Xeyirbəy Qasımov,
Tarix üzrə elmlər doktoru
Əsrlər boyu bir çox böyük dövlətlərin paytaxtı olmuş, Azərbaycanda və İranda baş vermiş siyasi hadisələrin mərkəzində olmuş, həmin dövlətlərin iqtisadi və ticarət həyatında mühüm rol oynamış Təbriz şəhəri XIII əsrin II yarısında-XIV əsrdə də bölgədəki müstəsna mövqeyi ilə diqqəti cəlb etmişdir. Monqollar Təbrizə üç dəfə hücum etmiş, lakin təbrizlilər onlara hədiyyə verməklə şəhərin viran və talan edilməsinin qarşısını almışdılar. Bu vəziyyət digər şəhərlərə nisbətən Təbrizin abad qalmasına səbəb oldu, lakin onun daxili və xarici ticarətinə ağır zərbə vurdu. Çünki digər şəhərlərin monqollar tərəfindən dağıdılması ölkədə iqtisadi, ticarət əlaqələrini heçə endirmişdi. Bu ağır şəraitdə isə Təbriz daxili və xarici ticarətin normal inkişaf imkanlarından məhrum idi.
Monqol hakimiyyəti dövründə tətbiq edilmiş vergi siyasəti, Qızıl Orda xanlarının «XIII əsrin 60-cı illərindən başlanmış yürüşləri Azərbaycanda şəhər həyatına mənfi təsir göstərmiş əsas amillər idi» (1, 71). Bu amillərə Çobani-Cəlairi çəkişmələrini, daxili feodal mübarizəsini də əlavə etmək lazımdır. Hülakular dövlətinin paytaxtına çevrilmiş Təbriz şəhəri istisna olunmaqla Azərbaycan şəhərlərinin əhalisi bir neçə dəfə azalmış, şəhərlərin kəndlərə çevrilməsi meyili güclənmişdi (5; 6; 7; 4). «Lakin müəyyən məqamadək dağıdıcılıq fəaliyyəti göstərmiş monqollar yeni məkanda dövlət qurduqdan sonra yaradıcılıq fəaliyyətinə keçid etməli oldular, çünki bu fəaliyyət olmadan «yeni vətəndə» möhkəmlənmək, qalmaq qeyri-mümkün olardı» (2, 155-156).
Hülaku xanın (1217-1265) hakimiyyəti illərində (1256-1265) Qızıl Orda xanı Bərkənin (Bərəkəoğlunun) (1256-1266) ticarət nümayəndələri Təbriz və Marağa şəhərlərində mühüm ticarət sahələrini ələ keçirmişdilər. Onlar Təbriz tacirlərinə xeyli pul verərək şəhərin ticarət gəlirlərinə şərik olmağa can atırdılar. 1264-cü ildə həmin ortaqlar cəzalandırıldılar, onların əmtəələri və verdikləri borc pullar isə Təbriz tacirlərinə qaldı. Bərkə xan bu əmələ
cavab olaraq həmin ildə Təbrizdən Qızıl Ordaya gəlmiş tacirləri öldürtdürdü və Təbrizin ticarət həyatına ağır zərbə endirildi. Qızıl Orda-Elxani ticarət əlaqələri yalnız Elxan Keyxatunun hakimiyyəti dövründə (1291-1295) bərpa edildi.
Dövlət Təbriz sənətkarlarının hazırladıqları məhsulları dəyərindən, bazar qiymətindən aşağı qiymətə alır, müxtəlif adlar altında (tamğa, bac və s.) vergilər toplayır, bu isə Təbriz şəhərində sənətkarlığın və ticarətin inkişafına əngəl törədirdi (3, 52). Təbriz şəhərinin sənət və ticarət həyatında bu cür gərginlik XIII əsrin 60-cı illərinin ortalarında qismən aradan qalxdı.
XIII əsrin II yarısında Təbriz şəhərinin iqtisadi həyatında, o cümlədən ticarət sahəsində nisbi dirçəliş dövrü olmuşdur. Monqolların hərbi yürüşləri zamanı bir çox Azərbaycan şəhərləri dağıldığı halda Təbrizin dağıntıya məruz qalmaması, 1258-ci ildə Bağdad şəhəri Hülaku xan tərəfindən dağıdıldıqdan sonra Təbrizin beynəlxalq ticarətdə əhəmiyyətinin xeyli artması, 1265-ci ildə Təbriz şəhərinin Hülakular (Elxanilər) dövlətinin paytaxtı elan edilməsi, şəhərin beynəlxalq əhəmiyyətli ticarət yollarının üzərində yerləşməsi, burada məhsuldar qüvvələrin inkişafı, əhalinin əksəriyyətinin ənənəvi sənətkarlıqla və ticarətlə məşğul olması həmin dirçəlişin başlıca səbəbləri idi (3, 53-54; 6, 67).
XIII əsrin 70-ci illərinin əvvəlində Təbrizdə olmuş italyan (Venetsiya) səyyahı, diplomatı Marko Polo paytaxtı «inkişaf etmiş sənətkarlıq istehsalına və ticarətə malik olan möhtəşəm, əzəmətli şəhər» adlandırmışdı (6, 67). 1272-ci ilin qışında Təbriz şəhərində güclü zəlzələ baş verdi, lakin həmin təbii fəlakət Təbrizin inkişafı prosesini dayandıra bilmədi. XIII əsrin sonlarına doğru Təbriz yeganə Azərbaycan şəhəri idi ki, əhalisinin sayına, sənətkarlıq məhsullarının istehsalına, ticarətin həcminə görə özünün əvvəlki (monqol işğalına qədərki) inkişaf səviyyəsini üstələmişdi.
Qeyd edək ki, orta əsrlərin Təbriz kimi böyük Şərq şəhərləri «ticarətin və sənətkarlığın zəngin ixtisaslaşması üçün şərait yaradırdı, həmin böyük şəhərlərdə yüzdən artıq ticarət-sənətkarlıq ixtisasları və onlarla xüsusi bazarlar var idi, şəhər böyüdükcə ixtisaslaşma daha zəngin olurdu» (8, 61-62). Azərbaycanda, Elxanilər dövləti ərazisində məhsuldar aqrar zəminin olması və ticarət fəaliyyətinin yüksək səviyyəsi şəhərlərin, eləcə də Təbrizin inkişafının, ölkədə və imperiya ərazisində urbanizasiya səviyyəsinin yüksəlişinin başlıca səbəbləri olmuşdur. M.X.Heydərovun hesablamalarına görə, XIII-XIV əsrlərdə Azərbaycanda urbanizasiya səviyyəsi 40 faizə yaxın olmuş (8, 63), Təbriz həmin dövrün şəhərləri arasında müstəsna yer tutmuşdur. Təbriz şəhəri öz əhalisinin sayına, ticarətin və sənətkarlığın yüksək səviyyəsinə görə Qərbi Avropa səyyahlarının əksəriyyətini heyrətləndirirdi. XIV əsrin əvvəllərində Təbrizdə olmuş fransız səyyahı Jurden de Severak heyrətini gizlətmədən yazmışdı: «Mən İranda böyük möcüzə gördüm. Orada 200 min evin olduğu nəhəng Tauris (Təbriz) şəhəri vardır» (6, 76). Orta əsrlərdə Azərbaycan şəhər həyatı problemləri ilə məşğul olmuş M.X.Heydərovun fikrincə, XIV əsrin əvvəlində Təbrizdə 700-800 min nəfər yaşamışdır (6, 76). Təsadüfi deyildir ki, bu cür əhali potensialına, zəngin sənətkarlıq istehsalına, ticarət həyatına malik olan Təbriz şəhəri Hülakular imperiyasının, bölgənin əzəmətli mərkəzlərindən biri kimi diqqəti cəlb edirdi.
Təbriz şəhərinin Elxanilər dövlətinin iqtisadi, ticari həyatında müstəsna rol oynadığını belə bir fakt sübut edir ki, Keyxatunun hakimiyyəti dövründə toplanmış 800 tümən illik gəlirin 80 tüməni yalnız Təbrizdən və onun ətraf nahiyələrindən əldə olunmuşdu. 1301-ci ildə Elxan Qazan (Mahmud) xanın (1295-1304) fərmanı ilə Təbriz əhalisi bir sıra vergi və mükəlləfiyyətlərdən azad edildi, bu isə şəhərdə sənətkarlığın və ticarətin inkişafına təkan verdi. Onun fərmanı ilə imperiya ərazisində çəki və ölçü vahidlərinin Təbriz çəki və ölçü vahidləri əsasında tarazlaşdırılması həmin dövrdə Təbrizin sənətkarlıq və ticarət sahəsində dövlətin başlıca iqtisadi mərkəzi rolunu oynadığını göstərir.
Elxani hökmdarları, onların vəzirləri (Fəzlullah Rəşidəddin, Tacəddin Əlişah, Qiyasəddin Məhəmməd və b.) dövrün böyük tacirləri olmuşlar. Hülakular imperiyasında daxili və xarici ticarət birbaşa onların və yaxud bu şəxslərlə şərik olan ticarət şirkətlərinin (ortaqların) ixtiyarında və tam nəzarəti altında, əsasən dövlət aparatının inhisarında idi. Ticarət yollarında xeyli karvansara fəaliyyət göstərirdi. Məsələn, 55 fərsəx (təqribən 330 kilometr) uzunluğu olan Qarabağ-Əhər-Təbriz ticarət yolu üzərində 5 rabat (karvanlar üçün dayanacaq yeri) tikilmişdi. Bu rabatlardan 3-nü Tacəddin Əlişah tikdirmişdi. 46 fərsəx (təqribən 276 kilometr) uzunluğu olan Sultaniyyə-Təbriz ticarət yolunda Fəzlullah Rəşidəddin, Tacəddin Əlişah, Rəşidəddinin oğlu Qiyasəddin Məhəmməd və Xacə Cəlaləddin rabat tikdirmişdilər. Tacəddin Əlişah Sultaniyyədə tikdirdiyi bir sıra bazarlardan, karvansaralardan və digər ticarət obyektlərindən «ildə 100 tümən qızıl gəlir əldə edirdi» (3, 58). Fəzlullah Rəşidəddin (1247-1318) iri tacir idi. O, ticarətdə birbaşa iştirak edirdi. Bu dövlət xadimi etibarlı şəxslərə 5 min tümən borc vermişdi. Həmin pulun çox hissəsini ondan tacirlər almışdılar. Tacir oğlu olan, sonralar isə baş vəzir vəzifəsinə təyin edilmiş Tacəddin Əlişahın Təbrizdə, Sultaniyyədə, Bağdadda və digər şəhərlərdə böyük ticarət müəssisələri var idi. Hökmdarla, dövlət aparatında vəzifə tutan şəxslərlə ortaq ticarət fəaliyyəti göstərən tacirlər vergilərdən azad olunmuşdular, mərkəzi hakimiyyətin və yerli hakimlərin tam himayəsindən faydalanırdılar.
Təbrizdə ticarət müəssisələrinin əksəriyyəti vəqf olunmuşdu. Fəzlullah Rəşidəddin Şam Qazan əmlakına mütəvəlli təyin edilmişdi və həmin vəqf əmlakından ildə 100 tümən gəlir əldə olunurdu.
Müxtəlif səyahətnamə və tarixi mənbə məlumatlarına görə, əcnəbi və yerli tacirlər Təbrizdən əsasən zərli ipək parçalar, toxuculuq məmulatı, xalça, quru meyvə, zərif manufaktura məmulatı aparırdılar. Elxani hökmdarları əcnəbiləri ölkəyə cəlb etmək məqsədilə onlara bir çox güzəştlər edirdilər. Məsələn, 1295-ci ildə italyan diplomatı və səyyahı Marko Polo Təbrizdə olmuş, venetsiyalıların Xəzər dənizində gəmiçiliklə məşğul olması üçün hökmdarlardan imtiyazlar almışdı. 1320-ci ildə Venetsiya tacirləri Elxan Əbu Səidlə ticarət müqaviləsi bağladılar. Venetsiya tacirləri gömrük haqqından başqa bütün vergilərdən azad olundular, İranda və Azərbaycanda azad ticarətlə məşğul ola bilərdilər. Onlar Təbrizdə xeyli ticarət kontoru təşkil etdilər.
XIII əsrin II yarısında – XIV əsrdə Təbriz şəhəri həm imperiyadaxili ticarətdə, həm də beynəlxalq ticarət əlaqələrində müstəsna mövqeyə malik olmuşdur. Qazan xan Təbrizə gələn tacirlər üçün əlverişli şərait yaratmaq məqsədilə şəhərin hər bir darvazasında karvansara, bazar və hamam tikdirmişdi. Onun Təbriz şəhərinin ətrafına çəkdirdiyi hasarda beş darvaza inşa edilmişdi. Kiçik Asiyadan (Anadoludan) və Avropadan Təbrizə daxil olan tacirlərdən tamğa vergisini toplamaq üçün min nəfər tamğaçı təyin edilmişdi. Mənbə məlumatlarına görə, həmin dövrdə Təbrizdə bir neçə böyük bazar olmuşdur. Ayrı-ayrı şəhərlərdən və nahiyələrdən gətirilən əmtəələrin satışı üçün «Xan» adlanan xüsusi karvansara bazar var idi. Təbriz şəhərinin hər bir məhəlləsində də kiçik məhəllə bazarı («bazarçe») fəaliyyət göstərirdi. Təbriz şəhərinin yalnız «Rəbi-Rəşidi» hissəsində 24 karvansara, 1500 dükan, «Bazare-şəhristane-Rəşidi» adlanan böyük bazar, zərrabxana, ipək parça, boyaqçılıq məmulatı və kağız hazırlayan karxa-nalar olmuşdur. 1321-ci ildə Təbrizdə olmuş italyan səyyahı və taciri Odorik (1286-1331) qeyd edirdi ki, «şahın (elxanın) bu şəhərdən əldə etdiyi gəlir Fransa kralının Fransadan əldə etdiyi gəlirdən çoxdur».
XIV əsrin 40-cı illərinə doğru Təbriz şəhəri Şərq və Qərb arasında böyük ticarət mərkəzinə çevrilmişdi. Bu yüzilliyin 40-60-cı illərində Hülaku imperiyasının tənəzzülə uğraması, bölgədə və ölkə daxilində siyasi çəkişmələrin artması Təbrizin ticarət həyatına da mənfi təsir göstərdi. XIV əsrin sonlarına doğru isə şəhər daxili və xarici ticarətdə aparıcı mövqeyini itirdi.
İstİfadə olunmuş ədəbİyyat
1. Azərbaycan tarixi. 7 cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı: Elm, 1999, 584 s.
2. Qasımov X.S. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı: Aspoliqraf, 2008, 448 s.
3. Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhəri (Sosial-iqtisadi tarixi). Bakı: Elm, 280 s.
4. Piriyev V.Z. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı: Nurlan, 2003, 458 s.
5. Ализаде А.А. Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв. Баку: Кавказ, 2012, 460 с.
6. Гейдаров M.X. Города и городское ремесло Азербайджана XIII-XVII веков. Баку: Элм, 1982, 283 с.
7. Гейдаров М.Х. Социально-экономические отношения и ремесленные организации в городах Азербайджана в XIII-XVII вв. Баку: Элм, 1987, 212 с.
8. Эволюция восточных обществ: синтез традиционного и современного. Москва: Наука, 1984, 582 с.
Geostrategiya" jurnalı № 05 (29) SENTYABR-OKTYABR 2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM