Azərbaycanın dövlətçilik tarixi arxeoloji tədqiqatlarda

11:11 / 10.06.2016

Nəcəf Müseyibli,
   Tarix üzrə fəlsəfə doktoru

Erkən sivilizasiyaların ilk dəfə olaraq məhz Yaxın Şərqdə təşəkkül tapdığı, tədricən ətraf regionlara yayıldığı elmi baxımdan çoxdan sübuta yetirilmişdir. Qədim sivilizasiyanın əsas göstəricilərindən biri də dövlətin ilkin əlamətlərinin – cəmiyyətdə iyerarxik strukturun formalaşmasıdır. Yaxın Şərqdə cərəyan edən mədəni-iqtisadi proseslər, o cümlədən erkən şəhər mədəniyyəti və bununla birbaşa bağlı olan ilk şəhər dövlətləri ənənələri qədim tarixin bütün mərhələlərində bu regionun periferiyada tərkib hissəsi olan Azərbaycan və bütövlükdə Cənubi Qafqaz ərazisinə də yayılmışdır.
Yazıyaqədərki dövrün, o cümlədən dövlətçilik ənənələrinin tarixinin öyrənilməsində arxeoloji qazıntıların mühüm əhəmiyyət daşıdığı şübhəsizdir. Arxeolji abidələrin, maddi mədəniyyət qalıqlarının Azərbaycanın qədim dövlətçilik ənənələrinin tarixinin öyrənilməsində rolu məsələsi bu vaxtadək geniş araşdırılmalardan kənarda qalmışdır. Lakin uzun illərin arxeoloji qazıntıları, çöl tədqiqat işləri, xüsusilə də son araşdırmalar bu problemin aktuallığını önə çəkmişdir.
İbtidai icma quruluşunun müəyyən tarixi mərhələdə sinifli cəmiyyətlə - dövlət qurumu ilə əvəzlənməsi barədə uzun illər elmdə möhkəmlənmiş nəzəriyyə son dövrlərdə daha dərindən araşdırılmaqdadır. Son iyirmi ildə aparılan tədqiqatlar nəticəsində irəli sürülmüş ən dolğun nəzəriyyələrdən biri 2,5 milyon illik ibtidai icma quruluşunun iki mərhələyə bölünməsi təşkil edir. Birinci, erkən mərhələdə tələbata görə bölgü hökm sürmüş, istehsal vasitələri və istehlak məhsulları üzərində icma mülkiyyəti mövcud olmuşdur. Lakin müəyyən müddətdən sonra bunlardan bir çoxu üzərində fərdi nəzarət meydana çıxır. İkinci – son mərhələdə əmək bölgüsü, fərdi mülkiyyət və müəyyən əmlak bərabərsizliyi meydana çıxır, lakin istehsal vasitələri üzərində ümumi icma mülkiyyəti saxlanılır (24, с. 227; 17, с. 7). Son illərin arxeoloji tədqiqatları əsasında bura onu da əlavə etmək olar ki, bu dövrdə istehsal üzərində nəzarət sistemi formalaşır.
Bu nəzəriyyənin müddəaları kontekstində Azərbaycanın e.ə. VI-III minilliklər tarixini ibtidai icma dövrünün ikinci mərhələsinə aid etmək olar. Arxeoloji tədqiqatlar göstərir ki, yuxarıda sadalanan tarixi proseslər Azərbaycan ərazisində istehsal təsərrüfatının formalaşması və inkişafı ilə əlaqədar qeyd edilən xronoloji çərçivədə baş vermişdir.
Azərbaycan Yaxın Şərq – Qafqaz regionunda qədim dövlətçilik ənənələrinə malik ölkələrdən biridir. Azərbaycanın təbii-coğrafi və geostrateji mövqeyi hələ qədim dövrlərdən bu ərazilərdə məskunlaşmış əcdadlarımızın iqtisadi və sosial həyatında mühüm rol oynamışdır. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan tarixən regionlararası baş vermiş qlobal xarakterli beynəlxalq proseslərin cərəyan etdiyi ərazilərdən olmuşdur. Məhz bu səbəblərdən Azərbaycan ərazisində hələ qədim zamanlardan cəmiyyətdə dövlət sisteminin rüşeymlərini təşkil edən müəyyən idarəçilik-inzibati sistem yaranmışdır.
Ənənəvi olaraq belə hesab edilir ki, Şimali Azərbaycan, yəni müasir Azərbaycan Respublikasının ərazisində ilk dövlət e.ə. IV əsrdə yaranmış Albaniya olmuşdur. Bu günə qədər bütün ali və orta məktəb dərsliklərində də məhz belə yazılmışdır. Belə bir fakt onunla əsaslanır ki, bu dövlət haqqında müxtəlif dilli qədim yazılı mənbələrdə geniş məlumatlar öz əksini tapmış, eyni zamanda arxeoloji qazıntılar nəticəsində də bu dövlətin şəhərləri və çoxsaylı qəbir abidələri tədqiq edilmişdir. Beləliklə də, Albaniya haqqında tarixi və arxeoloji araşdırmalar biri-birini tamamlayır. Uzun əsrlər mövcud olmuş Albaniyanın Azərbaycanın dövlətçilik tarixində mühüm yeri vardır.
Albaniya dövlətinin yaranmasına qədərki bütün tarixi mərhələlər isə bir qayda olaraq ibtidai icma quruluşuna aid edilmişdir. Ən yaxşı halda e. ə. II minilliyin sonu - I minilliyin əvvəlləri isə ibtidai icma quruluşundan sinifli cəmiyyətə keçid, dövlətin ilk rüşeymlərinin yaranma mərhələsi kimi qiymətləndirilmişdir. Lakin bu mərhələyə qədərki xalkolit və xüsusilə də tunc dövrünün yaşayış məskənlərindəki o dövr üçün mükəmməl memarlığı, qalaları, üzərində nəzarətin təşkil edildiyi istehsal mədəniyyətini, uzaq ölkələrlə ticarət əlaqələri ilə müşayiət edilən iqtisadi yüksəlişi, mis, qızıl, gümüş və digər qiymətli metalların istehsalını, zəngin maddi mədəniyyət nümunələrini, o cümlədən, xüsusilə də tunc dövrünün sonlarında, hərb işinin danılmaz sübutları olan çoxsaylı qılınc, xəncər, nizə və ox ucluqlarının aşkar edildiyi nəhəng kurqanları çətin ki, ümumi mülkiyyətə əsaslanan ibtidai icma quruluşunun erkən mərhələsində yaşayan cəmiyyətlərə aid etmək düzgün olsun.
Şübhəsiz, hər hansı qədim dövlətin tarixindən bəhs edərkən ilk növbədə yazılı mənbələrə müraciət edilməlidir. Digər tərəfdən, Azərbaycanın Albaniyaya qədərki daha qədim dövrlərə aid tarixi yazılı mənbələrin olmaması səbəbindən yalnız arxeoloji qazıntılar əsasında öyrənilir. Eyni zamanda, həm Albaniya, həm də sonrakı orta əsrlər dövrünün tarixini də arxeoloji qazıntılarsız mükəmməl öyrənmək qeyr-mümkündür. Onilliklər ərzində və xüsusilə də son zamanlar aparılan arxeoloji tədqiqatlar Şimali Azərbaycan ərazisində erkən dövlətçilik, idarəçilik ənənələrinin daha qədim tarixə malik olduğunu göstərir.
Hələ neolit dövründə − e.ə. VII-VI minilliklərdə bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycanda erkən istehsal təsərrüfatı təşəkkül tapmışdır. Bu dövrün abidələri Gəncə-Qazax, Naxçıvan və Qarabağ bölgələrində qazılmışdır. Bu mərhələdə oturaq əkinçilik və maldarlıq genişlənir, daşdan və sümükdən istehsal alətləri tətbiq edilirdi. İstehsal təsərrüfatının yaranması ilə istehsal vasitələri və ümumi məhsul üzərində, şübhəsiz, müəyyən nəzarət də meydana çıxırdı. Eyni zamanda bu dövr abidələrində aşkar edilən, müxtəlif daşlardan hazırlanmış əsa başlıqları və ya toppuzlar tədqiqatçılar tərəfindən haqlı olaraq birmənalı şəkildə hakimiyyət simvolu hesab edilir.
Sonrakı tarixi mərhələdə e.ə. V minilliyin ikinci yarısı – IV minilliyi əhatə edən xalkolit dövründə istehsal təsərrüfatı daha da yüksəlmiş, Azərbaycanın qədim əhalisinin qonşu regionların tayfaları ilə mədəni-iqtisadi əlaqələri genişlənmişdir. Bu dövrdə Azərbaycan Yaxın Şərq sivilizasiyalarının tərkib hissəsi kimi inkişaf edirdi. Arxeoloji qazıntılar bu tarixi mərhələdə Azərbaycan ərazisində Leylatəpə arxeoloji mədəniyyətinin yayıldığını sübuta yetirmişdir (22). Bu dövrdə, yəni e.ə. IV minilliyin birinci yarısında Leylatəpə mədəniyyətinin sıx bağlı olduğu Yaxın Şərq əraziləri, yəni Şimali Mesopotamiya və Şərqi Anadolu erkən dövlətlərin yaranma ərəfəsində idi. Həmin regionlardakı bir sıra istehsal-idarəçilik ənənələrinin bir qismi Leylatəpə mədəniyyəti abidələri timsalında Arazdan şimaldakı Azərbaycan torpaqlarında da yayılmışdır. Bu ənənələr sırasında ilk növbədə kütləvi istehsalın məhsulu olan keramika məmulatını qeyd etmək lazımdır. Qafqazda ilk dəfə olaraq məhz Leylatəpə mədəniyyəti abidələrində keramika istehsalında dulus çarxının tətbiq edilməsi faktları məlumdur. Azərbaycanda ilk dəfə olaraq məhz Leylatəpə mədəniyyətinin saxsı qabları üzərində dulusçuların vurduğu tanınma işarələri diqqəti cəlb edir. Bu spesifik işarələr gil qabların hazırlanması zamanı istehsal üzərində xüsusi nəzarət sisteminin olduğunu göstərir (6, s. 18).
Bu mərhələdə qədim metallurgiyanın görünməmiş yüksək vüsət aldığını xüsusilə qeyd etmək lazımdır. Məlum olduğu kimi, metalın kəşfi ümumiyyətlə qədim insanların həyatında mühüm dönüş nöqtəsidir. Azərbaycanda məhz Leylatəpə mədəniyyətində metal məmulatların istehsalında demək olar ki, inqilabi bir yüksəliş olmuşdur. Arxeoloji qazıntılar zamanı Leylatəpə mədəniyyəti abidələrindən həm çoxsaylı metal əşyalar, həm də metal istehsalında istifadə edilən alətlər – qəliblər, butələr və s. aşkar edilmişdir. İlk dəfə olaraq məhz bu dövrdə mis əsaslı metaldan xəncərlər hazırlanmışdır. Bu isə heç şübhəsiz, cəmiyyətdə sosial-iqtisadi bərabərsizliyin, iyerarxik strukturun mövcudluğunu və silahlı toqquşmaların baş verdiyini göstərir. Əvvəlki tarixi mərhələyə aid abidələrdə çox nadir hallarda metal məmulatına (kiçik ölçülü muncuqlar və s.) rast gəlinirdi. Lakin Leylatəpə mədəniyyəti abidələrindən o dövr üçün çoxsaylı hesab edilən onlarla metal əşyalar tapılmışdır və bütün bunlar metallurgiyanın müstəqil bir sahə kimi təşəkkül tapdığını göstərirdi. Bu da öz növbəsində heç bir halda ibtidai əmlak bərabərliyi zəminində mümkün ola bilməzdi (7).
Xalkolit dövründə cəmiyyətin sosial-iqtisadi həyatında mühüm rol oynayan əsas nəqliyyat vasitələrindən biri olan arabaların ixtira edilməsi yeni coğrafi arealların mənimsənilməsi, miqrasiyalar, əlaqələrin genişlənməsi və s. problemlərin həllində əsaslı rol oynamışdır. E.ə. IV minilliyə aid həm Leylatəpə, həm də Kür-Araz mədəniyyətləri abidələrindən gildən hazırlanmış çoxsaylı araba təkəri modellərinin aşkar edilməsi bu cəmiyyətlərdə artıq sosial bərabərsizliyin mövcudluğundan xəbər verir. Belə ki, o dövrdə ən mühüm və mükəmməl nəqliyyat vasitəsinə hər kəs sahib ola bilməzdi və arabalar ümumi istifadədə ola bilməzdi.
Leylatəpə mədəniyyəti cəmiyyətində sosial bərabərsizliyi qəbir abidələrinin qazıntıları zamanı da müşahidə etmək mümkündür. Bu mədəniyyətə aid Soyuqbulaq kurqanlarında (Ağstafa rayonu) çox kasıb, azsaylı avadanlıqlarla müşayiət edilən qəbirlərlə yanaşı, qızıldan və gümüşdən hazırlanmış zəngin metal məmulatının olduğu qəbir də tədqiq edilmişdir. Heç şübhəsiz bu, cəmiyyətdə yüksək sosial statusa malik şəxsin şərəfinə qurulmuş dəfn abidəsidir (7)
Leylatəpə mədəniyyəti dövründə xüsusi mülkiyyətin, sosial bərabərsizliyin mövcudluğunu sübut edən ən mühüm tapıntılardan biri gildən hazırlanmış möhürlərdir (Şəkil1). Belə möhürlər Böyük Kəsik yaşayış məskənində (Ağstafa rayonu) aşkar edilmişdir. Möhürlərdən istifadə isə şübhəsiz, erkən əkinçilik mədəniyyəti dövründə müəyyən əmlak üzərində xüsusi mülkiyyətin, cəmiyyətdə sosial bərabərsizliyin ilkin əlamətidir (20, с. 110; 11, s. 146-149).
Qarabağda – Ağcabədi rayonu ərazisində Azərbaycan-Almaniya birgə ekspedisiyasının neolit dövrü (e.ə. VI minillik) yaşayış məskənindəki qazıntıları zamanı gildən hazırlanmış konusşəkilli, elmi ədəbiyyatda “jeton” və ya “token” adlandırılan əşyalar aşkar edilmişdir (13, p. 11). Şərurda Kür-Araz mədəniyyətinə aid I Maxta (e.ə. IV minillik) yaşayış yerində isə yastı-diskşəkilli formalı belə əşyalar tapılmışdır (1, s. 31). Ön Asiyanın hələ e.ə. VII-VI minilliklərə aid abidələrindən məlum olan müxtəlif formalı belə əşyalardan istehsal məhsullarının kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi üçün istifadə edilmişdir (12, s. 78-80). Leylatəpə mədəniyyəti abidələrində aşkar edilmiş saxsı qab fraqmentlərindən hazırlanmış diskşəkilli əşyalar da çox güman ki, eyni funksiyanı daşımışlar. Bu faktlar e.ə. VI-IV minilliklərdə Ön Asiya-Cənubi Qafqaz regionunda xüsusi mülkiyyətin təzahürlərindən olan ticarət əlaqələrinin, malların mübadiləsinin inkişaf etdiyini göstərir.
Leylatəpə mədəniyyətində qeyd etdiyimiz ənənələr sonrakı dövrlərdə - e.ə. III minillikdə Kür-Araz mədəniyyətinin sonrakı mərhələsinə aid cəmiyyətlərdə daha da geniş şəkildə yayılmışdır. Bu mədəniyyətin ilk yarandığı arealdan – Araz çayının orta hövzəsindən Şimali Qafqaza, digər tərəfdən isə Aralıq dənizi sahillərinə qədər yayılması heç şübhəsiz həmin cəmiyyətdə müəyyən idarəçilik qaydaları zəminində baş verə bilərdi. Məhz e.ə. III minillikdə Kür-Araz mədəniyyətinin də yayıldığı Urmiya hövzəsində, Şərqi Anadolu-Şimali Mesopotamiyada artıq sinifli cəmiyyətlər və erkən şəhər dövlətləri yaranmışdı.
Əlbəttə bu bölgələrlə sıx iqtisadi-mədəni münasibətlərdə olan Azərbaycan ərazisindəki, xüsusilə də Araz çayı vadisindəki Kür-Araz mədəniyyəti əhalisi bu dövlətçilik ənənələrinin müəyyən cəhətlərini mənimsəməmiş deyildilər. Naxçıvan ərazisindəki Kür-Araz mədəniyyətinə aid iri yaşayış məskənləri bunu sübut edir. Babək rayonu ərazisindəki I Kültəpə, II Kültəpə, və s. yaşayış məskənlərində bəzən 10 m-ə yaxın mədəni təbəqənin aşkar edilməsi burada uzun əsrlər boyu fasiləsiz yaşayışın olduğunu sübut edir. Həyatın uzun müddət bir məskəndə fasiləsiz olaraq davam etməsi əlbəttə o dövrdə yalnız müəyyən idarəçilik sisteminə əsaslanan cəmiyyətlərdə mümkün ola bilərdi. E.ə. IV-III minilliklərə aid eyni həcmli mədəni təbəqəsi olan və artıq sinifli cəmiyyətlərin mövcud olduğu Yaxın Şərq abidələri buna nümunədir.
E.ə. IV-III minilliklərdə Şimali Azərbaycan ərazisində yuxarıda qeyd etdiyimiz yüksəliş sosial-iqtisadi proseslərin, məhsuldar qüvvələrin inkişafını və bunların nəticəsi olaraq cəmiyyətdə sosial təbəqələşmə meyllərinin gücləndiyini söyləməyə əsas verir. Lakin erkən, qədim dövlətlərin meydana çıxması minilliklər ərzində inkişaf etmiş belə sosial-iqtisadi proseslərin məntiqi nəticəsi olaraq baş vermişdir. Buna görə də həmin dövrlərdə Arazdan şimaldakı Azərbaycan torpaqlarında hər hansı qədim dövlət sisteminin tam formalaşdığını iddia etmək üçün əlimizdə hələlik kifayət qədər faktlar yoxdur.
Ümumiyyətlə, Ön Asiyada qədim dövlətlərin meydana çıxması tədqiqatçılar tərəfindən birmənalı şəkildə sənətkarlığın ayrı-ayrı sahələrə bölündüyü, müdafiə memarlığına və məbədlərə malik erkən şəhərlərin yaranması ilə bağlı olduğu sübuta yetirilmişdir (17, с. 96-100; 12, s. 208-246).
Yaxın Şərqlə sıx iqtisadi-mədəni əlaqələr kontekstində inkişafın məntiqi nəticəsi olaraq artıq orta tunc dövründə − e.ə. II minilliyin birinci yarısında Naxçıvan və Qarabağ bölgələrində erkən şəhər tipli yaşayış məskənləri meydana çıxır. Müdafiə istehkamlarına malik bu şəhər yerlərində aparılan qazıntılar o dövrdə yüksək inkişafdan xəbər verir. Belə abidələr sırasında Naxçıvandakı II Kültəpə və Qarabağda, Ağdam rayonu ərazisindəki Üzərliktəpə abidələrini xüsusilə qeyd etmək lazımdır. Müdafiə divarlarına malik bu yaşayış yerləri hələ 3,5-4 min il əvvəl dövlətin erkən forması olan şəhər dövlətlərin Azərbaycanda yarandığını söyləməyə əsas verir (16, с. 25).
Azərbaycan ərazisində tədqiq edilmiş orta tunc dövrünün nəhəng kameralı kurqanları bəhs edilən məsələ ilə əlaqədar diqqəti cəlb edir. Çoxsaylı, zəngin arxeoloji materiallarla müşayət edilən, Şəmkirdə Qaracəmirli (18), Ağstafada Həsənsu (8) və Oğuzda Kərimli (4) kurqanlarının cəmiyyətin imtiyazlı şəxslərinin şərəfinə qurulduğu şübhə doğurmur. Bu dövrdə Naxçıvanda yayılmış boyalı qablar mədəniyyəti isə məhz şəhər iqtisadiyyatının məhsulu idi (15, с. 50-62).
E.ə. II minilliyin sonrakı əsrlərində də bu proses daha da genişlənmiş və xüsusilə Naxçıvan ərazisində çoxsaylı şəhər tipli yaşayış yerləri meydana çıxmışdır. Hələ XX əsrin otuzuncu illərində bu abidələri tədqiq edən Ə. Ələkbərov onların Yaxın Şərqlə sıx əlaqəsi olan şəhər tipli yaşayış məskənləri adlandırmış, bu bölgədə həmin dövrdə inkişaf etmiş sinifli cəmiyyətin mövcudluğunu qeyd etmişdir (15, с. 45-49). Həmin yaşayış məskənləri müşahidə bürcləri ilə müşayiət olunan və müəyyən müdafiə sistemi qanunlarına uyğun olan qala divarlarına malik idilər. Belə erkən şəhər-qalalardan Naxçıvandakı Sədərək qalası, Oğlanqala, Qızqala, Şahtaxtı, Çalxanqala, Qalacıq və s. abidələri göstərmək olar (16; 5). Hər birinin sahəsi onlarla hektar ərazini əhatə edən bu qalalar əlbəttə, qədim şəhər dövlətləri olmuşlar. Bunlardan Şərur rayonundakı Oğlanqala abidəsini xüsusilə qeyd etmək lazımdır (Şəkil 2). Burada Azərbaycan-ABŞ beynəlxalq ekspedisiyasının son 5 ildə apardığı qazıntılar nəticəsində e. ə. II minilliyin sonu-I minilliyin əvvələrinə aid möhtəşəm, o dövr üçün mükəmməl şəhər-qala memarlığı, o cümlədən qala bürcləri, eyni zamanda mixi yazı nümunələri aşkar edilmişdir. Abidədə aparılan arxeolji qazıntılar, aşkar edilmiş tapıntılar Oğlanqalanın qala tipli şəhər-dövlət və mühüm inzibati-siyasi mərkəz olduğunu sübut edir (2, s. 346).
Qarabağ və Gəncə-Qazax bölgələrində yayılmış e.ə. II minilliyin ikinci yarısı-I minilliyin əvvəllərinə aid Xocalı-Gədəbəy, Naxçıvan ərazisini əhatə etmiş Naxçıvan, Cənub bölgəsində yayılmış Muğan arxeoloji mədəniyyətləri Azərbaycanın erkən dövlətçilik tarixində mühüm mərhələlərdən birini təşkil edirlər. Bu dövrdə insanların iqtisadi həyatında əkinçiliklə yanaşı maldarlıq da xüsusi mövqe tuturdu. Maldarlığın yüksək inkişafı ilə əlaqədar olaraq hələ erkən tunc dövründən başlanmış yüksək dağlıq ərazilərin məskunlaşması prosesi daha geniş vüsət almışdır. Bu dövrdə aran və dağlıq zonalarda ətrafı müdafiə qalaları ilə möhkəmləndirilmiş və belə divarların olmadığı yaşayış məskənləri meydana çıxır. Belə yaşayış məskənlərindən qərb bölgəsi üçün səciyyəvi olan, xalq arasında qalaçalar adlandırılan, görkəmli tədqiqatçı İ.İ.Meşaninovun “təpəgöz” (“siklop”) tikililəri adlandırdığı, iri qayalardan inşa olunmuş tikililəri xüsusilə qeyd etmək lazımdır (19; 23). Əlbəttə, belə möhtəşəm qalaların inşa olunduğu e. ə. II minilliyin ikinci yarısı-I minilliyin əvvəllərini əhatə edən son tunc-erkən dəmir dövrünün bu vaxtadək ənənəvi olaraq “ibtidai icma quruluşunun son mərhələsi” kimi təqdim edilməsi doğru deyil. Müdafiə və digər məqsədli belə tikililər yalnız sosial təbəqələşməyə əsaslanan, qədim dövlət qurumunun mövcud olduğu cəmiyyət zəminində inşa edilə bilərdi.
İqtisadiyyatın sürətli inkişafı, istehsal məhsullarının artımı e. ə. II minilliyin ikinci yarısı-I minilliyin əvvəllərində xüsusi mülkiyyət sisteminin formalaşması üçün hərtərəfli zəmin yaratmışdır. Azərbaycanın qərb bölgəsində Qazax, Ağstafa, Gədəbəy, Qax və Mingəçevirdən bu dövrə aid pintaderlər – gildən hazırlanmış iri ölçülü möhürlər aşkar edilmişdir. Azərbaycanın qərb bölgəsində, xüsusilə Qazax rayonundakı abidələrdə belə möhürlər (Şəkil 3) daha çoxlu sayda əldə edilmişdir (21; 9; 10). Bu tapıntılar Xocalı-Gədəbəy mədəniyyəti cəmiyyətində xüsusi mülkiyyət münasibətlərinin əsaslı yer tutduğunun bariz nümunəsidir.
Xocalı-Gədəbəy mədəniyyətinə aid bir sıra zəngin qəbir abidələri, xüsusilə də Qarabağ bölgəsində qazılmış Borsunlu, Sarıçoban, Bəyimsarov kurqanları heç şübhəsiz müəyyən tayfa ittifaqlarının başçılarına, artıq sinifli cəmiyyətdə yüksək mövqe tutan insanlara məxsus idi (3). Bu dövrdə metal istehsalı xüsusilə geniş yayılmışdır. Eyni zamanda dəmirin kəşfi ilə yeni və daha keyfiyyətli bir metal insanların həyatına daxil olmuşdur. Xocalı-Gədəbəy, Naxçıvan və Muğan mədəniyyətlərinə aid abidələrdən aşkar edilmiş tuncdan və dəmirdən hazırlanmış çoxsaylı xəncərlər, təbərzin baltalar, nizə və ox ucluqları (Şəkil 4), qılınclar və s. silah növləri heç şübhəsiz, artıq geniş əraziləri əhatə etmiş, müəyyən silahlı, güc strukturları olmuş erkən dövlət qurumlarının mövcudluğunu sübut edir.
Təəssüflər olsun ki, Şimali Azərbaycan ərazisində mövcudluğu arxeoloji araşdırmalarla təsdiq edilən bu qədim dövlət qurumlarının siyasi tarixini əks etdirən, adlarının qeyd olunduğu yazılı mənbələr hələlik məlum deyil. Lakin buna baxmayaraq bu gün təhsil müəssisələrində bu dövlətlərin arxeoloji araşdırmalarla öyrənilmiş maddi mədəniyyət tarixi geniş tədris olunmalıdır. Eyni zamanda həmin dövlətlərin tarixinin arxeoloji, tarixi tədqiqatlarının genişləndirilməsi zəruridir.

Geostrategiya" jurnalı  № 02 (32)  Mart-Aprel 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM