Babək Məmmədəliyev,
Rüstəm Abdullayev
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited”
şirkətinin kəşfiyyat geoloqları
Yataq Misxana-Zəngəzur struktur-metallogenik zonasında, Ordubad sinklinoriumu ilə Zəngəzur antiklinoriumunun (horst-qalxmasının) cənub-qərb qanadının birləşməsində, Mehri-Ordubad plutonunun cənub-qərb ekzokontaktında və nəhayət, Piyazbaşı filiz sahəsinin şimal-şərq hissəsində yerləşir. Sinklinoriumun şimal-şərq qanadında, plutonun təması boyu şimal-qərb istiqamətində uzanan Ordubad və Kələki yarılmaları arasındakı ekzokontakt zolağı çoxsaylı filiz təzahürlərinin olması ilə səciyyələnir. Piyazbaşı filiz sahəsi bu zolağın şimal hissəsində yerləşməklə, şimal-qərbdə, plutonun endokontaktında formalaşmış Parağaçay molibden yatağı ilə həmsərhəddir. Piyazbaşı filiz sahəsindən cənub-şərqdə yerləşən Şəkərdərə, Unus və Kələki mis-qızıl təzahürləri Kələki yarılması ətrafında, Gilənarlıdərə qızıl-qurğuşun-sink, Uçurdağ mis-qızıl təzahürləri və Piyazbaşı qızıl yatağı isə Ordubad yarılması yaxınlığında yerləşir.
Filiz sahəsində çoxfazalı və çoxfasiyalı Mehri-Ordubad plutonu ilə yarılmış Alt və Orta Eosen yaşlı effuziv-çökmə süxurlar (tuf,qumdaşları, silisiumlu argillitlər, andezit tərkibli müxtəlif dənəli kristal-litoklastik tuflar və b.) təşəkkül tapmışlar. Bu süxurlar şimal-qərb istiqamətli zolaq təşkil etməklə, Ordubad və Kələki yarılmaları arasında açılmışlar.
Sahənin struktur şəraiti onun çatlı, dinamik tektonik zonada yerləşməsi ilə yanaşı, orada həm də andezit və diorit-porfirit tərkibli çat-subvulkanik törəmələrin və effuziv süxurların mövcudluğu ilə əlaqədardır. Çatlar və subvulkanik törəmələrin müəyyən istiqamət üzrə yerləşməsi submeridional qədim qırılmaların mövcud olmasına dəlalət edir. Piyazbaşı filiz sahəsi belə strukturla Ordubad yarılmasının bilavasitə kəsişmə sahəsinə təvafüqdür. Filiz sahəsində inkişaf etmiş qədim (effuzivəqədərki) tektonik çatlar 3 istiqamətdə uzanırlar: submeridional, subparalel və şimal-qərb. Şimal-qərb istiqamətli çatlar filizgətirici kanal, submeridional və subparalel çatların sonrakı fəaliyyəti nəticəsində əmələ gəlmiş lokal qırılma strukturları isə filizyerləşdirici mühit rolunu oynamışlar.
Yuxarı Eosen-Oliqosen dövrü güclü qranitoid maqmatizminin inkişafı ilə xarakterikdir. İri intruziv süxur massivləri şimal-qərb istiqamətli yarılmalarda yerləşirlər. Adamellit və qismən monsonit tərkibli intruziv süxurlar kompleksi sahənin şimal-şərq hissəsini əhatə edir.
Yataq rayonunun geoloji quruluşunda Alt və Orta Eosen yaşlı süxurlar iştirak edir.
Alt Eosen yaşlı süxurlar iki qata bölünür:
aşağı qat - tuffitlər, andezit-bazalt tərkibli tuflar;
yuxarı qat - zolaqlı, əhəngli tufqumdaşları.
Bu süxurlar Pəzməri kəndi yaxınlığında, çox da böyük olmayan sahədə yer səthinə çıxırlar, bucaq və azimut uyğunsuzluğu ilə Orta Eosenin aşağı hissələrinə aid edilən vulkanogen-çökmə süxurlar ilə örtülürlər.
Orta Eosen yaşlı süxurlar da iki qata bölünür:
aşağı qat - Gərdəniçayın hövzəsində yerləşmiş əhəngli qumdaşları; argillit, tufqumdaşları və tufqravellitlərin andezit tərkibli tuflarla növbələşməsi. Layların ümumi yatım azimutu 220-290° < 15-30° arasındadır.
yuxarı qat - Piyazbaşı dağı ətrafında yerləşmiş tünd yaşıl, yaşılımtıl-boz rəngli andezit tərkibli kristal-litoklastik aqlomerat-, lapilli- və qravitufların növbələşməsi; kobud laylı, boz, metamorfizmə uğramış (xloritləşmiş, kalsitləşmiş və epidotlaşmış) incə dənəli andezit tufları. Ümumi yatım azimutu – 230-240°<10-20°.
Süxur qatlarının ümumi qalınlığı 700-1000m arasındadır və onlar Piyazbaşı eninə qalxması ilə mürəkkəbləşmiş Qaranquş-Başkənd antiklinalının cənub-qərb qanadını təşkil edirlər.
Yatağın qızıllı filiz damarlarının yan süxurlarını Orta Eosenin yuxarı qatına aid olan andezitlər və onların müxtəlif qırıntılı tufları təşkil edir.
Sahədə tektonik pozulmalar geniş inkişaf etmişlər və onlar damarların və zonaların əmələ gəlməsində əsas rol oynamışlar. Müəyyən edilmişdir ki, əsas filiznəzarətedici struktur Ordubad yarılmasıdır. Bu yarılmadan cənub-qərbdə, Qaranquş-Başkənd antiklinalının cənub-qərb qanadında və eninə qalxmalarda müxtəlif istiqamətli, qızıllı kvars-sulfid minerallaşması saxlayan pozulmalar seriyası inkişaf etmişdir.
Filiz sahəsində və yataqda simal-qərb istiqamətli qırılma zonaları ilə yanaşı Eosen yaxud ona qədərki vulkanizm fəaliyyəti nəticəsində əmələ gəlmiş subparalel (en dairəsinə yaxın) və submeridional (uzunluq dairəsinə yaxın) istiqamətli qırılmalar da müşahidə edilir. Aşağı-Orta Eosen dövründə əsas tektonik hərəkətlər bu qırılmalar boyu baş vermişdir. Filizçökmə (filizayrılma) mərhələsində hərəkət, əsasən, filizgətirici kanal rolunu oynayan şimal-qərb istiqamətli qırılmalarda olmuşdur. Subparalel və submeridional istiqamətli qırılmalarda bu zaman zəif hərəkət olmuşdur və onlar, ehtimal ki, filiznəzarətedici strukturlar rolunu oynamışlar. Sonralar bu strukturlarda hərəkətin bir qədər canlanması kiçik amplitudlu pozulmaların əmələ gəlməsinə səbəb olmuşdur ki, sonuncular da filizli damarlar ilə dolmuşdur.
Yuxarıda sadalanan qırılma pozulmalarından əlavə yataq sahəsində filizləşmədən sonrakı mərhələdə baş vermiş pozulmalar da mövcuddur və onlar yatağın geoloji quruluşunu daha da mürəkkəbləşdirirlər.
Piyazbaşı yatağında intruziv süxurların çıxışları azdır. Burada yalnız adamellit intruziv kompleksinin qranodiorit-porfir tərkibli derivatları qeydə alınmışdır.
Metasomatizm prosesləri nəticəsində əmələ gəlmiş törəmələr intensiv kvarslaşmış, serisitləşmiş, kaolinləşmiş, piritləşmiş, limonitləşmiş süxurlardan ibarətdir və onlar, əsasən, qırılma pozulmalarının inkişaf etdiyi zonalar boyu yayılmışdır. Zonalar boyu bu törəmələr 100-1000m enə malik olmaqla, uzun məsafədə izlənirlər. Mesxet-Gərdəniçayarası sahədə hidrotermal dəyişmiş süxurlarda kvars, muskovit, serisit, kaolin, pirit, bəzən sirkon, andaluzit və rutil minerallarına rast gəlinir. Metasomatitlər bütün intruziv və dayka törəmələrindən sonra əmələ gəlmişlər və genetik cəhətdən Mehri-Ordubad plutonunun postmaqmatik – hidrotermal mərhələsi ilə əlaqədardır. Piyazbaşı yatağının cənub-qərb və şimal-qərb cinahlarında qazılmış quyulardakı və bəzi ştolnyalardakı intensiv dəyişmiş süxurlarda qızılın olması plutonun təmas hissələrində yayılmış metasomatitlərin filizyerləşdirici mühit və məkan kimi dəyərləndirilməsinə əsas verir.
Filiz cisimlərinin səciyyəsi, filizlərin maddi tərkibi və tekstur-struktur xüsusiyyətləri. Yataq əmələgəlmə şəraitinə görə müxtəlif istiqamətli tektonik çatlarla mürəkkəbləşmiş kvars-sulfid damarlarından və minerallaşmış zonalardan ibarət olub, qızıl-sulfid-kvars formasiyasına, geoloji quruluşun mürəkkəbliyinə və faydalı komponentlərin paylanmasına görə isə 3-cü qrupa aiddir.
Bütün damarlar intruziv, dayka və metasomatik dəyişmələrdən cavandır və onları kəsirlər. Uzanma istiqamətlərinə görə bir neçə aydın seçilən çat sistemi ayırmaq olar:
submeridional;
subparalel;
şimal-qərb və
şimal-şərq.
Yatağın mərkəzi hissəsində 2 və 5№-li damarların arasındakı sahədə daha intensiv dəyişmiş, açıq rəngli, dəmirləşmiş, doğranmış süxurları ilə seçilən və təqribən 600-800m məsafəyə uzanan və daha çox kvars damarının təşəkkül tapması ilə fərqlənən blok ayrılır. Blok daxilində submeridional və 1№-li qızıllı damarın da daxil olduğu şimal-qərb istiqamətli çatlar kvarsla dolmuş və onlar adətən, hidrotermal dəyişmələrlə müsayiət olunurlar. Belə kvars damarları daha monolit olub, eninə qırılmalarla kiçik amplitudla ayrı-ayrı bloklara bölünmüşlər.
Şimal-şərq istiqamətli çatlar submeridional və şimal-qərb istiqamətli çatlara nəzərən eninə qırılmalar rolunu oynayırlar və əzilmiş, brekçiyalaşmış, limonitləşmiş süxur zonalarından ibarət olmaqla, bəzi hallarda az qalınlıqlı kvars damarları ilə dolmuşlar.
Şimal-qərb istiqamətli qızıllı damarlara 1, 1a, 2, 4, 5, 29№-li və b., şimal-şərq istiqamətli damarlara 3, 6, 7, 20, 22, 36, 38№-li və b. daxildir. Şimal-qərb istiqamətli damarlar üstünlük təşkil edir, daha monolit olub, davamlı uzunluğa, qızılın nisbətən böyük miqdarına malikdirlər və 2-5m-lik amplitudaya malik eninə qırılmılarla qırılıb-atılırlar. Şimal-şərq istiqamətli damarların uzunluğu çox deyildir.
Damarlar həm uzanma, həm də düşmə boyu öz istiqamətlərini tez-tez dəyişirlər. Onlar bəzən az qalınlıqlı bir neçə damarlara bölünərək, sonra yenidən birləşirlər. Damarların xarakterik xüsusiyyətlərindən biri də onların qalınlıqlarının uzanma boyu dəyişməsi - 3-4m-ə qədər genişlənməsi və 1-2sm-ə qədər daralmasıdır. Bunlar damarlara bu tip formasiya üçün tipik olan “təsbehvari” görünüş formasını verir.
Yer səthi ilə ştolnya horizontlarının müqayisəsi göstərir ki, bildirişin əsasını təşkil edən 1№-li damar uzanma və yatım istiqamətlərində genişlənmələr və daralmalar da daxil olmaqla, mürəkkəb morfologiyaya malikdir və qızılın miqdarının çox qeyri-bərabər paylanması ilə səciyyələnir. Mərkəzi hissədə damarın qalınlığı 0.3-1.25m təşkil edir. Burada qızılın miqdarı daha yüksəkdir. Cinahlarda isə damar az qalınlıqlı (0.1-0.3m) kvarslı çatlar ilə əvəz olunur və qızılın miqdarı azalır. Yan süxurlarda, daha intensiv hidrotermal dəyişməyə məruz qalmış yerlərdə damarda qızılın miqdarının yüksəlməsi müşahidə edilir.
Yataqda geoloji-iqtisadi cəhətdən bugün ən perspektivli hesab edilən 1№-li damar şimal-qərb istiqamətli qızıllı damarlar qrupuna aiddir. Damarın uzanma istiqaməti ŞQ 340-355°, yatım azimutu ŞŞq 70-85<80-85° arasındadır. Yer səthində o, uzanma istiqamətində xəndəklərlə və təbii açılışlarla 1040m məsafədə izlənilmişdir. Damarın süxurları oksidləşmiş, doğranmış, parçalanmış kvarsdan və aşınmış sulfid minerallarından ibarət olan karkas strukturu əmələ gətirirlər.
1№-li ştolnya horizontunda (2413m, yer səthindən 0.0-150m aşağıda) damar cənub-şərqdən şimal-qərbə doğru əsas lülənin 0.0-466-cı m-də izlənilmişdir. Bu horizontda damar sulfid minerallarından və dəmirin hidroksidləri ilə sementləşmiş doğranmış kvarsdan ibarətdir. Damarın bəzi yerlərində, əsasən, daxili hissələrdə oksidləşmə prosesi getməmişdir və buradakı kvars aqreqatlarında iri, pirit kristallarına rast gəlinir.
Damar intensiv piritləşmiş, xloritləşmiş, bəzi yerlərdə zəif kaolinləşmiş ağ, süd rəngli kvarslı süxurdan ibarətdir və ayrı-ayrı intervallarda dəmirin hidroksidləri ilə sementləşmiş, içərisində səpinti halda pirit olan kvarsla səciyyələnir. Yan süxurlar zəif kvarslaşmış, xloritləşmiş, epidotlaşmış piritli andezit tuflarıdır.
1a№-li damar 1№-li damarın yer səthində qərb derivatı hesab edilir. Uzanma istiqamətində o, xəndəklərlə 920m məsafədə izlənilmiş və sinaqlaşdırılmışdır. Damarın uzanma istiqaməti ŞmQ 350-360°, yatım azimutu ŞŞq 80-90 <80-88° arasındadır. Filiz materialı intensiv dəyişmiş, dəmirləşmiş və piritləşmiş kvarsla təmsil edilir. Ətraf süxurlar boz, yaşılımtıl-boz rəngli hidrotermal dəyişmiş - epidotlaşmış, xloritləşmiş, kvarslaşmış, bəzən serieitləşmiş andezit tuflarından ibarətdir.
Filizləşmənin 2 əsas tipi müəyyən edilmişdir: oksidləşmiş və ilkin filizlər. Birinci tip filizlər ilkin filizlərin hipergen şəraitdə oksidləşməsinin məhsulu olmaqla, ilkin filizlərlə müqayisədə qızılın nisbətən yüksək miqdarı ilə fərqlənir və intensiv limonitləşmə ilə müşayiət olunurlar. Oksidləşmə dərəcəsi tam və eyni deyildir, belə ki, oksidləşmə sahəsində ilkin filizin həmişə müəyyən bir hissəsi qalmaqdadır. Oksidləşmə zonasının dərinliyi yerüstü suların süzülməsinə şərait yaradan çoxsaylı pozulmalardan və eyni zamanda filizlərin fiziki-mexaniki xüsusiyyətlərindən asılıdır. Yataq üzrə oksidləşmiş və ilkin filizlərin dəqiq sərhədləri müəyyən edilməmişdir.
Şəkil 2. 1№-li ştolnyada qızıllı kvars-sulfid damarı
Yatağın filizlərinin mineral tərkibi sadədir. 1№-li damardan götürülmüş çoxsaylı nümunələr əsasında onların mineraloji-petroqrafik quruluşu öyrənilmişdir.
Filizlərin mineraloji tərkibi aşağıdakı cədvəldə verilir.
Cədvəl
Filizlərin mineraloji tərkibi
Filizin mineraloji tədqiqatlarına əsasən damarda sənaye əhəmiyyətli filizləşmə maddi tərkibcə piritin seyrək səpələnmiş möhtəviləri, digər filiz mineralları, kvars və qismən hidrotermal-metasomatik dəyişmiş süxurlarla təmsil edilmişdir. Filiz möhtəvi, ləkəli, möhtəvi-ləkəli, massiv ləkəli, qeyri-bərabər dənəli, gizli zolaqlı, brekçiya və druza tipli teksturlara, allotriomorf-dənəvər, allotriomorf-hipidiomorf-dənəvər, kollomorf, kollomorf-zonal, metakolloid, relikt, əvəzetmə, qarşılıqlı bitişmə, mikroilmə, korroziya, kataklaz, qəlpəvi, parçalanma, qranoblastik, sferiolit, incə-dispers, oolit tipli strukturlara malik olmaqla, ağ rəngli bərk metasomatik kütlədən ibarətdir.
Zolaqlı tekstur tipi çatların müxtəlif vaxtlarda açılmasının və hidrotermal məhlullarla dolmasının nəticəsi olaraq piritli və süd-ağ rəngli kvarslı çatların növbələşməsindən ibarətdir.Brekçiya tekstur tipi ilkin çökmüş və doğranmış kvarsın sonrakı mərhələlərdə piritli-qızıllı kvarsla sementləşməsi nəticəsində əmələ gəlmişdir. Druza tipli tekstur ümumi kütlədə kvars yarımkristallarının inkişafı ilə əlaqədardır.
Filizin tükstur-struktur quruluşunu formalaşdıran tərkib hissələr arasındakı təmaslar dalğavari və bucaqlıdır, kifayət qədər kəskindir; filizdə porfir strukturun reliktləri müşahidə edilmir.
Pirit ilkin filiz minerallarının ən əsasıdır və o, filiz kütləsinin bəzən 85%-ə qədərini təşkil edir. Piritə damar mineralları içərisində bütöv dənəvər-ləkəli teksturlu, kollomorf-zonal strukturlu aqreqatlar, dənələr toplusu və bəzən iri oktaedrik kristallar şəklində qeyri-bərabər miqdarda rast gəlinir. Pirit aqreqatları allotriomorf dənəvər quruluşlu olub, vizual ölçüləri, adətən, 0.1-1.2mm arasında, bəzən 4sm-ə qədərdir.
Binokulyar mikroskop altında müşahidə edilmiş ölçüləri 0.01 x 0.02mm-dən 2.5 x 11.0mm-ə qədərdir (böyütmə - 90x). Anşliflərdə rastgəlmə miqdarı 0.1-85.0%-dir.
Əksər hallarda pirit özünün oksidləşmə məhsulu olan dəmir hidroksidləri, əsasən, limonitlə birgə olur. Kvars içindəki pirit dənələri, adətən, nazik limonit pərdəsi ilə əhatə olunur, bəzən limonitlə doldurulmuş damarcıqlarla kəsilir.
Oksidləşmə zonasında pirit çox vaxt aşınaraq, dəmirin hidroksidlərinə (limonitə, hetit-hidrohetitə) çevrilmiş olur.
Xalkopirit filizdə o qədər də çox miqdarda olmayıb, adətən, pirit aqreqatları içərisində onlarla assosiasiyada kiçik ölçülü ləkələr və az hallarda kvarsda, sfaleritdə yuva tipli allotriomorf dənələr, nöqtəvi möhtəvilər şəklində rast gəlinir. Binokulyar mikroskop altında müşahidə edilmiş ölçüləri 0.15 x 0.25mm təşkil edir (böyütmə - 90x). Anşliflərdə rastgəlmə miqdarı 0.2-1.3%-dir. Bəzən xalkopirit dənələri oksidləşərək, misin törəmə mineralları olan kovellin, xalkozin və malaxitlə əvəz olunur.
Qalenit filizlərdə allotriomorf-dənəvər aqreqatlar, yuva tipli yığımlar, bəzən qısa damarcıqlar formasında qeyri-bərabər yayılmışdır, parçalanma strukturu əmələ gətirməklə, çox mükəmməl (100) ayrılmaya malikdir. Onunla sıx assosiasiyada çox vaxt piritin yaxşı inkişaf etmiş oktaedrik kristallarına, qarşılıqlı bitişmə strukturlarına və xalkopiritin kollomorf ayrılmalarına rast gəlinir. Qalenitdə bəzən kvarsın heksaqonal axınları və piritin incə, nöqtəvi ayrılmaları müşahidə edilir. Binokulyar mikroskop altında müşahidə edilmiş ölçüləri 1.0 x 2.0mm - 2.0 x 2.5mm təşkil edir (böyütmə - 90x). Anşliflərdə rastgəlmə miqdarı 3.5-4.8%-dir.
Sfalerit allotriomorf-dənəvər aqreqatlar, böyrəkvari və gizli kristallik ayrılmalar formasında qeyri-bərabər yayılmışdır və əsasən, piritin dəhələrarası boşluqlarını doldurur. Binokulyar mikroskop altında müşahidə edilmiş ölçüləri 0.02 x 0.03mm – 2.5 x 3.0mm təşkil edir (böyütmə - 90x). Anşliflərdə rastgəlmə miqdarı 1.1-2.7%-dir.
Serussitə yalnız qalenitlə sıx assosiasiyada, onun iri ayrılmalarının kənar hissələrində polisintetik ikiləşmələr, lövhəvi və prizmatik quruluşlu kristallar şəklində rast gəlinir. Serussit qalenitin və onun bir çox sulfoantimonitlərinin ən təmiz oksidləşmə məhsulu kimi yaranır və bu zaman onlardan çox vaxt əvəzetmə qalıqları qalır. Qalenit aqreqatlarının təmasa yaxın hissələrində idiomorf kristallar, kollomorf quruluşlu damarcıq, haşiyə və ayrılmalar əmələ gətirir. Bəzən serussitin daxilində qalenitin təkrar ayrılmaları gözəl ritmik strukturlar formasında müşahidə edilir. Binokulyar mikroskop altında müşahidə edilmiş ölçüləri 0.02 x 0.03mm – 0.05 x 0.1mm təşkil edir (böyütmə - 90x). Anşliflərdə rastgəlmə miqdarı 0.7-0.8%-dir.
Gümüş çox vaxt argentitin səpələnmiş incə ayrılmaları, az hallarda sərbəst gümüş şəklində aşkar edilir. Bu ayrılmalar ilkin filizlərin sərhədləri yaxınlığında qarşılıqlı zənginləşmə nəticəsində yaranır.
Tellurovismutitə çox az hallarda yalnız piritlə sıx assosiasiyada dənələrarası boşluqlarda rast gəlinir. Yüksək əksetdirmə qabiliyyətli, yumşaq, intensiv anizotrop mineraldır. 0.015 x 0.025mm ölçülü vərəqəvi, lövhəvi və axçavari aqreqatlar əmələ gətirir.
Sərbəst qızıl düzgün olmayan kiçik, 0.02-0.1mm ölçülü möhtəvilər, dənələr, 0.16-0.28mm uzunluqlu sapvari və iynəvari fərdlər formasında müşahidə edilir. Üzləri aydın, düz xətlərə malik kristallik fərdlərin izometrik kəsilişləri, skelet kristallar formaca üstünlük təşkil edir.
Bərabərtərəfli altıüzlü kəsilişlər və uzunsov kütləşmiş romblar xarakterikdir. Az hallarda “sirkon” kəsilişlərə–ikitərəfli piramidal formalara rast gəlinir.
Kiçik dənələrdə yad hissəciklər müşahidə edilmir. Nisbətən böyük dənələrdə qeyri-filiz kütləsinin qanunauyğun yerləşmiş hissəcikləri heroqlif strukturunu xatırladan naxışlar əmələ gətirir. Ümumiyyətlə, kristallik dənələr qeyri-düzgün formalara nisbətdə üstünlük təşkil edir.
Qızıl dənələri açıq, parlaq-sarı rəngdədir və qızılın ehtimal edilən əyarı 800-900%-dir.
Şəkil 3. Qızılın müxtəlif formalı kristalları, briket, böyütmə 300x
Kvars əsas damar mineralı olmaqla, 3 generasiyaya ayrılır. Kvars-1 südlü-ağ rəngli iri dənəlidir. Bu tip kvarsla dolmuş damarlarda yuvalar, boşluqlar və druzalar inkişaf etmişdir. Kvars, demək olar ki, filizsizdir, lakin arabir 1.0-1.5sm-lik formasız yuva teksturlu pirit aqreqatlarına rast gəlinir. Kvars-2 boz rəngli, xırda dənəli qəndə bənzəyir, içərisində dənəvər formada zolaqlı tekstura malik pirit müşahidə edilir. Kvars-3 kvars-xalsedon tiplidir və onun əmələ gəlməsi kalsit, kiçik dənəli pirit və xalkopiritin çökməsi vaxtına uyğun gəlir.
Kalsit və xlorit südü-ağ rəngli kvarsın içərisində kiçik ksenomorf ayrılmalar şəklində rast gəlir.
Kovellin və xalkozin bəzi yerlərdə damar minerallarının arasında, bəzən isə pirit yığıntılarını kəsən çatlarda yerləşmiş xalkopiritlə assosiasiyada müşahidə edilir.
Limonit piriti əvəz etməklə və oksidləşmə zonasının əsas mineralı olmaqla, onun aqreqatlarında müxtəlif çatları doldurur və bütün filiz daxilində ksenomorf quruluşlu şəbəkə teksturuna malik olmaqla, sistemsiz çat şəbəkəsi formasında müşahidə edilir. Limonit yığıntıları içərisində dəmirin hidoksidləri ilə tam əvəz olunmamış piritin qalıqları saxlanılır. Bəzi yerlərdə pirit aqreqatlarını kəsən limonit çatlarında xalkopiritin kovellin və xalkozinlə birlikdə kiçik dənələri, həmçinin sərbəst qızılın ayrılmaları qeyd olunur.
Hetit-hidrohetit əsas filizəmələgətirici minerallardandır və zonal-kollomorf və radial-şüavi metakolloid törəmələr şəklində məkanca qeyri-bərabər yayılmışdır. Bəzi yerlərdə gizli kristallik gel və lifli quruluşlu böyrəkvari, axçavari formalar və qeyri-filiz kütlə fonunda piriti tamamilə əvəz edərək, incə ilmə şəkilli aqreqatlar, fərdlər, haşiyələr, əmələ gətirir. Dəmirli mineralları əvəzetmə yolu ilə əmələ gəlmiş kollomorf-zonal, metakolloid strukturlara malik hetit-hidrohetit özündə əvəz edilmiş mineralların reliktlərini və müxtəlif ilməli əvəzetmə teksturlarını saxlayan psevdomorfozlar yaradır. Binokulyar mikroskop altında müşahidə edilmiş ölçüləri 0.001 x 0.003mm – 0.65 x 0.85mm təşkil edir. Anşliflərdə rastgəlmə miqdarı 0.7-2.5%-dir.
Texnoloji sınaqdan götürülmüş nümunələrdən hazırlanmış şliflərdə yan süxurların və filizlərin petroqrafik xüsusiyyətləri müəyyən edilmişdir.
Yan süxurlar yaşılımtıl-boz sıx quruluşlu, brekçiyalaşmış, albitləşmış və xloritləşmiş, massiv və brekçiya teksturlu, ilkin porfir və gialopilit strukturlu andezitlərdən və andezit-porfiritlərdən ibarətdir. Süxurlar bəzi yerlərdə ləkəli teksturlu metasomatitlərlə kəsilmişdir. Təmaslar dalğavari və bucaqlıdır, kifayət qədər kəskindir və onlarda ilkin süxurların qeyri-düzgün formaları, reliktləri müşahidə edilir. Hər iki süxurda bəzən piritin səpinti möhtəvilərinə rast gəlinir.
Süxur nümunəsinin şlifdə mineral tərkibi belədir: əsas - plagioklaz (albit), aksessor - apatit, törəmə - xlorit, kvars, epidot, sfen, serisit, amfibol, dəmirin hidroksidləri.
Filizlərdə gialopilit əsas kütləli, porfir strukturlu andezitlərin əvvəlcədən xloritləşmiş qırıntıları və plagioklaz qırıntıları kvarsın bərabərdənəli incə aqreqatları ilə 40 x 60% nisbətində brekçiya şəklində sementlənmişdir. Qırıntıların ölçüləri 0.06-1.5mm arasında, formaları izometrik, bucaqlı, bəzən yumrudur. Sementi təşkil edən kvars xalsedon varidir və onun dənələrinin ölçüləri 0.01-0.03mm təşkil edir. Kvarsda qarışıqlar kimi xloritin ləkə, linza və lent formalı aqreqatları müşahidə edilir.
Texnoloji sınaqdan götürülmüş filiz nümunəsinin şlifdə mineral tərkibi belədir: əsas - plagioklaz (albit), aksessor - apatit, törəmə - xlorit-1, xlorit-2, kvars-1, kvars-2 və ehtimal ki, sfenlə birlikdə epidot.
Xlorit-1 qırıntılardakı şüşəni metasomatik olaraq əvəz edir. Xlorit-2 kvars-1 ilə birlikdə metasomatik kütlə əmələ gətirir. Kvars-1 xlorit-2 ilə birlikdə brekçiyanın sementini təşkil edir. Kvars-2 serisit və piritlə birlikdə xətti damarcıqlar şəklində müşahidə edilir.
Filizləşmənin mərhələliyi və filizətrafı dəyişmələr. Filizləşmə uzun müddət ərzində, mürəkkəb tektonik şəraitdə, orta-aşağı temperaturda hidrotermal yolla bir neçə mərhələdə formalaşmışdır. Hidrotermal fəaliyyətin ilkin mərhələsində ayrılmış mineral assosiasiyaları sonrakı mərhələlərdə çökmüş minerallarla sementləşmiş və nəticədə filizlərin yeni tekstur formaları yaranmışdır.
Əmələgəlmə ardıcıllığına görə Piyazbaşı filiz sahəsində aşağıdakı 5 minerallaşma mərhələsi ayrılır:
kvars-serisit;
mis-molibden;
kvars-pirit-qızıl;
polimetal və
karbonat.
Kvars-serisit mərhələsi postmaqmatik proseslərin ilkin mərhələsidir və bu zaman süxurlara çoxlu miqdarda silikat (SiO2) gətirilmişdir. Bu mərhələdə hidrotermal məhlulların təsiri ilə Ordubad və Kələki yarılmaları boyu bəzən törəmə kvarsitlərə çevrilmiş kvarslaşmış, serisitləşmiş və piritləşmiş süxur zonaları əmələ gılmişdir. Həm Alt və Orta Eosen vulkanogen törəmələri, həm də plutonun intruzivləri və daykaları hidrotermal dəyişmələrə məruz qalmışlar. Şübhəsiz, hidrotermal prosesin birinci mərhələsi maqmatik prosesin dayka sonrakı etapına uyğundur.
Mis-molibden mərhələsi pirit, az miqdarda xalkopirit və molibdenit filizləşməsi ilə müşayiət olunan ağ iridənəli druza formalı kvarsın çökməsi ilə səciyyələnir. Bu mərhələnin filizlərindən təşkil olunmuş damarlarda qızılın miqdarı Mədəndərəsi sahəsində “iz” - 23q/t arasında dəyişir. Ehtimal ki, qızıl piritin və digər sulfidlərin içində incə-dispers şəkildə yerləşir. Öz növbəsində pirit iri dənəli kvarsın içində yuva tipli formasız yığıntılar əmələ gətirir.
Kvars-pirit-qızıl minerallaşma mərhələsi zamanı qızılın, xalkopiritin və piritin sıx möhtəviləri yayılmış, orta və xırda dənəli kvars çökmüşdür. Bu mərhələdən əvvəl şimal-şərq istiqamətli çatlar bağlı olmuş və ona görə də qızıl filizləşməsi, əsasən, açıq olan şimal-qərb istiqamətli çatlarda əmələ gəlmişdir. 1№-li damarda əvvəlki mərhələnin iri dənəli kvars çatlarının bu mərhələnin orta və xırda dənəli kvarsı ilə dolması nəticəsində formalaşmış zolaqlı tekstur tipi aydın görünür. Şimal-qərb istiqamətli çatların açıqolma dərəcəsindən asılı olaraq bu çatlarda qızıl filizləşməsi eyni dərəcədə yayılmamışdır. Bu mərhələdə qızıl dənəcikləri möhtəvi və lövhəcik şəklində olmaqla, onlara paragenetik cəhətdən piritlə assosiasiyada rast gəlinir.
Polimetal mərhələsi şimal-şərq istiqamətli çatlarda kiçik dənəli pirit, xalkopirit, sfalerit və qalenitin çökməsi ilə xarakterizə olunur. Bu minerallar toplusunun forması filizlərdə qeyri-bərabər yayılmış yuva və çat tiplidir.
Karbonat mərhələsi hidrotermal fəaliyyətin son mərhələsidir və bu zaman, əsasən, filiz mineralları saxlamayan kalsit çökmüşdür. Bu mərhələdə tektonik hərəkət, əsasən, en dairəsi və şimal-şərq istiqamətli çatlar boyu getmişdir və nəticədə kvarslı filiz kütləsi doğranmış və karbonat tərkibli materialla sementləşmişdir (Gilənarlıdərə polimetal təzahürü). Son mərhələdə şimal-qərb istiqamətli çatlar qapalı olduğundan onlarda yalnız karbonat minerallarına rast gəlinir.
Filizəmələgəlmə proseslərinin mərhələliyi ilə əlaqədar olaraq filizətrafı dəyişmələr də mərhələlərlə baş vermişdir. İlkin filizəmələgəlmə mərhələsi üçün filizdən əvvəlki qırılmaların və plutonun təması boyu ətraf süxurların hesabına törəmə kvarsitlərin əmələ gəlməsi xarakterikdir. Mis-molibden mərhələsi zamanı kvars-sulfid damarlarının zalband ətrafı hissələrində zəif kvarslaşma və xloritləşmə olmuşdur.
Ətraf süxurların daha intensiv dəyişməsi kvars-pirit-qızıl mərhələsihdə baş vermişdir. Bu zaman andezit, andezit-dasit tərkibli yan vulkanogen süxurlarda kvarslaşma, xloritləşmə, serisitləşmə, piritləşmə və karbonatlaşma əmələ gəlmişdir. Bu mərhələdə metasomatik əvəzolunma prosesinin intensivliyinin artması hidrotermal məhlullarda karbonlu və kükürdlü qazların miqdarının yüksəlməsi ilə əlaqədardır. Bu da öz növbəsində məhlulların turşuluğunu və yan süxurlara münasibətdə aqressivlik dərəcəsini artırmışdır. Polimetal mərhələsi zamanı yan süxurlarda əlavə olaraq xloritləşmə, serisitləşmə və xüsusilə, karbonatlaşma prosesləri baş vermişdir. Son, karbonat mərhələsində yan süxurlar zəif xloritləşməyə məruz qalmışlar.
Yuxarıda göstərilən hipogen mənşəli minerallaşma mərhələlərindən sonra filiz sahəsində və yataqda ən son mərhələ kimi hipergen (oksidləşmə) mərhələsini qeyd etmək olar.
Yatağın genezisi. Piyazbaşı filiz sahəsində filizləşmə Eosen-Oliqosen yaşlı Mehri-Ordubad qranitoid (qranodiorit-porfir) intruziv kompleksinin postmaqmatuk hidrotermal fəaliyyəti ilə əlaqədardır.
Hidrotermal məhlullar əvvəllər mövcud olmuş Ordubad və Kələki yarılmaları vasitəsilə plutonun təması boyu yerləşmiş Alt və Orta Eosen yaşlı vulkanogen-çökmə süxurlara nüfuz etmiş və bu zaman özləri ilə əhəmiyyətli dərəcədə silisium, kükürd, mis, molibden, qızıl, sink, qurğuşun və b. elementlər gətirmişlər. Mezotermal məhlullar çoxsaylı çat, pozulma və qırılmalarla hərəkət edərək, ətraf süxurlara daxil olmuş və nəticədə yarılmalar boyu geniş metasomatit zonalarının yaranmasına səbəb olmuşlar. Qeyd etmək lazımdır ki, bu proseslər zamanı hidrotermal məhlullar da yan süxurlarda olan komponentlərin hesabına zənginləşmişlər.
Hidrotermal məhlulların hərəkəti tektonik hərəkətlərlə paralel getmiş və müxtəlif vaxtlarda açılmış həm şimal-qərb, həm də şimal-şərq istiqamətli çatlar boyu olmuşdur. Şimal-şərq istiqamətli çatlarda mis-molibden mərhələsinin minerallaşması əmələ gəlmişdir.
Kvars-pirit-qızıl və polimetal minerallaşma mərhələləri ərəfəsində tangensional qüvvələrin istiqaməti dəyişmiş, şimal-qərb və təqribən en dairəsi istiqamətli strukturların açılması baş vermişdir. Bu çatlara hidrotermal məhlulların dolması nəticəsində müvafiq olaraq kvars-pirit-qızıl və polimetal filizləşməsi baş vermişdir. Qeyd etmək lazımdır ki, əmələgəlmə zamanına görə kvars-sulfid damarları bütün intruziyalardan və onların daykalarından cavan hesab edilir.
Filizətrafı süxurların dəyişməsi, mineraloji tərkibi, filizlərin tekstur-struktur xüsusiyyətləri ehtimal etməyə əsas verir ki, Piyazbaşı filiz sahəsində filiz cisimlərinin formalaşması hidrotermal şəraitdə təqribən 1.0km dərinlikdə orta-aşağı temperaturda olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, Piyazbaşı filiz sahəsində filizli məhlullar üçün əsas filizgətirici kanal şimal-qərb istiqamətli Ordubad yarılması, filizsaxlayan strukturlar isə yarılma ətrafında inkişaf etmiş çoxsaylı çatların mürəkkəb şəbəkəsi olmuşdur.
Məqalənin hazırlanmasında keçmiş “Dövlətgeolkom”un və “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin fond materiallarından istifadə edilmişdir.
"YER VƏ İNSAN" jurnalı
№/05/NOYABR-DEKABR/2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM