Ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına məqsədyönlü şəkildə köçürülməsi (yeni qaynaqlar işığında)

09:00 / 06.02.2016

Güntəkİn Nəcəflİ,
Tarix üzrə fəlsəfə doktoru

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Osmanlı dövləti və İranla sərhədində yerləşən torpaqlarında bufer xristian dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi. Rusiya imperiyası hələ XVIII əsrin əvvəllərindən başlayaraq Cənubi Qafqazı bu diyarın ən qədim yerli əhalisi olan Azərbaycan türklərindən, bütövlük-də türk-müsəlman əhalidən təmizləyib bu torpaqlara erməniləri köçürmək, Osmanlı imperiyasına və Səfəvi dövlətinə qarşı gələcək işğalları həyata keçirmək üçün Azərbaycan torpaqlarında “etibarlı xristian istinadgahına” çevriləcək oyuncaq erməni dövləti yaratmaq siyasəti yürütməyə başladı.
Qriqorian missionerləri istisna edilməklə ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən İrəvan bölgəsinə köçüb gəlməsi prosesi 1441-ci ildə erməni katolikosluğunun Kilikiyadan Azərbaycan Qaraqoyunlu dövlətinin ərazisinə – Üçkilsəyə köçürülməsindən sonra başlamışdı. Erməni katolikosluğunun Qaraqoyunlu ərazisinə köçürülməsindən sonra Qriqorian kilsəsinin müxtəlif vasitələrlə Azərbaycan türklərinə məxsus torpaqları ələ keçirməsinə və zaman-zaman erməniləri burada yerləşdirməsinə baxmayaraq [50,99-129] ermənilər Çuxursəd (İrəvan) bölgəsində say etibarilə həmişə cüzi azlıq təşkil edirdilər.
Məhz bu səbəbdən ermənilər tərəfindən Rusiyaya və Avropanın digər xristian dövlətlərinə çatdırılan məlu-matlarda Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda yaşayan erməni əhalisinin sayı həmişə təhrif olunmuş və süni şəkildə şişirdilmişdir. Bu vəziyyəti XVIII əsrin sonuna aid arxiv sənədləri də təsdiq edir. Məsələn, 1783-cü ildə Rusiya nümayəndəsi Pavel Potyomkin İrəvan xanlığı ərazisində yaşayan ermənilərin adından ona məktub gətirən erməni nümayəndəsindən bu məktubun üzərində Üçkilsə katolikosunun möhür və imzasının niyə olmadığını soruşduqda: “katolikos bütün dünyaya səpələnmiş ermənilərin ruhani başçısı olduğundan o öz möhürünü Ararat ölkəsində yaşayan bir qrup erməninin məktubu üzərinə vura bilməz” – cavabını vermişdi[51,107; 42,34]. Göründüyü kimi erməni müəllifi V.Qriqoryan da bunu etiraf etməli olmuşdu.
Lakin işğal olunmuş Cənubi Qafqaz bölgəsində ermənilərin sayca azlıq təşkil etməsi Rusiya imperiyasının İran və Osmanlı sərhədində bufer xristian dövləti yaratmaq siyasətinə zidd idi. Bu səbəbdən Rusiya imperiyası erməniləri kütləvi şəkildə Azərbaycanın Osmanlı dövləti və Qacarlar İranı ilə sərhədində yerləşən ərazilərə köçürməyə qərar verdi.
Məqalə üzərində çalışarkən əsasən indiyə kimi Azərbaycan tarixşünaslığında istifadə olunmamış Türkiyə Cumhuriyyəti Baş Bakanlıq Osmanlı arxivinin Xətti Humayun fondundan (BOA, HH) əldə etdiyimiz sənədlərindən istifadə etmişik. Məqsəd ermənilərin Cənubi Qafqaza gəlmə, daha doğrusu gətirilmə etnos olduğunu elmi ictimaiyyətin və geniş oxucu kütləsinin diqqətinə bir daha yeni qaynaqlar əsasında catdırmadan ibarətdir.
1826-1828-ci illər Rusiya-İran müharibəsində qələbədən ruhlanan rus ordusu 1828-ci il iyunun 14-ə Paskeviçin komandanlığı altında Gümrü yaxınlığından 12 minlik qoşunla Arpaçayı keçərək, Şərqi Anadoluda işğallara başladı və iyunun 23-də Qars qalasını ələ keçirdi. Hücumu genişləndirən rus qoşunları iyulun 24-də Axalkələyi, avqustun 15-də Ahıskanı, 22-də Ərdəhanı, 28-də Bayəzidi tutdular. 1829-cu ilin yazında müharibənin yenidən qızışması nəticəsində rus ordusu Ərzurumu, daha sonra Muşu, Oltunu və Bayburtu işğal etdi[3;4;5;6].
1829-cu ilin avqustunda rus ordusu Balkan cəbhəsindən İstanbula yaxınlaşdıqda II Sultan Mahmud Rusiyaya barışıq təklif etdi və sentyabrın 2-də Ədirnə müqaviləsi imzalandı. Yeni təyin olunan rus-türk sərhəddinə görə Axalkələk qalası və Ahıska şəhəri Rusiyaya ilhaq olundu, müharibə zamanı ruslar tərəfindən zəbt edilmş Qars, Trabzon, Bayazid və Ərzurum paşalıqları isə Türkiyəyə qaytarıldı[43,180; 40,391].
Ədirnə müqaviləsinin 13-cü maddəsinə əsasən, Türkiyənin işğal olunmuş ərazilərindəki ermənilərə 18 ay müddətində daşınan əmlakları ilə birlikdə Rusiyanın təbəəliyinə keçmək hüququ verilmişdi. Bununla da, Osmanlı imperiyası ərazisində yaşayan ermənilərin kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürülməsi rəsmiləşdirildi.Rus qoşunlarının Qars, Ərdəhan, Bayazid, Ərzurum və digər bölgələrdən geri çəkilməsi hərbi əməliyyatlar zamanı ərazisində yaşadıqları Türkiyəyə xəyanət edən erməniləri çıxılmaz vəziyyətə saldı. Rus qoşunlarının komandanlığı İran erməniləri kimi Türkiyə ermənilərini də yenicə işğal edilmiş Şimali Azərbaycan torpaqlarına köçürmək və bununla da Türkiyə ilə sərhəd boyu ərazilərdə də ermənilərin say üstünlüyünü təmin etmək qərarına gəldi. Bu məqsədlə də 1829-cu il oktyabrın 10-da Pas-keviç imperator I Nikolaya raport yazıb Ərzurumda və Qarsda yaşayan ermənilərdən 10 min nəfərinin Gürcüstanda və Şimali Azərbaycan ərazisində yenicə yaradılmış “Erməni vilayəti”ndə yerləşdirilməsinə icazə istədi[1, док. 818, с.830; 40,391-392 ].
1829-cu il noyabrın 18-də hərbi nazir Çernışev Paskeviçə bildirdi ki, imperator onun təklifini bəyənmişdir[1, док. 819, с.830-832; 40,391-392]. Bundan xəbər tutan Paskeviç dərhal əməli fəaliyyətə başladı. Rusiyaya təslim edilən Osmanlı ərazilərindən bütün hərbi sursatın və xristian təbəələrin Rusyanın yenicə hakimiyyəti altında keçmiş torpaqlara (Şimali Azərbaycan əarzisi nəzərdə tutulur – G.N.) köçürülməsinə başlanildı[7]. Bayburd qalasını tərk edərək topları ilə birlikdə Ərzuruma çəkilən rus qoşunları erməniləri də özləri ilə aparırdılar[8].
General Pankratyev Ərzurum qalasının alınmasına xüsusi önəm verirdi. Rusiya əsgərləri Ərzurumun kəndlərini çapıb-talayıb əmlakını Ərzuruma göndərdikləri zaman bəzi yerli xristianlar da müsəlman əhaliyə qarşı hücum edir, təcavüzə qalxırdılar[9]. Bu zaman Rusiyanın təsirinə düşən Ərzurumdakı erməni Karabaşı(baş rahib, keşiş – G.N.) da iyrənc və layiqsiz hərəkətlərə cəsarət edərək, müsəlmanlara zülm etmişdir [10].
1829-cu ilin sonlarına aid qaynaqlarında Qars və Ərzurumda yaşayan erməni ailələrinin Gümrü ətraflarına köçürülməsi, [11]İslimye və Yanbolu sərhəddindəki erməni təbəələrin də Rusiyaya köçürülməsi haqqında məlumat verilmişdir[12].General Paskeviç dekabrın 3-də Gürcüstanın mülki qubernatoruna məktubla xəbər göndərdi ki, Türkiyədə yaşayan və könüllü surətdə Gürcüstana və Rusiyaya məxsus olan digər vilayətlərə köçmək istəyən, bunun üçün maddi yardım tələb etməyən ermənilərə yola düşmək üçün lazımi sənədlər verilməsi barədə yerli qoşun rəislərinə icazə verib və bundan istifadə edən bir çox erməni ailəsi dərhal yola düşmüşdür[1, док. 820, с.831]. Paskeviç ermənilərin köçürülməsi və köçürülən erməni ailələrinin məskunlaşdırılması işinə rəhbərlik etmək üçün xüsusi komitə yaratmışdı. Həmin komitənin fəaliyyətini tənzimləmək üçün 12 maddədən ibarət ümumi qaydalar müəyyənləşdirilmişdi[1, док. 822, с.835-836; 40,392 ].
Qaynaqlarda Ədirnə müqaviləsinin şərtlərinə əsasən Rusiya tərəfindən boşaldılmalı olan Ərzurum, Qars, Bayəzid və Ələşgird kimi işgal olunmuş yerlərdə yaşayan reayanı• rusların yoldan çıxararaq köçürmək istədiyi, Osmanlı dövlətinin isə bu prosesin qarşısını almağa çalışması və bu məsələ ilə bağlı müxtəlif yerlərdən ərizə və məktubların alınması haqqında məlumat verilmişdir[13]. Hətta, şəxsən general Paskeviçin özünün başçılığı ilə rus hərbçilərinın Ərzurumda yaşayan erməni əhalisini Osmanlı dövləti əleyhinə qaldırması haqqında məlumat verilir[14].
Qeyd etmək lazımdır ki, erməniləri Rusiya tərəfindən işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürərkən könüllülük prinsipi nəzərdə tutulsa da sənədlər bunun tam əksini sübut edir. Rusiya hakim dairələri müharibədən əvvəl Türkiyədə yaşayan ermənilər arasında böyük nüfuza malik olan erməni din xadimlərini ələ alaraq müharibə zamanı onların Rusiyanın tərəfində olmalarına nail oldu. Sonralar ermənilərin Rusiyanın zəbt etdiyi torpaqlara köçürülməsində də bu din xadimlərindən istifadə edildi. Digər tərəfdən, rus generalı Pankratyev də erməni din xadimlərindən yararlanaraq ermənilərin məcburi köçürülməsinə başladı. Məsələn, Rusiya ilə iş birliyinə girən erməni Karabaşı özü ermənilərə təzyiq edirdi. “Rusiyaya getmək istəyənlər Karabaşın dəftərinə, istəməyənlər isə məhəllə imamlarının dəftərinə yazılsınlar” desə də, “məhəllə imamının dəftərinə yazılanların malları talan ediləcək, evləri isə yandırılacaqdır” təhdidi ilə onları köçməyə məcbur etdirirdi. Mənbənin məlumatına görə, “təhdidə rəğmən getmək istəməyənlər şiddətli bir şəkildə döyülərək zülm və əziyyətə düçar olmuşlar. Bu surətlə erməni rahibləri vasitəsilə Karabaş adına Ərzururmun bir sıra kəndlərində həyata keçirilən hər müxtəlif təbliğat və qorxu ilə ermənilər Karabaşın dəftərinə qeydiyyata düşürdülər”[15].
Qars və onun ətraflarından köçürülən ermənilər yaşadıqları yerlərin iqlim şəraitinə uyğun olan Ələyəz (Alagöz) dağı ətrafındakı boşaldılmış Azərbaycan kəndlərində məskunlaşdırıldı. General Pankratyev Paskeviçə xəbər göndərdi ki, Loru dərəsində yerləşmək üçün 95 erməni ailəsinə sənəd verilmişdir. General-mayor Bereman da Qarsdan Gümrüyə yola düşən 400 erməni ailəsinə sənəd verdiyini bildirirdi[1, док. 820, с.831].
Ərzurum, Qars, Bayəzid, Alaşgird və digər istila olunmuş yerlərdəki rəiyyətin Osmanlı ərazisində qalmasına və təminatına cəhd göstərilsə də, Ərzurumda Kosaoğlundan və digər yerlərdən gələn sənədlərdə rusların əhalini təhrik və məcbur etməsi haqqındaməlumat verilir. Bütün bunların Babı Aliyyəyə (Osmanlı dövləti – G.N.) çatdırılması üçün göndərilən sənədin təcili təqdim olunması və nəticəsinin tezliklə bildirilməsi xahiş olunur[16].
Osmanlı dövləti ərazisində yaşayan ermənilərin Rusiya tərəfindən köçürülməsinin qarşısını almağa hər cür cəhd etsə də, Rusiya məmurları hər vasitə ilə - hətta sənəddə qeyd olunduğu kimi xristianları köçməyə təhrik və məcbur edirdi.Rus qoşunları Ədirnə və ətrafından geri çəkilərkən oralardakı xristian təbəələrin özləri içərisindən seçilmiş xüsusi adamlar və ya rus əsgərlərinin təzyiqi ilə yaşadıqları əraziləri tərk etməyə məcbur edilirdi. Hətta xristian təbəələrin bir qismi bu təzyiqə müqavimət göstərmişdir[17].
Bundan əlavə, Ərzurumdakı rus generalda reayanı təhrik etmiş və Rusiyanın təsirinə düşən erməni Karabaşı da öz xalqını ruslar tərəfindən yeni işğal olunmuş ərazilərə köçməyə məcbur etmişdir[18]. Ruslarla getmək istəməyən Ərzurum reayası həmçinin erməni rahiblər tərəfindən də təhdid edilirdi. Osmanlı dövlət məmurları bu haqda rus generalına müraciət etsə də bir nəticə verməmişdir[19].
General Paskeviç tərəfindən göndərilən şəxslər kəndbəkənd dolaşaraq köçmək üçün xristian təbəələrin adlarını və rəsimlərini qeyd etmişlərdi. Adları qeyd olunan təbəələrin coxunun artıq Gürcüstan ərazisinə köçürülməsinə başlanilmışdı[20].
Türkiyə hökuməti ərazisində səpələnmiş halda yaşayan ermənilərin ruslar tərəfindən köçürülüb sərhəd boyunca ərazilərdə kompakt şəkildə yerləşdirilməsindən ehtiyat edirdi. Ona görə də Osmanlı hökuməti bu köçürmənin qarşısını almaq məqsədilə Rusiya işğalları zamanı ermənilərin Türkiyəyə etdiyi xəyanəti, törətdikləri vəhşilikləri bağışlamaq barədə qərar verdi və fevralın 17-də yerlərdəki ermənilərə “Əfvnamə”lər göndərdi[21; 22; 23].Ərzurumun Xınıs bölgəsində“bəzi təşviş içində olan şəxslərin bağışlandığı və hər kəsin öz yerinə qayıdıb iş-gücü ilə məşğul olması haqqında”Osmanlı dövləti tərəfindən göndərilən fərman bütün əhalinin qarşısında elan edilmiş və bu fərmanın yerinə yetirilməsinə nəzarəti dövlət öz üzərinə götürmüşdü[24].
Bayəzid reayasının təmini üçün keçmiş mütəsərrif Əbdülhəmid paşa yerli bəyzadələrindən Bəhlul paşa ilə əvəz olunmuşdu[25]. Bundan əlavə, Osmanlı dövləti tərəfindən katolik ermənilərin də keçmiş günahları əfv edilərək, onlara kilisə tikilməsinə icazə verilmiş və öz aralarından bir yepiskop seçilməsi, satılan əmlaklarından bəzilərinin geri qaytarılması haqqında fərman verilmişdi[26].
Ağyolu, Misivri və Berqos qəzalarına yenidən naib təyin olunmuş Samakocuq naziri Vəcihi paşa Qırxkilsə, Pınarhisar, Vizey, Midyə və digər yerlərə şəxsən özü getmiş və digər lazım olan yerlərə isə nümayəndələrini göndərərək xristian əhalinin geri qayıtmasını təmin etmişdir [27].
Bu əfvnamələrə baxmayaraq Osmanlı dövlətinə qarşı Rusiya ilə əlaqəyə girən ermənilər Şərqi Anadolunun əksər kəndlərində yerli
müsəlman əhaliyə işgəncə verirdilər[28].
Dövrün qaynaqlarından məlum olur ki, “Rus ordusunun işğallarına arxayın olan xristian təbəələri xeyli azğınlaşmış yerli mqsəlman əhaliyə işgəncə etməkdədir. Bu cür hadisələrin qarşısının alınması üçün Hüseyn paşanın sərəncamına lazımi miqdarda hərbi qüvvə verilmişdir”[29].
Türkiyə tərəfi, eyni zamanda, ermənilərin köçürülməsinin qarşısını almaq məqsədilə işğala məruz qalan, lakin Ədirnə müqaviləsinin şərtlərinə əsasən Rusiya tərəfindən boşaldılmalı olan Ərzurum, Qars, Bayazid, Ələşgirdvə s. bölgələrə öz nümayəndələrini göndərirdi[30;31].Osmanlı nümayəndələri hətta bəzi bölgələrdə müəyyən qədər bu köçürmələrin qarşısını ala bilmişdi. Məsələn Ələşgird qəzasında köçməkdə işrarlı olan 17 erməni ailəsindən başqadigər erməniləri köçməyib öz yerlərində qalmağa razı sala bimişdi[32].
Osmanlı dövlət nümayəndələri Ərzurumda yaşayan ermənilərin Rusiyaya getməməsi üçün lazım gələn bütün tədbirləri görmüşdü. Belə ki, rus ordusunun Ərzurumdan ələ keçirdiyi topların Rusiyaya aparmaması və ermənilərin köçürülməsinin qarşısının alınması məqsədilə danışıqlar aparmaq üçün divan katibi Hüseyn əfəndi general Paskeviçin yanına göndərilmişdi[33]. Bununla yanaşı, Osmanlı dövlət nümayəndələri Qozlucaya gələn xristian təbəələrdən iki yüz ailənin buranı tərk etməyərək qalmasını təmin edə bilmişdi[34].
Ərzurumun işğalı zamanı müsəlmanlara zülm edən bəzi erməni təbəələri Ərzurumun Osmanlı ordusu tərəfindən geri qaytarılmasından sonra burada qalmağa qorxaraq Rusiyaya köçməyə başlamış və digər erməniləri də qorxudaraq köçməyə məcbur etmişdi. Lakin yola çıxanların bir qismipeşman olmuş və Osmanlı dövlətinin mərhəmətinə sığınaraq geri qayıtmışdı[35].Lakin bütün bu tədbirlər köçürmənin qarşısını ala bilmədi.
Köçürülən ermənilərin qoyub getdikləri əmlak və torpaqların satılması məsələsini həll etmək üçün Paskeviç öz nümayəndəsi mayor Vannikovu Ərzuruma göndərdi. Yeri gəlmişkən, erməni kəndlərinin əksəriyyəti əvvəllər onlara məxsus deyildi. Həmin kəndlər bir qədər əvvəl, yəni müharibə zamanı təhlükəsiz yerlərə köçməyə məcbur olan müsəlmanların tərk etdiyi kəndlər idi. Ermənilər bu yolla təkcə Qars bölgəsində 80 kəndə tamamilə, 15 kəndin isə yarısına yiyələnmişdilər. Digər tərəfdən, Rusiyanın işğal etdiyi ərazilərdən (əsasən Ahalkələk və Ahıska bölgələrindən) Türkiyənin digər bölgələrinə qaçan türklərin qoyub getdikləri əmlak və torpaqları, onların boşaltmağa məcbur olduqları kəndlərin taleyi Rusiya tərəfini əsla maraqlandırmırdı[2,38; 40,393-394].
Qarsdan Rusiyaya köçürülən ermənilərin əmlakının dəyərini hesablamaq üçün ruslar tərəfindən göndərilən nümayəndələr müxtəlif yerlərdə danışıqlar aparır, hətta müharibənin çətinliklərindən cana doyaraq Qarsdan Türkiyənin müxtəlif yerlərinə köçmüş müsəlmanların qoyub getdikləri ərazilərin və əmlakın da Rusiyaya verilməsini iddia edirdilər [36]. Lakin bu tələblərin çoxu Osmanlı dövləti tərəfindən rədd edilmişdi [37].
Osmanlı imperiyası ərazisindən köçürülən ermənilər əsasən Rusiya tərəfindən işğal olunmuş tarixi Azərbaycan torpaqlarında – Pəmbək-Şörəyel, “Erməni vilayəti” və Gürcüstanın Ahısqa bölgəsində yerləşdirildi[1, док. 821, с.833]. 1830-cu il yanvarın 22-də Paskeviçin Çernışevə göndərdiyi məlumata görə Qars və ətrafından köçən 2500 erməni ailəsi onun sərəncamına əsasən yaşadıqları yerin iqliminə uyğun olan Ələyəz (Alagöz) dağı yaxınlığında – Pəmbək distansiyasındakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi[1, док. 830, с.847; 40,393].
Ədirnə müqaviləsi ilə müəyyən edilən müddətin başa çatması ərəfəsində, yəni 1831-ci il aprelin 3-nə qədər tərtib edilən sənəddə Türkiyədən köçürülən erməni ailələrinin təxmini sayı və məskunlaşdıqları ərazilər göstərilmişdir[1, док. 821, с.833]. Həmin sənəddən məlum olur ki, Türkiyə paşalıqlarından Rusiya hüdudlarına (yəni Ahıska paşalığı, Borçalı distansiyası, Pəmbək və Şörəyelə, Talın mahalı, Göyçə gölü ətrafı və Baş Abarana) 14044 erməni ailəsi köçürülmüşdür. Ərzurumdan köçürülən 7298 erməni ailəsindən 5000-ni, eləcə də Ərdahandan 67 erməni ailəsi Ahıska paşalığı ərazisində, 1050 ailə Borçalı distansiyasında və Çalqa ətrafında, qalan 1248 ailə isə Pəmbək və Şörəyel distansiyalarında məskunlaşdırılmışdı. Qarsdan köçürülən 2464 ailədən 2264-ü Pəmbək və Şörəyel distansiyalarında, 200-ü isə Talın mahalında, Bəyaziddən köçürülən 4215 ailə Göyçə gölü ətrafında və Baş Aparanda məskunlaşdırılmışdı. Həmin sənədə aid əlavə qeyddə göstərilir ki, tam və dəqiq hesabat təqdim edil-mədiyi üçün Türkiyədən neçə nəfərin köçürüldüyü dəqiq göstərilməmişdir. Lakin, hesablama komissiyasının təxmi-ni sayına görə Osmanlı dövləti ərazisindən 84 min nəfərdən artıq erməni və yunan köçürüldüyü məlum olur. Lakin, 1831-ci il aprelin 24-də qraf Paskeviçin adına verilmiş Əlahəzrətin buyruğunda Türkiyə vilayətlərindən köçürülmüş xristianlar, yəni erməni və yunanlardan ibarət 14 mindən çox ailə (90 min nəfərə qədər) üçün 380 min rubl gümüş pul ayrıldığı bildirilirdi[44,61; 1, док. 830-832, с.847;40, 394-395].
General Paskeviçin məlumatında Osmanlı imperiyasından Rusiya tərəfindən ələ keçirilən torpaqlara (əsasən keçmiş Azərbaycan xanlıqları – G.N.) köçürülən ermənilərin sayı 90 mindən artıq,[1, док. 821, с.845;45, 66]dıgər məlumatlarda isə 100 min nəfərə yaxın olduğu göstərirlər[46,37].Bir qədər keçdikdən sonra M.Vıladikin ermənilərin bura köçürülməsi barəsində yazırdı: “İrəvan quberniyasında yaşayan ermənilərin əksəriyyəti buranın yerli sakinləri olmayıb, 1828-1829-cu illər müharibəsindən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər”[38,12;41,95]. N.Voronov isə qeyd edirdi ki, ümumiyyətlə köçürülənlər yerləşdirilərkən rus hökuməti erməniləri bu ərazilərə yerləşdirməklə müsəlman elementinin əhəmiyyətini azaltmağa çalışırdı[39,92; 40,400 ].
Osmanlı imperiyası ərazisindən Gürcüstana köçürülən ermənilər əsasən Azərbaycan və Məhsəti türklərinin yaşadığı bölgələrdə yerləşdirildi. Bu faktı gürcü müəllifləri də öz əsərlərində təsdiq edir. B.Arveladze Ədirnə müqaviləsindən sonra 106mindən çox erməninin Ahısqa torpağında məskunlaşmaq üçün general Paskeviçə müraciət etdiyini yazır. Müəllif köçürmənin birinci böyük axınının Ahısqaya, ikincisinin isə Kvemo Kartliyə (Borçalı – G.N.) olduğunu bildirirdi.Y.Axiaşvili (Mixateli) isə general Paskeviçin Ərzurumdan köçürülən 100 min ermənini Ahalkələk və Ahısqa bölgələrinə yerləşdirdiyini qeyd edir[40,394-395].
Ümumiyyətlə, Türkiyədən keçmiş İrəvan xanlığı ərazisinə köçürülən ermənilər şəhərlərdə yerləşmək istəmədiyindən özləri üçün yaşayış məskəni olaraq – Göyçənin cənubunu və qərbini, Dərəçiçək, Abaran, Sürməli və Talın mahallarını seçdilər[39,92; 40,395]. Beləliklə, yeni köçürülənlərin əksəriyyəti İrəvan vilayətinin şimal və mər-kəzi hissələrində və demək olar ki, bütünlüklə Pəmbək-Şörəyeldə yerləşdirildilər. Bunun nəticəsində Pəmbək və Şörəyeldə ermənilər 96 %-ə çatdırıldı[47,303-304; 40,395 ].
Qeyd olunmalıdır ki, Şimali Azərbaycana məxsus olan Şörəyel və Lori-Pəmbək bölgələri 1801-1805-ci illərdə Gürcüstana birləşdirildiyindən, “Erməni vilayəti”nə daxil edilməmiş və Gürcüstanın tərkibində qalmışdı. 1829-cu ilədək (yəni Rusiya-Türkiyə müharibəsindən sonra ermənilərin rəsmi surətdə köçürülməsinə qədər) Şörəyel-Pəmbək distansiyasına 1536 erməni ailəsi (5425 nəfər kişi cinsi) köçürülmüşdü. Sonra isə Türkiyədən 3148 ailə (10575 nəfər kişi cinsi) köçürüldü. 1832-ci ilin sonu, 1833-cü ilin əvvəlində Türkiyədən Zalqayaya köçürülən ermə-nilərdən 182 ailə (674 nəfər kişi cinsi) yenidən Şörəyel-Pəmbək distansiyasına gətirildi. Köçürülənlərin arasında 169 nəfər yunan və 963 nəfər erməni katoliki də var idi[47,302-304; 40,396 ]. Smirnova görə isə, Türkmənçay və Ədirnə müqavilələrinin onlara verdiyi hüquqdan yararlanan ermənilər İrandan 90 min nəfər, Türkiyədən isə təxminən 75 min nəfərədək köçərək Azərbaycan ərazində məskunlaşdılar[43,180]. Ermənilərin İrandan və Türkiyədən İrəvan xanlığı ərazisinə köçürülməsi işğaldan sonra uzun müddət davam etdirildi. Matenadaranda saxlanılan sənədlərə görə İrandan köçürülən ermənilərin sayı artıq 8510 ailə idi[46,33].
Bəzi Azərbaycan kəndlərinin boşaldılması, yerli əhalinin doğma torpağını tərk etməsi üçün isə Rusiya hərbçiləri və ermənilər onlara hər cürə təzyiq göstərməkdən çəkinmir və hər cür vasitələrə əl atırdılar. Ermənilərin köçürülməsi ilə bağlı olaraq azərbaycanlı əhalinin təqib olunması və sıxışdırılması nəticəsində 1828-ci ildə İrəvan və Naxçıvandakı müsəlmanlar açıq və ya gizli şəkildə vətənlərini tərk edib xarici ölkələrə pənah aparmaqda davam edirdilər[1, док. 622, с.646]. Bu cür vəziyyət Rusiya işğalçılarını və gəlmə erməniləri tamamilə təmin edirdi. Belə ki, 1828-ci ilin aprelində Pas-keviçin verdiyi əmrə görə İrəvan əyalətini tərk edən müsəlman köçkünlər Rusiya hüdudlarına (yəni öz vətənləri olan İrəvan xanlığı ərazisinə – G.N.) yalnız onun xüsusi icazəsi əsasında qayıda bilərdilər[1, док. 438, с.490].
1829-cu ilin əvvəlində qraf Paskeviçin tapşırığı ilə kollec asessoru İ.Şopen “Erməni vilayəti”ndə kameral siyahıyaalma keçirdi. Əlyazması 20 cilddən ibarət olan həmin siyahıyaalmanın nəticələri müəllifin 1852-ci ildə nəşr edilən “Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi” adlı əsərində verilmişdir. İ.Şopenin siyahıyaalmasına görə, müharibələrdən sonra “Erməni vilayəti”ndə mövcud olmuş 752 kənddən 521-i İrəvan əyalətinə, 179-u Naxçıvan əyalətinə, 52-si isə Ordubad dairəsinə aid idi. Müharibə nəticəsində vilayətin əra-zisində 359 kənd, o cümlədən 310 kənd İrəvan əyalətində (nəzərə almaq lazımdır ki, o vaxt Şərur mahalı İrəvan əyalətinə daxil idi – G.N), 43 kənd Naxçıvan əyalətində, 6 kənd isə Ordubad dairəsində xaraba qaldı. Bu Azərbaycan kəndlərinin əhalisi kütləvi qırğınlara məruz qaldı və öz doğma yurd-yuvalarından didərgin salındı[49,510-518; 40,398].
Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi sonrakı illərdə də sürətlə həyata keçirilirdi. Belə ki, 1831-ci ildə İrəvan bölgəsinə daha 13920 erməni ailəsi köçürülmüşdü. Rəsmi məlumatlara görə, Çuxursəddə 15427 erməni ailəsi yerləşdirilmişdi[40,399].
Köçürmə Komissiyasının verdiyi təlimata görə, yeni salınan xristian-erməni kəndləri müsəlman-azərbaycanlı kəndlərindən ayrı olmalı, xristianlar-ermənilər xüsusi dairə və mahallarda yerləşdirməli idi[44,II, 150].
İ.Şopenin apardığı siyahıyaalınmanın nəticələrinə görə, ümumiyyətlə, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra ”Erməni vilayəti”nə Türkiyədən 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürd köçürülmüşdür. Köçürülən ermənilər əsasən keçmiş İrəvan xanlığının Qırxbulaq, Sürməli, Talın, Körpübasar, Abaran, Dərəçiçək və Göyçə mahallarının 129 kəndində yerləşdirildi[49,636-642; 40,395-3968].
Rusiya imperiyası tərəfindən həyata keçirilən bu məqsədyönlü siyasət nəticəsində İrəvan xanlığında etnodemoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişdirildi. Ümumiyyətlə, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən sonra kütləvi köçürmələr zamanı “Erməni vilayəti”nə - İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İran və Türkiyədən 57226 nəfər erməni (10631 ailə) köçürüldü. Köçürülmələrdən əvvəl həmin ərazidə cəmisi 25151 nəfər (4428 ailə) erməni yaşayırdı ki, onlar da bundan əvvəlki müharibələr zamanı köçürülmüşdü. Müharibələr nəticəsində İrəvan və Naxçıvan xanlıqlarının ərazisindən Azərbaycan türklərinin xeyli hissəsi qaçqın düşmüş, orada yalnız 81749 nəfər (16078 ailə) azərbaycanlı qalmışdı. Kütləvi köçürmələrdən sonra “Erməni vilayətin”də ermənilərin sayı 82377 nəfərə (15059 ailə) çatdı. Nəticədə vilayətdə erməni əhalisi müsəlmanları cüzi olsa da sayca üstələdi[49,642; 40,398].
N.N.Şavrov çar Rusiyanın Cənubi Qafqazda həyata keçirdiyi bu məqsədyönlü siyasəti haqqında yazır: “1826-1828-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində – 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza 40 min İran və 84 min Türkiyə ermənisi köçürdük və onları erməni əhalisinin cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Onları həmçinin Tiflis quberniyasının Borçalı, Ahıska və Ahalkələk qəzalarında yerləşdirdik. Onların yerləşdirilməsi üçün 200 min desyatindən artıq dövlət torpağı ayrıldı, müsəlmanlardan 2 milyon rubldan artıq məbləğdə xüsusi mülkiyyət torpaqları satın alındı. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ – G.N) və Göyçə gölünün sahili həmin ermənilərlə məskunlaşdırıldı. Nəzərə almaq lazımdır ki, rəsmi köçürülən 124 min nəfər erməni ilə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox olmuşdur və ümumiyyətlə, köçürülənlərin sayı 200 min nəfərdən xeyli artıqdır”[48,63].
N.Şavrov qeyd edir ki, XXəsrin əvvəlində Cənubi Qafqazda yaşayan 1.300.000 erməninin bir milyondan çoxu yerli əhali deyil, onları bura biz köçürüb gətirmişik [48,63].
Ermənilərin Türkiyədən Şimali Azərbaycan torpaqlarına köçürülüb gətirilməsi inkarolunmaz tarixi faktdır. Bunu məqalənin yazılması zamanı istifadə etdiyimiz çoxsaylı arxiv materialları, xüsusilə ermənilərin köçürülməsi prosesini tənzimləyən rəsmi dövlət sənədləri çox aydın sübut edir. Və bu qaynaqlar bir daha sübut edir ki, ermənilər Cənubi Qafqaza gəlmə, daha doğrusu gətirilmə etnosdur. Bu etnosun yaşadığı “Ermənistan Respublikası” adlanan ərazi isə Azərbaycan torpağıdır.


İstifadə olunan mənbələr və ədəbiyyat:

1. АКАК, т.VII. Тифлис, 1878.
2. Arzumanlı V. Nazim Mustafa. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı, 1998.
3. BOA HH, 1013/42478C – Qars mütəsərrifi Mustafa paşa, Ərzurum valisi Qalib paşa və Sivas valisi Mehmed paşanın Sədarətə 23.08.1828 tarixli birgə məktubu.
4. BOA HH, 1013/42478G– Maden Emini və Diyarbəkir valisi Saleh paşanın Sədarətə 04. 09. 1828 tarixli məktubu.
5. BOA HH, 1013/42478B – Ərzurum valisi Qalib paşanın Sədarətə 04. 09. 1828 tarixli məktubu.
6. BOA HH, 822/37386G – Ərzurumun rus qoşunları tərəfindən ələ keçirilməsi ilə bağlı Sədarətə göndərilən 19. 07. 1829 tarixli məktub.
7. BOA HH, 1075/43938J – Ruscuq mühafizi Əhməd paşanın Sədarətə 14.09.1829 tarixli məktubu.
8. BOA HH, 1033/42894K –Bayburd başçılarından Məmişzadə İsmayıl bəy ilə oğlu Hacı Həsənzadə Təməlli ağanın birgə göndərdiyi 02.10.1829 tarixli məktub.
9. BOA HH, 1025/42741E – Ərzurum müftisi ilə əyanından Sivas valisi Həsən paşaya göndərilən 15. 02.1830 tarixli məktub.
10. BOA HH, 777/36432 – Ərzurum Valisi Həsən Paşadan Sədarətə göndərilən 05. 05.1830 tarixli məktub.
11. BOA HH, 1088/44264N –Ərdahan generalı Əli paşa tərəfindən Çıldır valisinə göndərilən məktub.
12. BOA HH, 1077/43950B – Sədrəzəm Rəşid paşanın məktubu.
13. BOA HH, 1039/43022 – Əruzurum Valisi Həsən Paşadan Sədarətə göndərilən 05.07.1829 tarixli məktub.
14. BOA HH, 1039/43022I – Əruzurum Valisi Həsən Paşadan Sədarətə göndərilən 26.01.1830 tarixli məktub.
15. BOA HH, 794/36432 – Ərzurum valisi Hacı Həsən paşanın 06.05.1830 tarixli məktubu.
16. BOA HH, 1039/43022B – Ərzurum valisindən qapı kəndxudasına göndərilən 25.01.1830 tarixli məktub.
17. BOA HH, 1085/44179 – Ordu kəndxudası Hadi əfəndinin 03.05.1830 tarixli məktub.
18. BOA HH, 777/36432B – Trabzon Valisi Osman Paşadan Sədarətə göndərilən 06.05.1830 tarixli məktub.
19. BOA HH, 777/36432F – Ərzurum müftisi İbrahim Ədhəm əfəndi və qapıçıbaşı Ömər və Əli Rəşid möhürləri ilə göndərilən 21.06.1830 tarixli məktub.
20. BOA HH, 1039/43022C – Qars üləmasından olan Hacı Məmiş Əfəndi tərəfindən göndərilən 21. 06.1830 tarixli məktub.
21. BOA HH, 1043/43153 və 1043/43153D –Şərq istiqamətinin sərəsgəri Osman paşanın 23. 02.1830 tarixli möhürlü məktubları.
22. BOA HH, 1043/43153G –Muş naibi Süullahın Şərq sərəsgərinə 28.02.30 tarixli məktubu.
23. 1043/43153H –Ərzurum valisi Həsən paşanın 08.03.1830 tarixli məktubu.
24. BOA HH, 1043/43153I – Ərzurum valisi Həsən paşanın 08.03.1830 tarixli məktubu.
25. BOA HH, 1043/43153C – Bayəzid bəyzadələrindən Bəhlul paşanın 07.04.1830 tarixli məktubu.
26. BOA HH, 1235/48043 – Duhan gömrukçüsü Əfhəm Əfəndinin 25.05.1830 tarixli məktubu.
27. BOA HH, 1039/43027 – Samakocuq naziri Vəcihi paşanın 10.05.1830 tarixli məktubu.
28. BOA HH, 1043/43153 və 1043/43153D – Sərəskər Osman paşanın 23. 02.1830 tarixli məktubu.
29. BOA HH, 1079/43962 – Sədrəzəmdən Rəşid Məhəmməd paşaya göndərilmiş24. 09.1829 tarixli məktub.
30. BOA HH, 1025/42741 – Ərzurum müftisi İbrahim Ədhəm əfəndinin 15. 02.1830 tarixli məktubu.
31. BOA HH, 1030/42863A – Trabzon valisi Osman paşanın 20. 03.1830 tarixli məktubu və s.
32. BOA HH, 1039/43022D – Alaşgird müftisinin Şərq sərəsgərinə 14.01.1830 tarixli məktubu.
33. BOA HH, 1030/42863 – Trabzon valisi Osman paşanın 20.03.1830 tarixli məktubu.
34. BOA HH, 1048/43239G – Ruscuq mühafizi Mehmet paşadan Hüseyn paşaya göndərilən 21.06.1830 tarixli fərmanı.
35. BOA HH, 1046/43194A – Ərzurumun keçmiş valisi Həsən paşadan Sədarətə göndərilən 18. 07.1830 tarixli məktub.
36. BOA HH, 1047/43212 – Ərzurum valisi və Qars mühafizi Əli Şəfəq paşa tərəfindən göndərilən 29.09.1830 tarixli məktub.
37. BOA HH, 810/37204E –Ərzurum valisi Əsəd paşadan Sədarətə göndərilən 24.10.1831 tarixli məktub.
38. Владыкин М. Путешествие по Кавказу. (Путеводитель и собеседник в путешествие по Кавказу).ч.I, М.,1885.
39. Воронов Н.И. Данные об армянском население в России А.Д.Еритсова //ИКОИРГО, т.VII, Тифлис, 1882-1883.
40. İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbayjan torpaqlarına köçürülməsi. (Kollektiv monoqrafiya). Bakı, 2009.
41. Məmmədova İ. XIX əsrin əvvəllərində Rusiyanın Azərbaycanda etnodemoqrafik vəziyyəti dəyişmək siyasətinin Azərbaycanın sonrakı taleyinə təsiri. // Tarix və gerçəklik (Azərbaycan tarix qurumu). Bakı, 2008/1(3), s.94.
42. Наджафли Г. Азербайджан в XVIII-XIX веках. Бишкек, 2010.
43. Смирнов. Н.А. Политика России на Кавказе в XVI – XIX веках. Москва, 1958.
44. Собрание актов, относящихся к обозрению истории Армянского народа. ч. I, Москва, 1833; ч. II, Москва, 1838.
45. Парсамян В.А. История армянского народа 1801-1900 гг. Ереван, 1972.
46. Тавакалян Н.А. Переселение армян из Персии и Турции в Закавказье после присоединения Восточной Армении к России. // Историко-филологический журнал АН Арм. ССР. Ереван, 1978, № 3, с.37.
47. ОРВЗК (Составил Лекгобытов). ч.IV,СПб., 1836.
48. Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. СПб. 1911.
49. Шопен И.И. Исторический памятник состояния армянской области в эпоху её соединения к Российской империи. СПб. 1852.
50. [Simeon İrəvanlı. Cambr. Müqəddəs Üçmüədzin kilsəsinin və ətraf monastırların toplusunun müffəssəl aynası və xatirə kitabı. Vaqarşapad, 1873].
51. 1958: [Qriqoryan V.R. İrəvan xanlığı XVIII əsrin sonlarında (1780- 1800), İrəvan, 1958].

 Geostrategiya" jurnalı № 06 (30)  NOYABR-DEKABR 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM