BİRİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ VURUŞAN DÖVLƏTLƏRİN HƏRBİ-SİYASİ PLANLARINDA AZƏRBAYCAN NEFTİ VƏ XƏZƏR DƏNİZİ HÖVZƏSİ

12:55 / 20.10.2015

CƏBİ Bəhramov,
AMEA A.A.Bakıxanov adına Tarix
İnstitutunun elmi işlər üzrə direktor
müavini, t.ü.f.d.

XX əsrin I yarısını bəşəriyyət iki dəhşətli müharibə ilə başa vurmuşdur. Bu il 100 ili qeyd olunan I Dünya müharibəsi zamanı hərbi əməliyyatlar 14 ölkənin ərazisində həyata keçirilmiş və bu müharibəyə 70 milyon nəfər insan səfərbər olunmuşdu. Burada diqqəti çəkən cəhət odur ki, I Dünya müharibəsi zamanı insan itkisinin 95%-ni hərbiçilər, 5%-ni isə mülki əhali təşkil etmişdir. Məlumdur ki, I Dünya müharibəsinin başlanmasının əsas səbəblərindən biri əgər böyük dövlətlər tərəfindən Osmanlı imperiyasına məxsus mülklərin ələ keçirilməsi idisə, digər mühüm bir amil isə dünyanın yenidən bölüşdürülməsi planlarında Bakı neftinin həlledici yer tutması idi. İki hərbi-siyasi qruplaşmanın hazırladığı bu planlarda həmin dövrdə neftlə zəngin İraq (Mosul), İran və Azərbaycan torpaqlarının işğalı ən başlıca məqsəd idi. Qeyd etmək lazımdır ki, hər iki hərbi-siyasi bloka daxil olan ölkələrin neft şirkətləri Azərbaycan neft sənayesində təmsil olunmuşdular. Qeyd etmək lazımdır ki, 1914-cü ildə Bakı neft mədənlərində hasil edilmiş neftin ümumi
həcmi 8 milyon ton olmuşdu (1, 126). I Dünya müharibəsinin əvvəlində (1914-cü il) Azərbaycan neft sənayesində 4 iri xarici şirkət - “Branobel”, ingilis-holland transmilli tresti “Royal- Dutch/Shell”, rus baş neft korporasiyası “Oyl” (İri rus və xarici banklar tərəfindən 1912-ci ildə yaradılmış və 20-yə qədər şirkəti, o cümlədən, “Moskva-Qafqaz ticarət cəmiyyəti”, “Xəzər ortaqlığı”, “Rus neft sənayesi cəmiyyəti”, “Abşeron neft sənayesi cəmiyyəti” və sairəni özündə birləşdirmişdi) və “Neft maliyyə-neft yoldaşlığı (ortaqlığı)” (Əsası 1883-cü ildə Sankt-Peterburqda P.İ.Qubonin tərəfindən qoyulmuşdu) mövcud idi. Bakıda isə “Bakı Neft cəmiyyəti” (“Neft”, “Balaxanı-Zabrat Neft cəmiyyəti” və digər şirkətləri özündə birləşdirirdi) üstünlük təşkil edirdi. Ümumiyyətlə, I Dünya müharibəsi ərəfəsində Bakıda neft sənayesinə qoyulan xarici kapitalın 37 faizi Böyük Britaniya kapitalına məxsus idi (2,127).
1917-ci ildə Bakı neft sənaye işinə qoyulmuş xarici valyutanın ümumi məbləği 111 milyon rubl təşkil edirdi. 1917-ci ildə Rusiyada neftçıxarmanın 60 faizi və neft məhsulları satışının 75 faizi xarici şirkətlərin əlində cəmlənmişdi (3, 358).
Lakin I Dünya müharibəsinin başlanması Rusiyanın (o cümlədən Bakının) neft inhisarçıları ilə Avropanın və ABŞ-ın neft inhisarçıları arasında əvvəllər mövcud olan əlaqələrdə gərginliyə və sonradan bu əlaqələrin kəsilməsinə gətirib çıxardı ki, bu da Rusiyanın neft sənayesində yenidən qruplaşmaya səbəb oldu.
I Dünya müharibəsinin başlanması və Rusiyanın bu müharibəyə qatılması neft sənayesinə də öz təsirini göstərdi. Bir tərəfdən neftə və neft məhsullarına olan tələbat artdı, digər tərəfdən isə onların ixracı xeyli məhdudlaşdı. 1914-cü ilin qışında Xəzərin şimalında gəmilər üçün naviqasiyanın bağlanması ərəfəsində Bakı neft rayonunda 101,9 milyon pud (1669 min ton) neft (37 milyon pud xam neft) və neft məhsulları yığılıb qalmışdı. 1917-ci ildə burada yığılıb qalmış xam neftin həcmi artaraq artıq 43,4 milyon puda çatmışdı (4,358).
1915-ci ilin payızında Rusiyada neft böhranı hədsiz dərəcəyə çatdı və daxili bazarda neftin və neft məhsullarının qiyməti kəskin surətdə artdı. Qiymətləri tənzimləmək istiqamətində hökumətin həyata keçirmək istədiyi bütün tədbirlər neft inhisarçıları tərəfindən ciddi müqavimətlə rastlaşırdı. 1914-1917-ci illər ərzində olan neft böhranının əsas səbəblərindən biri müharibə şəraitində nəqliyyatın işinin pozulması ilə əlaqədar neft və neft məhsullarının daşınmasında yaranmış ciddi çətinliklər idi. “Горнозаводское дело” (Dağ-mədən işi) məcmuəsinin 1917-ci ildə nəşr olunan nömrələrindən birində gedən məqalədə deyilirdi: “Azərbaycandan neft çıxarılması təkcə onun hasilatı hesabına deyil, həm də böyük ehtiyatlar bahasına başa gəlirdi. Bakı neft rayonunda bütün neft məhsullarının ehtiyatı 1915-ci ildə 90,1 milyon pud, 1916-cı ildə 86,8 milyon pud, 1917-ci ildə 81 milyon pud təşkil edirdi” (5, 359).
Beləliklə, müharibəyə qoşulmuş dövlətlər arasında ən etibarlı, ən zəngin neft yataqlarına malik olan Rusiya da “neft böhranı” yaşadı və bu da hakim dairələr üçün yaxınlaşmaqda olan Romanovlar rejiminin devrilməsinin ilk əlamətləri idi.
Bu illərdə Rusiyada qaz istehsalı da gah artır, gah da azalırdı. Ümumiyyətlə, Rusiyada qaz istehsalı ABŞ-dan yüz dəfələrlə geri qalırdı. Belə ki, əgər 1916-cı ildə Rusiyada istehsal olunan qazın həcmi 111,3 milyon kub metr (ondan da 74 milyon kub metr Bakı rayonunun payına düşürdü) olmuşdusa, ABŞ-da bu rəqəm 15 milyard kub metr təşkil etmişdi.
Bu dövrdə Xəzər bölgəsi, xüsusən burada çox mühüm hərbi-strateji mövqedə yerləşən Azərbaycan, dünyanın aparıcı dövlətlərinin başlıca rəqabət hədəfinə çevrilmişdi. Bütün Avrasiya məkanında mühüm coğrafi-siyasi düyün nöqtəsi olan Xəzər bölgəsi hərbi-siyasi hadisələrə və dünya iqtisadiyyatına ciddi təsir göstərirdi. Hələ I Dünya müharibəsi başlamazdan çox əvvəl “neft Napoleonu” adlandırılmış H.Deterdinq çox uzaqgörənliklə demişdi ki, “... ordu, donanma, bütün qızıl və dünyanın cəmi xalqları neft sahiblərinin qarşısında acizdirlər. Bu qiymətli qara mayesiz avtomobillər və motosikllər, gəmilər, tanklar və təyyarələr kimə lazımdır?”.
Britaniya hərbi nümayəndəliyinin Hindistan, Əfqanıstan və Xəzər dənizinin şərq əyalətləri üzrə rəhbəri Vilfrid Malleson 1918-1919-cu illərdə baş verənləri təhlil edərək yazırdı ki, Almaniya “təchizat cəhətdən əldən düşmüşdü... Rumıniya neft mədənlərinin dağılması onu bu sonuncu xammal mənbəyindən də məhrum etmişdi... Bakıda və Xəzər hövzəsinin digər yerlərində tükənməz neft ehtiyatları tapılıbdır... Almaniya öz baxışlarını yalnız Şərqə çevirib ki, öz ehtiyatlarını bərpa etsin”. Lakin alman ordusu qərb cəbhəsində batıb qalmışdı ki, bu da Berlinə bu bölgədə olan çox vacib neft maraqlarını həyata keçirməyə imkan vermirdi.
Beləliklə, böyük dövlətlərin bütün bu siyasi-coğrafi məqsədlərinin həyata keçirilməsinin açarı Qafqazın və Xəzər hövzəsinin ən böyük sənaye və neft mərkəzi olan, o dövrdə Rusiyanın 75 faiz, dünyanın isə 15 faiz neftini verən Azərbaycan neft sənayesində idi. 1916-cı ildə Bakıda neft şirkətlərinin sayı 104-ə çatdı.
Romanovlar sülaləsinin devrilməsi və müvəqqəti hökumətin yaranması ilə nəticələnən 1917-ci il Fevral inqilabından sonra Bakıda ictimai-siyasi hadisələr xeyli gərginləşdi. Bolşeviklər 1917-ci ilin oktyabrında Petroqradda silahlı üsyan və hərbi çevriliş edərək hakimiyyəti ələ keçirdikdən sonra Bakıda fəaliyyət göstərən bolşevik - daşnak güruhu 1917-ci ilin noyabrında şəhərdə Bakı Sovetini yaratdılar və Sovet Rusiyası ilə həmrəy olduqlarını bəyan etdilər. Xəzərin ən böyük limanının – Bakının bolşevik-daşnak birləşmələrinin əlinə keçməsi, bütün regionda nəzarətin ələ keçirilməsinə geniş imkanlar açırdı.
1917-ci il oktyabrın 26-da Rusiyada dövlət çevrilişi edərək hakimiyyəti ələ keçirən V.İ.Lenin həmin il dekabrın 16-da “Daşnaksütyun” partiyasının Bakı komitəsinin üzvü S.Q.Şaumyanı Qafqazın fövqəladə və səlahiyyətli Komissarı təyin etmiş və ona neft şəhərini əldə saxlamaq üçün əvvəlcə 500 min rubl, 1918-ci ilin yanvarnıda isə 30,8 milyon rubl pul, habelə 5 min tüfəng, 2 aeroplan və iki zirehli avtomobil ayırmışdı. Göstərilən bu yardım nəticəsində təkcə neft şəhəri olan Bakıda bolşevik-daşnak qüvvələri azərbaycanlılara qarşı soyqırımı cinayəti törətdilər və 30 min azərbaycanlını məhv etdilər.
Lakin 1918-ci ilin yazında Cənubi Qafqazda Rusiyanın mövqeyinin zəifləməsi zəminində, bir-birinə qarşı duran və öz uzaqgörən siyasi-coğrafi maraqlarını güdən hərbi-siyasi bloklar Bakıda və Xəzərdə möhkəmlənmək üçün öz səylərini xeyli artırdılar.
1918-ci ilin əvvəlindən başlayaraq Cənubi Qafqazda siyasi vəziyyətin son dərəcə mürəkkəb olmasına baxmayaraq, müharibə “səhnəsi”nin hər iki tərəfini təmsil edən dövlətlər – Antanta və “Dördlər İttifaqına” daxil olan ölkələr sanki vahid bir komandanlığın əmrinə əsasən Bakı neftinə sahib çıxmağa tələsdilər. Ladvell Denni yazırdı: “Çar rejimi süqut etdikdən və Almaniya ilə Sovet Rusiyası arasında məcburi sülh imzalanandan sonra müttəfiqlər və Mərkəz dövlətləri Qafqazın zəngin mədənlərinə doğru can atdılar. (Denni L. Borba za neftyanuyu monopoliyu, M-L, 1934). Əlbəttə, bunun müəyyən səbəbləri var idi. Birincisi, Bakı neftinin hasilatında, emalında və neft məhsullarının dünya bazarına ixracında qərb ölkələrinə məxsus kapitalın xüsusi çəkisi çox böyük idi. Digər tərəfdən, Bakı neft rayonunda neftin çıxarılması, emalı və nəqli üçün bütün labüd infrastruktur mövcud idi. Üçüncüsü, bu neft rayonu Avropa bazarlarına yaxın idi və Bakı-Batum kerosin boru kəməri və Qara dəniz sahillərinədək uzanan Güney Qafqaz dəmiryolu neft və neft məhsullarının bu bazarlara maneəsiz ixracını təmin edirdi.
Müharibənin getdiyi dövrdə, Rusiyada hakimiyyəti ələ keçirmiş bolşeviklər, 1918-ci ildə Sovet Rusiyası ilə Brest sülh müqaviləsini imzalamış almanlar və 1918-ci ilin yayında İranın Ənzəli limanını zəbt etmiş və bolşevik-daşnak hakimiyyətinin Bakıda devrilməsi təqdirində öz hərbi desantını buraya çıxarmağa çalışan britaniyalıların istəyi Bakı neft mədənlərinə yol tapmaq idi.
Osmanlı Türkiyəsi bu müharibədə almanlarla əməkdaşlıq etdiyi üçün britaniyalıların Bakıya buraxılmasını istəmirdi. Lakin Almaniyanın Sovet Rusiyası ilə 1918-ci il martın 3-də imzaladığı Brest-Litovsk müqaviləsinə əsasən bolşeviklər Bakı neftinin dörddə bir hissəsinin Almaniyaya verilməsi haqqında öhdəlik götürmüşdülər. Sovet Rusiyasının Berlinin neft maraqlarını gözlənilmədən qəbul etməsinin əsas səbəbi də elə burada gizlənir. Lakin Cənubi Qafqaz ölkələrinin müstəqillik elan etməsindən (26-28 may 1918-ci il) Batum sazişinin imzalandığı dövrədək ötən müddətdə baş verən hadisələr, bolşeviklərin almanları Bakının “qara qızıl”ına qismən yaxın buraxmaq fikrini əvvəlcədən nəzərdə tutduğunu təsdiq edir. Belə ki, 28 may 1918-ci ildə İ.Stalin Bakıya Milli İşlər üzrə komissara göndərdiyi teleqramında göstərirdi ki, “XTŞ (Xalq Təsərrüfatı Şurası) neft sənayesinin milliləşdirilməsini təsdiq edib. Əsas təlimatı Ter-Qabrielyan (Baş neft komitəsinin üzvü, Fövqəladə Komissiyasının sədri Saak Ter-Qabrielyan-C.B.) özü ilə gətirir.
Sonralar, 1918-ci ilin iyununda Bakıda və Xəzərin şimalında yaranmış hərbi-siyasi vəziyyətə münasibətini bildirən E.Lüdendorf da öz təəssüfünü heç cür gizlədə bilmirdi. O yazırdı: “İyunda bolşeviklər həm aşağı Volqada, həm Xəzər dənizində hələ də hökmranlıq edirdilər. Bu, böyük Rusiyanın neftlə təchiz edilməsi məsələsində Sovet hökuməti üçün böyük əhəmiyyətə malik idi” (8, 200).
Həmin il mayın 19-da Rusiya Xalq Komissarları Sovetinin yaratdığı Baş Neft Komitəsi bolşeviklərin Bakı neftindən əl çəkmək niyyətində olmadıqlarının bariz nümunəsi idi. Neft sənayesinin şəxsi mülkiyyətdən alınıb dövlət mülkiyyətinə verilməsi ilə bağlı bütün tədbirlərin hazırlanıb həyata keçirilməsi vəzifəsi Baş Neft Komitəsinə həvalə edilmişdi. İqtisadi blokada və kəskin yanacaq böhranı ilə üzləşən Rusiya üçün Bakı nefti hava-su kimi lazım idi.
Bakıda isə sovet hakimiyyəti elan etmiş Sovet Rusiyasının canişini Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin 2 aprel 1918-ci il tarixli “Azərbaycan neft sənayesinin milliləşdirilməsi haqqında” və 5 aprel 1918-ci il tarixli “Xəzər Ticarət Donanmasının milliləşdirilməsi” dekretləri ilə 1918-ci ilin iyunun 1-də neft sənayesi və Xəzər ticarət donanması “milliləşdirmə” adı altında sahibkarlardan müsadirə edilmişdi.
Lakin 1918-ci ilin iyununda bolşevik-daşnak hakimiyyətinin məhv olacağını görən Sovet Rusiyasının başçısı V.İ.Lenin Bakı Sovetinə vurduğu teleqramda yazırdı: “Əgər hücum baş tutarsa, mümkündürmü Siz Terə (yəni yuxarıda adı çəkilən S.Ter-Qabrielyana-C.B.) xəbər verəsiniz ki, o, Bakını tam yandırmaq üçün tədbirlər görsün və bu barədə Bakıda mətbuatda elan versin? ” (9, д.6212, 6192,27142).
Sonralar bolşeviklərin başçısının bu göstərişi ilə əlaqədar professor E.Rozin yazırdı: “Yalnız təsəvvür etmək olar ki, V.Leninin bu göstərişi yerinə yetirilsə idi, neft layları üzərində duran şəhərin yandırılması yerli əhali üçün hansı bədbəxtliklərə gətirib çıxara bilərdi. Bakını və neft mədənlərini yandırmaq əmrini isə yalnız və yalnız insanlıq hissiyyatını itirmiş cinayətkar verə bilərdi.”
1918-ci il iyunun 4-də Batum müqaviləsi imzalandıqdan sonra onun 4-cü maddəsinə əsasən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin müraciətinə əsasən Osmanlı Türkiyəsi Azərbaycana hərbi yardım göstərmək haqqında qərar qəbul etdi. Çünki bu zaman Azərbaycan Xalq Cümhuriyyəti dövləti qarşısında duran ən mühüm vəzifə Bakının bolşevik-daşnak ünsürlərindən azad edilməsi idi. Vəziyyətin ciddiliyi V.Lenini Bakı nefti üçün almanlara XKŞ-nin zəmanət verilməsini sürətləndirməyə vadar etdi. 1918-ci il iyulun 7-də o, İ.Stalinə vurduğu teleqramda bildirirdi: “Bakıya gəldikdə siz mütəmadi olaraq Şaumyanla əlaqədə olun. Və Şaumyan bilsin ki, ... almanlar türklərin Bakıya hücumunun qarşısını almağa razılıq veriblər, əgər biz onlara neftin bir hissəsini verməyə zəmanət veririksə. Əlbəttə ki, biz razılaşacağıq” (10,201).
İ.Stalin V.Leninin bu tapşırığını tez yerinə yetirir. S.Şaumyana olan məktubunda vurğulayır ki, “…almanlar Bakını bizə saxlamağa söz verməklə, əvəzində onlara bir hissə neft ayırmağı xahiş edirlər. Biz bu xahişi, əlbəttə ki, yerinə yetirəcəyik”. Bu danışıqları sovet tarixçisi Georgi Papuanın Tiflisdə olan alman konsulu Fridrix fon Şulenberqin sözlərinə istinadən yazdıqları da təsdiqləyir: “ Əgər biz bolşeviklərlə xoşluqla razılaşsaq, Bakının neft mənbələri və oradakı ehtiyatlar bütövlükdə bizim əlimizə keçər”. Lakin Türkiyənin Almaniyanın tələbi ilə hərəkət edəcəyi bir o qədər də inandırıcı görünmürdü. Belə ki, Türkiyə Almaniyanın atacağı addıma məhəl qoymadan Cənubi Qafqazdakı fəaliyyətini gündən-günə genişləndirirdi və onun silahlı qüvvələri Qafqaz İslam Ordusunun tərkibində Bakıya doğru hərəkətə davam edirdi.
Burada bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, Sovet Rusiya hökumətinin rəhbərlərinin Bakıya, S.Şaumyana ünvanlandırdığı bu teleqramlar “Azərbaycanın müstəqilliyi haqqında akt”ın qəbul edilməsindən sonra göndərilmişdi. Qeyd etmək lazımdır ki, Bakıda gedən bu siyasi proseslərlə yanaşı, onun hüdudlarından kənarda başqa siyasi proseslər gedirdi.


ədəbİyyat:

1. Azərbaycan nefti, Bakı, 2010, s.126.
2. Yenə orada, səh.127.
3. Лейла Мурадвердиева. Бакинская нефть – уроки истории. Баку. 2006, стр.358.
4. Yenə orada, səh.358.
5. Yenə orada, səh.359.
6. Yenə orada, səh.274.
7. Л.Денни. Борьба за нефтяную монополю. М.-Л., 1934.
8. История Азербайджана Баку. 1954. т.1, стр.200.
9. РЦХИДНИ, ф.2, оп.1, д.6112, д.6192, д.27142.
10. История Азербайджана Баку. 1954. стр.201.

Geostrategiya" jurnalı № 04 (28)  İYUL-AVQUST 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM