Osmanlı dövlətində “şahnamə” yazma ənənəsi İran və Azərbaycan ədəbi mühitinin təsiri ilə ortaya çıxmağa başlamışdır. Belə ki, Osmanlı dövlətini güclü imperiyaya çevirən Fateh Sultan II Mehmed (1451-1481) ölkəni daha da inkişaf etdirmək üçün qonşu müsəlman ölkələrdən çoxsaylı elm və mədəniyyət xadimini öz ölkəsinə cəlb etmişdi. Bunların içərisində otuza qədəri də Azərbaycandan gedən şair olmuşdur. Osmanlı cəmiyyətində bu azərbaycanlı mədəniyyət xadimləri olan şairlərə çox böyük hörmət və rəğbət göstərildiyi və dövlət tərəfindən onların planlı bir şəkildə ölkəyə yerləşdirilməsini mənbələr də təsdiq edir [5, 866-867; 13, 142-143]. Məhz Osmanlı dövlətində ilk “şahnamə” nümunələrini ortaya çıxaranlardan bir neçəsi də Azərbaycan ədəbi mühitinin yetişdirdiyi şairlərdən olan “Qəzanamə-i Rum” əsərinin müəllifi Kəşifi [22, 12-13] və “Hünkarnamə” əsərini qələmə alan Məali [32, 58] olmuşdur.
Osmanlı dövlətində şahnamə yazma ənənəsi Sultan I Selim (1512-1520) üçün yazılan “Səlimşahnamə” əsərləri [4, 31-47] və ardından Sultan II Bəyazid (1481-1512) zamanında şair Uzun Firdovsinin qələmi ilə davam etdirilmişdir [18, 127-129]. Bütün bunlara baxmayaraq, Osmanlı tarixində rəsmi və planlı bir şəkildə ilk “şahnaməçi” vəzifəsi Qanuni Sultan Süleyman (1520-1566) dövründə təsis edilmişdir. Osmanlı dövlətində “şahnaməçi” sözü “sultanın kitabını yazan şəxs” mənasına gələn saray tarixçiləri ilə bağlı istifadə olunmuşdur. Şahnaməçilərin gördüyü iş isə, Osmanlı xanədanının şərəfli tarixini əsasən fars dilində (bəzi istisnalar xaric) nəzm olaraq qələmə aldıqdan sonra, bu əsərləri cildlənmiş bəzəkli kitablar şəklinə gətirməkdən ibarət olmuşdur. XVI əsrin sonlarından başlayaraq şahnaməçiliyin rəsmən sona çatdığı XVII əsrin ortalarına qədər, Osmanlı şahnamə yazıçılığı bəzi dəyişiliklərə uğrayaraq fars dilindən türkçəyə, nəzmdən isə, nəsrə keçmişdir. Ümumiyyətlə, Osmanlı dövlətində XVI əsrin ortalarından XVII əsrin əvvəllərinəcən bu vəzifəyə tam olaraq 5 şahnaməçi təyin edilmişdir (Bəzi Türkiyəli tarixçilər bunların sayını 7 göstərsələrdə son iki şahnaməçinin əsl vəzifəsi şahnaməçilk olmamışdır. Onlar əsl vəzifələrindən başqa əlavə olaraq şahnamə də yazmışdılar). Bu şahnaməçilərdən ilk üçü azərbaycanlı alim-şairlər olan Fətulla Arifi Çələbi (v. 1562), Əflatun Şirvani (v. 1569) və Seyyid Loğman bin Hüseyn Urməvi (v.1601?) olmuşdur [11, 155-165].
Osmanlı dövlətinin ilk rəsmi şahnaməçisi olan Fətulla Arifi Çələbidən sonra onun yerinə keçən və bu vəzifəni rəsmi şəkildə icra edən ikinci şahnaməçi isə Əflatun Şirvanidir. Əflatun Şirvani haqqında orta əsr mənbələrində geniş məlumat verilmir. Hələlik əlimizdəki mənbələr arasında XVI əsr alimləri təzkirəçi Əhdi Bağdadinin (v. 1593) “Gülşəni Şüəra” və Gelibolulu Mustafa Alinin (v.1600) “Künhül Əxbar” adlı əsərlərində onunla bağlı məlumat əldə etmək mümkündür. Ədəbiyyatşünaslıqda isə, bu məsələyə ilk yer verən İsmayıl Hikmət (Ərtaylan) olmuşdur. O, 1928-ci ildə Bakıda nəşr etdiyi “Azərbaycan ədəbiyyatı tarixi” I-II cildlər kitabında Əflatun Şirvaninin mühacirət həyatını və ədəbi yaradıcılığını sadəcə Əhdi Bağdadidə keçən məlumatlardan istifadə edərək işıqlandırmışdır [14, 389-393]. Daha sonra ard-arda Azərbaycan ədəbiyyatşünasları Həmid Araslı, Azadə Musayeva, Ömər Bayram və Vüsalə Musalı da öz əsərlərində Əflatun Şirvaninin ədəbi yaradıcılığını tədqiq etmişlər [3, 61; 26, 21-23; 27, 21-22; 28, 90-92; 7, 87; 24, 220-221]. Bunlardan başqa xüsusilə şahnaməçilər olan Fətullah Arifi Çələbi və Seyyid Loğman haqqındakı araşdırmalarda da Əflatun Şirvaninin adı keçir [37, 372; 2, 55; 36, 457; 20, 56,61-62, 100-101]. 2014-cü ildə Osmanlı dövlətində yaşamış azərbaycanlı şahnaməçilər haqqında yazdığım məqaləmdə onun həyat və yaradıcılığına mən də qısaca toxunmuşdum [11, 161-162]. Ancaq, əldə etdiyim yeni mənbə məlumatları onun haqqında daha geniş məqalə yazmağıma şərait yaratdı.
Əslən Şirvan türklərindən olan Əflatun, Şirvanşahlar dövlətinin 1538-ci ildə Azərbaycan Səfəvilər dövlətinə birləşdirilməsindən sonra Şirvan bəylərbəyi təyin olunan Əlqas Mirzənin katibi və Şirvan diyarının tanınmış şairlərindən biri olmuşdur. 1546-cı ildə qardaşı Şah Təhmasibə (1524-1576) qarşı üsyan qaldıran və 1547-ci ildə Şimali Qafqaz və Krım yoluyla Osmanlı dövlətinə sığınan Əlqas Mirzənin yanında Əflatun Şirvani də İstanbula getmişdir [1, 95; 13, 194; 15, 267-268; 34, 66-68; 16, 156; 35, 359]. Osmanlı dövləti Səfəvi dövlətinə qarşı şahzadə Əlqas Mirzənin siyasi gücündən istifadə etməyi planladığı üçün, onun xidmətinə Osmanlı dövlətində yaşayan bəzi mühacir azərbaycanlı alimləri də cəlb etmişdi. Bunlardan Xəlvəti təriqətinin tanınmış şeyxlərindən biri olan İbrahim Gülşəninin kürəkəni Dərviş Məhəmməd və onun oğlu Fətulla Arifi Çələbini xüsusi olaraq qeyd etmək olar [25, 55-56; 12, 157-158]. Eyni zamanda Əlqas Mirzə ilə əlaqə qurulmasını istəməyən azərbaycanlılar da olubdur. Bunlardan biri isə, Səfəvilərin xəfiyyəsi olan və Çaldıran döyüşündən əvvəl Kayseri yaxınlarında ələ keçirilən Qəribi ləqəbli Mir Hüseyin idi. Qəribi, tutulduqdan sonra əfv edilərək, Osmanlı dövlətində ticarətlə məşğul olubdur. Daha sonra Sultan Səlimdən “təvliyyət”, yəni vəqf müəssisələri idarə edən “mütəvəlli” vəzifəsini ala bilir. Bir müddət Bursada mütəvəlli işlədikdən sonra, Kəfə vilayətinin “xassə xərac əmini (saraya aid satın alma müdiri)” [30, 763] vəzifəsinə təyin edilir. Bu vəzifəsində ikən Əlqas Mirzə ilə iki dəfə icazəsiz görüşdüyünə görə işindən azad edilərək, Bursaya göndərilir [5, 920; 24, 228].
1548-ci ildə Sultan Süleymanın Azərbaycan yürüşündə iştirak edən Əlqas Mirzənin yanında Əflatun Şirvani də yer almışdır. Əlqas Mirzənin tutularaq Səfəvilərin əlinə keçməsi və 1549-cu ildəki faciəli aqibətindən [34, 71-72; 10, 281-287; 16, 161-163; 6, 103-104; 30, 194-196] sonra, bir müddət Səfəvilərin əsiri olan Əflatun Şirvaninin, əsirlikdən hansı yolla xilas olunması bilinməsə də, İstanbula qayıdaraq, burada fəaliyyət göstərməyə başladığı bilinməkdədir. Ona xətti gözəl olduğu və daha əvvəllər işlədiyi peşəsinə uyğun olaraq sarayda “Divan-ı Hümayun” katibliyi həvalə edilmişdir [33, 320]. Mənbələrdə bu dövr Osmanlı dövlətinin şahnaməçisi olan Fətulla Arifi Çələbinin Əflatun Şirvani tərəfindən qısqanıldığı, ona qarşı mübarizə aparmağa başladığı açıkca qeyd edilir. Mustafa Ali bu məsələni “Şirvan və Əcəmin Türkmanı bəd-guy u zəban-dıraz hərif idi. Əlkas Mirzə Ruma gəldikdə belə gəlip katibi və şairi namına olmağın şuarayı Rum miyanında şöhrət bulmaq qəsdini qılıp ol tarixdə şahnaməguy-ı sultani olan Arif Çələbi mərhuma hüsümət peyda qıldı...” şəklində dilə gətirmişdir. Hətta Fətullah Arifi Çələbinin bir neçə beytində səhvlər tutaraq bu məsələni Sultan Süleymana şikayət etdiyi də bildirilir. Sultan onu cəzalandırmaq istəsə də, sonra bu fikrindən daşınır. Nəticədə Fətulla Arifi Çələbidən sonra, şahnaməçilik işini onun özünə tapşırır [1, 214; 5, 559; 13, 238].
Əflatun Şirvaninin şahnaməçiliynə gəlincə, Əhdi Bağdadi bunun Fətulla Arifi Çələbinin ölümündən sonra gerçəkləşdiyini yazır. Nəzərə alsaq ki, Fətulla Arifi Çələbi 1559-cu ildə şahnaməçi vəzifəsindən çıxarıldıqdan sonra Misirə getmiş və üç il sonra orada vəfat etmişdir [23, 338; 29, 31; 9, 1342; 37, 372-373]. Buna görə də, ikinci şahnaməçi olan Əflatun Şirvaninin, məhz bu vəzifəyə 1559-cu ildən sonra təyin olunduğunu qəbul etmək olar.
Çox gözəl şair olduğu bildirilən Əflatun Şirvani eyni zamanda nəstəliq xəttində məharətlə yaza bilən tanınmış xəttat olmuşdur. Farsca qələmə aldığı şeirlərdə “Əsiri”, türkcə yazdığı şeirlərdə isə “Xəzani” təxəllüsünü istifadə edirmiş, lakin daha çox Əflatun kimi tanındığından, sonradan “Əflatun” ləqəbində yazmağa başlamışdır [1, 95]. Ona Osmanlı şanlı tarixinin nəzmə alınması haqqında “fərman-ı hümayun” verilsə də, əfsuslar olsun ki, onun adı ilə bağlı tamamlanmış heç bir şahnamə əsəri əlimizdə yoxdur. Lakin, onun bitirə bilmədiyi yarımçıq qalmış əsərləri ilə bağlı bəzi məlumatlar əldə edilibdir. Türkiyəli sənət tarixçisi Banu Mahirin qeyd etdiyinə görə Əflatun Şirvani Qanuni Sultan Süleymanın həyatından bəhs edən 10 fəsildən ibarət və “Hünərnamə” adını verdiyi türk dilində bir şahnamə əsərini yazmağa başlamış, vəfat etdiyi üçün əsərin ancaq üç fəslini bitirə bilmişdir. Ölümündən sonra bu vəzifəyə gələn başqa bir azərbaycanlı şahnaməçi Seyyid Loğman Urməvi, onun yarımçıq qalmış bu əsərinə, sultan Süleymana qədər Osmanlı padşahlarının da həyatını əlavə edərək iki cildlik Hünərnamə əsərini ortaya çıxartmışdır.Yenə Fətulla Arifi Çələbinin başladığı və Əflatun Şirvaninin bitirə bilmədiyi İslam tarixinə aid başqa bir əsərin də Seyyid Loğman Urməvi tərəfindən “Zübdətül- təvarix” adıyla tamamlandığı məlumdur [20, 61-62]. Bundan başqa 1982-ci ildə Türkiyənin “Belleten” jurnalında çıxan İsmət Parmaksızoğluna aid məqalədə Əsiri adlı şəxs tərəfindən qələmə alınmış yarımçıq bir şahnamədən bəhs olunur. Müəllif bu əsərin Osmanlı şairlərindən müdərris olan və Qızılhisarda məskunlaşan Əsiri [5, 143, 408; 17-A, 134-135] adlı şairə məxsus olmadığını, Divan-ı Hümayunda katib işləyən başqa bir Əsiriyə aid olduğunu əminliklə qeyd edir. O, yarımçıq şahnaməni təhlil etdikdən sonra, Əsirinin Sultan Süleyman dövründə saray şairlərindən biri olduğunu, döyüşlərin birində əsir düştükdən sonra xilas olaraq geriyə qayıdıb gəldiyini və Sultan tərəfindən şahnamə yazmaqla vəzifələndirildiyini bildirir. Eyni zamanda “Təvarixi Ali Osman (Osmanlı tarixi)” şəklində çox gözəl təliq xəttilə qələmə alınan və tamamlanmayan 385 beytlik bu əsərin giriş hissəsinin yeddi fəsildən ibarət olduğu da qeyd olunur [33, 319-322]. Türkiyəli tarixçi öz məqaləsində Əflatun Şirvaninin adını açıq bir şəkildə çəkməsə də, ortaya çıxartdığı bu məlumatlardan yarımçıq olaraq tapılan bu əsərin, məhz farsca şeirlərində Əsiri ləqəbini istifadə edən Əflatun Şirvaniyə aid olduğu aydın bir şəkildə başa düşülür. Əflatun Şirvaninin üç natamam əsərindən başqa bir neçə şeirinin də olduğu mənbələrdə göstərilir. Əhdi Bağdadi və Mustafa Ali əsərlərində onun bir neçə farsca və türkcə beytini vermişdir. Aşağıdaki iki beyt onlardan biridir:
Çünan zə’if şod əz hicr cism-i lagər ma,
Ki sayə ra na-təvan did dər bərabər-i ma.
Bu fena deyrində çün hərf-i vəfa əfsanədü
Aləmə aldanma kim dünya açılmış xanədür [1, 95-96; 13, 194].
1569-cu ildə Seyyid Loğman Urməvinin şahnaməçi vəzifəsinə təyin olunması [19, 208] göstərir ki, Əflatun Şirvani həmin vəzifədən uzaqlaşdırılmış və ya həmin tarixdə vəfat etmişdir.
Araşdırma zamanı diqqət cəlb edən bir məsələ də, Osmanlı dövlət adamı və eyni zamanda divan şairi olan Mehmed Məcdi Əfəndinin (v. 1591) [21], təzkirəçilər Aşiq Çələbinin (v. 1571), Kınalızadə Həsən Çələbi (v.1604) və Bəyaninin (v. 1597) [8] öz əsərlərində çağdaşları olan Əflatun Şirvani haqqında heç bir məlumat verməmələridir. Halbuki, Osmanlı sultanlarının şanlı tarixini şahnamələşdirən dövlətin rəsmi bir şəkildə təyin etdiyi vəzifəli şəxsdən onların xəbərdar olmamaları, doğrusu heç də inandırıcı görünmür.
Nəticə etibarilə, Azərbaycandan Osmanlı dövlətinə yerləşən “şahnamə yazma” mədəni irsi davam etdirilərək Qanuni Sultan Süleyman dövründə daimi “şahnaməçi” vəzifəsinin təsis edilməsi və ardından da “şahnaməçilər” müəsisəsinin qurulmasına səbəb oldu. Bu müəsisənin fəaliyyətində əsas rol oynayanlar yenə də azərbaycanlı şairlər, alımlər və sənətkarlar olmuşdur. Onlardan biri olan Əflatun Şirvani də 10 il müddətində icra etdiyi bu şərəfli və məsuliyyətli iş ilə Osmanlı mədəniyyətinin inkişafında çox mühim rol oynamışdır.
ƏDƏBİYYAT
1. Ahdi Bağdadi. Gülşen-i Şuara-B Metin. Yayına hazırlayan: Süleyman Solmaz, Denizli, 2009.
2. Aliev, Salih Muhammedoğlu. Elkas Mirza./Türkiye Diyanet Vakfı İslam Ansilopedisi (TDİA), C. XXI, 1995, s. 55.
3. Araslı, Həmid. Böyük Azərbaycan şairi Füzuli.Bakı, 1958.
4. Argunşah, Mustafa. Türk Edebiyatında Selimnameler./Turkish StudiesInternational Periodical For the Languages, Literature and History of Turkish or Turkic Volume 4/8 Fall 2009, s. 31-47.
5. Aşık Çelebi. Meşa’irü’ş-Şu’ara, İnceleme Tenkitli Metin. C. I, hazırlayan: Filiz Kılıç, Gazi Üniversitesi Sosyal Bilimler Enstitüsü Eski Türk Edebiyatı Anabilim Dalı Doktora Tezi, Ankara, 1994.
6. Bakıxanov,Abbasqulu Ağa. Gülüstani İrəm, Bakı, 1951.
7. Bayram, Ömer. Anadolu Sahasında Azerbaycanlı Şairler. / Journal of Qafqaz, Volume 1, Number, 15, 2005, s. 81-90.
8. Beyani. Tezkiretü ş-Şuara. Tenkitli metin hazırlayan: Aysun Sungurhan-Eyduran, Ankara, 2008.Kültür Bakanlığı e-kitap.http://ekitap.kulturturizm.gov.tr/Eklenti/10739,tsmetinbpdf.pdf?0 (04.04.2016).
9. Bursalı, Mehmed Tahir.Osmanlı Müellifleri. C. III, İstanbul, 1342.
10. Celalzade Muztafa Çelebi. Tabakatü’l Memalik ve Derecatü’l-Mesalik (Kanuninin Tarihçisinden Muhteşem Çağ Kanuni Sultan Süleyman), Notlandırarak hazırlayan: Ayhan Yılmaz, İstanbul, 2011.
11. Dədəyev, Bilal. Osmanlı dövlətində şahnamə yazma ənənəsi və azərbaycanlı şahnaməçilər (XV-XVI əsrlər)./Journal of Qafqaz University-tarix, hüquq və siyasi elmlər, 2014, Volume 2, Number 2, Bakı, s. 155-165.
12. Dədəyev, Bilal. Osmanlı dövlətində şahnaməçi azərbaycanlı alimlərdən biri olan Fətulla Arifi Çələbi./Geostrategiya, ictimai-siyasi, elmi-populyar jurnal, noyabr-dekabr 2015 N 06(30), s. 61-67.
13. Gelibolulu Mustafa Ali. Künhü’l-Ahbarın Tezkire Kısmı. hazırlayan: Mustafa İsen, Ankara, 1994.
14. Hikmet, İsmail. Azerbaycan Edebiyatı Taririhi I-II. Hazırlayan: Parvana Bayram, Ankara, 2013.
15. İbrahim Peçevi. Tarixi Peçevi. C. I, İstanbul, Mətbəəi Amirə, 1866.
16. İsgəndər Bəy Münşi Türkman. Tarexe-aləmaraye-Abbasi. tercümə edən Şahin Fərzəliyev, Bakı, 2010.
17. Kınalızade, Hasan Çelebi. Tezkiretü ş-Şuara. Tenkitli metin A-B, hazırlayan: Aysun Sungurhan-Eyduran, Ankara, 2009. Kültür Bakanlığı e-kitap.http: //ekitap. kulturturizm. gov.tr/ Eklenti/ 10739, tsmetinbpdf.pdf?0 (04.04.2016).
18. Köprülü, Orhan. Firdevsi, Uzun./TDİA, C. XIII, 1996, s. 127-129.
19. Kütükoğlu, Bekir. Lokman b. Hüseyin. / TDİA, C. XXVII, Ankara, 2003, s. 208-209.
20. Mahir, Banu. Osmanlı Minyatür Sanatı. İstanbul, 2012.
21. Mecdi, Mehmed. Şakaik-ı Numaniye ve Zeyilleri: Hadaiku’ş-Şakaik (Şekaik Tercümesi). Nəşrə hazırlayan: Abdulkadir Özcan. C. I, İstanbul, 1989.
22. Mohammad, Ebrahim Esmail.Kaşifinin Gazaname-i Rum adlı Farsça eseri ve Türkçeye Tercümesi ve Tahlili. Türkiye Cumhuriyeti Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı çap olunmamış magistratura diplom işi, İstanbul, 2005.
23. Muhyi-i Gülşeni. Menakıb-ı İbrahim-i Gülşeni. Yayına hazırlayanlar: Mustafa Koç ve Eyyüp Tanrıverdi, İstanbul, 2014.
24. Musalı, Vüsalə. Osmanlı təzkirələrində Azərbaycan şairləri, Bakı, 2009.
25. Musalı, Vüsalə, XVI əsr mühacir Azərbaycan şairi Arifinin həyat və yaradıcılığı təzkirələrdə./ Bakı Universitetinin xəbərləri, hümanitar elmlər seriyası, N 2, 2011,s. 55-63.
26. Musayeva, Azadə. XV-XVI əsrlər Azərbaycan mühacirət ədəbiyyatı və Xəlilinin “Firqətnamə”si. Bakı, 2007.
27. Musayeva,Azadə. Türkiyədə yaranan Azərbaycan ədəbiyyatı və Xəlilinin “Firqətnamə”si, Bakı, 2010.
28. Musayeva, Azadə. Azərbaycan ədəbiyyatının əlyazma qaynaqları, C. I, Bakı, 2013.
29. Nevizade, Atai. Şakaik-ı Numaniye ve Zeyilleri: Hadaiku’l-Hakaik fi Tekmileti’ş-Şakaik. Neşre hazırlayan: Abdülkadir Özcan, C. II, İstanbul, 1989.
30. Nəcəfli, Tofiq. Səfəvi-Osmanlı münasibətləri, Bakı, 2014.
31. Osmanlı tarih deyimleri ve terimleri sözlüğü-I, hazırlayan: Mehmet Zeki Pakalin, İstanbul, 1993.
32. Özcan, Abdulkadir. Fatih Devri Tarih Yazıcılığı ve Literatürü./Sosyal Bilimler Enstitütüsü Dergisi, Sayı:14, 2003/1, s. 55-62.
33. Parmaksızoğlu, İsmet.Yeni Bir Şehnamə. /Belleten, C. XLVI-Sayı: 182-Yıl:1982, Nisan, s. 319-322.
34. Şirazi, Xacə Zeynalabidin Əli Əbdi Bəy. Təkmilətül-Əxbar. Fars dilindən tərcümə, müqəddimə və şərhlər Əbülfəz Haşım oğlu Rəhimlinindir, Bakı, 1996/
35. Uzunçarşılı, İsmail Hakkı. Osmanlı Tarihi. C. II, Ankara, 1998.
36. Woodhead, Christine. Şehnameci. /TDİA, C. XXXVIII, 2010, s. 456-458.
37. Yazıcı, Tahsin. Arifi Fethullah Çelebi./ TDİA, C. III, Ankara, 1991, s. 371-373.
Açar sözlər: Azərbaycanlı şahnaməçilər, Osmanlı dövləti, Əflatun Şirvani, Əlqas Mirzə.
Ключевые слова: Азербайджанский летописец, Османском государстве, Афлатун Ширвани, Алгас Мирза.
Keywords: Azerbaijani shahnameist, Ottoman Empire, Aflatun Shirvani, Algas Mirza.
Summary
The first shahnameist (praising shahs) institution in the Ottoman state was officially established during the reign of Sultan Suleiman the Magnificent. These shahnameists (praisers of shahs) expressing the history of the Ottoman dynasty in the form of poetry adorned them with miniature paintings. Though some Turkish historians note that they were 7 people, appointed to this post to act as purely shahnameist were 5. The first three of these are Azerbaijani scientist-poets, one of which was Aflatun Shirvani. Aflatun being originally from Shirvan had been the Shirvan beylerbey Algas Mirza’s secretary. When Algas Mirza rebelled against his brother Shah Tahmasib in 1546 and took refuge in the Ottoman Empire in 1547 he went to Istanbul with him. After Algas Mirza’s tragic fate in 1549, Aflatun Shirvani who was captivated by the Safavis for a period of time, rescued from captivity and returned Istanbul. Due his fine handwriting and in accordance with his previous profession in the palace he had been entrusted with the Secretariat of “Divan-i Humayun”. In 1559 he was appointed shahnameist instead of Fatulla Arif Chelebi. As the second official shahnameist of the Ottoman Empire he had executed this responsible position for about 10 years. Aflatun Shirvani who used the pen-name “Esiri” in his poems written in Persian and “Khazani” in his poems in Turkish played a major role in the development of the Ottoman shahnameist art.
Резюме
Официально в Османском государстве институт «шахнаме» был создан в период правления султана Сулеймана. Его представители описывали историю Османской династии в поэтической форме, украшая их миниатюрными картинами. Хотя некоторые турецкие авторы указывали, что насчитывалось всего 7 летописцев, однако для занятия чисто летописной деятельностью на эту должность последовательно были назначены 5 человек. Первые троя из них были азербайджанские поэты-ученые, одним из которых являлся Афлатун Ширвани. Являясь по происхождению ширванцем, Афлатун стал секретарем Ширванского беглярбека Алгаса Мирзы. После того, как Алгас Мирза в 1546 году поднял восстание против своего брата шаха Тахмасиба, он вместе с ним в 1547 году отправился в Стамбул. После трагической смерти Алгаса Мирзы в 1549 году, Афлатун Ширвани, попав в плен к сефевидам, спустя некоторое время сумел освободится и вернуться в Стамбул. В соответствии с его прежней профессией и благодаря красивому почерку ему было поручено руководство секретариатом «Дивана Хумаюн». В 1559 году его назначили на должность летописца вместо Фатулла Арифа Челеби. На протяжении приблительно 10 лет он занимал ответственную должность второго официального летописца Османского государства. Использую в своих стихах, написанных на персидском языке, псевдоним “Асири», а на турецком языке псевдоним «Хазани», Афлатун Ширвани внес большой вклад в развитие османского летописного творчества.
BİLAL DƏDƏYEV
Tarix üzrə fəlsəfə doktoru
"Geostrategiya" jurnalı № 03 (33) MAY - İYUN 2016
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM