Tarix üzrə fəlsəfə doktoru, dosent
Uzun tarixi dövr ərzində Azərbaycanın iqtisadi həyatında mühüm yer tutmuş neft sənayesi müstəqilliyin ilk illərində də aparıcı mövqeyini qoruyub saxlayırdı. Sovet İttifaqının süqutu ərəfəsində tənəzzülə uğramasına baxmayaraq, həm Azərbaycanda, həm də ölkə xaricində neft sənayesinə böyük maraq var idi. Belə ki, Azərbaycan hökuməti iqtisadi böhranın aradan qaldırılmasında neft amilindən yararlanmağa çalışırdısa, xarici şirkətlər Xəzərdəki neft yataqlarına səmərəli kapital yatırımı üçün əlverişli məkan kimi baxırdılar.
Azərbaycan SSR Nazirlər Sovetinin 1991-ci ilin yanvarında keçirdiyi tenderdə Qərbin nəhəng “BP”, “Amoko” və “Yunokal” şirkətləri iştirak edirdilər. “Amoko” tenderi udsa da, “BP”, “Statoyl”, “Yunokal”, “MakDermott” və “Remko” şirkətləri də “Azəri” layihəsində əməkdaşlığa dəvət olundular (20, 195; 15, 132).
Qərb dövlətləri ilə iqtisadi əməkdaşlığın inkişafına çalışan Azərbaycan özünün siyasi maraqlarını da təmin etməyə səy göstərirdi. Belə ki, neft sənayesində əməkdaşlığa dair aparılan danışıqlarda ABŞ şirkətlərinin aparıcı rolunun saxlanılması ilə yanaşı, Avropanın nüfuzlu təmsilçisi Böyük Britaniya və habelə Norveç şirkətlərinə də yer ayrılırdı. Bu isə Qərb ölkələri ilə daha geniş iqtisadi və siyasi əlaqələrin yaradılmasına imkan verirdi. Lakin müstəqilliyin ilk illərində hökm sürən qeyri-sabit daxili vəziyyət Azərbaycan hökumətinə danışıqları başa çatdırmağa mane oldu. 1992-ci ilin martında ölkədə siyasi hakimiyyətin dəyişməsi neft şirkətləri ilə danışıqlar prosesini ləngitsə də, ona son qoymadı. Çünki əməkdaşlığın həyata keçirilməsində bütün tərəflər maraqlı idilər.
Danışıqlar 1993-cü ilin mayına qədər davam etdi. Nəhayət, iyunun 5-də “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının birgə işlənilməsi planı haqqında bəyannamə xarici neft şirkətlərinin nümayəndələrinə təqdim edildi. Bəyannamədə şirkətlərin layihədəki pay bölgüsü müəyyənləşdirilirdi. Təsdiq olunmuş işçi qrafikə uyğun olaraq iyunun sonuna qədər vahid müqavilənin layihəsi hazırlanmalı idi (17).
Razılaşmaya görə, layihədə ARDNŞ-in (SOCAR) payı 30% təşkil edir, qalan 70% isə xarici neft şirkətləri arasında bölüşdürülürdü. (20, 199) Lakin Azərbaycanın gəliri neft şirkətinin layihədəki iştirak payı ilə məhdudlaşmırdı. Müqavilə şərtlərinə görə yataqlardan əldə olunan gəlirlərin 70%-dən çoxu neft ehtiyatlarının qanuni sahibi olan Azərbaycana çatmalı idi (1; 3). Bununla belə, yüksək gəlir faizi hələ nəzərdə tutulan şərtlərin ölkə üçün əlverişli olduğunu deməyə əsas vermirdi. Sonrakı dövrdə SOCAR-ın prezidenti kimi danışıqlarda iştirak etmiş N.Əliyevin fikrincə, müqavilənin əsas zəif cəhəti ondan ibarət idi ki, “layihənin səmərəliliyinə onun dəyərinə və pul göstəricilərinə görə qiymət verilirdi. Bu isə belə kapitaltutumlu və uzunmüddətli layihələrdə real mənzərəni xeyli təhrif edir” (7).
Belə ki, müqavilənin qüvvədə olduğu 25-30 il ərzində baş verən inflyasiya, neft, avadanlıq və s. qiyməti, gəlirlərin tərəflər arasında bölüşdürülməsi nisbəti mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan müqavilədən əldə edilən gəlirlərin pul ilə yox, neftin həcmi ilə ifadə olunması və bu qazancın mümkün qədər tez alınmağa başlanması ölkənin maraqlarına uyğun idi. Müqavilə layihəsinin 1993-cü ilin iyun variantında Azərbaycanın neftlə gəlir payı 62,7 faiz təşkil edirdi. Həm də xarici şirkətlər öz gəlirlərinin çox hissəsini əvvəlki illərdə götürməli idilər (7). Buna görə də sənəddə nəzərdə tutulan şərtlər Azərbaycanın mənafeləri üçün heç də əlverişli hesab edilə bilməzdi.
İyun ayında ölkədə cərəyan edən siyasi proseslər nəticəsində hakimiyyət dəyişikliyinin baş verməsi müqavilənin yekun variantının hazırlanmasına və imzalanmasına mane oldu. 1993-cü il iyunun 24-də Azərbaycan Prezidenti səlahiyyətlərini icra etməyə başlayan Heydər Əliyev xarici neft şirkətləri ilə danışıqların dayandırılması haqqında qərar qəbul etdi (2; 19). Bu qərarın qəbul olunmasının əsas səbəbi müqavilə layihəsində müəyyən çatışmazlıqların və Azərbaycanın mənafelərinə cavab verməyən şərtlərin mövcudluğu ilə bağlı məlumatların daxil olması idi. Məsələnin araşdırılması və layihənin dərindən öyrənilməsi üçün vaxt tələb olunurdu.
Digər tərəfdən, həmin dövrdə Ermənistan silahlı qüvvələrinin Qarabağda yenidən intensiv hücumlara başlaması hərbi vəziyyəti daha da gərginləşdirmişdi. Belə durumda Heydər Əliyev Azərbaycan neftinə maraq göstərən Qərb dövlətlərinin diqqətini cəbhədə yaranmış vəziyyətə yönəltmək və təcavüzün dayandırılması üçün siyasi dəstək almağa çalışırdı.
Qərb dövlətləri öz mənafelərini ön plana çəkərək, müqavilələrin imzalanması prosesini sürətləndirməyə cəhd edirdilər. ABŞ-ın energetika nazirinin müavini U.Uayt Azərbaycana səfəri zamanı Heydər Əliyev ilə keçirdiyi görüşdə “müqaviləyə tezliklə qol çəkilməsi üçün xüsusi protokol gətirdiyini” və ölkəsinin Azərbaycanda “strateji marağının olduğunu” bildirdi. Heydər Əliyev müqavilənin imzalanmasının əleyhinə olmadığını qeyd edərək, öz fikrini açıq və qəti şəkildə ifadə etdi: “Azərbaycanın da Amerikada strateji marağı vardır. Bizi daha çox strateji maraqların nə dərəcədə bir-birinə uyğun gəlməsi düşündürür” (4).
Göründüyü kimi, strateji məsələlərin həllində neft amili mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan dövləti özünün sosial-iqtisadi və siyasi mənafelərinin təmin olunmasında bu amilin üstünlüklərindən maksimum yararlanmağa səy göstərirdi.
Danışıqların davam etdirilməsi məqsədilə Azərbaycan tərəfi beynəlxalq ekspertlər qrupu yaratdı. Qrupa ABŞ, Kanada və Avropa ölkələrindən mütəxəssislər cəlb edildi. Bakıda və Londonda neft şirkətləri ilə aparılmış danışıqlar noyabrda başa çatdı.
Müqavilənin tezliklə imzalanmasına böyük maraq göstərən xarici şirkətlər müstəqil ekspert qrupu ilə memorandum imzalayaraq, onun rəyini qəbul etdiklərini təsdiqləyir və eyni zamanda, bu layihənin də imzalanmayacağı təqdirdə Azərbaycanı tərk edərək danışıqları dayandıracaqlarını bildirirdilər. Bununla da xarici şirkət nümayəndələri Azərbaycanın mövqeyinə təsir göstərməyə və müqavilənin öz maraqlarına uyğun şəkildə tələsik imzalanmasına çalışırdılar.
Yeni layihənin şərtləri Azərbaycan hökuməti tərəfindən təhlil edilərək qiymətləndirildi. Müzakirələr zamanı məlum oldu ki, təqdim olunmuş layihə, müəlliflərin müsbət rəyinə baxmayaraq, Azərbaycan Respublikasının mənafelərinə cavab vermir. Yenə də layihənin əhəmiyyəti tərəflərin gəlir payının maliyyə baxımından ümumi qiymətləndirilməsi ilə ölçülürdü. Bununla belə, gəlir neftinin bölüşdürülmə nisbətini müəyyən edən qrafik də xarici şirkətlərin maraqlarına uyğunlaşdırılmışdı (7).
Layihənin London variantını Azərbaycanın mənafelərinə zidd hesab edən Prezident Heydər Əliyev onu da qəbul etmədi (12,12). Bundan sonra Dövlət Neft Şirkətinin Azərbaycanın neft mütəxəssisləri və alimlərindən ibarət yaratdığı qrup məsələni yenidən öyrənərək, danışıqların aparılması prinsiplərini müəyyənləşdirdi. Müzakirələrin yekunu olaraq SOCAR təkliflərini Prezident Heydər Əliyevə təqdim etdi.
Təklifləri təhlil edərək qiymətləndirdikdən sonra Azərbaycan Prezidenti Heydər Əliyev 4 fevral 1994-cü il tarixində sərəncam imzaladı (12,8).
Beləliklə, danışıqların davam etdirilməsi bilavasitə SOCAR-a həvalə olundu. Bununla da bu prosesin yeni mərhələsi başlandı. Danışıqların gedişi böyük gərginliklə müşayiət olunurdu. Qərbin neft şirkətləri daha əlverişli şərtlər əldə etməyə, Türkiyə firması isə öz iştirak payını artırmağa çalışır, nəticədə konsorsiumda mövqelərini bir qədər də möhkəmləndirməyə can atırdılar.
İran da danışıqlar prosesinə qoşulmağa və müqavilədən pay almağa iddialı idi. Lakin ABŞ – İran münasibətlərinin dərin ziddiyyətləri onların iqtisadi əməkdaşlığını istisna edərək, amerikalıların təmsil olunduğu konsorsiuma İran şirkətinin yolunu bağlayırdı. Buna görə də cənub qonşusu ilə münasibətlərin kəskinləşməsində maraqlı olmayan Azərbaycan İrana növbəti müqavilələrdə pay ayrılması məsələsinə baxılacağını bildirdi.
Rusiya da neft müqaviləsində iştirak etmək üçün böyük səy göstərirdi. 1993-cü ilin noyabrında SOCAR və “Lukoyl” arasında imzalanmış sənədlər əməkdaşlığın əsasını qoydu (16,154). Rusiya Xəzərin hüquqi statusu məsələsindən istifadə edərək, regionda neft hasilatı və nəqli sahəsində öz maraqlarını maksimum təmin etmək məqsədi güdürdü. Aparılan danışıqların yekunu olaraq, nəhayət, 1994-cü il martın 22-də SOCAR Qərb tərəfdaşlarına “Lukoyl” şirkətinin 10%-lik payla konsorsiuma daxil olduğunu rəsmi surətdə bildirdi (5).
Qərbin neft şirkətləri ilə danışıqların növbəti mərhələsi Bakıda və İstanbulda davam etdirilmişdir. 1994-cü ilin iyun ayında mətbuata sızan xəbərlərdən məlum oldu ki, İstanbulda gedən danışıqlar tərəflər arasında razılıq əldə edilmədiyindən dayandırılmışdır. ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev mövqelərdə böyük fərqlərin olduğunu qeyd etmişdir. Əsasən müqavilənin kommersiya şərtləri barədə razılığa gəlmək mümkün olmamışdır. Tərəflərin başlıca fikir ayrılığı müqavilənin ilk illərində neft gəlirlərinin bölüşdürülməsi məsələsində özünü büruzə vermişdir.
Xarici şirkətlərin mövqeyi bundan ibarət idi ki, Azərbaycan öz payını yalnız Qərb tərəfdaşları layihəyə yatırdıqları 9 milyard dollara yaxın kapitalı əldə etdikdən sonra götürməlidir. Azərbaycan tərəfi isə böyük sosial-iqtisadi problemlər qarşısında qaldığını vurğulayaraq layihədən mümkün qədər tez gəlir götürməyə çalışırdı. Danışıqlarda iştirak edən İlham Əliyev bildirirdi ki, “onun hökuməti Azərbaycanın payına düşən gəlirin tezliklə alınmasını təmin etməyən sazişi öz ölkəsində müdafiə edə bilməz” (6).
Beləliklə, danışıqlar prosesi gərgin müzakirələr şəraitində davam edirdi. Danışıqların uzanması neft müqaviləsinə dərin sosial-iqtisadi böhranın aradan qaldırılmasında və beynəlxalq siyasi mövqelərinin möhkəmlənməsində mühüm amil kimi baxan Azərbaycanın mənafelərinə uyğun deyildi. Lakin Azərbaycan hökuməti bütün çətinliklərə baxmayaraq, neft müqaviləsinin daha əlverişli şərtlərlə bağlanması və ölkənin maraqlarının maksimum nəzərə alınması üçün qətiyyət göstərirdi.
Danışıqların gedişində layihənin kommersiya baxımından səmərəliliyini artırmaq üçün müxtəlif təkliflər nəzərdən keçirilir, çoxsaylı hesablamalar aparılırdı. Layihənin bütün tərəflər, xüsusən də Azərbaycan üçün daha sərfəli variantı sazişin əhatə etdiyi sahənin neft ehtiyatlarının 50 milyon ton artırılması hesab edildi. Buna görə də layihə sahəsinin “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsi hesabına genişləndirilməsi məqsədəuyğun sayıldı.
Əgər “Azəri” və “Çıraq” yataqlarının istismarı nəticəsində Azərbaycanın gəliri 210 milyon ton neft (müqavilə üzrə gəlirli neftin 75%-i) olacaqdısa, “Günəşli”nin dərinlikdə yerləşən hissəsinin layihəyə əlavə olunan 50 milyon ton ehtiyatları bu payın 43 milyon ton artaraq 253 milyon tona (layihənin gəlirli neftinin 80%-nə) çatmasına şərait yaradırdı (7). Bununla da layihənin digər iqtisadi göstəriciləri üzrə səmərəliliyi yaxşılaşırdı. Azərbaycanın ümumi payı artdıqca, müqavilənin ilk 15 illik dövründə onun əldə edəcəyi neftin həcmi də çoxalaraq 106 milyon tondan 128 milyon tona çatırdı. Yəni layihənin kommersiya şərtləri daha sərfəli olurdu. Qeyd etmək lazımdır ki, müqavilənin İstanbulda razılaşdırılmış kommersiya şərtləri iştirakçıları qane etdiyinə görə, saziş imzalanana qədər bir daha dəyişdirilmədi (12,67).
Yaranmış fikir ayrılıqlarını dəf etdikdən sonra danışıqların İstanbul mərhələsi 1994-cü ilin iyul ayında başa çatdı. Danışıqların gedişində prinsipial məsələlərə dair razılığın əldə edilməsi, nəhayət, yekun mərhələyə qədəm qoymağa – bilavasitə müqavilə layihəsinin mətni üzərində işə başlamağa imkan verdi. Qərb tərəfdaşlarının təklifi ilə SOCAR danışıqların bu mərhələsini ABŞ-ın Hyuston şəhərində apardı. İyulun 21-də başlanan danışıqlar prosesi 45 gün davam etdi (12,14).
Hyustonda danışıqlar gözlənildiyindən gərgin keçdi. Regiondakı geosiyasi mübarizənin təsiri özünü burada açıqlığı ilə göstərirdi. Xarici neft şirkətləri Xəzər dənizinin hüquqi statusu ilə bağlı müddəanın neft müqaviləsinə daxil olunmasına israr edirdilər. Bu müddəaya görə, neft müqaviləsi imzalansa da, Xəzər dənizinin hüquqi statusu məsələsi həll olunduqdan sonra qüvvəyə minəcəkdi (14).
Əlbəttə, məsələnin bu cür qoyuluşu Azərbaycanın maraqlarına zidd idi. Çünki belə halda müqavilə uzun müddət həyata keçirilmədən kağız üzərində qalardı. Tarix də bu riskin real olduğunu təsdiq etdi. Belə ki, Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzər dənizinin dibinin bölüşdürülməsi haqqında yekun razılıq 2003-cü ildə əldə olunsa da, bütövlükdə Xəzərin statusu ilə bağlı müzakirələr hələ də davam etdirilir.
Yaranmış vəziyyət danışıqların dalana dirənməsinə səbəb ola bilərdi. Belə vəziyyətdə nümayəndə heyətinin üzvü, SOCAR -ın birinci vitse-prezidenti İlham Əliyev Hyustondan Vaşinqtona səfər edərək, ABŞ energetika nazirinin müavini U.Uayt ilə məsələ barədə müzakirələr apardı. Azərbaycanın konstruktiv mövqeyi konsorsiumda daha çox neft şirkəti ilə təmsil olunan ABŞ hökuməti tərəfindən qəbul olundu. Nəticədə Amerika hökumətinin tövsiyəsi ilə Qərb tərəfdaşları Xəzərin hüquqi statusu haqqında müddəanı müqavilə layihəsindən çıxardılar (14; 15, 145-146).
Beləliklə, Hyustonda aparılmış müzakirələr üç ildən artıq müddətdə davam edən danışıqları yekunlaşdırmağa imkan verdi. Tərəflər bütün prinsipial məsələləri razılaşdıraraq müqavilə layihəsini hazırlamağa nail oldular.
Sentyabrın 16-da Prezident Heydər Əliyev brifinq keçirərək, sentyabrın 20-də Bakının “Gülüstan” sarayında neft müqaviləsinin imzalanacağını bəyan etdi (12,14).
Beynəlxalq aləmdə və Azərbaycanda diqqətlə izlənən danışıqlar prosesinin yekunlarına dair bu qərar böyük maraqla qarşılandı. Danışıqların uzanması və razılaşdırılmış layihənin şərtləri barədə müxtəlif rəylər və mülahizələr səsləndirilirdi. Azərbaycan dövlətinin məsələ ilə bağlı mövqeyini ifadə edən Heydər Əliyev müqavilə layihəsinin Azərbaycan Respublikasının bütün arzularını əks etdirmədiyini və bu əməkdaşlıqdan daha çox mənfəət götürmək istəyinin olduğunu bildirərək, bununla belə, müştərək işin qarşılıqlı mənfəət prinsipinə əsaslandığını vurğuladı. Onun fikrincə, bu baxımdan layihə bütün iştirakçıların, xüsusən Azərbaycan tərəfinin iqtisadi mənafelərini uzunmüddətli perspektiv üçün təmin edir.
Qeyd etmək lazımdır ki, neft müqaviləsinin hazırlanması prosesində Azərbaycan nəinki öz iqtisadi, həm də siyasi maraqlarını qorumağa və beynəlxalq mövqelərini möhkəmləndirməyə səy göstərmişdir. Müqavilədə ABŞ, Qərbi Avropa, habelə qonşu Rusiya və Türkiyə şirkətlərinin iştirak etməsi Xəzər hövzəsində cərəyan edən gərgin geosiyasi mübarizənin Azərbaycan tərəfindən tarazlaşdırılmasının təzahürü kimi qiymətləndirilməlidir.
Amma Azərbaycanla neft hasilatı sahəsində əməkdaşlığa maraq göstərən və bu sazişdən pay almaq istəyən ölkələrin sayı daha çox idi. Əgər xarici neft şirkətləri konsorsiumu ilə danışıqların yekunları haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1994-cü il tarixli Fərmanı ilə müqavilədə beş xarici ölkəni təmsil edən doqquz neft şirkətinin iştirakı təsdiq olunmuşdusa, cəmi bir neçə gün ərzində, yəni sentyabrın 20-də müqavilənin imzalanması mərasiminə qədər daha bir ölkə – müsəlman Şərqinin aparıcı dövləti olan Səudiyyə Ərəbistanının təmsilçisi “Delta – Nimir” şirkəti müqaviləyə qoşuldu. Bu şirkət “Yunokal”ın payının 15%-ni alaraq, konsorsiumda 1,68%-lik iştirak payı ilə yer tutdu (12,11; 16, 159).
Xarici neft şirkətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq xəttini ardıcıl davam etdirən Azərbaycan Respublikası, nəhayət, 1994-cü il sentyabrın 20-də ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynamış tarixi hadisənin şahidi oldu. Həmin gün Bakıda “Gülüstan” sarayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə ABŞ, Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya və Səudiyyə Ərəbistanını təmsil edən on neft şirkəti – “Amoko”, “BP”, “Pennzoyl”, “Yunokal”, “Statoyl”, “MakDermott”, “Remko”, “Türkiyə Petrolleri”, “Lukoyl” və “Delta-Nimir” arasında “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş imzalandı (12, 30-43).
30 il müddətinə imzalanmış sazişə görə, neft şirkətlərinin pay bölgüsü aşağıdakı kimi müəyyənləşdirildi: SOCAR – 20%, “BP” – 17,1267%, “Amoko” – 17,01%, “Lukoyl” – 10%, “Pennzoyl” – 9,8175%, “Yunokal” – 9,52%, “Statoyl” – 8,5633%, “MakDermott” – 2,45%, “Remko” – 2,08%, “TPAO” – 1,75%, “Delta – Nimir” – 1,68% (16, 176).
Müqavilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra 1994-cü il dekabrın 12-də qüvvəyə mindi. Bundan sonra onun həyata keçirilməsi üçün ardıcıl tədbirlər görülməyə başlandı.
Layihənin iqtisadi göstəriciləri sırasında ilk növbədə yataqlardakı neft ehtiyatlarının 511 milyon ton həcmində qiymətləndirildiyini qeyd etmək lazımdır. Hasil olunan neftin 253 milyon tonu Azərbaycana, 64 milyon tonu isə xarici neft şirkətlərinə çatmalı idi. 194 milyon ton isə kapital və istismar xərclərinin ödənilməsinə sərf olunacaqdı. Yəni mənfəət neftinin 80%-i Azərbaycanın, 20%-i isə xarici şirkətlərin payına düşməlidir (12, 78-79; 16, 175).
Bundan başqa, neft hasilatı prosesində çıxarılacaq 55 milyard kubmetr səmt qazı təmənnasız olaraq Azərbaycana verilməli idi. Eyni zamanda, müqavilə sahəsində ehtiyatları 90 milyard kubmetr qiymətləndirilən sərbəst qaz yataqlarının istismarı da Azərbaycanın müstəsna hüquqlarına aid edilirdi. Həmin qaz ehtiyatlarının istismarı üçün Azərbaycan şirkətlərlə ayrıca müqavilə imzalaya bilərdi.
Layihənin təbii qaz ilə bağlı şərtləri sazişin Azərbaycan üçün iqtisadi əhəmiyyətini daha da artırırdı. Çünki sənədin 1993-cü ilin iyun variantında neftlə çıxarılan səmt qazı indikindən fərqli olaraq Azərbaycana satılmalı idi.
Xarici şirkətlərin Azərbaycana ödəyəcəyi bonusun məbləği əvvəlki kimi, 300 milyon dollar həcmində müəyyən edilmişdi. Lakin onun ödənilmə şərtləri və müddəti daha sərfəli və əlverişli şəkildə razılaşdırılmışdı. (7; 12, 79)
Yataqların işlənilməsi üçün o zamankı qiymətlərlə 7,5 milyard dollar kapital qoyuluşu nəzərdə tutulurdu. Sərmayənin 80%-ni xarici şirkətlər, qalan hissəsini isə müqavilədə 20% paya malik SOCAR qoymalı idi.
Hesablamalara görə, layihənin həyata keçirilməsindən Azərbaycanın mənfəəti o vaxtkı qiymətlərlə 34 milyard dollar, xarici şirkətlərinki isə 8 milyard dollar təşkil edəcəkdi (16, 175). Eyni zamanda, 30 il müddətində inflyasiya nəzərə alınmaqla, layihədən əldə olunan ümumi gəlir 157 milyard dollar qiymətləndirilirdi. Kapital, istismar və nəqliyyat xərcləri çıxılandan sonra yerdə qalan məbləğin 81,7 milyard dolları Azərbaycana, 19,5 milyard dolları xarici şirkətlərə çatmalı idi (7).
Müqavilə imzalandıqdan sonra beynəlxalq aləmdə ona diqqət daha da artdı. Dünyanın bir sıra nüfuzlu neft şirkətləri layihədə pay əldə etməyə böyük maraq göstərirdilər. Bu diqqət Azərbaycan nefti ətrafında cərəyan edən qlobal iqtisadi və geosiyasi maraqların təzahürü kimi özünü göstərirdi.
1995-ci ilin əvvəllərində Azərbaycanın layihədəki 20 faizlik investisiya payını maliyyələşdirməsi ilə bağlı çətinliklər meydana çıxan zaman tanınmış xarici neft şirkətləri konsorsiuma qoşulmağa dair müxtəlif təkliflərlə çıxış etdilər. Aprelin əvvəlində Azərbaycan hökuməti malik olduğu 20 faizlik payın 5 faizini “Türkiyə Petrolleri Anonim Ortaqlığı” şirkətinə, 5 faizini isə ABŞ-ın “Eksson” şirkətinə verdiyini bəyan etdi. Bu qərarın qəbul olunmasında təkcə iqtisadi amillər deyil, həm də siyasi məqamlar rol oynamışdı. Belə ki, Prezident Heydər Əliyev TPAO və “Eksson” şirkətlərinin rəhbərləri ilə görüşü zamanı xüsusi olaraq vurğulamışdı ki, Türkiyə və ABŞ-ın yüksək rəsmi dairələri Azərbaycan rəhbərliyinə müraciət edərək həmin şirkətlərin uğurlu fəaliyyətinə dair zəmanət vermişlər (8).
Danışıqların yekunu olaraq hazırlanmış ilk sənəd 1995-ci il aprelin 12-də Bakıda imzalandı. Sazişə görə SOCAR müqavilədəki payının 5 faizini türk şirkətinə verdi. Bununla da TPAO-nun müqavilədəki payı 6,75 faizə çatdı. (9)
Bu sazişin Azərbaycan üçün mühüm cəhəti ondan ibarət idi ki, TPAO SOCAR-ın müqavilədə özündə saxladığı iştirak payının 5 faizini maliyyələşdirməyi öhdəsinə götürürdü. (11, 54-55)
Azərbaycanın ilk neft konsorsiumundakı payının daha 5 faizinin isə ABŞ-ın “Eksson” şirkətinə verilməsi haqqında saziş aprelin 19-da Bakıda “Gülüstan” sarayında imzalandı. (10). Sazişin şərtlərinə görə, “Eksson” şirkəti də SOCAR-ın müqavilədəki iştirak payının 5 faizini maliyyələşdirməyi öz üzərinə götürürdü. (12, 88-89)
Bununla da SOCAR-ın konsorsiumda əlində saxladığı 10 faizlik iştirak payının maliyyələşdirilməsi məsələsi öz həllini tapdı.
Sonrakı illərdə layihə yenə də xarici neft şirkətlərinin maraq dairəsində idi. 1996-cı ildə Yaponiyanın “İtoçu” şirkətinin “MakDermot”un payını alaraq konsorsiuma qoşulması iştirakçı dövlətlərin coğrafiyasını daha da genişləndirdi (11, 311; 13). 2000-ci ildə “Remko” şirkəti layihədəki 2,0825 faizlik payını 150 milyon dollara ABŞ-ın üç şirkətinə satdı.
Konsorsium iştirakçılarının kommersiya maraqlarına uyğun olaraq səhm paketlərinin alqı-satqısı və layihəyə yeni şirkətlərin qoşulması nəticəsində sonralar da pay bölgüsündə yeni dəyişikliklər baş verirdi. 2011-ci ildə yaranmış əlverişli şəraitdən istifadə edən SOCAR özünün formalaşmış maliyyə ehtiyatlarına söykənərək müqavilədəki iştirak payını artırmağa nail oldu. Belə ki, “BP” ilə danışıqların yekununa əsasən, SOCAR Böyük Britaniya şirkətinin “Devon Enerji”dən aldığı payın bir hissəsini əldə edərək, öz iştirak payını 1,6461% artırıb 11,6461%-ə çatdırmışdır. Beləliklə, 2011-ci ildə baş verən sonuncu dəyişiklikdən sonra “Əsrin müqaviləsi”ndə iştirakçıların pay bölgüsü aşağıdakı kimi formalaşmışdır: “BP” – 35,83%, SOCAR – 11,65%, “Şevron” – 11,27%, “İnpeks” – 10,96%, “Statoyl” – 8,56%, “Eksson” – 8%, TPAO – 6,75%, “İtoçu” – 4,3% və “Hess” – 2,72% (18; 21).
Azərbaycanın həyata keçirməyə başladığı neft strategiyasının təməl daşını qoyan müqavilə ölkənin iqtisadi, sosial, siyasi həyatında ciddi dəyişikliklərə yol açması və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malik idi. Qeyd etmək lazımdır ki, ABŞ Prezidenti B.Klinton sənədin imzalanması münasibətilə göndərdiyi təbrikdə bildirirdi ki, “Birləşmiş Ştatlar tarixdə bu növ sazişlər arasında ən böyüyü olan bu müqaviləni alqışlayır” (12, 68). Təsadüfi deyil ki, dünyanın bir sıra aparıcı dövlətlərinin nüfuzlu neft şirkətlərinin iştirakına, kapital qoyuluşunun böyük həcminə və bütövlükdə ciddi geosiyasi çəkisinə görə, layihə tezliklə beynəlxalq siyasi və iqtisadi dairələrdə “Əsrin müqaviləsi” adını aldı.
Azərbaycan neft siyasəti qarşısında sosial-iqtisadi və beynəlxalq sahədə bir sıra məsələlərin həlli ilə bağlı mühüm vəzifələr qoyurdu. Əvvəla, müqavilənin imzalanması ölkənin iqtisadi həyatında aparıcı yer tutan neft-qaz sənayesinin dirçəlişinə və davamlı inkişafına yeni perspektivlər açırdı. Bununla yanaşı, saziş neft sənayesi ilə bağlı olan digər sənaye sahələrinə, habelə infrastruktura investisiya qoyuluşuna güclü stimul verir və onların inkişafı üçün əlverişli zəmin yaradırdı. Dünya təcrübəsinə görə, neft sənayesinə qoyulan bir dollar iqtisadiyyatın başqa sahələrinə əlavə təqribən üç dollar sərmayə cəlb olunmasını şərtləndirir.
Xarici investisiyanın köməyi ilə yenidən qurulan neft-qaz sənayesi Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiya olunmasına təkan verərək, bazar iqtisadi münasibətlərinə keçidin sürətlənməsi prosesində mühüm amilə çevrildi.
Müqavilə çərçivəsində həyat keçirilən işlər ölkəyə müasir texnika və texnologiyaların gətirilməsini, müxtəlif sahələrdə geniş tətbiq olunmasını təmin etmək baxımından əhəmiyyətli sayılırdı.
Ölkə iqtisadiyyatına irihəcmli investisiya axınına yol açan layihə Azərbaycanın sosial simasının da nəzərəçarpacaq şəkildə dəyişməsinə təsir etməli idi. Nəinki neft-qaz sənayesində, eləcə də digər sənaye və infrastruktur sahələrində çoxsaylı iş yerlərinin yaradılması labüd idi. Bu isə iqtisadi böhranın doğurduğu kütləvi işsizliyin azalmasına, əhalinin məşğulluq probleminin tədricən həll olunmasına və sosial-rifah halının yüksəlməsinə şərait yaratmaqla, cəmiyyətdəki sosial gərginliyin aradan qaldırılmasında mühüm rol oynaya bilərdi.
Xarici şirkətlər konsorsiumu ilə sazişi imzalamaqla Azərbaycan Respublikası siyasi müstəqilliyini və öz resurslarının tam sahibi olduğunu göstərdi. Eyni zamanda o, iqtisadiyyatın xarici investisiyalar üçün açıq olmasını təsdiq etməklə, dünya ölkələri ilə qarşılıqlı-faydalı əməkdaşlıq yolu seçdiyini sübut edirdi. Bu addım müstəqilliyə yeni qədəm qoymuş Azərbaycanın beynəlxalq imicinin formalaşması və mövqelərinin möhkəmlənməsi baxımından əhəmiyyətli hesab olunmalıdır.
Hələ müstəqil dövlət kimi beynəlxalq arenaya çıxmamış hərbi təcavüzə məruz qalaraq, ərazilərinin bir hissəsini itirməsi Azərbaycan qarşısında ərazi bütövlüyünün bərpası yolunda dünya birliyinin ədalətli mövqeyinin formalaşdırılmasını əsas vəzifələrdən biri kimi qoyurdu. Bu baxımdan müqavilə konsorsiumda təmsil olunmuş ölkələr – ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı və nəhayət, Yaponiya ilə münasibətlərin inkişafına geniş yol açırdı.
Beləliklə, ”Əsrin müqaviləsi” Azərbaycanın sosial-iqtisadi və siyasi tərəqqisində, xarici ölkələrlə qarşılıqlı əlaqələrinin qurulması və inkişafında, habelə dünya birliyi ölkələri sırasında mövqelərinin möhkəmləndirilməsində mühüm amil kimi çıxış edir.
İlk beynəlxalq müqavilə ölkənin neft sənayesinə xarici sərmayə qoyuluşuna güclü təkan verdi. 2016-cı ilə qədər xarici ölkələrin neft şirkətləri ilə Azərbaycanın quru və dəniz neft yataqlarının işlənilməsinə dair 33 saziş imzalanmışdır. Indiyədək onların həyata keçirilməsi sahəsində geniş işlər görülmüşdür.
Şübhəsiz, 1997-ci ilin noyabrında “Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin hasilatı neft siyasətinin gerçəkləşməsində mühüm hadisə idi. Qısa müddətdən sonra, yəni 1999-cu ilin sonundan Azərbaycanın bu sazişdən ilk mənfəət neftini əldə etməsi qarşıdakı vəzifələrin uğurla yerinə yetirilməsinin təzahürü kimi qiymətləndirilə bilərdi.
Aparılan işlərin nəticəsi olaraq, ölkədə karbohidrogen ehtiyatlarının ixracı üçün geniş boru kəmərləri şəbəkəsi yaradılmışdır. Belə ki, 1997-ci ilin oktyabrında Bakı-Novorossiysk (Rusiya), 1999-cu ilin aprelində isə Bakı-Supsa (Gürcüstan) neft boru kəmərləri istismara verilib. “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan əsas ixrac boru kəməri – Bakı-Tbilisi-Ceyhan marşrutu 2006-cı ildə fəaliyyətə başlayıb. Bakı-Ərzurum qaz boru xətti isə 2007-ci ildən “Şahdəniz” yatağından hasil olunan təbii qazı Türkiyəyə çatdırır. Hazırda Azərbaycan qazının Türkiyə və Cənubi Avropaya nəqlini təmin edəcək “Cənub qaz dəhlizi” layihəsi ardıcıl surətdə həyata keçirilir.
Qeyd etmək lazımdır ki, neft siyasətinin uğurla gerçəkləşdirilməsi sayəsində Azərbaycan böyük gəlir əldə edib. Neft gəlirləri 1999-cu ildə yaradılan Dövlət Neft Fondunda toplanır. Əgər 1994-cü ildə ölkə demək olar ki, hər hansı valyuta ehtiyatlarına malik deyildisə, 2001-ci ildən 2016-cı ilin ortalarına qədər Dövlət Neft Fonduna 130 mlrd. dollara yaxın vəsait daxil olmuşdur. Neft gəlirləri vacib sosial-iqtisadi proqramların yerinə yetirilməsinə, mühüm infrastrukturun qurulmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına əlverişli şərait yaratdı. 2016-cı ilin iyun ayına olan məlumata görə, Dövlət Neft Fondunda 35,1 mlrd. dollar valyuta ehtiyatı toplanmışdır (22).
Beləliklə, neft siyasətinin ardıcıl və uğurla həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafı və siyasi müstəqilliyinin möhkəmləndirilməsi sahəsində əsas vəzifələrin həllinə imkan verdi. Ötən dövr ərzində qazanılmış beynəlxalq əməkdaşlıq təcrübəsi, yaradılmış möhkəm iqtisadi təməl, yüksəkixtisaslı kadr potensialı və maliyyə-valyuta ehtiyatları ölkə qarşısında duran qlobal məsələlərin həlli üçün yaxşı perspektivlər açır.
ƏDƏBİYYAT
Azərbaycan dilində
1. “Azərbaycan” qəzeti, 9 yanvar 1993
2. “Azərbaycan” qəzeti, 23 iyul 1993
3. “Azərbaycan” qəzeti, 2 noyabr 1993
4. “Azərbaycan” qəzeti, 19 noyabr 1993
5. “Azərbaycan” qəzeti, 24 mart 1994
6. “Azərbaycan” qəzeti, 28 iyun 1994
7. “Azərbaycan” qəzeti, 22 oktyabr 1994
8. “Azərbaycan” qəzeti, 4 aprel 1995
9. “Azərbaycan” qəzeti, 13 aprel 1995
10. “Azərbaycan” qəzeti, 20 aprel 1995
11. Əliyev Heydər. Azərbaycan nefti dünya siyasətində. IV kitab, Bakı, 1997
12. Əsrin müqaviləsi. Bakı, 1996
13. “Xalq qəzeti”, 12 mart 1996
14. “Xalq qəzeti”, 21 sentyabr 1999
15. Xoşbəxt Yusifzadə. Ömrümün illəri və izləri. Bakı, 2004
Rus dilində
16. Алиев Ильхам. Каспийская нефть Азербайджана. Москва, 2003
17. “Бакинский рабочий”, 8 июня 1993 г.
18. “Бакинский рабочий”, 16 июля 2011 г.
19. “Известия”, 4 августа 1993 г
20. Полухов Элхан. «Контракт века». (Проблема в исторической ретроспективе). – «Azərbaycan neftinin dünəni, bu günü və sabahı». Bakı,1997
21. “ Зеркало”, 16 июля 2011 г.
22. http://www.oilfund.az
Açar sözlər: Neft siyasəti, “Əsrin müqaviləsi”, SOCAR, Dövlət Neft Fondu, ixrac boru kəmərləri
Ключевые слова: Нефтяная политика, «Контракт века», SOCAR, Государственный нефтяной фонд, экспортные трубопроводы.
Key words: Oil policy, “Contract of the century”, SOCAR, State Oil Fund, export pipelines.
Резюме
Статья посвящена вопросам формирования и реализации нефтяной политики Азербайджана. Освящается процесс формирования, отмечаются основные задачи и первичные результаты проводимой политики в области сотрудничества с международными нефтяными компаниями. Подчеркивается ее роль в социально-экономическом развитии и усилении международных связей страны.
Resume
The article is devoted to the formation and realization of the oil policy of Azerbaijan. The paper describes the formation process and highlights the main challenges and the initial results of the conducted collaboration policy with international oil companies. It emphasizes the role of the oil policy in the socio-economic development and strengthening the international relations of the country.
"Geostrategiya" jurnalı № 04 (34) İYUL-AVQUST 2016
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM