Xəzərlər və Azərbaycan xalqının formalaşmasında onların rolu

11:22 / 23.02.2015

Ramil Ağayev
Tarix üzrə fəlsəfə doktoru

Xəzərlərin və Xəzər xaqanlığının tarixi Azərbaycan xalqının erkən orta əsrlər taixi ilə sıx şəkildə bağlıdır. Belə ki, xəzərlər Azərbaycan türklərinin etnogenezi prosesində yaxından iştirak etmişlər. Hətta “Xəzər” məfhumunun özünün dilimizdəki “gəzər” sözü ilə bağlılığını ehtimal etmək olar. Məhz buna görə də xəzərlərin tarixinin dərindən araşdırılması mühüm elmi əhəmiyyət kəsb edir və Azərbaycanın VII-X əsrlər tarixinin tədqiqi sahəsindəki müəyyən boşluqları doldurmağa imkan verir.
Məlum olduğu kimi, həmin dövrün öyrənilməsi üçün geniş mənbəşünaslıq bazası mövcuddur. Xəzərlərin
tarixini araşdırmağa imkan
verən mənbələr əsasən, ərəb, Bizans, rus və yəhudi mənbələridir.
Azərbaycan xalqının erkən orta əsrlər tarixi müəyyən dərəcədə xəzərlərin tarixi ilə sıx şəkildə bağlı olsa da Xəzər xaqanlığının tarixi ilə bağlı məsələlər tarixşünaslığımızda xüsusi tədqiqat obyekti olmamışdır. Buna baxmayaraq, bir sıra Azərbaycan tarixçilərinin əsərlərində xəzərlərin tarixi ilə bağlı bəzi məsələlərə toxunulmuşdur (3; 4; 5; 6; 9; 10).
Z.M.Bünyadova görə, “Xəzər xaqanlığının əhalisinin tərkibində türkdilli tayfalar böyük yer tuturdular, xəzərlərin özləri də, yəqin ayrıca bir türk qrupuna mənsub idilər” (3, 172).
N.M.Vəlixanlının mənbələrin tərcüməsi ilə bağlı apardığı araşdırmalar xüsusi olaraq qeyd edilməlidir. Həmin araşdırmalar nəticəsində xəzərlərin mənşəyi və dini etiqadları, Azərbaycan torpaqlarına hücumları ilə bağl bir sıra məlumatlar ərəb dilindən Azərbaycan dilinə tərcümə edilərək geniş elmi ictimaiyyətin istifadəsinə verilmişdir (6, 52-55 ).
Q.Ə.Qeybullayevə görə, xəzərlər türkdilli xalqlar sırasına aiddir və Azərbaycan xalqının etnogenezində və Azərbaycan dilinin formalaşmasında böyük rol oynamışlar (5, 204).
S.S.Əliyarlı apardığı araşdırmalar nəticəsində belə bir qənaətə gəlmişdir ki, xəzərlər erkən orta əsrlərdə Azərbaycanın şimal torpaqlarına daxil olmuş və bir müddət burada məskən saldıqdan sonra digər yerli türkdilli xalqlarla qaynayıb-qarışmışdır (4, 42-43).
Xəzərlərin mənşəyi və dili ilə bağlı Azərbaycanın dilçiləri tərəfindən də müəyyən fikirlər söylənilmişdir (7).
Xəzər xaqanlığının tarixi Azərbaycanla yanaşı, bir sıra xalqların (Şimali Qafqaz, Mərkəzi Asiya, slavyan, Qərbi Avropa), eləcə də yəhudi dininin tarixi ilə sıx şəkildə bağlıdır. Odur ki, həmin xalqların tarixi ilə məşğul olan bir sıra tarixçilər xəzərlərin və Xəzər xaqanlığının tarixinə də xüsusi maraq göstərmişlər. Həmin tarixçilər bir sıra tədqiqat işləri və arxeoloji qazıntılar aparmış, bir çox qiymətli monoqrafiya və məqalələr yazmışlar. Həmin əsərlərdə Azərbaycanla bağlı məsələlərə də toxunulmuşdur.
Ümumiyyətlə, yazılı mənbələrin, eləcə də Azərbaycanın və Xəzər xaqanlığını VII-IX əsrlər tarixi ilə bağlı olan elmi ədəbiyyatın araşdırılması göstərir ki, xəzərlərin etnik mənsubiyyəti, onların ilkin məskənləri, Şimali Qafqaz bölgəsinə və Azərbaycana gəlməsi ilə bağlı məsələlərdə yekdil fikir yoxdur. Bu fikirlər bəzən bir-birini təkrar edir, bəzən də bir-biri ilə ziddiyyət təşkil edir.
Xəzərlərin etnik mənşəyi və Azərbaycan xalqının formalaşmasında onların rolu məsələsini araşdırmazdan əvvəl etnogenezlə bağlı bəzi məsələlərə aydınlıq gətirmək lazımdır. Bu zaman ilk növbədə, mənbələrdə rast gəlinən “türklər” və türkdilli xalqlar” kimi anlayışları dəqiqləşdirmyə ehtiyac duyulur. Məsələ burasındadır ki, bu anlayışlar bir-birinə çox yaxın olsa da heç də bir-birini tam şəkildə əvəz etmir. Digər tərəfdən mənbələrdə tez-tez qarşılaşdığımız “türklər” etnoniminin özündə müəyyən çalarları fərləndirmək lazımdır. Belə ki, bu anlayış ilkin yazılı qaynaqlarda əsasən, iki şəkildə təqdim olunur;
1. Əvvəlcədən “türklər” adı altında təqdim edilən toplumlara münasibətdə işlədilir.
2. Əvvəldən “türk” adlanmayan və özünün xüsusi adı olan, lakin türk xalqları sırasına aid edilən toplumlara münasibətdə ümumi şəkldə işlədilir.
Bu iki anlamın qarışdırılması Azərbaycan türklərinin etnogenezi məsələsində dolaşıqlığa rəvac verən əsas səbəblərdən biridir. Aydın məsələdir ki, Azərbaycan türklərinin etnogenezi ilə bağlı dolaşıqlığın digər səbəbi sırf subyektiv xarakter daşıyır, tarixi faktların təhrif olunmasına və türklərin Azərbaycanda məskunlaşması tarixini, necə deyərlər, “cavanlaşdırmağa” xidmət edir.
Mənbələrin araşdırılması göstərir ki, xəzərlər “türklər” adı altında deyil, “türkdilli” və “türk xalqları” adı altında təqdim edilən türk toplumları sırasına aiddir. Elə buradaca onu da qeyd etmək lazımdır ki, ərəbdilli mənbələrdə Azərbaycan ərazisində gedən döyüşlər zamanı dəfələrlə ərəblərlə qaşılaşdığı göstərilən “türklər” elmi ədəbiyyatda məhz bu ad altında təqdim edilmək yerinə, onlar əksər hallarda “xəzərlər” şəklində təqdim edilmişdir.
Beləliklə, Azərbaycan ərazisinə münasibətdə adı çəkilən türkdili xəzərlərlə mənbələrdə sırf şəkildə “türklər” kimi təqdim edilən xalqlar heç də eyni deyildir və bir-biri ilə qarışdırılmamalıdır. Bir qədər də irəli gedərək onu da qeyd edək ki, xəzərlərin də aqibəti əvvəllər Azərbaycan ərazisinə gələn və bir hissəsi burada məskən salaraq yerli “türk” adlanan xalq arasında öz məxsusi adını itirən və onlar kim “türklər” adlanan və öz keçmişlərini yalnız coğrafi adlarda saxlayan xalqlar kimi oldu. Onlar tədricən özlərinin “xəzər” adını unutdular və Azərbaycan türklərinin bir parçasına çevrildilər.
Bəzi araşdırıcılara görə, xəzərlər ümumiyyətlə, türk mənşəli deyil. Bu qəbildən olan tədqiqatçıların sayı çox azdır. Bəzi tədqiaqtçılara görə, xəzərlər Qafqazın qədim xalqlarındandır, lakin türk xalqları sırasına daxil deyil. Bəzi araşdırıcılar isə onları macarlarla birlikdə fin-uqor dil ailəsinə aid edirlər (36, 561). Lakin tədqiqatçıların böyük əlsəriyyəti xəzərlərin türk mənşəli xalqlardan biri olduğunu qeyd-şərtsiz qəbul edirlər.
F.R.Zeynalov yazır ki, xəzərlər türkdilli xalqdır və erkən orta əsrlərdə hunların tərkibində Cənubi Qafqaza gəlmişlər (7, 9). S. Dubnov isə xəzərlərin əvvəldən Cənubi Qafqazda yaşadığını və türkdili xalqlardan biri olduğunu qəbul edir (36, 561). V.V.Bartold xəzərləri türk xalqları sırasına aid edir və məqalələrindən birində onları hunlar adlandırmışdır (34, 34) O, başqa bir əsərində yazır ki, xəzərlər Volqa sahillərinə VI əsrin ortalarında gəlmişlər ( 19, 36).
A. Kastler ərəb, yəhudi, latın, yunan və rus dillərində olan bir sıra mənbələri araşdıraraq xəzərlərin türk mənşəli olduğunu qətiyyətlə təsdiq edir. O, belə bir qəti qənaətə gəlmişdir ki, xəzərlər türk xalqlarındandır və onlar V əsrdən başlayaraq Avropa səhnəsində görünmüşlər (38, 3). D.M. Danlop xəzərlərin türk mənşəli olmasını qəbul etməklə yanaşı, İslamın şimala doğru yayılmasının qarşısının alınmasında onların həlledici rol oynadığını xüsusi olaraq qeyd edir (37, 9-10).
Orta əsrlər erməni və gürcü müəlifləri xəzərləri türk xalqları sırasına aid etmiş, hökmdarla-rını “Xəzər hökmdarı”, “Şimal hökmdarı” adlandırmışlar (4, 68).Onların verdiyi məlumatlara əsa-sən, xəzərlərin hətta II – III əsrlərdən başlayaraq Şimali və Cənubi Qafqaz coğrafiyasında yaşa-dığını ehtimal etmək olar. Erməni tarixşünaslığında xəzərlərin adına ilk dəfə 193-213-cü illər arsındakı hadisələrdən bəhs olunarkən rast gəlinir (8, 115-116). Belə ki, Moisey Xorenatsi öz əsərinin 166-cı səhifəsində II Vaqarşdan danışarkən xəzərlərdən də bəhs etmişdir. O yazır ki, II Vaqarşın zamanında şimal tayfalarından ibarət xalqlar yəni, xəzairlər, basillər Çora (Çola) darvazalarından (Dərbənddən) keçərək Vanasib Surhabın başçılığı ilə Azərbaycan ərazisinə daxil oldular və daha da irəliləyərək Kür çayına çatdılar (33, 166). Moiseyi Xorenatsinin “Tarix” əsərinə şərhlər yazan G.Nalbandyan “xəzairlərin” xəzərlər olduğunu qəbul edir (33, 317).
Alban tarixçisi Musa Kalankatlı “Alban tarixi” əsərində IV əsr hadisələrindən danışarkən II Şapurun xəzərlərlə münasibətlərindən bəhs edtmişdir. Musa Kalankatlı VII əsrin əvvəllərində, Xosrov Pərvizin hakimiyyəti dövründə xəzərlərin hökmdarı Bəsic Zəbilin Cənubi Qafqaza ikinci yürüşündən də bəhs edir. Buradan məlum olur ki, Xəzər xaqanı bu yürüş hazırlaşmaq haqqında hakimiyyəti altında olan çoxsaylı xalqlara göstəriş vermişdi (37, 29; 38, 8).
Xəzərlərdən qalamış sözlər üzərində tədqiqatlar aparan Z.V.Toğan belə bir nəticəyə gəlmişdir ki, onlar türk xalqlarından biri olmuşdur. Z.V.Toğan xəzərlərin yunan-latın mənbələrində “kasir” kimi yazıldığını da qeyd edir (22, 41). O, belə hesab edir ki, Xəzər xaqanlığının başında dayanan xaqanlar, Göytürklərdə olduğu kimi, Açina (Aşina) nəslndən olan türk mənşəli sülalənin nümayəndələri idi (22, 57). İbrahim Qəfəsoğlu və Doğan Avçıoğlu belə hesab edirlər ki, xəzərlə-rin ilkin məskəni Tyan-Şan olmuşdur. Jujanlar onları sıxışdırdıqdan sonra əvvəl, Volqa sahillərinə, sonra isə və Qafqaza gəlib çıxmışlar (18, 777). M.İ Artamanova görə, ərəb və Bizans mənbələri xəzərləri türk xalqları sırasına aid edir. O, sözlərinə davam edərək yazır ki, Xəzər xaqanı İosifin (Yusifin) məktubu da xəzərlərin türk xalqlarından biri olmasını təsdiq edir (8, 114).
Xəzərlərin mənşəyi ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Xəzər xaqanı Yasəfin (Yusifin) X əsrdə Kordova xəlifəsinin yəhudi mənşəli vəzirinə yazdığı cavab məktubunu xatırlatmaq doğru olardı. Həmin məktubun əsas məzmunu xəzərlərin etnik mənsubiyyətinə həsr olunmuş-dur. Xaqan həmin məktubda öz xalqının mənşəyinə işarə edərək bildirir ki, xəzərlər, hunlar, basil-lər, uyğurlar, avarlar və bulğarlar hamısı bir kökdən olmaqla türk xalqlarındandırlar (16, 84-103).
VI əsrdə yazılmış Suriya mənbələrində 570-ci il hadisələrindən bəhs edilərkən Şimali Qafqazın köçəri xalqlarından danışılır və bu zaman bir sıra türkdilli xalqlar sırasında (onoqur, uğur, sabar, bulğar) xəzərlərin də adı çəkilir (38, 7).
Bizans mənbələrində rast gəlinən bir məlumata görə imperator II Feodisi 448-ci ildə Prisk adlı elçisini Attillanın yanına göndərmişdi. Priskin verdiyi məlumatlardan belə bir nəticə hasil olur ki, Atillanın ordusunda döyüşkən xəzərlər də var idi. Bizans imperator onları öz tərəfinə çəkmək istəsə də bu cəhd uğursuz olmuşdur (38, 7). Qeyd etmək lazımdır ki, Prisk verdiyi məlumatda xəzərləri “akatsir” (akatzir) adlandırırdı. Tədqiqatçılar belə hesab edir ki, bu ifadə “ağxəzərlər” mənasını verir. (38, 7). Bəzi türk tarixçiləri orta əsr qaynaqlarında rast gəlinən “ağacəri” tayfa adını “ağxəzər” adı ilə bağlayırlar. Xəzərlərin “ağxəzər” və “qaraxəzər” adlı iki qrupa bölünməsi fikrinə ərəbdilli müəlliflərin əsərlərində də rast gəlinir. İbn Hövqəl yazır ki, xəzərlərin qonşuluğunda Burtas əhalisi yaşayır və onların dilində danışırlar. Xəzər, Burtas, Sərir və rus tayfa, xalq adı deyil, əksinə, ölkə nahiyyə adıdır (27, 394). Xəzərlərin mənşəyi və dili haqqında danışan İbn Hövqəl daha sonra yazır ki, onlar zahirən türklərə oxşamırlar. Belə ki, xəzərlər əsasən qarayanızdırlar və iki qrupa bölünürlər. Onlardan biri “Qaraxəzər” adalanır, çünki qarabudayıdırlar. Onlar bu baxımdan hindlilərə bənzəyirlər. Digər qrupa daxil olanlar isə ağ dərili və yaraşıqlıdırlar və “Ağxəzər” adlanırlar (27, 394). Buradan belə nəticəyə gəlmək olar ki, İbn Hövqəl xəzərləri digər türkdilli xalqlardan fərqləndirməyə çalışmışdır. Xəzər əhalisinin dilindən bəhs edən İbn Hövqəlin məlumatları çox maraqlı və ziddiyyətlidir. O yazır: “Xəzər dili fars və türk dillərindən fərqli dildir, digər millətlərin dili ilə bağlılığı yoxdur” (27, 393). Digər tərəfdən xatırladır ki, bulgar dili xəzər dili kimidir. Bulqarlar isə türkdilli xalq sayılır (27, 137). Deməli, İbn Hövqəl dolayısı ilə xəzər dilinin türk dillərindən olduğunu qəbul etmiş olur. Əl-İstəxri bu fikri bir qədər fərqli təqdim edir. O, yazır: “Xəzərlərin dili türk dili kimidir və heç bir başqa xalqda bu dil (ləhcə) yoxdur” (24, 179).
“Bulqar xanları” adlı kitabənin üzərindəki sözlərin oxunmasından sonra müəyyən edilmişdir ki, bulqar dili indiki çuvaş dilinə yaxındır (8,115). Beləliklə, xəzər dilinin çuvaş dilinə yaxın olması müəyyən edilmişdir.
Z.V.Toğan yazır ki, xəzərlərin yaratdığı siyasi ittifaqa daxil olan xalqların əksəriyyəti türkdilli idi. O, belə bir nəticəyə gəlmişdir ki, xəzərlər türkdilli xalqlarından biri olmuşdur və onların, eləcə də bulqarların dili türk dillərinin qərbi hun qrupuna daxil olan çuvaş qoluna aiddir (22, 22). İbrahim Qafəsoğluya görə, xəzərlərin ələ keçirdiyi torpaqlarda şərqi türk dilləri ilə (hun, göytürk, uyğur) yanaşı, qərbi türk dillərində (uğur, bulğar) də danışılırdı. Qeyd etmək lazımdır ki, çuvaş dilinin bulğar-xəzər dillərinin qalığı olması haqqında fikirlər N.Y.Marr tərəfindən daha əvvəl söylənilmişdi (17, 334-336).
V.V.Bartold yazır ki, Volqa hövzəsində yaşayan xəzərlər və bulğarların dilini digər türklər də başa düşürdülər. Bu gün çuvaş ləhcəsi də həmin vəziyətdədir. Bulğarlar və xəzərlər Volqa çayı-nı İtil adalandırırdılar və İtil çuvaş dilində “çay” deməkdir. Buradan türkşünaslar belə nəticəyə gəlirlər ki, çuvaş dili qədim bulqar və xəzərlərin dilinin qalığıdır (19, 35).
Xəzərlərin yazı zamanı əvvəllər qədim türk əlifbasından, sonralar isə ibri (ivrit) və slavyan əlifbasında istifadə etmələri haqqında fikirlər mövcuddur. XIII əsrdə yaşamış fars tarixçisi Fəxrəddin Mübarəkşah yazır ki, xəzərlərdə həmçinin ruslardan qəbul edilmiş yazı növü də var. Lakin V.V.Bartold bunu anlaşılmazlıq adlandırır və bildirir ki, ruslar və eləcə də xəzərlər haqında bəhs edilən əlifbanı yunanlardan əxz etmiılər (11, 466-467).
F. Zeynalov xəzərləri türkdilli xalq sayır və xəzər dilini qərbi türk dillərinin oğuz-qıpçaq qrupuna aid edir (7, 8).
Xəzər xaqanlığına sığınan yəhudilər özləri ilə yəhudi mədəniyyəti və dili də gətirdilər. Xalqların mədəniyyəti tarixini öz “Fehrist” kitabında şərh edən X əsr müəllifi İbn-Nədim yazır ki, iudaizm qəbul ediləndən sonra Xəzər xaqanlığında ibri (ivrit) əlifbasından istiadə olunurdu (30, 15). Əl-Müqəddəsi də xəzərlərin dili haqqında müəyyən məlumat vermişdir. O, yazır ki, xəzərlərin dili çox çətin anlaşılan bir dildir.
Polşa və Ukrayna ərazilərindən üzərində yəhudi yazısı olan xəzərlərə aid sikkələr tapılmışdır. Həmin ərazilərdə indi də xəzərlərlə bağlı bir sıra yer adlarına rast gəlinir. Bu faktlar xəzərlərin qonşu xalqlar, o cümlədən slavyanlar üzərində böyük təsirə malik olduğunu bir daha sübut edir (38, 59).
Lakin tam əminliklə demək olar ki, yəhudi əlifbasını qəbul etməzdən əvvəl digər türk xalqları kimi, xəzərlərin də öz yazısı olmuşdur. İbn-Nədimin əsərində buna işarə olunur (30, 15).
Ərəbdilli müəlliflərdən İbn Fədlan, Əl-İstəxri, Əl-Məsudi, İbn Rusta, İbn Hövqəl xəzərlərin dini etiqadları haqqında bir sıra maraqlı, bəzən bir-birinə zidd olan məlumatlar verirlər.
Ümumiyyətlə, araşdırmalar göstərir ki, xəzərlər arasında aşağıdakı dini inamlar mövcud olmuşdur: 1. İudaizm; 2. İslam; 3. Xristianlıq; 4. Bütpərəstlik. Xəzərlərin ilkin dini inamları bütpərəstlik-şamanizm olmuşdur. Bu dinin davamçıları hətta IX-X əsrlərdə də qalmaqda idi. Bəzi mənbələrə görə bütpərəstlərin sayı müsəlman və xristianlardan az, yəhudilərdən isə çox olmuşdur.
Xəzər xaqanlığı əhalisinin dini inamlarıından və bu dini inamlar sırasında bütpərəstliyin də olmasına işarə edən İbn Hövqəl yazır ki, Xəzər xaqanlığının hökmdarı yəhudidir. Onun ətrafında yəhudilərdən ibarət yaxın adamlarının sayı dörd min nəfərdir (27, 390). Müəllif qeyd edir ki, ölkə əha-lisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, hökmdar və onun yaxın ətrafı yəhudi dinini qəbul etmişdir. Lakin onlarda əhalinin davranışları, əxlaqı əsas etibarı ilə bütpərəstlərdə olduğu kimidir. Onlar bir-biri ilə qarşılaşanda qədimdə bütpərəstlərin etdiyi kimi, bir-birilərinə səcdə edirlər. Bu isə İslam, xristian və yəhudi dinlərində mövcud olan şəriət normalarına ziddir (27, 390).
Xəzər xaqanı tərəfindən yəhudi (iudaizm) dininin rəsmi din elan edilməsinə baxmayaraq, yəhudilərin sayı müsəlmanlar və xristianların sayından az idi. Odur ki, xaqan onlarla hesablaşmaq məcburiyyətində qalırdı. Bu faktı İbn Hövqəllə yanaşı diğər ərəbdilli müəlliflər də təsdiq edir. Məsələn, Əl-Məsudi yazır: “Əgər müsəlmanlarla xristianlar əlbir olarsa hökmdar onlara müqavimət göstərə bilməzdi” (26, 177). Əl-İstəxri də öz əsərində əhalinin müsəlman, xristian və yəhudilərdən ibarət olduğunu, xaqanın özünün isə yəhudi dinini qəbul etdiyini bildirir (24, 129).
Şübhəsiz, iudaizmin xaqan və hakim dairələr tərəfindən rəsmi din elan edilməsi ölkədaxili siyasi həyata təsirsiz qalmadı və digər din tərəfdarlarının narazılığına səbəb oldu.
Xəzər xaqanlığında iudaizmin rəsmi din elan edilməsi müəyən obyektiv və subyektiv fatorlarla bağlı idi. Belə ki, VII-VIII əsrlərdə Yaxın və Orta Şərq iki imperiya – Bizans və Ərəb Xilafəti arasında bölünmüşdü. Həmin dövrdə Xəzər xaqanlığı onlardan heç də geri qalmayan üçüncü qüvvə idi. Unutmaq olmaz ki, Xəzər xaqanlığı həmin dövrün iki başlıca dininn daşıyıcıları olan xristian Bizans imperiyası və müsəlman Ərəb xilafəti ilə bu və ya digər şəkildə sıx təmasda idi. Bu zaman Xəzər xaqanlığına məxsus ərazilərdə müsəlman və xristianların sayı artmaqda idi. Şamanizm bu dinlər qarşısında öz mövqeyini əldən verirdi. Diğər tərəfdən Ərəb xilafətində xəlifə həm də dini başçı idi. Xəzər xaqanı isə belə bir mənəvi qüdrətdən məhrum idi. Xəzər xaqanlığının hakim dairələri belə hesab edirdilər ki, Bizansdan xristian dininin, yaxud da Ərəb xilafətindən İslam dininin rəsmi dövlət dini kimi qəbul edilməsi Bizans imperatorunun və ya Ərəb xəlifəsinin hakimiyyətini qəbul etmək anlamına gələrdi. Bu isə xaqanlığın öz istiqlaliyyətini itirməsi ilə nəticələnə bilərdi. Ona görə də Xəzər xaqanlığının hakim dairələri öz xaqanları ilə birlkdə üçüncü yolu seçdilər. Yəni, onlar həm xristianların, həm də müsəlmanların ehtiram bəslədiyi yəhudi dinini qəbul etdilər. Bununla da dini baxımdan onlardan hər hansı birindən asılılığa yol vermədilər. Beləliklə, iudaizmin qəbul edilməsi həm də siyasi məqsəd güdürdü.
Beləliklə, aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlmək olar ki, xəzərlər türk xalqalrından biri omuşdur. Onların dili türk dillərinin qərb qrupuna daxil olan indiki çuvaş dilinə yaxın idi. Xəzərlərin böyük əksəriyyətinin müsəlman və xristian olmasına baxmayaraq dövlətin əsas rəsmi dini iudaizm olmuşdur.
Bəzi məlumatlara görə, Göytürk döləti zəifləyəndən sonra Qərbi Göytürk tayfalarından olan sabarlar, uğurlar və onoqurlar müttəfiq oldular və xəzərlərlə birlikdə özlərinin “Xəzər” adlı ittifaqlarını yaratdılar (18, 850; 36, 569). Göytürk dövləti dağıldıqdan sonra isə uğurlar və onoqurlar xəzərlərdən ayrılıb Onoqur-Bulğar dövləti yaratdılar. Bu zaman xəzərlər də öz dövlətlərini – Xəzər xaqanlığını yaratdılar. VII-X əsrlərdə mövcud olmuş bu dövlət təkcə xəzərləri deyil, onların hakimiyyəti altında olan digər türk xalqlarını da təmsil edirdi. Z.V.Toğan öz xaqanlıqlarını yaradan xəzərləri qədim türk dövlətçilik ənənələrini saxlayan bir xalq hesab edir (22, 103).
Ərəbdilli müəlliflərdən Əl-Bəlazuri, Ət-Təbəri, İbn Fədlan, Əl-İstəxri, Əl-Məsudi, İbn Rusta, İbn Hövqəl və başqaları xəzərlərin mənşəyi, dili və dini, onların Azərbaycan torpaqlarına yürüşləri haqqında maraqlı məlumatlar verirlər. İbn əl-Fəqihin əsərində belə bir məlumata rast gəlirik: “Türklər Kufəni, xəzərlər əl-Cəzirəni, bizanslılar isə Şamı ələ keçirəcəklər” (9, 23). Göründüyü kimi, burada da müəllif xəzərləri diğər türk xalqlarından fərqləndirir. Lakin bəzi ərəb müəllifləri, o cümlədən Əl-Bəlazuri və Ət-Təbəri onlardan həm “xəzərlər”, həm də “türklər” adı altında bəhs etmişlər. Ət-Təbəri 363-cü ildə Sasanilərlə Roma arasındakı müharibədə xəzərlərin Roma ordusunun tərkibində vuruşduğunu yazır. Lakin bəzi tədqiqatçılara görə bu fakt sonralar ərəb tarixçiləri tərəfindən əlavə edilmişdir (36, 564).
Sasani şahı I Xosrov Ənuşiravanın həyatına həsr olunmuş və pəhləvi dilində yazılmış bir mənbədə 561-ci il hadisələrindən bəhs edilərkən xəzərlərin adı çəkilir. Burada deyilir ki, Xəzər xaqanlarından biri iki min nəfərlə Sasani şahına sığınmışdır (18, 848; 36, 562-364). İbn Miskəveyh öz əsərində I Xosrov Ənuşirəvanın həyatından da bəhs edir. Ehtimal etmək olar ki, İbn Miskəveyh yuxarıda adı çəkilən həmin əsərdən istifadə etmişdir (28, 106-108). Həmin epizodla bağlı İranda çap olunmuş “Yaddaşt-e Xosrov-e əvvəl” adlı mənbədə deyilir ki, Xəzər türkləri 568-ci ildə Sasanilər qarşısında bir sıra tələblər irəli sürmüşlər. Buradan məlum olur ki, həmin dövrdə xəzərlər artıq Şimali Qafqazda yaşayırdı və Azərbaycan torpaqlarında məskunlaşmaq istəyirdilər (36, 567).
İbn Hövqəlin Xəzər xaqanı ilə bağlı verdiyi bir məlumat xəzərlərin etnik mənsubiyyəti baxımdan xüsusilə, maraqlıdır. O yazır ki, əgər təhlükəli bir hadisə və yaxud müharibə baş verərsə xaqanı elə bir yerə aparırlar ki, qonşuluqda yaşayan türklərdən heç kəs onu görə bilməsin (27, 395). Buradan belə nəticəyə gəlmək olar ki, müəllif xəzərləri ətraf ərazilərdəki digər türk xalqlarından fərqləndirir. Ümumiyyətlə, İbn Hövqəl xəzərlərin etnik mənsubiyyəti və dili ilə bağlı məsələlərdə qətiyyətli deyil. Digər ərəb müəllifləri də xəzərləri başqa türk xalqlarından fərqləndirir. Belə ki Ət-Təbəri xəzərlər və türklər anlayışından dəfələrlə ayrı-ayrılıqda bəhs etmişdir (25, 101-128). Digər ərəb müəllifi Əd-Dinəvərinin əsərində də belə hallara rast gəlinir. O xalqları sadalayarkən xəzər və türklərin adını ayrı-ayrılıqda çəkir (23, 2).
Bəzi ərəbdilli müəlliflər sabir türklərindən də bəhs edir və onları xəzərlərlə eyniləşdirirlər. Məsələn, Əl-Məsudiyə görə xəzərlərə türk dilində “sabirlər”, fars dilində “xəzaran” (xəzərlər) deyirlər (26, 74).
Doğan Avçıoğlu yazır ki, Mahmud Qaşğari xəzərləri və sabirləri eyni xalq sayırdı (18, 849). O, belə hesab edir ki, sabirlər və xəzərlər əvvəlcə ayrı-ayrı xalqlar olmuşlar. Lakin sonralar sabirlər xəzərlər içərisində əriyərək yox olmuşdur. Suriya mənbələrində VI yüziliyin ortalarında xəzərlər və sabirlərdən Şimali Qafqazada yaşayan 12 xalq arasında ayrı-ayrılıqda bəhs edilir (18, 848). İbrahim Qəfəsoğlu xəzərləri sabir türklərinin davamçıları hesab edir (21, 146).
Kollektiv əməyin məhsulu olan üç cildlik Azərbaycan tarixinin müəllifləri də belə hesab edir ki, sabirlər xəzərlərlə qohum idilər və sonralar xəzərlər adlandılar (1, 112). S.S. Əliyarlının fikrincə, suvarlar Güney Qafqazda Onoqur hunlarını əsgəri birliyini çökdürərək onun yerini tutmuşdular. Suvarların V-VI yüziliklərdə Azərbaycanın ərazisinə gəlməsindən heç yüz il ötməmiş Qafqzın quzey ətəklərində hakimiyyət xəzərlərə keçdi (4, 42-43).
Bizans mənbələrində sabirlər sabar hun və hun adlandırılır. Erməni mənbələri də onları bir sıra hallarda hunlar adı altında təqdim edirlər. Lakin unutmaq olmaz ki, sabirlər məhz hun toplumunun təsiri altında Qafqazın şimalından cənuba doğru sıxışdırılmışlar. Bəzi mülahizələrə görə sabirlər V əsrin II yarısında Aral gölü ətrafında yaşayırdılar və bir qədər sonra Qərbi Sibir və Şimali Qafqazın qərbində böyük nüfuz qazandılar. Hətta güman edilir ki, onlar öz adalarını da həmin əraziyə (Sibirə) vermişlər .
Bizans və ərəb mənbələri sabirlərin və xəzərlərin Azərbaycan torpaqlarına yürüşləri haq-qında ətraflı məlumat verirlər. Sabirlər Qafqaz bölgəsinə gələndə həmin bölgədə nüfuz üstündə mübarizə aparan Bizan və Sasanilərlə müyyən münasibətlər qurmalı oldular. Onlar hətta muzdlu döyüşçülər kimi gah bu, gah digər tərəfdən çıxış etməyə başladılar.
Sabirlərin Azərbaycan ərazisində Sasanilərlə ilk qarşılaşması VI əsrin əvvəlinə, I Qubadın hakimiyəti dövrünə təsadüf edir. Belə ki, 503-cü ildə Sasanilər Bizans ərazisinə daxil olanda Bizans sabirləri Sasani nüfuz dairəsi olan Azərbaycan torpaqlarına yürüşə təhrik etdi. Bu yürüş Dəryal keçidi vasitəsilə həyata keçirilmişdir. Bu zaman sabirlərin başçısı Ambazuk adlı bir şəxs olmuşdur. Bir müdət burada qalan Ambazuk 506-cı ildə I Qubadla yenidən qarşılaşdı. Lakin az sonra onun oğlanları I Qubadla yaxınlaşdılar və mövqelərini dəyişərək Bizansa qarşı çıxdılar. Mənbələr sabirlərin 515-cı ildə Cənubi Qafqaza başqa bir hücumundan xəbər verir (36, 573). Sabirlər 527-ci ildə Bizansa qarşı Sasanilərə yardım etdilər. Lakin 531-ci ildə Bizans imperatoru onları yenidən öz tərəfinə çəkə bildi. I Xosrov Ənuşiravan 545-ci ildə sabirlərə güclü zərbə vurdu və onları Dər-bəndən şimal qovdu. Sabirlərə son zərbəni isə 576-da Bizans vurdu. Lakin onların bir hissəsi Kür sahilində məskən saldı və onların digər qalıqlar xəzərlərin yaratdığı ittifaqa daxil oldu.
Yuxarı deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki tədricən xəzərlərin hakimiyəti altına düşən sabirlər onlarla qaynayıb-qarışdılar və assimlyasiyaya uğradılar. Belə ki, VI əsrin sonundan etibarən mənbələrdə onlardan demək olar ki, ayrıca bir xalq kimi bəhs olunmur.
Beləliklə, ərəblərin gəlişi ərəfəsində Azərbaycanın şimalı sabirlərin deyil, xəzərlərin hakimiyəti altında idi. Ət-Təbəri yazır: “ Sasanilər dördüncü sepəhbudu “Azərbaycan və ona qonşu ərazilərin, yəni Xəzər topraqları sepəhbudu “ adlandırırlar (36, 575).
Bəzi məlumatlara görə xəzərlərin Azərbaycana torpaqlarına hücumları VI əsrin əvvəllərindən başladı. İnayətullah Rza yazır: “Xəzərlər I Xosrov Ənuşirəvanın, IV Hörmüzun, II Xosrovun, II Qubadın (Şiruyə) dövründə sasanilərlə vuruşdular. Onlar hətta Sasnilər dövlətinin süqutuna qədər türklərlə və rumlularla (Bizansla) çiyin-çiyinə Sasani orduları ilə vuruşdular” (32, 73). Bu zaman xəzərlər dəfələrlə Cənubi Qafqaza hücum etdilər. Onlar bu yürüşlərin birində hətta bütün Azərbaycanı ələ keçirərək Həmədana qədər gəlib çıxdılar (35, 22; 36, 576). I Xosrov Ənuşirəvan bütün Azərbaycanı və Cənubi Qafqazı onlardan geri almışdı, xəzərləri və türkləri Dərbəndin o tayına qovmuşdu. Lakin I Xosrov Ənuşirəvandan sonra onlar yenidən fəallaşdı və IV Hörmüz zamanında (575) Dərbənddən Azərbaycana daxil oldular.
Xəzərlər VI-VII əsrlərdə dəfələrlə Azərbaycana hücum etdilər. VII əsrin əvvəllərində Xosrov Pərvizin dövründə sonuncu Sasani-Bizans müharibəsi (603-628) baş verdi. Bu zaman Bizansa yardım edən xəzərlər Sasanilər üzərində qələbədə mühüm rol oynadılar. Sasani nüfuz dairəsində olan torpaqlara daxil olan xəzərlər bütün Şimali Azərbaycanı tutaraq cənuba doğru irəlilədilər. 628-ci ildə bağlanan Bizans-Sasani müqaviləsinə görə Azərbaycan torpaqları Sasanilərin nüfuz dairəsində qalmalı idi. Lakin bu zaman xəzərlər Azərbaycanın şimal torpaqlarını tərk etmədilər. Türkdilli xəzərlər ərəblərin gəlişinə qədər burada qaldılar. Kürün hər iki sahilində möhkəmlənmiş xəzərlər bir əsrə qədər burada qaldılar. Bu zaman onların paytaxtı Bələncər olsa da Qəbələ ikinci paytaxtı hesab olunurdu. Əl-Bəlazuri bu münasibətlə yazır ki, “ərəblərin Qəbələ adlandırdığı qədim Arranın paytaxtı Kulək Xəzəran da adlanırdı (36, 580). Təsadüfi deyil ki, ərəblər Qəbələ şəhərini həm də Xəzər adlandırırdılar. Qəbələ bölgəsində xəzərlər özlərinə doğma olan və çoxdan buralarda sakin olmuş sabirlərə rast gəldilər (1, 112).
Ərəb xilafəti orduları Azərbaycan torpaqlarına qədəm qoyduqdan sonra uzunmüddətli Ərəb-Xəzər müharibələri başladı (3, 105-113; 10, 163-164). Bu müharibədə Azərbaycan türkləri uzun müddət xəzərlərlə birlikdə ərəblərə qarşı vuruşdular. Nəticə etibarı ilə Azərbaycan türkləri və onların tərkibində xəzərlərin bir hissəsi İslamı qəbul etdi. Onların digər hissələri isə ərəblərin zərbələri altında Dərbənd, Xorasan və Tiflis istiqamətində geri çəkilməli oldular.
Xəzərlər öz qüdrətlərinin zirvəsində (VII-VIII əsrlər) müxtəlif inkişaf səviyyəsinə malik olan xalqları öz hakimiyyətləri altına almışdılar. Onlar bu zaman təxminən otuz xalqı ya tam şəkildə özlərinə tabe etmiş, ya da onlaradan xərac almaqla asılı vəziyyətə salmışdılar. Bu bir növ xəzərlərin rəhbərlik etdiyi hərbi konfederasiyanı xatırladırdı. Bu konfederasiyada xəzərlərlə yanaşı bulğarlar, burtaslar, quzlar, hətta macarlar mühüm rol oynasalar da mənbələr onlardan əksər hallarda, yalnız “xəzərlər” adı altında ümumi bir toplum şəkilində bəhs edir. Xəzərlərin tərkibində tez-tez Azərbaycana daxil olan həmin tayfalar uzun müddət Azərbaycanın şimalında qalmaqla yerli türklər içərisində qaynayıb-qarışaraq assimilyasiyaya uğradılar və ümumi şəkildə “türklər” adlanmağa başladılar. Azərbaycanda məskunlaşmış xəzərlər müasir Azərbaycan türk dilinin bəzi dialektlərinin yaranmasında müəyyən rol oynamışlar. Azərbaycan ərazisində Xəzərdağ (Füzuli rayonu), Xəzər-yurd (Ordubad rayonu), Xəzəryaylaq (Lerik rayonu) toponimləri “Xəzər” etnonimini özlərində qoruyub saxlamışlar (5, 204). Xəzərlərin bir qismi isə ərəblərlə uzun müddətli müharibədən sonra Xəzər xaqanlığının zəifləməsi və dağılmasından sonra daha şimala, Volqaboyuna çəkildilər. Nəticə etibarı ilə xəzərlər Azərbaycan türkləri, Şimali Qafqaz və Volqaboyu xalqları ilə qaynayıb-qarışdılar və assimilyasiyaya uğrayaraq tədricən müstəqil xalq kimi tarix səhnəsindən çıxdılar.

 

İstİfadə olunmuş mənbələr və ədəbİyyat

Azərbaycan dilində

1. Azərbaycan tarixi. Üç cilddə. I cild. (Ən qədim zamanlardan Azərbaycanın Rusiyaya ilhaqına
qədər. Bakı: Elm, 1958, 445 s.
2. Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin birinci rübü). Bakı: Elm,
2007, 608 s.
3. Bünyadov Z. M. Azərbaycan VII-IX əsrlərdə. Bakı: Elm, 1989, 334 s.
4. Əliyarlı S. S. Tariximiz açıqlanmamış mövzuları ilə. Bakı: Mütərcim, 2012,
560 s.
5. Qeybullayev Q. Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərnəşr, 1994. 248 s.
6. Vəlixanlı N. M. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı: Elm,
1974, 220 s.
7. Zeynalov F. R. Qədim türk yazılı abidələri. Bakı: 1980.

Rus dilində

8. Артаманов М. И. История Хазар. Л, 1962, 523 с.
9. Асадов Ф. М. Арабские источники о тюрках в раннее средневековье. Баку: Элм, 1993,
202 с.
10. Шамыева Х. Р. Хазаро-арабские войны в VIII столетие и Азербайджан // актуальные проблемы истории Кавказа (Материалы международной конференции, посвященной 100-летию со дня рождения профессора Р.М.Магомедова). Махачкала, 2010, с.163-164.
11. Бартольд В. В. О письменности у хазар. Сочинения. Т. 5. М., 1968.
12. Бартольд В. В. Хазары. Сочинения Т. 5. М., 1968.
13. Гумилев Л. Н. Древняя Русь и Великая Степь. М., 1989.
14. Заходер Б. Н. Каспийский свод сведений о Восточной Европе. Горган и Поволжье в IХ-Х
вв. М., 1962.
15. Ковалевский А. П. Книга Ахмеда ибн-Фадлана о его путешествии на Волгу в 921-922 гг.
Статьи, переводы и комментарии. Харьков, 1956.
16. Коковцов П. К. Еврейско-хазарская переписка в Х в. Л., 1932.
17. Марр Н. Я. Избранные работы. Т. 5. М.-Л., 1935.

Türk dilində

18. Avcıoğlu D. Türklerin tarihi. C 1-5. İstanbul. 1978-1986.
19. Bartold V. V. Orta Asya türk tarihi hakkında dersler. Yayına hazırlayanlar Kazım Yaşar
Kopraman və Afşar İsmail Aka. Ankara. 1975.
20. Caferoğlu A. Türk dili tarihi. C.1.İstanbul. 1970.
21. Kafesoğlu İ. Türk milli kültürü. Ankara. 1977.
22. Toğan Z. V. Ümumi türk tarihine giriş. C.1. En eski devirlerdən 16. Asra ka-dar. 3. Baskı.
İstanbul. 1981.
Ərəb dilində

23. Əl-əxbar ət-tival, təlif Əbi Hənifə Əhməd bin Davud Əd-Dinəvəri. Əl-təbət-ul-əvvəl. Əl-
Qahirə.1960.
24. Əl-məsalik va-l-məmalik, təlif Əbi İshaq İbrahim bin Məhəmməd Əl-Farisi Əl-İstəxri. Əl-
Qahirə. 1381.
25. Ət-Təbəri. Tarix ər-rusul va-l-muluk, İsnə aşar cüz. Əl-Qahirə, əl-mətbət əl-Hüseyniyyə.
26. Əl-Məsudi. Muruc əz-zəhəb, əl-təbət əl-Misriyyə, sənə 1303.
27. Kitab surət əl-ard, təlif Əbu-l-Qasim ibn Hovqəl əl-Nəsibi, Əl-təbət əs-saniyə, əl-qism əl-sani,
təbə fi mədinət Leyden bimətbət Bril, sənə 1939.
28. İbn Miskəveyh. Təcarib əl-uməm. Oksford.1921.
29. İbn əl-Əsir. Əl-kamil fi-t-tarix, əl-cüz əs-samin. Leyden. 1876-1881.
30. İbn Nədim. Kitab əl-fihrist. Leybzic, 1871.

 

Fars dilində

31. İmperatoriy-e səhranəvərdan., Rene Kruse, tərcüme və təshih Əbd əl-Hüseyn Mikdəh, Tehran,
1353.
32. İran və turkan dər ruziqare Sasaniyan, İnayətullah Rza, Tehran. 1365.
33. İrane bastan, Həsən Pirniya, cilde sevvom. Tehran. 1341.
34. Qozideye məqalate təhqiqi, V.V.Bartold, tərcümeye Kərim Kəşavərz. Tehran. 1358.
35. Artur Kastler. Xəzaran, tərcümeye farsi. Tehran. 1361.
36. Rəhim Rəisniya. Azərbaycan dər seyre tarixe İran, bəxşe əvvəl. Təbriz.1368.

İngilis dilində

37. Dunlop D. M. The History of the Jewish Khazars. Princeton, 1954, p. 30-31.
38. Koestler A. The Thirteenth tribe. The Khazar Empire and its heritage. London. 1976.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM