Osmanlı dövlətində şahnaməçi azərbaycanlı alimlərdən biri olan Fətulla Arifi Çələbİ

09:00 / 14.02.2016

BİLAL DƏDƏYEV,
Tarix üzrə fəlsəfə doktoru, dosent

Osmanlı dövlətində “şahnamə” yazma ənənəsi Fidövsinin “Şahnamə”sinə görə, İran ədəbi mühitinin təsiri ilə ortaya çıxsa da, bu ənənəni həyata geçirənlər əsasən Azərbaycan ədibləri olmuşdur. Belə ki, Fateh Sultan II Mehmed (1451-1481) İstanbulun fəthindən (29 may 1453) sonra güclü imperiyaya çevrilən Osmanlı dövlətini daha da inkişaf etdirmək üçün qonşu müsəlman ölkələrdən çoxsaylı elm və mədəniyyət xadimini öz ölkəsinə cəlb etmişdir. Bunların içərisində otuza qədər Azərbaycandan gedən şairlər də olmuşdur. Osmanlı cəmiyyətində bu azərbaycanlı mədəniyyət xadimlərinə çox böyük hörmət və rəğbət göstərildiyi və dövlət tərəfindən onların planlı bir şəkildə ölkəyə yerləşdirilməsini mənbələr təsdiq edir. Məhz Osmanlı dövlətində ilk “şahnamə” nümunələrini ərsəyə gətirənlər də Azərbaycan ədəbi mühitinin yetişdirdiyi bu şairlərdən olan Keşifi [ 27, 12-13] və Məali [31, 58] olmuşdur.
Şahnamə yazma ənənəsi daha sonrakı dövrlərdə də davam etdirilmişdir. Bütün bunlara baxmayaraq, Osmanlı dövlətində rəsmi və planlı bir şəkildə ilk “şahnaməçilik” müəssisəsi və bunun müqabilində təyin olunan “şahnaməçi” vəzifəsi Qanuni Sultan Süleyman (1520-1566) dövrünə təsadüf edir. Osmanlı dövlətində “şahnaməçi” sözü”sultanın kitabını yazan şəxs” mənasına gələn saray tarixçiləri ilə bağlı istifadə olunmuşdur. Şahnaməçilərin gördüyü iş isə, Osmanlı xanədanının şərəfli tarixini şeir dilində yazdıqdan sonra, bu əsərləri cildlənmiş bəzəkli kitablar halına gətirməkdən ibarət idi. Ümumiyyətlə, Osmanlı tarixində XVI əsrin ortalarından başlayaraq XVII əsrin əvvəllərinədək saraydakı bu vəzifəyə sırf şahnaməçi olaraq beş nəfər təyin edilmişdir [37, 456-458]. Bu şahnaməçilərdən ilk üçü azərbaycanlı alim-şairlər olan Fətulla Arif Çələbi,Əflatun Şirvani və Seyyid Loğman bin Hüseyn Urməvidir. Osmanlı dövlətində ilk dəfə rəsmi şahnaməçi vəzifəsinə təyin olunan isə, həm türk, həm də fars dillərində şeirlərini Arifi təxəllüsü ilə yazan azərbaycanlı şair, xəttat, nəqqaş və tarixçi-alim Fətulla Arifi Çələbi olmuşdur. Onunhaqqında Azərbaycanda demək olar ki, müstəqil heç bir araşdırma aparılmayıb. Türkiyədə isə Fətulla Arifi Çələbinin əsərlərinin bir neçəsi tədqiq edilib [11; 14] və Tahsin Yazıcı tərəfindən onun haqqında məqalə yazılıbdır [39]. 2014-cü ildə Osmanlı dövlətində azərbaycanlı şahnaməçilər haqqında yazdığım məqaləmdə bəzi əlavələr edərək onun həyat və yaradıcılığına mən də toxunmuşam [13, 157-161]. Ancaq, əldə etdiyim yeni mənbə məlumatları onun haqqında yeni məqalə yazmağıma material verdi.
Mövzu ilə bağlı əsasməlumatları Osmanlı arxiv sənədləri və mənbələrindən əldə etmək mümkündür. Arxiv sənədlərindən Çaldıran döyüşündən sonra Səfəvi xəzinəsinin ələ keçirilərək qeydə alındığı 2 sentyabr 1514-cü il tarixli və bu gün Türkiyə Respublikası Topqapı Sarayı Muzeyi Arxivində saxlanılan D. 10734 saylı farsca arxiv sənədini [18] və23 mart-12 aprel 1515-ci il tarixli Sultan I Səlimin Amasiyada yazdırdığı Təbrizdən İstanbula aparılan elm və sənət xadimlərinin siyahısı tutulan təqsimat dəftərini [5, 325-333]xüsusi olaraq qeyd etmək olar. Osmanlı mənbələri olaraq Fətulla Arifi Çələbinin çağdaşları olan Aşıq Çələbinin (v. 1572) [6], Əhdi Bağdadinin (v.1593) [2], Muhyi-i Gülşəninin (1529-1608) [28], Gelibolulu Mustafa Əlinin (1541-1599) [15; 16], Kınalızadə Həsən Çələbinin (1546-1604) [22], Mustafa Bəyaninin (v. 1597) [9] və daha sonra isə Nevizadə Ətainin (1583-1635) [29], XIX-XX əsr Osmanlı tarixçiləri Məhməd Cəmaləddin Əfəndinin (v. 1845) [26], Məhməd Sürəyyanın (1845-1909) [33], Bursalı Məhməd Tahirin (1861-1925) [10] əsərlərindən istifadə etmişik. Eyni zamanda mövzumuzla əlaqəli olan kifayət qədər kitab və məqalədən yararlanmışıq.
Fətulla Arifi Çələbinin atası əslən Şirazdan olan Dərviş Məhəmməd Çələbinin Əcəmdən Osmanlı ölkəsinə gəldiyini və məhşur xəlvəti şeyxlərindən İbrahim Gülşəninin (v. 1534) qızıyla ailə qurduğunu XVI əsr Osmanlı əsərlərinin çoxu qeyd etməkdədir [2, 214; 6, 558; 28, 336; 15, 631; 22, 27; 9, 113; 29, 31; 26, 50]. Osmanlı təzkirələrində və Türkiyə tarixşünaslığında Fətulla Arifi Çələbinin doğum tarixi və ümumiyyətlə onun Azərbaycanda, yoxsa Misirdə dünyaya gəldiyinə dair heç bir məlumat verilmir. Hətta onun Osmanlı dövlətinə getdiyi tarix də dəqiq bilinmir. Bəzi tarixi faktlara əsasən Sultan I Səlimin Misir fəthindən (1517-ci il) bir neçə il sonra onun Misirdən İstanbula gəldiyi təxmin edilir. Atasının Osmanlı ölkəsində dövlət xidmətində işlədiyi hətta, 1546-cı ildə Səfəvi dövlətinə qarşı üsyan qaldırmış Şah Təhmasibin (1524-1576) qardaşı Şirvan bəylərbəyi Əlqas Mirzənin yanına bir dəfə də elçi olaraq göndərildiyi məlumdur. Fətulla Arifi Çələbi də 1547-ci ildə Osmanlı dövlətinə sığınan Əlqas Mirzənin bir müddət “nişancısı” olmuşdur [2, 214; 6, 558; 29, 31; 33, 523; 39, 371; 3, 55; 11, 16]. Tahsin Yazıcı, Fətulla Arifi Çələbi haqqında hazırladığı məqaləsində onun adına ilk dəfə, 31 oktyabr 1545-ci il tarixli maaşların ödənməsiylə bağlı bir Osmanlı arxiv sənədində rast gəldiyini və 1546-cı ildə də Muhyi-i Gülşəninin öz əsərində qeyd etdiyinə görə onu Sultan Süleymanın “Qapı ağası” olan Heydər Ağanın evində gördüyünü bildirir [39, 371-372]. Bundan başqa bu məsələni “Arifi Fethullah Çelebi ve Futuhat-ı Cemilesinin Tenkidli Metni” adlı magestratura işində ələ alan Davut Ebrahimi Tahsin Yazıcının qeydlərinə əlavə olaraq, Heydər Ağanın evindəki məclisdə iştirak edən Arifinin 18 yaşında olduğunu və bu hesabla onun 1528-ci ildə anadan ola biləcəyini iddia edir [14, 14]. Halbuki, istinad olunan əsərdə müəllif özünün (Muhyi-i Gülşəni) 18 yaşında olduğunu Osmanlıca yazdığı “Fakir henüz on sekiz yaşında olup...” cümləsində açıqca dilə gətirir [28, 337]. Əslində özü də Fətulla Arifi Çələbi kimi azərbaycanlı olan Muhyi-i Gülşəninin ata-babaları Ağqoyunlu və Səfəvi dövlətlərində Şirazda yaşamışlardır. Babası Əbu Talib ticarətçi olub, Ağkoyunlu şahzadəsi Sultan Xəlilin zülmündən qaçaraq Şirazdan Qəzvinə gəlmişdir. İbrahim Gülşəninin mürüdü olduğu üçün Səfəvilər dövründə yaxalanaraq öldürülmüşdür. Bundan sonra atası Fətulla Qəzvini Osmanlı dövlətinə qaçaraq Ədirnədə məskunlaşmışdır. Muhyi-i Gülşəni məhz 1529-cu ildə Ədirnədə dünyaya gəlmişdir [28, 289-290; 40, 79-81]. Muhyi-i Gülşəni, öz əsərində Arifini “Şeyx İbrahim Gülşəninin qızının oğlu Şahnaməçi Mövlana Arif Fətulla Əfəndi” kimi təqdim edərkən ev sahibi Heydər Ağanın ona çox böyük hörmət göstərdiyini xüsusilə qeyd edir [28, 336-337]. O məclisdə iştirak edənlərdən biri də başqa bir azərbaycanlı alim-şair olan və 1514-cü ildə Sultan Səlimin Təbrizdən qardaşı Bidari ilə birlikdə İstanbula götürdüyü Hüsaməddin Səhabi [16, 200, 226; 8, 309-310] olmuşdur.
Türkiyə tarixşünaslığındaki bütün bu məlumatlardan belə qənaətə gəlmək olar ki, Fətulla Arifi Çələbinin 1545-ci ildən əvvəlki həyatı ilə bağlı hər hansı bir fikir söyləmək olduqca çətindir. Ancaq, əlimizdəki iki tarixi sənəd və bəzi tarixi hadisələr onun həyatının məlum olmayan dövrünü az da olsa işığlandırmağa imkan verir. Belə ki, Çaldıran döyüşündən sonra Təbrizə daxil olan Sultan Səlim, Səfəvi dövlətinin var-dövlətini, Şah İsmayılın (1501-1524) Təbrizdə “Həşt Behişt” sarayındaki xəzinəsini və çox sayda elm və mədəniyyət xadimini ələ keçirtmişdi. Təbrizdə qənimət olaraq götürülən Səfəvi xəzinəsinin qeydə alındığı 2 sentyabr 1514-cü il tarixli və bu gün Türkiyə Respublikası Topqapı Sarayı Muzeyi Arxivində saxlanılan D. 10734 saylı farsca arxiv sənədində “An yed-i Mövlana Fəthullah katib: Kitab-i Şahnamə, musavvər u müzəhhəb, natamam” cümləsi mövzu ilə bağlı olaraq diqqətimizi çəkdi [18, 33]. Buradan aydın olur ki, katib Mövlana Fətulla adında Səfəvi bir alimin daha bitirmədiyi, qızıl suyu ilə işlənmiş cildli və miniatür şəkilli “Şahnamə”si də Osmanlı dövlətinə aparılan qiymətli əşyaların içində olmuşdur. Başqa bir arxiv sənədində isə, elə bu şahnaməni hazırlayan Mövlana Fətullanın özünün də Osmanlı dövlətinə aparıldığı qeyd olunur. Belə ki, 23 mart-12 aprel 1515-ci il tarixli Sultan Səlimin Amasiyada yazdırdığı Təbrizdən İstanbula aparılan elm və sənət xadimlərinin siyahısı tutulan təqsimat dəftərində, Osmanlı dövləti tərəfindən maaşa bağlanan, yəni “ulüfə” alan Səfəvi dövlətinin adlı-sanlı 70 nəfər elm və sənət xadiminin arasında 3-cü sırada qeydə alınan “Fətulla-katib” adlı şəxsin Səfəvi dövlətində şahnaməci olaraq fəaliyyət göstərmiş katib Mövlana Fətulladan başqası deyildir [4, 332]. Əfsuslar olsun ki, 12 aprel 1515-ci ildən 31 oktyabr 1545-ci ilə qədər otuz il ərzində hələlik onun haqqında heç bir arxiv sənədində məlumat tapa bilmədik. Çox ətraflı yazılmış 1526-cı il tarixli Qanuni Sultan Süleyman dövrü Osmanlı saray sənətkarlarına (əhl-i hirəfin) hər üç ayda bir verilən yevmiyyə-maaş dəftərində də onun adı yoxdur [36, 23-76]. Maraqlısı budur ki, 1545-ci ildən sonra qeydə alınmış 4 mart-31 may 1546-cı il tarixli maaş dəftərində xüsusi olaraq qeyd olunan xəttat və müstənsihlərin yer aldığı “cəmaatı katiban-ı kütüb” şöbəsində də onun adı keçmir [38, 502]. Ancaq, Gelibolulu Mustafa Əli, Künhu’l Ahbar əsərinin bir yerində Osmanlı dövlətində şahnaməçilik müəsissəsinin təhsis edilməsindən bəhs edərkən “Eğerçi ki, Sultan Selim Han zamanında ahsen-i mevcud Mevlana Arif nam nazm-ı maarif şuhur-i Şeh-name guyi taayyün olınmışdı. Mısırda asude Şeyh İbrahim Gülşeni’nin Cevahir-zadesi idi...” [15, 631]deməklə onun Sultan Səlim zamanında Osmanlı dövlətinə şahnaməçi vəzifəsinə gətirildiyini bir daha təsdiqləmiş olur.
Katib Mövlana Fətulla Çələbinin Osmanlı dövlətində yaşadığı halda, adının mənbələrə düşmə-məsinin, o dövrün tarixi hadisələri də diqqətə alınarsa zənnimcə iki səbəbi ola bilərdi. Birinci səbəb, babası İbrahim Gülşəni ilə bağlı olmalıdır. Baxmayaraq ki, Sultan Səlim dövründə Xəlvətiyyə təriqətinin tanınmış simalarından biri və bu təriqətin “Gülşəniyyə” şöbəsinin qurucusu olan İbrahim Gülşəninin Misirdəki fəaliyyəti üçün çox gözəl şərait yaradılmışdı, amma Qanuni Sultan Süleymanın hakimiyyətinin İbrahim paşa (1523-1536) dövründə Gülşəniyyə təriqəti ilə bağlı bəzi şüphələr ortaya çıxmağa başladı. Təzkirəçi Lətifiyə görə, bu güvənsizliyin səbəbi bəzi zındıq və mülhid kimsələrin Gülşəni zaviyyəsini özlərinə məkan kimi istifadə etməsindən qaynaqlanmışdır [23, 59]. Əhməd Yaşar Ocaq, bunu 1523-1524-cü illərdə Osmanlı dövlətinə qarşı üsyan qaldıran Misir bəylərbəyi Xain Əhməd paşa məsələsiylə əlaqələndirir. Hətta, üsyanı araşdırmaq üçün Misirə gedən baş vəzir İbrahim paşa, əvvəllər Osmanlı dövlətinin şeyxülislamı olmuş və həmin vaxt Misirdə yaşayan Mehmed Əfəndinin də iftiralırının təsiriylə Gülşənini bir müddət ev dustağına çevirmişdir [30, 314]. 1529-cu ildə 103 yaşında olan İbrahim Gülşəni İstanbula gətirdilərək Sultanın huzurunda Osmanlı üləması tərəfindən yoxlamadan geçirildikdən sonra, ona qarşı duyulan şüphələr ortadan qalxmışdır [12, 8]. Belə bir vəziyyətdə, İbrahim paşanın baş vəzir olduğu bir dövrdə, Gülşəninin kürəkəni Dərviş Məhəmməd Çələbi və nəvəsi Fətulla Çələbinin sarayda və ya İstanbulda hər hansı bir dövlət işinə qəbul olunması təbii ki, mümkün deyildi. Buna görə də, Fətulla Çələbinin və atasının Osmanlı dövlətindəki fəaliyyətləri məhz, 1529-cu ildən sonraya aid edilməlidir.
Onun adının mənbələrə düşməməsinin ikinci səbəbi isə yəqin ki, işiylə bağlı olmuşdur. Aşiq Çələbi onun bu dövrdəki vəzifəsiylə əlaqəli belə yazır: “Hattı divanide hüsn-i hat ve lutf-ı inşada destür-ı selatin-i Acem üzre ayi-ni kavanin yarlığ-ı mutada arif-i ebu’l-maarif kimesne idi. Əlqas Mirzənin nişancısı oldu” [6, 558]. Gelibolulu Mustafa Əli isə “A’cam revişindeki hatt-ı divanide ser-amed kavanin-iAcem-ayininde enguşt-nüma-yı beni ademolup Elkas Mirzanun nişancısı olmış idi” deməkdədir [16, 238]. Buradan aydın olur ki, divan katiblərinin daha çox istifadə etdiyi divani xəttdə gözəl yaza bilən Fətulla Arifi Çələbi, xarici əlaqələrdə Səfəvi dövləti ilə yazışmalarla məşğul olan Divan katibi olmuşdur. Osmanlı dövlətində nişancıların əsas vəzifəsi də Divan-i Hümayunda Sultanın “tuğrasını” çəkmək və xaricə gedən sənədləri qaydaya salmaqdan ibarət idi [19, 299-302; 1, 156-158]. Məhz, onun Əlqas Mirzəyə nişancı təyin edilməsində də bu amilin rolu çox böyükdür. Yuxarıda bildirilən Gülşəni məsələsindən və əlimizdəki mənbə və arxiv sənədlərində Divan üzvlərinin adları qeyd edilmədiyi üçün Fətulla Arifi Çələbinin həyatının bir hissəsi bizim üçün hələlik qaranlıq qalıbdır. Buna baxmayaraq, Sultan Səlimin İstanbula gətirdiyi katib Mövlana Fətulla ilə təxminən 1551-ci ildə Osmanlı dövlətinin ilk rəsmi şahnaməçisi təyin edilən Fətulla Arifi Çələbinin eyni şəxs olduğunu ehtimal etmək olar. O, Səfəvi dövlətində gördüyü işi, daha sonra Osmanlı dövlətində də davam etdirmişdir. Arxiv sənədində keçən “Mövlana Fətulla katibin hazırladığı qızıl suyu ilə işlənmiş cildli və miniatürlü Şahnamə kitabı” cümləsi onun Səfəvi dövlətində də şahnaməçi olduğunu təsdiq edir. O, bu işin sirlərinə yaxşı bələd olduğu üçün, Sultanın xüsusi icazəsiylə xəttat, nəqqaş və mücəllidlərdən ibarət sənətkarların yer aldığı “emalatxana” qurmuşdu [6, 558; 7, 69]. Bir qayda olaraq şahnaməçi öz sənətini ortaya çıxarmaq üçün fəlsəfə, tarix, coğrafiya, riyaziyyat, hüquq, xətt və inşa qaydalarını, adət-ənənələri bilməklə yanaşı, ensiklopedik səviyyədə savada malik olan bir alim olmalı idi. Əhdi Bağdadinin yazdığına görə, yuxarıda sadalanan bütün bu xüsusiyyətlər Fətulla Arifi Çələbidə olmuşdur [2, 214].
Fətulla Arifi Çələbi daha çox yazdığı ruh oxşayan gözəl qəsidə və qəzəlləriylə Osmanlı bürokratları və Sultan Süleymanın diqqətini özünə cəlb edə bilmişdir. Məhz bundan sonra ona gündəlik 25 axça maaş təyin olunaraq “şahnamə” yazmaq vəzifəsi verilmişdir. XVI əsr təzkirəçisi Əhdi Bağdadi onun qəzəllərini Nizami Gəncəvinin üslubuna bənzədərək, gündə 500 beyt şeir deyə bilmə qabiliyyətinin olduğunu qeyd edir [2, 214]. Onu da qeyd etmək lazımdır ki, Fətulla Arifi Çələbinin şahnaməçi vəzifəsində işlədiyi illərdə (1551-1559) Əhdi Bağdadinin də İstanbulda yaşadığı məlumdur [2, 5-6]. Görünür ki, Əhdi Bağdadi Fətulla Arifi Çələbini yaxından tanımış və onun sənətinə də bələd olmuşdur. Aşık Çelebi isə, Arifini yaxından tanıdığı kimi, onunla görüşdüyü əsnada 2000 beytlik şeirini bərabər oxuyarkən ərəb dilində sözlərin çox az istifadə edildiyini xüsusi olaraq vurqulamışdır [39, 372]. Geli-bolulu Mustafa Əli də, onunla üz-üzə görüşdüyünü bildirərək, ondan yeni nələr yazdığını soruşduğunu və Arifinin Hakim Tusinin “Onun təbiəti acı ağac kimidir” cümləsinə yazdığı nəzirəyə görə, o dövrdə yaşayan Molla Gubariadında bir şairlə deyişdiyini də qeyd edir [16, 239-240]. Fətulla Arifi Çələbiyə rəqib olan bu Molla Gubari isə, əslən Akşehirli ve Nakşibendi şeyxlərindən biri olan Mövlana Əbdur-rahman Gubaridir. Qanuni Sultan Süleymanın oğlu Şahzadə Bəyazidin xidmətində ikən onun oğlu Orxan Çələbiyə müəllimlik etmişdir. Bunun qarşılığında Sultan Süleymandan 1551-ci ildə şahnamə yazma əmri alaraq, 5 min beytlik”Süleymanname” adında şahnamə də yazmışdır.Şahzadə Bəyazidin qardaşı Şahsadə Səlimə məğlub olaraq 1559-cu ilin oktyabr ayında Səfəvilər dövlətinə qaçması məsələsi, Gubarinin 1561-ci ildə həbs olunmasına səbəb olmuşdur. 23 iyul 1562-ci ildə şahzadə Bəyazidin öldürülməsindən sonra həbsdən azad edilən Gubari, Məkkəyə gedərək orada açılan Nəqşibəndiyyə zaviyyəsində fəaliyyət göstərmiş və 1566-cı ildə orada vəfat etmişdir [16, 247-248; 14, 13; 35, 230-231; 4, 167-169].
Fətulla Arifinin ümumiyyətlə nəzm və nəsr olaraq 9 əsərinin olduğu aşkar edilmişdir. Bir şahnaməçi kimi isə onun şah əsəri təbii ki, “Şahnamə-i Al-i Osman-i” adlandırılan mənzum əsəridir. Təxminən 1551-ci ildə gündəlik 25 axça maaşa baxlanaraq işinə başlayan Arifinin farsca yazmağa başladığı bu əsəri, 30 min beytə çatanda (Mustafa Əli bu rəqəmi 60 min olaraq qeyd edir) onun gündəlik qazancı 70 axçaya qaldırılır və kitabın miniatür naxışlarla bəzədilməsi üçün evində “nəqqaşxana”, yəni emalatxana açılmasına icazə verilir [2, 214; 6, 559; 16, 238]. Qanuni Sultan Süleyman dövrünə aid yanvar 1553-oktyabr 1556-cı illəri əhatə edən bir arxiv sənədində “ixracat-ı şahnamə-yi xassə” başlığı altında keçən məlumatlardan aydın olur ki, 1556-cı ildə yeni qurulmuş bu emalatxanada Fətulla Arifinin rəhbərliyi altında 15 nəqqaş (rəssam), 32 katib (xəttat) və 1 mücəllid (kitab cildləyən) fəaliyyət göstərmişdir [7, 69; 21, 118-119]. Onun 1558-ci ildə tamamilə başa çatdırdığı və bizə çatan 60 min beytlik bu əsərinin tamamı beş cilddən ibarətdir. I və V cildləri tam şəkildə, II və IV cildləri isə yarımçıq şəkildə günümüzə qədər gəlib çatmışdır. Əsərin V cildi Qanuni Sultan Süleymanın taxta çıxdığı 1520-ci ildən 1555-ci ilə qədər həyatından bəhs etdiyi üçün eyni zamanda “Süleymannamə” kimi də adlandırılır. Bu cilddə sultanın 69 rəngli miniatürlü şəkli də yerini almışdır [34, 168-169; 11, 19-20]. Əhdi Bağdadi isə, bu şahnamənin tamamının 100 min beytdən ibarət olduğunu qeyd edir [2, 214].
Fətulla Arifinin, bu əsərdən başqa “Vaqəyi Sultan Bəyazid maa Səlim xan” və “Fütuhat-ı Cəmilə” adında daha iki əsəri də bizə gəlib çatmışdır. Bunlardan Topqapı sarayı müzeyinin kitapxanasında saxılanılan Fütuhat-ı Cəmilə əsəri h.964-cü ilin ramazan ayının sonlarında (1557-ci ilin iyul ayının sonları) xəttat Əbu Turab əl-Həsəni əl-Hüseyni Xubi-i Şirazi tərəfindən üzü təmiz xəttlə köçürülmüşdür. Şiraz məktəbinin yetişdirməsi olan və Mir Xubi-i Hüseyni kimi dətanınan bu xəttat Səfəvi dövlətinin görkəmli xəttatlarından biri olan Məşhədi Sultanəlinin (v. 1520) birbaşa tələbəsi olmasa da, onun özünün kəsib hazırladığı qələmini ələ keçirərək və eyni zamanda onun yazılarına baxaraq məzarı başında onun yazı üslubunu öyrənmişdir. Qanuni Sultan Süleyman zamanında İstanbula gələrək şahnaməçilər qurupuna cəlb edilmişdir [17, 39]. Fütuhat-ı Cəmilə əsəri Sokollu Mehmed (v. 1579) və Qara Əhməd (v. 1555) paşaların iştirak etdiyi Peç (1543), Lipva (1551) və Tımışvar ilə Əyri (1552) qalalarının fəthindən bəhs edən 1200 beyt və 7 Osmanlı minyatüründən ibarətdir. Əsərin heç bir yerində Fətulla Arifinin adı keçməsə də, əsərin vəzin, dil və üslub etibarilə Süleymannamə əsərinə bənzəməsi vəəsərin üzünü köçürən xəttat sənətkarın da eyni adam, yəni Əbu Turab əl-Həsəni əl-Hüseyni Xubi-i Şirazinin olması bu əsərində Fətulla Arifiyə aid olduğuna ehtimal verir [39, 372; 14, 28; 11, 20].
Bir nüsxəsi Topqapı sarayı müzeyinin kitapxanası və ikinci nüsxəsi isə Dil və Tarix-Coğrafiya Fakültəsi kitabxanasında mühafizə olunan “Vaqəyi Sultan Bəyazid maa Səlim xan” əsəri isə 20 şaban 966/28 may 1559-cu ildə hazırlanıb bitmişdir. Şahzadə Bəyazid ilə Şahzadə Səlim xan arasında başlayan taxt mübarizəsini ələ alan bu əsər, görünür şahzadə Bəyazidin iyul ayındaki məğlubiyyətindən iki ay əvvəl tamamlanmışdır [39, 372; 11, 20] .
Fətulla Arifi Çələbi daha gün işığına çıxarılmayan, lakin mənbələrdə adı keçən bəzi farsça və türkçə əsərlərin də müəllifi olduğu bilinməkdədir. Bunlar; 1.Sanemü’l hayal (insanın orqanları haqqında), 2.Feresü’l hayal (atın orqanları haqqında), 3. Əbyat-i tarixiyyə (öz şeirlərindən seçmələr), 4.Divan-i farsi, 5.Səfərnaməyi Süleyman (Süleyman hadim paşanın Hind səfərinə aid 2 min beytlik türkçə əsərdir), 6.Risalə fi’l-mu’amma [28, 256; 16, 238; 10,116-117; 39, 372; 11, 17] əsərləridir. Bu əsərlərdən başqa, Aşıq Çələbiyə görə Xəqaninin, Mustafa Əliyə görə isə, İmam Razinin və eyni zamanda Hakim Tusinin bir qəsidəsinə nəzirə də yazmışdır. Ayrıca, Mustafa Əli və Kınalızadə onun muəmma janrında yazdığı bir şeirini öz əsərində vermişlər [16, 239-240; 22, 29-30]. Burada diqqətimizi çəkən bir məsələ də muəmma janrıyla bağlıdır. Ümumiyyətlə Osmanlı Türk ədəbiyyatında ilk muəmma yazan şairlər olaraq Əhmədi (v.1412) və Muini bilinir [32, 322-323]. Osmanlı dövlətində bu janrın inkişaf etdirilməsində isə İran və Azərbaycandan gələn şairlərin çox böyük xidməti olmuşdur. Xüsusilə, Çaldıran döyüşündən sonra Təbrizdən aparılan ədiblər içində muəmma şeirləri yazan şairlərin olmasına daha çox diqqət edilmişdir. Bununla bağlı Sultan Səlimin xüsusi təlimatı da olubdur. Kınalızadənin yazdığına görə bundan sonra Osmanlı dövlətində muəmma yazanların sayı artmışdır. Bunlardan biri də Tirə (Aydın rayonu) doğumlu olan şair Əli Muəmmai olmuşdur [22, 298-299]. Demək ki, Fətulla Arifi Çələbi Təbrizdən gətirilərkən onun muəmma yazma qabiliyyətinə də diqqət edilmişdir. Bəlkə də Sultan Səlimin təlimatına uyğun olaraq bu əsərini yazmış və eyni zamanda bu janrın Osmanlı dövlətində yayılmasına bir töhfə vermişdir.
Gözəl şair, divani və təliq yazısında xəttat [29, 31] və nəqqaşlıq sənətinə vaqif olan Fətulla Arifinin dövründə Osmanlı dövlətində çox sayda azərbaycanlı elm və sənət xadiminin çalışdığı da məlumdur. Bunların içində özündən sonra şahnaməçi vəzifəsinə gətirilən Əflatun Şirvani, Osmanlı dövlətinin baş rəssamı (nəqqaşbaşı) olan Şahqulu və Məşhədi Sultanəlinin tələbəsi olmuş xəttat Mir Xoni də var idi [13, 155-165]. Bunlardan başqa Fətulla Arifinin yanında xəttat kimi işləyənlərdən biri də Əli bin Əmir bəy Şirvanidir. O, Fətulla Arifinin ən məhşur əsəri “Şahnamə-i Al-i Osman-i”nin V cildi olan “Süleymannamə”nin üzünü köçürən xəttat sənətkar olmuşdur [24, 56; 34, 169]. Əhdi Bağdadi Əflatun Şirvaninin, Aşıq Çələbi, Şahqulunun, Gelibolulu Mustafa Əli isə, həm Əflatunun, həm də ŞahqulununArifini sahib olduğu mövqeyə görə qısqandıqlarını və onunla tez-tez mübahisə etdikləri üçün aralarının yaxşı olamadığını qeyd edirlər [2, 214; 6, 559; 16, 238].
H.966/1558-1559-cu ildə şahnaməçi vəzifəsini tamamlayan Fətulla Arifi Çələbi, işindən ayrılaraq Misirə gedir. Muhyi Gülşəni onun babasının dərgahında “sila” çıkartmak üçün (təriqətdə ibadətə çəkilmək) Misirəh.966-cı ildə gəldiyini bildirir [28, 338]. Fətulla Arifinin “Vaqəyi Sultan Bəyazid maa Səlim xan” əsərini 20 şaban 966/28 may 1559-cu ildə hazırlayıb bitirdiyini [14, 18] diqqətə alsaq, onun Misirə getdiyi tarixi 1559-cu il may ayından sonra qəbul etmək olar. Təqribən üç il sonra 969/1561-1562-ci ildə orada vəfat edən Arifi, babası İbrahim Gülşəninin qəbrinin yanında dəfn olunmuşdur [2, 214; 5, 558; 29, 31; 10, 116-117; 39, 372-373]. Mehmed Cəmaləddin isə, səhvən Fətulla Arifi Çələbini bu dövrdə yaşamış başka bir Osmanlı divan şairi olan Arifi Hüseyn Çelebi ilə qarışdırararq ölüm tarixini 960/1552-ci il olaraq göstərmişdir [26, 50]. O, da Fətulla Arifi Çələbi kimi Gülşəniyyə təriqətinə bağlı olub, Misirdə vəfat etmişdir [16, 241-242; 22, 30-31; 20, 373].
Tədqiqat zamanı diqqətimizi çəkən başqa bir məsələ də, Osmanlı dövlət adamı, divan şairi və “Hədaiqu’ş-şəqaiq” (bu əsər Taşköprizadənin “Şəqaiqi Numaniyyə” əsərinin əlavələrlə genişləndirilmiş tərcüməsidir. 1587-ci ildə tamamlanaraq Sultan III Murada (1574-1595) təqdim edilən bu əsərə “Şəqaiq tərcüməsi” də deyilir) adlı biblioqrafik əsərin müəllifi olan Mehmed Məcdi Əfəndinin (v. 1591) öz əsərində çağdaşı olduğu şahnaməçi Fətulla Arifi Çələbi haqqında heç bir məlumat verməməsidir [25]. Halbuki, Osmanlı dövlət adamı və şairinin Osmanlı dövlətinin şanlı tarixinin şahnamə şəklində kitablaşdırılmasından xəbərdar olmaması, doğrusu heç inandırıcı görünmür.
Nəticə etibarilə, Osmanlı mənbələrindən əldə edilən məlumatlara görə, Səfəvilər dövlətində şahnaməçi kimi fəaliyyət göstərmiş Fətulla Arifi Çələbi, 1514-cü ildə Çaldıran döyüşündən sonra Sultan Səlim tərəfindən Təbrizdən Osmanlı dövlətinə aparılmış, bu ölkədə şahnaməçi kimi işinə davam etsə də babası İbrahim Gülşəni ilə bağlı bəzi siyasi məsələrə görə, bu fəaliyyətini davam etdirə bilməmişdir. Sonradan Qanuni Sultan Süleymanın təqdirini qazanan Arifi, təxminən 1551-ci ildən Osmanlı dövlətinin ilk rəsmi şahnaməçisi kimi tam 8 il bu məsuliyyətli vəzifəni icra etmişdir. Gözəl şair, xəttat, nəqqaş və alim olan Fətulla Arifi Çələbi ərsəyə gətirdiyi əsərləriylə Osmanlı mədəni həyatına yeni bir rəng qatıb, bu ölkənin şəhnaməçilik sənətinin inkişafında çox böyük rol oynamışdır.

 

Mənbə və ədəbiyyat

1-Afyoncu, Erhan. Nişancı. //Türkiye Diyanet Vakfı İslam Ansilopedisi (TDA), C. 33, 2007, s. 156-158.
2-Ahdi Bağdadi. Gülşen-i Şuara-B Metin. Yayına hazırlayan: Süleyman Solmaz, Denizli, 2009.
3-Aliev, Salih Muhammedoğlu. Elkas Mirza.//TDA, C. 11, 1995, s. 55.
4-Alparslan, Ali. Gubari Abdurrahman.// TDA, C. 14, 1996, s.167-169.
5-Arslan, Hüseyin. XVI.yy. Osmanlı Toplumunda Yönetim, Nüfus, İskan, Göç ve Sürgün. İstanbul, 2001.
6-Aşık Çelebi. Meşa’irü’ş-Şu’ara, İnceleme Tenkitli Metin. C. I, hazırlayan: Filiz Kılıç, Gazi Üniversitesi Sosyal Bilimler Enstitüsü Eski Türk Edebiyatı Anabilim Dalı Doktora Tezi, Ankara, 1994.
7-Barkan, Ö. Lütfü. İstanbul Saraylarına Ait Muhasebe Defterleri.// Belgeler, C. IX, Sayı: 13, Ankara, 1979, s. 3-380.
8-Bayak, Cemal. Sehabi.// TDA, C. 36, 2009, s. 309-310.
9-Beyani. Tezkiretü’ş-Şuara. hazırlayan: Aysun Sungurhan Eyduran, Ankara, 2008.
10-Bursalı, Mehmed Tahir. Osmanlı Müellifleri. C. I, İstanbul, 1342.
11-Çelik, Faruk Ahmet. Fetullah Arifi Çelebinin “Şahname-i Al-i Osman”ından süleymanname. T.C. Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü Doğu Dilleri ve Edebiyatları Ana Bilim Dalı çap olunmamış fəlsəfə doktoluğu dissertasiya işi, Ankara, 2009.
12-Dədəyev, Bilal, “Yeni Çağ Devri Osmanlı Devletinde Yaşamış Karabağlı Alimler”, Journal of Qafqaz University-tarix, hüquq və siyasi elmlər, 2014, Volume 2, Number 1, Bakı, s. 3-14.
13-Dədəyev, Bilal. Osmanlı dövlətində şahnamə yazma ənənəsi və azərbaycanlı şahnaməçilər (XV-XVI əsrlər. //Journal of Qafqaz University-tarix, hüquq və siyasi elmlər, 2014, Volume 2, Number 2, Bakı, s. 155-165.
14-Ebrahimi, Davut. Arifi Fethullah Çelebi ve Futuhat-ı Cemilesinin Tenkidli Metni. (İstanbul Üniversitesi Sosyal Bilimler Enstitüsü Edebiyat Fakültesi Fars Dili ve Edebiyatı Anabilim Dalı çap olunmamış Magestratura işi), İstanbul, 1991.
15-Gelibolulu Mustafa Ali ve Künhü’l-Ahbarında II. Selim, III. Murat ve III. Mehmet Devirleri. hazırlayan Faris Çerçi, III C., Kayseri, 2000.
16-Gelibolulu Mustafa Ali. Künhü’l-Ahbarın Tezkire Kısmı. hazırlayan: Mustafa İsen, Ankara, 1994.
17-Gelibolulu Mustafa Ali. Mehakıb-ı Hünerveran, İstanbul, 1926.
18-Genç, Vural. Heşt Behişt Sarayından Topkapı Sarayına: Şah İsmailin, Çaldıran Savaşından Sonra Alıkonulan Hazine ve Eşyaları.// Toplumsal Tarih, Sayı: 208, Nisan-2011, s. 24-36.
19-Gökbilgin, M. Tayyib. Nişancı. //İslam Ansiklopedisi, C. IX, s. 299-302.
20-İsen, Mustafa. Arifi Hüseyin Çelebi.// DİA, C. 3, 1991, s. 373.
21-Kazan, Hilal. Farklı Açıdan Bir Bakışla Şehnameci Seyyid Lokmanın Saray İçin Hazırladığı Eserler. // Osmanlı Araştırmaları, Sayı XXXV, 2010, s. 117-136.
22-Kınalızade, Hasan Çelebi. Tezkiretü ş-Şuara. Tenkitli metin-B,hazırlayan: Aysun Sungurhan-Eyduran, Ankara, 2009.
23-Latifi. Tezkire. hazırlayan: Mustafa İsen, Ankara, 1990.
24-Mahir, Banu. Osmanlı Minyatür Sanatı. İstanbul, 2012.
25-Mecdi, Mehmed. Şakaik-ı Numaniye ve Zeyilleri: Hadaiku’ş-Şakaik (Şekaik Tercümesi). Nəşrə hazırlayan: Abdulkadir Özcan. C. I, İstanbul, 1989.
26-Mehmed Cemaleddin. Osmanlı Tarih ve Müverrihleri, Ayine-i Zurefa. hazırlayan: Mehmet Arslan, İstanbul, 2003.
27-Mohammad, Ebrahim Esmail. Kaşifinin Gazaname-i Rum adlı Farsça eseri ve Türkşeye Tercümesi ve Tahlili. Türkiye Cumhuriyeti Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü çap olunmamamış orta əsr tarixi magistratura diplom işi, İstanbul, 2005.
28-Muhyi-i Gülşeni. Menakıb-ı İbrahim-i Gülşeni. Yayına hazırlayanlar: Mustafa Koç ve Eyyüp Tanrıverdi, İstanbul, 2014.
29-Nevizade, Atai. Şakaik-ı Numaniye ve Zeyilleri: Hadaiku’l-Hakaik fi Tekmileti’ş-Şakaik. Neşre hazırlayan: Abdülkadir Özcan, C. II, İstanbul, 1989.
30-Ocak, Ahmet Yaşar. Osmanlı Toplumunda Zındıklar ve Mülhidler (15-17. Yüzyıllar). İstanbul, 2003.
31-Özcan, Abdulkadir. Fatih Devri Tarih Yazıcılığı ve Literatürü. // Sosyal Bilimler Enstitütüsü Dergisi, Sayı:14, 2003/1, s. 55-62.
32-Saraç, M.A. Yekta. Muamma.// TDA, C. 30, 2005, s.322-323.
33-Süreyya, Mehmed.Sicill-i Osmani. C. II, III, İstanbul, 1996.
34-Tekin, Başak Burcu. Arifi Şehnamesinde Kaftan Tasvirleri: Kanuni Dönemi Dokumaları Hakkında Bir Değerlendirme.// Zeitschrift für die Welt der Türken (ZfWT), Volume 4, № 2 (2012), s. 167-191.
35-Turan, Şerafettin. Bayezid, Şehzade.// TDA, C. 5, s. 230-231.
36-Uzunçarşılı, İsmayıl Hakkı. Osmanlı Sarayında Ehl-i Hiref Defteri.//Belgeler, XI/15, Ankara, 1986, s. 23-76.
37-Woodhead, Christine. Şehnameci. // TDA, C. 38, 2010, s. 456-458.
38-Yaman, Bahattin. 1545 yılı Osmanlı Saray Sanatkarları. //Belleten, C. LXXII, Sayı-264, Avqust-2008, s. 501-534.
39-Yazıcı, Tahsin. Arifi Fethullah Çelebi.// TDA, Cilt 3, Ankara, 1991, s. 371-372.
40-Yazıcı, Tahsin. Muhyi-i Gülşeni.// TDA, C.31, s.79-81.

Geostrategiya" jurnalı № 06 (30)  NOYABR-DEKABR 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM