1722-1735-Cİ İLLƏRDƏ AZƏRBAYCANIN XƏZƏRYANI BÖLGƏLƏRİNDƏ RUS İŞĞAL REJİMİNƏ DAİR

13:00 / 12.06.2016

Asif İmanlı,
Lənkəran Dövlət Universitetinin doktorantı

 

Məlumdur ki, 1722-ci ilin yayında rus imperatoru I Pyotr yüzminlik ordu ilə Azərbaycanı və Səfəvi dövlətinə daxil olan digər ölkələri, vilayətləri işğal etmək üçün cənuba yürüş etmişdi. O, avqustun 23-də Dərbəndi döyüşsüz alsa da, qarşıya çıxan bir sıra gözlənilməz çətinliklər, ilk növbədə isə Osmanlı dövlətinin kəskin etirazına görə Dərbənddə qarnizon qoyub ordunun əsas hissəsi ilə Rusiyaya qayıtdı. Daha sonra isə kiçik hərbi-dəniz ekspedisiyaları göndərmək yolu ilə Bakı, Salyan, Astara, Lənkəran, habelə İranın Gilan vilayəti zəbt edildi. Azərbaycanın Xəzəryanı əraziləri 1735-ci ilə kimi Rusiya işğalı altında qaldığından bu hadisə ölkəmizin tarixində bəlli iz buraxmışdır. Bu dövrün araşdırılması XVIII əsrin birinci otuzilliyi Azərbaycan tarixi haqqında daha dolğun və daha düzgün təsəvvür yaratmağa kömək etmiş olar. Məhz bunu nəzərə alaraq oxucuya təqdim etdiyimiz bu məqalədə XVIII əsrin 20-30-cu illərində Azərbaycanın Xəzəryanı bölgələrində rus işğal rejimini tədqiq etməyi qarşımıza məqsəd qoyduq. İlk növbədə qeyd etmək lazımdır ki, Rusiyanın Səfəvi mülklərini ələ keçirdiyini görən Osmanlı imperiyası da bu mirasdan pay almaq üçün öz qoşunlarını Şərqi Gürcüstan və Azərbaycana göndərdi. İki imperiya arasında müharibə təhlükəsi yarandı. Yalnız fransız diplomatiyasının yardımı ilə 1724-cü ilin iyun ayında Səfəvi mülklərini bölmək haqqında İstanbul müqaviləsi imzalandı. 1724-cü il İstanbul müqaviləsi bağlandıqdan sonra Azərbaycanın Xəzəryanı torpaqlarının Rusiya tərəfindən işğalının ikinci mərhələsi başlayır. Müqavilə Qafqazda Rusiya ilə Osmanlı imperiyası arasında sərhədlərin müəyyənləşdirilməsini nəzərdə tuturdu. I Pyotrun 28 avqust 1724-cü il tarixli fərmanı ilə general-mayor A.Rumyantsev sərhədlərin müəyyənləşdirilməsi işində Rusiya tərəfdən müvəkkil, polkovnik fon Lukey və artilleriya mayoru İ.Q.Gerber isə onun köməkçiləri təyin edildilər.[12,v.1]. Osmanlı sarayı Dərviş Mehmed ağanı öz müvəkkili təyin etdi[5,s.211].
Sərhədlərin müəyyənləşdirilməsi işi bəzi səbəblərə görə ləngidildi və yalnız 1726-cı ilin mayında osmanlı tərəfi öz nümayəndəsini Şirvana göndərdi. Sərhədləşmə işi 1727-ci ildə başa çatdırıldı. 1726-cı ilin sonu-1727-ci ilin əvvəlində Quba Rusiyaya birləşdirildi və Hüseynəli bəy Quba xanı vəzifəsində təsdiq olundu. Hüseynəli xan azyaşlı olduğu üçün Əfrasiyab və Fərəməz adlı şəxslər ona qəyyum təyin olundu [8,s.101]. 1726-cı ilin payızında astaralı Musa xan öz tərəfdarları ilə Rəştə gedərək buradakı rus qoşunları komandanı feldmarşal knyaz V.Dolqorukinin yanında olub Rusiya himayəsinə qəbul olunmasını xahiş etdi. Dekabrın 8-də Musa xan, oğlu Kəlbə Hüseyn, 55 kələntər və kəndxudalar rus dövlətinə sədaqət andı içməyə məcbur edildilər [8, s.104-105].
Knyaz V.Dolqoruki 1727-ci ilin yanvarında Rəştdən Astaraya briqadir Şternşansın başçılığı ilə 500 nəfərlik qüvvə göndərdi. Şternşans Astaradan Lənkərana doğru yönəldi. Lənkəranlı Mir Əziz xan xeyli tərəddüddən sonra Rusiya himayəsinə daxil olmaq barədə qərar qəbul etdi və rus xəzinəsinə ildə 5 min rubuldan az olmayaraq vergi ödəməyi öhdəsinə götürdü.
Knyaz V.Dolqoruki Astara, Lənkəran və Kərqərud əyalətlərinin idarəçiliyini briqadir Şternansa tapşırıb özü 1727-ci il martın 3-də Kür çayının mənsəbinə getdi. Qüdrətli rus dövlətinə müqavimət bilməyəcəklərini anlayan bir çox mahal hakimləri öz hakimiyyətlərini qorumaq üçün dinc yolla rus hakimiyyətini qəbul etdilər. Ucarud, Salyan və Qızılağac əyalətlərinin, Muğan, Şahsevən və Məzarıq çöllərinin hakimləri V.Dolqorukinin hüzuruna gəldilər. Martın 6-da ucarudlu Məhəmməd Cəfər sultan, Muğan, Şahsevən və Məzarıq çöllərinin hakimi Ramazan sultan və onun naibi Əliqulu bəy, Salyan naibi Qarde Əli (Qardaşəli, Qəribəli – A.İ.) bəy və bu ərazilərin kəndxudaları Rusiyaya səqaqət andı içdilər. Həmçinin 1727-ci il martın 18-də Qızılağac sultanı Bəcan sultan da öz kətxudaları ilə birlikdə V.Dolqorukinin qərargahına gələrək Rusiyaya sədaqət andı içdilər[8,s.107]. V.Dolqoruki sədaqət andı içən hakimləri öz vəzifələrinə təsdiq etdi və hərbi kollegiyaya yazdı ki, rus xəzinəsi bu vilayətlərdən ildə yüz min rubla qədər gəlir əldə edə bilər [8, s.107].
Beləliklə, 1727-ci ilə kimi Rusiya Xəzəryanı regionda mövqelərini xeyli möhkəmləndirə bildi. Rusiyanın Azərbaycanda ələ keçirdiyi ərazilərin sərhədləri Dərbənddən qərbdə dənizdən 18 saat at yerişi məsafəsində, yəni təqribən 100 verst məsafədə, Gilanda isə Rəşt şəhərindən təqribən 124 verst cənub-qərbə tərəfə uzanırdı [2.s.87-90]. Mənbələrdə rus işğal zonasına daxil olan ərazilərin inzibati bölgüsü, əhalinin məşğuliyyəti barədə zəngin məlumat vardır. 1727-ci ildə rus işğal zonasına aşağıdakı Azərbaycan torpaqları daxil idi. Çox mühüm hərbi - strateji əhəmiyyətə malik Dərbənd şəhəri haqqında daha çox məlumata rast gəlirik. Həmin məlumatlardan aydınlaşır ki, bu əyalət əsasən keçmiş Dərbənd sultanlığının ərazisini əhatə edirdi. Sultanlığın ərazisi Samurdan şimalda Darbaq çayına qədər (Dərbənddən 15 verst şimalda) və Dərbənd şəhərindən qərbdə 5-8 verst məsafəni əhatə edirdi. Rus hakimiyyət orqanları Dərbəndi işğal etdikdən sonra burada təsərrüfat həyatını canlandırmaq üçün bir sıra tədbirlər gördülər. Dərbənddə xəzinəyə məxsus təsərrüfat təşkil olunmuşdu. Təsərrüfata məxsus bağlarda alma, nar, gavalı, əncir, tut, üzüm yetişdirilirdi[1,s.136]. Dərbənd şəhərinin sakinləri əkinçiliklə də məşğul olurdular. İ.Gerber yazır: Şəhərin hər iki tərəfində şəhər sakinlərinin kifayət qədər əkin sahəsi, yaxşı üzümlükləri və digər bostanları, alma, armud, şaftalı, nar hətta şəhər ətrafında çoxlu qarpız sahələri vardır[13,s.352]. Dərbəndin xəzinə təsərrüfatında qiymətli texniki bitki – zəfəran da yetişdirilirdi. 1723-cü ildə burada 420 funt zəfəran toplanıb Peterburqa yola salınmışdı[7,s.41-42]. Ticarətin inkişafına xüsusi qayğı göstərən I Pyotr Dərbənddə layihə üzrə liman inşa olunmasını əmr etmişdi[6,s.86]. İki il yəni 1723-1724-cü illərdə limanın inşası üzrə işlər görüldü[7,s.89]. Dərbənd tacirlərinə sərbəst ticarətlə məşğul olmaq icazəsi verilmişdi[4,s.222]. Bakı və Dərbənddən Həştərxana xam ipək, emal olunmuş ipək parçalar və başqa mallar aparılırdı[10, v.308]. Senatın 1724-cü il tarixli fərmanı ilə Dərbəndə dəmir, qurğuşun və barıt aparılmasına, habelə şərab, tütün, taxıl və ət məhsullarının gömrüksüz ticarətinə icazə verilirdi [9.s.526-527]. Rusiya ilə ticarət üçün yerli tacirlər adətən rus ticarət gəmilərindən istifadə edə bilərdilər. Görülmüş tədbirlər Dərbəndin ticarətinin artmasına səbəb olmuşdu. Dərbənd mahalından cənubda Müşkür mahalı yerləşirdi. Bu mahal Xəzər sahilində Samur və Vəlvələ çayları arasındakı ərazini əhatə edirdi. Müşkür mahalı qərbdə Quba xanlığı ilə həmsərhəd idi[5.s.205].Bir neçə il əvvəlki iğtişaşlar zamanı Müşkür kəndləri qarət olunmuş, sakinlərinin bir hissəsi Şamaxıya və digər yerlərə aparılmışdı, yaxud başqa yerlərə qaçmışdı. Sonralar sakinlərin bir hissəsi öz yürdlarına qayıtmışdılar[5,s.205-206].İ.Gerber Müşkür mahalının bütünlüklə gözəl olmasını, torpaqların isə bərəkətli, xırda çayların və meşələrin, kifayət qədər əkin yerlərinin həmçinin dənizdə çoxlu balıqların olduğunu yazır[5.s.205-206]. İ.Gerber Müşkür mahalının inzibati quruluşu haqqında da müəyyən məlumat vermişdir. Hər bir kəndin öz kovxası vardı, bir neçə kəndin kovxası bir yüzbaşının nəzarəti altında olurdu. Səfəvi dövründə Dərbənd sultanı Müşkür mahalını idarə etmək üşün darğa təyin edirdi. Darğa mahaldan xəzinəyə daxil olacaq gəlirləri toplayır və Dərbəndə yollayırdı [5,s.207;12,v.51]. Mahalda əkin yerləri və çəmənliklər çox olduğu üçün sakinlərin əsas məşğuliyyəti əkinçilik və maldarlıq idi. Yayın isti vaxtlarında sakinlər yaxındakı dağlara çıxır və 3-4 ay orada qazdıqları sərin qazmalarda yaşayırdılar [11,v.35-36].
Əhalinin etnik tərkibindən danışarkən İ.Gerber sakinlərin tatar dili ilə qarışıq türkcə, yəni Azərbaycan türkcəsində danışdıqlarını, islam dininin sünnü məzhəbinə etiqad etdiklərini yazır. İ.Gerber mahalın etnik tərkibinə aid maraqlı bir qeyd də edir. Buradakı sakinlərin əvvəllər “avaqan”, “alvan” yaxud “alban” adlandırıldıqlarını yazır. Müəllif yanlış olaraq onları erməni hesab edir [5, s.207-208]. Məlumdur ki, xristian albanların bir hissəsi Albaniya ərəb xilafəti tərəfindən tutulduqdan sonra diofizitlikdən monofizitliyə, daha doğrusu qriqoryanlığa keçmişdilər, yaxud keçirilmişdilər. Ermənilərin çoxu qriqoryan etiqadlı olduğuna görə bir çoxları da yanlış olaraq qriqoryan albanları da erməni adlandırırdılar. Həmçinin səyyah belə bir fikir də irəli sürür ki, Əmir Teymur xristian albanları bu yerlərdən qovmuşdu. Onlar köçərək Qəndəhar ətrafında məskunlaşmış, müsəlmanların əhatəsində yaşadıqları üçün islamı qəbul etmişdilər [5,s.202]. Müşkür mahalının yanında Niyazabad mahalı yerləşirdi. Mahal dəniz kənarında idi. Torpaqları bol məhsuldardır. İ.Gerber yazır ki, Niyazabad mahalında, Şabranın bir hissəsində və Qubada olduğu kimi kotana 6, 8 və ya daha çox kəl qoşurdular. Niyazabad mahalında kəndləri kovxalar idarə edirdi. Niyazabad kovxaları əvvəllər Müşkür darğasına tabe idilər [5,s.209]. Səyyahın yazdığına görə Niyazabadda yerli tacirlərlə Rusiya və Dağıstan tacirləri arasında intensiv ticarət gedirdi, və Şirvan bəylərbəyi bundan böyük məbləğdə gömrük toplayırdı[5,s.211-212: 12, v.53]. Şirvan üsyanı Niyazabad vasitəsilə aparılan ticarətə ağır zərbə endirilmişdi və artıq Niyazabad sakinləri yalnız əkinçilik və maldarlıq hesabına dolanırdılar. İ.Gerber Niyazabad sakinlərinin də Müşkür sakinləri ilə eyni dildə danışdıqlarını və onlar kimi sünniməzhəb olduqlarını yazır[5,s.113]. Müşkür mahalından qərbdə yarımmüstəqil Quba xanlığı və Gülhan mahalı yerləşirdi. Quba ərazisi şimalda Samur çayına çatırdı, Şərqdə Müşkürlə, cənubda Rustovla, qərbdə Dağıstanın Altıpara mahalı və dağlarla həmhüdud idi. Bu mahalda Qubadan sonra ən iri yaşayış məntəqəsi Xudat idi. Son iğtişaşlar zamanı Xudat tamamilə dağıdılmışdı. İ.Gerber bu mahalda Qalazuar qalasının olduğunu da qeyd edir[5, s.114]. Mahaldakı bütün kəndlər iri və gözəl idilər. Yaxşı əkinləri və mal-qaraları vardı, üsyana qədər sakinlər xeyli miqdarda ipək istehsal edirdilər [5,s.114; 6,s.108]. Gülhan Quba ilə Şəki arasında yerləşirdi və Cənubi Dağıstanla həmhüdud idi. Ərazisi kiçik idi və kəndləri Qubadakı kəndlər kimi yaxşı deyildi. Hər iki ərazi vahidinin sakinləri sünnüməzhəb idilər və Azərbaycan türkcəsində danışırdılar. İ.Gerber onların ləzgi dilində danışdıqlarını yazır[5,s.115], əslində isə yanlışlığa yol verir, bu kəndlərin sakinləri müxtəlif Şahdağ qrupu dillərində - xınalıq, qrız, haput və s. dillərdə danışırdılar. İ.Gerberin yazdığına görə Quba və Gülhan sakinləri cəsur idilər, yaxşı süvariləri vardı, odlu silahdan və qılıncdan istifadə edirdilər[5,s.115]. Müşkürdən cənubda dəniz kənarında Şabran mahalı yerlışirdi. Bu mahal şimalda Niyazabadla, Vəlvələçay boyuna Müşkürlə (İ.Gerber səhvən Niyazabad adlandırır-A.İ.), cənubda Bərmək mahalı ilə, qərbdə Rustovun aşağı yamacı ilə və Şeşpara ilə həmsərhəd idi. İ.Gerber yazır ki, əvvəllər bu mahalda böyük və zəngin Şabran şəhəri vardı. Ətraf gözəl və varlı kəndlərlə dolu idi. Üsyan zamanı çoxu dağıdılmışdı və İ.Gerber orada olduğu zaman tədricən bərpa olunurdular. Bu mahalın ərazisində qədim Çıraqqala qalasının qalıqları yerləşirdi [5.s.213]. İ.Gerberin yazdığına görə Şabran mahalı sakinləri əkinçilik və maldarlıqla məşğul olurdular, mahalda xeyli miqdarda çəltik toplanırdı. Mahalda bir neçə ipəkçilik emalatxanası vardı. Müəllif yazır ki, sakinlər türkcə, tatarca və farsca qarışıq dildə (yəni Azərbaycan türkcəsində-A.İ.) danışır və şiəməzhəb idilər. Mahal 1727-ci ildən rus hakimiyyəti altında idi[5,s.115]. Rus işğal zonasında yerləşən mahallardan biri də Rustov mahalı idi. Dağlarda yerləşən bu mahal şimalda Quba xanlığı ilə, cənubda Şamaxı mahalı ilə, şərqdə isə Şabran və Şeşpara mahalları ilə qonşu idi. Bu mahalın ərazisi böyük idi və dağlara səpələnmiş çoxlu kəndlərdən ibarət idi. Mahalın mərkəzi boyük Rustov kəndi idi. Kəndləri İ.Gerberin yazdığına görə yasavullar (İ.Gerber onları təhrif edilmiş şəkildə Asan-kul adlandırır – A.İ.) idarə edirdi və Şirvan üyanı zamanı onlar özlərinə yüzbaşı rütbəsi götürmüşdülər. Müəllifə görə mahal sakinləri Azərbaycan türkcəsində danışırdılar və sünnüməzhəb müsəlmanlar idilər. Mahalda dağlar arasında böyük düzənliklər vardı; əkinçilik və maldarlıq kifayət qədər inkişaf etmişdi [5,s.215-216]. İ.Gerber yazır ki, Rustov sakinləri hərbçilər idilər və öz hüquqlarını inadla müdafiə edirdilər. Dağlarda yaşayan bu adamlar hesab edirdilər ki, əskəri mükəlləfiyyət daşıdıqlarına görə onlar xəzinəyə vergi ödəməməlidirlər [5,s.216-217,6,s.91-92]. Rustov və Şabran mahalları arasında Şeşpara mahalı yerləşirdi. Mahalın hər bir kəndi yüzbaşı, yaxud xəlifə tərəfindən idarə olunurdu. İ.Gerberin yazdığına görə mahal sakinləri başlıca olaraq yaylaq-qışlaq maldarlığı ilə məşğul olurdular, yayda Şeşparada, qışda isə Şabranda yaşayırdılar. Azərbaycan türkcəsində danışır, şiəməzhəb idilər [5,s.217-218;6,s.92]. 1727-ci ildə mərzləşdirmə nəticəsində mahal rus işğal zonasına daxil edilmişdir [5,s.218]. Beşbarmaq mahalı şimalda Şabran mahalı ilə qərbdə Dubrak silslləsi ilə, cənubda Bakı sultanlığı ilə həmhüdud idi, şərq tərəfi Xəzər dənizi idi [5,s.219]. İ.Gerber yazır ki, Beşbarmaq dağının ətəyində, bulaq yanında tacirlər və səyyahlar üçün karvansara inşa olunmuşdu. Karvansaranın divarlarında rus, alman, fransız, isveç, polyak, hind, erməni və yəhudilər öz adlarını yazmışdılar[5,s.219-220]. Beşbarmaq mahalının çox da yüksək olmayan dağlarında (təpələrdə) salınmış kəndləri kovxalar idarə edir, onlara isə yüzbaşı nəzarət edirdi. Mahal sakinlərinin başlıca məşğuliyyəti əkinçilik və maldarlıq idi. Otlaqlar çox olduğundan mahalda böyük qoyun sürüləri vardı. Digər qonşu dağlıq ərazilərdən də qışda qoyun sürülərini bura sürüb gətirirdilər. Azərbaycan türkcəsində danışır, sünnüməzhəb idilər [5,s.220]. Dərbənd əyalətinə daxil edilmiş irəlidə adı xatırlanan mahallardan xəzinənin əldə etdiyi gəlir İ.Gerberə görə aşağıdakı kimi idi: Buğda, arpa, çəltik və başqa taxıl məhsullarının onda bir hissəsi, ipək məhsulunun beşdə bir hissəsi, kotana qoşulan hər öküzə, yaxud kələ görə sahibi 50 qəpik ödəyirdi. Qışda heyvanların otarılmasına görə otlağın sahəsindən asılı olaraq 10 rubldan 50 rubla qədər ödənilirdi.Bəzi kəndlər heç nə ödəməyərək, təlim keçmiş şahinlər verirdilər. Şeyxlər isə bütün vergilərdən azad idilər. Rus işğalı dövründə sakinlərdən cəza kimi pul alınırdı. Bir nəfər ayrısı ilə dalaşmışdısa, yaxud digər xırda cinayət törətmişdisə onun üzərinə beş manatdan az olmayaq cərimə qoyulurdu.Pul cərimələrini xəlifə, yaxud qazi, və ya darğa, digər rəis təyin edirdi[5,s.221]. Rus işğal zonasına daxil olan digər əyalət Bakı idi. İ.Gerberin əsərində Bakının o zamankı durumu haqqında xeyli məlumat var. Müəllif yazır: “Bu şəhər orta böyüklükdədir, lakin möhkəmdir və həmişə Şamaxı xanına tabe olan sultanın hakimiyyətində olmuşdur” [5.s.291-292].Bakı sultanlığı şimalda Bərmək dağları, qərbdə Şamaxı mahalı, Dubrar dağ yamacları, cənubda susuz və boş çöl ilə Salyana-Kür çayına qədər uzanırdı. Bakı ətrafında əhali az idi, çünki burada torpaq çox bərk və su az idi. Bərmək dağı yamacına qədər iki günlük yeriş məsafədə nə su quyuları, nə də çay vardı. Şamaxı və Salyana tərəf kəndlər isə üsyançılar tərəfindən tamamilə dağıdılmışdı[5.s.292]. Müəllif yazır ki, Bakı şəhərində Azərbaycan türkcəsində və farsca, şəhər ətrafı kəndlərdə isə yalnız Azərbaycan türkcəsində danışırlar[5,s.293]. Məlumdur ki, Bakı sakinləri dinc yolla Rusiyaya tabe olmaq istəməmişdilər. Buna görə də şəhər toplardan atəşə tutulmuşdu. Yalnız qala divarlarında yarıqlar əmələ gəldikdən sonra bakılılar təslim oldular. Şəhər alındıqdan sonra sultan Məhəmməd Hüseyn bəy həbs olunub Rusiyaya göndərildi. İ.Gerber yazır ki, Dərgahqulu bəy də tərəfdarları ilə rus qarnizonunu məhv etməyi planlaşdırır və buna görə də yardım almaq üçün gizli surətdə Hacı Davudla yazışırdılar[5,s.294]. Qəsdin üstü açıldıqda Dərgahqulu bəy və onun nüfuzlu tərəfdarları şəhəri tərk edib getdilər, qalanlar isə həbs olundular. Onlardan bəziləri edam cəzasına məhkum olundu, qalanları, bu işdə əli olmayan yoxsullar istisna olmaqla Rusiyaya sürgün edildilər. Müəllif bildirir ki, bu səbəbdən Bakı şəhəri, demək olar ki, tamamilə boşalmışdı və şəhərdə yalnız ticarətlə məşğul olan hindlilər və ermənilər qalmışdı. Şəhərin sultanı vəzifəsi ləğv edilmiş və şəhərin rus komendantına həm şəhərə, həm də ətraf kəndlərə nəzarət etmək hüququ verilmişdi [5.s.294-295]. Bakı sultanlığında xəzinənin başlıca gəlir mənbələri duz və neft idi. Duzu şəhərin yaxınlığındakı göllərdən toplayırdılar. Nefti Səfəvi dövlətinin bütün ərazisinə daşıyırdılar və ondan işıq lampalarını doldurmaq üçün istifadə edirdilər. Nefti həm dəvə və atlarla quru yolu ilə, həm də kirjimlər və sandallarla dəniz yolu ilə daşıyırdılar. Neft nağd pula satılırdı. Neftdən gələn gəlir ildə 50 min rubla çatırdı. İ.Gerberin əsərinin rusca tərcüməsində yazılır ki, neft quyuları şəhərdən yarım günlük yeriş məsafəsində yerləşirdi [5.s.297;6,s.99]. Rusca nəşrin sətiraltı qeydində naşir qeyd edir ki, İ.Gerberin əsərinin Berlindəki alman tərcüməsində yarım mil yazılmışdır və naşir bunu yanlış sayır [5,s.297]. Səyyahın qeydlərinə görə neft quyularına müəyyən şəxslər təhkim olunmuşdu və onlar quyuların yaxınlığında yaşayırdılar. Adamlar axşam işıq istədikdə istənilən yerdə balaca bir xəndək qazırdılar, bir və daha çox fut uzunluğu olan borunu yerə basdırır və onun üzərinə od yaxınlaşdırırdılar. Borudan çıxan qaz dərhal yanır və onu söndürənədək yanmaqda davam edirdi [5.s.297-298]. Rus işğal zonasına daxil olan əyalətlərdən biri də Salyan idi. İ.Gerberin əsərində Salyan haqqında da müəyyən məlumat var. O yazır ki, Salyan qəzası dənizdən başlayaraq Kürün hər iki sahili boyu demək olar ki, Cavada kimi uzanır, çayın hər iki sahilində, xüsusən də şimal tərəfində gözəl kəndlər vardı [5,s.298]. Əmin-amanlıq dövründə Salyan ərazisi gözəl və varlı idi. Şamaxının bir çox əsilzadə adamlarına Salyan ərazisində malikanələr bağışlanmışdı. Kür sahilində kəndlər bir-birinə yaxın məsafələrdə yerləşirdi. Həmin kəndlərə Kürdən arxlar çəkilmişdi [5,s.298]. İ.Gerber Kürün dənizə töküldüyü yerdə bir neçə qola parçalandığını yazaraq onların arasında xırda adalar olduğunu, lakin iyulda dağlarda qar əridiyi zaman çayın səviyyəsi qalxdığı üçün onların, eləcə də çayın alçaq sahillərinin su altında qaldığını yazır. Sonra, adalar və Kürün mənsəbi qamışla örtülürdü. Suyun qalxıb enməsindən sonra buradakı otlaqlar yaşıl otlarla örtülürdü. Səyyahın yazdığına görə muğanlılar və şahsevənlər (İ.Gerber bunu şaşvanlar kimi yazır - A.İ.) öz heyvan sürülərini gətirib Kürün mənsəbindəki örüşlərdə otarırdılar və buna görə müəyyən məbləğ ödəyirdilər[5.s.299]. Həmin tayfalar yayda çayın digər sahilində Araz çayının kənarındakı düzənliklərdə yaşayırdılar. Həmin tayfalar, həmçinin də Salyan mahalı sakinləri imperiyada ən yaxşı atları yetişdirirdilər. Salyan ərazisində həm də zəngin balıq vətəgələri vardı və onlar əvvəllər ildə 15 min rubla icarəyə verilirdi[5.s.299]. İ.Gerberin əsərinin rusca nəşrinin sətiraltı qeydində yazılır ki, Salyanda tütün də yetişdirilirdi və sakinlər vergi kimi Bakıya tütün göndərirdilər[5.s.300; 6,s.100]. Burada yaxşı ipəkçilik fabrikləri də vardı.Yaxşı ipəyin bir batmanını 8 yaxud 10 rubla satırdılar (burada bir batman 16 rus funtuna bərabər idi) [5,s.100].
Müəllif Salyan ərazisində Kürün üstündə keçid olduğunu və bu keçiddən istifadə etmək üçün müəyyən məbləğ ödənildiyini yazır[5.s.300]. Səyyah qeydində Salyan sakinlərinin yaxşı əkinçilər və maldarlar olduğunu, ancaq digər “tatarlar” (Azərbaycan türkləri – A.İ.) kimi çox sərbəst olduqlarını, bir hissəsinin şiəməzhəb, digər hissəsinin isə sünnüməzhəb olduğunu qeyd edir.Dillərinin türk, tatar və fars dilindən qarışıq (yəni Azərbaycan türkcəsi – A.İ.) olduğunu yazır. Salyan və ətrafını sultan idarə edirdi. İ.Gerber rus qoşunlarının Bakını alarkən Həsən bəy adlı Salyan sultanının Bakıya gedib ruslara sədaqət andı içdiyini yazır. Burada İ.Gerber xırda bir yanlışlığa yol verir: Həsən bəy sultan yox, naib idi. Rus komandanlığı podpolkovnik Zinbulatov başda olmaqla 500 döyüşçünü Salyana göndərmişdi. Bu dəstə Kür çayındakı bir adada yaşayırdı. 4 ay keçəndən sonra Həsən bəy Zinbulatov başda olmaqla rus zabitlərini evinə qonaq çağırıb öldürmüşdü[5,s.301]. Mərzləşdirmə zamanı Salyan sultanlığınıın ərazisi Rusiyaya keçdiyindən Həsən bəy Salyanı tərk etmiş və muğanlılar arasında gəzib dolaşırdı[3,s.54]. Ruslar Salyanda qala tikmişdilər və bu qala Bakı komendantının tabeçiliyində idi[3,s.54]. Kür ilə Araz çaylarının arasında yerləşən kiçik Cavad ərazisinin də çox hissəsi rus işğal zonasına daxil edilmişdi. İ.Gerber Cavad torpağını əkin tarlaları və heyvan sürüləri ilə zəngin olduğunu yazır. Son iğtişaşlara kimi burada böyük miqdarda ipək istehsal olunur və müxtəlif parçalar toxunurdu. Üsyançılar ipək və toxuculuq emalatxanalarını dağıtmışdılar[5.s.302]. Cavad sakinlərinin Azərbaycan türkcəsində danışdıqları qeyd olunurdu. İ.Gerber Cavadın mərkəzinin böyük qəsəbə olduğunu yazırdı. Bu mahaldakı kəndləri kəndxudalar və yüzbaşılar idarə edirdi. Onlar əvvəllər kəndlərdəın gəlirləri toplayaraq bəylərbəyiyə, rus işğalı zamanı isə bu vergiləri Salyan və Bakıya göndərirdilər[5,s.302-303]. Adı çəkilən ərazilərdən savayı daha aşağıdakı Azərbaycan torpaqları rus işğal zonasına daxil idi: Muğan, Qızılağac, Lənkəran, Astara və Ucarud. Həmin yerlərin adına İ.Gerberin kitabında rast gəlmirik. Muğan 1728-ci ildə İ.Gerber regionu tərk etdikdən sonra rus hakimiyyətinə aid edilmişdi və müəllifin bundan xəbəri yox idi. 1728-ci ildə Rusiya himayəsini qəbul etmiş Muğan əhalisinin başlıca məşğuliyyəti yaylaq-qışlaq maldarlığı idi[8.s.131]. Qızılağac sultan tərəfindən idarə olunurdu və Astara xanına tabe idi. Digər ərazilərə gəldikdə isə yəqin ki, İ.Gerber buralarda olmadığından onların haqqında məlumatı zəif idi və buna görə də onları təsvirinə daxil etməmişdir.

 

Geostrategiya" jurnalı  № 01 (31)  Yanvar -Fevral 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM