AZƏRBAYCAN RESPUBLİKASININ NEFT STRATEGİYASININ HƏYATA KEÇİRİLMƏSİ MƏSƏLƏLƏRİ VƏ RUSİYA FEDERASİYASININ CƏNUBİ QAFQAZ SİYASƏTİ (1994-2004)

12:00 / 10.06.2016

Cəbi Bəhramov,
tarix üzrə fəlsəfə doktoru,
professor

Sovet imperiyasının dağılması və keçmiş müttəfiq respublikaların müstəqillik əldə etməsi prosesi ilk baxışda asan görünsə də, həlli çox ağır olan iqtisadi problemlər yaratdı. Sovet hakimiyyəti illərində yaradılmış ümumittifaq xalq təsərrüfatı kompleksi iflic vəziyyətinə düşdü. Siyasi münasibətlərin kəsilməsi iqtisadi əlaqələrin qırılmasına və keçmiş postsovet məkanında ağır iqtisadi böhranın yaranmasına səbəb oldu.
1941-1945-ci illər müharibəsi dövründə alman faşizmi üzərində qələbədə və XX əsrin ikinci yarısında Rusiya Federasiyasında, Ukrayna, Qazaxıstan, Türkmənistan, Özbəkistan respublikalarında, habelə dünyanın bir çox ölkəsində milli neft sənayesinin yaradılmasında müstəsna rol oynamış Azərbaycanın özünün neft sənayesi 1980-ci illərin sonu - 1990-cı illərin əvvəlində respublikaya rəhbərlik edənlərin bacarıqsızlığı ucbatından ağır vəziyyətə düşmüşdü. Belə ki, 1985-1990-cı illər ərzində neftçıxarma sənayesində ümumi məhsulun həcmi 89 faiz təşkil edirdi. Bu da bir tarixi həqiqətdir ki, XX əsrin 40-cı illərinin sonu – 50-ci illərinin əvvəlində və 60-cı illərin sonunda Azərbaycan neft sənayesinin məhv edilməsi üçün mərkəzi hökumətin bəzi yüksək rütbəli məmurları ermənilərin təhriki ilə cinayətkar məsələlərə əl atmağa cəhdlər də göstərmişdilər. Lakin xalqımıza qarşı düşünülmüş bu düşmənçilik niyyətləri M.C.Bağırovun, İ.D.Mustafayevin və xüsusilə də ümummilli lider Heydər Əliyevin həyata keçirdikləri məqsədyönlü tədbirlər nəticəsində baş tutmamışdı.
1992-1993-cü illərdə Respublikada neft hasilatı 12,5 mln. tondan 9,6 mln. tona, qaz hasilatı isə 9,9 mlrd. kubmetrdən 6,5 mlrd. kubmetrə enmişdi. Bakının neftayırma zavodlarında il ərzində cəmi 9 mln. ton neft emal olunurdu.
Müstəqillik əldə etmiş keçmiş müttəfiq respublikalardan fərqli olaraq, 1991-1993-cü illərdə Azərbaycan Respublikası iqtisadi böhranla bərabər, siyasi böhranla da üzləşmişdi. Bir tərəfdən, Rusiya Federasiyasının siyasi-hərbi yardımına arxalanan Ermənistanın hərbi təcavüzü, digər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda gedən amansız mübarizə Azərbaycan Respublikasını vətəndaş müharibəsi və parçalanma həddinə gətirib çıxarmışdı. Yaranmış ağır siyasi və iqtisadi böhrandan çıxmaq üçün həmin dövrdə respublikada cəmiyyətin bütün sağlam qüvvələrini öz ətrafında birləşdirə bilən, son dərəcə mürəkkəb hərbi-siyasi vəziyyətdən çıxış yolu tapmaq iqtidarında olan və ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesinə sərmayə cəlb edə bilən qüvvə yox idi. Bu daxili amillərlə yanaşı, özünün geosiyasi vəziyyətinə görə Azərbaycan Respublikası keçmiş SSRİ-nin süqutundan sonra dünya dövlətləri üçün kəskin mübarizə və maraq obyektinə çevrilmişdi. Belə bir vəziyyətin yaranmasının əsas səbəblərindən biri Azərbaycan Respublikasının zəngin neft ehtiyatlarının olması idi. Hələ XIX əsrin ikinci yarısından Şimali Azərbaycanın «qara qızıl»ının əsl qiymətini bilən xarici ölkə şirkətləri artıq 1990-cı ildən respublika hökuməti ilə Xəzər dənizindəki zəngin neft yataqlarının birgə işlənilməsi haqqında danışıqlara başlamışdılar. Azərbaycan neftinə olan bu marağın artmasında 1989-cu ildə Bakıya səfər edən Şotlandiyanın «Remko» şirkətinin prezidenti S.Rampın Böyük Britaniyaya qayıtdıqdan sonra BP şirkəti ilə apardığı danışıqların böyük rolu olmuşdu.
Hələ 1991-ci ilin qışında Abşeron yarımadasında neftçıxarma üçün əlverişli şəraitin yaradılması istiqamətində konkret işlər görülmüşdü. Yanvarın 18-də SSRİ hökumətinin və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı ilə Xəzərin Azərbaycan SSR sektorundakı «Azəri» yatağının birgə kəşfiyyatı və işlənilməsinə dair «Xəzərdənizneftqaz» birliyinin və xarici neft şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması üçün müsabiqə keçirilməsi qərara alınmışdı. 1991-ci ilin iyununda keçirilən müsabiqənin qalibi ABŞ-ın məşhur «Amoko» şirkəti elan edildi. Bundan sonra isə layihədə iştirak etmək üçün «BP/Statoyl» alyansı, «Yunokal», «MakDermott» və «Remko» şirkətləri də cəlb olundular. Ancaq layihədə 45 faiz paya malik olan «Amoko» öz liderliyini saxlayırdı. Müəyyən edilmiş ümumi payın 85 faizi Azərbaycan Respublikasına, qalan 15 faizi isə Qərb şirkətlərinə çatmalı idi.
Lakin 1992-ci ilin birinci yarısında başlanan hakimiyyət uğrunda mübarizə və Xalq Cəbhəsi-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi xarici şirkətlərlə nəzərdə tutulan müqavilənin imzalanmasını təxirə saldı. AXC-Müsavat hökuməti öz iqtisadi planında neft məsələsini ön plana çəkdi. 1992-ci ilin sentyabrında Dövlət Neft Şirkəti (ARDNŞ) yaradıldı və o, xarici şirkətlərlə danışıqları davam etdirdi. 1992-ci ilin sonuna yaxın Xəzərin Azərbaycan sektorundakı dörd ən böyük yataqda - «Azəri», «Şahdəniz», «Çıraq» və «Günəşli» yataqlarında kəşfiyyat və başqa işlərin birgə aparılmasına dair beş niyyət protokolu imzalandı. «Amoko», «Penzoyl» və BP şirkətləri ilə yanaşı, layihəyə Türkiyənin «TPAO» şirkəti də cəlb edildi. Rusiyanın «LUKoyl» şirkətinə və İran şirkətlərinə isə layihədə iştirakda imtina olundu. Bu isə onsuz da o dövrdə çox ağır siyasi vəziyyətdə olan Azərbaycan Respublikasına qonşu dövlətlər – Rusiya və İran tərəfindən göstərilən təzyiqlərin artmasına səbəb oldu. Rusiyanın əlində oyuncaq olan Ermənistan «dövləti» 1992-ci ilin mayında öz təcavüzünü genişləndirərək, rus ordusunun birbaşa hərbi yardımı ilə Azərbaycanın böyük hərbi-strateji əhəmiyyət kəsb edən Şuşa və Laçın, 1993-cü ilin aprelində isə Kəlbəcər rayonlarını işğal etdi.
1993-cü ilin iyununda imzalanması nəzərdə tutulan müqavilənin şərtləri Azərbaycan Respublikasının maraqlarına heç də tam şəkildə cavab vermirdi. Müqavilənin şərtlərinə görə ARDNŞ-in payı 70 faiz, xarici şirkətlərin payı isə 30 faiz təşkil edirdi. 1993-cü ilin mayında ARDNŞ ilə xarici şirkətlər arasında «Azəri», «Günəşli» və «Çıraq» yataqlarında birgə fəaliyyət haqqında 6-cı memorandum imzalandı və iyunun 4-də ARDNŞ-in Direktorlar şurası birgə fəaliyyət haqqında bəyannamə qəbul etdi.
AXC-Müsavat rəhbərliyinin daxili və xarici siyasətdəki kobud səhvləri, səriştəsizlik və təcrübəsizliyi 1993-cü ilin iyununda ölkədə ağır siyasi-ictimai və hərbi böhranın yaranmasına səbəb oldu. Ölkə daxilində vətəndaş müharibəsinin başlanması təhlükəsinin artmasını görən xalqın görkəmli ziyalıları təcrübəli dövlət xadimi Heydər Əliyevi Bakıya dəvət etdilər. 1993-cü il iyulun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev elə ilk günlərdən çox ağır və həlli çətin olan məsələləri öz üzərinə götürdü. Ölkə tədricən siyasi və hərbi böhrandan çıxmağa başladı. Heydər Əliyev 1993-cü ilin ikinci yarısında respublikada yaranmış siyasi-iqtisadi və hərbi böhran şəraitində AXC-Müsavat hakimiyyətinin hazırladığı neft müqaviləsinin imzalanmasını təxirə saldı. Bir il müddətində gedən danışıqlar zamanı Prezident Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, Azərbaycan xalqının mənafeyinə xələl gətirə biləcək hər hansı bir müqavilənin imzalanmaması üçün yeni müqavilənin hazırlanması ilə bağlı işlərə nəzarəti öz əlində saxlayaraq, bu işə yüksək ixtisaslı mütəxəssisləri cəlb etdi. Bundan əlavə o, hazırlanmış yeni müqavilənin çox böyük dəqiqliklə yoxlanılması üçün xarici ölkələrdən də eks-pertlərin daxil olduğu komissiya yaratdı. Prezidentin göstərişi ilə ARDNŞ-in rəhbərliyinə də təcrübəli mütəxəssislər cəlb olundu. Aparılan danışıqlarda əvvəlkindən fərqli olaraq, üç deyil, iki neft yatağı – «Azəri» və «Çıraq» yataqlarından söhbət gedir, pay bölgüsündə isə Azərbaycanın payı 80 faiz nəzərdə tutulurdu. Xarici şirkətlər tərəfindən ödəniləcək bonusun həcmi 500 mln. dollar müəyyən olundu ki, bu məbləğin də yarısı müqavilə onu imzalayan şirkətlərin ölkələrinin parlamentində ratifikasiya edildikdən sonra dərhal ödənilməli idi.
Azərbaycan Respublikasının müstəqil xarici və daxili siyasət yeridəcəyini yəqin edən Rusiya Federasiyasının militarist qüvvələri Ermənistan «dövlətinə» hərbi yardımı gücləndirərək, 1993-cü ilin yay-payızında Azərbaycan Respublikasının Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğal olunmasına şərait yaratdı. Rusiyanın bu təcavüzkar dairələri 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş keçmiş sovet respublikalarında siyasi nəzarəti itirsələr də, hərbi və strateji mövqeni itirmək istəmirdilər. Bu baxımdan həmin dövrdə Rusiya Federasiyasının Müdafiə Nazirliyi yanında təşkil edilmiş Müdafiə Tədqiqatları İnstitutunda hazırlanmış «Rusiya Federasiyasının milli təhlükəsizliyi üçün yaranan əsas xarici təhlükələrə qarşı müqavimət strategiyasının konseptual qaydaları» adlı sənəd diqqəti cəlb edir. Bu sənəddə açıq-aydın deyilirdi: «Mühüm vəzifə «Xəzər neft müqaviləsi»nin hazırkı şəkildə reallaşmasına imkan verməməkdir. Bunun üçün aşağıdakı bir sıra kompleks tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur:
- Xəzərin Azərbaycana məxsus hissəsini rəsmi olaraq hüquqi cəhətdən tanımaqdan imtina etmək;
- praktik olaraq bir sıra tədbirlər görmək, lazım gələrsə, Xəzərin statusu müəyyən olunanadək onun keçmiş sovet hissəsində xarici neft şirkətlərinin fəaliyyətinə imkan verməmək üçün güc tətbiq etmək;
- Azərbaycan Respublikasının əsas ərazisi ilə Türkiyə Respublikasının ərazisi arasında birbaşa əlaqənin yaradılmasına imkan verməmək;
- erməni hərbi hücumunu Gəncə və Yevlax istiqamətində gücləndirmək yolu ilə Bakıdakı rejimə təzyiq göstərmək».
Göründüyü kimi, Dağlıq Qarabağı əhatə edən rayonların işğalı sənəddə göstərilən tədbirlərin tərkib hissəsi idi. Çünki onların həyata keçirilmədiyi təqdirdə Azərbaycan Respublikasının Cənubi Qafqaz regionunda nüfuzunun artacağı və tezliklə Dağlıq Qarabağ məsələsini öz xeyrinə həll edəcəyi aydın idi. Digər tərəfdən, o vaxt Türkiyə Bosfor və Dardanel boğazlarından keçən neftdaşıyan tankerlərin sayının azaldılması tələbi ilə çıxış edərək, tez-tez baş verən qəzalar nəticəsində İstanbul şəhəri və digər yaşayış məntəqələri üçün təhlükə törətdiyini bəyan etmişdi. Türkiyə Cümhuriyyəti hökuməti 1994-cü ilin martında boğazlardan gəmilərin keçməsi üçün yeni cədvəl tərtib edərək, Beynəlxalq Dəniz Təşkilatına təqdim etdi və onun qəbuluna nail oldu. Bu isə Orta Asiya və Azərbaycan neftinin Novoros-siysk vasitəsilə ixrac olunması ehtimalını heçə endirirdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü ilin mayın 12-də Ermənis-tanla müharibədə atəşkəs əldə edilməsinə nail oldu. Bu, Azərbaycan Respublikasının ağır sosial-iqtisadi böhrandan çıxmağa başlamasının təsdiqi idi.
Qərb ölkələrinin neft şirkətləri ilə 1994-cü ilin mayında Türkiyənin İstanbul şəhərində aparılan danışıqlar çox ağır gedirdi. Prezident Heydər Əliyevin gərgin siyasi və diplomatik səyləri nəticəsində daxili ictimai-siyasi sabitliyin bərpası ölkənin milli mənafelərini təmin edə biləcək müqavilənin imzalanması üçün danışıqlar prosesini sürətləndirdi. Aparılan danışıqların daha nəticəli olması üçün Prezident Heydər Əliyevin fərmanı ilə 1994-cü il martın 1-də İlham Əliyev ARDNŞ-in birinci vitse-prezidenti təyin edildi. İlham Əliyev sonralar «Caspian energy» jurnalına verdiyi müsahibəsində deyirdi: «Bu zaman bizim qarşımızda üç əsas vəzifə dayanmışdı: birincisi, müqavilənin imzalanmasına nail olmaq. İkincisi, müqavilədə Azərbaycan üçün ən əlverişli həm hüquqi, həm də iqtisadi şərtlər yaratmaq. Üçüncüsü isə, müqavilənin işləməsinə nail olmaq».
O vaxt çox ağır vəziyyətdə olan Azərbaycan Respublikası üçün bu vəzifələri yerinə yetirmək heç də asan deyildi. Danışıqların son mərhələsində xarici şirkətlərin nümayəndələri müqavilənin qüvvəyə minməsini onun imzalanmasından və ölkə parlamentində ratifikasiyasından sonra deyil, yalnız Xəzər dənizinin statusunun həll olunmasından sonra qəbul edəcəklərini söylədilər. Təbii ki, Azərbaycan Respublikası hökuməti buna razı ola bilməzdi. Çünki bu şərtin qəbul edilməsi müqavilənin kağız üzərində qalacağı demək idi. Buna görə də Prezident Heydər Əliyevin tapşırığı ilə ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev ABŞ-ın hökumət nümayəndələri ilə danışıqlar aparmaq üçün Vaşinqtona yollandı və danışıqlar öz müsbət nəticəsini verdi.
Yuxarıda deyildiyi kimi, Rusiya Federasiyasının təcavüzkar dairələri Azərbaycan Respublikasının Xəzər dənizində xarici şirkətlərlə neft hasilatına dair müqavilə imzalamasına yol vermək istəmirdi. Xəzərin Azərbaycan Respublikası sektorunda neft yataqlarının xarici neft şirkətlərlə birgə işlədilməsinə dair müqavilənin imzalanmasında müəyyən irəliləyişlər nəzərə çarpmağa başlayanda Moskva Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan Respublikasının dövlət müstəqilliyinə zərbə vura biləcək təkliflər irəli sürərək, onun iqtisadi maraqlarının dənizin yalnız 12 millik zonası ilə məhdudlaşacağını bildirdi. Bu isə Azərbaycan Respublikasının öz sektorunda yerləşən «Azəri», «Çıraq» və «Günəşli» neft yataqları üzərində nəzarətini itirməsi demək idi. 1994-cü ilin yazında RF bu məsələ ilə bağlı çox fəal diplomatik addımlar atmağa başladı. Həmin il aprel ayının 27-də RF XİN Böyük Britaniya XİN-ə nota göndərərək, Azərbaycan Respublikasının Xəzər dənizində yerləşən neft yataqları ilə bağlı müstəqil olaraq hər hansı bir müqavilə imzalamaq hüququ olmadığını bildirdi. 1994-cü ilin yazında isə RF XİN-in təqdimatı əsasında Prezident B.Yeltsin Azərbaycan Respublikasına qarşı sanksiyalar nəzərdə tutan 396 RPS saylı sərəncam imzaladı. Rusiya hökuməti Xəzər dənizinin statusu məsələsini ortaya ataraq, Azərbaycan Respublikası ilə İngiltərə arasında 1994-cü ildə imzalanmış «Energetika sahəsində əməkdaşlıq haqqında» memorandumda «Xəzər dənizinin Azərbaycan sektoru» ifadəsinin işlədilməsini qəbul etmədiyini bəyan etdi. Böyük Britaniya səfiri Brayan Folla verilən notada həmçinin Xəzər dənizində neft yataqlarının işlədilməsinə dair hər hansı bir müqavilənin Rusiya Federasiyası hökuməti tərəfindən tanınmayacağı bildirilirdi. Böyük Britaniyanın energetika naziri Tim Eqqar Bakıya səfər edərək, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə, Xarici İşlər Nazirliyinin və ARDNŞ-in rəhbərliyi ilə apardığı danışıqlardan sonra «RF XİN-in notasına əhəmiyyət verməmək» və əməkdaşlığın davam etdirilməsi haqqında qərar qəbul edildi. Prezident Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində İngiltərə, ABŞ, Türkiyə, Rusiya Federasiyası və başqa ölkələrin neft şirkətləri ilə aparılan intensiv danışıqlar 1994-cü il sentyabrın 20-də Azərbaycanın iqtisadi və siyasi həyatında mühüm bir hadisə ilə başa çatdı. ARDNŞ ilə neft hasilatında böyük təcrübəsi olan ABŞ, İngiltərə, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanının iri neft şirkətləri («Amoko», «Penzoyl», «Yunokal», «Ekson», «Remko», «MakDemott», «LUKoyl», «Britiş-Petroleum», «Stat-Oyl», «Türkiyə Petrolleri AO», «Delta») arasında 30 il müddətinə ilk müqavilə imzalandı. Sonralar «Əsrin müqaviləsi» adlandırılan bu müqavilənin şərtlərinə görə, 30 il ərzində Xəzər dənizinin «Günəşli», «Çıraq», «Azəri» neft yataqlarından 511 mln. ton neft çıxarılması, bunun həyata keçirilməsi üçün 7,4 milyard dollar sərmayə qoyulması nəzərdə tutulurdu. Təkcə Azərbaycan Respublikasının payına düşəcək neftin satışından əldə olunacaq gəlirin təqribən 34 milyard dollar olacağı hesablanmışdı. Müqavilənin şərtlərinə uyğun olaraq Azərbaycan Respublikasının əldə edəcəyi gəlirin üç mənbədən olduğunu nəzərə alsaq, təqribi hesablamalara görə, ölkənin gələcəkdə 70-80 mlrd. dollar həcmində gəlir götürəcəyi ehtimalı vardır.
1994-cü il dekabrın 12-də «Əsrin müqaviləsi» Milli Məclis tərəfindən ratifikasiya olunduqdan sonra Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının qanunu kimi qüvvəyə mindi. «Əsrin müqaviləsi»nin minlərlə yeni iş yerlərinin açılması və Azərbaycan Respublikası vətəndaşlarının işlə təmin olunması üçün geniş imkan yaradacağı artıq reallığa çevrilmişdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev müsahibələrinin birində milli neft strategiyası işini belə qiymətləndirmişdi: «Mən neft strategiyasını yaratdım və bunu həyata keçirirəm. Axı bilirəm ki, neft sənayesi nədir. Mən Azərbaycanın neft sənayesi ilə 40 il məşğul olmuşam. Nəinki buradakı sənaye ilə, SSRİ-nin bütün neft regionlarının hamısı ilə məşğul olmuşam. Mən bilirəm ki, nə lazımdır. Bilirdim ki, bizim bundan başqa yolumuz yoxdur».
Məhz buna görə də, 1995-ci il oktyabrın 9-da müqavilə iştirakçılarının Rəhbər komitəsinin iclasında iştirak edən Prezident Heydər Əliyev müqavilənin ölkəmiz üçün əhəmiyyətini belə qiymətləndirmişdi: «… Biz bu müqaviləni hazırlayarkən, onu imzalayarkən və mən bir prezident kimi müqavilənin hüquqi qüvvə alması üçün qanun imzalayarkən Azərbaycanın bu günü və gələcəyi haqqında düşünmüşük. Hamı da bilməlidir ki, biz bu arzularla, niyyətlərlə müqavilənin işə başlamasını istəyirik. Müqavilənin həyata keçirilməsi respublikamızın böhran vəziyyətində olan iqtisadiyyatında qarşıdakı illərdə böyük dəyişikliklər etmək üçün mühüm əhəmiyyət kəsb edir. Müqavilənin həyata keçirilməsi eyni zamanda Azərbaycanın gələcək inkişaf perspektivi üçün çox əhəmiyyətlidir. Bu müqaviləni imzalayanda da biz Azərbaycanın gələcək nəsillərinin həyatı barədə düşünürdük».
«Əsrin müqaviləsi» Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiya olunması üçün müstəqil dövlətin beynəlxalq miqyaslı ilk uğurlu addımı idi. Bundan əlavə, Azərbaycan iqtisadiyyatının böhrandan çıxarılması və inkişaf etdirilməsində neft sənayesinin dirçəldilməsi, müasir yüksək texnologiyalar əsasında yenidən qurulması böyük əhəmiyyət kəsb edirdi.
1995-ci ilin noyabrın 15-də «Əsrin müqaviləsi»nin davamı olaraq, ABŞ-ın «Penzoyl», Rusiya Federasiyasının «LUKoyl» və İtaliyanın «Acip» neft şirkətləri ilə «Qarabağ» dəniz neft yatağının birgə işlənilməsi haqqında 25 il müddətinə nəzərdə tutulan müqavilə imzalandı.
1996-cı il iyunun 4-də ARDNŞ ilə İngiltərə, Norveç, Türkiyə, Fransa, Rusiya və İranın neft şirkətləri arasında «Şahdəniz» yatağının birgə işlənilməsi haqqında 30 il müddətinə, dekabrın 14-də Xəzərin Azərbaycan sektorundakı «Dan ulduzu» və «Əşrəfi» neft strukturlarının birgə işlənilməsi haqqında ABŞ-ın «Amoko», «Yunokal», Yaponiyanın «İtoçu» və Səudiyyə Ərəbistanının «Delta» şirkətləri ilə müqavilələr imzalandı.
1997-ci il yanvarın 13-də Parisdə «Lənkarandəniz» və «Talışdəniz» yataqlarının birgə istismarına dair «Elf-Akitien» və «Total» şirkətləri ilə ARDNŞ arasında müqavilələr imzalandı. Avqustun 1-də isə Vaşinqtonda, Ağ evdə ABŞ-ın «Şevron», «Ekson», «Mobil» və «Amoko» şirkətləri ilə ARDNŞ arasında Xəzər dənizinin Azərbaycan Respublikası sektorundakı «Abşeron», «Naxçıvan», «Oğuz» və «İnam» neft yataqlarında birgə iş haqqında 8 milyard dollar dəyərində 3 müqavilə imzalandı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı imzalanan bu müqavilələr ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi üçün mühüm əsas yaratdı.
Azərbaycan Respublikası neft sənayesinə müasir texnologiyalar, idarəetmə təcrübəsi gətirildi. Respublikamızın neft donanması, neft sənayesi infrastrukturu yenidən quruldu. «Bakı» elmi tədqiqat gəmisi modernləşdirilib dünyada ən mükəmməl geofiziki tədqiqat gəmilərindən birinə çevrildi. «Xəzərdənizneft» yarımdalma qazma qurğusu yenidən quruldu və «Dədə Qorqud» adı ilə ikinci həyatına başladı. «Şelf-5» qazma qurğusu əsaslı şəkildə yenidən quruldu, müasir avadanlıqla təchiz olunaraq, dünyada ən böyük üzən qazma qurğularından birinə çevrildi və 1998-ci ilin sentyabrında «İstiqlal» adı ilə istifadəyə verildi. Dənizin çox dərin yerlərində neft quyuları qazmağa imkan verən «Qurtuluş» adlı ən müasir çoxfunksiyalı qazma qurğusu yaradıldı. 2002-ci ilin yayında Xəzərdə ən yeni texnologiya əsasında ilk dəfə qazma qurğuları üçün sualtı dayaq tavası quraşdırıldı. «Tofiq İsmayılov» dalğıc, «Azərbaycan», «İsrafil Hüseynov» kran gəmiləri təmir edilib yeni avadanlıqla təchiz olundu. Dənizdə «Çıraq-1» platforması beynəlxalq standartlara uyğun, Qərb texnologiyası əsasında yenidən quruldu. Bu platformadan sahilədək 120 m dərinlikdə 176 km uzunluğunda neft, Neft Daşlarına 48 kilometrlik qaz kəmərləri çəkildi. Səngəçal terminalı tikildi, Zığ zavodu sualtı boruların üzlənməsi üzrə ixtisaslaşdırıldı.
1994-cü ildən başlayaraq hər ilin iyun ayında Bakıda xarici firma və şirkətlərin iştirak etdiyi ənənəvi beynəlxalq neft-qaz sərgisi təşkil olunur. 4000 nəfərdən çox azərbaycanlı mütəxəssis dünyanın ən qabaqcıl neft şirkətləri bazasında yeni texnologiya və iş metodlarına yiyələndi. 2001-ci ildə hasilat və servis şirkətlərində 10 mindən çox Azərbaycan Respublikası vətəndaşı işləyirdi. Bakı neftçilərinin böyük təcrübəsi yüksək qiymətləndirilir və ondan səmərəli istifadə olunurdu. Neft şirkətlərinin beynəlxalq tenderlərdə bağladığı müqavilələrin 20%-dən çoxu Azərbaycan müəssisələrinin və onların xarici tərəfdaşlarla yaratdıqları birgə müəssisələrin payına düşürdü.
«Azəri», «Çıraq» və «Günəşli» yataqlarından hasil olunacaq ilkin neftin Qara dəniz limanlarına «Şimal» və «Qərb» neft kəmərləri ilə nəqli barədə müqavilələr bağlandı. Bakı-Novorossiysk («Şimal») kəmərinin Azərbaycan Respublikasına aid hissəsi 1996-cı ilin sonuna qədər hazır oldu və 1997-ci il oktyabrın 25-də istifadəyə verildi. Bakı-Supsa («Qərb») kəmərinin tikintisi 1998-ci ilin axırlarında başa çatdırıldı. 1999-cu il aprelin 17-də bu kəmər və Supsa terminalı istifadəyə verildi.
1996-cı ildən dənizdə ABƏŞ-in qazdığı ilk neft quyusu güclü fontan vurdu və yataqların böyük ehtiyatları bir daha təsdiq olundu. 1997-ci il noyabrın 12-də Azərbaycan Respublikası tarixində mühüm hadisə baş verdi, «Əsrin müqaviləsi» üzrə ilkin neftin hasilatına başlandı. Bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Prezident Heydər Əliyev Azərbaycan xalqını, bütün Azərbaycan Respublikası vətəndaşlarını bu tarixi və əlamətdar hadisə münasibətilə təbrik edərək demişdi: «1994-cü ilin sentyabr ayında biz ilk böyük neft müqaviləsini imzalayarkən dünyaya nümayiş etdirdik ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət kimi öz təbii sərvətlərinin sahibi olaraq, onlardan istifadə edilməsi haqqında qərarlar qəbul edir. Üç il keçəndən sonra biz bir daha təsdiq edirik ki, Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və biz artıq bu müstəqilliyimizin gözəl bəhrələrini görürük. Bizim bu gün gördüyümüz işlər XXI əsr, gələcək nəsillər üçün görülən işlərdir».
«Əsrin müqaviləsi» üzrə əsas işlərin birinci fazasının başlanması üçün Xəzər dənizindən Aralıq dənizinə qədər uzanan, ildə 50 milyon ton neft nəql edə biləcək, uzunluğu 1760 km olacaq iri diametrli Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi haqqında saziş əldə olunması vacib idi. 1998-ci ilin mayında müqavilə hazırlanması üçün işçi qrupu yaradılmışdı.
Boru kəmərinin layihəsi hazırlanarkən Azərbaycan Respublikası əsas olaraq aşağıdakı konsepsiyaya üstünlük vermişdir:
1. Əsas ixrac neft kəməri üzrə şirkətin pay bölgüsündə payın 50 faizi və üstəgəl 1 səhm Azərbaycana məxsus olmalıdır.
2. Əsas ixrac neft kəməri üzrə layihəyə çəkilən xərclərin qaytarılması sxeminə onların konsepsiyası da daxildir.
3. Sıfır balansı əldə edildikdən sonra neft kəməri bütövlükdə Azərbaycan Respublikasının nəzarəti və idarəsinə keçir.
4. Neft kəməri gəlir mənbəyi olmamalıdır.
5. ABƏŞ-ə kəmərdən istifadə üçün güzəştli tarif müəyyənləşdiriləcəkdir.
Həmin il oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentlərinin və ABŞ energetika nazirinin imzaladıqları bəyanat bu kəmərə dair danışıqlara təkan verdi.
1999-cu il noyabrın 18-də İstanbulda «Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair» saziş imzalandı. Bununla əlaqədar Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, Gürcüstan, Qazaxıstan Respublikası və ABŞ-ın dövlət başçıları tərəfindən verilən «İstanbul Bəyannaməsi» layihənin yüksək səviyyədə dəstəkləndiyinə sübut oldu.
Xatırladaq ki, bu sazişin hazırlanmasına da ciddi maneələr törədilirdi. Şirkətlərin bəziləri kənardan təsirlər nəticəsində belə bir kəmərə ehtiyacın olmasına bədbinliklə yanaşırdı. Qoyulacaq sərmayələr haqqında da müxtəlif fikirlər vardı. Lakin törədilən bütün maneələrə və yaradılan çətinliklərə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü neft strategiyası uğurla nəticələndi. İstanbulda imzalanma mərasimindən sonra çıxış edən Prezident Heydər Əliyev demişdir ki, «Əsrin müqaviləsi»nin imzalanmasından Bakı-Ceyhan strateji neft kəmərinə dair müqavilələr paketinin imzalanmasına qədər olan beş il ərzində görülən işlərdən qürur hissi duyur. O, öz çıxışında sazişin iştirakçısı olan ölkələrin başçılarına, xüsusi olaraq siyasi dəstəyə görə ABŞ Prezidenti Bill Klintona minnətdarlığını bildirmişdi.
2002-ci il avqustun 1-də bu kəmərin tikilməsi və idarə edilməsi üçün şirkət təsis edildi. Sentyabrın 18-də kəmərin təməli qoyuldu. Bu münasibətlə tədbirlərdə iştirak etmək üçün Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Nejdət Sezər, Gürcüstan Prezidenti Eduard Şevardnadze, ABŞ-ın energetika naziri Spenser Abraham Bakıya gəlmişdilər. 3 milyard dollara qədər dəyəri olan bu kəmərin sahibi Azərbaycan Dövlət Neft Şirkəti (25%), Böyük Britaniyanın BP (30,1%), ABŞ-ın «Yunokal» (8,9%), Konoko-Filips (2,5%), Norveçin «Statoyl» (8,72%), Türkiyə Cümhuriyyətinin TPAO (6,53%), Yaponiyanın «Itoçu» (3,4%) və «İnpeks» (2,5%), Səudiyyə Ərəbistanının «Delta Hess» (2,36%), İtaliyanın EPİ (5%) və Fransanın TOTAL ELNA ELF (5%) şirkətləri idi.
2001-ci il avqustun 30-da «Əsrin müqaviləsi» üzrə əsas işlərin birinci, mühüm fazasına başlanıldı.
Həyata keçirilən tədbirlər sayəsində respublikanın neft sənayesi dirçəldi, sürətlə inkişaf etməyə başladı. 2002-ci ildə ölkədə 15,3 milyon ton neft hasil edildi. Neft müqaviləsi gəlir gətirməyə başladı. Prezidentin fərmanı ilə 1999-cu ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis olundu, 2001-ci ilin dekabrında onun Müşahidə Şurası təşkil edildi. Azərbaycan Respublikasının yeni neft strategiyasının banisi Heydər Əliyev bu Fondu güclü iqtisadiyyat yaratmaq vasitəsi kimi qiymətləndirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, Dövlət Neft Fondunu yaratmaqda başlıca məqsəd mineral xammal ehtiyatlarını təkrar istehsala yönələn maliyyə ehtiyatlarına çevirməkdir və bu Fond nəsildən nəslə keçməlidir. Dövlət Neft Fondunda yığılan vəsaitlər investisiya şəklində Azərbaycan iqtisadiyyatının başqa sektorlarına qoyulmalı, neftlə bağlı olmayan digər sahələrin inkişafı, yeni iş yerlərinin yaradılması üçün, hətta gələcək nəsillərin neft hasilatı səviyyəsindən və dünya bazarında neftin qiymətinin dəyişməsindən asılılığını istisna edən proqramlar həyata keçirilməlidir. 2003-cü ilin əvvəllərində Fondda 730 milyon ABŞ dolları həcmində vəsait var idi. Ondan respublikanın iqtisadi və sosial rifahı naminə səmərəli istifadə etmək üçün xüsusi proqram hazırlanmışdı.
1994-2004-cü illər ərzində ARDNŞ ilə 15 xarici ölkənin 33 neft şirkəti arasında dənizdə və quruda yerləşən neft yataqlarını əhatə edən 22 müqavilə imzalandı. Onların ümumi dəyəri 60 milyard ABŞ dollarına bərabər idi.
ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından biri idi. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya dururdu: «Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri, həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir». Onun iştirakçısı olduğu saysız-hesabsız görüşlər və danışıqlar məhz bu deviz altında keçirilirdi. Əlbəttə, çətinliklər və maneələr də olur, bəzən müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. İlham Əliyev həmin anları belə xatırlayır: «Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər bir səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik».
Prezident Heydər Əliyev uzaqgörən siyasət yeritməklə hadisələrin və proseslərin sonrakı gedişini əhəmiyyətli dərəcədə qabaqladı, bir sıra ölkələri fakt qarşısında qoydu. Neft müqavilələrinin imzalanması Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının işlənməsini xalqımızın mənafeyinə xidmət etməyə yönəltməklə ölkənin uzunmüddətli problemlərinin həllinə zəmin yaratdı. İqtisadi, sosial və siyasi əhəmiyyətini bir çoxlarının vaxtında anlaya bilmədiyi və ya anlamaq istəmədiyi bu uzaqgörən siyasət artıq öz konkret nəticələrini verib və gələcəkdə də verəcəkdir. Bunu Heydər Əliyevin neft strategiyasının təntənəsi kimi qiymətləndirməmək isə çox böyük tarixi ədalətsizlik olardı.
1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi» imzalananda Azərbaycan Respublikası kasıb bir ölkə idi, onun valyuta ehtiyatları sıfır dərəcəsində idi. İndi Azərbaycan Respublikasının valyuta ehtiyatları 20 milyard dollardan çoxdur. Son altı il ərzində dövlət büdcəsi 10 dəfədən çox artıb, 800 mindən çox yeni iş yeri açılıb ki, onların da tam əksəriyyəti qeyri-neft sektorundadır. Yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə düşmüşdür. Bu da onu göstərir ki, Azərbaycan Respublikasında neftdən əldə olunan gəlirlər ədalətli şəkildə bölünür. Bütün bunlar ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanan və həyata keçirilən neft strategiyasının Azər-baycan xalqının milli mənafelərinə tam cavab verdiyini bir daha təsdiq edir.

 

 Geostrategiya" jurnalı  № 01 (31)  Yanvar -Fevral 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM