Mərkəzi Asiyanı, Hindistan və Çini Aralıq dənizi və Qara dəniz hövzəsi vasitəsilə Avropa ilə bağlayan əsas beynəlxalq karvan yolları bugünkü Azərbaycan və İran dövlətlərinin ərazisindən, yəni Azərbaycan Səfəvi dövlətindən keçirdi. Xüsusilə, Şimali və Cənubi Azərbaycan ərazisinin beynəlxalq karvan yollarının kəsişdiyi qovşaqda yerləşmə-si onların beynəlxalq iqtisadi münasibətlərdəki əhəmiyyətini artırırdı. Bu yollardan biri Yaxın və Orta Şərq bazarlarını Təbriz-Həştərxan vasitəsilə Moskva ilə birləşdirirdi. Digər beynəlxalq karvan yolu indiki Hindistan, İran və Azərbaycanı Qara dənizlə birləşdirən Hörmüz-Təbriz-Trabzon-Kaffə ticarət yolu idi. Trabzon və Kaffədə Avropa və Şərq tacir-ləri arasında vasitəçiliyi əsasən Genuya və Venesiya tacirləri həyata keçirirdilər. Səfəvi-Osmanlı və Səfəvi-Avropa ticarət əlaqələrində Təbriz-Toqat-Bursa karvan yolu da mühüm rol oynayırdı [6, 167].
Hindistandan gələn ticarət gəmiləri sahilboyu dəniz sularında dolanaraq Fars (Kəngər – G.M.) körfəzinə daxil olur, Şəttül-Ərəb çayının mənsəbindən Fərat çayı ilə üzərək Kiçik Asiyaya yaxınlaşırdı. Fəratın sol məntəqəsindən Aralıq dənizi sahilinədək 200 kmlik quru karvan yolu qalırdı. Eyni zamanda Bəsrə və Bağdaddan Fərat boyunca Kiçik Asiyadan keçən və Aralıq dənizi hövzəsinin liman şəhərlərinə gedən quru karvan yolu da mövcud idi. Qədim zamanlardan hind malları bu yolla Aralıq dənizi sahillərinə, buradan isə Avropaya daxil olurdu. Kəngər körfəzindən Azərbaycan Səfəvi dövlətinin daxili şəhərlərinə doğru da karvan yolu gəlirdi. Bu yol Çini Orta Şərqdən keçərək Avropa ilə əlaqələndirən ipək yolu olub, Moskva dövlətini Azərbaycan Səfəvi dövləti ilə bağlayan Volqa-Xəzər yoluna birləşdirirdi. Ümumiyyətlə, Avropa ilə Asiyanı əlaqələndirən karvan yolları Səfəvilərə aid torpaqlarda kəsişir və çarpazlaşırdı. Bu qədim beynəlxalq karvan yolları XVI əsrin əvvəllərində öz inkişafının ən yüksək həddinə çatmış olsa da dəniz yolunun kəşfi onun əhəmiyyətini müəyyən qədər də olsa azaltdı. Hətta, XVII əsrin sonlarına qədər quru karvan ticarəti yolu əhəmiyyətini tam itirməsə də, Səfəvi dövlətində yaranmış iqtisadi böhranla əlaqədar olaraq ölkənin xarici ticarət dövriyyəsi durmadan aşağı düşdü [6, 169, 177], son nəticədə də ölkə daxilində baş verən üsyanlara və dövlətin süqutuna səbəb olan amillərdən biri oldu.
Azərbaycan Səfəvi dövləti Osmanlılarla uzun müddət fasilələrlə davam edən müha-ribələri başa çatdıran 1639-cu il Qəsri-Şirin müqaviləsini imzalamaqla beynəlxalq ticarətin inkişafı üçün mühüm əhəmiyyət daşıyan əlverişli vəziyyəti təmin etdi. Avropa və Asiyanın müxtəlif dövlətləri ilə ticarət əlaqələri daha da genişləndirildi. Xüsusilə, Şah II Abbas dövründə (1642-1666) ticarətin inkişafında böyük nailiyyətlər əldə olundu. Şah II Abbas sələfləri kimi Avropa ölkələri ilə ticarət əlaqələrini nəinki davam etdirdi, hətta da-ha da genişləndirdi. Bəndər-Abbas limanında, körfəzdə ticarət uğrunda rəqabət aparan ingilisləri hollandiyalılara qarşı qoydu. Məlum olduğu kimi, hollandiyalılar 1645-ci ilin payızında Qişmi ələ keçirərək, onlara Səfəvi dövlətinin istənilən yerində ipək almaq, göm-rük rüsumundan azad olmaq kimi ticarət sahəsində müstəsna hüquqlar bəxş olunması müqabilində şah hökuməti ilə sülh bağladılar. Bu, da A.Vilsonun qeyd etdiyi kimi “Persiyadakı (Azərbaycan Səfəvi dövlətindəki – G.M.) ingilis ticarətinə böyük zərbə vurdu” [17, 164]. “Bu hadisələr fonunda Şərqi-Hind kompaniyasının Bəndər-Abbasdakı müəssisəsinin işləri olduqca əlverişsiz vəziyyətə düşdü; (nəzərə alsaq ki, kompaniyanın) nümayən-dələri gömrük gəlirlərinin müəyyən hissəsinə hələ də iddialı idilər... nümayəndələr, kompaniyalarının Bəndər-Abbasdakı mülkiyyətlərini buradan çıxarmağı vacib sayır və onu daha təhlükəsiz yer olan Bəsrəyə köçürürlər” [17, 164]. İngilislərin narahatlığı özünü doğrultdu və hadisələrin sonrakı gedişatı göstərdi ki, onlar burada da özlərini təhlükəsiz hiss edə bilmirlər. “Qişmdəki müvəffəqiyyətlərindən ruhlanan hollandiyalılar... özlərinin 8 hərbi gəmisini Bəsrə körfəzinə yönəldərək, buradakı ingilis faktoriyasını demək olar ki, tamamilə darmadağın etdilər” [17, 164]. Hollandiyalıların Səfəvilərlə ticarət əlaqələrində müstəsna hüquqlar almasının əsası 1623-cü il ticarət müqaviləsi ilə qoyulmuşdur. 1623-cü ildə Azərbaycan Səfəvi dövləti ilə Hollandiyanın Şərqi-Hind kompaniyası arasında bağlanan müqaviləyə görə, hollandiyalı tacirlərə Səfəvilər ərazisində ticarət sahəsində müstəsna hüquqlar verilir: onlar, Səfəvilərə tabe bütün ölkə və vilayətlərdə heç bir rüsum ödəmədən maneəsiz ticarət edə bilərdilər, bundan əlavə həmin ərazilərin hakimləri hol-landiyalıların əlverişli ticarəti üçün lazımi şərait yaratmalı, mallarının daşınması üçün onları nəqliyyat vasitələri ilə təchiz etməliydilər; nəhayət, hollandiyalılar Səfəvilər ərazi-sində istənilən malı almaq və satmaq hüququna malik idilər. 1631-ci il Hollandiya ilə Azərbaycan Səfəvi dövləti arasında imzalanan növbəti müqaviləyə görə, Hollandiyada ticarət edən Səfəvi tacirləri üçün də eyni hüquqlar təsbit edilmişdi. 1642-ci ildə isə Hollandlar Səfəvilərlə yeni ticarət müqaviləsi imzaladılar. 16 maddədən ibarət olan ticarət müqaviləsində deyilirdi:
1. Hollandlar Səfəvi məmləkətinə azad gəlib-getmək və burada azad alqı-satqı hüququna malikdirlər.
2. Holland tacirləri vergidən azaddırlar.
3. Holland tacirlərinin malları yoxlanılmamalı, idxal və ixracına maneəçilik törədilməməlidir.
4. Dükançı və dəllallara çəkidə, ölçüdə saxtakarlıq etməyə icazə verilmir. Əlahəzrət tərəfindən təsdiq edilən çəki və ölçülər etibarlı hesab edilir.
5. Vəfat edən hollandiyalı tacirlərin malları yerli hakimlər tərəfindən qorunub saxlanılmalı, onun həmkarına, yaxud başqa holladiyalılara təhvil verilməlidir.
6. Səfəvi tərəfi malı oğurlanan hollandiyalı tacirə dəyən zərəri ödəməlidir.
7. Hollandiya tacirləri yük heyvanları icarəyə götürmək səlahiyyətinə malik olmalı, onların mallarını yollarda Səfəvi mühafizəçiləri qorumalıdır.
8. Hollandiyalılar Səfəvi ölkəsinə kölə olan həmvətənlərini pul verib azad etmək hüququna malikdirlər. Hollandiyalıların islam dinini qəbul etməsi qadağandır.
9. ... (Mətndə bu maddə yoxdur – Nazim Süleymanova görə)
10. Müsəlmanı öldürən hollandiyalı cəzalandırılmaq üçün öldürdüyü şəxsin yaxınlarına təhvil verilir. Öldürülən şəxsin yaxınları müqəssiri cəzalandırmadıqda o, mühakimə üçün məhkəməyə verilir.
11. Hollandiyalını öldürən müsəlman isə qatil kimi hollandiyalılara verilir və hollandiyalılara qatillə istədikləri kimi rəftar etmək hüququ verilirdi.
12. Hollandlar Səfəvi ölkəsində erməni qəbiristanlığından kənarda ölülərini dəfn etmək üçün yer seçməkdə azaddırlar.
13. Hollandlar türk, erməni, banqladeşlilərdən istədikləri şəxsləri xidmətçi və tərcüməçi kimi qəbul edə bilərlər. Lakin onlara xristian dinini qəbul etdirməyə ixtiyarları yoxdur.
14. Batan gəmilərin xilas edilən yükləri sahiblərinə qaytarılır.
15. Hollandlar at alqı-satqısına və Larla Hörmüz arasıdakı yoldan istifadəyə görə vergi ödəyirlər. Ancaq qalan yollardan istifadəyə və hər cür malın idxalı və ixracına görə vergi ödəmirlər.
16. Əlahəzrət şah Hollandiya səfirinin başqa təklif və xahişlərini də nəzərə alır [6, 217-218].
1623-cü il və 1642-ci il Səfəvi-Hollandiya ticarət müqavilələrinin verdiyi imtiyaz və üstünlüklərdən geniş istifadə edən holland tacirləri Səfəvi xam ipəyinin əsas alıcılarından idilər. Holland şirkəti hər il Səfəvi ölkəsindən min taya qədər ipək alıb aparır, əvəzində bu ölkəyə hər il bir milyon livr dəyərində istiot, mixək və başqa ədviyyat gətirib satır-dı [6, 218-219]. 1645-ci ildə hollandiyalıların Qişm adasını tutmasından sonra hollandiyalıların təzyiqi o qədər güclənmişdi ki, XVIII əsrin ortalarında hollandiyalıların Fars körfəzində ticarəti 100.000 funt sterlinq dəyərində qiymətləndirilirdi [15, 119]. Hollandiyalıların Səfəvilər ərazisində ticarət sahəsində müstəsna hüquqlar əldə etməsi məsələsi-nə aydınlıq gətirən A. Vilson yazır: “1649-cu ildə Hollandlar Persiya (Səfəvi – G.M.) hö-kumətindən daha yeni güzəştlər əldə edirlər ki, bu, sonuncunun (Şah hökumətinin – G.M.) onlara olan ehtiramından deyil, qorxusundan irəli gəlirdi. 1650-ci ildə hollandiyalıların üstünlüyü, portuqalların Məsqətdən qovulub çıxarılması ilə daha da gücləndi” [17, 164; 3, 318 -319]. 1652 və 1666-cı illərdə hollandiyalı səfirlər İsfahana gələrək, ticarət əlaqələrini daha da yaxşılaşdırmaq məqsədilə Səfəvi höküməti ilə danışıqlar aparırlar. Kurzonun mənbələrə istinadən yazdığı kimi, “heç bir millət əsrin ortalarında (XVII əsr – G. M.) Persiya (Səfəvi – G. M.) ticarəti sahəsində hollandiyalılarla müqayisə ediləcək belə səviyyədə deyildi və onlar Persiya ilə (Səfəvilərlə – G.M.) ticarətin ustaları idilər. İngilislər hollandiyalılarla rəqabətdən çox əziyyət çəkirdilər və bu səbəbdən XVII əsrdə Persiya (Kəngər – G.M.) körfəzində təəccüb doğuracaq qədər pis vəziyyətdə idilər” [12, 550]. Məlum olduğu kimi, iki dövlət arasında ticarət sahəsində mövcud olan rəqabət, mə-nafelərin toqquşması hətta 1652-1654 və 1665-1667-ci illərdə müharibələrə də səbəb olmuşdu. Lakin bu müharibələr belə ingilislərə istədiyi üstünlüyü əldə etməyə imkan ver-mədi.1660-cı ildən sonra ingilislər Səfəvi bazarlarına daxil olub ipək ticarətini genişləndirməyə nail olsalar da bu sahədə yenə də hollandlardan sonra ikinci yerdə dururdular [10, 289].
Şah II Abbas dövründə Səfəvi hüdudlarında ticari nüfuzu zəifləyən ingilislərdən fərqli olaraq A.Vilsonun sözləri ilə desək, fransızların timsalında “Şərqlə ticarət uğrunda rəqabət meydanına üçüncü avropalı müsabiqəçi” [17, 166], yəni rəqib peyda oldu. Fransa-Səfəvi əlaqələri barədə geniş məlumat verən C.Kerzon yazır ki, XVII əsrin əvvəllərin-də “İngilis Şərqi-Hind şirkətinə oxşar assosiasiya Fransada da yaradılmışdı. İngilis modeli üzrə fransızlar da 1604, 1611, 1615-ci illərdə müvəffəqiyyətlə səfərlər həyata keçirirlər... ilk dəfə 1626-cı ildə Rişelye öz elçisi Luis Deşayeri Şah I Abbasın yanına siyasi məsələlərlə əlaqədar göndərərək, Livan vasitəsilə Persiya (Səfəvilər – G.M.) ilə ticarət edən fransız tacirləri üçün əlverişli şərait yaratmağı da şahdan xahiş etməsini tapşırır. Lakin bu elçi Konstantinopolda ikən buradakı fransız səfiri ilə yaranmış qalmaqala görə elçilik baş tutmur” [12, 548]. Şah II Abbas dövründə fransız tacirlərinə də imtiyaz hüquqları verilməsi məlumdur (ingilislərə isə belə imtiyazlar I Səfi tərəfindən bəxş olunmuşdu – G.M.). Fransa Azərbaycan Səfəvi dövləti ilə bilavasitə ticarət münasibətlərinə XVII əsrin 40-cı illərindən başlayaraq girir. 1645-ci ildə Fransadan Kapustin dini cərəyan ordeninin Rafael dyu Man adlı nümayəndəsi Azərbaycan Səfəvi dövlətinə gəlir və əlli il bu ölkədə yaşayır. O, türk və fars dillərini bildiyi üçün Şah II Abbas və Şah Süleyman sarayında tərcüməçi vəzifəsində çalışmışdır. Fransa kralı XIV Lüdovik (1643-1715) və Səfəvi hökmdarı Şah II Abbasın hakimiyyəti dövründə isə artıq Fransadan Səfəvilərlə ticarət əlaqələri yaratmaq üçün nümayəndəliklər göndərdilmişdi. 1664-cü ildə fransızlar İngiltərə və Hollandiya ticarət şirkətinə bənzəyən Fransa Şərqi-Hind şirkətini yaratdılar. Fransa Şərqi-Hind şirkəti Le Kouzun başçılıq etdiyi elçilər heyətini Azərbaycan Səfəvi dövlətinə göndərdi. Onlar şaha hədiyyələr təqdim etdikdən sonra Səfəvi dövlətində ticarət kontoru təsis etdilər. Səfəvi höküməti də bu şirkətin tacirlərinə bütün ölkə ərazisində ticarət etməyə icazə verdi. Onlar Səfəvilərlə ticarətə başladıqları gündən 3 il müddətində vergi ödəməkdən azad olundular. Fransa şirkəti Hamburun, İsfahan və Şirazda ticarət kontorları təsis etdi ki, bu kontorlarda çalışan fransızların çoxu uzun müddət bu şəhərlərdə yaşamışdılar. Nəhayət Fransa Şərqi-Hind şirkəti Səfəvilərlə diplomatik və iqtisadi əlaqələr yaratmağa müvəffəq olmuş və fransalı tacirlərə geniş imtiyazlar verilmişdi [1, 242]. Bu barədə Kurzon yazırdı: “1664-cü ildə Asiya ilə ticarətdə maraqlı olan Kolbert adlı şəxs hollandların köməyi ilə daha bir cəhd edir. Fransız şirkətinin üç nümayəndəsi iki səyyah cənabları ilə birlikdə Persiyaya (Azərbaycan Səfəvi dövlətinə – G.M.) göndərildi. De Leleyn və Bulay cənabları Fransa kralının nümayəndə heyəti qismində qəbul olundu. Onlar avropalılara xüsusi məhəbbət bəsləyən, onların şahzadələri ilə ciddi ittifaq və dostluq əlaqələri yaratmağa meylli olan Şah II Abbas tərəfindən yaxşı qarşılandılar... Şah onlarla bağlı fərman verdi. Fərmana görə üç il ərzində Fransa Şərqi-Hind şirkətinə digər xarici tacirlər kimi eyni ticarət hüquqları verildi, gömrük və digər vergilərdən azad edildilər” [12, 548-549]. A. Zonnenştral-Piskorskiyin fikrincə, “1664-cü ildə Persiya (Səfəvi – G. M.) sarayına təşrif buyurmuş Fransa səfirliyi ölkəsinin Şərqi-Hind ticarət şirkətinin şah xəzinəsinə hər il 30.000 livr haqq ödəmək şərtilə, mallarına görə gömrük rüsumu ödəməkdən azad olun-masına” nail oldu [9, 44; 3, 12].
Şah II Abbasın sələfləri kimi Moskva dövləti ilə ticarət əlaqələrini davam etdirirdi. Hər iki dövlətin sarayına təşrif buyuran səfirləri qarşıqlı olaraq hər dəfə müəyyən sayda tacirlərlə təşrif buyururdular. Xüsusilə, 1648-ci ildə Səfəvi elçisinin Moskvaya yola düşməsindən sonra,1654-cü ildə rus səfiri Lobanov-Rostovski öz növbəsində Səfəvi dövlətinə çox sayda iş adamı və xeyli miqdarda yüklə təşrif buyurdu. Lobanov-Rostovski 250-300 nəfərlə və çoxlu sayda yüklənmiş dəvələrlə qonşu ölkəyə gəlmişdi [16, 472]. 1662-ci ildə də dövlətlər arası sülh və dostluq münasibətlərini təsdiqləmək və ümumi mə-sələləri tənzimləmək üçün Miloslavskinin rəhbərliyi altında İsfahana növbəti rus elçiliyi göndərildi. Şamaxıdakı ümumi vəziyətlə tanış olmaq tapşırığı alan Miloslavski şəhərdə olduğu müddətdə Şirvanın iqtisadi və siyasi vəziyyəti, o cümlədən də təbii resursları barədə məlumat toplamağa müyəssər olmuşdu. Səfirin bütün istəkləri razılıqla qarşılansa da Gürcüstanla bağlı tələbləri qəbul edilməmişdi. Şah bəyan etmişdi ki, onun hakimiyyəti altında olan gürcü torpaqları hər hansı bir müzakirə mövzusu deyil və ona tabe olmayan gürcülər sələfləri dövründə olduğu kimi cəzalandırılacaqdır [11, 133]. Miloslavskinin ölümü bu danışıqları yarımçıq qoyduğuna görə, iki il sonra, yəni 1664-cü ildə Moskva səfiri 400 nəfəri tacir olan 600-ə yaxın şəxslə Səfəvi dövlətinə təşrif buyurmuşdu. Onlar 13 iri şimal atını, xüsusi zövqlə bəzədilmiş iki karetanı, saatlar, müxtəlif maraqlı əşyaları, müxtəlif cins itləri, şahin quşlarını, xəzli heyvanları və s. böyük hörmətlə şaha hədiyyə edirlər [16, 472]. C.Kerzon eyni hadisə ilə bağlı yazır ki,”1664-cü ildə Böyük Moskva knyazı adından təşrif buyurmuş iki elçi 800 nəfər müşayiət edən şəxslə birlikdə İsfahana gəlir. Onlar böyük ehtiramla qarşılanır, şah sarayında yerləşdirilirlər...Çox tezliklə aşkarlanır ki, səfarətin məqsədi ticari xarakter daşıyır” və səfirlərlə birgə heyətdə təşrif buyur-maq, Səfəvi dövləti ərazisində vergi ödəməkdən azad olmaq məqsədinə xidmət edirdi [12, 549; 11, 133]. “Bu cür ikibaşlı fəaliyyətdən hiddətlənən Şah onları rədd edib, qovur”. Görünür “Mazandarana kazak basqınları məhz Böyük knyazın (çar Aleksey Mixayloviç – G.M.) bu növ münasibətə cavab reaksiyası olur” [12, 549-550]. İki dövlət arasın-dakı münasibətlərdə yaşanan bu cür gərginlik uzun müddətli olmur və XVII əsrin 60-cı illərində tənzimlənir. Çünki Səfəvilər üçün də Volqa-Xəzər yolu xüsusi əhəmiyyət kəsb edirdi. Volqa-Xəzər yolu üzrə tranzit ticarətin perspektivliliyi, hətta İstanbul və Hələbdən keçən xam ipək tranzitini zərbə altına alırdı. 1666-cı ildə Böyük Moskva knyazlığı ilə danışıqlarında Səfəvi dövləti tacirlərinin nümayəndələri çarı əmin edirdilər ki, xam ipək və digər malları Moskva dövlətindən keçirib aparacaq və əvvəllər Osmanlı hökumətinə ödədikləri gömrük rüsumlarını rus xəzinəsinə ödəyəcəklər. Təbii ki, rusların bu yöndə hərəkətləri Osmanlı dövlətinin əks hərəkətləri ilə qarşılaşırdı. Belə ki, Səfəvi tacirlərinin Osmanlı hökuməti ilə də eyni qəbildən olan razılaşması mövcud idi [8, 74]. Bu səbəbdən də Moskva dövləti Səfəvilərlə bağlı ticarət əlaqələrində xüsusi bir üstünlük əldə etməyə nail olmadı. Bunun da ən mühüm səbəblərdən biri kimi Azərbaycan Səfəvi dövlətinin Osmanlılarla əldə olunan sülhü nə yolla olursa olsun qoruyub saxlamaqda qərarlı olması idi. Bu baxımdan, iki imperiya arasında yarana biləcək hər hansı bir xırda narazılıq belə zamanında əngəllənirdi. XVII əsrin 50-ci illərində Osmanlı əyanlarından mənşəcə kürd olan İbşir paşanın yaratdığı problem 1654-cü ildə IV Sultan Mehmed (1648-1687) dövründə Azərbaycana gələn Osmanlı elçisi Evliya Çələbi tərəfindən həll edilmişdi [2, 42-43]. İki dövlət arasındakı siyasi əlaqələrdə olduğu kimi, ticarət əlaqələrində də sabitlik qorunub saxlanıldı. İpəyin Avropaya ixracında yenə də Osmanlı dövlətinin vasitəçiliyinə üstünlük verilirdi. Səfəvi ipəyinin Avropaya nəqlində iki dövlət arasında vasitəçi qismində İzmir mühüm rol oynayırdı. Yerləşmə mövqeyinə görə bu şəhər Anadolunun hər bir bölgəsi ilə əlaqəyə girə bilirdi. Səfəvi ipək ticarətinin mərkəzi olan İsfahandan başlayan yol Kaşan, Qum, Tehran, Rum, Toqat, Ankara və Afyondan keçməklə İzmirə qədər uzanırdı. Bu yolla gedib gələn karvanlarda bəzən 2000 yük ipək daşınması sənəd-lərdən də bəlli olur. Məsələn, 1670-ci ildə İzmirdən sadəcə 380 min kq Səfəvi ipəyi ixrac edilmişdi [7, 105]. Lakin Səfəvilərlə münasibətlərdə başlanan yeni dövr Atlantik okeanındakı iqtisadi əlaqələrin xeyli genişlənməsi və müstəmləkə mallarının-şəkər, tütün, kofe və pambıq-əsas ticarət predmetinə çevrilməsi fonunda praktiki olaraq o qədər də nəzərəçarpan deyildi. Xüsusilə də, pambıq ticarətinin genişlənməsi ilə ipək ticarəti kölgədə qaldı və Osmanlı imperiyasında olduğu kimi Qərbdə də pambıq parçalar yeni dəb olaraq ipək parçaları əvəzləmiş oldu [13, 353-354].
Azərbaycan Səfəvi dövlətinin Şah II Abbas dövründə Şərqdə Hindistanla ticarət əlaqələrində yüksəliş müşahidə olunurdu. Bu əlaqələrin inkişafında Şah II Abbasın Böyük Moğol dövlətinə qarşı apardığı hərbi əməliyyatlarla əldə etdiyi uğurlar mühüm rol oynadı. 1649-cu ilə qədər Bost, Qəndəhar, Zəmindavər daxil olmaqla Qəzneynə qədər ərazilər Səfəvi dövləti tərkibinə daxil edildi [4, 47]. Qeyd etmək lazımdır ki, Səfəvi şahları Hindistanla İranı birləşdirən tranzit ticarət yollarının üzərində yerləşən, Hindistanın qərb bölgələrini Heratla birləşdirən Qəndəhar şəhərini Xorasanın bir hissəsi hesab edir-dilər. Səfəvilərə görə, Xorasan dörd şəhərdən - Herat, Məşhəd, Mərv və Qəndəhar - ibarət olmuşdur. Xorasan bölgəsinin təhlükəsizliyi üçün Qəndəharı hakimiyyətləri altında saxla-mağa çalışan Səfəvi şahlarına qarşı Moğol hökmdarları Kabulun və Şimali Hindistanın müdafiəsi üçün Qəndəhara nəzarət etmək istəyirdilər. Buna görə də, Qəndəhar iki dövlət arasında dəfələrlə əldən-ələ keçmişdir. Qəndəhar mühüm ticarət mərkəzi idi. Lahordan Qəndəhar yolu ilə İsfahana uzanan yol müəyyən çətinliklərə baxmayaraq ən çox müraciət olunan yollardan biri idi. Xüsusilə də, hələ Şah I Abbas dövründə Yeni Culfanın yaradılmasından sonra Culfa tacirləri ilə Hindistan tacirləri arasında əlaqələr daha da möhkəm-lənir. Culfa tacirlərinin bir hissəsi hətta hind ticarəti üzrə ixtisaslaşmışdı. Hindistan vasitəsilə həmçinin Filippin, İndoneziya, Birma, Çin, Siam, Tibet, Əfqanıstan və digər ölkələrlə geniş ticarət aparılırdı. Culfa tacirləri Hindistanın bir çox şəhərlərində öz məntəqələrini təşkil etmişdilər. XVII əsrin ikinci yarısında Kənar körfəzindəki Bəndər-Abbasla ingilis limanları arasında mütəmadi olaraq culfalıların gəmiləri üzürdü. Hətta Kons-tand Cuğalının “Ticarət məktəbi” kitabında Culfalı tacirlərin ticarət etdikləri Hind şəhər-lərinin adları sadalanır. Təkcə bu şəhərlərin siyahısı Azərbaycan Səfəvi dövlətini təmsil edən culfalı tacirlərin Hindistanla necə böyük ticarət əməliyyatları apardıqlarını sübut edir [5, 51-52]. Lakin Culfalıların hind tacirləri ilə bu cür sıx münasibətləri əvvəldə Səfəvilərin iqtisadi inkişafına xidmət etsə də, əsrin sonlarına doğru Azərbaycan Səfəvi dövlətində iqtisadi böhranın və tənəzzülün əsas səbəblərindən biri oldu. L.Lokhartın fikrincə, ”... əgər II Abbasa ömür vəfa etsəydi və o, uzun zaman hakimiyyətdə qalsaydı, atasının səriştəsiz hökmranlığı dövründə başlanmış sülalənin tənəzzülü prosesini bəlkə də cilovlaya, qarşısını ala bilərdi” [14, 29].
Bütövlükdə, Şah II Abbas dövründə Avropa və Asiya ilə genişlənən ticarət əlaqə-ləri dövlətin müəyyən qədər inkişafına və dirçəlməsinə səbəb oldu. Beynəlxalq ticarət əlaqələri daha da gücləndi. Həm Şərqdə, həm də Qərbdə Səfəvilərin siyasi rolunun və əhəmiyyətinin daha da artmasına imkan verdi.
Ədəbİyyat
1. Baxşəliyev A.B. Səfəvi dövlətinin sosial-iqtisadi həyatı və beynəlxalq əlaqələri. Bakı: ADPU, 2009, 275 s.
2. Bayramlı Z., Əzizli B. Azərbaycan Evliya Çələbinin 1654-cü il “Səyahətna-mə”sində. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 160 s.
3. Dadaşova R.İ. Səfəvilərin son dövrü (ingilisdilli tarixşünaslıqda). Bakı: Nurlan, 2003, 393 s.
4. Məhəmməd Tahir Vəhid. Sərqozaşte Şah Abbas devvom. Be kuşeşe Səttar Əvdi, Tehran, 1384, 123 s.
5. Məmmədli Ş.R. XVII-XVIII əsrlədə Azərbaycan-Hindistan ticarət əlaqələri. Bakı: Şərq-Qərb, 2011, 152 s.
6. Süleymanov N.M. Səfəvi dövlətinin təsərrüfat həyatı. Bakı: Elm, 2006, 400 s.
7. Azimli D. Safevi-Osmanlı İlişkilerinde Doğu Anadolu Meselesi (Ekonomik Yönden)/ Uşak Üniversitesi Sosyal Bilimler Dergisi, 2010, 3/2, 100-114
8. Гейдаров М.X. Торговля и торговые связи Азербайджана в позднем средне-вековье. Баку: Элм, 1999, 168 с.
9. Зонненштраль-Пискорский А.А. Международные торговые договоры Пер-сии. М.: Соцэкгиз, 1931, 435 с.
10. История Ирана с древнейших времен до конца XVIII века. Л.: Издатель-ство Ленинградского Университета, 1958, 391 с.
11. Наджафли Т. Взаимоотношения Азербайджанского государства Сефевидов с Россией в XVI-XVII вв./ Вопросы истории: ежемесячный журнал/ РАН. М.: ООО Редакция журнала «Вопросы истории», 2015, №4, с.122-136
12. Curzon G.N. Persia and the Persian question. In two volume.Vol 2. London: Longmans, Green & Co, 1892, 739 p.
13. Inalcık H. An economic and social history of the Ottoman Empire. Volume 1: 1300-1600. Great Britain: Cambridge University press, 1997, 480 p.
14. Lockhart L. The fall of the Safavid dynasty and the Afghan occupation of Persia. Canbridge: Cambridge University Press, 1958, 583 p.
15. Savory R.M. Iran under the Safavids. Cambridge: Cambridge University Press, 2007, 288 p.
16. The Cambridge History of Iran in seven volume. Vol. 6: The Timurid and Safavid periods. Edited by Peter Jackson and the late Laurence Lockhart. Cambridge: Cambridge University Press, 2006, 1156 p.
17. The Persian Gulf: an Hisorical Sketch from the Earliest Times to the Beginning of the Twentieth Century. By Lieutenant-Colonel Sir Arnold T. Wilson. Oxford: Clarendon Press, 1928, 383 p.
Açar sözlər: Səfəvilər, Şah II Abbas, karvan yolu, ticarət, Osmanlı, Hindistan, Fransa, Hollandiya, Şərqi-Hind kompaniyası.
Ключевые слова: Cефевиды, Шах Аббас II, караванная дорога, торговля, Оттоман, Индия, Франция, Нидерланды, Ост-Индская компания.
Keywords: Safavids, Shah Abbas II, caravan road, trade, Ottoman, India, France, Netherland, East India Company.
РЕЗЮМЕ
В статье рассмотрены вопросы торговых связей государства Сефевидов со странами Европы и Азии в период Шах Аббас II. Приведенные факты наводят на мысль о том, что развивались товарно-денежные отношения, усиливалось между-народное связи в период Шах Аббаса II.
SUMMARY
The article gives detailed information about international commercial relations state of Safavids with the countries of Europe and Asia in the reign of Shah Abbas II. Most evidence suggests that commodity-money relations developed, international relations intensified in the period of Shah Abbas II.
GÜNAY MƏMMƏDOVA
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun doktorantı
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM