Regionun enerji təhlükəsizliyində Azərbaycanın rolunun güclənməsi: Cənubi Qafqaz Boru Kəməri

10:07 / 04.08.2015

Ərəstun Mehdiyev

Tarix üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan neftinin dünya bazarına çıxarılması ilə yanaşı, zəngin qaz ehtiyatlarına malik olduğu ehtimal edilən “Şahdəniz” perspektiv strukturunun kəşfiyyatı sahəsində intensiv işlər aparılırdı.
Kəşfiyyatına 1996-cı ilin oktyabrında başlanılmış “Şahdəniz”in karbohidrogen potensialı ilə bağlı müxtəlif fikirlər söylənilirdi. Layihənin operatoru olan “BP Eksploreyşn (“Şahdəniz”) LTD” şirkətinin prezidenti M.Şerman hələ 1996-cı ilin noyabrında bildirirdi ki, “Şahdəniz” indi düşünüldüyü kimi, qaz-kondensat yatağı deyil, başlıca olaraq neft yatağıdır” (3).
Bununla belə, kəşfiyyat dövründə mütəxəssislər yatağın perspektivi ilə bağlı yekdil fikirdə deyildilər. Məhz buna görə, 1997-ci il martın 5-də Prezident Heydər Əliyevlə keçirilən görüşdə “Şahdəniz” layihəsi üzrə görülən işlər barədə məlumat verən M.Şerman qeyd etdi ki, “indiki halda böyük mübahisə gedir və heç kim əmin deyil ki, bu, qaz, yoxsa neft yatağı olacaqdır” (1, səh.285). Amma hər bir halda burada böyük karbohidrogen ehtiyatları yatağının açılacağına möhkəm əminlik var idi.
Birinci quyuda 1998-ci ilin noyabr ayında başlanmış qazma işləri 1999-cu ilin mayında 6316 metr dərinliyə çataraq, məhsuldar layları açdı. Həmin il iyulun 12-də “Şahdəniz” yatağında əldə edilmiş nəticələrin Prezident Heydər Əliyevə təqdimat mərasimində konsorsiumun rəhbəri “BP-AMOKO Eksploreyşn, Azərbaycan” şirkətinin prezidenti E.Hopvud bildirdi ki, “müqavilə sahəsində iri, dünya əhəmiyyətli qaz-kondensat yatağı tapılmışdır” (12). O, dəqiq rəqəm söyləməkdən çəkinsə də, yatağın 700 milyard kubmetrdən artıq karbohidrogen ehtiyatlarına malik olduğunu əminliklə qeyd etdi. Konsorsium prezidentinin fikrincə, ehtiyatların göstərilən həcmi “Azərbaycandan qaz ixracı məsələsinə ciddi yanaşmaq lazım gəldiyini bir daha sübut edirdi”.
Xarici mütəxəssislər “Şahdəniz”in potensialını təmkinlə qiymətləndirdikləri halda, Azərbaycan geoloqları daha optimist mövqe tuturdular.ARDNŞ-in vitse-prezidenti X.Yusifzadə həmin yatağın bir trilyon kubmetrdən artıq ehtiyatlara malik olduğunu təsdiq edirdi (12).
Beləliklə, Xəzərin Azərbaycan sektorunda nəhəng qaz-kondensat yatağının kəşf edilməsi ölkənin neft-qaz sənayesində yeni mərhələnin əsasını qoydu.İndiyə qədər neft mədənləri ilə tanınan Azərbaycan həm də qaz ixracatçısına çevrilirdi.
Təsadüfi deyil ki, Prezident Heydər Əliyevlə həmin görüşdə qaz ixracı sahəsində məsələlərin həllinə başlamaq barədə danışan “Şahdəniz” konsorsiumunun rəhbəri daha münasib bazar kimi, Azərbaycana coğrafi baxımdan yaxın və qaza olan tələbatı getdikcə artan Türkiyəni görürdü. Yataqdakı işlərin perspektivi qazın ixrac olunacağı bazarın müəyyənləşməsindən və həmin ölkə ilə danışıqların gedişindən asılı olacaqdı.
Prezident Heydər Əliyev iclasda Nazirlər Kabinetinə qaz ixracı ilə bağlı məsələlərin kompleks şəkildə həll olunması üçün təkliflərin hazırlanması barədə tapşırıq verdi. O, həm də qaz boru kəmərinin Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə çəkilməsinə dair mövqeyini ifadə etdi. Bununla da Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün konkret tədbirlərin həyata keçirilməsinə başlandı.
Qeyd etmək lazımdır ki, “Şahdəniz” layihəsinin icra olunması qısa müddətdə Azərbaycanın sosial-iqtisadi inkişafına nəzərəçarpacaq töhfə vermişdi. Belə ki, nəhəng qaz –kondensat yatağının kəşf edilməsi ilə yanaşı, 2,5 il ərzində xarici şirkətlər tərəfindən layihəyə 367 milyon ABŞ dolları investisiya yönəldilmişdi. Həmin kapitalın 105 milyon dolları Azərbaycan şirkətlərinə və onların iştirak etdiyi müştərək kompaniyalara sərmayə kimi yatırılmışdı (12).Yəni qeyd olunan investisiyalar Azərbaycanın dövlət büdcəsinə gəlir vermiş, vətəndaşların məvaciblərinin ödənilməsinə və sosial rifahın yaxşılaşdırılmasına xidmət etmişdir.
“Şahdəniz” qaz-kondensat yatağının kəşf edilməsindən dərhal sonra Azərbaycan Prezidentinin sərəncamı ilə qaz ixracı məsələlərinin həlli ilə məşğul olacaq işçi qrupu yaradıldı. Azərbaycan hökumətinin, Dövlət Neft Şirkətinin və xarici neft kompaniyalarının nümayəndələrindən ibarət olan işçi qrupunun qarşısına ixrac boru kəmərinin marşrutu və qaz nəqlinə dair tranzit ölkələrlə danışıqların aparılması, müvafiq təkliflərin hazırlanması vəzifəsi qoyulmuşdu (13).
Qazın alqı-satqısı və ixrac boru kəmərinin çəkilişi ilə bağlı məsələlərin tezliklə həll olunması və “Şahdəniz” yatağından ilkin qazın hasilatına 2002-2003-cü illərdə başlanılması nəzərdə tutulurdu (14).
Lakin qarşıya qoyulan vəzifələri planlaşdırılan qrafikə uyğun həll etmək mümkün olmadı.Çünki satış bazarı müəyyən olunmadan qaz hasilatına başlamaq mümkün deyildi.Azərbaycan qazının satışı üçün əsas bazar kimi seçilən Türkiyə ilə danışıqlar heç də asan getmirdi. Çətinliklər isə Türkiyənin Türkmənistanla 16 milyard kubmetr qazın alınmasına dair imzaladığı müqavilədən doğurdu. Türkmən qazının Transxəzər boru kəməri ilə Azərbaycan ərazisindən Türkiyəyə nəqli nəzərdə tutulurdu.“Şahdəniz” qaz yatağı kəşf edildikdən sonra isə Azərbaycan yalnız tranzit ölkə rolunu oynamaq istəmirdi.Buna görə də həmin boru kəməri ilə öz qazını ixrac etmək üçün onun ötürücülük imkanlarının yarısına iddialı idi (8; 2).
Lakin Türkmənistan Azərbaycanın təkliflərini qəbul etmədi.Milli maraqlarını qoruyan Azərbaycan isə əlverişli satış bazarı olan Türkiyəni güzəştə gedə bilməzdi.Buna görə də öz maraqları nəzərə alınmadan Transxəzər boru kəmərinin çəkilməsinə razılıq vermədi (9).Bununla da Türkmənistan qazının Xəzər dənizinin dibi ilə Türkiyə və Avropa ölkələrinə ixrac edilməsi ideyasının gerçəkləşməsi təxirə salındı və yaxın gələcəkdə onun həyata keçirilməsi real görünmür.
Azərbaycanın ardıcıl mövqeyi Türkiyə ilə danışıqlarda irəliləyişin əldə olunmasına gətirib çıxardı. Nəhayət, 2001-ci il martın 12-də Ankarada “Şahdəniz” yatağından hasil edilən qazın Türkiyəyə ixracına dair müqavilə imzalandı (9). ARDNŞ və “Botaş” arasında imzalanmış müqavilənin şərtinə görə, ixrac olunan qazın qiyməti satış dövründə neft məhsullarının dünya bazarındakı cari qiymətlərindən asılı olaraq müəyyənləşdirilirdi.Həmin prinsipə görə, müqavilə imzalandığı vaxtda hər min kubmetr qazın qiyməti 100 dollardan çox idi.Ümumiyyətlə isə qiymətin 70-120 dollar çərçivəsində dəyişməsi gözlənilirdi.
Müqaviləyə əsasən, Azərbaycandan Türkiyəyə 2004-cü ildə 2 mlrd.kubmetr, 2005-ci ildə 3 mlrd. kubmetr, 2006-cı ildə 5 mlrd. kubmetr və 2007-2018-ci illərdə hər il 6,6 mlrd. kubmetr qaz satılması nəzərdə tutulurdu. Qazın bu həcmdən artıq hissəsini ARDNŞ digər ölkələrə ixrac edə bilərdi (9).
“Şahdəniz” yatağında davam etdirilən kəşfiyyat işləri onun potensialının daha böyük olduğunu göstərir və müəyyən edilən planların yerinə yetirilməsinə inamı artırırdı.“BP/AMOKO”-dan hələ 2000-ci ilin aprel ayında verilən məlumata görə, ikinci sınaq quyusunun yoxlama nəticələri yataqda karbohidrogen ehtiyatlarının xeyli yüksələcəyini təsdiq etmişdi (15).
Xarici şirkətlər dəqiq rəqəm söyləməkdən çəkinsələr də, Azərbaycan Prezidenti Heydər Əliyev bir neçə ay sonra daha dəqiq məlumatlara əsaslanaraq, “Şahdəniz”in ehtiyatlarının bir trilyon kubmetrdən çox qaz hasil olunmasına imkan verdiyini bildirmişdi (4).
“Şahdəniz”in istismarının birinci mərhələsini əhatə edən proqram üzrə qaz hasilatına başlamaq üçün ixrac boru kəmərinin çəkilməsi və tranzitlə bağlı digər məsələlərin həll olunması vacib idi.Türkiyə ilə müqavilə imzalandıqdan sonra Gürcüstanla danışıqlar aparılırdı.Həmin danışıqların 2001-ci ilin ortalarına qədər uğurla nəticələnəcəyi təqdirdə, “Şahdəniz” layihəsinin birinci mərhələsinin icrasına dair qərarın noyabr ayında veriləcəyi gözlənilirdi. Bu mərhələdə 2,7 milyard dollar investisiya qoymağı planlaşdıran konsorsium “Şahdəniz” yatağından ilk qazın 2004-cü ilin sonunda Türkiyəyə çatdırılmasını nəzərdə tuturdu (16).
Lakin Gürcüstan ilə danışıqlar bəzi çətinliklərlə müşayiət olunurdu. BTC neft boru kəməri ilə tranzit tariflərinin müzakirəsində olduğu kimi, Cənubi Qafqaz Boru Kəməri ilə qaz nəqlinin tarifləri məsələsində də Gürcüstan hökuməti maksimum tələblər irəli sürür, problemlərə kompleks yox, yalnız öz mənafeləri prizmasından yanaşırdı. Eyni zamanda bəzi beynəlxalq maliyyə qurumları da Gürcüstana hər min kubmetr qaz üçün minimum beş dollar tranzit tarifi müəyyənləşdirməyi təklif edərək, razılaşmanın əldə olunmasına əngəl yaradırdılar (2).
Amma danışıqların pozulmasına yönəlmiş bu təklifləri Gürcüstan əsaslandıra bilmirdi.Belə ki, boru kəməri Gürcüstanın deyil, Azərbaycanın hesabına tikilməli idi.Buna görə də həmin boru xətti, məsələn, Ukraynadakından fərqli olaraq, tranzit ölkənin mülkiyyəti sayıla bilməzdi.Belə halda dünya təcrübəsinə əsaslanan Azərbaycan tranzit tarifinin 2-3 dollar çərçivəsində müəyyənləşməsini haqlı hesab edirdi.
Digər tərəfdən, Azərbaycana təzyiq göstərmək istəyən dairələr Türkiyə ilə Rusiya arasında imzalanmış sazişə görə inşasına başlanılmış “Mavi axın” qaz kəmərinin rolunu şişirtməyə çalışırdılar. Lakin Azərbaycanın öz mövqelərini qorumaq üçün manevr imkanları var idi.Belə ki, ARDNŞ həmin dövrdə Azərbaycanın ildə idxal etdiyi 4 mlrd.kubmetr qazın alınmasını dayandıraraq 2007-ci ilə qədər ölkənin daxili tələbatının “Şahdəniz” qazı hesabına təmin olunması təklifini irəli sürdü (2). Həmin vaxt ərzində alternativ variantların, o cümlədən İran marşrutunun müzakirəsi və müvafiq qərarın qəbul edilməsi istisna olunmurdu.
Layihənin həyata keçirilməsi ilə bağlı işlərin ləngiməsi Azərbaycanla yanaşı, Gürcüstanın da mənafelərinə uyğun deyildi.Eyni zamanda, layihənin iqtisadi səmərəliliyini də qorumaq vacib idi. Buna görə də Azərbaycan min kubmetr qazın nəqlinə 2,5 dollar və hər beş ildən bir inflyasiya nəzərə alınmaqla tarifə düzəlişin olunmasını son təklif kimi təqdim etdi (2).
Danışıqlar gözlənildiyindən uzun sürsə də, reallıqlar üstün gəldi. Nəhayət, 2001- ci il sentyabrın 29-da Bakıda Azərbaycan Respublikası ilə Gürcüstan arasında Cənubi Qafqaz Boru Kəməri ilə təbii qazın Gürcüstan ərazisindən tranziti və satışı haqqında saziş imzalandı (6).
Həmin sənədə görə, hər min kubmetr qaz üçün 2,5 dollar tranzit haqqı və inflyasiyaya uyğun beş ildən bir tənzimləməyə dair Azərbaycanın təklifi qəbul edilirdi. Əlavə olaraq, Gürcüstan ildə 500 mln.kubmetrdən çox olmayaraq qaz almaq hüququ qazanırdı. Qazın qiyməti tam razılaşdırılmasa da, 50 dollardan baha olacağı nəzərdə tutulurdu (2).
Beləliklə, gərgin keçən uzun danışıqlar prosesi başa çatdı.Müxtəlif maneələrə baxmayaraq, Azərbaycan öz mənafelərini və layihənin iqtisadi səmərəliliyini qorudu.Bununla da Azərbaycan qazının xarici bazarlara ixracı üçün hüquqi-normativ baza yaradıldı.Razılaşmaların praktiki müstəvidə həyata keçirilməsi üçün fəaliyyət dövrü başlanırdı.
Onu da qeyd etmək lazımdır ki, həmin dövrdə Azərbaycanın enerji layihələrinin həyata keçirilməsinə ABŞ hökuməti ciddi siyasi dəstək verirdi. Bu baxımdan 2001-ci ilin may ayında ABŞ hökumətinin qəbul etdiyi “Milli enerji siyasətinə dair doktrina” mühüm əhəmiyyət kəsb edirdi. Prezident C.Buşun sərəncamı ilə hazırlanmış həmin sənəddə Xəzər regionunun, o cümlədən Azərbaycanın neft-qaz ehtiyatlarının işlənilməsi məsələlərinə xüsusi diqqət yetirilir.
Doktrinada qeyd olunur ki, sübut olunmuş neft ehtiyatları 20 mlrd.barrelə çatan Azərbaycan və Qazaxıstan öz karbohidrogen potensialına görə Şimal dənizini bir az üstələyir, lakin ABŞ-dan isə bir o qədər geri qalır. Davam edən kəşfiyyat işləri bu ehtiyatların xeyli artacağını göstərir.
Sənəddə ABŞ Prezidentinə tövsiyə olunur ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə yanaşı, Türkiyə və Gürcüstanın müxtəlif mənbələrdən qazla təchiz olunmasını, o cümlədən “Azərbaycana öz qazını ixrac etməkdə kömək göstərilməsi üçün “Şahdəniz” qaz kəmərinin inkişafına dair özəl investorların və hökumətlərin səylərini dəstəkləsin” (5).
Xəzər regionunu Avropanın alternativ qaz mənbəyi kimi qiymətləndirən doktrinada ABŞ hökumətinə tövsiyə olunurdu ki, bu imkanlardan faydalanmaq məqsədilə Yunanıstan və Türkiyəni öz qaz kəmərləri sistemini birləşdirməyə təşviq etsin.
Göründüyü kimi, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları və onların işlənilməsində Qərb şirkətləri ilə qarşılıqlı faydalı əməkdaşlığı, habelə Avropanın enerji təhlükəsizliyində getdikcə artan rolu onun tərəfdaşları, xüsusən ABŞ tərəfindən yüksək qiymətləndirilir, hərtərəfli dəstəyin verilməsini şərtləndirirdi.
Layihənin bilavasitə icrasına – hasilat və qaz ixracı mərhələsinə şərait yaradan hüquqi, maliyyə və texniki məsələlərin həllinə gözlənildiyindən çox vaxt tələb olundu.Bu bir daha qlobal beynəlxalq layihələrin gerçəkləşməsinin mürəkkəb, eləcə də müxtəlif obyektiv və subyektiv amillərdən asılı olduğunu göstərir.
2003-cü il fevralın 27-də Bakıda “Şahdəniz” qaz-kondensat yatağının birinci mərhələsinin işlənməsinə başlamaq haqqında qərarın verilməsinə dair sənədlər imzalandı. Birinci mərhələ dövründə yataqdan 178 mlrd.kubmetr qaz və 34 mln. ton kondensat hasilatı planlaşdırılırdı. Proqnozlara görə, həmin dövr ərzində ən yüksək illik hasilat 8,4 mlrd. kubmetr qaz və 2 mln. ton kondensat həcmində olmalı idi (17).
Layihənin birinci mərhələsi çərçivəsində görülən işlərə 3,2 mlrd. dollar sərmayə yatırılması nəzərdə tutulurdu. Göstərilən məbləğin 2,3 mlrd. dolları layihənin işlənmə və hasilat üzrə proqramlarına, 0,9 mlrd. dolları isə nəqletmə sahəsinə yönəldilməli idi (17).
“Şahdəniz”dən hasil olunacaq qazın ixracı üçün Azərbaycandan Gürcüstan ərazisi ilə Türkiyə sərhədinədək Cənubi Qafqaz Boru Kəməri (CQBK) tikiləcəkdi. Uzunluğu 690 km olan boru kəmərinin 442 km Azərbaycan, 248 km isə Gürcüstan ərazisindən keçməli idi.Əsaslı xərclərin və əməliyyat məsrəflərinin azaldılması, habelə ətraf mühitə və sosial sahəyə təsirin mümkün qədər aşağı endirilməsi məqsədilə CQBK-nın BTC neft ixrac boru kəməri ilə eyni dəhlizdə inşa olunması qərara alınmışdı.Qaz boru kəmərinin tikintisini 2004-2006-cı illərdə həyata keçirmək nəzərdə tutulurdu.Tikintinin maliyyələşməsini “Şahdəniz” müqaviləsinin iştirakçısı olan şirkətlərdən ibarət Cənubi Qafqaz Boru Kəməri Şirkəti təmin edirdi.Layihənin texniki operatoru “BP” (tikinti və istismar işləri üzrə), kommersiya operatoru isə “Statoyl” (biznes inkişafı və inzibati işlər üzrə) təyin olunmuşdu (17).
CQBK-nın tikintisinə 2004-cü ilin sonunda başlayan konsorsium işləri sürətlə apararaq, 2006-cı ilin may ayında başa çatdırdı. Elə həmin vaxtdan boru kəmərinin sınaqdan çıxarılması məqsədilə qazla doldurulmasına başlanıldı.“Şahdəniz”də birinci mərhələ üzrə işlər tam yekunlaşsa da, yoxlama prosesi getdiyi üçün hələ də qaz hasil olunmurdu.Buna görə də ləngiməyə yol verməmək üçün boru kəmərinin doldurulmasında AÇG yatağından çıxarılan səmt qazından istifadə edilirdi. CQBK-nın Türkiyə-Gürcüstan sərhədinə qədər doldurulmasına təxminən 0,1 mlrd. kubmetr qaz tələb olunurdu. Azərbaycan qazının dünya bazarlarına çatdırılması isə 2006-cı il sentyabrın sonunda gözlənilirdi (20).
Türkiyə ərazisində tikinti işləri gecikdiyinə görə, boru kəmərinin istifadəyə verilməsi təxirə salındı.Bununla belə, 2006-cı ilin noyabr ayında ARDNŞ-dən verilən məlumatda bildirilirdi ki, Bakı-Tbilisi-Ərzurum boru kəmərinin (CQBK) “Şahdəniz”dən çıxarılan qazla doldurulması prosesi başlanıb. Həmin məlumatda qeyd olunurdu ki, bütün kəmərin tikintisinin 2,9 milyard dollara başa gələcəyi gözlənilirdisə, bu rəqəm 4 milyard dolları ötmüşdür (7). Layihənin bahalanmasının əsas səbəbi kimi, Gürcüstan və Türkiyədə tikinti işlərinin ləngiməsi, materialların qiymətinin artması göstərilirdi.
Ümumi ötürücülük qabiliyyəti 20 mlrd. kubmetr, uzunluğu isə 971 km olan (Azərbaycan hissəsi 443 km, Gürcüstan – 248 km, Türkiyə – 280 km) Cənubi Qafqaz boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Gürcüstandan keçməklə Türkiyənin Ərzurum şəhərində BOTAŞ şirkətinin qaz kəmərləri sisteminə qoşulur (19).
2006-cı ilin noyabrında Səngəçal terminalına ötürülən “Şahdəniz” qazı Bakı – Tbilisi – Ərzurum boru kəməri ilə nəql olunaraq 2007-ci il iyulun 3-də Gürcüstan – Türkiyə sərhədini keçdi (21). Bununla da tikintisi bir il əvvəl başa çatan CQBK 2007-ci ilin iyul ayında tam istifadəyə verildi (19).
“Şahdəniz – 1” proqramı çərçivəsində qaz hasilatının başlanması və CQBK-nın istismara verilməsi həm Azərbaycanın, həm də Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasına əsaslı təsir göstərdi.Belə ki, 2006-cı ilin dekabrında Rusiyanın ixrac etdiyi təbii qazın qiymətini gözlənilmədən nəzərəçarpacaq səviyyədə qaldırması idxalçı ölkələr üçün maliyyə-iqtisadi problemlər yaratmışdı.Həmin dövrdə Azərbaycan Rusiyadan alınan qazı elektrik stansiyalarında istifadə edirdi.Lakin qiymətin kəskin şəkildə dəyişməsi Azərbaycanı öz enerji balansına yenidən baxmağa sövq etdi.“Şahdəniz” qazına güvənən Azərbaycan 2007-ci ildən qaz idxalından imtina edərək, daxili tələbatını öz ehtiyatları hesabına ödəməyi qərara aldı. Hətta həmin ildən başlayaraq Azərbaycan qaz ixrac edən ölkəyə çevrildi (10;11).
Beləliklə, regionun enerji balansını müəyyənləşdirən yeni qaz yatağı və infrastrukturu öz rolunu oynamağa başlayırdı. Bakı-Tbilisi-Ərzurum boru kəmərinin istifadəyə verilməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev qeyd edirdi ki, “bu layihə, bir növ, Bakı-Tbilisi-Ceyhanın kölgəsində idi. Ancaq bu gün hamı görür ki, onun nə qədər böyük strateji əhəmiyyəti var. Nəzərə alsaq ki, xüsusilə indi dünyada və Avropada enerji təhlükəsizliyi məsələləri çox önəm daşıyır, onda görərik ki, Azərbaycan qazının Gürcüstana və Türkiyəyə gətirilməsinin çox böyük strateji əhəmiyyəti var” (18).
“Şahdəniz” yatağının kəşf edilməsi Azərbaycanın zəngin qaz ehtiyatlarına malik olduğunu göstərdi.Aparılan dəqiqləşmələr yatağın minimum 1 trilyon 200 milyard kubmetr qaz ehtiyatlarının olmasını təsdiq etdi.“Azəri – Çıraq – Günəşli” yatağındakı ehtiyatlar da nəzərə alınmaqla artıq 2007-ci ildə ölkənin ümumi qaz ehtiyatları 1 trilyon 500 milyard kubmetrə çatırdı (10).Davam etdirilən kəşfiyyat işləri bu ehtiyatların artacağına böyük inam yaradırdı.
Xəzər dənizinin qaz potensialı Avropa ölkələrinin Azərbaycana marağını daha da artırırdı. Elə həmin dövrdə Gürcüstanın qaz ehtiyaclarının 75 faizini ödəyən Azərbaycan Türkiyə bazarında da tədricən öz yerini tutmağa başlayırdı. Buna görə də təsadüfi deyil ki, 2006-cı il noyabrın 6-da Brüsseldə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı (11). Azərbaycan qazının Avropaya çıxarılmasına şərait yaradan növbəti addım isə 2007-ci ildə Türkiyə və Yunanıstan qazpaylayıcı şəbəkələrinin birləşdirilməsi oldu.Azərbaycandan ixrac olunan mavi yanacaq ilk dəfə olaraq Yunanıstanın qazpaylayıcı sisteminə ötürüldü (11).Bununla da Azərbaycan neftinin ardınca təbii qazının da Avropa bazarlarına çatdırılması perspektivləri genişləndi.
Beləliklə, müqavilənin imzalandığı dövrdə böyük mübahisələr doğuran “Şahdəniz” yatağının proqnozları artıqlaması ilə doğrultması nəinki Azərbaycanın təbii qaza olan daxili tələbatını ödəməyə imkan verdi, hətta ölkənin qaz ixracatçısına çevrilməsini şərtləndirdi. Xarici neft şirkətləri ilə səmərəli əməkdaşlıq, qonşu dövlətlərlə qaz ixrac boru kəmərinin tikintisinə dair qarşılıqlı maraqlara söykənən sazişlərin imzalanması, meydana çıxan problemlərin qətiyyətlə ardıcıl şəkildə həll olunması Bakı – Tbilisi – Ərzurum ixrac boru kəməri kimi strateji layihənin uğurla həyata keçirilməsi ilə nəticələndi.
BTC əsas ixrac neft kəməri ilə paralel və eyni dəhlizdə çəkilməsi Bakı – Tbilisi – Ərzurum marşrutu üzrə uzanan Cənubi Qafqaz Boru Kəmərinin tikintisinə hüquqi, texniki, maliyyə-iqtisadi baxımdan əlverişli şərait yaratdı. Bu layihənin gerçəkləşməsi Azərbaycan, Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyinin güclənməsinə, qarşılıqlı siyasi-iqtisadi əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərdi.
Bakı – Tbilisi – Ərzurum qaz ixrac boru kəmərinin fəaliyyətə başlaması “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinə yol açaraq, Azərbaycan qazının geniş Avropa bazarlarına çıxmasını təmin edən TANAP və TAP kimi strateji layihələrin meydana gəlməsinə təkan verdi və həyata keçirilməsinə mühüm baza yaratdı.

 

QEYDLƏR

1. Heydər Əliyev. Azərbaycan nefti dünya siyasətində. IV kitab, Bakı, 1997.
2. “Azadlıq” qəzeti, 6-8 oktyabr 2001-ci il.
3. “Azərbaycan” qəzeti, 16 noyabr 1996-cı il.
4. “Azərbaycan” qəzeti, 7 iyun 2000-ci il.
5. “Azərbaycan” qəzeti, 20 may 2001-ci il.
6. “Azərbaycan” qəzeti, 30 sentyabr 2001-ci il.
7. “Azərbaycan” qəzeti, 12 noyabr 2006-cı il.
8. “Mülkiyyət” qəzeti, 20-27 iyul1999-cu il;
9. “Mülkiyyət” qəzeti, 25 mart 2001-ci il.
10. “Respublika” qəzeti, 6 iyun 2007-ci il.
11. “Respublika” qəzeti, 30 dekabr 2007-ci il.
12. “Xalq qəzeti”, 13 iyul 1999-cu il.
13. “Xalq qəzeti”, 21 sentyabr 1999- cu il.
14. “Xalq qəzeti”, 27 noyabr 1999-cu il.
15. “Xalq qəzeti”, 22 aprel 2000-ci il.
16. “Xalq qəzeti”, 8 may 2001-ci il.
17. “Xalq qəzeti”, 28 fevral 2003-cü il.
18. “Xalq qəzeti”, 14 iyul 2006-cı il.
19. “Xalq qəzeti”, 20 sentyabr 2014-cü il.
20. Газета “Зеркало”, 22 июля 2006 года.
21. http://arxiv.az/az/az.apa.az/25925/Shahdeniz+qazi+bu+gun+Türkiye+erazisine+catib.

 

"Geostrategiya" jurnalı № 03 (27) MAY-İYUN 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM