XV-XVI ƏSRLƏRDƏ AZƏRBAYCAN ŞİRVANŞAHLAR DÖVLƏTİ İLƏ OSMANLI DÖVLƏTİ ARASINDA SİYASİ MÜNASİBƏTLƏR

09:03 / 26.11.2016

XV əsrdə Yaxın Şərq bölgəsində gedən siyasi hadisələrdə fəal şəkildə iştirak edən, istər hərbi-siyasi, istərsə də diplomatik münasibətlərdə özünəməxsus şəkildə mövqe tutan Azərbaycan dövlətlərindən biri də Şirvanşahlar dövləti idi.
XV əsrdə Şirvanşahlar dövləti özünün inkişaf dövrünü yaşayırdı. İstər dövlətin daxili siyasəti, istərsə də xarici siyasi əlaqələri intensiv şəkildə inkişaf edirdi. Eyni zamanda Şirvanşahlar dövləti bölgədə baş verən siyasi hadisələrdə yaxından iştirak edirdi. Bunun əsas səbəbi mövcud mürəkkəb siyasi şəraitdə, qonşu dövlətlərin hücumlarından qorunmaq və öz siyasi müstəqilliyini qoruyub saxlamaq idi. Bu dövrdə Şirvanşahlar dövlətinin hökmdarı Şeyx I İbrahim (1382-1417) idi. Onun hakimiyyəti illərində dövlətinin xarici siyasətinin əsasını dövlətin siyasi müstəqilliyinin qorunması təşkil edirdi. XV əsrdə Şirvanşahlar dövlətinin xarici siyasətində mühüm rol oynayan dövlətlərdən biri Teymurilər dövləti idi. Şirvanşahların teymurilərlə münasibətləri Əmir Teymurun qərb istiqamətində birinci yürüşü (1386-1389) dövrünə təsadüf edir (1, 53).
Əmir Teymur ilk yürüşü dövründə Qarabağda olarkən (1386) Şirvanşah Şeyx I İbrahim, Şirvanşahlar dövlətini Teymurun viranedici hücumundan xilas etmək üçün Şamaxıda Teymurun adına xütbə oxudub, sikkə kəsdirdi və onun yanına gələrək ona öz itaətini bildirdi. Teymur Şirvan hökmdarını hörmətlə qəbul edərək ehtiram göstərdi və onu Şirvan hakimi kimi tanıdı [3, 281; 5, 13].
Əmir Teymurun qərb istiqamətində üçüncü yürüşündən (1399-1404) sonra işğal etdiyi ərazilərin idarə olunması qaydasını müəyyənləşdirərkən, Şirvanşahlar dövləti vassal ərazi kimi Ömər Mirzənin tabeliyinə verilmişdi [2, 44; 5, 31; 10, 346].
Əmir Teymurun ölümündən (1405) sonra Teymurilər dövlətinin beynəlxalq nüfuzunun zəifləməsindən istifadə edən I Şeyx İbrahim Teymuri Miranşaha və Mirzə Ömərə qarşı itaətsizlik göstərməyə başladı [2, 47]. Teymurilər dövlətinin siyasi dayaqlarının zəiflədiyi bu dövrdə, Azərbaycanda teymuri işğalına qarşı güclü müqavimət hərəkatı baş qaldırdı. Bu müqavimət hərəkatının başında duran şəxslərdən biri də Şeyx I İbrahim idi. Teymurilərə qarşı mübarizə aparmaq üçün Azərbaycan əmirlərini öz ətrafında birləşdirən Şirvan hökmdarı hakimiyyət boşluğundan istifadə edərək, Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizəyə başladı.
Ölkədə yaranan siyasi böhrandan istifadə edən Şeyx I İbrahim, h. 809-cu ilin zilhiccə ayında (may-iyun 1406) paytaxt Təbrizə daxil oldu [5, 42; 4, 87]. Lakin Sultan Əhmədin İraqdan Azərbaycana gəldiyini eşidib “ ərse-i məmləkət sahibsiz olduğundan xalq hər kəsin təqibindən əziyyət çəkirdi. Gəldik və mühafizə etdik.. İndi məmləkətin sahibi gəldiyi üçün biz də öz evimizə gedirik...” - deyərək Təbrizi tərk etdi [3, 286].
Azərbaycanda Qaraqoyunlu dövləti yarandıqdan sonra I Şeyx İbrahim Qaraqoyunlu dövlətinin vassallığlını qəbul etdi və sikkəni Qaraqoyunlu dövlətinin rəsmi hökmdarı Pirbudağın adına kəsdirdi. Bunun müqabilində, o, Şirvan vilayətini idarə etmək hüququnu özündə saxladı [2, 49; 4, 87; 6, 92]. Şirvanşahlar dövləti Qaraqoyunlu hakimiyyətindən siyasi cəhətdən asılı olsa da öz daxili müstəqilliyini qoruyub saxlayırdı. Bu dövrdə də Şirvanşahlar dövlət ilə Teymurilər dövləti arasında dostluq münasibətləri davam edirdi. Hər iki dövlət arasında mövcud olan bu dostluq münasibətləri tərəflərin bölgədəki siyasi maraqlarından irəli gəlir və onların dövlət maraqlarını ifadə edirdi.
Şirvanşahlar dövləti öz siyasi müstəqilliyini qorumaq üçün çoxşaxəli xarici siyasət yeridirdi. Bu xarici siyasət istiqamətlərindən biri də Osmanlı imperiyası ilə mövcud olan siyasi münasibətlər idi.
Şeyx I İbrahimin hakimiyyəti dövründə Şirvanşahlar dövləti ilə Osmanlı imperiyası arasındakı siyasi münasibətlər aktiv xarakter daşımamışdı. Çünki Əmir Teymurun qərbə yürüşləri zamanı Şirvanşahların teymurilərlə müttəfiqliyi Şirvanşahlar dövləti ilə Osmanlı imperiyası arasında siyasi münasibətlərin inkişafına ciddi surətdə maneə yaradırdı.
Şirvanşah I İbrahimin ölümündən sonra Şirvanşahlar taxtına əyləşən I Xəlilullahın hakimiyyəti dövründə (1417-1465) Şirvanşahlar dövləti ilə Osmanlı imperiyası arasındakı diplomatik münasibətlərdə müəyyən canlanma yarandı. I Xəlilullah hakimiyyətə gəldikdən sonra Qaraqoyunlu dövlətinin siyasi asılılığından qurtarmaq üçün siyasi əlaqələrini gücləndirdi. Bu dövrdə Qaraqoyunlu dövləti ilə dostluq münasibətində olan Osmanlı imperiyası ilə siyasi münasibətləri sahmana salmaq, Şirvanşahlar dövləti üçün olduqca vacib idi.
I Xəlilullah Osmanlı sarayı ilə dostluq münasibətlərini inkişaf etdirmək üçün 1420-ci ildə, elçisi Xacə Məhəmməd Bakuyi vasitəsilə Osmanlı sultanı II Mehmedə bir məktub göndərmişdi. Məktubda, o, teymurilərin qaraqoyunlular üzərinə yürüşə başlaması və Şahruxun ona yazdığı məktub haqqında ətraflı məlumat verir və teymurilərlə olduğu kimi osmanlılarla da dostluq münasibəti saxladığıni nümayiş etdirirdi. Osmanlı sultanı cavab məktubunda yazırdi: “Xoşbəxt şəhriyar və böyük padşah Şirvanşah Sultan Xəlilə,.. Sizin qədim məhəbbət səmimi dostluq barədə izhar etdiyiniz sözlər bizim tərəfimizdən diqqətlə mütaliə olundu... Əlahəzrət xaqan Şahruxun Azərbaycana tərəf yürüşə keçməsi bizə məlum oldu... Əgər keçmiş zamanlarda olduğu kimi o, Qara Yusif bəyin cəzalandırılmasını bəhanə edərək bu diyara tərəf hücum edərsə biz əbəs yerə onlara yaltaqlıq etməyəcəyik.. Siz daha ağıllı, kamallı hərəkət edin və həmişə dostluq və birlik yolunu qoruyun” [7, 68-69; 8, 72-75; 2, 52].
Osmanlı imperiyası ilə diplomatik münasibətləri davam etdirən Şirvan hökmdarı, osmanlıların Trabzonu fəthi münasibətilə Sultan II Mehmedi təbrik etmək üçün elçisi Ziyaəddin Yusif bəyi qiymətli hədiyyələrlə Osmanlı sarayına göndərmişdi [18, 75-78].
Fərrux Yasarın hakimiyyəti dövründə (1465-1500) də Şirvan-Osmanlı münasibətləri normal davam etmiş, hər iki dövlətin hökmdarları müntəzəm olaraq məktub vasitəsilə əlaqə saxlamışlar [7, 70; 3, 301].
Şirvanşahlarla Osmanlılar arasında siyasi münasibətlər XVI əsrdə də davam etmişdir. XVI əsrdə Azərbaycan Səfəvi dövləti ilə Osmanlı dövləti arasında münasibətlərin gərgin olması siyasi müstəqilliklərinə can atan Şirvanşahlarla Osmanlıları yaxınlaşdırırdı. Həmçinin Osmanlıların Xəzər dənizi hövzəsində siyas və ticarət maraqları da bu müttəfiqliyi zəruri edirdi.
Çaldıran döyüşündəki (1514) qələbədən sonra, Misir və Suriyada da böyük qələbə əldə edən Sultan Səlim Şirvanşah Şeyx İbrahimə (II İbrahim, yaxud Şeyxşaha) göndərdiyi məktubunda özünün Orta Şərqin bu iki dövlətində əldə etmiş qələbəsini xəbər verməklə, qarşıdakı yeni yürüşü barədə də məlumat verir. Onun məlumatına görə o, tezliklə Şah İsmayıl üzərinə yeni hücuma keçmək niyyətindədir. Bu xəbəri bildirən Sultan Səlim Şirvana çatacağı tədqirdə Şirvanşahdan Osmanlı qoşunu üçün azuqə və ülufə hazırlanmasını xahiş edir. Divan katibi Heydər Çələbi tərəfindən qələmə alınan həmin məktubda Hələb, Şam, Qəzzə, Qüds, Məkkə və başqa yerlərin – Oman sahillərindən Bağdada qədər yerlərin artıq Sultan Səlim tərəfindən zəbtindən bəhs edilir. O yerlərin itaət edən bütün əzəmətli əmirləri bizim inayət və mərhəmətimizə nail oldular, amma üsyan və tüğyan yoluna qədəm basanların hamısı gülləyə tuş, qılınca yem oldular - yazan Sultan Səlim indi təxir etmədən “Şərq diyarının zəndıq və mülhidləri üzərinə yollandığını bildirir. İnşallah, biz orada görünən zaman o ədalətli cənab (yəni Şirvanşah – Ş.F.) cürbəcür şahənə inayətlərimizlə bəhrələnəcəkdir (7, 52).
Osmanlı Sultanı bu məktub vasitəsilə Şirvanşahla həmməzhəb olduğunu nəzərə çatdırırdı. Şirvanı öz nüfuz dairəsinə almaqla, demək olar ki, bütün Şirvanşahlar dövlətinin ərazisində - Dərbənd və Xəzərlə Kür çayı arasındakı torpaqlarla özünün nüfuzunu genişləndirməyə çalışan Sultan Səlim həmin məktubunda özünün əzəmətini də nümayiş etdirir, az vaxtda bir neçə ölkəni – Azərbaycanı, Diyarbəkiri tutduğunu bildirirdi.
Tezliklə Şirvanşaha Sultan Səlimdən yeni bir məktub gəldi. Osmanlı Sultanı Xacə Mahmud Bakuyinin onun hüzuruna gəldiyini, Şirvanşahın ona yazdığı kimi qızılbaş elçilərinin də dalbadal Türkiyəyə təşrif gətirmiş elçilərinin olduqlarını bildirir, yenə də, özünün ―qızılbaşe-ovbaşın bədkirdar vücudlarını iti qılınclarla yer üzündən silmək və aləmi Şah İsmayılın şər və şurundan təmizləmək niyyətini bildirir. Bu məktubu alan Şeyxşah Osmanlı sultanını Azərbaycan üzərinə növbəti hücumundan çəkindirmək məqsədi ilə dərhal ona cavab məktubu göndərmiş, onu bu əməldən əl çəkməyə çağıraraq, ey islamın pənahı, bu işi etməyin yazmışdır.
Lakin Şirvanşahla Osmanlı sultanı arasında bu məsələ xüsusunda məktublaşma yenə də davam edir. Sultan Səlim ona öz fikrinin qəti olduğunu, daim fitnəfəsadın aradan götürülməsi barədə düşündüyünü yazır.
Şirvanşah I İbrahim Şeyxşah Sultan Səlimin vəfatı və Sultan Süleymanın taxta çıxması münasibətilə h. 930 (m.1524)-cu ildə əl-Hac Hüseynlə Osmanl sarayına rəsmi məktub göndərmiş, səltənət, cahandarlıq, xilafət və şəhriyarlıq taxt-tacının öz varisinə çatmasını təbrik etmişdi. Sultan Süleyman isə öz növbəsində ona göndərdiyi cavabında aramızdakı vəfadarlıq əbədi olsun yazaraq Şirvanşaha münasibətini bildirmişdir (7, 54).
Qeyd etmək lazımdır ki, II İbrahim Şeyxşahın h.930 (m. 1524)-cu ildə vəfatından sonrakı bir neçə il ərazində Şirvan dövləti növbə ilə II Xəlilullahın və II Fərrux Yəsarın hakimiyyəti altında olmuş, 1538-ci ildə isə Səfəvilərə tabe edilmişdir. Bu müddətdə Şirvanda sabit hökmdarlıq bərqərar olmadığı üçün yeni Şirvanşahlara Türkiyə hökmdarı Sultan Süleyman arasında elə bir nəzərə çarpan münasibət yaranmamış, tərəflərin birinin digərinə elçi get-gəli və məktub mübadiləsi olmamışdır. Lakin II Xəlilullahın oğlu Bürhanəddinin h. 951 (m.1544)- ci ildə, Dağıstanda yaşayan qaytaqlı qohumlarının yanından çıxaraq Şirvan valisi Əlqas Mirzə ilə döyüş üçün Şirvana gəlib məğlub edilməsi və Osmanl dövlətinə getməsindən sonra Şirvan-Osmanlı münasibətləri yenidən təzələnmişdi. Bürhan belə hərəkət etməklə, şübhəsiz ki, Bürhanın köməyi ilə Şirvanı ələ keçirməyin mümkünlüyünü düşünmüş, qızılbaşlar əleyhinə ondan istifadə etməyi qərara almışdı. Osmanlı hökmdarının onun ixtiyarına verdiyi qoşunla Şirvana tərəf hərəkət edən Bürhan qızılbaş əsgərlərinin çoxluğunu görüb qorxuya düşmüş, türk qoşununu Türkiyəyə geri göndərərək, əlverişli fürsət və vaxt gözləmək niyyəti ilə yenidən Dağıstana getmişdi. H. 955 (m. 1548)-ci ildə Azərbaycana növbəti yürüş edən Sultan Süleymana birləşmək məqsədi ilə Dağıstandan hərəkət edən Bürhan tezliklə Osmanlı hökmdarı ilə görüşmüş və Şirvanı ələ keçirmək üçün qızılbaşlarla savaşa girişmişdi (7, 54).
Bürhandan sonra Şirvan taxt-tacına sahib olmaq üçün Şirvanşahlar nəslindən olan Mehrab Mirzə və Qurbanəlinin göstəridiyi cəhdlər baş tutmamış və ölkə Abdulla xan Ustaclı tərəfindən idarə olunmaqda idi. Lakin Osmanlı dövləti zəngin Şirvanı ələ keçirmək ümidindən hələ əl çəkməmişdi. H. 961 (m. 1544)-ci ildə Sultan Süleymanın Azərbaycana dördüncü yürüşü zamanı Osmanlı sultanının özü Naxçıvan istiqamətində hərəkət etmişdisə də, Şirvanşahlar nəslindən olan və İstanbulda sığınan Qasım Mirzəni Kəfə-Şimali Qafqaz-Dağıstan yolu ilə Şirvanı tutmağa yollamışdı.
1555-ci ildə Səfəvilər və Osmanlılar arasında imzalanan Amasya sülh müqaviləsinin şərtlərinə görə, Şirvan tamamilə qızılbaşların əlinə keçmiş, Türkiyə bir müddət (23 il) Şirvanı ələ keçirmək niyyətindən əl çəkməli olmuşdu. Çünki Türkiyə, Səfəvilərlə imzaladığı 1555-ci il sülh müqaviləsinə əməl etməyi üstün tutmuş, qızılbaşlarla barışığın tərəfdarı olmuşdur. Heç də təsadüfi deyil ki, Abdulla xan Ustaclı tərəfindən məğlubiyyətə uğrayan Qasım Mirzənin Sultandan kömək ricasına əməl olunmamış, ona indiki halda mabeyndə (arada) olan sülhə müxalif bir vəziyyət yaratmağın münasib olamdığı bildirilmişdi. Lakin sultan Şirvan xanı büsbütün ümidsiz Qasım Mirzəyə hərbi kömək üçün öz qohum-əqrabası olan Krım Şamxala müraciət etməsini məsləhət bilmişdi (9, 254).
1578-ci ildə III Sultan Muradın hakimiyyətinin (1574-1595) dördüncü ilində 150 minlik türk ordusu Lələ Mustafa paşanın sərkərdəliyi ilə Çirvana hücum edərək, tez bir zamanda Ərəş, Qəbələ, Şamaxı, Bakı, Şabran, Mahmudabad, Salyan və başqa şəhərləri ələ keçirdi.59 Türk sultanı Bağçasarayda yaşamaqda olan Əbu Bəkr Mirzəyə himayəçilik göstərmiş və o, Lələ Mustafa paşanın Şirvana yürüşünə qədər (h. 986; m. 1578) Krımda qalmışdı.60 Ağır vergi siyasətindən əziyyət çəkən rəiyyət və kəndlilərdən pis güzəranı, qızılbaş əmirləri arasında olan düşmənçilik, Azərbaycan ərazisində davam edən ara müharibələri - bütün bunlar Şirvan əhalisini qızılbaşlar əleyhinə qaldırmışdı. Şirvanın bu vəziyyətindən xəbər tutan Əbu Bəkr Mirzə tezliklə Krım və Osmanlı döyüşçüləri ilə yürüşə çıxdı. Tərkibində Şirvanşahlar nəslindən olan bir şahzadənin qoşunla Şirvan üzərinə yollanması türk ordusunun sonrakı hərəkəti üçün əlverişli şərait yaratmışdı (3, 279).
Şirvanı qızılbaşlardan alan Lələ Mustafa paşa oranın idarəsini və mühafizə olunmasını igid vəzir Osman paşa Özdəmiroğluya tapşırmışdı. Osman paşa təhlükəsizlik baxımından Şamaxını deyil, Dərbəndi özünə iqamətgah seçmiş, vəzir və sərdar rütbəsi ilə Şirvan sünniləri Dəmirqapıya (Dərbəndə) getməzdən əvvəl, Şirvan sünniləri sərdarın Şirvanı Osmanlı torpaqlarından birləşdirdiyini bilib tez Dəmirqapı qalasının kutvalı olan qızılbaş Çıraq Xəlifəni həbs edərək, onun adamlarından 300 nəfərinin başlarını kəsdilər. Sonra, iki minə yaxın sünni igidlər başlarına göy və qara papaqlar geyərək (qızılbaş papaqlarının əksinə olaraq) Osmanlıların hərbi düşərgəsinə getdilər, Osmanlı başçılarına qiymətli hədiyyələr verərək Çıraq Xəlifəni və onun başqa adamlarını qətlə yetirdilər (7, 57).
1582-ci ilin sonlarında III Murad təkcə Şirvanı deyil, bütün Azərbycanı ələ keçirmək niyyəti ilə ölkəyə yeni yürüşlər təşkil etdi. Sonralar Şah Məhəmməd Xudabəndə Şirvanda qalan türklərlə döyüşmək üçün bir neçə dəfə qoşun yolladısa da, lakin İsgəndər bəy Münşinin göstərdiyi kimi, Osman paşa onlara qarşı durmağa müvəffəq oldu.
Beləliklə, 1590-cı ilin may ayının 21-də bağlanan Səfəvi-Osmanlı sülh müqaviləsinin şərtlərindən birinə görə Şirvan vilayəti başqa Azərbaycan torpaqları kimi Osmanlı imperiyasının tərkibinə qatıldı. Həmin ərazi XVII əsrin başlanğıcına qədər türk hakimiyyəti altında qalmışdır. Şirvan 1590-cı ildən sonra on ildən çox Türkiyə tərəfindən idarə olumuşdusa da, bu vilayət öz keçmiş müstəqilliyinə qaytarmaq üçün müəyyən cəhdlər edilmişdir. Belə ki, 1602-ci ildə Şirvan taxttacının Şirvanşahlar nəslindən olan son iddiaçısı Əbu Bəkr Mirzə bu məsələdə ona kömək göstərilməsi üçün I Şah Abbasa müraciət etmişdi (7, 60).
Ümumiyyətlə, XV-XVI əsrlərdə Şirvanşahlar dövlətinin xarici siyasi əlaqələrinə nəzər yetirərkən, öz dövlət müstəqilliyini qorumaq üçün uğurlu siyasət yeritdiyinin şahidi oluruq. Bölgədə baş verən mürəkkəb siyasi hadisələrdə balanslaşdırılmış xarici siyasət yeridən Şirvan hakimləri nəticədə öz daxili müstəqilliklərini qoruyub saxlamış və qonşu dövlətlərlə diplomatik və siyasi münasibətlər yarada bilmişlər. Həmçinin Azərbaycan Şirvanşahlar dövlətinin Osmanlı dövləti ilə siyasi münasibətlərinin qurulmasında siyasi müstəqilliyini qoruma təşəbbüsləri əsas səbəblərdən biri idi.


ƏDƏBİYYAT
1. Ağalarov. M.Z. XV-XVI əsrlərdə Azərbaycan beynəlxalq münasibətlər sistemində. Dissertasiya. Bakı, 2013.
2. Ağayev R. Ə. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı münasibətləri. (XV-XVI əsrlər). Bakı: Kür, 2004.
3. Aşurbəyli S. B. Şirvanşahlar dövləti (VI-XVI əsrlər). Bakı: Azərnəşr, 1997.
4. Aşurbəyli S. B. Bakı şəhərinin tarixi (Orta əsrlər dövrü). Bakı: Azərnəşr, 1998.
5. Aka İ. Timur ve devleti. Ankara: Türk tarih kurumu basımevi, 1991.
6. Fərzəliyev Ş. F. Azərbaycan XV-XVI əsrlərdə (Həsən bəy Rumlunun «Əhsənüt-təvarix» əsəri üzrə). Bakı: Elm, 1983.
7. Fərzəlibəyli Ş.F. Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlər). Bakı: Azərnəşr, 1995.
8. Fərzəlibəyli Ş. F. Epistolyar irsimizdən: Şirvanşahlar Xəlilullah və Fərrux Yəsarla yazışmalar //Azərbaycan tarixi müzeyinin əsərləri, 2005, s. 69-78
9. Kırzıoğlu F. Osmanlıların Kafqaz ellerini fethi (1451-1590), Ankara, 1976.
10. Şami Nizamüddin. Zafername. Farscadan çeviren Necati Luqal. Ankara: Türk Tarih Kurumu Basımevi, 1987.

Açar sözlər: Azərbaycan Şirvanşahlar dövləti, Osmanlı dövləti, diplomatik-siyasi münasibətlər, elçi və məktublar.
Ключевые слова: государство Ширваншахов Азербайджана, Османская империя, дипломатические и политические отношения, посол и письма.
Keywords: the state of Shirvanshahs of Azerbaijan, the Ottoman Empire, diplomatic and political relations, the ambassador and letters.

Резюме
В XV –XVI веках борьба и экономическая конкуренция еще больше усилилась на Ближнем и Среднем Востоке. В течение этого периода, в Европе, в том числе на Ближнем и Среднем Востоке, а также в Центральной Азии образовались новые государства, и между этими странами были установлены уникальные политические отношения. Эти политические отношения, созданные в Евразийском мире играют важную роль в формировании международных отношений, которые отражают специфические особенности средневекового периода.
В конце века XIV века и начале XV века в регионе существовала политическая раздробленность. Государство Хулаки, разложенное на отдельные уделы, стало полем борьбы между династическими державами. В течение этого периода, в Арабский Ирак, в Аджемский Ирак, и на территориях Азербайджана на юге реки Кура правили Джалаириды (1340-1410), а в землях к северу от реки Кура правили Ширваншахи (861-1538), которые были политически зависимы от Джалаиридов.
В этот период государство Ширваншахов Азербайджана используя политическую слабость государства Хулаки, вел независимую внешнюю политику, старался улучшить политические отношения с соседними странами, чтобы защитить свою внутреннюю политическую независимость. В то время, Османская империя являлась одной из государств, с которыми государство Ширваншахов установило политические отношения.

Summary
In centuries XV -XVI the struggle and economic competition further intensified in the Near and the Middle East. During this period, in Europe, including the Near and the Middle East, as well as in Central Asia have formed new governments, and between these countries were established unique political relations. These political relations which were established in the Eurasian world, play an important role in the formation of international relations, which reflect the specific characteristics of the medieval period.
At the end of the XIV century and beginning of the XV century there was political fragmentation in the region. Hulaki state, which decomposed into separate parts, has become an arena of conflict between the dynastic powers. During this period, in Iraq Arabi and Iraq Adjemi, and on the territory of Azerbaijan in the south of the Kura river ruled Jalayirids (1340-1410), and in the lands in the north of the Kura River ruled Shirvanshahs (861-1538), who were politically independent of Jalairis.
During this period, the state of Shirvanshahs of Azerbaijan by using the political weakness of Hulaki state, conducted an independent foreign policy, tried to improve political relations with neighboring countries to protect its internal political independence. At that time, the Ottoman Empire was one of the states with which the state of Shirvanshahs established political relations.

İSA ARSLAN
Tarix üzrə fəlsəfə doktoru


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM