Mirzəli Fətəliyev
ETSN, Milli Geoloji Kəşfiyyat Xidmətinin
Nüvə Geofiziki Tədqiqatlar Mərkəzində
dəstə rəisi
Təklikdə bir dövlətin həll edə bilmədiyi problemlər qlobal problemlər adlanır. “Aşağıdakılar dövrümüzün ağrılı-acılı qlobal problemləridir:
- tərk-silah, demoqrafik partlayış, ətraf mühitin çirklənməsi, energetika, dünya okeanından kor-təbii istifadə, mineral ehtiyatlar, kosmosun mənimsənilməsi, təsirli qlobal valyuta-maliyyə sistemlərinin yaradılması, nəqliyyat və rabitə, əhalinin sağlamlığı, çoxmillətli inhisarların fəaliyyəti üzərində nəzarət.
Keçən əsrin 80-ci illərində bir qrup tədqiqatçı, bəşəriyyətin XX əsrin sonu - XXI əsr üçün inkişaf perspektivləri haqqında ABŞ prezidentinə etdikləri məruzədə aşağıdakıları qlobal problemlər kimi göstərirdilər:
- Əhali, ölkələrin iqtisadi qeyri-bərabərliyi, ərzaq, mineral ehtiyatlar, meşə, su, hava, energetika, genetika.
İqtisadi- sosial tərəfləri kənara qoyub, ancaq təbiət haqqında danışsaq, onda iqlimin qlobal dəyişməsi, ozon təbəqəsinin nazikləşməsi, Yerin meşə örtüyünün qırılması, böyük ərazilərin bərbad hala salınması, faydalı qazıntıların tükənməsi, fauna və floranın azalması XX əsrin sonunda bəşəriyyəti daha çox narahat edən qlobal ekoloji problemlərdir.
Yerin ilk yaradılış və geoloji inkişafı tarixində təbiətdə və onun ekoloji sistemlərində çatışmamazlığı olmayan fövqəl bir tarazlıq mövcud olmuşdur. İnsan və eləcə də bütün canlılar təbiətlə daimi təmasda olduqları üçün bir-birinə qarşılıqlı təsir göstərirlər. Əsrlər boyu bu təsir təbiətin ekoloji tarazlığını pozmamış və insan həyatı üçün təhlükə yaratmamışdır, çünki təbiəti canlıların istifadəsinə verən Uca Allah təbiətə normal təsirlər qarşısında öz-özünü müalicə edə bilmə qabiliyyəti vermişdir. Lakin, ətraf mühitə amansız müdaxilələr təsirsiz ötüşmür. Hal-hazırda ətraf mühitə antropogen təsirlər elə geniş miqyas almışdır ki, hələ XX əsrin əvvəllərində belə, heç kimin düşünə bilməyəcəyi qlobal xarakterli problemlər ortaya çıxmışdır.
Ətraf mühit dedikdə, insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusu, ekoloji tarazlıq dedikdə isə, ekoloji sistemin vəziyyəti, yaxud da biotik birliklərin (canlı orqanizm birliklərinin) davamlılığı, özününizamlama qabiliyyəti, qaydaların pozulmasına müqaviməti, tarazlığın pozulmasına qədər mövcud olan ilkin vəziyyətin bərpa edilməsi başa düşülür.
Ekoloji tarazlığın pozulması nəinki insan, eləcə də bütün canlıların həyatı üçün böyük təhlükədir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, «Ekologiyanın qorunması xalqımızın sağlamlığının, milli genofondumuzun qorunması deməkdir».
Təbiət və təbii sərvətlərə mənfi münasibət XX əsrdə daha da artaraq ən yüksək həddə çatmışdır və bunun nəticəsində ətraf mühitin biotik (canlı) və abiotik (cansız) amilləri güclü antropogen təsirə məruz qalmış, bir çox bitki və heyvan növləri (biotlar) məhv olmuş və ya kökü kəsilmiş, bəziləri isə məhv olmaq ərəfəsində olduğundan «Qırmızı kitab»lara düşmüşdür. Bu proses yenə də davam edir. Əgər əvvəllər hər 100 ildə yalnız bir növ biot məhv olurdusa, hazırda 1 saat ərzində Yer kürəsində 50 növ məhv olur.
XX əsrin sonunda planetimizin təbii quru ekosisteminin 63 faizi dağılıb, meşələrin üçdə iki hissəsi qırılıb, 200 milyon hektardan çox əkin sahəsi kənd təsərrüfatı üçün tamamilə yararsız hala düşüb. Oksigen ehtiyatı 10 milyard ton azalıb, su ekosistemləri, xüsusilə, dəniz planktonları məhv olub. Bunun əsas səbəbi isə biosferin, atmosferin, hidrosferin, litosferin texnogen çirklənməsinin çox sürətlə artması, təbii resurslardan səmərəli istifadə olunmaması, dünya əhalisinin sayının və tələbatının artması, urbanizasiya, demoqrafik partlayışlar, kimyəvi preparatlar və maddələr istehsal edən fabrik, zavod və emal müəssisələrinin atmosferi, torpaqları və suyu çirkləndirməsi, ekoloji terrorun çox güclənməsi və ekoloji təhlükəsizliyin təmin olunmamasıdır. XXI əsrin başlanğıcında dünyada bir gün ərzində səhralaşma və şorlaşma nəticəsində 44 min hektar torpaq sahəsi öz münbitliyini və təsərrüfat əhəmiyyətini itirir, 28 min hektar, son məlumatlara görə isə 50 min hektar, yəni salınan meşə sahələrindən 10 dəfə çox dünyanın ən qiymətli təbii sistemlərindən biri sayılan tropik meşə sahəsi məhv olur.
Dünyada istehsalın intensiv inkişafı və yüksək mənfəət əldə etmək arzusu ekoloji tarazlığı pozan əsas amillərdəndir. BMT-nin rəsmi məlumatına görə, ətraf mühitin çirklənməsinin 50%-i ABŞ-ın payına düşür. İri dövlətlər az inkişaf etmiş ölkələrdə sənaye sahələrini yaratmaqla, təbiətə qarşı zor işlədir, onların milli-təbii sərvətlərini məhv edirlər. İnkişaf etməkdə olan ölkələr isə hər vəchlə yüksək məhsuldarlıqlı torpaqlarını zavodların, yaşayış massivlərinin və avtomagistralların tikintisinə qurban verirlər. 1960-cı ildən bəri Yaponiyada, Cənubi Koreyada və Tayvanda taxıl bitkiləri əkilən sahələrin 40 faizi tikinti işləri aparılması hesabına məhv edilmişdir. İndoneziyada təkcə Yava adasında 20 000 hektar əkin sahəsi məhv edilmişdir ki, bu sahə ölkə əhalisinin 360 000 nəfərini yedizdirə bilərdi. Məhz bunların nəticəsidir ki, hər 10 il ərzində dünyada məhsuldar torpaqların 7%-i istifadəyə yararsız hala düşür.
Müasir ekoloji problemlərin statistikasına nəzər saldıqda görürük ki, son dövrlərdə yerin təkindən ildə 80 milyard ton filiz və qeyri-filiz faydalı qazıntıları çıxarılır ki, bunun da yalnız 3-4%-dən səmərəli istifadə olunur və qalan 96-97% təbiətə tullanılır və zəhərli maddələrə çevrilir. Həmçinin, hər il dünya okeanına 50 min ton pestisid, 10 milyon ton neft axıdılır. Yer üzərindəki çayların 30%-i çirkləndirilmişdir və bunun nəticəsidir ki, dünya əhalisinin 40%-i içməli su sarıdan əziyyət çəkir, 2 milyard əhalinin çirklənmiş sudan istifadə etməsi ucbatından inkişaf etmiş ölkələrdə xəstəliklərin 80%-i bu problemlə bağlıdır.
Meşələr biosferin bir hissəsini təşkil etməklə onun inkişafı və mühafizəsində mühüm rol oynayır. Bu bir aksiomadır ki, yaşıl bitkilər olmasaydı həyat da mövcud olmazdı. Meşələr əslində rütubət toplayıcısı rolunu oynayır, düzənliklərə suyun paylanmasını tənzimləyir və onu nisbətən tarazlaşdırır. Bununla yanaşı, meşələr dağlıq rayonlarda torpaq sürüşməsi və dağ uçqunlarının qarşısını alır, bitkiləri, torpağı, su hövzələrini, yolları, yaşayış məntəqələrini və abidələri təbii amillərin zərərli təsirindən qoruyur, mikroiqlimi dəyişir, quru, isti, güclü küləklərin təsirini azaldır, dərə, yarğan və hərəkət edən qumları bərkidir, qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlanmanı zəiflədir, qrunt sularının səviyyəsini endirir. Eyni zamanda, meşələr fitonsit xüsusiyyətinə malikdir və zərərli mikroorqanizmləri məhv edir. Bütün bunlarla yanaşı, meşələrin təbiətdə ən böyük rolu - bir hektar meşənin il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen hasil etməsidir. Belə ki, 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur və bu, 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir.
Meşələrin qırılması biosferin davamlılığının və atmosferdə oksigenin azalmasına, quraqlığın, torpaq eroziyasının, deflyasiyasının və sürüşmələrin əmələ gəlməsinə, səhralaşmanın sürətlənməsinə, su daşqınlarına, güclü selə, qasırğalara, torpağın və suyun eroziyasına, iqlimin və relyefin kəskin dəyişilməsinə və s. səbəb olur.
Bütün bunlara rəğmən, son 30 ildə planetin ciyəri funksiyasını yerinə yetirən meşələrin 30%-i qırılmış və hər dəqiqə meşə sahələri 1 hektaradək azalmaya məruz qalmaqdadır. Son 200 ildə isə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmış, XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olduğu halda hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektar təşkil edir ki, bu da Azərbaycan ərazisinin cəmi 11,8%-i deməkdir.
BMT-nin hesabat məlumatlarına görə, hər il dünyada 25 milyon hektar meşə sahəsi qırılıb məhv edilir ki, bu da Fransa dövlətinin ərazisinin yarısı qədərdir.
Ən son məlumatlara görə ABŞ-ın məşhur Yel universitetinin alimləri Tomas Krouterin rəhbərliyi altında keçən tədqiqatlara əsasən, sputnik çəkilişlərinin göstəriciləri Yer kürəsində 3,04 trilyon ağacın mövcud olduğunu sübut edib. Ağacların çoxu boreal meşələrindədir. Krouterin sözlərinə görə, onun müəyyən etdiyi rəqəmi pis və ya yaxşı göstərici kimi qəbul etmək doğru olmazdı. O qeyd edir ki, hər il insanlar 15 milyarda yaxın ağac kəsirlər. Müasir texnologiyalarla hesablama göstərir ki, insan sivilizasiyasına qədər Yerdə 5,6 trilyon ağac olmuşdur.
Son iki əsrdə kosmik fəzanın nəzarətsiz istismarı nəticəsində kosmosa 3000 tondan artıq zibil kütləsi atılmışdır. Hazırda Yer ətrafında 800-dən çox kosmik gəmi fırlanır, halbuki Yeri kosmosdan öyrənmək üçün cəmi 20 kosmik peyk kifayətdir.
Canlı aləmi Günəşin dağıdıcı ultrabənövşəyi şüalarından qoruyan ozon təbəqəsinin qalınlığının azalması, qütblərdə isə tez-tez deşilməsi son zamanlar dəhşətli və təhlükəli ekoloji fəlakətlərdən ən əsasıdır.
Qlobal istiləşmə və istilik effekti XX əsrdə texniki tərəqqinin atmosferdə yaratdığı ən faciəli, dəhşətli hadisə kimi dəyərləndirilir. XX əsrdə Yer planetində havanın orta temperaturu 0,6 dərəcə artmışdır. Planetimizdə baş verən təbii fəlakətlərin sayı sürətlə artmaqdadır.
Hazırda dünyanın bütün ölkələrində super urbanizasiya, ərzaq, içməli su problemi, demoqrafik partlayış və s. qlobal problemlər başlayıb. Ekologiyanın dəyişməsi yeyinti məhsullarını yararsız hala salıb, insan və heyvanlar arasında infeksion və invazion xəstəliklər çoxalıb, indiyədək elmə məlum olmayan, uzunmüddətli müalicə tələb edən dəhşətli və faciəli yeni xəstəliklər (QİÇS, quş qripi, atipik pnevmoniya, sarı qızdırma, dəli dana-inək quduzluğu, hepatitlər və s.), uşaqlar arasında müşahidə olunan genetik xəstəliklər (talessemiya, hemofiliya, anemiyalar, teratogen xəstəliklər, immun çatışmazlıqları), o cümlədən ekoloji mühitin təsirindən yaranan bəzi xəstəliklər (şəkərli diabet və mineral çatışmazlığı, uşaqların vaxtından əvvəl və ölü doğulması və s.) müşahidə edilir və bütün bunlar ağır itkilərə yol açır.
Son dövrlər geniş vüsət alan dövlətlərin hərbi təcavüzkarlıq siyasəti də ətraf mühitə böyük ziyanlar vurur. Belə ki, ABŞ-ın Vyetnamda apardığı müharibə nəticəsində ölkə ərazinin 12%-i məhv edilmiş, İraq müharibəsi həm insanlara, həm də ekoloji tarazlığa sağalmaz yaralar vurmuş, hal-hazırda şərqdə baş verən münaqişələr nəticəsində ətraf mühitə vurulmuş zərərlər isə qiymətləndirilməsi mümkün olmayan həddə gəlib çatmışdır.
Bəşəriyyət tarixində qara səhifə kimi həkk olunan ən dəhşətli hadisələrdən biri də inanılmaz vəhşilik, qəddarlıq və dağıdıcılıqla xarakterizə olunan və heç vaxt unudulmayacaq erməni vandalizmidir.
Uzun müddətli və düşünülmüş məkrli siyasətin nəticəsi olaraq ermənilər, təcavüzü nəticəsində Azərbaycan Respublikası ərazisinin 20%-ni işğal etmiş, cəmiyyətə və təbiətə ciddi zərərlər vurmuş və xarici havadarlarının köməyi ilə işğal etdikləri Azərbaycan Respublikası ərazilərində vandalizm törətməkdə davam edirlər. Belə ki, ermənilər, işğal olunmuş ərazilərdəki tarixi abidələri, mədəniyyət ocaqlarını və qəbiristanlıqları dağıtmış, oradakı qiymətli əşyaları, məzarların mərmər daşlarını, bütün tikinti materiallarını qarət və talan etmişlər. Bütün bunlara rəğmən cəzasız qalan düşmən işğal etdiyi ərazilərdəki təbii sərvətlərimizi talan edir, qiymətli fauna və floranı məhv edir, ərazilərimizi vəhşicəsinə yandıraraq Azərbaycanın təbiətinə, maddi sərvətlərinə və ekoloji durumuna böyük zərbə vurur. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində ekoloji duruma və təbii sərvətlərə ermənilər tərəfindən vurulan və analoqu olmayan zərbələr ekoloji terror və vandalizmdir.
Ermənistanın işğalı altında olan ərazilərdə vahid ekosistemə edilən təcavüz və beynəlxalq qurumların bu prosesə biganəliyi bölgədə böyük fəlakətə səbəb olmuşdur. Hal-hazırda ətraf mühitin mühafizəsinin müxtəlif aspektlərinə dair 500-ə qədər beynəlxalq saziş mövcud olduğu halda Ermənistan tərəfi başqa sahələrdə olduğu kimi bu sahədə də heç bir sazişin müddəalarına məhəl qoymur.
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan Respublikası ərazilərində ehtiyatları təsdiq olunmuş və geniş mineral xammal bazasını təşkil edən 163 faydalı qazıntı yataqları, həmçinin, 247 352 hektar meşə sahələri, o cümlədən 13197,5 hektar qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji-paleontoloji obyekt ağır və misli görünməmiş talanla üz-üzə qalmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi və Nazirlər Kabinetinin sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ətraf mühit və təbii sərvətlərə dəymiş zərərləri aşağıdakı sahələri əhatə etməklə hesablamaqdadır:
- təbii sərvətlərin talanı və məhv edilməsi (faydalı qazıntıların talanı və mineral xammal bazamıza ağır təcavüz, biomüxtəlifliyin məhvi, torpaqların sıradan çıxarılması və istifadədən məhrum olunması, sulara (çaylar, göllər, su anbarları, bulaqlar, hidrometereoloji obyektlər) antropogen təsirlər) nəticəsində dəymiş iqtisadi zərərlər –və s.;
- mövcud təbii sərvətlərdən (faydalı qazıntılardan, su anbarlarından və s.) istifadədən məhrumiyyətlər hesabına alınmamış gəlirlər və ya itirilmiş faydalar üzrə iqtisadi zərərlər;
- suların çirkləndirilməsi hesabına, ərazilərin yandırılması nəticəsində, təbii sərvətlərdən düzgün istifadə olunmaması və Metsamor AES ucbatından ətraf mühitin çirkləndirilməsi üzrə ekoloji zərərlər.
Acınacaqlı haldır ki, BMT-nin baş katibi Pan Qi Munun Ümumdünya Qaçqınlar Günü münasibətilə dünya ölkələrinə etdiyi müraciətdə vurğulanır ki,
2014-cü ilin sonuna olan rəqəmlərə əsasən, dünyada rekord sayda - 59,5 milyon insan - münaqişə və ya zorakılıq səbəbindən öz doğma yurdlarından didərgin düşmüşdür. Müraciətdə həmçinin bildirilir ki, hər gün 42,5 min nəfər insan qaçqın və yaxud məcburi köçkünə çevrilir ki, bu göstərici də son dörd il ərzində 4 dəfə artmışdır.
İnsan təbiətin tərkib hissəsidir. Odur ki, ətraf mühitin mühafizəsində əsas məqsəd insanın bioloji və sosial varlıq kimi qorunmasıdır. Bu istiqamətdə atılan addımların bariz nümunəsi olaraq 1972-ci ildə qəbul olunmuş BMT-nin Stokholm Bəyannaməsində (ətraf mühit haqqında) insanın əlverişli həyat şəraitində yaşaması hüququ öz əksini tapmışdır. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsində göstərilir ki, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmçinin, Azərbaycan Respublikasının «Ətraf mühitin mühafizəsi haqqında» 8 iyun 1999-cu il tarixli Qanunu ilə təbii tarazlığın və ekoloji sistemlərin dağıdılması və pozulması, Yerin ozon qatının və iqliminin arzuolunmaz dəyişilmələri, bitkilərin və heyvanların genetik fondlarının məhv edilməsi, insanın sağlamlığı və təbii mühit üçün digər mənfi nəticələrə səbəb olan fəaliyyətin həyata keçirilməsi qadağan edilmişdir.
Bəşəriyyətin taleyi qlobal problemlərin həllindən asılıdır. Təbiətlə cəmiyyət arasında tarazlığın pozulması nəinki bütün canlılar, hətta insanın özü üçün də təhlükəyə çevrilmişdir. Unutmamalıyıq ki, nəzarətsizlik və məsuliyyətsizlik Yer üzündə həyatın məhvini tezləşdirir. Buna görə də insanlar ekoloji tarazlığın qanunauyğunluqlarını dərk etməli, onlara əməl etməli və gələcək nəsilləri də bu istiqamətdə tərbiyə etməlidirlər. Əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edən mərhum akademik, dünya şöhrətli alim Həsən Əliyevin «Həyəcan təbili» əsəri (Bakı, 1976, 1982) təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciət, çağırışdır. Onun dediyi kimi «Təbiəti duymaq, dinləmək, lazım gələndə bütün hisslərini səfərbər edib onun keşiyində durmağı bacarmaq psixologiyasını böyüyən nəslə aşılamaq ən yaxşı təbiət dərsidir».
"YER VƏ İNSAN" jurnalı
№/05/NOYABR-DEKABR/2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM