ŞAH I İSMAYILIN HAKİMİYYƏTİ DÖVRÜNDƏ AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN XARİCİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

09:00 / 19.08.2015

Mübariz Ağalarlı,
AMEA A.ABakıxanov adınaTarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru,

XVI əsrdə Avrasiya məkanında ciddi siyasi hadisələrlə zəngin olan bir dövr başlayır. Bu dövr yeni imperiyaların yaranması və onların siyasi, iqtisadi, mədəni və dini-ideoloji sərhədlərə bölünməsi ilə xarakterizə olunurdu. Bu dövrdə Şərqdə baş verən siyasi hadisələr bölgənin yeni siyasi xəritəsini meydana çıxardı. Anadoluda Osmanlı imperiyası, Azərbaycanda Səfəvilər dövləti, Hindistanda Böyük Moğol imperiyası, Mavərənnəhr bölgəsinə hakim olan Şeybanilər, Misir, Suriya, Hicaz ərazilərini əhatə edən Məmlük dövləti, bu siyasi xəritənin əsas subyektlərindən biri idilər.
XV əsrin sonlarında başlayan “Böyük coğrafi kəşflər” beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliyə səbəb oldu. Bu dövrdə Kiçik Asiya və Balkanların ışğalı nəticəsində Aralıq dənizində hegemonluğu ələ alan Osmanlı imperiyası, Avropanın şərq ticarəti üçün ciddi təhlükə yaradırdı. Cünki Osmanlı hakimiyyətinin yeritdiyi ağır “gömrük siyasəti” Şərq-Qərb ticarətinə böyük zərbə vururdu. Digər tərəfdən bu dövrdə iqtisadi və siyasi böhran dövrünü yaşayan Misir Məmlük dövləti, ölkəni böhrandan çıxarmaq üçün Misir və Suriya üzərindən Avropaya daşınan Hind malları üzərində gömrük vergisini artırmışdı. Hind mallarını Avropaya daşıyan portuqaliyalı tacirlərin bu ağır vergilərdən qurtarmaq üçün yeni ticarət yolları axtarışı nəticəsində, Atlantik okeanı vasitəsilə Hindistana gedən dəniz yolu kəşf olundu (may/1498). Bunun nəticəsində Avropa dövlətlərinin Şərqdə müstəmləkəçilik siyasəti geniş vüsət aldı [20, 388; 23, 30; 15, 126].
Bu dövrdə Azərbaycanda da ciddi siyasi hadisələr baş verirdi. Ağqoyunlu hakimiyyəti özünün siyasi tənəzzül dövrünü yaşayırdı. Sultan Yaqubun (1478-1490) hakimiyyəti dövründə yaranmış siyasi sabitlik, onun ölümündən sonra pozuldu. Uzun Həsənin varisləri arasında başlayan hakimiyyət uğrunda mübarizə dövlətin siyasi təsisatlarına və xarici siyasi əlaqələrinə ciddi zərbə vurdu. Belə bir siyasi şəraitdə, siyasi və dini mərkəzi Ərdəbil şəhərində yerləşən Səfəvilər sülaləsinin nümayəndəsi İsmayıl Səfəvi Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizəyə başladı.
1501-ci ildə İsmayıl Səfəvi Şərur döyüşündə Ağqoyunlu hökmdarı Əlvənd Mirzəni məğlub edərək, paytaxt Təbrizə daxil oldu və ana babası Həsən padşahın hüquqi varisi kimi şahlıq taxt-tacına əyləşdi. İmamiyə-Qızılbaş təriqətini rəsmi dövlət dini elan edən Şah I İsmayıl “On iki İmam” adına xütbə oxutdu və öz adına sikkə kəsdirdi [2, 45; 31, 69]. Beləliklə, Şah I İsmayıl Ağqoyunlu sülaləsinin hüquqi varisi kimi Azərbaycanda hakimiyyətə gələrək, Səfəvilər sülaləsinin rəsmi hakimiyyətini elan etdi.
Azərbaycanda səfəvilərin siyasi hakimiyyətinin möhkəmlənməsi ilə dövlətin xarici siyasi əlaqələrində yenidən canlanma müşahidə olunmağa və qonşu dövlətlərlə siyasi və diplomatik münasibətlər inkişaf etməyə başladı. Bu dövrdə dövlətin sərhədlərinin genişləndirilməsi, qonşu dövlətlərlə iqtisadi-ticarət və diplomatik əlaqələrin inkişafı Səfəvi hakimiyyətinin xarici siyasətinin əsasını təşkil edirdi.
Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın xarici siyasətində Osmanlı imperiyası ilə siyasi münasibətlər mühüm yerlərdən birini tuturdu. Çünki hələ XV əsrin ortalarından başlayaraq, osmanlıların Azərbaycan dövlətlərinin qanuni torpaqları sayılan Şərqi Anadolunu ələ keçirmək uğrunda apardıqları mübarizə davam edirdi. Həmçinin “Böyük coğrafi kəşflər”dən sonra Hindistana gedən ticarət yolunun nəzarətdən çıxması, osmanlıları səfəvilərin nəzarətində olan Hind okeanı ilə birbaşa əlaqəsi olan Bəsrə körfəzini ələ keçirməyə sövq edirdi. Eyni zamanda səfəvi sülaləsinin hakimiyyətə gəlişindən sonra İmami-Qızılbaş təriqətinin rəsmi olaraq dövlət dini elan edilməsi, sünni osmanlıların dini-ideoloji maraqlarına cavab vermirdi. Çünki İmam Əli (ə) nəslindən olduqlarını iddia edərək hakimiyyət məsələsində “vilayət” (Peyğəmbər nəslinin hökmranlıq sürməsi) prinsipini sərt şəkildə ortaya qoyan səfəvilər özlərindən savayı İslam Şərqindəki digər müsəlman sülalələrinin hakimiyyətini qeyri-qanuni sayırdılar. Bu da İslam dünyasının xilaskarı və təhlükəsizliyinin təminatçısı rolunda çıxış edən Osmanlı dövlətinin ideoloji təbliğatına çox ciddi alternativ idi. Bu səbəblər Səfəvi-Osmanlı siyasi münasibətlərinin daima mürəkkəb xarakter daşımasına və uzunmüddətli hərbi-siyasi münaqişələrə yol açmışdı.
Səfəvi-Osmanlı siyasi münasibətlərindəki ziddiyyətlərə baxmayaraq, Osmanlı sultanı II Bayazid səfəvilərlə dostluq və sülh münasibətləri saxlamağa çalışırdı. Hətta 1504-cü ildə Osmanlı elçisi Məhəmməd Çavuş Balaban xüsusi hədiyyələrlə Səfəvi sarayına gələrək, İraqı və Farsı alması münasibətilə Şah I İsmayılı təbrik etmiş, onu “Azərbaycan və İran hökmdarı” kimi tanımışdı [5, 66].
1507-ci ilin yayında Şah I İsmayıl Şərqi Anadolu istiqamətində yürüşə başladı. Bu yürüş Səfəvi-Osmanlı münasibətlərində gərginlik yaranmasına səbəb oldu. Səfəvi hökmdarının Ərzincana gəldiyini eşidən Amasiya valisi şahzadə Əhməd vəziyyəti atasına bildirərək, Anadolu qızılbaşlarının Şah I İsmayılın ətrafına toplanmaması üçün müəyyən tədbirlər gördü [11, 41].
Şah I İsmayıl Ərzincanda olarkən (1507), Qulu bəy adlı elçisini Osmanlı sultanının, Zəkəriyyə adlı elçisini isə Məmlük sultanının yanına göndərərək, yürüşün məqsədinin Zülqədər bəyini cəzalandırmaq olduğunu bildirdi. Həmçinin, o, II Bayaziddən Zülqədər ölkəsinə daxil olmaq üçün Osmanlı ərazilərindən keçiş izni istədi. I Şah İsmayılın Osmanlı torpaqlarına hücum etməsindən ehtiyat edən II Bayazid Səfəvi hökmdarının xahişinə müsbət cavab verdi. Eyni zamanda səfəvilərin mümkün hücüm təhlükəsini nəzərə alan Osmanlı sultanı Orta Anadoluya böyük hərbi qüvvə cəmləşdirdi [6, 21; 11, 42].
Göründüyü kimi Şah I İsmayılın Osmanlı sərhədləri yaxınlığında apardığı hərbi yürüşlərə II Bayazid loyal münasibət göstərmişdi. Çünki Osmanlı sultanı ehtiyat edirdi ki, Şah I İsmayıla qarşı görəcəyi tədbirlər nəticəsində Osmanlı ərazilərində yaşayan, tarixən siyasi və mədəni baxımdan daha çox səfəvilərə bağlı olan türkman əhalisi ona qarşı çıxa bilərdi. Bu səbəbdən Osmanlı sultanı II Bayazidin hakimiyyəti dövründə Səfəvi-Osmanlı siyasi münasibətləri əsasən dinc xarakter daşımışdı.
II Bayaziddən fərqli olaraq Sultan Səlimin (1512-1520) səfəvilərə qarşı düşmənçilik münasibəti hər iki dövlət arasında uzunmüddətli hərbi-siyas ixtilafların əsasını qoydu.
Şah I İsmayılla Sultan Səlim arasında olan bu siyasi gərginlik artıq hər iki dövlət arasında baş verəcək hərbi-siyasi münaqişəni qaçılmaz edirdi. Hərçənd ki, Osmanlı hakimiyyəti Anadoluda baş verən yerli münaqişələrin arxasında Səfəfi dövlətinin dayandığını iddia etsə də, lakin bu ittihamlar osmanlıların səfəvilərə qarşı başlayacağı müharibə öncəsi ideoloji təbliğatdan başqa bir şey deyildi. Osmanlı hakimiyyəti bu təbliğatı aparmaqla bir tərəfdən Osmanlı bürokratiyası arasında öz nüfuzunu artırmağa və Səfəvi-Osmanlı müharibəsinin başlanmasının səbəbi kimi təqdim etməyə çalışırdı. Əslində isə Sultan Səlimin Azərbaycana hərbi yürüşlərinin cox ciddi siyasi səbəbləri var idi. İlk növbədə Osmanlı dövlətinin əsas məqsədi strateji və iqtisadi baxımdan böyük əhəmiyyətə malik olan Şərqi Anadolu bölgəsini ilhaq etmək idi. Azərbaycan dövlətlərinin irsi mülkü sayılan bu bölgəni işğal etmək Osmanlı dövlətinin əsas strateji hədəflərindən biri idi. Osmanlı hakimiyyəti başa düşürdü ki, səfəvilərin irsi torpaqları olan bu ərazilərin işğal edilməsi, Səfəvi dövlətinin siyasi, iqtisadi və etno-mədəni sisteminə ciddi zərbə vura bilər. Digər tərəfdən bu bölgənin işğalı ilə səfəvilərin Anadoluda apardığı dini-siyasi təbliğata son qoyula bilərdi. Bölgənin işğalı osmanlılar üçün iqtisadi baxımdan da böyük əhəmiyyət kəsb edirdi. Belə ki, Şərqdən Qərbə gedən böyük ticarət yollarını (Təbriz-Hələb, Təbriz-Bursa) və Mesopotomiya, Anadolu və Hələb ticarət yollarının birləşdikləri böyük ticarət mərkəzi Diyarbəkrin ilhaq olunması, Osmanlı xəzinəsinə böyük həcmdə gəlir gətirə bilərdi. Həmçinin avropalılar tərəfindən okean vasitəsilə Hindistana gedən dəniz yolunun kəşf olunması, osmanlıların nəzarət etdiyi Aralıq dənizi ticarətinə nəzərəcarpacaq dərəcədə zərbə vurmuş və Şərq-Qərb dəniz ticarətində Osmanlı hegemonluğu zəifləmişdi. Osmanlı dövlətinin strateji planlarından biri də səfəvilərin nəzarətində olan Bəsrə körfəzini ələ kecirməklə dünya okeanına birbaşa çıxış əldə etmək idi. Bu baxımdan osmanlı hakimiyyətinin Səfəvi dövlətinə qarşı düşmənçilik münasibəti dini düşmənçilikdən daha çox Osmanlı imperiyasının siyasi və iqtisadi maraqlarından irəli gəlirdi.
Tarixçi Münəccimbaşı bu barədə yazır: “Yavuz Sultan Səlim dövlət adamlarını, yeniçəri başlarını, Rumeli bəylərini toplayıb qəza və cihad etmək arzusunda olduğunu, Ərəb diyarını Çərkəzlərdən (Məmlüklərin), Əcəm diyarını da Qızılbaşların (Səfəvilərin) əlindən almaq istədiyini, hətta Hində və Sində səfər edəcəyini bildirdi” [11, 67].
Azərbaycana hücumu ərəfəsinə Sultan Səlim səfəvilərə qarşı bir çox siyasi, iqtisadi və hərbi tədbirlər həyata keçirdi. İlk növbədə Səfəvilər dövləti ilə bütün sahələrdə əlaqələrə son verərək, əhalinin gediş-gəlişinə və ticarət əlaqələrinə qadağa qoyuldu. Osmanlı sultanı birmənalı şəkildə Səfəvilər dövləti ilə ipək ticarətinə qadağa qoydu və Bursada Azərbaycanlı tacirləri həbs etdirdi. Eyni zamanda Osmanlı sultanı Anadoludakı qızılbaş-türkmanları siyahıya aldıraraq 40 min əhalini qətlə yetirdi və yaxud sürgünə göndərdi [11, 68; 26, 452; 10, 91]. Sultan Səlimin öz hakimiyyət maraqları naminə Anadoluda qızılbaş-türkman əhalisinə qarşı törətdiyi kütləvi qətllər, bu bölgədə baş verən siyasi hadisələrdə mühüm rol oynayan türkman etnosuna cox ciddi zərbə vurdu.
Sultan Səlim səfəvilərə qarşı mübarizədə özünə müttəfiqlər də tapmağa çalışırdı. Bu məqsədlə Osmanlı hakimiyyəti, h. 920-ci ilin məhərrəm ayında Mavərənnəhr hakimi Übeydulla xana elçi Məhəmməd bəy vasitəsilə bir məktub göndərdi. Məktubda Osmanlı sultanı tezliklə Şah İsmayıla qarşı müharibəyə başlayacağını və bu müharibədə Özbək hökmdarının ona yardım etməsini istəyirdi. Özbək hökmdarı, h. 920-ci il cəmadiüs-sani ayının axırlarında sərkərdəsi Xurşud Bahadur vasitəsilə göndərdiyi cavab məktubunda, “ Siz hücum edən kimi biz də hərəkətə gəlməyi qərara almışıq...” yazaraq, Osmanlı sultanına dəstək olduğunu bildirmişdi [2, 99; 7, 127-131; 11, 79-80].
Sultan Səlim, 1514-cü il aprel ayının 14-də Ağqoyunlu bəylərindən Fərruxşad bəyə də məktub göndərmişdi. Osmanlı sultanı bu məktubda qısaca: “ ... Sizlərin və sizə uyanların dindarlığı, Əhli-Sünnət yolunda olduğunuz məlumdur... indi biz Şahın üzərinə getməkdəyik... Siz də üzərinizə düşən vəzifəni yerinə yetirin” yazaraq ağqoyunluları da Səfəvilərə qarşı müharibəyə çağırırdı [11, 79; 2, 99].
Osmanlı hakimiyyətinin atdığı diplomatik addımlar nəticəsində Məmlük dövləti Osmanlı-Səfəvi qarşıdurmasında bitərəf qaldı [10, 92; 17, 284].
Səfəvi hakimiyyəti Sultan Səlimin bu tədbirlərinə qarşı əks siyasi və diplomatik tədbirlərə al atmaq məcburiyyətində idi. Bu səbəbdən Nur Əli Xəlifə Rumlunu Anadoluya göndərərək, bu ölkədəki sufiləri toplamağı əmr etdi. Qısa müddətdə qızılbaş-türkmanları öz ətrafında toplayan Nur Əli Xəlifə Osmanlı hərbi qüvvələrini məğlub edərək Toqatı ələ keçirdi. Bu arada Sultan Səlimə qarşı müxalif olan şahzadə Əhmədin oğlu Murad İmami-Qızılbaş təriqətini qəbul edərək, qızılbaş-türkman ordusu ilə birləşmiş və Sultan Səlimə qarşı mübarizəyə başlamışdı [11, 62-63; 14, 253].
Şah I İsmayıl eyni zamanda osmanlılara qarşı mübarizə aparmaq üçün Avropa dövlətləri ilə də mütəmadi danışıqlar aparırdı.
Sultan Səlim hərbi hazırlıqlarnı başa çatdırdıqdan sonra 1514-cü il mart ayının 16-da Ədirnə şəhərində fövqalədə bir divan təşkil etdi. Bu divanda Şah İsmayıl Səfəvi və onun ardıcılları əleyhinə cihad elan edildi və buna fitva verildi. Osmanlı sultanı h. 920-ci il səfər ayının 27-də (23 aprel 1514) Osmanlı sarayından Səfəvi sarayına farsca bir məktub göndərdi və “döyüşdən qabaq xəbərdarlıq etmək İslamın hökmü və şəriətin tələbidir” deyərək Səfəvi dövlətinə qarşı müharibə elan etdi [7, 120; 11, 75-78].
Azərbaycana hücumu ərəfəsində Sultan Səlim Şah I İsmayıla bir-birinin ardınca üç məktub göndərmişdi. Həmin məktubların hamısı təhqiramiz xitab və hədə-qorxu ilə dolu ifadələrlə yazılmışdı. Osmanlı sultanı bu məktublarında Səfəvi hökmdarını, taxta çıxarkən onu təbrik etməməkdə, şəriət qanunlarını pozaraq müsəlmanları zülmə düçar etməkdə günahlandıraraq, Şah İsmayıla - “ Əgər sən tövbə edib əlindəki ölkəni osmanlı ölkəsi saysan çox yaxşı, yox əgər belə hərəkət etməsən, Allahın istədiyi nəsə o da olacaqdır” deyərək, tabe olmağı tələb etmişdir [2, 100].
Şah I İsmayıl Osmanlı sarayından gələn məktubların yalnız birinə cavab yazdı. 1514-cü il iyul ayının 19-da Şah I İsmayıl elçisi Şahqulu Ağa vasitəsilə Sultan Səlimə göndərdiyi cavab məktubunda yazırdı: “... Məlumunuz olsun ki, son zamanlar göndərdiyiniz üç məktub yetişdi. Onların məzmunu düşmənçilikdən xəbər verirdi, hədə və kobudluqla dolu idi, lakin bunun səbəbi və mənşəyi nədir bilmirəm... Cənnətməkan atanızın zamanında Əlaüddövlə Zülqədərin həyasızlığı səbəbindən biz Rum ölkəsinə hərəkət etdik və o vaxt tərəflər arasında dostluq və birlikdən başqa bir şey görünmədi... İndi bu kin-küdurətin səbəbi anlaşılmır... Bu cavabı dostca yazdıq və sizə qarşı çıxmaq üçün hazırlığa başladıq. Əli övladları ilə savaşanlar özləri yox olub gedər. İş savaşla sona çatacaqsa onu gecikdirmək doğru olmaz. Vəssalam...” [6, 27; 11, 85; 7, 148].
Nəhayət, Səfəvi dövlətinin sərhədlərini keçən Osmanlı ordusu ilə Səfəvi ordusu arasında, h. 920-ci il rəcəb ayının 2-də (23 avqust 1514) Maku yaxınlığında Çaldıran düzündə şiddətli döyüş oldu. Bu döyüşdə toplardan istifadə edən osmanlılar Səfəvi qoşunu üzərində qələbə çaldı. Bu qələbədən sonra Təbriz şəhərinə girən Sultan Səlim orada 8 gün qaldıqdan sonra yeniçəri qoşun hissələrinin təkidi ilə şəhəri tərk etdi və Amasyaya dönmək üçün hərəkət etdi [5, 197-203; 16, 69].
Osmanlı İmperiyası Çaldıran qələbəsi nəticəsində Səfəvi hakimiyyətini aradan qaldıraraq Bəsrə körfəzi vasitəsilə dünya okeanına çıxış əldə edə bilmədi, lakin səfəvilərin irsi torpaqları olan Şərqi Anadolunun böyük bir hissəsi ələ keçirildi. Şərqi Anadolunun osmanlılar tərəfindən işğalı, istər etno-siyasi, istər strateji, istərsə də iqtisadi baxımdan Səfəvi dövlətinə ciddi zərbə idi.
Çaldıran döyüşündən sonra Şah I İsmayıl hər iki dövlət arasında münasibətləri normallaşdırmaq üçün, h. 920-ci ilin şəvval ayında (noyabr 1514) Mir Nurəddin Əbdülvahab başda olmaqla, Qazi İshaq, Mövlana Şükrüllah Muğani, Xəlifə Heydərdən ibarət bir nümayəndə heyətini məktub və hədiyyələrlə Amasyada olan Sultan Səlimin yanına göndərdi. Lakin 1514-cü ilin noyabr ayının 29-da Sultan Səlimin hüzuruna gələn səfəvi elçiləri həbs olundu [12, 112-113; 7, 173-174].
Şah I İsmayıl h. 921-ci ilin axırlarında (dekabr 1515) Kəmaləddin Hüseyin bəy və Bəhram ağadan ibarət yeni bir elçi heyətini İstanbula göndərdi. Səfəvi elçiləri həmin ilin şəvval ayının 3-də sultan Səlim tərəfindən qəbul edilsələr də, bu elçilər də sultan Səlimin göstərişi ilə həbs olundular [11, 111; 2, 102; 7, 184].
Səfəvi dövləti Osmanlı hakimiyyəti ilə danışıqların nəticəsiz qaldığını görərək, mövcud Osmanlı təhlükəsinə qarşı Misir Məmlük dövləti ilə danışıqlara başladı. Səfəvi dövləti ilə Misir Məmlük dövləti arsında elçilər vasitəsilə aparılan danışıqlar hər iki dövlətin osmanlılara qarşı ittifaq yaratması ilə nəticələndi. Tərəflər arasında 1514-cü ilin dekabr ayında osmanlılara qarşı birgə mübarizə aparmaq üçün razılıq əldə olundu. Əldə olunan razılığa görə, tərəflərdən biri osmanlılara qarşı müharibəyə başlayacağı təqdirdə digəri ona hərbi yardım göstərəcəkdi. Həmçinin razılaşmada göstərilirdi ki, tərəflərdən heç biri Osmanlı hakimiyyəti ilə danışıq aparmayacaq və diplomatik əlaqə saxlamayacaqdır. Səfəvi hakimiyyətinin apardığı danışıqlar nəticəsində, Zülqədər bəyi Əlaüddövlə və Kartli çarı X David də bu ittifaqa qoşuldu [30, 98; 28, 64-65; 21, 76].
Osmanlı dövlətinə qarşı yeni bir ittifaqın yaranması Sultan Səlimi hərbi yürüşləri davam etdirməyə sövq edirdi. 1515-ci ilin iyun ayında Osmanlı qoşunu Zülqədər bəyliyini işğal etdi və edam edilmiş Əlaüddövlə bəyin və oğlunun başı Misir sultanına göndərildi. Bu hadisə Osmanlı-Məmlük münasibətlərində ciddi siyasi gərginlik yaratdı. Zülqədər bəyliyinin işğal edilməsi Məmlük sarayında təşvişə səbəb oldu. Osmanlı təhlükəsini aradan qaldırmaq üçün Məmlük sultanı səfəvilərlə razılaşmanı pozaraq Osmanlı sarayı ilə gizli danışıqlara başladı. Bu məqsədlə Məmlük sultanı Qansu Quri əl-Əşrəf (1501-1516) Sultan Səlimə elçi göndərərək, “ heç olmasa Zülqədər bəyliyinin bəzi ərazilərini Əlaüddövlə bəyin oğlanlarına verilməsini” xahiş etdi. Osmanlı sultanı “ Qılıncla aldığım yerləri ancaq qılıncla təslim edərəm” deyərək bu xahişi rədd etdi [16, 101; 27, 352; 17, 284].
Məmlük dövlətinin səfəvilərlə razılaşmanı pozması osmanlılara qarşı yaradılan ittifaqın dağılmasına səbəb oldu.
Osmanlı imperiyası ilə Məmlük dövləti arasında davam edən nəticəsi bəlli olmayan danışıqların sonu tərəflər arasında hərbi toqquşma ilə nəticələndi. Osmanlılarla məmlüklər arasında, h. 922-ci ilin rəcəb ayının 26-da (24 avqust 1516) Hələb yaxınlığında Mercidabuk döyüşündə məmlüklər məğlub oldu və Sultan Qansu Quri əl-Əşrəf qətlə yetirildi.
Tərəflər arasında h. 922-ci il zilhiccə ayının 29-da (22 yanvar 1517) Qahirə yaxınlığında Ridaniyyədə baş verən həlledici döyüşdə osmanlılar qələbə qazandılar və paytaxt şəhəri Qahirə ələ keçirildi. Osmanlıların bu qələbəsindən sonra Misir Məmlük dövləti süqut etdi və dövlətin ərazisi Osmanlı imperiyasının tərkibinə qatıldı [8, 311; 18, 164-165; 27, 353; 21, 76-77].
Sultan Səlimin Misir səfərindən sonra, Şah I İsmayıl osmanlılarla diplomatik əlaqələri bərpa etmək üçün növbəti bir cəhd etdi. O, 1518-ci ilin fevral ayında Sarı Şeyx adlı elçisini Hələbdə olan Sultan Səlimin yanına göndərdi. Fevral ayının 15-də Sultan Səlim tərəfindən qəbul edilən elçi, Misirin fəthi münasibətilə Səfəvi hökmdarının göndərdiyi “təbriknamə”ni ona təqdim etdi və Şah I İsmayılın sülh təklifini ona çatdırdı. Lakin Sultan Səlim sülh təklifini rədd edərək, elçini həbs etdirdi [8, 343; 11, 117].
Osmanlı hökmdarı Sultan Səlim h. 926-cı il şəvvəl ayının 9 da (22 sentyabr 1520) vəfat etdi. Onun ölümündən sonra osmanlı hakimiyyətinə yeganə varis olan şahzadə Süleyman (1520-1566) Osmanlı taxtına oturdu [18, 166; 12, 122; 11, 121].
Sultan Süleymanın hakimiyyətə gəlməsindən sonra Səfəvi-Osmanlı münasibətləri müəyyən dərəcədə normallaşmağa başladı. İlk olaraq, Sultan Süleyman atası Sultan Səlimin Səfəvi dövlətinə qarşı yürütdüyü düşmənçilik siyasətini dəyişmək qərarına gəldi. Bu məqsədlə, Səfəvi dövlətinə qarşı tətbiq olunan “İbrişim yasağı” deyilən ipək ticarəti qadağasını aradan qaldırdı. Eyni zamanda Sultan Səlim dövründə bu qadağanı pozduğuna görə həbs edilən tacirlər azad olundu və onlara dəyən maddi zərər dövlət xəzinəsindən ödənildi. Həmçinin səfəvi tacirlərinin silah ticarətinə qoyulan qadağa da aradan qaldırıldı [11, 128-130]. Sultan Süleyman bu iqtisadi qadağaları aradan götürməklə yanaşı diplomatik əlaqələri bərpa etmək məqsədilə Səfəvi sarayına bir məktub göndərərək, “Qərbli kafirlərə qarşı dostluq və əməkdaşlığı, ticarət əlaqələrinin və gediş-gəlişin bərpa edilməsini təklif etdi. Lakin Səfəvi hökmdarı Sultan Süleymanın bu diplomatik addımına müsbət cavab vermədi [11, 132].
Şah I İsmayıl Sultan Süleymanın əməkdaşlıq təklifinə yalnız, Belqradın (1521) və Rodosun (1522) fəthindən sonra cavab verdi. Səfəvi sarayından h. 929-cu ildə (1523) Osmanlı dövlətinə Tacəddin Həsən Xəlifənin başçılığı ilə 500 nəfərlik bir elçi heyəti göndərildi. Lakin Osmanlı hökuməti bu elçi heyətini yüksək səviyyədə qarşılamadı. Bu diplomatik heyətdən yalnız 20 nəfərə İstanbula gəlməyə icazə verildi. Sultan Səlimin ölümündən sonra baş sağlığı vermək, Sultan Süleymanı taxta çıxması və Rodosun fəthi münasibəti ilə təbrik etmək üçün İstanbula gələn elçi heyəti Şah I İsmayılın məktubunu Osmanlı Sultanına təqdim etdi. Məktubda yazılırdı: “... Bu əzəmətli hadisəni böyük bayram və sonsuz sevinc hesab edərək, Tacəddin Xəlifəni böyük qələbələri təbrik etmək üçün sarayınıza göndərirəm, Səmimiyyətlə mehribanlığımı sədaqətlə etiqad və etimadımı bildirirəm” [7, 195; 12, 123; 14, 448; 2, 106].
Şah I İsmayılın göndərdiyi məktuba cavab olaraq, Sultan Süleyman h. 930-cu il məhərrəm ayının 14-də (23 noyabr 1523) Səfəvi sarayına dostluq münasibətlərini özündə əks etdirən bir cavab məktubu göndərdi [12, 123; 7, 197].
Ümumiyyətlə, Şah I İsmayılın hakimiyyıti dövründə (1501-1524) səfəvi-osmanlı münasibətlərini birmənalı şəkildə qiymətləndirmək mümkün deyildir. Çünki Sultan II Bayazıdın hakimiyyəti zamanında bu münasibətlər daha cox sülh şəraitində davam etmiş, lakin Sultan Səlim dönəmində isə səfəvi-osmanlı münasibətləri ifrat dərəcədə siyasi gərginlik və müharibələrlə xarakterizə olunmuşdur. Sultan Süleyman zamanında tərəflər arasındakı münasibətlərdə gərginlik azalmış diplomatik əlaqələrə təşəbbüs göstərilmişdir.
Səfəvilər sülaləsinin hakimiyyətinin ilk dövrlərində Azərbaycanla Avropa dövlətləri arasında siyasi münasibətlər davam etməkdə idi. Səfəvi dövlətinin Qərbi Avropa ilə ilk diplomatık təması 1499-1502-ci illər Venesiya-Osmanlı müharibəsi zamanı yarandı. Venesiya hökuməti səfəvilərlə əlaqə yaratmaq üçün öz elçisi Konstantino Laskarini Azərbaycana yola saldı. Venesiya elçisi səfəvilərin Ərzincana səfəri ərəfəsində Səfəvi sarayına gələrək, Səfəvi hökmdarının Qaramana hücum edəcəyi təqdirdə, Venesiya hökumətinin ona artilleriya və hərbi gəmilərlə kömək edəcəyini bildirmişdi [3, 132-133; 29, 22; 10, 88].
Lakin hadisələrin sonrakı gedişi onu göstərdi ki, hələ ölkə daxilində siyasi vəziyyətə tam nəzarət etməyən Şah I İsmayıl osmanlılarla münasibətlərin gərginləşəcəyindən ehtiyat edərək, Qaraman istiqamətindən Venesiya ilə əlaqə yarada bilmədi [3, 133].
Venesiya hökuməti 1503-cü ildə Moriati Erzerum adlı növbəti elçisini danışıqlar aparmaq üçün Təbrizə - Səfəvi sarayına göndərmişdi [29, 23].
Şah I İsmayıl da Osmanlı imperiyası ilə müharibə vəziyyətində olan Venesiya ilə diplomatik əlaqələrin inkişafında maraqlı idi. Bu münasibətlə Səfəvi hökmdarı, 1505-ci ilin avqustunda Suriyadakı Venesiya konsulu vasitəsilə Venesiya hökumətinə bir məktub göndərmişdi. Məktubda deyilirdi: “ Sizə bəslədiyimiz məhəbbəti dillə ifadə etmək, qələmlə təsvir etmək, ağılla əhatə etmək mümkün deyil. Allaha ümid edirəm ki, biz tezliklə görüşəcəyik və mehriban dost olacağıq... Sizə bildirirəm ki, mən bütün Əcəm ölkəsini fəth etmişəm. İndi bu ölkə tərəqqi etməkdədir...ümid edirik ki, hələ indidən sonra da çoxlu böyük qələbələr çalacağıq...” [3, 144].
Səfəvi hökmdarı diplomatik dildə yazılmış bu məktub vasitəsilə Venesiya hökumətinə Osmanlı imperiyasına qarşı birgə mübarizə aparmağı təklif edirdi. Lakin bu dövrdə Venesiya hökumətinin siyasi və dövlət maraqları Şah I İsmayılın təklifinə uyğun gəlmədiyinə görə Venesiya hakimiyyəti bu təklifi müsbət dəyərləndirmədi.
1508-ci ildə Venesiyaya məxsus bir gəmidə Şah I İsmayılın və Qaraman şahzadəsinin səfirləri Venesiyaya gəldilər. Səfirlər Venesiyada yüksək səviyyədə qarşılandılar. Səfəvi elçisi Venesiya hökuməti ilə danışıqlar zamanı bildirdi ki, odlu silah və artilleriyaçılar üçün gəlmişdir və silahları İtaliya və Suriyadan keçərək aparmaq niyyətindədir. Venesiyaya təklif olunurdu ki, onlar Yunanıstan sahillərində osmanlılara qarşı dəniz döyüşünə başlayaraq Bayazidin diqqətini ora yönəltməlidirlər. Buna cavab olaraq Səfəvi dövləti öz növbəsində Kiçik Asiyada osmanlılara qarşı müharibəyə başlaya bilər. Lakin aparılan danışıqlar əməli nəticələr vermədi. Venesiya hökuməti Səfəvi dövlətinə müsbət, «nəzakətli» cavab verməklə kifayətlənərək bildirdi ki, Osmanlı imperiyasına qarşı müharibəyə razıdır, ancaq Avropadakı indiki siyasi şərait buna imkan vermir.
1508-ci ildə danışıqları davam etdirmək üçün Şah I İsmayıl əslən Kiprli olan Nikolo Sororo adlı bir nəfəri elçi olaraq Venesiyaya yola saldı. Lakin bu elçi Suriya ərazisində ələ keçirilərək Misir sultanının göstərişi ilə həbs edildi. Misir hakimiyyətinin bu addımı Səfəvi-Məmlük münasibətlərində ciddi siyasi gərginlik yaratmışdı [4, 195]. .
Çaldıran döyüşü ərəfəsində də Osmanlı imperiyasına qarşı Səfəvi dövləti ilə Venesiya arasında diplomatik danışıqlar aparılsa da, bu danışıqlar nəticəsiz başa çatdı.
Bu dövrdə Şah I İsmayıl Səfəvi dövlətinin hərbi qüdrətini artırmaq və Osmanlı imperiyasına qarşı birgə mübarizə aparmaq üçün Portuqaliya ilə də diplomatik əlaqələr yaratmağa çalışırdı. Səfəvi-Portuqaliya əlaqələrinin yaranması Avropadan Hindistana dəniz yolunun kəşf olunması və Portuqaliyanın Hind okeanı hövzəsində möhkəmlənməsi ilə bağlı idi. 1507-ci ildə Ədən körfəzinin girəcəyindəki Sokotra adasını fəth edən və 1513-cü ildən Ədənin özünü ələ keçirmək uğrunda müharibələrə başlayan portuqaliyalılar əslində Hind okeanı hövzəsini Qırmızı dəniz və Misir vasitəsilə Aralıq dənizi sahilləri ilə əlaqələndirən məhşur tıcarət yolunu bağladılar [3, 149; 9, 379].
1507-ci ilin oktyabrında Alfonso de Albukerkenin başçılıq etdiyi Portuqaliya donanması, Səfəvilər dövlətindən asılı olan və Səfəvi xəzinəsinə illik xərac verən Hörmüz əmirliyinə hücum etdi. Həmin ildə Zülqədəroğlu Əlaüddövləyə qarşı yürüşdə olan Şah I İsmayıl, Səfəvi dövləti üçün Hind okeanına çıxış üçün bu mühüm strateji məntəqəni portuqallardan qorumaq üçün Hörmüz əmirinə hərbi yardım göstərə bilmədi. Hörmüzlülərin ciddi müqavimətinə baxmayaraq, portuqallar bu şəhəri ələ keçirdilər. Bununla da Hörmüz hakimi Əmir Seyfəddin Portuqaliyanın asılılığını qəbul etdi [24, 117; 3, 150]. Beləliklə, osmanlıların Şərqi Anadoluda, portuqalların isə Bəsrə körfəzindəki işğalları nəticəsində Səfəvi dövlətinin dünya ticarətində mövqeləri nəzərəçarpacaq dərəcədə zəiflədi və Avropa-Asiya ticarət yolları üzərində nəzarət itirilmiş oldu.
Hörmüzün portuqallar tərəfindən ələ keçirilməsi ilə Hind okeanında möhkəmlənmək uğrunda Osmanlı-Portuqaliya rəqabətinin əsası qoyuldu. Bu isə Osmanlı imperiyasına qarşı Portuqaliya ilə Səfəvi dövləti arasında yaxınlaşmaya səbəb oldu [3, 151; 1, 97].
Tərəflər arasında aparılan danışıqlar nəticəsində müqavilə bağlandı. Bu müqavilənin şərtlərinə görə, Portuqaliyanın dəniz qüvvələri Bəhreyin və Qətifə həmlə etməkdə Səfəvi hakimiyyətinə kömək etməli, bunun müqabilində Səfəvilər Hörmüzə olan iddialarından əl çəkməli idilər. Eyni zamanda tərəflər Osmanlı dövlətinə qarşı birgə mübarizə aparmaq üçün razılıq əldə etdilər [7, 238].
Səfəvi dövləti ilə Portuqaliya arasında, osmanlılar əleyhinə birgə mübarizə aparmaq üçün əldə olunan razılığa baxmayaraq, portuqallar üstünlüyü ələ alaraq Hörmüzə nəzarəti ələ keçirdilər. Bununla da Səfəvi dövləti Hörmüz vasitəsilə birbaşa Hind okeanına çıxış yolundan məhrum oldu.
Səfəvilərin Çaldıran döyüşündə osmanlılara məğlubiyyətindən sonra Azərbaycanın Avropa dövlətləri ilə diplomatik əlaqələrində yeni bir mərhələ başladı. Osmanlı imperiyasının Səfəvi dövlətini məğlub etməsi (1514) və Misir Məmlük dövlətini süquta uğratması (1517) Avropa dövlətlərinin antiosmanlı siyasətində yeni bir canlanma yaratdı [3, 158].
Bu dövrdə Portuqaliya hakimiyyəti özlərinin nəzarətində olan ərazilərə osmanlıların hücum təhlükəsindən ehtiyat edərək, Osmanlı imperiyasına qarşı birgə mübarizə aparmaq üçün Səfəvi dövləti ilə yenidən diplomatik danışıqlar aparmışdı. Bu məqsədlə Portuqaliyanın Hindistandakı valisi Duarte de Menezes, 1523-cü ilin sentyabr ayında Baltasar Pessoanın rəhbərliyi ilə paytaxt Təbrizə bir elçi heyəti göndərmişdir. Bu heyətin tərkibində Portuqaliya səyyahı Antonio Tenreiro da təmsil olunurdu. Bu səfərdə Hindistan valisi Antonio Tenreiroya xüsusi tapşırıq verərək, Osmanlı hakimiyyətinin Hindistan iştiqamətindəki ərazilərə dəniz yürüşü niyyətinin olub-olmamasını öyrənməyi tapşırmışdır [ 13, 31-33].
Bu dövrdən etibarən Səfəvi dövlətinin digər Avropa dövlətləri-Almaniya və Macarıstanla da diplomatik əlaqələri başlayır.
Sultan Süleyman (1520-1566) atasının ölümündən çox keçməmiş Macarıstanın paytaxtı Belqradı ələ keçirdi. Bununla da Mərkəzi Avropa istiqamətində Osmanlı işğallarına yol açıldı. Osmanlı sultanının bu hərbi müvəffəqiyyətləri Avropada ciddi təşvişə səbəb oldu. Bu ərəfədə osmanlı işğalına məruz qalan Macarıstan kralı II Lüdovik osmanlılara qarşı mübarizə aparmaq məqsədilə danışıqlar aparmaq üçün rahib Petrus de Monte Libano adlı elçisini Səfəvi sarayına göndərdi. Səfəvi sarayında ehtiramla qarşılanan macar elçi, 1523-cü ilin avqustunda Şah I İsmayılın Macarıstan kralına yazdığı cavab məktubu və Alman imperatoru V Şarla yazdığı digər bir məktubla geri qayıtdı [7, 246; 3, 165]. Şah I İsmayılın Alman imperatoruna yazdığı məktubda, “... baharın əvvəllərində, eyni vaxtda Osmanlı türklərinin Sultanına həmlə etməyi... ” təklif edirdi [25, 140-141].
Lakin Almaniya imperatoru Şah I İsmayıla tezliklə cavab vermədi. Yalnız 1525-ci il avqust ayının 25-də Almaniya imperatoru səfəvi hökmdarına cavab məktubu yazdı. O, bu məktubunda Şah I İsmayılın Osmanlı imperiyasına qarşı birgə mübarizə təklifini yüksək qiymətləndirərək, yazırdı ki, “biz həmişə xristianların torpağında sülh və əmin-amanlıq tərəfdarı olduğumuzdan indi müştərək meyl və həvəsimiz əsasında türklərin əleyhinə qoşun çəkməkdən başqa bir işimiz qalmamışdı [7, 248-250; 25, 141-142).
Bu məktub yazılanda, artıq Şah I İsmayıl vəfat etmişdi. Bu səbəbdən V Şarlın Səfəvi hökmdarına etdiyi təkliflərin heç bir əhəmiyyəti yox idi.
Ümumuyyətlə, Şah I İsmayılın hakimiyyəti dövründə Azərbaycanın Avropa dövlətləri ilə diplomatik münasibətlərinin əsasını Osmanlı imperiyasına qarşı birgə mübarizə təşkil edirdi. Lakin Avropada baş verən siyasi hadisələr, dövlətlərarası ixtilaflar, digər tərəfdən bu dövlətlərin Osmanlı imperiyasına qarşı mübarizədə qeyri-ardıcıl siyasət yeritməsi, onların Səfəvi hakimiyyəti ilə antiosmanlı ittifaqında birləşməsinə imkan vermədi. Bununla da Səfəvi dövlətinin Avropa dövlətləri ilə birlikdə Osmanlı imperiyasına qarşı birgə mübarizə planları iflasa uğradı.
Yekun olaraq qeyd edək ki, Şah I İsmayılın hakimiyyəti illərində (1501-1524) Səfəvi dövlətinin xarici siyasi əlaqələri çoxşaxəli formada inkişaf etmişdi. Əgər Səfəvi dövlətinin xarici siyasəti Avropa dövlətlərinə münasibətdə diplomatik əlaqələrin inkişafı ilə şərtlənirdisə, əksinə bölgədə strateji maraqların toqquşduğu Osmanlı imperiyası ilə siyasi münasibətləri daha çox hərbi-siyasi xarakter daşıyırdı.

 

Ədəbİyyat

1. Əfəndiyev O. Ə. Azərbaycan Səfəvilər dövləti. Bakı: Azərnəşr, 1993, 300 s.
2. Fərzəlibəyli Ş.F. Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlər). Bakı, “Azərnəşr”, 1995. 197 s.
3. Mahmudlu Y. M. Azərbaycan diplomatiyası. Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələri (XV-XVII yüzilliklər). Bakı: Azərbaycan diplomatiyası, 1996, 289 s.
4. Mahmudov Y. M. Azərbaycan diplomatiyası. Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələri (XV-XVII yüzilliklər). Bakı: Təhsil, 2006, 414 s.
5. Məmmədova Ş. K. «Xülasət ət-təvarix» Azərbaycan tarixinin mənbəyi kimi. Bakı: Elm, 1991, 117 s.
6. Solakzadə Mehmed. Tarix (Azərbaycan tarixinə dair iqtibaslar). Osmanlı türk dilindən çevirəni Z.M.Bünyadov. Bakı: Elm, 1992, 84 s.
7. Vilayəti Ə. Ə. Şah İsmayıl Səfəvi dövründə İranın xarici əlaqələr tarixi. Bakı: Əlhuda, 1998, 421 s.
8. Efendi Hoca Sadeddin. Tacü’t-tevarih (Şehzadelerin girişimleri-Selimname ve Yavuz Sultan Selim dönemi). Yalınlaştıran İsmet Parmaksızoğlu. IV c., İstanbul: Milli Egitim Basımevi, 1979, 407 s.
9. İnalçik H., Quataert D. Osmanlı imparatorluğunun ekonomik ve sosyal tarihi (1300-1600). Türkçeye çeviren Halil Berktay. I c., İstanbul: Mart Matbaacılıq Sanatları Ltd. Şti., 496 s.=
10. İnalçik H. Osmanlı tarihine toplu bir bakış. / Osmanlı 1, Ankara: Yeni Türkiye Yayınları, 1999, s 37-116
11. Kılıç R. Kanuni devri Osmanlı-İran münasebetleri (1520-1565). İstanbul: İQ Kültür Sanat Yayinçılıq ve Uluslararası Tanıtım Hizmetleri Şti., 2006, 496 s.
12. Kırzıoğlu. F. M. Osmanlılar’ın Kafkas-elleri’ni fethi (1451-1590). Ankara: Türk tarih kurumu basımevi, 1993, 550 s.
13. Özbaran S. Portekizli seyyahlar (İran, Türkiye, İrak, Suriye ve Mısır yollarında). İstanbul: Kitapyayınevi, 2007, 201s.
14. Uzunçarışlı İ. H. Osmanlı tarixi (İstanbul’un fethinden Kanuni Sultan Suleyman’ın ölümüne kadar). II c., Ankara: Türk Tarih Kurumu Basımevi, 1988, 756 s.
15. Yiğıt İ. İslam tarihi. VII c., İstanbul: 1991, Kayıhan yayınevi neşriyatı, 424 s.
16. Yinanç R. Dulkadir beyliği. Ankara: Türk Tarih Kurumu Basımevi, 1989, 184 s.
17. Yussof K. XVI. Yüzyılda I Selim ve Mısır arasındaki ilişkiler. / Osmanlı 1, Ankara: Yeni Türkiye Yayınları, 1999, s. 282-288.
18. Бидлиси Шараф-хан ибн Шамсаддин. Шараф-Наме (Перевод, предисловие, примечания и приложения Е. И. Васильевой. Т. 2. М.: Наука, 1976, 350 с.
19. История Востока (Восток на рубеже средневековья и нового времени-XVI-XVIII вв.). Т. 3. М.: Восточная литература РАН, 1999, 695 с.
20. История Европы. (От средневековья к новому времени-конец XV-первая половина XVII в.) / Ответственные редакторы Л. Т. Мильская, В. И. Рутенбург. Т. 3. М.: Наука, 1993, 656 с.
21. Книга Орудж-бека Баята - Дон-Жуана Персидского. Перевод с английского, введение и комментарии О, А. Эфендиева и А.Фарзалиева. Баку: Язычы 1988, 215 с
22. Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI - начале XIX вв. Ленинград: «Изд. ЛГУ им. А. А. Жданова, 1949, 383 с.
23. Хазанов А. М. Экспансия Португалии в Африке и борьба Африканских народов за независимость (XVI-XVIIIвв.). Москва: Наука, 319 с.
24. Шахмалиев Э.М. Дипломатические отношения Испании с Сефевидским государством во второй половине XVI века // «Ученые записки» Азербайджанского Государственного Университета, Серия истории и философии, 1955, №7. с.117-127.
25. Эфендиев О. А. Образование Азербайджанского государства Сефевидов в начале XVI века. Баку: Изд. АН. Азербайджанской ССР, 1961, 207 с.
26. Minorsky V. The Middle East in the Western Politics in 13-th, 15- th and 17- th Centuries // Journal of Royal Asiatic Society, 1940, vol. 27. p. 427- 461.
27. Stanley L. P. History of Egypt in the middle ages. Londan: Metuen and Co, 1901, 357 p.=
28. Travels of the Venetians in Persia: A Narrative of Italian Travels in Persia in the 15-th and 16-th centuries. / Translated and edited by C. Grey. London: Hakluyt Society, vol. 49, 1873.
29. Berchet G. “ La Respubblica di Venezia e la Persia. Torino: Tipoqrafia G. B. Paravia E Comp, 1865, 294 p.
30. Zəqləmə Ə. Əl Məmalik fi Mısra. Qahirə: 1415 h., 192 s.

Geostrategiya" jurnalı № 03 (27) MAY-İYUN 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM