Dünya problemləri: fəlsəfə çağırışlar qarşısında

13:00 / 10.06.2016

Əbülhəsən Abbasov ,
Fəlsəfə elmləri doktoru, professor

1986-cı ildə Türkiyənin fəlsəfə cəmiyyəti tərəfindən təşkil olunmuş beynəlxalq seminar belə bir aktual mövzuya həsr edilmişdir: “Fəlsəfə dünya problemləri qarşısında”. 17 il sonra, 2003-cü ilin avqustunda, fəlsəfə üzrə keçirilmiş XXI Ümumdünya Konqresi də eyni mövzu ilə bilavasitə bağlı olmuşdur. Hər iki hadisəni və bu arada həyata keçirilmiş digər tədbirləri vaxtilə (1982-ci ildə) YUNESKO-nun 1982-1989-cu illər üçün hazırladığı “Orta müddətli plan”ında vurğulanan vəzifələrin reallaşması istiqamətində təsirli addım kimi qiymətləndirmək olar. Elə həmin “Plan”ın ortaya çıxması ilə əlaqədar beynəlxalq elmi və siyasi disskusiyalara «dünya problemləri» ifadəsi gətirilmişdir. Ciddi fəlsəfi refleksiyaya duyulan zərurət də bu «Plan»da öz əksini tapmışdır.
Nəinki filosoflar, tanınmış fikir sahibləri, həmçinin bir çox ictimai-siyasi xadimlər, dövlət başçıları cərəyan edən proseslərə fəlsəfənin bilavasitə müdaxiləsini zəruri hesab edirlər. “Fəlsəfə işə qarışmalıdır!” fikri son illər xüsusilə tez-tez səslənir. Analoji fikirlər XXII Dünya Fəlsəfə Konqresində (30 iyul-5 avqust 2008-ci il, Seul, Koreya) də səslənmişdir. «Bu gün fəlsəfəni yenidən düşünərkən» adı altında keçirilmiş Seul Konqresi, bütün mövzu rəngarəngliyinə baxmayaraq, bir daha dünya problemlərinin həllində fəlsəfənin rolunu önə çəkmişdir. Hələ tədbirin açılışında Konqresin Prezidenti Peter Kemp iştirakçılara müraciətində demişdir: “Axı, fəlsəfə həm də sağlam zəkanın yolgöstərənidir. Və o, yalnız bu şərtlə yaşaya bilər ki, bizim zamanımızda bəşərriyyətin məhz nələr üzərində diqqətini cəmləməli olduğu rasional disskusiyalarını yeniləşdirməyi bacarsın. Deməli, bu gün fəlsəfəni yenidən düşünmək – bəşəriyyətin mövcud durumuna münasibətdə bizim fəlsəfi idrak qabiliyyətimizi yenidən sınağa çəkmək deməkdir” (15, s.147). Fəlsəfə, şübhəsiz, sülh və rifahı təminatlandıran dünya nizamını yaratmaq üçün bizim səylərimizi ruhlandıran qüdrətli Söz kimi fəaliyyət göstərə bilər.
Bəs, konkret olaraq, fəlsəfənin bəşəri problemlərin həllində rolu nədən ibarət olmalı, yaxud ibarətdir?
Bu rolların əsas bir qrupu konseptual məsələlərlə bağlıdır ki, burada da, ilk növbədə, “dünya problemləri” anlayışına aydınlıq gətirmək lazımdır. Tanınmış filosof, Beynəlxalq Fəlsəfə Cəmiyyətləri Federasiyasının prezidenti, İ. Kuçuradi bura iki növ problemləri aid edir. “Bunlardan biri müəyyən faktlarla bağlıdır - bu gün bəşəriyyətin bir tam kimi çatdığı sivilizasion səviyyəyə baxmayaraq, həmin bu bəşəriyyətin əhəmiyyətli hissəsinin mövcud olduğu dalanların müxtəlif aspektlərilə: aclıq, müalicə oluna biləcək xəstəliklərdən ölüm faizinin yüksəkliyi, savadsızlıq, əsas hüquqların müdafiəsi sahəsində ayrı-ayrı insanlar və qruplar arasında kəskin fərqlər, işgəncələr və s.” (7, s. 6). İkinci tip «dünya problemləri»nə İ. Kuçuradi həmin bu faktlarla bağlı ortaya çıxan gümanları, yaxud “dalanlar”dan gözlənilən çıxış yollarını aid edir. Bu kateqoriyaya, onun fikrincə, inkişaf, sülh, insan hyquqları, demokratikləşmə kimi problemlər daxildir.
Daha sonra İ. Kuçuradi göstərir ki, bu iki tip bəşəri problemlərin tədqiqi müxtəlif növ idraki fəaliyyət tələb edir: məsələn, faktlar səciyyəsi daşıyan problemləri izah etmək lazımdır, nəzərdə tutulan həlli yollarını isə - əsaslandırmaq. İzah etmək və əsaslandırmaq - epistemoloji fəaliyyətin iki müxtəlif növüdür. Alimin fikrincə, faktın düzgün diaqnozunu qoymaq fəlsəfənin ümdə vəzifələrindən biridir. Nəhayət, İ. Kuçuradi “dünya problemləri” məfhumuna belə tərif verir: “Dünya problemləri - ayrı-ayrı ölkələrdə və bütövlükdə dünyada sosial, iqtisadi, siyasi münasibətlərin necə qurulmasından asılı olaraq yaranan hadisələrin spesifik çarpazlaşmasından törəyən faktlardır” (7). İ. Kuçuradinin baxışları ilə ümumən razılaşsam da, fəlsəfənin konseptual məsələlərlə bağlı roluna dair bir sıra ciddi əlavələr etmək istərdim.
Konseptuallıqdan söhbət gedirsə, ilk növbədə, hissədən (faktdan) yox, tamdan (faktlar sisteminin özündən, bu sistemin məğzindən, ontoloji məzmun-mahiyyətindən və buna müvafiq qnoseologiyadan, habelə, aksiologiyadan) danışılmalıdır. Əfsuslar olsun ki, hörmətli filosof məsələyə belə yanaşmır, həqiqətən də müasir dünya problemlərinin substansiyasını təşkil edən mövzuya, demək olar ki, toxunmur.
Faktlar ümumi bir tamın (substansiyanın) təzahürləridir, tamın öz-özünə münasibətinin və özündən kənara (tam - ətraf mühit) proyeksiyasının nəticəsi olaraq ortaya çıxan “məhsuldur”. Onlar, filosofun dediyi kimi, bəşəriyyətin böyük bir hissəsinin gəlib düşdüyü dalanların müxtəlif aspektləri, lapdan yaranan “özündə şeylər” deyil. O ki qaldı “dalanlara”, heç bir dərindən düşünən adam bunların yalnız bəşəriyyətin bir hissəsinə (filosof, yazısından göründüyü kimi, bura yoxsul, əzilən, günahsız qırılan və digər bu qəbildən olan insan qruplarını, xalqları və reqionları aid edir) şamil edilməsinə razı olmaz, çünki, necə deyərlər, varlının da öz dərdi var!. “Dalanlar” ifadəsini işlətmək olar, bəlkə də - zəruridir, ancaq onlar hər bir insanın, hər bir sosial, siyasi, dini, etno-mədəni və s. qrupun, bütöv dünyanın tərkibində olan xalqların və ölkələrin qismətidir. Heç bir şəxs, sosial qrup, sinif, xalq və ölkə bu məsələdə imtiyazlı deyil və hansısa sirrli qüvvə tərəfindən sığortalanmayıb.
Diğər tərəfdən: bəli, aclıq, səfalət, hüquqların pozulması, tibbi yardımsızlıqdan çoxlu ölüm halları (faktlar) var və bu gün onlar olduqca diqqəti çəkən, ürək ağrıdan, həllinə insanları, dövlətləri səsləyən problemlərdir. Dünya da onlara həssas olmalı, həllinə çalışmalıdır. Lakin bu problemlər müasir dünyanın bilavasitə səciyyəvi problemləri deyil. Belə ki, onlar yüz il, üç yüz il və min il bundan qabaq da mövcud olub. Heç kim elə bir tarixi dövr göstərə bilməz ki, həmin zaman kəsiyində tam firavanlıq təmin edilsin, aclıqdan, soyuqdan, müalicəsizlikdən ölən olmasın. İkinci bir tərəfdən, bu problemləri təkrar-təkrar sadalamağın fəlsəfi refleksiyanın konseptual müstəvidə rolunun həyata keçirilməsinə nə dəxli var? Əslinə qalsa, burada fəlsəfəlik də bir şey yoxdur, xüsusən də hansısa anlaşılmayan, mücərrəd «konseptuallıq» yüksəkliyindən yerə enmək istəməyən fəlsəfəçilik üçün.
Dünya dərdi, həqiqətən, insan dərdidir və bu dərd yalnız bir parça çörəyin olub-olmamasından ibarət deyil. Azmı vaxtlar, günlər olub ki, adamlar bir qara çörək parçasını bölüşdürüb, ancaq xoşbəxt olublar, süfrə arxasından sevgi-məhəbbətlə durublar, insanlıqlarını itirməyiblər? Yox, məsələ yalnız maddi təminat çətinliklərində, fizioloji məqamlarda deyil. Problematiklik ifrat dərəcədə maddiləşmiş və sürətlə maddiləşməkdə davam edən sivilizasiyanın həm lokal, həm də qlobal miqyasda ruha, ideal olana, müqəddəs sayılana divan tutmasında, sırf maddiyyat prizmasından, kapital amili müstəvisində insanları sayıb-seçməsində, çeşidləməsindədir.
Nəzərə alsaq ki, sivilizasiyalaşmaq müəyyən mənada və xeyli dərəcədə mədəniyyətləşmədir, onda məntiqi olaraq deyə bilərik : müasir dünyada maddiləşmiş və maddiləşməkdə davam edən qlobal «mədəniyyətləşmə» həyata keçirilir. Tamamilə asosial, antiinsani mahiyyət daşıyan, məqsədyönlü surətdə günbəgün içtimai və fərdi şuurda entropiyanı (nizamsızlığı, destrukiyanı, çürüməni) artıran, hiss və zövqləri qəbahətlər istiqamətində formalaşdıran bir dəhşətli proses!
Müasir dünyanın səciyyəvi, ən təsiredici problem-faktından söhbət gedirsə, ilk növbədə, məhz bu problemi və onun kökündə dayanan əsas səbəbləri qeyd edərdim. Ən başlıca səbəb isə, fikrimcə, məqsədli surətdə təşviq və təbliğ olunan “kapital-gəlir ideologiyası”dır. Bu ideologiya artıq dünya xalqlarını öz təsiri altına almış, insanların düşüncə və həyat tərzinə hakim kəsilmiş və dayanmadan insanlar, xalqlar, ölkələr üzərində öz nəzarətini həyata keçirməkdədir.
Bütün tarixi keşməkeşlərə, qanlı müharibə və inqilablara baxmayaraq, indiyə qədər bəşəriyyətin hərəkət dinamikası bir aparıcı və ümdə «proqram»ın reallaşdırılmasına xidmət edib: ibtidaidən ─ aliyə doğru, primitiv düşüncədən ─ yüksək elmi idraka doğru. Məqsəd düşünən və bu düşüncə qabiliyyətini artıran, yüksək zövqə və zəkaya sahib varlıqların formalaşması olub. İnsan məhz bu proqram-məqsədin, əsrlərlə davam edən təkamülün nəticəsi, məhsuludur. Müasir dünyada isə nə baş verir? O baş verir ki, insanı ali səviyyədən bəsit duyğular və instinktlər səviyyəsinə endirmək cəhdi reallaşdırılır. Bir növ indiyə qədər gedilən yolu bəşəriyyətə tərsinə oxutmaq (özü də - zorən, məkr və inadkarlıqla!) istəyirlər.
“Soyuq müharibə” qurtarsa da, dünyanın mütərəqqi inkişafının təminatçısı ola biləcək yeni «davranış kodeksi» ortaya qoyulmur. Əksinə, beynəlxalq münasibətləri indiyə qədər az-çox tənzimləyən norma və prinsiplər də kobudcasına pozulur. Bu mənada xüsusi narahatçılıq doğuran problemlərdən biri suverenlik məsələsidir. Hal-hazırda suverenliyin həm fəlsəfi-siyasi anlamında və onun beynəlxalq hüqüq səviyyəsində şərhində, həm də dövlətlərarası əlaqələr sistemində etibarlı təminat əldə edərək praktiki reallaşmasında kəskin problem və ziddiyyətlər özünü göstərməkdədir.
Suverenlik ideyası bir prinsip kimi öz ilk təsbitini 367 il bundan əvvvəl, 24 oktyabr 1648-ci ildə, Vestfal sülh müqaviləsinin bağlanması ilə tapmışdır. Həmin saziş mövcud beynəlxalq münasibətlər sisteminin başlanğıcını qoymuşdur. O vaxtdan keçən müddətdə, bütün keşməkeşlərə baxmayaraq, suverenlik prinsipi yenilməz qalmışdır. Bu mənada ki, heç bir dövlət və ya ölkə başçısı bu prinsipi, özlülyndə bir ideya kimi, dövlətlərarası münasibətlərin etiraf olunmuş norması kimi şübhə altına almamışdır. Əksinə, suverenlik
prinsipi beynəlxalq münasibətlər sisteminin dünyagörüşü əsaslarının mühüm tərkib hissəsi kimi təqdir edilmişdir. Lakin, bununla belə, əməli hərəkətlər, praktiki davranışlar səviyyəsində suverenlik prinsipinə dəfələrlə qəsdlər edilmiş, onun təminat qazanmasında və həyata keçirilməsində ayrı-seçkiliyə, ikili standartlara, açıq-aşkar laqeydliyə yol verilmişdir. Sözdə, nəzəri müstəvidə təqdir olunan əməli fəaliyyətdə pozulmuşdur, bəzən də çox qəddarcasına..
Rus alimi Vladislav İnozemtsev “XXI əsr dünya nizamı haqqında bir neçə hipotez” əsərinin “Suverenitet, demokratiya, insan haqları: uzlaşmayan üçluk” adlı birinci hissəsində mövcud beynəlxalq əlaqələr sisteminin dərin böhranını qeyd edərək, suverenlik prinsipinin yenidən baxılması zərurətini göstərir. Problemin xüsusi araşdırmaya ehtiyaclı olması fikrini tam dəstəkləyərək, bildirmək istərdim ki, onun əsaslandırmağa çalışdığı bir çox mülahizələrlə razılaşmaq qeyri-mümkündür. O, başlanğıcdan səhv müddəalardan çıxış edərək, ümumən qəbul edilməz, olduqca ziyanlı fikirlər irəli sürür. V. İnozemtsevin qənaətinə görə, “əgər beynəlxalq ictimaiyyət insan haqlarının müdafiəsini özünün məqsədi kimi etiraf edirsə, suverenlik prinsipini öz gücünü itirmiş elan etmək lazımdır”, yox “əgər beynəlxalq ictimaiyyət suverenlik prinsipini qəbul edirsə, yalnız kollektiv təhlükəsizlik haqqında sazişin bağlanılması zəruridir” (6, s. 5).
O, inadkarlıqla vurğulayır ki, suverinitet hec də demokratiyanın, insan hüquq və azadlıqlarının təmin olunmasını nəzərdə tutmur, yəni, bu üçlük bir-birilə uzlaşmır. Saxta arqumentlərə söykənərək formulə etdiyi psevdomövqelərin qarşılıqlı dolaşıqlarında itib-batan V. İnozemtsev nəticədə belə bir fikir söyləməyə məcbur olur: “Təəssüflər olsun ki, yeni dünya nizamının yaranması üçün nə birinci, nə də ikinci yanaşmanın reallaşdırılması sualına cavab vermək mümkün deyil” (6, s. 6). Bu, bir tərəfdən, alimin öz təfəkkürünün məhsulu olan psevdosuallar qarşısında acizliyinin üstüörtülü etirafıdırsa, digər tərəfdən, həm də Rusiya ziyalılarının konkret nümayəndəsinin imperiyapərəstliklə zəhərlənməsinin sübutudur. Heç də təəccüblü deyil ki, V. İnozemtsev suverenlik hüququnun bütün ölkə və xalqlara şamil edilməsində müasir beynəlxalq münasibətlər sisteminin ən başlıca qəbahətini görür. Onun açıqca söylədiyi fikir bundan ibarətdir: dünya xaosa yuvarlanır, burada isə əsas günahkarlar o kəslərdir ki, bütün ölkələri beynəlxalq ictimayyətin suveren üzvü kimi tanımışlar və hər bir xalqın özünəlayiq hökumət (siyasi hakimiyyət) təşkil etməsini alqışlamışlar (6, s.7). İnozemtsevin bu fikrinin məntiqi davamı, konkret olaraq, o deməkdir ki, Rusiya kimi «suverenlik hüququna layiq olanlar», yəni, tarixən imtiyazlılar, indən sonra da, suverenliyə aparan qapıları bağlamalı, başqa dövlətlərin işinə qarışmalı, hətta siyasi hakimiyyətlərini seçib-müəyyənləşdirməlidir.
Vəziyyət indi o həddə çatıbdır ki, dünya ekspertləri, hərbçi və siyasətçiləri Rusiyanın atom silahından istifadə etmək niyyətinin olmasından danışır və ehtiyatlanırlar. Məsələn, 7 noyabr 2015-ci il tarixində “Virtualaz.org” saytında “Pentaqon: Rusiya nüvə silahı tətbiq etməyə hazırlaşır” (16) başlıqlı məqalə verilib. Saytın yazdığına əsasən, ABŞ Müdafiə Nazirliyinin sabiq yüksək vəzifəli əməkdaşı, müdafiə nazirinin müşaviri Evelin Farkas hərbi mövzuda ixtisaslaşmış amerikalı jurnalistlərlə deyib ki, Putin nüvə silahından istifadəni ciddi nəzərdən keçirir.
ABŞ rəsmiləri və ekspert-lərinin ehtiyatlanmaları ilə razılaşmaq məcburiyyətindəyik. Bunu gedişatın dinamikası diktə edir, ancaq o da danılmaz həqiqətdir ki, proseslərin belə təhlükəli məcrada cərəyan etməsində və qlobal durumun fəlakətli xarakter almasında məhz ABŞ-ın rolu, bəlkə də, həlledici olmuşdur. Son onilliklər ərzində bu ölkənin «xarici siyasət neoliberalizmi» heç də ürək açan deyildir. Əlamətdardır ki, hələ XXI əsrin əvvəllərində C. Soros öz kitablarında ABŞ-ın siyasətini, prezident C. Buşun özünü ciddi tənqid atəşinə tutmuşdur. O, “Amerikan üstünlüyünün sabun köpüyü” adlı əsərində yazırdı: “Yer üzərində ən güclü ölkədə hakimiyyət sosial darvinizmin ən vəhşi formasını rəhbər tutan ekstremistlərin əlindədir. Buş administrasiyasının rəhbər tutduğu azadlıq və demokratiya konsepsiyası ilə azadlıq və demokratiyanın real prinsipləri arasında ziddiyyətlər var. Prezident Buş deyəndə ki, o isə kifayət qədər tez-tez deyir, azadlıq qələbə çalasaq, həqiqətdə Birləmiş Ştatların qələbəsini nəzərdə tutur… Prezident Buş azadlıq və «amerikan dəyərləri» arasında bərabərlik işarəsi qoyur. Nəyin yaxşı, nəyin pis olması barədə onun bəsit baxışı vardır. İraqa hücum Buş doktrinasının ilk praktiki istifadəsi oldu” (5, s. 6).
ABŞ-ın xarici siyasəti, xüsusən, oğul-prezident Corc Buş zamanından bir çox istiqamətlərdən və bir çoxları tərəfindən tənqid edilirdi. Onu birbaşa terrorist ölkə olmaqda da suçlayanlar az deyildir. Məsələn, tanınmış yazıçı-publisistlər Z.Sardar, M.V.Devis “Nə üçün insanlar Amerikaya nifrət edirlər?” əsərində yazırdılar: “Dünyanın əksər hissəsi, haqlı olaraq, ABŞ-ın simasında terrorist ölkə görur” (9, s. 31). Analoji fikirlərlə politoloq C.Stiqlits çıxış edirdi (10). Şübhəsiz ki, Amerikaya yönəlmiş “terrogen nifrətin” (8, s. 84) real səbəbləri vardır. Başlıca səbəblərdən biri isə, artıq qeyd etdiyim kimi, müasir beynəlxalq münasibətlər sistemində suverenlik prinsipinin etirafı və ödənilməsi problemi ilə bağlıdır. Daha geniş konseptual kontekstdən yanaşsaq, başlıca səbəb dünyanın ümumbəşəri ədalətə, rasional tələblərə cavab verən yeni “davranış kodeksi”nə ehtiyaclığı məsələsi ilə əlaqədardır.
Müasir dünya yeni “davranış kodeksi”nə ehtiyaclıdırsa, deməli, ilk növbədə beynəlxalq əlaqə və münasibətləri tənzimləyən beynəlxalq hüququn özünə yenidən baxılmalıdır. Həm bütövlükdə, həm də müxtəlif kontkestlərdə, səviyyə və aspektlərdə, o cümlədən, suverenlik prinsipi kontekstində. Aydındır ki, belə ümdə, taleyüklü və köklü problemin həlli üçün müvafiq fəlsəfi baza, epistemoloji sistem gərəkdir. Düşünürəm ki, bu missiya üçün mürəkkəblik fəlsəfəsinə əsaslanan və tənqidi-sinergetik təfəkkür konsepsiyasından qaynaqlanan postneoklassik epistemologiya daha məqbul və yetərlidir.
Görkəmli filosof Yurgen Habermas “Beynəlxalq hüququn keçmişi və gələcəyi barədə mübahisə. Milli konteksdən postmilli kontekstə keçid” əsərində yazır: “Problem artıq onda deyil ki, millətlərarası münasibətlərdə ədalət ümumiyyətlə mümkündürmü, ondadır ki, belə ədaləti həyata keçirmək üçün hüquq yararlı vasitədirmi? Liberal və qlobal müdaxiləyə malik böyük dövlət beynəlxalq hüququn prosedurlarını öz əxlaqi arqumentləri ilə əvəzlədiyi bir zamanda beynəlxalq hüquq hələ də hansısa rol oynayırmı?” (13, s.12).
Y. Habermas yaranmış situasiyadan çıxış yolunu beynəlxalq münasibətlərin kosmopolit hüquq istiqamətində konstitusionallaşmasında görür, beynəlxalq siyasətdə milli kontekstdən postmilli kontekstə keçidin artıq özünü bildirən və bir zərurət kimi gələcəkdə tam reallaşmaya qadir proses olduğunu əsaslandırmağa çalışır. Bu mövqedən çıxış edən alim İmmanuil Kantın konstitusionallaşma proyektinin, kosmopolitik ideya üzərində qurulsa da belə, məhdudluğunu, qeyri-reallığını (sosial zamanın cərəyanı, bəşər tarixinin inkişafı baxımından) qeyd edir. İ. Kant, Y. Habermasın fikrincə, “öz dövrünün uşağı kimi” üç mühüm faktoru görə bilməmişdir:
1) Yeni tarixi şüurun yüksəlişinə və mədəni fərqlərin anlaşılmasının artmasına hissiyatsız qalan Kant, XIX və XX əsrlərin millətçilik potensialının kinetik duruma keçidini və partlayışını öncədən görə bilməzdi.
2) Avropa sivilizasiyasının və irqinin üstünlüyü fikri ilə buxovlanmış Kant o faktın nəticələrini nəzərə almırdı ki, beynəlxalq hüquq bir neçə imtiyazlı xristian millətlərinin ölçüsü üzrə “biçilib-tikilmişdir” - bütün yerdə qalan dünya kolonizasiya və missionerlik üçün açıq qaldığı halda, yalnız bunlar bir-birilərinə bərabər tərəf kimi baxırdılar.
3) Kant, həmçinin, beynəlxalq hüququn ümumi xristian mədəniyyətinin hüquqdan kənar fonunda asılılığını anlaya bilməmişdir; bunun hesabına, heç olmasa, zorakılığı hökumətlərarası məhdud müharibələr çərçivəsində saxlamaq mümkün olmuşdur.
Bütün bu “ləkələr”, Habermasa görə, beynəlxalq hüququn kosmopolit hüququna çevrilməsi perspektivinə hesablanmış Kant proyektinin çatışmazlıqlarını göstərir ki, sonrakı dövrlərdə onlar özlərini tam aydınlığı ilə büruzə vermişlər.
Habermas problemlərlə bağlı bir səciyyəvi baxışa da – görkəmli alman hüquqşunası, filosofu, siyasət nəzəriyyəçisi Karl Şmittin (1888-1986) mövqeyinə də nəzər yetirir. Qısaca formulə etsək, K. Şmitt, ümumiyyətlə, kosmopolit hüquq ideyasının beynəlxalq münasibətlər sistemində reallaşmasını mümkün hesab etmir. Şmittin qənaətinə görə, millətlər üçün hüquq və ədalətin hər bir anlayışı həmişə mübahisəli olacaqdır, burada heç vaxt konsensus baş tutan deyil. O, bu fikrində israrlıdır ki, millətlər arasında antaqonizm daim mövcud olacaqdır. Qeyd edim ki, K. Şmittin mövqeyini daha realist sayan və bölüşdürən şəxslər, bəlkə də, çoxluq təşkil edir. Y.Habermas isə Şmittin kontrarqumentlərini ciddi hesab etsə də, onunla razılaşmaq istəmir və opponentinin yanaşmasını «siyasi ekzistensializm»in bir növü sayır.
Düşünürəm ki, yaranmış tarixi şəraitdə və gələcək ən azı yüzillik perspektivdə K.Şmittin mülahizələrinin özünü doğruldacağı daha inandırıcı görünür. Bir az da dəqiq deyə bilərik: beynəlxalq hüquqda ciddi dəyişikliklərə zərurət vardır, lakin bu dəyişiklikləri millətlərin, necə deyərlər, üzərindən sıçramaqla, sivilizasion-mədəni məxsusluqları hansısa mücərrəd ümumi qazanda əritməklə, kosmopolit fəlsəfi əsas (guya ki!) yaratmaqla əldə etmək mümkün deyil. Əks halda, dəyişikliklər cəhdi, sadəcə olaraq, vaxt və intellektual enerci itkisinə, proseslərin tamamilə çərçivədən çıxmasına, beynəlxalq miqyaslı xaosun qarşısıalınmaz dərəcədə tüğyan etməsinə və deməli, bəşəriyyətin məhvinə gətirib çıxara bilər. Yeni davranış kodeksinə, adekvat beynəlxalq hüquq sisteminə, qlobal siyasi arxitekturanın yaranmasına yol elə ilk növbədə milli olana hörmət və qayğıdan, xalqların millətləşməyə güclü ehtiyacından və onların bu istiqamətdə yaşayıb-yaratmaq hüquqlarının etirafından və təminatından keçir. Xalqlar üçün nə yaradılırsa, onların kimliyi ilə hesablaşmalıdır! Yeni – postneoklassik fəlsəfənin mühüm bir tələbi də məhz bundan ibarətdir: fikirdə və əməldə daha çox gerçəkliyə yaxınlaşmaq, reallığı daha dərindən anlamaq və ona həssas yanaşmaq; təbii-tarixi varlıqlarla münasibətdə, L. Zadənin təbirincə desək, “yumşaq hesablamalar”a üstünlük vermək! Bəşəri təkəmülün cərəyanına sərgilənən baxış və əməldə hökmran mövqedən əl çəkmək! (4, s. 34-46; 2, s. 276-283).
Bəli, bugün və gələcək üçün elə bir yenidən işlənilmiş, kamil beynəlxalq hüquq sistemi lazımlır ki, dövlətlər, ölkələr, xalqlar vahid dünyada vahidləşə, daha da yaxınlaşa bilsinlər, bir-birini anlamaq qabiliyyətlərinə malik olsunlar, bir sözlə, Karl Yaspersin təbirincə desək, “kvantitativlik” (14, s. 142) əldə etsinlər. Bununla belə, böyük mütəfəkkir Konfutsinin irəli sürdüyü mühüm bir prinsipi - müxtəliflik vasitəsilə vahidliyə cəhd və onu əldə etmək prinsipini unutmamalıyıq. K.Yaspersin başqa məqsədlə istifadə etdiyi anlayışlardan yararlanaraq, deyə bilərik: xalqların “kvantitativliyi” naminə onların “kvalitativliyinə” daha həssas və qayğıkeş olmaq gərəkdir.
Hər bir xalq öz daxili strukturlaşmasına, fərqləndirici xüsusiyyətlərinə, ənənə və keçdiyi sivilizasion yola, tarixin qalın qatlarına gedən köklərə, yaddaş koduna malikdir, öz həyati qayda-qanunlarında, təfəkkür və əxlaq tərzində özünü anlayır, fəaliyyət göstərir və güc toplayır, bu səviyyədən də dünyanı özünün refleksiya, əlaqə, əməkdaşlıq, ünsiyyət obyektinə çevirir, başqa xalqlarla tərəf-müqabillik edir, ya dostluq, ya da düşmənçilik münasibətində olur və s. Etno-milli özünəməxsusluq, kimlik kimi fenomenlər, həm də, lokallaşmanı özündə ehtiva edən universal tarixin mühüm daşıyıcıları sırasına daxildir. Bütün bu şeylərin üzərindən keçərək xəyali bir fəzada (özlüyündə pozitiv element və motivlər daşısa da belə!) kosmiopolit ideyanı reallaşdırmaq olarmı? Əsla yox!
Vaxtilə A. Toynbi (1889-1975) bir sıra dramatiq proses və hadisələrin baş verə biləcəyini əvvəlcədən söyləmişdir, məsələn: artan qloballıq görüntüsü fonunda sivilizasiyaların bir-birilə uzlaşıb-anlaşmamasını, bir-birini təkzib etməsini, hətta bir-birilə toqquşmasını və bu durumun formalaşmasında ABŞ-ın, onun arxasınca itaətkarcasına gedən Qərbi Avropanın təhrikçi-fitnəkar rolunu. O da çox maraqlıdır ki, başlıca çatverməni A. Toynbi Qərb dünyası ilə kommunist dünyası arasında yox (o vaxtlar, proqnozun verildiyi 1947-ci ildə, SSRİ-in və sosialist-kommunist düşərgəsinin gələcək mövcudluğu əksəriyyət tərəfindən şübhə altına alınmırdı!), məhz Qərblə İslam dünyası arasında görürdü (12). Bu da düşündürücüdür ki, o, gələcək tarixi subyekt kimi SSRİ-dən deyil, Russiyadan danışır –görkəmli tarixçisinin proqnostik qabiliyyəti burada da özünü göstərir.
A. Toynbi bir sivilizasiyanın və yaxud ayrıca bir ölkə tarixinin mütləqləşdirilməsinə qarşı xəbərdarlıq edir. Onun fikrincə, qərb sivilizasiyasının özünüdərkinə xas olan əlahiddəçilik, öz “kamilliyinə” əminlik həm bəşəriyyət üçün bir bəlaya çevrilə bilər, həm də Qərbin özünü zəiflədər və tükəndirər, çünki gələcək gedişatın istiqamətini və miqyasını qiymətləndirməkdə aciz qalar.
Tarixçiyə görə, sivilizasiyanın inkişafı onun yaradıcı azlığının çağırışlara cavab tapmaq qabiliyyəti ilə müəyyənləşir. O, inkişafın başlıca səbəbini maddi olanda (qızılda, neftdə, torpaqda, ərazi böyüklüyündə, insanların sayında və s.) deyil, qeyri-maddi, ideal olanda (ağılda, şüurda, təfəkkür və dərketmə səviyyəsində, idraki yaradıcılıqda və bu amillərə söykənən əməkdə, fədakarlıqda) görür. İstər təbiətdən, istər cəmiyyətin ziddiyyətlərindən, istərsə də xarici mühitdən gələn çağırışlar olsun, əgər füsünkar intellektə (mənəviyyat kamilliyi bura daxildir!) malik yaradıcı azlıq varsa və o, fəaliyyətdədirsə, deməli, sivilizasiyanın yaşamaq və inkişaf etmək üçün potensialı var.
Toynbiyə görə, sivilizasiyanın yaranışı və boyvermə mərhələlərində yaradıcı azlıq çağırışlara cavab tapa bilir, onun nüfuzu artır və sivilizasiya inkişaf edir. Sivilizasiyanın sınması, daxilən parçalanması və qarşısıalınmaz entropiyaya məruz qalması mərhələlərində isə yaradıcı azlıq çağırışları cavablandırmaq qabiliyyətini itirir və elitaya çevrilir – o elitaya ki, cəmiyyət üzərində hökmranlıq edir və onu ağıl, nüfüz hesabına yox, zor və qorxu hesabına idarə edir. Belə durumda əhalinin böyük çoxluğu maddi və mənəvi mülkiyyətə sahib olmayan proletariata çevrilir ki, ondan da elita öz şəxsi maraqları müstəvisində xarici və daxili çağırışlarla qarşıdurmada istifadə edir.
Müasir insanın yaşadığı çətinliklər içərisində yüksək mənəvi-psixoloji gərginliyi, insani münasibətlərdə təəssübkeşliyin və istiliyin itməsini, oriyentir rolunu oynayan bir çox ənənəvi dəyər və meyarların sarsıntıya uğramasını, həyat tərzində instrumental-maddi amillərin təsirinin artmasını və s. qeyd etməmək mümkün deyil. Bunlar, son nəticədə, ağır keçən psixotokslara, stresslərə, ruhi xəstəliklərə, müxtəlif pozğunluqlara, narkomaniya və alkoqolizmin geniş yayılmasına, cinayətlərin artmasına gətirib çıxarır, insan həyatının keyfiyyətini aşağı salmaqla, onu daha da dəyərsizləşdirir.
Həqiqi fəlsəfi əqlin bəşəriyyətə təklif etdiyi səmərəli qulluq həm də ondan ibarət ola bilər ki, zəfər çalmaqda davam edən instrumental, qeyri-humanist düşüncə ifşa olunsun, tərəqqiyə can atan bəşəriyyət alverçi ruhdan təmizlənsin. Bəşəriyyət yeni davranış kodeksinə və ona təminat verən sinergetik mahiyyətli praqmatik fəlsəfəyə ehtiyaclıdır. Dünyanın nicatı qarşılıqlı fayda verən və humanizmin artmasına xidmət edən qlobal sinergizmdədir.

 

 Geostrategiya" jurnalı  № 01 (31)  Yanvar -Fevral 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM