Cənubi Qafqaz regionunda həyata keçirilən enerji layihələrinin geoiqtisadi və geosiyasi əhəmiyyəti

10:22 / 23.09.2015

A.B. Təhməzova,
Tarix üzrə fəlsəfə doktoru

Cənubi Qafqaz regionu tarixən bir çox parametrlərinə görə əlverişli məkan kimi dünyanın güc mərkəzlərinin diqqətini özünə cəlb etmişdir. Çoxsaylı maraqların həm kəsişdiyi, həm də toqquşduğu region olan Cənubi Qafqaz uğrunda mübarizəni tarixin ayrı-ayrı dövrlərində enmə və qalxma trayektoriyası üzrə səciyyələndirmək mümkündür. Müasir mərhələdə regionda mürəkkəb dövlətlərarası, etnik, konfessional ziddiyyətlərin olması məhz çoxəsrlik geosiyasi və geoiqtisadi çəkişmələrin nəticəsi kimi nəzərdən keçirilə bilər. Təbii ki, Cənubi Qafqaz regionunda cərəyan edən proseslərə, əsasən geosiyasi və geoiqtisadi amillər-Xəzərin karbohidrogen resursları, regionun ixrac imkanları və ABŞ-ın, AB-nin geosiyasi maraqlarının təmin olunması istiqamətində reallaşdırılan strategiyalar təsir edirlər. Bu baxımdan, regionda həyata keçirilən enerji layihələri iqtisadi əhəmiyyətlə yanaşı, ciddi geosiyasi əhəmiyyət də kəsb edir. Hər şeydən öncə, Cənubi Qafqaz regionunda həyata keçirilən meqa enerji layihələrinin ilkin mərhələdə müəyyən səviyyədə olsa da, Avropanın Rusiyadan enerji asılılığının azaldılması baxımından mühüm geosiyasi əhəmiyyəti Qərb tərəfindən qeyd edilir.
Həmin enerji layihələrinin region dövlətlərinin, xüsusilə də, bu layihələrin reallaşdırılmasının əsas subyekti rolunda çıxış edən Azərbaycan Respublikasının iqtisadi tərəqqisi baxımından olduqca ciddi töhfələri vardır. Azərbaycan Respublikası regionda həyata keçirilən enerji layihələrinin əsas iştirakçısı və əsas enerji ixracatçısı kimi enerji daşıyıcıları nəqlinin diversifikasiyasında maraqlıdır və həyata keçirdiyi praqmatik enerji siyasəti sayəsində regional iqtisadiyyatın lokomativinə çevrilmişdir. Qeyd etmək lazımdır ki, ümumilikdə, Cənubi Qafqaz regionunda reallaşdırılan enerji layihələri təkcə regional deyil, onun hüdudlarından xeyli kənara çıxan, hətta bir sıra məqamları nəzərə alsaq, planetar səviyyədə iqtisadi əhəmiyyət kəsb edən layihələr kimi dəyərləndirilə bilərlər.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, regionun geosiyasi və geoiqtisadi potensialından daha səmərəli və təhlükəsiz şəkildə istifadə edilməsini məhdudlaşdıran reallıqlar da mövcuddur. Hər şeydən öncə, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasətinin ağır nəticələrinin aradan qaldırılmaması bütövlükdə regional təhlükəsizliyə ciddi təhdid yaradır və onun iqtisadi potensialından səmərəli istifadə imkanlarını azaldır. Bundan başqa, regionda mövcud olan digər etnomilli münaqişələr və ayrı-ayrı dövlətlərin həyata keçirməyə çalışdıqları geopolitik kombinasiyalar da ümumi təhlükəsizlik mühitinə mənfi təsirini bu və digər səviyyədə göstərməkdədir. Bütün bunlara baxmayaraq, Cənubi Qafqaz özünün yerləşmə coğrafiyasının unikallığına və zəngin təbii ehtiyatlarına görə dünya üçün olduqca əhəmiyyətli region statusundadır və burada həyata keçirilən enerji layihələri həm region dövlətləri, həm də regiondan xeyli kənar yerləşən dövlətlər üçün ciddi siyasi və iqtisadi əhəmiyyət kəsb edir.
Beləliklə, dünya dövlətlərinin həyata keçirdikləri siyasətin təbiətinə nəzər saldıqda görürük ki, müasir dünyada enerji siyasəti dünya dövlətlərinin xarici siyasətlərinin prioritet istiqamətlərindən biridir. Dövlətlərin inkişafı onların enerji təhlükəsizliyinin hansı səviyyədə təmin olunmasından birbaşa asılıdır. Hazırda sənaye sektorundan kənd təsərrüfatına qədər iqtisadiyyatın bütün sahələrində enerjiyə böyük ehtiyac var. Bu baxımdan, enerji təhlükəsizliyinin təmin olunması məsələsi dünyanın ən böyük enerji istehlakçılarından olan Avropa ölkələrində hər keçən gün daha geniş müzakirə olunur. Xüsusilə də, 2006-cı ilin qışında Rusiya ilə Ukrayna arasında yaşanan təbii qaz böhranı Avropanı bu mövzuda yenidən düşünməyə və ciddi tədbirlər görməyə məcbur etdi. Həmin dövrdə baş vermiş Rusiya-Ukrayna qaz böhranı Avratlantik məkanın siyasətçiləri üçün “həyəcan təbili” oldu və bu, Mərkəzi Avropanın ayrı-ayrı ölkələrini çətin vəziyyətdə qoyan 2009-cu ilin son böhranı ilə daha da dərinləşdi. Bu baxımdan, Avropa bir daha əmin oldu ki, enerji təhlükəsizliyinin təmin olunmasında Cənubi Qafqaz regionunun potensial və real enerji mənbəyi olaraq əvəzsiz yeri vardır. Bu reallıqdan çıxış edərək, Avropa dövlətləri regionda həyata keçirilməkdə olan layihələrin rentabelliyi və təhlükəsizliyi məsələlərinə daha həssaslıqla yanaşmağa başladılar.
SSRİ-nin süqutundan sonra Qərb uzun illərdən bəri həsrətində olduğu Cənubi Qafqaz və Xəzər regionunun enerji resurslarına çıxış əldə etmiş oldu. Regionda enerji layihələrinin həyata keçirilməsi istiqamətində fəaliyyətin reallaşdırılması həm Avropa, həm də müstəqillik əldə etmiş Azərbaycan üçün həyati əhəmiyyət kəsb edirdi. Gənc Azərbaycan dövləti uğurlu enerji siyasəti həyata keçirməklə 1992-1993-cü illərdə iflic vəziyyətində olan ölkə iqtisadiyyatını 1995-1996-cı illərdə bərpa edə bildi və regionda ciddi geosiyasi və geoiqtisadi maraqlara malik tərəflərlə qarşılıqlı səmərəli əməkdaşlıq münasibətləri qurdu. (4, s.75) Bu proses nəticə etibarilə ölkənin suverenliyinə olan məlum təhlükələrin dəf edilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Məlum olduğu kimi, Rusiya post-sovet məkanında nəzarətini yenidən bərqərar etmək üçün ciddi cəhdlər göstərmişdir. Həmçinin, özünün cənub qapısı hesab etdiyi Cənubi Qafqaz regionunu hər hansı bir formada öz nəzarətindən kənar görmək istəmirdi. Buna baxmayaraq, 1993-cü ilin iyun ayında xalqın israrlı xahiş və tələbindən sonra Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı həmin təzyiqlərin aradan qaldırılmasında müstəsna rol oynadı. Azərbaycan Respublikasının balanslı, çoxvektorlu və çevik xarici siyasət kursu formalaşdı. Bu siyasət ölkənin yeni enerji diplomatiyasının formalaşmasını təmin etdi. Həmin diplomatiya eyni zamanda işğalçı Ermənistanın Azərbaycanın müəllifi və təşəbbüskarı olduğu bütün regional və qlobal miqyaslı enerji layihələrində iştirakdan kənarda qalması ilə nəticələnmişdir. Ermənistan bununla da öz təcavüzkar siyasətinin girovuna çevrilmiş, ölkə sistemli böhran məngənəsinə düşmüş və əslində beynəlxalq münasibətlər sisteminin subyekti deyil, onun həqarətli obyekti statusuna enmişdir.
Bir sözlə, yuxarıda sadaladığımız reallıqlar fonunda hələ müstəqilliyin ilk illərində Qərb şirkətləri Azərbaycanın Azəri, Çıraq, Günəşli neft yataqlarının birgə işlənilməsi ilə bağlı maraqlarının olduqlarını bildirmişlər və Ümummilli lider Heydər Əliyevin enerji diplomatiyasının təntənəsi olaraq artıq 1994-cü ilin sentyabr ayının 20-də Bakı şəhərində dünyanın 8 dövlətinin 12 şirkətinin iştirakı ilə 30 illik müddətə “Əsrin müqaviləsi” imzalanmışdır. Ümummilli lider Heydər Əliyevin böyük siyasi iradəsi və titanik zəhmətinin nəticəsi olaraq imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan Respublikasının real iqtisadi və siyasi müstəqilliyi istiqamətində ilk addım olmuşdur. (4, s.71) Bundan başqa, həmçinin, Azərbaycan dövləti real olaraq Avropanın enerji təhlükəsizliyinin mühüm bir elementinə çevrilmiş oldu. Bunun ardınca Azərbaycanın beynəlxalq enerji siyasətində növbəti mühüm addımlar atıldı. Prezident İlham Əliyevin 2015-ci il fevralın 12-də Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə səsləndirdiyi fikirlər həmin addımların mahiyyətini və məzmununu tam dolğunluğu ilə açıb göstərir: “1996-cı ildə Azərbaycanla BP-nin rəhbərlik etdiyi xarici şirkətlər konsorsiumu arasında “Şahdəniz” yatağına dair saziş imzalandı. “Şahdəniz” qaz yatağı Cənub qaz dəhlizi üçün ən mühüm resurs bazasıdır. 1997-ci ildə “Çıraq” platformasında ilk neft hasil edildi. Bu, ola bilsin ki, neft sənayesi tarixində rekord idi. Yəni, müqavilənin imzalanması ilə ilk neftin hasil edilməsi arasında vaxt fərqi cəmi üç il oldu. 1999-cu ildə Xəzər dənizi ilə Qara dənizi birləşdirən Bakı-Supsa boru kəməri çəkilmişdir. Beləliklə, Azərbaycan nefti Gürcüstanın Qara dənizdəki Supsa limanına nəql edilməyə başlandı. Bu, şaxələndirilmənin vacib elementi idi. İlk dəfə olaraq Qara dənizlə Xəzər dənizi xam nefti nəql edən boru kəməri ilə birləşdi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara verildi. Xəzər və Aralıq dənizləri ilk dəfə olaraq boru kəməri ilə birləşdi. 2007-ci ildə Bakı, Tbilisi və Türkiyənin Ərzurum şəhərini birləşdirən Cənubi Qafqaz qaz kəməri çəkildi.” (1)
Bu reallığı adekvat olaraq qiymətləndirən Avropa özünün enerji təhlükəsizliyinin etibarlı təmin olunmasında Cənubi Qafqaza, konkret olaraq isə Azərbaycana böyük əhəmiyyət verməyə başladı. Elə bu məntiqlə də 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının sədri Barrozu arasında Bakıda Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə imzalandı. Bu sənəddə Azərbaycan Cənub qaz dəhlizinə əsas töhfə verən və həyata keçirən ölkə kimi göstərilir.
Avropanın bu mövqeyi təsadüfi xarakter daşımır. Məlum olduğu kimi, Avropanın qazla təmin olunmasında ənənəvi olaraq bir neçə dövlət xüsusi çəkiyə malikdir. Onların sırasında prioritet mövqeyə malik dövlət Rusiyadır. Avropa Komissiyasının 2011-ci il tarixli statistikasına əsasən, Avropa İttifaqı (Aİ) ölkələri Rusiyadan maksimum səviyyədə - tələbatlarının 33% həcmində qaz alırlar. 2013-cü ilin yekunlarına görə, Aİ ölkələri qaza olan tələbatlarının (təxminən 500 milyard kub metr) 163 milyard kub metrini Rusiyanın hesabına həll etmişlər. Sonrakı yerləri Norveç (28%), Əlcəzair (14%), Qətər (5%) və Nigeriya (3%) tutur. (6)
Bütün reallıqları nəzərə alaraq, hələ 2009-cu ildə qazın Avropaya tranziti ilə bağlı Rusiya və Ukrayna arasında yaranmış gərginlikdən nəticə çıxardaraq Aİ qaz təchizatlarının şaxələndirilməsi ilə bağlı plan qəbul etmişdir. (6)
Paralel olaraq Aİ ölkələri Enerji İttifaqının yaradılması istiqamətində konkret tədbirlər həyata keçirməkdə israrlıdırlar. Bu istiqamətdə 2019-cu ilədək müvafiq normativ-hüquqi baza yaratmaq və bir sıra praktik addımlar atmaq niyyətindədirlər. Eyni zamanda, Avropa ölkələri 2050-ci ilədək enerjiyə olan tələbatlarının 50%-dək hissəsini bərpa olunan enerji mənbələri (günəş və külək enerjisi, bioenerji) hesabına ödəməyi planlaşdırırlar. (6)
Bundan başqa, müasir beynəlxalq münasibətlər sistemində hələlik alternativsiz güc mərkəzi rolunda çıxış edən Amerika Birləşmiş Ştatlarında beynəlxalq enerji təhlükəsizliyinin etibarlı təmin olunmasında Azərbaycan Respublikasının yeri və rolu kifayət qədər yüksək qiymətləndirilir. Məlum olduğu kimi, ABŞ Atlantik Şurasının nəzdində Avrasiya Energetika Mərkəzi kimi nüfuzlu bir qurum fəaliyyət göstərir. Bu qurumun direktoru A. Peterson qeyd etmişdir ki, Xəzər regionunda enerji istehsalçısı kimi Azərbaycan Avropa və Qərb üçün vacib ölkədir: “Özü də təkcə ona görə yox ki, Azərbaycan böyük enerji ehtiyatlarına malikdir, həm də onun üçün ki, Türkmənistan, Qazaxıstan və Özbəkistan da daxil olmaqla, Xəzərin şərq sahillərindəki və Orta Asiyadakı enerji ehtiyatlarına açar rolunu oynayır. Azərbaycan həmçinin Qərbə nefti Bakı - Tbilisi - Ceyhan kəməri ilə nəql etdiyi, eləcə də “Nabukko” qaz kəməri layihəsinin reallaşmasında ən perspektivli ölkə olduğu üçün əhəmiyyətlidir”. (5) Bunlar bir daha qeyd etməyə əsas verir ki, Azərbaycan Respublikasının əsas iştirakçılığı fonunda Cənubi Qafqazda həyata keçirilən enerji layihələri bütün iştirakçı dövlətlər üçün iqtisadi olduğu qədər də siyasi çəkiyə malikdirlər.
Avropa Cənubi Qafqaz regionunun Xəzər hövzəsinin enerji resurslarının dünya bazarına çıxarılması baxımından unikal imkanlarından maksimum yararlanmaq üçün burada mühüm layihələrin davamlı olaraq həyata keçirilməsində ciddi maraqlı tərəf kimi çıxış etməkdədir. Lakin, artıq qeyd etdiyimiz kimi, Rusiyanın Cənubi Qafqazı özünün ənənəvi maraq dairəsi kimi daim nəzarətdə saxlamağa çalışması regional proseslərə təsirsiz ötüşmür və intensiv olaraq Qərblə Rusiya arasında Cənubi Qafqaz regionunda daha ciddi təsir imkanları əldə etmək uğrunda ciddi mübarizə gedir. Bu mübarizə, məlum olduğu kimi, enerji daşıyıcılarının nəqli marşrutlarının müəyyən edilməsi və bu istiqamətdə layihələrin həyata keçirilməsi məsələsində də kəskin fikir ayrılıqlarının meydana gəlməsini şərtləndirmişdir. Bütün bunlara baxmayaraq, Cənubi Qafqaz regionunda Azərbaycan Respublikasının da əsas iştirakçısı olduğu mühüm enerji layihələrinin həyata keçirilməsi istiqamətində məlum mühüm addımlar atılmış və enerji daşıyıcıları nəqlinin diversifikasiyası prosesi davamlı xarakter almışdır. Azərbaycan Respublikası enerji sahəsində həm Qərblə, həm də Rusiya ilə konstruktiv əməkdaşlıq qurmaqla, regionda barışmaz maraqlara sahib olan tərəflər arasında özünün balanslı mövqeyini təmin edə bilmişdir. Belə ki, ötən əsrin 90-cı illərində ötürücülük imkanı 7 milyon ton olan Bakı-Novorossiysk neft kəməri tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 1997-ci ilin yanvar ayında bu neft kəməri vasitəsilə illik 5 milyon ton neftin nəql olunması ilə bağlı razılaşma imzalanmışdır. (4, s.74) Bakı-Novorossiysk neft kəmərinin də geoiqtisadi əhəmiyyəti ilə yanaşı, mühüm geosiyasi əhəmiyyəti də mövcud idi.
Beləliklə, Rusiya ilə enerji sahəsində əməkdaşlığı, əsasən regionun təhlükəsiz iqtisadi və siyasi inkişafının təmin edilməsi baxımından, Rusiyanın hər hansı məhdudlaşdırıcı addımlarının qarşısının alınması üçün Azərbaycanın preventiv taktikası kimi qiymətləndirmək mümkündür.
Azərbaycan üçün neft kəmərlərinin diversifikasiyası məsələsi təkcə iqtisadi və kommersiya baxımından deyil, həm də siyasi baxımdan vacibdır. Bu, Azərbaycanın bölgədə müstəqil siyasət yeritməsini, enerji asılılığı olmayan bir dövlət kimi mövcudluğunu şərtləndirir. Bu neft kəmərlərinin hər birinin artıq əsaslandırdığımız kimi, regional və beynəlxalq çoxüzlü əhəmiyyətləri vardır. Rusiyadan yan keçməklə, Azərbaycan neftinin beynəlxalq bazara çıxarılmasını təmin edən ilk neft kəməri 1999-cu ilin aprel ayının 17-də istifadəyə verilən Baki-Supsa olmuşdur. Bakı-Supsa neft kəməri vasitəsilə 1994-cü ilin sentyabr ayının 20-də SOCAR-la BP-nin rəhbərliyi altında xarici neft şirkətləri arasında bağlanmış razılaşmaya əsasən Çıraq yatağından hasil edilən məhsul nəql olunur. (4, s.78)] Kifayət qədər geoiqtisadi və geosiyasi əhəmiyyətə malik olan bu neft kəmərinin uzunluğu 830 km-dir və sutkada 140 min barrel (ildə 7 milyon ton) neft nəql etmək gücündədir. (4, s.81) Avropa üçün kəmərin başlıca geosiyasi əhəmiyyəti ondan ibarətdir ki, layihədə Rusiya iştirak etmir və kəmər onun ərazisindən keçmir. Bu baxımdan, Qərbdə hesab olunur ki, Rusiyadan yan keçən istənilən layihə onun enerji təzyiqlərinin azaldılması istiqamətində atılmış bir addımdır. Təbii ki, regionda cərəyan edən geosiyasi oyunlara baxmayaraq, Azərbaycan tərəfi həyata keçirilən layihələrdən həm siyasi, həm də iqtisadi dividentlər əldə etməkdədir.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi, Ankarada Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın və Türkiyənin dövlət başçıları arasında imzalanmış bəyannaməyə əsasən 1998-ci ildə planlaşdırılmışdı. Sənədin imzalanması mərasimində ABŞ-ın energetika naziri də iştirak etmişdir ki, bu da onun regionda həyata keçirilən mühüm enerji layihələrində ciddi maraqlarının olmasından xəbər verir. (4, s.89) Neft kəmərinin tikintisinə 2003-cü ildə başlanılmış və 2006-cı ildə yekunlaşdırılmışdır. Kəmərin uzunluğu Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərini əhatə etməklə 1773 km təşkil edir. İqtisadi cəhətdən kifayət qədər səmərəli və Azərbaycan neftinin böyük həcmdə dünya bazarına çıxarılmasında olduqca əhəmiyyətli olan Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə sutkada 1 milyon barrel (ildə 50 milyon ton) neft nəql etmək mümkündür. (3) Qeyd etmək lazımdır ki, Rusiya tərəfi lap başlanğıcdan Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı kəmərinin tikintisini özünün regional maraqlarına ciddi təhlükə kimi qiymətləndirmiş və müxtəlif yollarla bu layihənin həyata keçirilməsinə mane olmağa çalışmışdır. Rusiyada hesab edilirdi ki, neft kəməri vasitəsilə Azərbaycan neftinin Türkiyəyə çatdırılması, oradan da Avropaya ötürülməsi enerji sektorunda Rusiyanın hege-mon mövqelərinə ciddi zərbə vuracaqdır. Rusiya Avropanı özündən enerji asılılığında saxlamaqla, həm də zaman-zaman ona qarşı siyasi təzyiqlər etmək imkanına da malik idi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin geoiqtisadi əhəmiyyəti həm də ondan ibarətdir ki, onun vasitəsilə təkcə Azərbaycan neftinin deyil, bütövlükdə Xəzər hövzəsi neftinin Avropaya çıxarılması üçün real imkanlar açılırdı. Başqa sözlə, Türkmənistan və Qazaxıstan neftinin də bu marşrut üzrə dünya bazarına çıxışı imkanları yaranmış olurdu. Deməli, buradan belə qənaətə gəlmək olur ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan üçün ikiqat əhəmiyyət kəsb edir. Çünki, neft kəməri vasitəsilə həm Azərbaycan nefti dünya bazarına çıxarılır, həm də Azərbaycanın tranzit ölkəsi kimi də əhəmiyyəti artmış olur.
Cənubi Qafqaz regionunda həyata keçirilən strateji layihələrdən biri də Bakı-Tbilisi-Ərzurum qaz kəməridir. Qaz kəmərinin təyinatı Şahdəniz yatağından qazı Gürcüstan ərazisindən keçməklə Türkiyənin Ərzurum şəhərinə nəql etməkdən ibarətdir. Ərzurum şəhərində qaz kəməri Türkiyənin qaz nəqli sisteminə birləşir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə vahid xətdə inşa edilmişdir ki, bu da öz növbəsində xərclərin azaldılmasını və ekosistemə daha az zərər vurulmasını şərtləndirmişdir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri həm Azərbaycan, həm Türkiyə, həm də bütövlükdə Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ərzurum Azərbaycan qazı üçün əlverişli bazarın formalaşmasında ciddi amil olmaqla yanaşı, həm də regional iqtisadi əlaqələrdə ölkənin rolunun əhəmiyyətli dərəcədə artmasını şərtləndirməklə, böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edir. 2006-cı ildən istismara verilən qaz kəmərinin gələcəkdə daha da genişləndirilməsi imkanları mövcuddur.
ABŞ və AB də “Cənub qaz dəhlizi” çərçivəsində bir sıra mühüm layihələrin həyata keçirilməsində maraqlı olduqlarını gizlətmirlər və bu istiqamətdə Azərbaycanla əməkdaşlığa xüsusi diqqət verirlər. Bu istək və maraqlara uyğun olaraq 2002-ci ildə Avropanın aparıcı şirkətləri “Nabukko” magistral qaz kəməri layihəsini hazırlamağa başlamışlar. Uzunluğu 3300 km olacaq “Nabukko” vasitəsilə Fars körfəzindən də qaz nəqli nəzərdə tutulmuşdur. (5) İranla Qərb arasında mövcud olan ziddiyyətlər qaz kəməri üçün Türkmənistanın təchizatçı kimi nəzərdən keçirilməsini şərtləndirmişdir. Lakin Avropanı bürüyən dərin iqtisadi böhran və layihənin çox da rentabelli olmaması ilə bağlı meydana çıxan şübhələr onun reallaşmasına marağı nəzərəçarpacaq dərəcədə azaltmışdır.
Bu reallıq fonunda 2012-ci ildə TransAnadolu - TANAP qaz boru kəmərinin tikintisi ilə əlaqədar Azərbaycan ilə Türkiyə arasında saziş imzalandı. Bu saziş Cənub qaz dəhlizinin həyata keçirilməsində mühüm rol oynadı. 2013-cü ildə Transadriatik boru kəməri Avropaya əsas ixrac marşrutu kimi seçildi və 2014-cü il sentyabrın 20-də isə Cənub qaz dəhlizinin təməlqoyma mərasimi burada - Bakıda keçirildi. Bu, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra baş verdi. TANAP-ın da vacib komponenti olduğu Cənub qaz dəhlizi layihəsinin əhəmiyyətini Prezident İlham Əliyev yüksək qiymətləndirmişdir: “Cənub qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bu, bizim üçün enerji təhlükəsizliyidir. Çünki Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanı qazanacaq. Bu, həm də istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir. Çünki bu gün enerji təhlükəsizliyinə istənilən ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Enerji resursları nəinki çiçəklənmə, proqnozlaşdırma və sabitlik mənbəyi ola bilir, həmçinin bəzən rəqabət və düşmənçilik mənbəyinə də çevrilir. Fikrimizcə, bizim fəlsəfəmiz ondan ibarətdir ki, enerji resursları sabitliyə, proqnozlaşdırmaya, əməkdaşlığa və qarşılıqlı dəstəyə töhfə verməlidir. Əminəm ki, hasilatçı, tranzit və istehlakçı ölkələr üçün uduşlu vəziyyət, layihənin 3 komponenti arasındakı maraqlar balansı layihəmizin uğurla həyata keçirilməsinin başlıca səbəbi olacaq.”(1)
Məlum olduğu kimi, 2015-ci ilin 17 mart tarixində isə Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirildi. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili iştirak etmişdir.
Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa
çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. (2) Məlum olduğu kimi, Cənub qaz dəhlizi 4 komponentdən ibarətdir: “Şahdəniz”, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP.
Sonuncu komponent-TAP (Transadriatik) qaz nəqli kəməri isə Avropaya qazın çatdırılmasında əsas marşrut kimi seçilmişdir. Bu xəttin reallaşdırılması nəticəsində, Prezident İlham Əliyevin təbirincə desək, “...regionumuzda - Avrasiyada yeni bir əməkdaşlıq formatı yaranır. Biz ilk mərhələdə üçtərəfli formatı yaratdıq - Türkiyə-Gürcüstan-Azərbaycan enerji, nəqliyyat, siyasi, iqtisadi, strateji tərəfdaşlıq formatı. Bu gün bu, real bir regional amil kimi özünü göstərir. Amma bu gün biz bu formatı genişləndiririk. Digər ölkələr bizim işlərimizə qoşulur - Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya. Balkan ölkələri gələcəkdə Azərbaycan qazını ala biləcəklər. Mən buna əminəm. Eyni zamanda, Nabukko layihəsinin üzvləri - Bolqarıstan artıq bizim layihədə iştirak edir. Rumıniya, Macarıstan da əminəm ki, bu layihələrə qoşula bilərlər və qoşulmalıdırlar. Çünki bir daha demək istəyirəm ki, qaz resurs bazası kifayət qədər böyükdür”. (2)
Beləliklə, Cənubi Qafqazda həyata keçirilən enerji layihələri əsas iştirakçı ölkələr üçün həm mühüm geosiyasi, həm geoiqtisadi əhəmiyyət kəsb etməklə yanaşı, eyni zamanda Azərbaycanın regionda və dünyada artan gücünün təsdiqi kimi də dəyərləndirilə bilər.  


İstİfadə edİlmİş ədəbİyyat

1. İlham Əliyev Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib./ http://www.president.az/articles/14330
2. İlham Əliyev Qarsda Trans-Anadolu qaz boru kəmərinin təməlinin qoyulması münasibətilə təntənəli mərasimdə iştirak edib -http://www.president.az/articles/14566_
3. Yaxın gələcəkdə illik ötürmə qabiliyyəti 50 milyon ton olan Bakı-Tbilisi-Ceyhan neft kəməri dünyanın əsas neft arteriyalarından birinə çevriləcəkdir /http://azertag.az/xeber/YAXIN_GALACAKDA_ILLIK_OTURMA_QABILIYYATI_50_MILYON_TON_OLAN_BAKI_TBILISI_CEYHAN_ _DUNYANIN_ASAS_NEFT_ARTERIYALARINDAN_BIRINA_CHEVRILACAKDIR-379899
4. Nəsirov E.X. Azərbaycan nefti və beynəlxalq müqavilələr.Bakı, 1999, 104 s.
5. Nəsirzadə E. NABUCCO nədir və bu layihə baş tutacaqmı?//mirzexezerinsesi.net/articles/2012/09/13/
6. http://svpressa.ru/economy/article/114044/

Geostrategiya" jurnalı № 04 (28)  İYUL-AVQUST 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM