Azərbaycanın xarici siyasət prioritetlərinə baxış: Beynəlxalq təşkilatla səmərəli əməkdaşlıq kontekstində təhlil

16:10 / 21.02.2014

                                                                                                          Quliyeva Ülviyyə
Bakı Dövlət Universitetinin
Politologiya və Sosiologiya
kafedrasının müəllimi

 

Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı tək qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir. Həmçinin, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur. Əlbəttə ki, Azərbaycanın bu cür nailiyyətlərinin praqmatik və rasional xarici siyasət kursu nəticəsində əldə olunduğu da hər kəsə bəllidir. Balanslaşdırılmış xarici siyasət strategiyası kimi rəsmiləşdirilmiş bu kursun banisi isə Ümummilli lider Heydər Əliyevdir.

Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik əldə etməsinə və qlobal miqyasda müşahidə edilmiş “Soyuq müharibə”nin başa çatmasından sonra cərəyan edən qloballaşma tendensiyalarının ilk elementlərini görməsinə baxmayaraq, hakimiyyətdə olmuş iqtidarlar reallığı nəzərə alaraq, müvafiq xarici siyasət kursu işləyə bilmədi. 1992-1993-cü illərdə Azərbaycan rəhbərliyi nəinki prioritet vəzifələri müəyyənləşdirib həyata keçirmədi, əksinə, həm daxildə, həm də xaricdə çox ziyanlı siyasət yeridərək ölkəni çətin duruma saldı. Səslənmiş “türkün türkdən başqa dostu yoxdur”, “İran ağlını başına yığmalı və Cənubi Azərbaycan məsələsini həll etməlidir”, “Orta Asiya dövlətləri müstəqilliklərini özləri qazanmayıb, yaxud qeyri-demokratik ölkələrdir, odur ki, onlarla münasibət qurmaq olmaz”, “Rusiya ilə bizim haqq-hesabımız hələ irəlidədir”, “Çində insan hüquqları pozulur” və s. bəyanatlarla Azərbaycanı həm daxildə, öz vətəndaşları arasında, həm regionda, həm də xarici aləmdə çox böyük problemlərlə üzbəüz qoydu. Beləliklə də, xarici siyasət sahəsində yaşanan problemlərin daxildə baş alıb gedən özbaşınalıq, siyasi böhran, vətəndaş qarşıdurması ilə müşahidə olunması, erməni işğalçılarının bir-birinin ardınca Azərbaycan torpaqlarını işğal etməsi və bunun qarşısını almaq üçün mövcud hakimiyyətin ciddi bir iş görə bilməməsi və s. kimi məsələlər dövlətçiliyimiz üçün mürəkkəb anlar yaşatdı (1).

Bu mənada dünyada baş verən qloballaşma, demokratikləşmə və beynəlxalq inteqrasiya fonunda Azərbaycanın bir dövlət kimi gələcək dünya nizamında yeri, daxili və xarici siyasətinin xarakteri və prioritetləri müəyyən edilməli, Qərbə, Şərqə, yoxsa Rusiyaya və keçmiş SSRİ məkanında mövcud olan dövlətlərin birliyinə inteqrasiya xətti seçilməli, ölkənin təhlükəsizliyi hansısa mövcud beynəlxalq təhlükəsizlik sistemləri ilə əlaqədə, yoxsa, müstəqil, bitərəf şəkildə təmin olunması kimi məsələlər həllini tapmalı idi. Bütün bu məsələlər ətrafında isə operativ, lakin düşünülmüş, hərtərəfli ölçülüb-biçilmiş qərarlar qəbul edilməli idi. Çünki, istiqlaliyyət əldə etmiş hər bir dövlət özünün suveren hüquqlarını qorumaq, dövlət müstəqilliyini möhkəmləndirmək, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq və meydana çıxmış münaqişələri həll etmək üçün ardıcıl və prinsipial xarici siyasət yeridərək, qonşu ölkələr və dünyanın nüfuzlu dövlətləri ilə yanaşı, onların təmsil olunduğu bütün beynəlxalq və regional təşkilatlarla da geniş əməkdaşlıq əlaqələri qurmağa ehtiyac duyur. Bu səbəbdən hər bir dövlətin milli maraqlarının və təhlükəsizliyinin qorunması tələbləri beynəlxalq və regional mübahisələrin dinc yolla nizamlanması üçün geniş tədbirlər sistemini nəzərdə tutan hüquqi-normativ bazaya əsaslanan, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında beynəlxalq hüquq normalarına söykənən və bu normaların təminatçısı rolunu yerinə yetirən beynəlxalq təşkilatlarla sıx əlaqələrin yaradılması zəruriliyini təsdiq edir. Məhz, buna görə də, dünya birliyinə tamhüquqlu üzv kimi daxil olmağa çalışan, müstəqilliyinin ilk kövrək addımlarını atan və Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq və məhəlli təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi başlıca istiqamətlərdən birini təşkil edir.

Beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin intensiv inkişaf etdirilməsi isə həm digər dövlətlərlə çoxşaxəli siyasi, iqtisadi, elmi-mədəni və humanitar əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə, həm də ölkədə baş verən proseslər haqqında obyektiv beynəlxalq ictimai rəyin formalaşmasına əsaslı təsir göstərmək imkanlarını genişləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir (2).

Beləliklə də, 1993-1994-cü illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətinin və beynəlxalq münasibətlər sistemində təmsilçiliyinin strateji və cari vəzifələri, xarici aləmlə əlaqələrin konturları, prioritetləri müəyyən edildi. Məhz, Ümummilli liderimizin dövründə Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün lazımi tədbirlər görüldü, ölkənin xarici aləm üçün kəsb etdiyi maraqlar dairəsi, geosiyasi və iqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi, beynəlxalq aləmin Cənubi Qafqazda, Xəzər regionunda və Azərbaycanda təmsil olunan, üst-üstə düşən, kəsişən maraq dairələri müəyyənləşdirildi. Eyni zamanda, beynəlxalq münasibətlərin yeni düzəni, dövlətlərarası əlaqələrin prinsipləri, beynəlxalq hüququn təsir gücü və dairəsi, dünyanın böyük dövlətlərinin, regionun aparıcı ölkələrinin və beynəlxalq təşkilatların Azərbaycanla bağlı yürütdüyü və reallaşdıracağı siyasət təhlil edildi.

Bundan sonra Azərbaycan dövləti qarşıya çıxan mühüm problemlərin, ilk növbədə, dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və dünya inteqrasiya prosesinə sıx cəlb olunmasında beynəlxalq təşkilatların rolundan istifadə etmək məqsədilə qısa müddət ərzində BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Konfransı Təşkilatı (İKT), Türk Dövlətləri Birliyi, Müstəqil Dövlətlər Birliyi (MDB), Beynəlxalq Valyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Bərpa və İnkişaf Bankı və İslam İnkişaf Bankının üzvü oldu, Parlamentlərarası İttifaq, Avropa Birliyi, Avropa Şurası, Avropa Parlamenti, NATO və b. beynəlxalq və regional qurumlarla səmərəli əlaqələr yaratdı.

Azərbaycanın sıx əlaqələri olduğu təşkilatlardan biri ATƏT-dir. Ölkəmiz ATƏT-in üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunub və qeyd edək ki, ATƏT Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatıdır. Təşkilatla Azərbaycan arasında qısa müddət ərzində aparılmış intensiv əməkdaşlıq nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı ciddi sənədlər qəbul edilib, Minsk qrupu yaradılıb. Azərbaycanla ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) arasında da sıx əməkdaşlıq münasibətləri olub. 1998-ci ildən başlayaraq DTİHB Azərbaycan Respublikasının Hökuməti ilə fəal əməkdaşlıq aparıb və aparılan birgə əməkdaşlıq nəticəsində demokratikləşdirmə, qanun aliliyi, qanunvericiliyin, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender bərabərliyi və digər sahələrdə bir çox layihələr həyata keçirib. DTİHB Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak edib. Lakin Azərbaycanda keçirilmiş son prezident seçkilərindən sonra qərəzli və qeyri-obyektiv hesabatla çıxış edən DTİHB uzun illər ərzində qurulmuş münasibətlərə kölgə saldı və etibarını tükətdi.

Bununla yanaşı, ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsi ilə də əməkdaşlığa Azərbaycan hökuməti tərəfindən xüsusi önəm verilir. Eyni zamanda, ATƏT-in tamhüquqlu üzvü olduğundan Azərbaycan təşkilatın Milli Azlıqlar üzrə Ali Komissarının Ofisi ilə də əlaqələr yaradıb.

ATƏT-in Parlament Assambleyası (PA) ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında sıx əməkdaşlıq əlaqələri qurulub və ATƏT-in PA-da təmsil olunan Azərbaycandan olan deputatlar hər il PA-nın iclaslarında iştirak edirlər. Təşkilatla Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsi üçün ATƏT-in Bakıda Ofisinin yaradılması haqqında da qərar qəbul olunub. Lakin bu ofis rəsmi səlahiyyətlərinə uyğun olaraq, Azərbaycanın ictimai-siyasi həyatında fərqli – qərəzli mövqe nümayiş etdirməsi nəticəsində ATƏT-in Bakıda Ofisinin statusuna yenidən baxılması haqqında qərar qəbul edilib. Ümumiyyətlə, ATƏT-lə Azərbaycan arasında səmərəli əməkdaşlığın inkişafı ölkəmiz üçün əhəmiyyət kəsb etdiyindən, xüsusi olaraq bu məqsədlə Azərbaycanda ATƏT-in Dostları Qrupu da yaradılıb (3).

Azərbaycanın intensiv əməkdaşlıq əlaqələri qurduğu beynəlxalq təşkilatlardan biri də Avropa Şurasıdır. Azərbaycan 1992-ci ildə “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib. Həmin ildən başlayaraq, təşkilat qarşısında götürdüyü öhdəlikləri yerinə yetirən Azərbaycan 2001-ci ilin 17 yanvar tarixində tamhüquqlu üzv kimi təşkilata qəbul edilib. Ötən müddət ərzində Azərbaycan həm qanunvericilik sahəsində, həm də demokratikləşmə kursu üzrə əhəmiyyətli addımlar atdı, ölüm hökmü ləğv edildi, siyasi və ictimai əhəmiyyətli qanunlar qəbul edildi. Azərbaycanın Avropa Şurası Parlament Assambleyası çərçivəsində həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması da reallaşdırılmaqdadır. Bunun nəticəsidir ki, Azərbaycan AŞPA-nın iclaslarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı ciddi sənədlərin qəbul edilməsinə nail olub.

Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən birini Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq təşkil edir. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Aİ-nin üzv dövlətlərinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını artırır. Aİ öz xüsusi elçisini 1998-ci ildə Azərbaycana göndərib və Azərbaycan Aİ-də öz Daimi Nümayəndəliyini 2000-ci ildə açıb.

Azərbaycan Avropa İttifaqı ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi əsasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyib. Bununla yanaşı, 2004-cü ildə Avropa İttifaqı dövlət və hökumət başçıları Şurasının Brüsseldə keçirilmiş toplantısında Avropa Komissiyasının Cənubi Qafqaz ölkələrinin Avropa Qonşuluq Siyasətinə cəlb olunmasına dair tövsiyəsi təsdiq olunub. Avropa Qonşuluq Siyasəti isə Azərbaycan üçün siyasi, iqtisadi və inzibati islahatların səmərəli şəkildə həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişlərə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olmaq imkanı, paralel olaraq, vətəndaşların, əmtəənin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərini, həmçinin, Aİ ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, investisiyaların təşviqi imkanları, yeni maliyyə mənbələri, Ümumdünya Ticarət Təşkilatına üzvlüyün dəstəklənməsi və s. reallaşdırmaq imkanı yaradır.

Eyni zamanda, Aİ TACİS proqramı çərçivəsində də müvafiq texniki və ekspert köməyi vasitəsilə Azərbaycanda aparılan iqtisadi islahatları dəstəkləyir. TACİS-in Azərbaycanla əlaqədar əsas çoxtərəfli şəbəkə layihələri TRACECA və İNOGATE-dir. TRACECA-nın məqsədi siyasi və iqtisadi müstəqilliyi dəstəkləməklə, onların alternativ nəqliyyat yolları vasitəsilə Avropa və dünya bazarlarına çıxış qabiliyyətini yüksəltmək və üzv dövlətlər arasında regional əməkdaşlığı stimulə etməkdən ibarətdir. İNOGATE isə Aİ-nin yeni müstəqil dövlətlərə maliyyə dəstəyi çərçivəsində həyata keçirilən əsas regional təşəbbüsdür. 1999-cu ilin iyul ayında 15 dövlətin iştirakı ilə imzalanan dövlətlərarası neft və qaz ixracını nəzərdə tutan Çərçivə Sazişi İNOGATE-in əsas hüquqi bazasını təşkil edir.

Bütövlükdə, Azərbaycan Avropa İttifaqı ölkələrilə Şərq tərəfdaşlığı proqramı çərçivəsində də əlaqələr saxlayır, hətta, son prezident seçkilərinə qədər Avronest Parlament Assambleyasında da fəal iştirak edib. Lakin Avronest PA da DTİHB Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair qərəzli mövqedən çıxış etməsi rəsmi Bakını bu beynəlxalq siyasi institutda iştirakına yenidən baxmağa vadar edib.

Qeyd edək ki, adlarını çəkdiyimiz təşkilatlarla Azərbaycanın münasibətlərinin intensivləşməsi son illər ərzində daha da sürətlənib. Çünki, həm Azərbaycanın artan siyasi-iqtisadi imkanları, həm də ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rolu qurulan münasibətləri daha da möhkəmləndirir. Bunun nəticəsidir ki, təşkilat dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı ciddi sənədlər qəbul edib, həmçinin, Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammitində Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında Saziş imzalanıb (4).

Azərbaycanın münasibətlərini genişləndirdiyi və dərinləşdirdiyi təşkilatlardan birini də İslam Konfransı Təşkilatı (İKT) təşkil edir. Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın 1991-ci ilin dekabr ayında İslam Konfransı Təşkilatına üzv olması beynəlxalq aləmdə respublikamızın qarşısında yeni üfüqlər açıb. Çünki, Azərbaycan İKT və ona üzv dövlətlərin ardıcıl dəstəyinə nail olub və ilkin vaxtlarda İKT Baş katibliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, daha sonrakı mərhələdə İKT konfransları Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında kəsərli qətnamələr qəbul edib. Bu qətnamələrdə isə münaqişə birmənalı şəkildə Ermənistanın Azərbaycana qarşı təcavüzü kimi qiymətləndirilib. Sonuncu dəfə isə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası (İƏT XİNŞ) Xocalı faciəsini soyqırım aktı tanıyan növbəti sənəd qəbul edib. Sözügedən qətnamədə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlər arası Dialoq üzrə Baş Koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Forum tərəfindən həyata keçirilən “Xocalıya Ədalət” kampaniyasına həsr edilmiş xüsusi bənd ayrılıb. Həmin bəndə əsasən, İƏT XİNŞ “Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətlərdən bu soyqırım aktını milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün Kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır.

Qeyd edək ki, İKT qətnamələri Azərbaycan üçün yalnız siyasi əhəmiyyət daşımır, eyni zamanda, respublikamıza müsəlman ölkələri tərəfindən göstərilən humanitar, texniki və s. yardımın böyük bir hissəsi İKT konfranslarının qəbul etdiyi bu kimi mühüm sənədlər əsasında həyata keçirilib.

Azərbaycan İKT çərçivəsində İslam dünyası üçün də mədəni-humanitar xarakterli fəaliyyət sərgiləyib və öz töhfəsini verib. Əlbəttə, qürurverici haldır ki, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb (5).

Azərbaycanın təmsil olunduğu ən mühüm beynəlxalq təşkilatlardan biri də Birləşmiş Millətlər Təşkilatıdır. Azərbaycan və BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılması və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən dərhal sonra bərqərar olub. Azərbaycan 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilib və 1992-ci il may ayının 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb.

BMT ilə əməkdaşlığın ilk günündən, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışıb. Bunun nəticəsində də 1993-cü il ərzində BMT Təhlükəsizlik Şurası münaqişəyə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Hər bir qətnamə isə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin

Ermənistanın silahlı qüvvələri tərəfindən işğalını qəbul edib. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürüb. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməyib.

Azərbaycan milli maraqlarını müdafiə etmək və ölkə ilə bağlı həqiqətlərin dünyanın ən ali kürsüsündən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün təşkilatla sıx əlaqə saxlayır. Ölkəmiz BMT çərçivəsində mühüm proseslərdə iştirak edib, əsasən, sülh və əməkdaşlığın tərəfdarı kimi ciddi dəstək alıb. Elə bu prosesin nəticəsi idi ki, Azərbaycan 2011-ci ildə BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Ötən iki il ərzində isə Azərbaycan dünyanın son dərəcədə əhəmiyyətli hadisələri ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik edib, müvafiq qərarların qəbulunda iştirak edib.

Bununla yanaşı, Azərbaycan BMT daxilində bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR), BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO), Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar. Burada Azərbaycan-YUNESKO arasındakı əlaqələri xüsusi olaraq qeyd etmək lazımdır. Çünki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanın bir çox maddi-mənəvi abidələri Qeyri-maddi Mədəni İrs Siyahısına salınıb. Həmçinin, Azərbaycan xalqına məxsus mədəniyyət elementləri qorunub və dünya mədəniyyət nümunələri sırasına daxil edilib. Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun YUNESKO qurduğu hərtərəfli səmərəli əməkdaşlıq bu gün olduqca yüksək səviyyədədir. Sirr deyil ki, Azərbaycan-YUNESKO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Mehriban xanım Əliyevanın böyük əməyi var. Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülüb.

Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. Eyni zamanda, Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban xanım Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib (5).

Azərbaycan həmçinin, beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlər ilə əlaqədar BMT Baş Assambleyasının qəbul etdiyi qətnamələrin kosponsorudur. Ölkəmizin təşkilatdakı nümayəndə heyəti öz təşəbbüsü ilə bəzi qətnamələri irəli sürüb.

Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin Komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim edib. Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Təsadüfi də deyil ki, Azərbaycan BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.

Qeyd edək ki, Azərbaycan xarici siyasət prioritetlərindən irəli gələrək, dünyada beynəlxalq hüquq normalarına əsaslanan sivil birgə yaşayış normalarının bərqərar olması, dövlətlərin beynəlxalq hüquqlarının qorunması üçün təsirli tədbirlərin görülməsi NATO, MDB, GUAM, QDİƏT, İƏT, TÜRKPA, Qoşulmamaq Hərəkatı və digər beynəlxalq və regional təşkilatlar daxilində dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında daha yaxından iştirak edir. Təbii ki, bu iştirakçılıq Azərbaycan dövlətinə dünya miqyasında mövqelərini daha da möhkəmləndirməyə və milli maraqlarını müdafiə etməyə imkan yaradır.

 

QEYDLƏR:

 

1. Həsənov Əli. “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti”. Bakı, “Azərbaycan” nəşriyyatı, 2005. 752 s

2. Novruz Məmmədov. “Geosiyasətə giriş”. Bakı, “Azərbaycan” nəşriyyatı, 2011. 416 s

3. http:// www.mfa.gov.az/?options=content&id=737&language=az

4. http://www.president.az/articles/10387

5. http://www.heydar-aliyev-foundation.org/az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM