Şəbnəm Yusifova ,
AMEA A.A.Bakıxanov adına Tarix institutunun “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin əyani doktorantı
Giriş
1918-ci ilin may ayının 28-də AXC-nin öz suverenliyini elan etməsi müstəqillik tariximizdə mühüm rol oynadı. Yeni yaranmış bir dövlətin siyasi, iqtisadi və hərbi baxımdan möhkəmlənməsi üçün həm dünya dövlətləri, həm də region ölkələri ilə münasibətlərinin qurulması və müxtəlif sferalarda əməkdaşlığın genişləndirilməsi vacib məsələlərdən idi. Məhz bu baxımdan AXC hakimiyyəti xarici siyasət sahəsində mühüm addımlar ataraq ölkənin müstəqilliyinin tanınması və bu zəmində başqa dövlətlərlə münasibətlərin qurulması istiqamətində səylərini artırdı.
AXC-İran münasibətlərinin qurulması mövzusunun araşdırılması və tədqiqi müasir dövrdə Azərbaycan-İran arasında dostluq və müxtəlif sferalarda əməkdaşlığın inkişafının öyrənilməsi baxımından əhəmiyyətlidir. Mövzunun aktuallığını müəyyən edən amillərdən biri də, İranın Qafqaz siyasətində Azərbaycanın mühüm yer tutmasıdır.
Qeyd edilən mövzunun tədqiqi AXC–İran münasibətlərinin qurulmasını şərti olaraq 3 dövrə bölməyə imkan verir:
1. 1918-ci ilin 28 mayından 1919-cu ilin yazınadək olan dövr. Bu mərhələdə AXC nümayəndələri İranla diplomatik münasibətlərin qurulması üçün ilkin cəhdlər etmiş və bu istiqamətdə mühüm addımlar atılmışdı.
2. 1919-cu ilin yazından elə həmin ilin sonlarınadək olan dövr. Bu dövr ərzində iki dövlət arasında diplomatik münasibətlərin qurulmasına nail olunmuş və AXC nümayəndə heyəti İrana göndərilmişdi.
3. 1920-ci ilin yanvarından AXC-nin süqut etdiyi elə həmin ilin 28 aprelinədək olan mərhələ. Bu müddətdə isə nəhayət münasibətlər yüksək nöqtəyə çatmış və AXC-nin müstəqilliyi İran tərəfindən de-yure olaraq tanınmışdı.
1. Münasibətlərin qurulması üçün ilk cəhdlər
AXC yarandığı ilk günlərdən etibarən “İstiqlal bəyannaməsi”ndə qeyd edilən “bütün millətlər və dövlətlərlə mehriban dostluq münasibətlərinin qurulması” prinsipinə uyğun olaraq beynəlxalq birliyin bütün üzvləri, xüsusən də həmsərhəd xalqlar və dövlətlərlə diplomatik münasibətlərin yaranması üçün ilkin səylərini göstərməyə başlamışdı. Belə ki, hələ 1918-ci ilin mayın 30-da Fətəli xan Xoyski radioteleqrafla bütün dünyaya müstəqil Azərbaycan Cümhuriyyətinin yaradıldığını elan etmişdi. Yeni yaranmış dövlətin qonşu dövlətlər və dünya birliyi tərəfindən tanınması üçün 1918-ci ilin yayında AXC öz xarici siyasət strategiyasının 4 əsas prinsipini müəyyən etmişdi ki, bunlardan biri də, məhz İran və Türkiyə ilə siyasi, iqdisadi və mədəni münasibətlərin qurulmasına doğru yönəlmişdi. Bu zəmində İranla münasibətlərin qurulmasına ilk cəhdlər İstanbulda atıldı. Belə ki, 1918-ci ilin iyul ayında Azərbaycanın Türkiyədəki nümayəndəsi İstanbuldakı İran konsulluğuna müraciət edərək müstəqil Azərbaycan dövlətinin yarandığını bildirsə də, bu müsbət bir nəticə vermədi, İran konsulluğu Azərbaycanın İranın tərkib hissəsi olduğunu iddia etdiyi və Azərbaycan adlı müstəqil dövləti tanımadığını bildirdiyi əlavə bir vərəqlə birlikdə bəyannaməni geri qaytarmışdı.(1, v.17-18) Fikrimizcə, buna səbəb olan amillər aşağıdakılar idi:
1. Çar Rusiyasının dağılmasından sonra yaranan qeyri-müəyyən vəziyyət. Belə ki, 1917-ci il inqilabının nəticəsində çarizm devrilmiş, Romanovların 300 ildən çox davam edən hakimiyyətinə son qoyulmuşdu. Belə bir mövcud siyasi şərait Rusiyanın digər müstəmləkələrində olduğu kimi Azərbaycanda da siyasi müstəqillik meyillərinin artmasına səbəb olmuşdu. Bundan sonra formalaşan Müvəqqəti hökumət çar dövründən qalan bütün hakimiyyət orqanlarını ləğv etdi. 1917-ci ilin oktyabrında isə Müvəqqəti hökumət də devrilərək Sovet hakimiyyəti quruldu. Belə qarışıq bir zamanda İran beynəlxalq arenada baş verən prosesləri diqqətlə izləyir, hadisələrin gedişindən baş çıxartmağa çalışır, Azərbaycanla bağlı münasibətində tərəddüd edirdi. Məhz buna görə sonralar Azərbaycana göndərilən “Qafqaz fövqəladə heyəti”nə rəhbərliyə iki il Rusiyada ezamiyyətdə olan və burda baş verən proseslərdən daha yaxşı baş çıxaran Seyid Ziyaəddin Təbatəbai təyin edilmişdi.
2. Yeni yaranmış dövlətin “Azərbaycan” adlandırılması. Cümhuriyyətin “Azərbaycan” adlanması İranı narahat edir, hətta İran mətbuatında bu mövzuda sərt fikirlər səsləndirilirdi. Azərbaycanın Türkiyədəki nümayəndə heyətinin rəhbəri olan Y. V. Çəmənzəminli bu fikrə belə aydınlıq gətirmişdi: “Dövlətimizin Azərbaycan adlandığı sui-təfhümlərə səbəb oldu. Halbuki Təbriz əyalətinin, yəni İran Azərbaycanının İranın olub-olmaması barədə ortalıqda heç bir məsələ yoxdur. Iranın haqqına təcavüz etmək fikrində deyilik, olmamışıq və olmayacağıq. Bizim tərəqqi və istirahətimizi təmin edən yalnız qonşularımız ilə dostluğumuz olacaqdır.” (11, s.56) İranın şübhəsinə son qoymaq üçün Cümhuriyyət rəhbərləri xaricə göndərdikləri diplomatik sənədlərdə “Qafqaz Azərbaycanı” ifadəsini işlətməyə başladılar.
3. İranın qonşuluqda yeni müstəqil dövlətin yaranmasından ehtiyat etməsi. İran şimaldakı hadisələrin cənuba təsirsiz ötüşməyəcəyini düşünür, Şimali Azərbaycanda olduğu kimi Cənubi Azərbaycanda da milli oyanış hərəkatının başlayacağından ehtiyat edirdi ki, sonralar bu ehtimal özünü Xiyabani hərəkatında doğrultdu. Hələ 1918-ci ilin yayında M. Ə. Rəsulzadə İstanbulda İran azərbaycanlıları ilə görüşdüyünü, onların Azərbaycan müstəqilliyinə ümidlə baxdıqlarını qeyd edirdi(2. v7-8). Azərbaycanın İrandakı diplomatik nümayəndəliyinin rəhbəri Adil xan Ziyadxanlı da məktublarında farsların bizim respublikaya münasibətinin pis olduğunu, əksinə İran azərbaycanlılarının bizə münasibətdə qardaş və dostcasına olduğunu, Farsistandan ayrılaraq müstəqillik əldə etmək istədiklərini bildirmişdi(5. v37). O, həmçinin qeyd etmişdi ki, tezliklə İranda uzun əsrlərdən bəri yığılıb qalan inqilabi partlayışın şahidi olacağıq və Azərbaycan hökuməti bu hadisələrə hazır olmalı, inqilabi hadisələrdən öz mənafeyi naminə istifadə etməlidir(7. v18).
4. Gülüstan və Türkmənçay müqavilələrinin nəticəsi olaraq əldə edilən Cənubi Azərbaycan torpaqlarının itirilməsi qorxusu. Hələ 1918-ci ilin yay aylarında Osmanlı qoşunlarının Andronik Ozanyanın qüvvələri ilə Denstervilin qoşunlarının birləşməsinə mane olmaq üçün Cənubi Azərbaycana girərək Təbrizi, Muşu tutmasından İran bərk narahat idi ki, Osmanlının dəstəyi ilə Təbriz vilayəti İrandan alınıb Azərbaycana birləşdirilər. Buna görə də, Çar Rusiyasının dağılmasından sonra yaranan və Osmanlı qoşununun Cənubi Azərbaycan ərazisinə gəlişindən sonra konsulluğa çevrilən “Qafqaz İslam cümhuriyyəti” elə Osmanlı qoşunlarının bu əraziləri tərk etməsindən az sonra bağlandı.
5. Rusiya və Britaniya hökumətlərinin AXC–İran münasibətlərinin yaxşılaşmasına qarşı əks mövqedə durması. Belə ki, həm Rusiyanın, həm də Britaniyanın İrana və Qafqaza dair öz planları var idi və AXC – İran yaxınlaşması onların mənafeyinə uyğun gəlmirdi. Y. V. Çəmənzəminli qeyd edirdi: “Biçarə İran rus zərbəsindən göz aça bilmirdi ki, ölkəsinin rahat və tərəqqisinə çalışsın.”(11, s.55)
Qeyd edilən bu reallıqlar İranı AXC ilə münasibət qurmaqdan çəkindirsə də, bir müddət sonra münasibətlərdə kəskin dönüş baş vermişdi. Belə ki, Paris sülh konfransında İran nümayəndə heyətinin başçısı təyin edilən M. M. Əliqulu xan Bakıdan keçərkən Əhməd bəy Ağaoğlu ilə görüşmüş və Azərbaycanla İranın vahid dövlət – konfederasiya təşkil etməsi tələbini irəli atmışdı. İran XİN–i bu tələbi aşağıdakı səbəblərlə əlaqələndirirdi:
Azərbaycanın I Dünya müharibəsində məğlub olan Türkiyə ilə dostluq müqaviləsinin bağlamasına və hər iki dövlətin xarici siyasətdə bir-birini dəstəkləməsinə Antanta blokunun rəğbətlə yanaşmayacağı və Azərbaycanın müstəqilliyinin dünya birliyi tərəfindən tanınmayacağı;
Ermənilərin düşmənçilik münasibətinə görə Cənubi Qafqaz konfederasiyasının mümkünsüzlüyü;
Rusiya təhlükəsi.
Azərbaycan tərəfi isə haqlı olaraq buna öz etirazını bildirdi. Fikrimizcə, bu doğru bir addım idi. Belə ki, Azərbaycanın İranla vahid konfederasiya təşkil etməsi Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsinə səbəb olsa da, yenidən müstəqiliyinin itirilməsi və əsarət altına düşməsi ilə nəticələnə bilərdi. Xüsusilə qeyd etmək lazımdır ki, İran rəhbərliyinin özündə belə konfederasiya ilə bağlı fikir ayrılıqları vardı. İran Xarici İşlər Naziri Nüsrətüddövlə konfederasiya məsələsinin lehinə olsa da, Nazirlər Şurasının sədri Vüsuquddövlə bu fikrə ehtiyatla yanaşmağa çağırır və Seyid Ziyaəddinə yazdığı məktubda bu məsələnin ciddi araşdırılmasını, Tehran üçün mənfi və müsbət tərəflərinin müəyyən edilməsinin vacibliyini qeyd edirdi: “Bu məsələ diqqətə alınmalıdır ki, İran və Qafqaziyyənin konfederasiyası bu əməli zəruri edən əlaqələrə necə təsir göstərəcəkdir və bunun faydalı olacağına nə dərəcədə inanmaq olar.” (20, s.120)
Qeyd etdiyimiz bu fikir ayrılıqlarına baxmayaraq, İranla ilk diplomatik münasibətlər 1919-cu ilin yazında quruldu. Azərbaycan hökuməti İsmayıl xan Ziyadxanlının rəhbərliyi altında Tehrana “Fövqəladə missiya”nı göndərdi. Bu arada vurğulamaq lazımdır ki, İsmayıl xan özü də İranda hakimiyyətdə olan Qacarlar nəslindən idi və bu fakt İran mətbuatında da dəfələrlə qeyd edilmişdi.(17) 1919-cu ilin aprelində İrana daxil olan İsmayıl xan Ziyadxanlı siyasi – iqtisadi münasibətlərin qurulması üçün İran rəsmiləri ilə bir sıra görüşlər keçirdi. İki ölkə arasında gedən danışıqlar 14 maddədən ibarət müqavilə layihəsi imzalanması ilə yekunlaşsa da, müqavilə təzyiqlərə məruz qalmış və təsdiq olunmamışdı.(6. v1) Bütün bu cəhdlərin uğursuzluqla nəticələnməsinə baxmayaraq Azərbaycan hökumətinin Nazirlər Şurası 1919-cu ilin iyulun 16-da İranda yeni diplomatik nümayəndəliyin yaradılması haqqında qərar qəbul etmiş, oktyabrın 4-də nümayəndəliyin ştatı təsdiq olunmuş və nümayəndəliyə rəhbərlik etmək Adil xan Ziyadxanlıya tapşırılmışdı. Çar Rusiyasının İranda keçmiş səfiri olan Etter Azərbaycan nümayəndə heyətinin gəlişinə mane olmağa çalışması belə, uğurla nəticələnməmiş, nümayəndə heyəti İran hökuməti tərəfindən gözəl qarşılanmış, Adil xan İran şahı tərəfindən qəbul edilmişdi. Bu görüşlər nəticəsində Naxçıvan məsələsi öz həllini tapmış, həmçinin Şahseven tayfalarının hücumlarına son qoyulmuşdu. Hələ 1919-cu il dekabrın 22-də Naxçıvan qubernatorunun XİN-nə göndərdiyi məktubda qeyd olunurdu ki, İran cəlbedici vədlərlə Naxçıvan və ətraf ərazilərdən azərbaycanlı qaçqınları qəbul edir və əgər bu belə davam etsə ermənilər bölgəyə sahib olacaqlar(3. v114). Ancaq azərbaycanlı tacirlərə kapitulyasiyadan istifadə hüququnun verilməsi tələbi isə rədd edilmiş, İran nümayəndələri bildirmişdilər ki, İranın hər yerində kapitulyasiya artıq ləğv olunur( 6. v1-2).
2. Azərbaycan-İran münasibətlərinin Paris Sülh Konfransında davamı
AXC hökumətinin xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin qurulması məsələsi ilə yanaşı beynəlxalq aləmdə tanınmaq, müstəqilliyinin dünya dövlətləri tərəfindən qəbul edilməsi və Qərb dövlətləri ilə diplomatik əlaqələrin qurulması da mühüm yer tuturdu. Məlumdur ki, müstəqilliyini elan etdiyi ilk vaxtlardan etibarən Azərbaycan Cümhuriyyətinin mövcudluğuna qarşı ən böyük təhlükə məhz şimaldan Rusiya idi. Rusiya Bakının əlindən çıxması ilə barışa bilmirdi, AXC nümayəndələrinin bütün cəhdlərinə baxmayaraq Azərbaycanın müstəqilliyini tanımaqdan imtina edir, fürsət düşdükcə yenidən öz əsarəti altına almağa çalışırdı. Buna görə də, Paris sülh konfransında iştirak etmək və özünü suveren bir dövlət olaraq tanıtmaq gənc dövlətin qarşısına qoyduğu ən mühüm vəzifəsi idi. Nəhayət, Azərbaycan parlamenti Paris sülh konfransında iştirak etmək üçün Ə. M. Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etdi. AXC nümayəndələri ən böyük uğurlarına məhz Paris sülh konfransında çatmışdılar. Konfransın fəaliyyətinin ilkin vaxtlarında Azərbaycan-İran münasibətlərinə ciddi təsir edəcək bir sıra hadisələr baş verdi. İlk olaraq Azərbaycan hökuməti Paris sülh konfransında İranın ərazi iddiaları ilə bağlı bir sıra çətinliklərlə qarşılaşdı. Hələ də Azərbaycana qarşı ərazi iddiaları olan İran Türkmənçay sülhü ilə itirdiyi ərazilərin ona geri qaytarılmasını istəyir və Azərbaycan torpaqlarının tarixən İrana məxsus olduğunu və bu ərazidə məskunlaşan əhalinin də İrana birləşmək arzusunda olduğunu iddia edirdi(12, s.227). Bəs İranın bu tələbinə səbəb nə idi? Sovet Rusiyası 1917-ci ilin 26 oktyabrında Ümumrusiya Sovetlər konqresində əvvəllər bağlanılan bütün qeyri-bərabər müqavilələri ləğv etdiyini elan etmiş və həmçinin 1907-ci ildə bağlanılan və İranı hissələrə bölən İngilis-Rus müqaviləsi öz əhəmiyyətini itirmişdi. Rusiya İrandakı əvvəlki mövqeyinə sahib deyildi. I Dünya müharibəsində heç bir xüsusi rolu olmayan İranın ərazi iddiaları haqlı olaraq rədd edildi, 1919-cu il 9 avqust müqaviləsindən sonra isə İranın rəsmi nümayəndələri konfransın işinə buraxılmadı.
Azərbaycan–İran münasibətlərinin mülayimləşməsində Avropaya səfərə çıxan İran şahının 1919-cu ilin 17 avqustunda Azərbaycandan keçərkən Bakıda dövlət rəsmiləri tərəfindən gözəl qarşılanması və bir sıra məsələlər haqqında danışıqların aparılması böyük rol oynamışdı. Səfər zamanı Adil xan Ziyadxanlı şahı Batuma qədər müşayiət etmiş, Xarici İşlər Naziri olan Firuz Mirzə Nüsrətüddövlə ilə bir sıra məsələlər barəsində danışıqlar aparmışdı. (8. v.1-2 və 9. v.7-8) 1919-cu ilin sentyabrında İranın yeni Xarici İşlər Naziri Firuz Mirzənin nümayəndə heyətinin başçısı kimi Paris sülh konfransında iştirak etmək üçün Avropaya gəlişi münasibətlərin daha da sıxlaşması ilə nəticələndi və İranın Azərbaycanın müstəqilliyinə münasibətində dəyişiklik baş verdi. Paris sülh konfransında gedən danışıqlar uğurla davam etdirildi və Azərbaycan–İran birgə komissiyası yaradıldı. Komissiyanın əsas işi iki dövlət arasında gələcəkdə bağlanacaq müqavilələrin əsaslarını, maddələrini hazırlamaq idi. Tərkibi Azərbaycan tərəfdən C. Hacıbəyli və M. Y. Mehdiyev, İran tərəfindən M. Sarus-Səltənə və Z. Mülkdən ibarət olan komissiya oktyabrın 29-da ilk iclasını keçirdi. Noyabrın 1-dək davam edən müzakirələr 4 maddədən ibarət sazişin bağlanması ilə nəticələndi. Sazişdə Azərbaycanın Rusiyadan ayrılıb prezident və parlamentə malik müstəqil demokratik respublika elan olunduğu, qonşu İran dövləti ilə siyasi və iqtisadi əlaqələr yaradıldığı qeyd edilmiş, İran və Azərbaycan hökumətlərinin qarşılıqlı razılığı əsasında hər iki ölkənin parlamentlərinin qarşılıqlı razılığı əsasında hər iki ölkənin parlamentlərinin bəyənməsi şərtiylə bu əlaqələrin əsasları və formaları, həyata keçirilmə üsulları müəyyən olunmuşdu. (15.s 209) AXC-İran komissiyasının yaranması əslində AXC nümayəndə heyətinin Paris Sülh Konfransında nail olduğu növbəti uğuru idi, çünki, sazişdə Azərbaycanın müstəqilliyi məsələsi öz əksini tapmışdı. Həmçinin, burada mühüm bir məsələ xüsusilə diqqəti cəlb edir ki, bu da Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin tanınması, onun bütövlüyü və müstəqilliyinə qarşı yönələn hər hansı qəsddən qorunması, siyasi, iqtisadi, mədəni və hərbi qüvvələrinin inkişafına nail olunması üçün İrana göstərilən şəkildə İngiltərənin həqiqi köməyinə ehtiyacı olduğunun qeyd edilməsidir. Azərbaycanın İngiltərədən dəstək gözləməsi istəyindən İran hökuməti istifadə etməyə çalışır, bu məqsədlə də 1919-cu ilin 17 noyabrında Nüsrətüddövlə Britaniyanın Xarici İşlər Naziri Lord Kerzona yazırdı: “İran və Britaniya arasında yaxşı münasibətləri və siyasi mənafe birliyini nəzərə almaqla, ciddi olaraq bu əqidədəyik ki, Britaniyanın Qafqazda, xüsusilə sərvətli Badkubə məntəqəsində mənim ölkəmin də mənafe və maraqlarını... nəzərə alması vacibdir.” (13. s100)
Paris Sülh Konfransının gedişində Əlimərdan bəy Topçubaşovla İran Xarici İşlər Naziri arasında danışıqlar getmiş, Firuz Nüsrətüddövlə Parisdən İran XİN-nə göndərdiyi məlumatda Lord Kerzonla və Azərbaycan nümayəndələri ilə danışıqlarının nəticəsini bildirmiş və xüsusi heyətin təşkil olunaraq Qafqaza göndərilməsini təklif etmişdir. Bütün bu danışıqlar nəhayət ki, İranın S. Z. Təbatəbainin başçılığı ilə Azərbaycana İranın “Qafqaz fövqəladə heyəti”nin göndərməsi ilə nəticələnmişdi. Əslində isə İranı Azərbaycanla yaxınlaşmağa vadar edən bir sıra səbəblər var idi. Fikrimizcə bu səbəblər aşağıdakılar idi:
1. Qafqaz xüsusən də, Azərbaycan ərazisi İran üçün qərbə keçid yolu idi, mühüm tranzit yükləri, poçt rabitəsi məhz burdan keçirdi. İran AXC-nin müstəqilliyini tanımayacağı təqdirdə Azərbaycan vasitəsilə ticarətdən məhrum olacağına görə narahat idi. Həmçinin, Azərbaycan hökuməti özü də İranla ticarət münasibətlərinin qurulmasında maraqlı idi. Azərbaycanın Türkiyədəki səfiri Y. V. Çəmənzəminli yazırdı: “Biz istərdik ki, İranın iqtisadi qüvvələri artsın. Çünki, məmləkətin məhsulları Azərbaycan yolu ilə başqa məmləkətlərə nəql olunacaqdır ki, biz də bundan fayda görəcəyik. İqtisadca tərəqqi etmiş İranın alıcıları artar və biz də oraya artıq mal yeritməyə müvəffəq olarıq... Bundan da hər iki tərəf fayda görəcəkdir.” (11. s, 56) M. Ə. Rəsulzadə də, Azərbaycan qəzetində çap etdirdiyi “İran və biz” məqaləsində bu məsələyə toxunmuşdu: “Dini və mədəni münasibətdən əlavə İran və Cümhuriyyətimiz miyanında (arasında) hər bir münasibətdən daha qüvvətli bir rabitə vardır: iqtisadi rabitə, İran bizimlə külliyyətli surətdə ticarət etməkdədir. Bakı bəndəri (limanı) ta əski zamandan bəri İran ticarətinin ən mühüm bir qapısını təşkil edir.” (16. s,57)
2. Bundan əlavə həm də Qafqazda Rusiya əleyhinə müstəqil bir dövlətin yaranması İran üçün mühüm amil idi. Y. V. Çəmənzəminli yazırdı: “Rus yıxıldı. Rus ilə İran arasında Azərbaycan dövləti təşəkkül etdi. İran asudə nəfəs almağa başladı... İran bizi tutarsa və müstəqil deyə tanıyarsa, özü üçün şimal tufanına qarşı bir sipər qazanar.” (11. s,55) M. Ə. Rəsulzadə də, “Azərbaycan” qəzetində çap edilən “İran və biz” məqaləsində bu məsələyə öz münasibətini belə bildirirdi: “İranın səlaməti bizim üçün, bizim səlamətimiz İran üçün son dərəcə mühümdür. Daima zərbələrini yediyi cahangir Rusiya yerində, iləridə yenə inkişaf etmək həvəsinə düşəcəyi mühəqqəq olan Rusiya ilə öz arasında müstəqil bir Qafqaziya görmək İranın əxsi-amalını təşkil etməlidir.” (16. s, 56)
3. Münasibətlərin yaxşılaşmasında müsəlman amili də öz sözünü deyirdi. Bu məsələ ilə bağlı M. Ə. Rəsulzadənin Azərbaycan mətbuatında qeyd etdiyi fikri də misal gətirmək olar. “Müstəqil Qafqaziya içərisində müstəqil və nüfuzlu bir müsəlman hökumətinin vücudi isə bilxassə İran vətənpərvərlərini sevindirməlidir.”
Bütün bu amilləri nəzərə alan İran hökuməti özü də Rusiya ilə İran arasında bufer bir dövlətin yaranmasından narazı deyildi. Hələ 1918-ci ilin 12 dekabrında İranın Bakıdakı konsulu Məhəmməd xan “Bəsirət” qəzətində çap olunan müsabihəsində “Azərbaycanın müstəqilliyi” məsələsinə də toxunmuşdu. İranın Qafqaz Respublikalarına baxışının necə olduğu soruşulanda Məhəmməd xan “Biz çox arzulayırıq ki, Qafqaz müstəqil ölkə olsun” deyə cavablandırmışdı(10. v7).
Nətİcə
Azərbaycan hökumətinin İranla münasibətlərində uğurlara nail olduğu bir zamanda bu münasibətlərin yaxşılaşmasından narahat olan qüvvələr də var idi. Belə ki, Rusiyanın Müvəqqəti İşlər Vəkili İranın Qafqaz dövlətləri ilə yaxınlaşma cəhdlərinin qarşısını almaq və Bakıya göndəriləcək “Fövqəladə Qafqaz heyəti”nə mane olmaq məqsədilə İranın XİN-nə etiraz notası göndərmiş, hətta İran XİN-nin rəsmiləri rus diplomatı ilə bu məsələ əsasında görüşlər keçirmişdi. Görüşdə İran rəsmiləri bildirmişdi ki, heyət ancaq ticari məsələləri həll etmək və burda yaşayan iranlıların mənafeyini qorumaq üçün göndərilib. Rusiya Müvəqqəti İşlər Vəkili isə İrandan Qafqaz dövlətinin nümayəndə heyətlərini rəsmi şəkildə qəbul etməyib ancaq ticari məsələlərin müzakirə edilməsini tələb etmişdi(14). “Fövqəladə Qafqaz heyətinin” Azərbaycanda fəaliyyətindən narahat olan təkcə Rusiya deyildi. 1919-cu il 9 avqust müqaviləsi ilə İranın ordu, polis, maliyyə, rabitə və s. sahələrini nəzarəti altına alan Britaniya hökuməti “Fövqəladə Qafqaz heyəti”nin işlərinə müdaxilə edir, İran poçtu senzuraya məruz qalır, S. Ziyaəddinin İrana göndərdiyi məktublar Ənzəlidə ələ keçirilərək oxunurdu(14). Bütün bu səbəblər AXC–İran münasibətlərinə maneçilik yaratsa da, AXC-nin İran tərəfindən rəsmi şəkildə tanınmasının qarşısını ala bilmədi. İranın Azərbaycanın müstəqilliyinə münasibətinin dəyişməsində İngiltərənin baş naziri Lloyd Corcun noyabrın 17-də verdiyi bəyanatın böyük rolu olmuşdu. Bəyanatda qeyd olunurdu ki, Azərbaycan Rusiyadan ayrılıb və müstəqil xarici siyasət yeritməyə qadirdir. Yekun olaraq onu qeyd etmək lazımdır ki, Paris sülh konfransında Azərbaycan nümayəndə heyəti ən böyük uğura imza atdı. Bu uğur 1920-ci ilin yanvarın 11-də AXC-nin müstəqilliyinin de-fakto tanınması oldu. Bu münasibətlə yanvarın 14-də Bakıda keçirilən şənliklərdə İranın “Qafqazın Fövqəladə Heyəti”nin rəhbəri S. Z. Təbatəbai də iştirak etdi və yaxın zamanlarda İranın da AXC-nin müstəqilliyini tanıyacağına dair fikirlər söylədi. Nəhayət, 1920-ci ilin martın 20-də İran AXC-nin müstəqilliyini de-yure tanıdı. Müqaviləyə görə həm Tehranda, həm Bakıda diplomatik nümayəndəliklərin yaradılması qərara alındı, Adil xan Ziyadxanlı isə İranda Azərbaycanın ilk diplomatik elçisi seçildi. AXC ilə İran arasında ticarət, poçt, teleqraf, gömrük, tranzit və konsul konvensiyasına dair bir sıra sazişlər bağlandı. Azərbaycan-İran konfransının açılışında Məmməd Yusif Cəfərov və Seyid Ziyaəddin Təbatəbai çıxış edərək iki dövlət arasında siyasi və iqtisadi münasibətlərin bundan sonra da möhkəmlənəcəyini qeyd etdilər.
23 aylıq mövcudluğu dövründə Azərbaycanın müstəqilliyinin dünya birliyi və qonşu dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərin qurulmasına nail olunmasına baxmayaraq, hadisələrin sonrakı gedişi gənc dövlətin əleyhinə baş verdi. 1920-ci ilin aprelin 28-də Azərbaycan Sovet Rusiyasının işğalına məruz qaldı və AXC rəhbərləri müstəqil xarici siyasət yeritmək hüququndan məhrum edildilər.
ədəbİyyat
1. ARDA, fond 894 – Azərbaycan Respublikası DİN, siyahı 10, iş 31.
2. ARDA, fond 894 – Azərbaycan Respublikası DİN, siyahı 10, iş 153.
3. ARDA, fond 970 – Azərbaycan Respublikası XİN, siyahı 1, iş 65.
4. ARDA, fond 970 – Azərbaycan Respublikası XİN, siyahı 1, iş 67.
5. ARDA, fond 970 – Azərbaycan Respublikası XİN, siyahı 1, iş 94.
6. ARDA, fond 970 – Azərbaycan Respublikası XİN, siyahı 1, iş 98.
7. ARDA, fond 970 – Azərbaycan Respublikası XİN, siyahı 1, iş 162.
8. ARDA, fond 2598 – Azərbaycan Respublikasının İrandakı diplomatik nümayəndəliyi, siyahı 1, iş 2.
9. ARDA, fond 2598 – Azərbaycan Respublikasının İrandakı diplomatik nümayəndəliyi, siyahı 1, iş 5.
10. ARDA, fond 2598 – Azərbaycan Respublikasının İrandakı diplomatik nümayəndəliyi, siyahı 1, iş 7.
11. Çəmənzəminli Y. V. Müstəqilliyimizi istəyiriksə. Bakı, Gənclik. 1994.
12. Həsənli C. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920) Bakı. “Garisma” MMC, 2009.
13. Mədətli E. Azərbaycan həqiqətləri İran tarixşünaslığında. Bakı. Təhsil. 2011.
14. Mədətli E. İranın Fövqəladə Qafqaz heyəti Azərbaycan cümhuriyyətində. Azərbaycan qəzeti. 15.01. 2002.
15. Nəsibli N. Azərbaycan Demokratik Respublikasının xarici siyasəti. Bakı. Qanun. 2011.
16. Rəsulzadə M. Ə. Bakı və Azərbaycan tarixinə dair əsərlər (1918-1919). Bakı. Qanun. 2013.
17. Talıblı S. Ismayıl xan Ziyadxanlı və Azərbaycan – İran əlaqələri. Dirçəliş XXI əsr. 102-103, 2006
18. Tadeusz Swietochowski. Müslüman cemaatten ulusal kimliğe Rus Azerbaycanı 1905-1920. Ankara 1988. Türkçesi Nuray Mert.
19. Kavə Bayat. Tufan-e bərfəraz-e Qəfqaz: Neqahi be monasebati məntəğeyi İran və Cümhurihaye Azərbaycan, Ermənestan və Qorcestan dər dourən noxsəto esteğlal (1917-1921) Tehran, 1388.
20. Şəhrizayi Azər Rza. Heyəte Fövqəladeye Qafqaziyye. Əsnade müzakerat və qərardadhayi heyəti ezamiye İran be Qəfqaz təht sərpərəsti Seyyid Ziyaəddin Təbatəbayi (1919-1920). Tehran, Dəftəre motaalate siyasi və beynəlmeləli, 1379
Geostrategiya" jurnalı № 04 (28) İYUL-AVQUST 2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM