(əvvəli ötən sayımızda)
Rus dilindən tərcümə edən:
AKİR A. İSAZADƏ
Akir Abasəli oğlu İsazadə 1942-ci ildə anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. İxtisasca mühəndis-geoloqdur və faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı ilə məşğuldur. Laçındakı Çilgəzçay civə yatağında ilkin kəşfiyyat, Tovuzdakı Qoşa qızıl yatağında qiymətləndirilmə işləri, bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarında (Qızılbulaq, Dağkəsəmən, Gədəbəy, Qaradağ, Dəmirli, Aydağ, Ceyrançöl və b.) aparılmış geoloji kəşfiyyat işlərinə və ehtiyatların hesablanmasına təşkilati və metodik rəhbərlik onun adı ilə bağlıdır. 1982-1992-ci və 2003-2006-cı illərdə müxtəlif ekspedisiyalarda baş geoloq, 1992-2002-ci illərdə Kiçik Qafqaz geoloji kəşfiyyat ekspedisiyasının rəisi vəzifələrində işləmişdir. 2006-cı ildən Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin Geologiya Departamentində çalışmaqla, Gədəbəy qızıl-mis yatağında, ehtiyatların artırılması məqsədi ilə aparılan kəşfiyyat, buruq-qazma və istismar kəşfiyyatı, Qoşa və Ordubad rayonunda yerləşən Ağyurd və Piyazbaşı qızıl yataqlarının Kəşf sənədlərinin hazırlanması və həmin yataqların istismar layihələrinin tərtib edilməsi və həyata keçirilməsi işlərinə rəhbərlik edir.
Respublikanın Əməkdar geoloqu, Yer təkinin kəşfiyyat əlaçısı və Qarabağ müharibəsi veteranıdır.
III fəsil
“GÜNAHKARIN AYNASI”
Frol və Lavr kilsəsinin keşişi Fyodor Vostrikov ata ölməkdə olan Klavdiya İvanovnanın tövbəsini qəbul edərək, Vorobyaninovun evindən böyük həyəcanla çıxdı və öz mənzilinə qədər bütün yolu fikri dağınıq halda ətrafa baxaraq və təşvişlə gülümsəyərək keçib getdi. Yolun sonunda onun fikir dağınıqlığı o dərəcəyə çatdı ki, az qala uispolkomun Döv. №1 avtomobilinin altına düşəcəkdi. Cəhənnəm maşınının bənövşəyi tüstüsündən xilas olan Vostrikov ata tamamilə dilxor oldu və yüksək mənsəbinə və orta yaşına baxmayaraq, yolun qalan hissəsini utanmazlıqla dördnala başa vurdu.
Matuşka26 Katerina Aleksandrovna şam süfrəsi açırdı. Fyodor ata gecə ibadətinin olmadığı günlərdə erkən şam etməyi xoşlayırdı. İndi isə keşiş baba şlyapasını və isti vatin əbasını çıxararaq, cəld yataq otağına girdi. Onun qapını bağlaması və boğuq səslə “Dostoyno yest”27 duasını oxuması matuşkanı təəccübləndirdi.
Matuşka stula oturdu və qorxa-qorxa pıçıldadı:
—Təzə hoqqa çıxarıb…
Fyodor atanın coşqun qəlbi rahatlıq bilmirdi. O, heç vaxt rahatlıq bilməmişdi. Nə ruhani məktəbinin şagirdi Fedya olanda, nə də seminariya tələbəsi, bığlı Fyodor İvanıç olanda. Seminariyadan universitetə keçərək və hüquq fakültəsində üç il oxuyaraq, Vostrikov 1915-ci ildə ehtimal olunan səfərbərliklərdən qorxdu və yenidən ruhanilik yolunu tutdu. Əvvəlcə dyakon28 vəzifəsinə qoyuldu, sonra isə ona keşiş rütbəsi verildi və N qəza şəhərinə təyin edildi. Həmişə də, ruhani və mülki karyerasının bütün mərhələlərində Fyodor ata tamahkar olaraq qalırdı.
Vostrikov ata özəl şam zavodunun arzusunda idi. Yoğun mum kəndirləri dolayan böyük zavod barabanlarının xəyalı ilə iztirab çəkən Fyodor ata müxtəlif layihələr icad edirdi ki, bunların da həyata keçməsi Samaradakı, çoxdan gözaltı etdiyi xırda zavodu almaq üçün ona əsas və dövriyyə kapitalı gətirməli idi.
İdeyalar Fyodor atanın ağlına gözlənilmədən gəlirdi və o, dərhal işə başlayırdı. Fyodor ata birdən-birə mərmər kimi ağ paltar sabunu bişirməyə başladı; pudlarla sabun bişirirdi, ancaq tərkibindəki piylərin böyük faizinə baxmayaraq sabun köpüklənmirdi, üstəlik “Kotan və çəkic”inkindən üç dəfə baha idi. Sabun sonra uzun müddət islanıb şişirdi və dəhlizdə parçalanıb çürüyürdü, belə ki, onun yanından keçəndə Katerina Aleksandrovnanın hətta ağlamağı gəlirdi. Daha sonra isə sabunu zibil çalasına tullayırdılar.
Fyodor ata hansısa heyvandarlıq jurnalında oxudu ki, dovşan əti cücə əti kimi lətifdir, çoxlu bala verirlər və onların yetişdirilməsi çalışqan təsərrüfatçıya böyük qazanc gətirə bilər. O, ləngimədən yarım düjün damazlıq dovşan aldı və iki aydan sonra Nerka adlı it həyəti və evi dolduran qulaqlı məxluqların hədsiz miqdarından hürkərək, naməlum istiqamətə qaçıb getdi. N şəhərinin məlun sakinlərinin son dərəcə konservativ olduqları aşkar oldu və onlar müstəsna həmrəyliklə Vostrikov dovşanlarını almadılar. Onda Fyodor ata arvadı ilə məsləhətləşərək, öz menyusunu, əti dadına görə cücə ətindən üstün olan kroliklərlə bəzəməyi qərara aldı. Kroliklərdən qovurma, bitki,29 pojarski kotleti30 hazırlayırdılar; krolikləri şorbada qaynadırdılar, soyutma halında şam yeməyinə verirdilər və xəmirin içinə qoyub qızardırdılar. Bu heç bir nəticə vermədi. Fyodor ata hesabladı ki, ailə yalnız dovşan yeməyinə keçsə, bir ayda qırxdan çox heyvan yeyə bilməz, aylıq artım isə doxsan ədəd təşkil edirdi və həm də nəzərə almaq lazım idi ki, bu rəqəm aydan-aya həndəsi silsilə ilə artacaqdı.
Onda Vostrikovlar evdə yemək verməyi qərara aldılar. Fyodor ata bütün axşamı hesab kağızının səliqə ilə kəsilmiş xırda vərəqlərində kimyəvi karandaşla, ancaq təzə kərə yağında hazırlanan dadlı ev xörəklərinin verilməsi haqqında elanlar yazdı. Elan bu sözlərlə başlayırdı: “Ucuz və dadlı”. Keşiş arvadı şirəli xırda kasanı çirişlə doldurdu və Fyodor ata gecə düşəndə elanları bütün teleqraf dirəklərinə və sovet idarələrinin yaxınlığında yapışdırdı.
Yeni təşəbbüs böyük uğur qazandı. Elə birinci gün yeddi adam, o cümlədən hərbi komissarlığın kargüzarı Bendin və abadlıq yarımşöbəsinin müdiri Kozlov gəldi. Sonuncunun ciddi-cəhdi ilə bu yaxınlarda, şəhərdə yeganə qədim abidə — Yelizaveta dövrünün zəfər tağı sökülmüşdü. Onun sözlərinə görə, abidə küçə hərəkətinə mane olurmuş. Nahar onların hamısının xoşuna gəldi. O biri gün on dörd adam gəldi. Dovşanların dərilərini soymağı çatdırmırdılar. Bütün həftəni iş əla getdi və Fyodor ata artıq kiçik, motorsuz31 dəriçilik istehsalatı açmaq haqqında düşünürdü ki, bu vaxt tamamilə gözlənilməz hadisə baş verdi.
Malların təkrar uçota alınmasına görə artıq üç həftə idi bağlanmış “Kotan və çəkic” kooperativi açıldı və dükanın işçiləri, güc verməkdən tövşüyərək, çürümüş kələm çəlləyini Fyodor atanın həyəti ilə ümumi olan arxa həyətə dığırlatdılar və onu zibil çalasına boşaltdılar. Cəzbedici iyi düyan kroliklər quyuya tərəf qaçıb gəldilər və səhərisi gün zərif gəmiricilərin arasında qırğın başladı. Azarın tüğyan etdiyi cəmi üç saat ərzində iki yüz qırx damazlıq və uçotu mümkün olmayan saysız-hesabsız bala məhv oldu.
Sarsılmış Fyodor ata tam iki ay kiridi və yalnız indi, Vorobyaninovun evindən qayıdarkən və matuşkanı təəccübləndirib, yataq otağında qapanarkən birdən şadlandı. Hər şey onu göstərirdi ki, Fyodor ata onun bütün qəlbinə hakim olmuş yeni ideya ilə nurlanmışdı.
Katerina Aleksandrovna bükdüyü barmağının xırda sümüyü ilə yataq otağının qapısını döydü. Cavab almadı, oxuma isə gücləndi. Bir dəqiqədən sonra qapı aralandı və aradan Fyodor atanın qız üzü kimi allanmış sifəti göründü.
—Qayçını tez mənə ver, ana, — deyə Fyodor ata dərhal dilləndi.
—Bəs şam yeməyi necə olsun?
—Yaxşı. Sonra.
Fyodor ata qayçını qapdı, yenidən otaqda qapandı və cızılmış qara çərçivəli divar güzgüsünə yaxınlaşdı.
Güzgü ilə yanaşı, mis lövhə üsulu ilə çap edilmiş və əl ilə yaxşı rənglənmiş qədim xalq tablosu olan “Günahkarın aynası” asılmışdı. “Günahkarın aynası” dovşan uğursuzluğundan sonra Fyodor ataya xüsusi təskinlik verirdi. Bu bayağı şəkil bütün nemətlərin fani olduğunu aydın göstərirdi.
Onun üst sırasında, altında slavyan hörmə üslublu yazısı olan, mənalı və ruhu sakitləşdirən dörd rəsm vardı: “Şem ibadət edir, Ham buğda səpir, Yafet ixtiyar sahibidir. Ölüm hamının nəsibidir”. Ölümün əlində dəryaz və qanadlı qum saatı var idi. O, sanki protezlərdən və ortopedik hissələrdən düzəldilmişdi və ayaqlarını aralı qoyaraq, boş təpəlikdə durmuşdu. Onun görünüşü açıq deyirdi ki, krolik uğursuzluğu boş şeydir.
Fyodor ataya “Yafet ixtiyar sahibidir” rəsmi indi daha xoş gəlirdi. Tosqun, saqqallı zəngin adam balaca zalda taxt üstündə oturmuşdu.
Fyodor ata gülümsədi və güzgüdə özünə diqqətlə baxaraq, qəşəng saqqalını kəsməyə başladı. Tüklər döşəməyə tökülürdü, qayçı cırıldayırdı və beş dəqiqədən sonra Fyodor ata əmin oldu ki, o, saqqal qırxmağı qətiyyən bacarmır. Saqqalının bir tərəfi çəp, yaraşıqsız, hətta şübhəli alınmışdı.
Güzgü qabağında bir qədər də özünü yoran Fyodor ata hirsləndi, arvadını çağırdı və qayçını ona uzadaraq, əsəbiliklə dedi:
—Heç olmasa, sən mənə kömək elə, matuşka. Tüklərimlə, bax, heç cür bacara bilmirəm.
Matuşka heyrətdən hətta əllərini geri çəkdi.
—Özünü nə günə qoymusan? — deyə, nəhayət, o, dilləndi.
—Heç bir günə qoymamışam. Saqqalımı kəsirəm. Kömək elə, zəhmət olmasa. Bax, burada, deyəsən, yana əyilib...
—İlahi, — deyə matuşka Fyodor atanın saqqalına toxundu, — yoxsa, Fedenka, sən islahatçılara tərəf keçməyi qərara almısan?
Fyodor ata söhbətin bu tərəfə çevrilməsinə sevindi.
—Niyə bəs, ana, mən islahatçılara tərəf keçməyim? İslahatçılar nədir, adam deyillər?
—Adamdırlar, əlbəttə, adamdırlar, — deyə matuşka acılıqla razılaşdı, — bəs necə, illüzionlara gedirlər, aliment verirlər...32
—Yox a, onda mən də illüzionlara gedəcəyəm.
—Buyur, get.
—Gedəcəyəm də.
—Gedib biabır olacaqsan. Güzgüdə bir özünə bax.
Və həqiqətən, güzgüdən Fyodor ataya balaca, kobud saqqallı və yöndəmsiz uzun bığlı diribaş, qaragöz bir fizionomiya baxırdı.
Bığları kəsib, mütənasib ölçülərə çatdırdılar.
Matuşkanı daha çox sonrası heyrətə saldı. Fyodor ata dedi ki, elə bu axşam iş dalınca getməlidir və tələb etdi ki, Katerina Aleksandrovna bulkaçı qardaşının yanına getsin və ondan bir həftəliyə quzu dərisindən yaxalığı olan paltosunu və mixəyi ördəkburun kartuzunu33 alsın.
—Heç yerə getməyəcəyəm! — deyə matuşka bildirdi və ağlamağa başladı.
Fyodor ata yarım saat otaqda var-gəl elədi və arvadını dəyişmiş fizionomiyası ilə qorxudaraq, boşuna danışdı. Matuşka yalnız bir şeyi anladı: Fyodor ata gözlənilmədən saqqalını kəsdi, səfeh kartuzda hara isə getmək istəyir, onu isə atır.
—Atmıram, — deyə Fyodor ata təkrar edirdi, — atmıram, bir həftəyə buradayam. Adamın axı bir işi ola bilər də. Ola bilər, ya ola bilməz?
—Ola bilməz, — deyə arvadı cavab verirdi.
Yaxınları ilə münasibətdə mülayim olan Fyodor ata kimi bir adam hətta yumruğunu stola vurmağa məcbur oldu. Hərçənd o, ehtiyatla və bacarıqsız bir surətdə vururdu, çünki əvvəllər bunu heç vaxt etməmişdi, bununla belə keşiş arvadı çox qorxdu və örpəyini örtərək, mülki paltar üçün qardaşının yanına qaçdı.
Fyodor ata tək qalaraq, bir az fikirləşib dedi: “Qadınlara da ağırdır” və çarpayının altından, tənəkədən üz çəkilmiş bir sandıqça çıxartdı. Belə sandıqçalara çox vaxt qızıl əsgərlərdə rast gəlinir. Onlara zolaqlı divar kağızı çəkilir, kağızın üstündə isə Budyonnının portreti ya da üzərində çınqıllı Batum sahilində uzanmış üç gözəlin şəkli olan “Plyaj” papirosu qutusunun kartonu göz oxşayır. Vostrikovların sandıqçasına da, Fyodor atanın istəyinə zidd olaraq, şəkillər yapışdırılmışdı, ancaq orada nə Budyonnı, nə də Batum gözəlləri vardı. Keşiş arvadı sandıqçanın bütün içərisinə “1914-cü il müharibəsinin salnaməsi” jurnalından kəsilmiş fotoşəkillər yapışdırmışdı. Burada “Peremışlın alınması” da, “Mövqelərdə kiçik rütbəlilərə isti geyimlərin paylanması” da və hələ nə qədər də başqa şey vardı.
Fyodor ata üstdə olan kitabları: “Russki palomnik” jurnalının 1903-cü il komplektini, çox qalın “Parçalanmanın tarixi”ni və cildinə tüstülənən Vezuvinin şəkli çəkilmiş “Rus İtaliyada” kitabçasını çıxarıb, döşəməyə qoydu, əlini sandıqçanın lap dibinə salaraq, arvadının köhnə, dağılmış kaporunu34 dartıb çıxartdı. Sandıqçadan qəfil vuran naftalin qoxusundan gözlərini qıyan Fyodor ata krujevaları və tikişləri qırdı, papağın içindən kətandan tikilmiş ağır kolbaska35 çıxartdı. Kolbaskada Fyodor atanın kommersiya fırıldaqlarından axıra qalan iyirmi qızıl onluq var idi.
O, əlinin adəti hərəkəti ilə əbasının ətəyini azca qaldırdı və kolbaskanı zolaqlı şalvarının cibinə soxdu. Sonra kamoda yaxınlaşdı və konfet qutusundan üçlüklərlə və beşliklərlə əlli rubl çıxartdı. Qutuda hələ iyirmi rubl da qalırdı.
—Təsərrüfata çatar, — deyə o, qət etdi.
IV fəsil
UZAQ SƏYAHƏTLƏR PƏRİSİ
Axşam poçt qatarının gəlməyinə bir saat qalmış, əynində dizindən bir az aşağı qısaca palto və əlində hörmə zənbil olan Fyodor ata qorxa-qorxa giriş qapılarına göz yetirərək, kassaya növbəyə durmuşdu. O, qorxurdu ki, matuşka onun təkidinin əksinə olaraq, onu ötürmək üçün qaçıb vağzala gələr və o vaxt bufetdə oturan və maliyyə agentini pivəyə qonaq edən laryokçu Prusis onu tanıyar. Fyodor ata bütün dünya əhlinin nəzərini cəlb edən zolaqlı şalvarına heyrət və xəcalətlə arabir nəzər salırdı.
Plaskartsız qatara minik, adətən, qalmaqallı olurdu.36 Zorba kisələrin ağırlığından beli bükülmüş sərnişinlər qatarın başından ayağına, ayağından başına qaçırdılar. Fyodor ata karıxmış halda hamı ilə birlikdə qaçırdı. Hamı kimi o da bələdçilərlə yaltaqcasına danışırdı, hamı kimi o da qorxurdu ki, kassir ona «səhv» bilet verib və yalnız vaqona buraxılanda o, adi arxayınlığa qayıtdı və hətta şadlandı da.
Parovoz tam səslə bağırdı və qatar Fyodor atanı müəmmalı, lakin görünür ki, böyük qazanc vəd edən iş üçün naməlum uzaqlara apararaq yola düşdü.
Dəmiryol sahəsi37 qəribə şeydir. Ən adi vətəndaş oraya düşərkən özündə bir qədər yoruculuq hiss edir və tez ya sərnişinə, ya yükalana, ya da bələdçi briqadalarının və perron nəzarətçilərinin həyat və xidmət fəaliyyətini pozan sadəcə biletsiz bir əyyaşa çevrilir.
Vətəndaşın diletantlıqla vağzal və ya stansiya adlandırdığı dəmiryol sahəsinə düşdüyü andan onun həyatı kəskin dəyişir. O saatdaca ona tərəf, köksündə nikelli nişan olan ağ önlüklü Yermaklar-Timofeyeviçlər38 çaparaq gəlirlər və lütfkarlıqla baqajı qamarlayırlar. Bu andan etibarən vətəndaş artıq özü özünə məxsus deyildir. O, sərnişindir və sərnişinin bütün vəzifələrini yerinə yetirməyə başlayır. Bu vəzifələr çox mürəkkəbdir, amma xoşdur.
Sərnişin lap çox yeyir. Adi adamlar gecələr yemirlər, lakin sərnişin gecə də yeyir. O, onunçün əziz olan qızardılmış cücə, mədəyə ziyanlı olan bərk bişmiş yumurta və zeytun yeyir. Qatar strelkadan keçən vaxt yataq yerlərindəki çoxlu çaydanlar cingildəyir və sərnişinlər tərəfindən ayaqları köklü-köməcli çıxarılmış, qəzet kağızına bükülmüş cücələr tullanırlar.
Lakin sərnişinlər bunların heç birini hiss etmirlər. Onlar lətifə dınışırlar. Müntəzəm olaraq, hər üç dəqiqədən bir, bütün vaqon gülməkdən uğunur. Sonra sakitlik olur və məlahətli səs o biri lətifəni danışır:
—Qoca yəhudi ölürdü. Burada arvadı və uşaqları dayanıblar. — “Monya buradadır?” — deyə yəhudi çətinliklə soruşur. — “Buradadır”. — “Bəs Brana xala gəlib?” — “Gəlib”. “Bəs nənə haradadır? Mən onu görmürəm”. — “Budur o, dayanıb”. — “Bəs İsak?” — “İsak buradadır”, — “Bəs uşaqlar?” — “Budur bütün uşaqlar”. — “Bəs dükanda kim qalıb?!”
Həmən dəqiqədəcə çaydanlar cingildəməyə başlayır və çox güclü gülüşdən narahat edilmiş cücələr yuxarı rəflərdə uçur. Lakin sərnişinlər bunu hiss etmirlər. Hərənin ürəyində çırpınaraq, öz növbəsini gözləyən ən istəkli lətifə olur. Yeni danışan qonşuları dirsəyi ilə itələyərək və “Bax, mənə isə danışıblar ki...” — deyə yalvarırcasına qışqıraraq, güclə diqqəti özünə cəlb edir və başlayır:
—Bir yəhudi evə gəlir və arvadının yanında yatmağa uzanır. Birdən o, eşidir ki, çarpayının altında kim isə qaşınır. Yəhudi əlini çarpayının altına sallayır və soruşur: “Cek, sənsən?” Cek isə onun əlini yalayıb deyir: “Mənəm”.
Sərnişinlər gülməkdən qəşş edirlər. Qaranlıq gecə çölləri bürüyür, parovozun borusundan oynaq qığılcımlar uçub çıxır və işıldayan yaşıl gözlüklü nazik semaforlar qatarın üstündən baxaraq, yanından müntəzəm surətdə ötüb gedirlər.
Dəmiryol sahəsi qəribə şeydir! Ölkənin hər yerinə uzun, ağır sürət qatarları şütüyür. Hər yerdə yol açıqdır. Hər tərəfdə yaşıl işıq yanır — yol açıqdır. Qütb ekspressi Murmanska tərəf qalxır. “Birinci—K” strelkada belini əyərək və donqarlanaraq, Kursk vağzalından çıxıb, Tiflisə yol alır. Uzaq Şərq kuryeri Baykalın ətrafından keçərək, tam sürətlə Sakit okeana yaxınlaşır.
Uzaq səyahətlər pərisi adamı yoldan çıxarır. Artıq o, Fyodor atanı sakit qəza monastırından qopardı və kim bilir, hansı quberniyaya atdı. Artıq keçmiş zadəganlıq başçısı, indi isə zaqs kargüzarı olan İppolit Matveyeviç Vorobyaninov da lap içərisindən həyəcanlanıb və kim bilir nə fikrə düşüb.
Adamlar ölkəni dolaşırlar. Biri öz iş yerindən on min kilometr aralıda özünə gözəl adaxlı tapır. O biri sərvət üçün poçt-teleqraf şöbəsini atır və uşaqlıq edərək, Aldana39 qaçır. Üçüncü isə elə özü üçün evdəcə oturur, böyümüş qrıjasını həvəslə sığallayır və qraf Saliasın,40 bir rubl əvəzinə beş qəpiyə alınmış əsərlərini oxuyur.
Tabut ustası Bezençukun, təşkilini lütfkarlıqla öz üzərinə götürdüyü dəfnin ikinci günü İppolit Matveyeviç işə yollandı və öhdəsinə düşən vəzifəni yerinə yetirərək, öz əli ilə əlli doqquz yaşlı, ev sahibəsi, partiyasız, N qəza şəhərinin sakini, əslən Starqorod zadəganlarından olan Klavdiya İvanovna Petuxovanın ölümünü qeydə aldı. Sonra İppolit Matveyeviç özünə qanuni ikihəftəlik məzuniyyət götürdü, qırx bir manat məzuniyyət pulu aldı və iş yoldaşları ilə vidalaşıb, evə yollandı. Yolda o, aptekə döndü.
Ailə üzvlərinin və dostlarının Lipa çağırdıqları əczaçı Leopold Qriqoryeviç, içində zəhər olan süd bankaları ilə əhatə olunmuş halda qırmızı laklı piştaxtanın arxasında durmuşdu və brandmeysterin baldızına “qaralmaya və çilə qarşı, dəriyə son dərəcə ağlıq verən Anqo kremi”ni əsəbiliklə satırdı. Brandmeysterin baldızı isə “qızılı rəngli, əndama rəvan və təbiətdə alınması mümkün olmayan bir qaralma verən Raşel pudrası” tələb edirdi. Aptekdə isə qaralmaya qarşı yalnız Anqo kremi vardı və bir-birinə bu qədər zidd olan ətriyyat mallarının mübarizəsi yarım saat çəkdi. Axır ki, brandmeysterin baldızına dodaq pomadası, bir də samovar prinsipi ilə düzəldilmiş, amma zahiri görünüşcə suçiləyənə oxşayan cihaz — klopovar41 satan Lipa qalib gəldi.
—Nə istəyirdiniz?
—Saç üçün dərman.
—Uzatmaq, məhv etmək ya rəngləmək üçün?
—Uzatmaq nədir?! — İppolit Matveyeviç dedi. — Rəngləmək üçün.
—Rəngləmək üçün əla “Titanik”42 dərmanı var. Gömrükxanadan alınıb. Qaçaq maldır. Nə soyuq, nə isti su ilə, nə sabun köpüyü, nə də kerosinlə yuyulmur. Radikal qara rəngdir. Yarım illik flakon üç rubl on iki qəpikdir. Yaxşı tanışım kimi tövsiyə edirəm.
İppolit Matveyeviç “Titanik”in kvadrat şüşəsini əlində hərlətdi, içini çəkərək, etiketə baxdı və pulu piştaxtanın üstünə qoydu.
İppolit Matveyeviç evə qayıtdı və “Titanik”lə başını və bığlarını ikrahla islatmağa başladı. Otağı üfunət bürüdü.
Nahardan sonra üfunət iyi azaldı, bığları qurudu, yapışdı və onları yalnız böyük çətinliklə daramaq olurdu. Radikal qara rəng bir qədər yaşılımtıl çalarlı oldu, ancaq ikinci dəfə rəngləməyə artıq vaxt yox idi.
İppolit Matveyeviç bir gün əvvəl tapdığı daş-qaş siyahısını qaynanasının mücrüsündən çıxartdı, əldə olan bütün pulları saydı, mənzili bağladı, açarları dal cibində gizlətdi, 7№-li sürət qatarına mindi və Starqoroda getdi.
İZAHLAR
26Matuşka – anacan.
27“Dostoyno yest” – xristianların əsas ibadət ayini olan liturgiyanın Məryəm Anaya aid ən çox yayılmış dualarından biri.
28 Dyakon – aşağı dərəcəli keşiş.
29 Bitki – yumru kotlet, küftə.
30Pojarski kotleti – quş qiyməsindən və çörəkdən hazırlanan ət xörəyi.
31Motorsuz, motorlu – o vaxtkı qanunvericiliyə əsasən sənətkar-kustarlar hər hansı bir motordan, dəzgahdan istifadə etdikləri halda əlavə vergi verirdilər.
32İslahatçılara tərəf keçməyi qərara almısan... illüzionlara gedirlər, aliment verirlər – rus pravoslav kilsəsinin 1900-cü illərdə formalaşmış liberal-reformist hərəkatının nümayəndələri patriarxla ixtilafda sovet hökumətinin tərəfini saxlamaqla, ruhanilik üçün qəbahət sayılan illüzionlara – şoulara gedirdilər və din xadimlərinin boşanmaları və yenidən evlənmələri barədə tələblələ çıxış edirdilər.
33Ördəkburun kartuz – yüksək təpəli və uzun günlüklü papaq. Papağın belə adlandırılması, yəqin ki, varlı-hallı ördək ovu həvəskarlarının geydikləri kasketlərlə - yüngül papaqlarla oxşarlıqdan irəli gəlir.
34Kapor (holl. kaper – papaq) – çənə altından lentlə bağlanan, qulaqları və boyunu örtən toxunma qadın papağı.
35 Kolbaska – silindr formalı uzunsov kiçik bağlama.
36Plaskartsız qatar – o vaxtkı dəmiryol biletlərində yalnız qatarın və vaqonun nömrəsi olurdu və biletlər sərnişinlərin sayına görə satılırdı. Hər bir sərnişinin konkret yeri isə xüsusi qəbzdə - plaskartda (alm. Platzkarte – yer bileti) göstərilirdi. Beləliklə, yerlər sərnişinlərin diribaşlığından və zirəkliyindən asılı olaraq tutulurdu və vaqona minmənin də qalmaqallı olması bununla izah edilir.
37Dəmiryol sahəsi, dəmiryol ayirma sahəsi – dəmir yolunun ixtiyarında olan, ona bitişik ərazilərdən dəmir yolu boyu ayrılmış sahə.
38Köksündə nikelli nişan olan Yermaklar-Timofeyeviçlər – Yermak Timofeyeviç (vəf. 1585), Sibiri istila etmiş kazak dəstələrinin başçısı. Şəkillərdə o, adətən, uzun saqqallı, möhkəm qədd-qamətli, üzərində parlaq lövhə olan dəmir geyimdə təsvir edilirdi. 1920-ci illərdə vağzal hamballarının uniformalarının vacib detallarından biri üzərində şəxsi nömrə və stansiya nömrəsi həkk edilmiş metal döş nişanı idi.
39Aldana qaçır – 1923-cü ildən sonra Sibirdə, Aldan çayının hövzəsindəki qızıl yatağının kəşfiyyatının və istismarının məsuliyyətni öz üzərinə götürən və qızılı dövlət idarələrinə satan qızılaxaranlar aparırdılar.
40Qraf Salias – rus yazıçısı Y. A. Salias-de-Turnemir (1840-1908), çoxsaylı macəra romanlarının müəllifi.
41 Klopovar – zəhərli qaynar su ilə taxtabiti qıran cihaz.
42 Əla “Titanik” dərmanı – “əla dərman” adının özündə istehzalı bir işarə vardır: inşası 1911-ci ildə başa çatmış, dünyada ən böyük hesab edilən Britaniya paroxodu “Titanik” 1912-ci ildə aysberqlə toqquşaraq batmışdı.
"YER VƏ İNSAN" jurnalı № / 04/ MAY- İYUN
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM