbaycan tarixi-kulturoloji fikri üçün də səciyyəvi olan ailə və qadın problemləri tarixi inkişaf kontekstindən öyrənilməlidir. Milli oyanış dövrü kimi xarakterizə edilən XIX əsr ziyalılarının mövzuya dair baxışlarının, maarifçilik hərəkatının əldə etdiyi nailiyyətlərin müasir meyarlar baxımından süzgəcdən keçirilməsi bu mənada çox əhəmiyyətli ola bilər. Xüsusilə də, XX əsrin əvvəllərinin milli-mədəni intibah prosesinin önündə gedən Azərbaycan ziyalılarının ailə və qadın mövzusunda yazdıqları əsərlərin tədqiq edilərək onlara elmi-tənqidi qiymət verilməsi mühüm əhəmiyyət kəsb edir. Tarixi təcrübədən müasir gender problemlərinin həllində və bu təcrübi dərslərdən demokratik vətəndaş cəmiyyəti quruculuğunda istifadə edilməsi son dərəcə vacibdir ki, bu baxımdan kulturoloji və etnoqrafik irsin həm tədqiqini, həm də təbliğini zəruri hesab edirik.


Ədəbiyyat

1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (I kitab. Stenoqrafik hesabatlar). Bakı: “Azərbaycan” nəşriyyatı, 1998, 976 s.
2. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (II kitab. Stenoqrafik hesabatlar). Bakı: “Azərbaycan” nəşriyyatı, 1998, 992 s.
3. İbrahimova G.İ. XI-XX əsrlərdə Azərbaycanda qadın siyasəti: Siyasi elm. dok. ... dis. avtoref. Bakı, 2011, 56 s.
4. Mehmetzade M.B. Kadınlara hürriyet // “Azerbaycan”, Ankara, mart 1954, Sayı: 12 (24), s. 2-4.
5. Məmmədzadə M.B. Azərbaycan Milli Xartiyası (28 mayis, İstiqlal Bəyannaməsi) // “Azərbaycan” jurnalı, Bakı, 1991, № 4, s. 132-149.
6. Səlim Səri. Qadınlıq haqqı. “Azərbaycan”, 11 kanuni-əvvəl (dekabr) 1918, № 62 (www.qaynaq.internet.az/.../62azer111218.htm).
7. Süleymanlı M.A. Azərbaycan kulturoloji fikir tarixindən (XX əsrin əvvəlləri). Bakı: “Nafta-Press”, 2011, 208 s.
8. Süleymanlı M.A. XX əsrin əvvəllərində Azərbaycan kulturoloji fikri. Fəlsəfə üzrə. elmlər doktoru ... dis. Bakı: AMEA Mərkəzi Elmi Kitabxanası, 2014, 352 s.
9. Süleymanov Ə. Ailə tədqiqatlarının nəzəri-konseptual əsasları // “Fəlsəfə və sosial-siyasi elmlər”, elmi-nəzəri jurnal. Bakı, 2010, № 1 (29), s.70-84.
10. Азербайджанская Демократическая Республика (1918-1920) Законода-тельные акты (сборник документов) Баку: издательство «Азербайджан», 1998, 560 c.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM