XIX əsrin ikinci yarısında çar Rusiyasının Şimali Azərbaycanda yeni inzibati-ərazi dəyişikliklərinə dair

11:42 / 04.12.2015

Elmir Əliyev,
AMEA A.A.Bakıxanov
adına Tarix İnstitutunun doktorontı

Şimali Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra bölgədə komendant üsul-idarəsinin tətbiq olunması idarəçilik sistemində yalnız müvəqqəti keçid xarakterini daşımış, yaxın gələcəkdə Rusiyanın müstəmələkəçilik maraqlarına tam surətdə cavab verən yeni inzibati-ərazi dəyişikliyin aparılmasının təməlini qoymuşdur. XIX əsrin ikinci yarısında həyata keçirilən yeni inzibati-ərazi dəyişiklikləri nəticəsində azərbaycanlılar idarəçilik orqanlarında təmsil olunmaq hüquqlarını itirmiş, Şimali Azərbaycanın bəzi bölgələri Cənubi Qafqazın müxtəlif quberniyalarının tərkibinə qatılmışdı.
XIX əsrin ikinci yarısında çarizmin Şimali Azərbaycanda və digər milli ucqarlarda tətbiq etdiyi siyasət həmin bölgələrdə dövlətçiliyin heç cüzi inkişafına belə imkan vermirdi. Qafqazda ali hakimiyyət çar canişininə məxsus idi [1, s.118-119]. Çarizmin Qafqazda tətbiq etdiyi yeni kursa müvafiq olaraq Şimali Azərbaycanın inzibati-ərazi quruluşu yeni dəyişikliyə məruz qaldı. Bu, fəhlə və kəndli təbəqəsinin amansız istismara və zülmə qarşı daha da genişlənən mübarizəsi şəraitində əsas etibarilə inzibati-polis nəzarətinin gücləndirilməsi marağına cavab verən amillə şərtlənirdi [2,s.156].
1859-cu ildə güclü dağıntılara səbəb olan Şamaxı zəlzələsi ilə bağlı olaraq may ayının sonu – iyun ayının əvvəlində Qafqaz komandanlığı tərəfindən quberniya mərkəzinin Bakıya köçürülməsi məsələsi irəli sürüldü. Qafqaz canişini knyaz Bar-yatinski Şamaxı hərbi qubernatoru knyaz Tarxan-Mouravova ünvanladığı 1859-cu il 8 iyul tarixli məktubunda Bakı şəhərinin dəniz sahilində yerləşməsi ilə bağlı gələcəkdə buranın limana çevrilməsi, çəkiləcək dəmir yolu xəttinin Bakıda ilk çıxış məntəqəsi olmasının qısa müddət ərzində Bakının liman şəhərinə çevrilməsinə gətirib çıxaracağını bildirirdi. Artıq həmin vaxt bəzi müəssisələr müvəqqəti olaraq Bakıya köçürülmüşdü. Lakin Şamaxı qubernatoru öz məruzəsində gələcəkdə Bakının xüsusi şəhər rəisliyinə çevrilməsini daha vacib sayırdı [3, s. 85-86].
Baryatinski o zaman Şamaxı zəlzələsinin baş vermə səbəblərinin müəyyənləşdirilməsi işi ilə məşğul olan akademik Abixin də fikirlərinin öyrənmək qərarına gəlmişdi. Akademik Abix öz cavabında Şamaxı şəhərinin gələcəkdə də təbii fəlakətlə üzləşməsi ehtimalını söyləmişdi. Akademik Abixin bu əsaslı fikri Qafqaz canişininin 1859-cu il sentyabrın 25-də Şamaxı qubernatoruna bütün quberniya idarələrinin təcili olaraq Bakıya köçürülməsi barədə göstəriş verməsinə tutarlı səbəb olmuşdu. Baryatinski eyni zamanda Şamaxı polisi ştatlarının sayının azalmasına müvafiq olaraq Bakı şəhər polisi ştatlarının sayının artırılması barədə də əmr vermişdi[3, s. 86].
F.Ə.Tağıyev öz əsərində Şamaxı qubernatorunun Qafqaz canişinliyi Baş idarəsi ilə yazışmasına istinad edərək, artıq 1859-cu ilin oktyabr ayının ortalarında dövlət müəssisələrinin Bakıya köçürülməsi işinin tamamilə başa çatdırıldığını göstərir. 1859-cu il dekabrın 22-də isə Bakı şəhərinə quberniya şəhəri dərəcəsi verilməsi və Şamaxı quberniyasının Bakı quberniyasına çevrilməsi artıq rəsmi şəkildə qüvvəyə minmişdi. Bu hadisədən sonra, XIX əsrin ikinci yarısında Şimali Azərbaycanın şəhər mərkəzləri arasında Bakı şəhəri öz sosial-iqtisadi göstəricilərinə görə ən üstün mövqeyə malik olmuşdu [3, s. 86].
Quberniya mərkəzinin Bakıya köçürülməsi ilə bağlı olaraq Şuşa qəzası Bakı quberniyasının tərkibinə daxil edilmişdi[4, s. 48].
Əvvəlki illərdə olduğu kimi, Şimali Azərbaycanda aparılan idarəçilik işi çar hökumətinin müstəmləkəçilik siyasətinin maraqlarına uyğun şəkildə təşkil olunurdu. Çar hökuməti milli-azadlıq mübarizəsindən ehtiyat edərək, əhalini hərbi idarəçilik baxımından təzyiq altında saxlamağa çalışırdı.
Məsələn, 1852-ci ildən hərbi idarə üsulu tətbiq edilən Car-Balakən dairəsinin idarə edilməsinin özünəməxsus xüsusiyyəti o idi ki, buradakı idarəçilik işi Qafqazın işğal edilmiş dağ rayonlarında olduğu kimi, hərbi-inzibati və məhkəmə səlahiyyətlərinə malik olan hərbi rəisə həvalə edilmişdi [1, s. 198]. 1859-cu ilə qədər dairədə tətbiq edilmiş hərbi idarəçilik zamanı hərbi rəis istənilən vaxt öz sərəncamında olan qüvvələrdən yerli əhaliyə qarşı istifadə etmək kimi qeyri-məhdud hakimiyyətə malik olmuşdu [5, s. 20].
Hələ XIX əsrin 20-ci illərinin sonlarında Qafqaz komandanlığı Dağıstanda və Çeçenistanda baş verən hadisələrin Cənubi Qafqaza yayılmasının qarşısını almaq məqsədilə Zaqatalanın mərkəzindən keçməklə Nuxa qəzasından Laqodexiyə qədər təşkil etdiyi “Kordon xətti” istehkamını ləğv etmişdi. Lakin yeni həyəcanların baş verəcəyindən ehtiyat edən çarizm bölgədəki hərbi rejimi birbaşa mülki idarəçiliklə əvəz etməkdən ehtiyat etmiş və keçid forması kimi özündə həm hərbi, həm də mülki idarəçilik xüsusiyyətlərini birləşdirən hərbi-xalq idarə üsulunun tətbiq olunmasını nəzərdə tutmuşdu [5, s. 20].
Dağıstan və Şimali Qafqaz xalqlarının azadlıq mübarizəsi yatırıldıqdan sonra, 1860-cı il mayın 5-də “Dağıstan vilayətinin idarəçiliyi haqqında Əsasnamə” tətbiq olunmuşdu [2, s. 156].Bu Əsasnaməyə görə, Dərbənd quberniyası ləğv olunmuş, Quba qəzası Bakı quberniyasının tərkibinə daxil edilmiş, Car-Balakən hərbi dairəsi isə başda artıq canişinə deyil, “Yuxarı Dağıstanın hərbi rəisinə” tabe edilən, dairə rəisinin başçılığı altında Zaqatala hərbi dairəsi strukturunda yenidən təşkil olunmuşdu [1, s. 197]. Zaqatala dairəsinə başçılıq edən rəisin sərəncamında onun köməkçisi, dəftərxanası və istintaqın aparılması üçün 1 məmur var idi. Yuxarı Dağıstanın hərbi rəisi öz fəaliyyətində mülki qubernatorun və diviziya rəisinin hüquqlarından istifadə edirdi. Diviziya rəisi də öz növbəsində hərbi cəhətdən Dağıstan vilayəti rəisinə, mülki cəhətdən isə bilavasitə olaraq canişinə tabe idi[2, s. 180].
Qafqaz canişinliyinə birbaşa tabe edilmiş dairədəki mülki idarə aparatı Qafqaz komandanlığı tərəfindən Zaqatalanın 100 verstliyində yerləşən Gürcüstan ərazisindəki Sasxenisiyə köçürülmüşdü [6, s. 202].Yeni yaradılmış Zaqatala dairəsində aparılmış inzibati dəyişikliklərə əsasən keçmiş İlisu sultanlığının bir hissəsi olan və Qafqaz dağlarının o tayında yerləşən Saxur mülkü qış fəslində gediş-gəlişin çətin olması bəhanəsi ilə ondan qoparılmış və Samux dairəsinə birləşdirilmişdi. Bu dairə də öz növbəsində məntəqə rəisləri tərəfindən idarə olunan 3 məntəqəyə bölünürdü [7, s. 305].
Hərbi-xalq idarə sistemi Cənubi Qafqaz quberniyalarında qəbul edilmiş mülki idarə üsulundan fərqlənirdi. Burada quberniya idarəsinə bənzər kollegial təsisatlar yox idi. Onların funksiyalarını əsas etibarilə canişin dəftərxanaları, o cümlədən Tiflis quberniyasının quberniya təsisatları icra edirdi. Dairənin zabitlərdən ibarət olan rəhbərləri yalnız idarəçilik işini deyil, həm də məhkəmə funksiyalarını yerinə yetirirdilər [1, s. 198-199]. Zaqatala dairəsində həmin orqanların fəaliyyətinə canişin dəftərxanası nəzarət edirdi. Burada hərbi məmurlar mülki məmurlara nisbətən geniş imtiyazlara malik olsalar da, onların hərbi idarəçilik zamanındakı qeyri-məhdud hakimiyyətləri artıq məhdudlaşdırılmışdı [5, s. 21].
Çarizmin tətbiq etdiyi zorla xristianlaşdırma siyasətinə qarşı dairədə baş verən 1863-cü il Zaqatala üsyanı amansızlıqla yatırıldıqdan sonra Qafqaz komandanlığı bölgədə islahatın keçirilməsi yolu ilə əhali çıxışlarının qabağını almaq üçün idarəçilik sistemini dəyişdirmək qərarına gəldi [5, s. 21]. Qafqaz qoşunları baş komandanının təcrübə forması kimi təsdiq etdiyi 1864-cü il 25 aprel tarixli yeni Əsasnaməsi Zaqatala dairəsinin idarəçilik sistemində zəruri dəyişikliklərin baş verməsinə səbəb olmuşdu. Əvvəlki kimi dairə rəisi əhali çıxışlarının qarşısını almaq üçün qoşunlardan istifadə etmək hüququna malik idi. Onun inzibati səlahiyyəti alay komandirinin səlahiyyətlərinə bərabərləşdirilmişdi. Zaqatala dairəsi əvvəlcə Alazan çayı sol sahili qoşunlarının komandanına tabe etdirilmiş, bu vəzifə ləğv olunduqdan sonra isə qubernatorun hüquqlarından istifadə edən Qarfqaz mədən idarəsi rəisinin sərəncamına keçmişdi [2, s. 180].
Yeni inzibati dəyişikliklərə görə Zaqatala dairəsi məntəqə rəisləri tərəfindən idarə olunan 6 məntəqəyə bölünmüşdü [5, s. 22].Sonradan Zaqatala dairəsinin idarəçilik sistemində yeni dəyişikliklərin baş verməsi ilə bağlı olaraq 1864-cü il Əsasnaməsinə bütövlükdə yenidən baxıldı. 1874-cü il yanvarın 29-da yeni Əsasnamə və ştatlar təsdiq olundu. Bu Əsasnaməyə görə, dairənin idarə olunması işi əvvəlki kimi, dairə rəisinə həvalə olunmuşdu ki, o da hərbi sahədə alay komandirinin hüquqlarından, mülki sahədə isə qəza rəisinin hüquqlarından istifadə edirdi. Bu Əsasnamə üsyanın yatırılması və hər cür əhali çıxışlarının qarşısını almaq üçün qoşunların yeridilməsi istiqamətində hərbi hissələrin öhdəsinə dairə rəisinin bütün tələblərini yerinə yetirmək vəzifəsini qoyurdu [2, s. 180-181]. Yeni qaydalar dairə rəisinin hərbi və mülki sahədəki qeyri-məhdud hakimiyyətini saxlayır, idarə aparatını daha da təkmilləşdirirdi. Təşkil edilmiş yeni idarə aparatı böyük və kiçik iş icraçıları vəzifələrində çalışan rəis köməkçilərindən, baş yavərdən, arxiv və qeydiyyat işlərinə baxan mühasibdən, istintaq işlərini aparan tərcüməçilərdən, katiblərdən, həkim və feldşerlərdən ibarət idilər [8, v. 2].
1880-ci ildə Zaqatala dairəsinin tabe edildiyi Qafqaz Dağlı idarəsinin Qafqaz hərbi-xalq idarəsi adlandırılması ilə əlaqədar edilmiş bəzi inzibati dəyişikliklərə görə Zaqatala dairəsi Balakən, Car-Muxax, Əliabad və Qax məntəqələrinə bölünərək Qafqaz hərbi-xalq idarəsinə tabe edilmişdi [5, s. 22].
1883-cü ildə Qafqaz komandanlığı tərəfindən həyata keçirilən növbəti inzibati dəyişikliklər nəticəsində Zaqatala dairəsində mövcud olan hərbi-xalq idarə üsulu mülki idarəçiliklə əvəz edilmiş və dairə Tiflis quberniyasına tabe etdirilmişdi. XIX əsrin sonlarında Cənubi Qafqazda hökm sürən nisbi sakitliklə bağlı olaraq Zaqatala dairəsindəki mülki idarəçilik forması XX əsrin əvvəllərinə qədər dəyişilməz qalmışdı [5, s. 22].
“Qafqaz və Cənubi Qafqaz idarəçiliyinin yenidən təşkil olumasına dair” 1867-ci il 9 dekabr Fərmanı ilə əsas etibarilə Şimali Azərbaycan torpaqları hesabına Yelizavetpol quberniyası yaradılmışdı[2, s. 156].Bakı quberniyasından Şuşa və Nuxa qəzaları, Tiflis quberniyasından Qazaxla birlikdə Yelizavetpol qəzası, İrəvan quberni-yasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi Yelizavetpol quberniyasının tərkibinə daxil olmuşdu. Ordubad qəzasının digər hissəsi isə Naxçıvan qəzasının tərkibində İrəvan quberniyası tərkibinə verilmişdi. 1870-ci ildə İrəvan quberniyasının tərkibində əhalisinin çox böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan Şərur-Dərələyəz qəzası təşkil edilmişdi. Yeni inzibati-ərazi bölgüsü nəticəsində Naxçıvan və Şərur-Dərələyəz qəzaları İrəvan quberniyasının tərkibində qalmışdı[1, s. 197].Borçalı və Sığnaq qəzaları isə Tiflis quberniyasının tərkibində saxlanılmışdı [4, s. 75].Qeyd edək ki, hələ 1828-ci ildə “Erməni vilayəti”nin yaradılmasından sonra əksəriyyəti azərbaycanlılardan ibarət olan Borçalı, Qarayazı, Şirək çölünün Qanıx kənarı (Alazanyanı) vadisi, Qabırrı (İori) çayı ətrafı ərazilər - əkin, örüş, biçənək yerləri, otlaqlar Tiflis quberniyasının tərkibinə qatılmışdı [9, s. 132].
Beləliklə, məlum olur ki, Yelizavetpol quberniyası təşkil olunduqdan sonra da bir sıra Şimali Azərbaycan torpaqları Cənubi Qafqazın müxtəlif quberniyalarının tərkibində parçalanmış vəziyyətdə qalırdı. Belə bir şəraitin yaradılması təsadüfi deyildi və millətlərarası düşmənçiliyin qızışdırılmasında və yayılmasında çarizmin siyasi kursunu əks etdirirdi [2, s. 156]. Bu bölgədə aparılmış inzibati-ərazi dəyişiklikləri həm də əzəli Azərbaycan torpaqlarının gələcəkdə ermənilər tərəfindən zəbt olunmasına şərait yaratmış oldu [1, s. 197].
Yuxarıda göstərilən Fərman eyni zamanda sahələrin ləğv olunmasını və qəzaların parçalanmasını da nəzərdə tuturdu. Cənubi Qafqaz diyarının bütün ərazisində qəzaların sayı 18-dən 29-a qədər çoxaldı [2, s. 157].
Sahələrin ləğv edilməsi ilə bütün yerli inzibati-polis hakimiyyəti qəza rəislərinin əlinə keçdi. Bütün qəza mərkəzlərində qəza idarələrinin ştatına şəhər pristavı, onun köməkçisi və s. polis vəzifələri daxil edildi. Bəzi şəhərlərdə onlar əvvəllər də var idi. Gəncədə qəza idarəsi komissiyası tərəfindən xüsusi şəhər polisi təşkil olunmuşdu. Qəzanın sinfi mübarizənin daha kəskin xarakter aldığı “həyəcanlı” hissələrində polis nəzarətinin gücləndirilməsi məqsədilə qəza rəislərinə tabe edilən xüsusi pristavlıqların təsis edilməsinə icazə verilmişdi. Yelizavetpol quberniyasında belə pristavlıq Samuxda da yaradılmışdı [1, s. 197-198].
Sahələrin ləğv olunması və bütün yerli inzibati-polis hakimiyyətinin qəza rəislərinin əlində cəmləşməsi polis nəzarətinin zəifləməsinə gətirib çıxartmış və Qafqaz administrasiyasında narazılığa səbəb olmuşdu. Bununla bağlı olaraq 1873-cü ildə qəzaların yenidən parçalanmasını və polis pristavlarının sayının artırılmasını nəzərdə tutan Qanun qəbul olunmuşdu[2, s. 157].Məsələn, təkcə Yelizavetpol quberniyasının tərkibində 3 yeni qəza – 1874-cü ildə Nuxa qəzasının cənub hissəsi hesabına Ərəş qəzası, 1883-cü ilin iyulunda isə Cəbrayıl və Cavanşir qəzaları təşkil olunmuşdu. Bundan başqa Bakı quberniyasının tərkibində Cavad və Göyçay qəzaları, Yelizavetpol quberniyasının tərkibində isə Qazax və Zəngəzur qəzaları da yaradılmışdı [1, s. 197]. Qeyd edək ki, Zəngəzur qəzası Şuşa qəzasının qərb hissəsindən və Ordubad qəzasının şərq hissəsindən verilmiş ərazilər hesabına yaradılmışdı [4, s. 75]. Qafqaz diyarının ərazisində əvvəllər mövcud olmuş pristavlıqlardan əlavə, daha 45 daimi pristavlıq yaradılmışdı [2, s. 157].
Beləliklə, 1867-ci ildə Yelizavetpol quberniyası yaradıldıqdan sonra Şuşa qəzası onun tərkibinə verilmiş və ərazisi bölünərək burada daha 3 qəzanın – Cəbrayıl, Cavanşir və Zəngəzur qəzalarının təşkil olunmasına səbəb olmuşdur.Ümumiyyətlə, Şuşa qəzası öz ərazisi hesabına yaradılan və Yelizavetpol quberniyasının tərkibinə daxil olan Cavanşir, Cəbrayıl, Zəngəzur və Bakı quberniyasınınGöyçay və Cavad qəzaları ilə həmsərhəd idi. Əvvəllər bütün Qarabağ xanlığı ərazisini özündə birləşdirən Şuşa qəzasının ərazisi 4 qəza arasında bölüşdürülmüşdü. Bununla Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirmişdi. Belə bir inzibati ərazi bölgüsü məqsədli şəkildə həyata keçirilmişdi. Bu islahatlar ermənilərin idarəçilik sistemində daha geniş surətdə təmsil edilməsinə şərait yaratmış oldu [4, s. 48, 75, 80].
Lakin bütün bu tədbirlər də çar hökumətinə və yerli mülkədarlara qarşı baş verən və güclənməkdə olan kəndli çıxışlarına qarşı effektiv mübarizəni təmin edə bilmədi. Bu da çar hökumətini Cənubi Qafqazdakı sahələri bərpa etmək işinə başlamağa məcbur etdi [2, s. 157].
III Aleksandrın 10 may 1888-ci il tarixli “Cənubi Qafqaz diyarlarında qəza polisinin yenidən qurulması haqqında” verdiyi Fərmanı ilə [1, s. 198] Cənubi Qafqaz diyarı 37 qəzaya və 125 sahəyə parçalandı. Şimali Azərbaycan qəzalarında dəqiq sərhədləri müəyyənləşdirilmiş və hər birində polis pristavının daimi fəliyyəti üçün yaşayış məntəqəsinin ayrıldığı 50-dən çox sahə yaradıldı [2, s. 158]. Bu fərmana müvafiq olaraq Bakı qəzası Balaxanı-Sabunçu, Maştağa və Saray məntəqələrinə bölünmüşdü [4, s. 92].
Bakı və Yelizavetpol quberniyasının təşkil olunmasına və digər yeni inzibati-ərazi vahidlərinin yaranmasına baxmayaraq, bu, Şimali Azərbaycan torpaqlarının siyasi-inzibati cəhətdən birləşməsinə gətirib çıxartmadı. Şimali Azərbaycan ərazisi Cənubi Qafqazın müxtəlif quberniyaları arasında parçalanmış vəziyyətdə qalmaqda davam edirdi [2, s. 158].
Beləliklə, islahatlar dövründə kapitalizmin yüksək inkişafı tələblərinə müvafiq olaraq çarizm digər milli ucqarlarda olduğu kimi, Şimali Azərbaycanda da burjua xarakterli islahatları tətbiq etməyə məcbur idi. Lakin bu islahatların son dərəcə yarımçıq vəziyyətdə tətbiq olunması ümumilikdə Şimali Azərbaycanın siyasi quruluşunu dəyişdirmədi və xalq kütlələrini feodal istismarının zülmü altında saxladı. Lakin eyni zamanda bu islahatlar kapitalist münasibətlərinin inkişafına müəyyən ölçülərdə öz təsirini göstərmişdi [2, s. 234]. Bu islahatlara müvafiq olaraq şəhər özünüidarə orqanları abadlaşdırılma, təhsil, səhiyyə və s. sahələrin inkişafında müəyyən qədər olsa da müsbət rol oynamışdılar [1, s. 195].
Çarizmin Cənubi Qafqazda həyata keçirdiyi islahatlar yerlərdə müstəmləkə hakimiyyətini möhkəmləndirmək məqsədinə xidmət edirdi [10, s. 242]. Çarizm digər milli ucqarlarda olduğu kimi, Cənubi Qafqaz diyarını idarə edərkən, əhalinin milli tərkibini, iqtisadi həyatının və məişətinin xüsusiyyətlərini nəzərə almırdı. Milli ucqarların əhalisi idarəçilik işlərində iştirak etmək hüququndan məhrum edilmişdi. Azərbaycanlıların çox az bir qismi quberniya və qəza mərkəzlərindəki çar idarələrinə və polisə daxil ola bilmişdi. Həm rəsmi hökumət idarəsi, həm də imperiyanın razılığı ilə yaradılmış yerli, özünüidarə, bələdiyyə və s. orqanlar ilk növbədə çarizmin mənafeyinə cavab verən müstəmləkəçi siyasətin icraçıları rolunu yerinə yetirirdlər[1, s. 201-202].

 

 

ƏDƏBİYYAT:

1. Azərbaycan tarixi. Yeddi cilddə. IV cild (XIX əsr). Bakı: Elm, 2000, 508 s.
2. Мильман А.Ш. Политический строй Азербайджана в XIX – начале XX веков. Баку: Азербайджанское Государственное Издательство, 1966, 320 c.
3. Тагиев Ф.А. История города Баку в первой половине XIX века (1806-1859). Баку: «Элм», 1999, 196 s.
4. İsayev Ə. Azərbaycanda inzibati idarəçilik (XIX – XX əsrin əvvəlləri). Bakı: Mütərcim, 2015, 128 s.
5. Məmmədov Ə. Şimal-Qərbi Azərbaycan Zaqatala dairəsi. Bakı: “Adiloğlu” nəşriyyatı, 2001, 116 s.
6. Эсадзе С. Историческая записка об управлении Кавказом, ч.1, Тифлис: типография Гуттенбергь, 1907, 616 с.
7. Линден В. Краткий исторический очерк былого общественно-политического и поземельного строя народностей, насельяющих мусульманские районы Кавказского края // Кавказский календарь на 1917 г., отд. общий, Тифлис: типография канцелярии Наместника Е.И.В. на Кавказе, 1916, с. 249-325.
8. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi (ARDTA), f.866, s.1, iş 1.
9. Rəhmanzadə Ş.F. 1918-ci ildə “Dördlər İttifaqı” ilə Antantanın mübarizəsi şəraitində Azərbaycan və Gürcüstan arasında faktiki sərhədlərin müəyyənləşdirilməsi // “Birinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda beynəlxalq elmi konfransın xüsusi buraxılışı. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Elmi Əsərlər”i, 2014-cü il. 48, 49, 50-ci cild, s.132-138.
10. Mahmud İsmayıl.Azərbaycan tarixi. Bakı: “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi, 1997, 320 s.

Geostrategiya" jurnalı № 05 (29)  SENTYABR-OKTYABR 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM