Mineral sərvətlərimiz: onların səmərəli istifadəsi qeyri-neft sektorunun inkişafına təkan verə bilər

09:30 / 07.02.2016

 Rəşid Fətəliyev

Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının neft və kimya şöbəsi müdirinin müavini
geologiya-mineralogiya
elmləri namizədi

 Azərbaycan neft-qaz ölkəsidir və neft-qaz sənayesi neçə illərdir ki, ölkə iqtisadiyyatının bel sütununu təşkil edir desək, yanılmarıq. Təbii ki, neft və qaz dəyərli mineral sərvətdir, onların olması iqtisadi inkişaf, enerji təhlükəsizliyi üçün çox mühüm amildir, amma istənilən halda, bu sərvət sonsuz deyil və ölkənin gələcək inkişafını tək bu amillə bağlamağın doğru olmadığını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ neft qiymətlərinin və hasilatının yüksək olduğu vaxtlarda söyləmişdi. Dövlət başçısı hər çıxışında ölkəmizin neft gəlirlərindən asılılığını azaltmaq üçün iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının vacibliyini qeyd edir. Elə bu yaxınlarda ölkəmizin Prezidenti “Qalaaltı” istirahət və müalicə kompleksinin açılışında həmin məntiqə söykənərək demişdi: “Biz nefti və qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq.”

Şübhəsiz ki, malik olduğumuz təbii resursların sırasında mineral sərvətlər xüsusi önəm kəsb edir. Bəs görəsən, adi statistik Azərbaycan vətəndaşı yaşadığı ölkəsinin neft və qazdan başqa hansı mineral sərvətləri olduğu haqda nə kimi təsəvvürə malikdir?

Mineral sərvət nə deməkdir?

İstənilən ölkənin təbii sərvətləri onun sərhədləri daxilində mövcud olan torpaqları, dağları, meşələri, çayları, dənizləri, bütün bitki və heyvanlar aləmi, yeraltı və yerüstü mineral sərvətləridir. Mineral sərvətlər və ya mineral ehtiyatlar elə faydalı qazıntılar deməkdir. “Faydalı qazıntı” ifadəsi isə “poleznoye iskopaemoye” termininin rus dilindən birbaşa tərcüməsidir. Avropa dillərində bu termin “mineral resurslar”, türk və fars dillərində isə “maden” kimi ifadə olunur. Azərbaycan dilində “mədən” sözünü adətən işlənmiş və ya işlənməkdə olan faydalı qazıntı yataqlarına aid edirlər.
Geoloji ədəbiyyatlarda faydalı qazıntı – yer qabığının kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə istehsalatda xammal və ya yanacaq kimi səmərəli istifadəsinə imkan verən mineral və üzvü birləşməsinə deyilir. Faydalı qazıntının yerin üstündə və ya altında aşkar edilməsi onun hələ yataq, yəni sənaye istismarına yararlı olması demək deyildir. Geoloqlar axtarış zamanı aşkar etdikləri hər hansı bir faydalı qazıntı (mineral maddə) toplusunu ilkin olaraq təzahür kimi qeydə alırlar. Sonrakı geoloji-kəşfiyyat işləri ilə təzahürün parametrlərini – ölçülərini, konturlarını, mineral və kimyəvi tərkiblərini, ehtiyatlarını və s. dəqiqləşdirir və həmin göstəricilər əsasında bu təzahürün yataq olması, yəni mövcud texnologiya ilə sənaye miqyasında işlənmə mümkünlüyünü müəyyən edirlər. Bu baxımdan, “faydalı qazıntı yatağı” anlayışı daha çox iqtisadi mahiyyət daşıyır, nəinki geoloji. Beləliklə, faydalı qazıntı yatağı - yerin təkində və səthində müxtəlif geoloji proseslər nəticəsində təbii şəkildə toplanan və kəmiyyətcə, keyfiyyətcə və dağ-texniki şəraitinə görə sənaye işlənməsi iqtisadi cəhətdən səmərəli olan mineral maddələr toplusudur.
Maddənin üç halı olduğu kimi faydalı qazıntılar da üç halda olurlar: bərk, maye və qaz halında. Adətən təyinatlarına və ya sənayedə istifadəsinə görə onları dörd qrupa bölürlər: filiz (metal); qeyri-filiz (qeyri-metal); yanar və hidromineral faydalı qazıntılar.

Yanar faydalı qazıntılar

Yaxın aylarda Bakıda uğurla başa çatmış İlk Avropa Oyunlarının minlərlə iştirakçısı və şəhərimizə təşrif gətirmiş xarici qonaqlar Vətənimizə əbəs yerə “Odlar yurdu”, “Odlar diyarı” deyilmədiyinin bir daha şahidi oldular. Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri və ölkəmizin tanıdılması istiqamətində təşkil olunmuş digər yüksək səviyyəli müxtəlif tədbirlər bunları deməyə əsas verir. Bu kontekstdə ən önəmli məqamlardan biri İlk Avropa Oyunları məşəlinin qədim Atəşgah məbədinin alovu ilə yandırılması və bu ənənənin gələcəkdə başqa ölkələrdə keçiriləcək Avropa Oyunları üçün də davam etdiriləcəyinə qərarın verilməsidir.
“Odlar yurdu” ifadəsi çeşidli müsbət mənaları özündə ehtiva etsə də şübhəsiz ki, bu, həm də Azərbaycan ərazisinin yanar faydalı qazıntılarla, xüsusilə neft və təbii qazla zənginliyindən xəbər verir. Bəllidir ki, ta qədimdən insanlar neftdən yanacaq, bəzən də müalicə məqsədləri kimi istifadə etməyi öyrənmişlər, lakin bu baxımdan təbii qaz (metan) uzun əsrlər boyu istifadəsiz qalmışdı. Milyon illər ərzində yer təkində əmələ gəlmiş qaz tektonik çatlar vasitəsilə dərin qatlardan yer səthinə sızaraq, müəyyən səbəblərdən alışmış, illərlə yanmaqda davam etmiş və indi də bəzi yerlərdə (Yanardağ, Xınalıq və s.) davam etməkdədir. İnsanlar torpağın, bəzən də suyun alovla yanmasından vahimələnərək onun bir möcüzə, ilahi bir qüvvə olduğuna inanmış, sonralar həmin yerlərdə ziyarətgahlar, pirlər tikmiş, oda sitayiş etmişlər ki, bu da zərdüştilik (atəşpərəstlik) dininin əsas ayinlərindəndir. Heç şübhəsiz ki, bu gün də dilimizdə müqəddəs məkanlara, pirlərə “ocaq” deyilməsi qədim atəşpərəst inanclarımızla bağlıdır.
Bəli, əsrlərlə beləcə davam etdi və nəhayət, insanlar istifadəsiz qalan bu qiymətli təbii sərvətdən faydalanmağın yollarını mənimsədilər, dərin quyular qazdılar, borular çəkdilər, qurğular tikdilər, yüksək enerji tutumlu bu sərvətdən yanacaq kimi istifadə etməyi öyrəndilər, istilik və elektrik enerjisi almağa başladılar. Bunları biz də öyrəndik, yeni neft və qaz yataqları kəşf etdik, xarici şirkətlərlə və dövlətlərlə sazişlər imzaladıq və Azərbaycan torpağının bağrında formalaşan odu, alovu uzaq-uzaq ölkələrə daşımaq üçün minlərlə kilometr neft və qaz kəmərləri çəkdik. İndi də çəkməkdə davam edirik. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft-qaz strategiyası onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir, bu sahədə dünya əhəmiyyətli layihələr həyata keçirilir. “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropaya nəqli məqsədi ilə Cənubi Qafqaz boru xəttinin genişləndirilməsi və TANAP layihəsi üzrə tikinti işləri sürətlə davam etdirilir, TAP layihələrinin gerçəkləşdirilməsinə hazırlıq işləri görülür.
Xarici ölkələrdə xidməti ezamiyyətlərdə olarkən, həmsöhbətlərimdən ölkəmiz haqqında az-çox təsəvvürü olanlar ixtisasca geoloq olduğumu biləndə soruşurdular ki, Azərbaycanın zəngin neft və qaz ehtiyatları olduğunu bilirik, bəs, başqa nəyi var? Təbii ki, imkan daxilində onlara ölkəmizin malik olduğu digər faydalı qazıntılar barədə ətraflı məlumat verirdim və dünya çapında ərazicə o qədər böyük olmayan Azərbaycanda bu qədər çeşidli və zəngin mineral ehtiyatların mövcudluğu onları xeyli təəccübləndirirdi.
Maraqlıdır ki, ölkəmizin ərazisində yanar faydalı qazıntıların hər üç növünə - bərk (daş kömür, yanar şist, bitum, torf), maye (neft, kondensat) və qaz (təbii qaz –metan, etan, propan) halına rast gəlinir. Neft və təbii qaz yataqlarımız, onların ehtiyatları, işlənməsi və ölkəmizin iqtisadiyyatında rolu haqda kütləvi informasiya vasitələrində çoxlu sayda məlumatların və oxucuların bu sahədə kifayət qədər bilgilərinin olmasına şübhəm yoxdur. Amma onu əlavə etmək olar ki, bu qrupa daxil olan yanar şistlər, daş kömür, bitum, torf və s. bu kimi bərk faydalı qazıntıların Azərbaycanda yataqları aşkar olunsa da, hələlik onların işlənməsi iqtisadi cəhətdən əlverişli hesab edilmir.

Filiz və ya metal faydalı qazıntılar

Dünyada maddi olan hər varlıq özünə məxsus bir rəngə malikdir. Metallar da istisna deyil, qara (dəmir), qırmızı (mis), sarı (qızıl), gümüşü (alüminium, qurğuşun) rənglərdə olurlar. Təbiətdə onların bəzilərinə (qızıl, mis, gümüş, platin və s.) sərbəst halda rast gəlinsə də böyük əksəriyyəti mineral birləşmələr şəklində süxurlar içərisində toplaşaraq təzahür və yataqlar əmələ gətirirlər. Bu, süxur qarışıq mineral birləşmələr elmi ədəbiyyatda filiz adlanır.
Ümumiyyətlə, filiz, yəni metal yataqları deyəndə ilk növbədə insan ağlına qızıl, gümüş, mis və dəmir gəlir. Bu, həqiqətən də belədir, çünki bunlar insanlıq tarixinin ən qədim metallarıdır. İndi sənayenin müxtəlif sahələrində 70-ə yaxın metaldan istifadə olunmasına baxmayaraq, bu metallar yenə də öz əhəmiyyətlərini nəinki itirməyiblər, hətta onlardan daha geniş miqyasda istifadə edilir. Lakin bir şey dəyişməz olaraq qalır: texnika, texnologiya gün-gündən təkmilləşsə də istənilən faydalı qazıntının, xüsusən metalların əldə olunması asan başa gəlmir, bu, uzun müddətli və həm də, mən deyərdim ki, çoxsaylı insanların-geoloqların, dağ-mədən işçilərinin və metallurqların və c. məşəqqətli əməyinin nəticəsidir.
Azərbaycanın Dövlət balansında ehtiyatları təsdiq olunmuş 21 filiz yatağı qeydə alınmışdır, onların çoxu mis, qızıl, polimetal, dəmir və alunit filizi yataqlarıdır. Bunlardan əlavə, dəyərli metallardan olan gümüşün, kobaltın, civənin, molibdenin, xromun ehtiyatları hesablanmışdır.
Geoloji ədəbiyyatlarda filiz yataqlarının müxtəlif təsnifatları verilir və adətən onlar 6-8 qrupa bölünürlər, sənayeçilər isə bütün metalları rənglərinə görə 2 böyük qrupa – qara və əlvan metal qruplarına bölürlər.
Qara metallar. Qara metallar deyəndə ilk növbədə dəmir və onun xəlitələri (polad, çuqun), həmçinin manqan nəzərdə tutulur və bəzən bura xrom və vanadiumu da əlavə edirlər. Dünya iqtisadiyyatında istifadə olunan metalların 90 faizindən çoxu qara metalların payına düşür, onun da böyük əksəriyyətini müxtəlif tipli poladlar təşkil edir. Polad istehsalı üçün əsas mineral-xammal dəmir filizidir. Dünyanın 100-ə yaxın ölkəsində dəmir filizi yataqları aşkarlanıb, ancaq onlar 50-dən artıq ölkədə istismar olunur. Avstraliya, Braziliya, Hindistan, Rusiya bu filizi ən çox ixrac edən, Çin, Yaponiya, Cənubi Koreya, Almaniya, Fransa isə onu ən çox idxal edən ölkələrdir.
Ekspertlərin hesablama-larına görə dünyadakı dəmir filizlərinin ümumi ehtiyatları təxminən 464 mlrd. ton, təsdiq olunmuş ehtiyatları isə 200 mlrd. ton təşkil edir. Rusiyadakı Kursk Maqnit Anomaliyası dünyanın ən böyük dəmir filizi yatağı hesab edilir. Bu super nəhəng yataqda filizin təsdiq olunmuş ehtiyatları 30 mlrd. tondur və alimlər bu rəqəmin gələcəkdə 200 mlrd. tona çatacağını ehtimal edirlər. Vaxtı ilə gənc mütəxəssis kimi Qryol vilayəti ərazisində həmin yatağın şimal cinahlarının tədqiqində iştirakımı qürurla xatırlayıram.
Qara metallardan dəmir, manqan və xrom filizlərinin Azərbaycan ərazisində müxtəlif illərdə bir neçə yatağı aşkar edilib, lakin onlardan keyfiyyət və kəmiyyət göstəricilərinə görə sənayenin tələbatını ödəyə bilən yalnız Daşkəsən qrupu dəmir filizi yataqlarıdır. Bu ərazidə dəmir filizi ta qədimdən məlum olsa da yalnız 20-ci əsrin əvvəllərindən onun sistematik öyrənilməsinə başlanmış, əvvəl rus, 50-60-cı illərdən başlayaraq, Azərbaycan alim və geoloqları tərəfindən hərtərəfli tədqiq edilmişdir. Yatağın elmi tərəfdən araşdırılmasında akademik Mirəli Qaşqayın, filiz ehtiyatlarının hesablanmasında isə Dəmir Əhmədovun və İsrafil Mövsümovun böyük xidmətləri olmuşdur. Ölkəmizin qara metallurgiyasının çox əhəmiyyətli mineral-xammal bazası olan Daşkəsən qrupu dəmir filizi yatağı maqnetit-skarn tərkibli üç yataq və iki təzahürdən ibarətdir. Filizin ümumi ehtiyatları 265 mln. ton civarında təsdiq edilmiş və yataq 1954-cü ildən istismar edilir. Arada fasilələr olsa da, Filizsaflaşdırma Kombinatı Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2013-cü il Sərəncamı ilə yeni yaradılmış “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin tabeliyinə veriləndən sonra fasiləsiz işləməyə başlamışdır.
Əlvan metallar. Əlvan metallar dəmirə nisbətən təbiətdə az rast gəlinir və hasilatı da baha başa gəlir, ancaq onlarsız keçinmək də mümkün deyil, çünki onların bəzi xüsusiyyətlərini dəmir əvəz edə bilməz. Əlvan metallar fiziki – kimyəvi xüsusiyyətlərinə görə çox rəngarəngdirlər, bu səbəbdən mütəxəssislər onları 7-8 qrupa ayırırlar: mis, nikel, sink, qurğuşun və qalay – ağır; alüminium, maqnezium, titan – yüngül; qızıl, gümüş, platin – nəcib; uran, torium, radium – radioaktiv metallar və c. hesab olunurlar.
Dünyanın ən zəngin mis, qurğuşun və sink yataqları Çili, Avstraliya, Peru, ABŞ və Meksikadadır və onlar, eləcə də Kanada, Rusiya və Çin bu metalları həm də ən çox hasil edən ölkələrdir. Mənbələrdə 2012-ci ildə filizdən dünya üzrə 17 mln. ton mis və 5.2 mln. ton qurğuşun hasil edildiyi bildirilir.
Azərbaycan ərazisində əlvan metalların böyük əksəriyyətinin təzahürlərinə rast gəlinsə də əsasən mis, sink, qurğuşun, alüminium, kobalt, civə və molibdenin sənaye əhəmiyyətli yataqları qeydə alınmışdır. Əlvan metallar təbiətcə oxşar xassələrə malik olduqlarından bir çox hallarda eyni yataqda formalaşaraq vahid bir polimetal (yəni “çoxmetallı”) filiz yataqları əmələ gətirirlər. Bu tip yataqlardan Balakən rayonunda yerləşən Filizçay qrupu yataqlarını xüsusi qeyd etmək lazımdır. Əsas tərkibi qurğuşun, sink və mis olan və özündə daha bir neçə qiymətli və nadir metalı, o cümlədən qızıl, gümüş, kadmium, vismut, kobalt və s. saxlayan bu zəngin yataq filiz ehtiyatlarının həcminə görə Avropada ikincidir. Onun işlənməsi ölkəmizin qeyri-neft sənayesinin inkişafında yeni bir səhifə ola bilər.
Alüminium istehsalı üçün əsas mineral-xammal boksit filizidir ki, burada alüminium oksidinin miqdarı yüksək olur. Azərbaycan ərazisində (Naxçıvanda) bir neçə boksit təzahürünə rast gəlinsə də onun sənaye əhəmiyyətli yatağı aşkar edilməmişdir, lakin bu metalın alınması üçün yararlı digər mineral-xammalın - alunit filizinin bir neçə yatağı və təzahürü qeydə alınmışdır. Onların arasında Daşkəsən rayonundakı Zəylik yatağı öz ehtiyatlarına görə mühüm əhəmiyyət daşıyır. Ötən əsrin 60-cı illərində yataqda filizlərin ehtiyatı 173 mln. ton təsdiq edilmişdir ki, bu da həmin yatağın dünyanın eyni tipli nəhəng yataqları sırasında yer almasına imkan verir. 1964-cü ildən yataqda istismar işlərinə başlanılmış, uzun müddət Gəncə Gil-Torpaq Kombinatını xammalla təchiz etmişdir. Hazırda karxanada işlər dayandırılıb, onun fəaliyyətini bərpa etmək üçün tədbirlər görülür.
Nəcib metallar. Nəcib metallardan Azərbaycan ərazisində ən çox yayılanı qızıldır. Gümüşə ayrıca yataq şəklində rast gəlinməsə də ehtiyatları digər filizlərin tərkibində hesablanmış, platinin isə nişanələri qeyd edilmişdir. Bütün dövrlərin dəyərli metalı olan və bu gün də dünya iqtisadiyyatında xüsusi önəmə malik qızıl dünyanın təxminən 70 ölkəsində çıxarılır və ən iri yataqları CAR, Avstraliya, Kanada, ABŞ və Rusiyadadır.
2014-cü ildə dünya üzrə 2860 ton qızıl hasil edilmişdir və bu sahədə Çin son illərdə liderlik etməkdədir - 450 ton. Ən çox qızıl hasil edən 10 ölkə sırasında Rusiya (245 ton) və Özbəkistan da (102 ton) yer almışdır.
Ölkəmizdə də bir neçə qızıl yatağı, o cümlədən Söyüdlü (Kəlbəcər r-nu), Vejnəli (Zəngilan r-nu), Qoşa (Tovuz r-nu), Çovdar (Daşkəsən r-nu), Pyazbaşı, Ağyurd (Ordubad r-nu) aşkar edilmiş, həmçinin Gədəbəy, Qızılbulaq (Agdərə r-nu) mis, Filizçay (Balakən r-nu) və Dağkəsəmən (Qazax r-nu) polimetal yataqlarında xeyli miqdarda qızıl ehtiyatları hesablanmışdır. Təəssüflə vurğulamaq istərdim ki, erməni işğalına məruz qalmış ərazilərdə qalan çox əhəmiyyətli Söyüdlü və Qızılbulaq yataqları alınan dolayı məlumatlara görə xarici şirkətlərin köməyi ilə xain qonşularımız tərəfindən istismar edilməkdədir.
Respublikamızda dağ-mədən sənayesinin yeni bir sahəsi - qızılçıxarma sənayesi təşəkkül tapmaqdadır. Azərbaycanda “pay bölgüsü” əsasında ilk “qızıl kontraktı” 1997-ci ildə ABŞ-ın “RV İvestment Group Servises LLC” şirkəti ilə Gədəbəy mis-qızıl və digər yataqların, ikincisi isə “Londreks Resorsiz S.A” və s. şirkətlər qrupu ilə Qaradağ mis-porfir, Çovdar qızıl və digər yataqların öyrənilməsi, kəşfiyyatı və hasilatın pay bölgüsü şərtilə bağlanmışdır. Gədəbəy yatağında hasilat işlərinə 2009-cu ildə başlanılmış və açılışda dövlət başçısı şəxsən iştirak etmişdi. Hazırda yataqdan ildə təxminən 50-60 min unsiya təmiz qızıl, əlavə olaraq, bir qədər gümüş və mis çıxarılır. İkinci “qızıl kontraktı” üzrə tədqiqat işləri aparılmış və işlər müvəqqəti dayandırılmışdır.
Azərbaycanda əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni təmin etmək üçün Respublika Prezidenti İlham Əliyev 11 fevral 2015-ci ildə daha bir mühüm sənəd – “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaradılması haqqında Sərəncam imzalayıb. Hazırda həmin qurumun Nizamnaməsi və strukturu hazırlanır.

Qeyri-filiz və hidrotermal faydalı qazıntılar

Qeyri-filiz (qeyri-metal) faydalı qazıntı yataqlarının ölkəmizin ərazisində yayılma coğrafiyası digər faydalı qazıntılara nisbətən xeyli genişdir. Bu tip yataqlara respublikamızın hər bir guşəsində rast gəlmək mümkündür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Xidmətinin məlumatına əsasən Dövlət balansında ehtiyatları təsdiq olunmuş 500-ə yaxın yatağın böyük əksəriyyəti – 90 faizdən çoxu qeyri-filiz yataqlarıdır. Onlara adətən tikinti materiallarını (əhəngdaşı, qum, gil və s.), kimya xammalını (barit, kükürd kolçedanı, gips və s.), həmçinin qiymətli və yarımqiymətli daşları aid edirlər. Ölkəmizin ərazisində qiymətli daşlara rast gəlinməsə də yarımqiymətli və bəzək daşlarının (firuzə, oniks, yəşəm və s.), hətta ehtiyatları hesablanmış yataqları mövcuddur. Bu gün ölkəmizdə neçə-neçə qeyri-neft sənayesi müəssisəsi, o cümlədən sement, şüşə zavodları, mişar və üzlük daşı kombinatları, gil, qum-çınqıl karxanaları və s. belə qeyri-filiz faydalı qazıntı yataqlarının xammalı əsasında fəaliyyət göstərirlər.
Hidromineral qrupu yataqları adından göründüyü kimi maye tipli faydalı qazıntıları, yəni şirin, mineral və termal suları əhatə edir. Onların Azərbaycan ərazisində çox böyük ehtiyatları mövcuddur və bir neçəsi sənaye istismarına cəlb olunmuşlar. Bunlardan ən maraqlısı yodlu-bromlu sulardır ki, onların ehtiyatları bazasında Neftçalada tikilmiş müasir zavodda tibb üçün çox önəmli olan yod birləşmələri alınır.
Göründüyü kimi, ölkəmizin ərazisi çeşidli faydalı qazıntılarla zəngindir. Sənayenin müasir tələbləri əsasında onların yenidən tədqiqi, səmərəli istifadəsi və modern üsullarla idarə olunması ölkəmizin qeyri-neft sektorunun və bütövlükdə iqtisadiyyatımızın inkişafına təkan verər.

 "YER VƏ İNSAN" jurnalı

№/05/NOYABR-DEKABR/2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM