ATƏT-in MİNSK QRUPUNUN VASİTƏÇİLİK FƏALİYYƏTİ VƏ ONUN NƏTİCƏLƏRİ

09:00 / 28.11.2016

ATƏT Avropa qitəsinin bütün dövlətlərini əhatə edən və onlar arasında münasibətlərin və ümumi təhlükəsizliyin norma və prinsiplərini təsbit edən yeganə regional təşkilat hesab olunur. Təhlükəsizliyin təmin olunmasında təşkilatın qarşısında duran mühüm vəzifələrdən biri də münaqişələrin dinc nizamlanmasında vasitəçilik və dialoq siyasətidir. Azərbaycanın ATƏT-lə əməkdaşlığının mühüm hissəsini DQ münaqişəsinin Minsk qrupu (MQ) çərçivəsində dinc siyasi vasitələrlə həlli məsələsi təşkil edir. 1992-ci ildə Helsinki görüşündə ATƏM Şurası Sədrdən mümkün qədər qısa müddətdə Ermənistan və Azərbaycanın cəlb olunduğu DQ münaqişəsinə dair konfrans çağırmağı xahiş etdi. Bu hadisə Minskdə baş tutmalı və dinc nizamlama məqsədilə danışıqlar üçün forum olmalı idi [24,mg/108306]. 1-5 iyun 1992-ci ildə Romada 11 dövlətin (ABŞ, RF, İtaliya, Fransa, Almaniya, Belorusiya, İsveç, Çexoslovakiya, Türkiyə, Azərbaycan və Ermənistan) iştirakı ilə MQ çərçivəsində danışıqların ilk mərhələsi başladı [2,s.14]. 1994-cü ildə Budapeşt sammiti zamanı üzv dövlətlər Fəaliyyətdə olan Sədrə qısa müddət ərzində danışıqlar üçün vahid və razılaşdırılmış baza yaratmaq məqsədilə MQ-a həmsədrlər təyin etmək tapşırığı verdilər [6]. Həmsədrlər müəyyən olunmuş mandata əsasən müntəzəm qaydada münaqişə tərəfləri ilə yüksək səviyyədə danışıqlar aparmalı, MQ-nun bütün görüşlərinə həmsədrlik etməli, birlikdə Fəaliyyətdə olan Sədrə hesabat verməli, gördükləri iş barədə ATƏT-in Daimi Şurasını məlumatlandırmalı idilər. Onlara danışıqlar prosesini təmin etmək məqsədilə münaqişənin həlli üçün müvafiq çərçivəni təmin etmək; tərəflərə Minsk konfransının çağırılması məqsədilə silahlı münaqişənin dayandırılmasına dair sazişin əldə olunmasına nail olmaq; ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrinin köməyi ilə sülh prosesinə yardım etmək kimi səlahiyyətlər verildi [23,mg/108305].
1992-ci ilin yayından 1997-ci ilin yazına qədər MQ çərçivəsində danışıqlar prosesi nəticəsiz başa çatdı. 1997-ci ilin əvvəlində MQ-na Rusiya, Fransa və ABŞ-dan yeni həmsədrlərin təyin olunması ilə məkik diplomatiyası işə salındı və “münaqişənin paket həlli” və “mərhələli həll planı” təklif edildi. 1998-ci ildə Həmsədrlər “ümumi dövlət” ideyası ilə çıxış etdilər. Lakin bu təkliflərin bir qismi Azərbaycan, digər qismi Ermənistan tərəfindən rədd edildi. 1998-ci ilin sonlarında danışıqlar prosesində baş verən durğunluğu aradan qaldırmaq, münaqişənin nizamlanmasında vuruşan tərəflərin təşəbbüskarlığını və fəallığını artırmaq məqsədilə rəsmi Bakı və İrəvan arasında birbaşa yüksək səviyyədə dialoqun aparılmasına dair razılıq əldə olundu. 1999-cu ilin aprelin 1-dən prezidentlər səviyyəsində təkbətək, “2+3” (dövlət başçıları və Həmsədrlər) və “Qarabağ üçlüyü” (dövlət başçıları+Rusiya Prezidenti) formatında görüşlər keçirilməyə başladı.
2001-ci ildə yanvar və mart aylarında Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşlərində bəzi təkliflər müzakirə edildi [3,7 mart 2001]. Onlardan biri Azərbaycanla Naxçıvan arasında birbaşa əlaqə yaratmaq məqsədilə Ermənistanın Mehri rayonundan və Ermənistanın DQ-la əlaqə yaratması üçün Azərbaycanın Laçın rayonundan dəhlizin verməsinə dair idi. Ermənistan bu təkliflə razılaşsa da aprelin 3-6-da “2+3” formatında Ki-Vest görüşündə əvvəlki mövqeyindən geri çəkildi [3,15 iyun 2002]. 2002-ci ildə martın əvvəllərində RF xarici işlər nazirinin birinci müavini V.Trubnikov, həmsədr səfirlər N.Qribkov, F.Sureman və R.Perina Cənubi Qafqaza növbəti səfərləri zamanı Azərbaycan və Ermənistan prezidentlərinə əlavə səviyyədə danışıqlar keçirmək təklifi etdilər. Bu, danışıqlar prosesinin prezidentlərin şəxsi nümayəndələri vasitəsiylə yeni səviyyədə davamını nəzərdə tuturdu. MQ-nun sədrliyi ilə şəxsi nümayəndələrin ilk görüşü 12-15 may 2002-ci ildə Çexiyada baş tutdu [23,mg/54337].
Həmsədrlər 11 dekabr 2003-cü ildə hər iki ölkədə keçirilən seçkilərdən sonra Cenevrədə İnformasiya cəmiyyətinə dair dünya sammiti çərçivəsində İ.Əliyev və R.Köçaryanın ilk tanışlıq görüşünü təşkil etdilər [9]. 2004-cü ildə aprelin 16-da xarici işlər nazirləri səviyyəsində Praqa prosesi və ya mərhələli həll planına dair danışıqların yeni dövrəsi başladı [3,4 yanvar 2005]. Xarici işlər nazirlərinin 12 may, 21 iyun, 20 avqust və 15 sentyabr tarixlərində əvvəlcə ikitərəfli və daha sonra Rusiya Prezidenti V.Putinin iştirakı ilə üçtərəfli formatda keçən görüşlərində münaqişənin mümkün nizamlanmasına dair konstruktiv müzakirələr aparıldı. Nazirlərin Paris məsləhətləşmələri bir də 2005-ci ilin yanvarında bərpa olundu. Bu yubanma “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair müddəaları” Azərbaycanın BMT-də müzakirəyə çıxarması ilə bağlı idi [8]. 2005-ci ildə yanvarın 30-dan fevralın 5-dək MQ-nun Faktaraşdırıcı missiyası ilk dəfə Azərbaycanın DQ ətrafında işğal olunmuş yeddi rayonuna səfər etdi və burada məskunlaşma faktını təsdiqlədi [23,mg/57187]. Mövcud vəziyyətin sülh prosesinə ciddi mane ola biləcəyini nəzərə alan vasitəçilər müvafiq beynəlxalq təşkilatlara müraciət edərək işğal olunmuş ərazilərdə yerləşdirilmiş əhalinin oradan köçürülməsi və məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtması məqsədi ilə regionda maddi və maliyyə tələbatını araşdırmağı xahiş etdilər [3,23 mart 2005]. May ayında prezidentlərin növbəti görüşünə hazırlıq məqsədilə Həmsədrlər və xarici işlər nazirlərinin görüşündə münaqişənin həllinə dair bəzi elementlər: qoşunların çıxarılması, məcburi köçkünlərin qayıtması, kommunikasiyaların bərpası, etimadı möhkəmləndirmə tədbirləri, DQ-ın statusu məsələləri müzakirə olundu [3,19 iyul 2005]. Prezidentlər və xarici işlər nazirləri səviyyəsində danışıqlar mayın 15-də Varşavada və iyunun 17-də Parisdə davam etdirildi [8]. Avqustun 24-də Moskvada Rusiyanın təşəbbüsü ilə keçirilən görüşdə Ermənistan DQ “xalqının” öz müqəddəratını təyin etmək hüququnu təmin etməyən variantları müzakirə etməkdən imtina etdi və qondarma Qarabağ rejiminin danışıqlar prosesinə cəlb olunmasına cəhd göstərdi [1,7 sentyabr 2005]. Azərbaycan tərəfi mövqeyini dəyişmədi. Prezidentin xüsusi nümayəndəsi A.Əzimov Azərbaycan üçün münaqişənin həllinin bir modeli olduğunu bildirdi: “DQ-ın gələcək statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşə bilər. Bu şərtin təmin olunması üçün bölgədə erməni, azərbaycanlı əhali əvvəlki kimi birgə yaşamalıdır. 1975-ci il Helsinki Yekun Aktına əsasən, hər bir millət öz müqəddəratını yalnız yaşadığı dövlətin ərazi bütövlüyü çərçivəsində təmin edə bilər” [1,14 sentyabr 2005].
2006-cı ilin fevralında Azərbaycan və Ermənistan prezidentlərinin növbəti Fransa görüşündə heç bir sənəd imzalanmadı. Azərbaycanın ərazi bütövlüyü prinsipi və məcburi köçkünlərin öz yerlərinə qayıtması, Kəlbəcər rayonu və DQ-ın statusuna dair məsələlərdə razılıq əldə olunmadı və danışıqlar prosesində durğunluq yarandı [1,3 mart 2006]. Rambuye danışıqlarından sonra Azərbaycan tərəfi bir daha prinsipial mövqeyini elan etdi, tələblərini və qarşı tərəfə edə biləcəyi güzəştləri açıqladı. Ermənistana təklif edildi ki, DQ-ın heç vaxt Azərbaycanın tərkib hissəsi olmadığına dair tutduğu mövqedən uzaqlaşsın. Vaxtı ilə DQ-da 50000-60000-ə qədər azərbaycanlının yaşadığını əsas gətirən rəsmi Bakı, azərbaycanlı icmasının öz torpaqlarına qayıtmasının mütləq şərt olduğunu elan etdi. Azərbaycan hökuməti DQ-da yaşayan erməni əhalisinin özünüidarə modeli ilə təmin olunmasına zəmanət verdi və bildirdi ki, hər iki icma eyni özünüidarə modelindən bəhrələnməlidir [3,1 aprel 2006].
2006-cı ildə iyunun 4-də Buxarestdə Həmsədrlər vuruşan tərəflərə “DQ münaqişəsinin gələcək nizamlanmasının əsas prinsiplərinə dair” sənəd təqdim etdilər. Bu sənəd iyul ayında Sankt-Peterburqda “Böyük 8-lər”in dövlət və hökumət başçıları tərəfindən də dəstəkləndi və danışıqların əsas qayəsini təşkil edən ədalətli və sabit sülhə nail olmaq üçün ən yaxşı imkan kimi qiymətləndirildi [23,mg/47810]. Danışıqların bu mərhələsində əsas müzakirə mövzusu DQ-ın gələcək statusu və referendum məsələsi idi. Ermənistan referendumun DQ, Azərbaycan isə Konstitusiyaya əsasən bütün ölkə ərazisində həyata keçirilməli olduğunu tələb etdi. Kəlbəcər və Laçının işğaldan azad olunması məsələsində də Azərbaycan qəti mövqe nümayiş etdirdi və regiondakı ermənilər qədər azərbaycanlıların da təhlükəsizliyinin təmin olunmasının vacibliyini bildirdi [1,4 iyul 2006]. Oktyabrın 24-də Parisdə xarici işlər nazirləri Buxarest prinsiplərinə təklif olunan əlavə elementləri nəzərdən keçirdilər [23,mg/47810]. Prezidentlərin Minsk görüşü ərəfəsində razılaşdırılmış təkliflərə görə Ermənistan DQ ətrafındakı yeddi rayonundan öz qoşunlarını çıxarmalı, Azərbaycan DQ-ı birləşdirən 40 km-lik dəhliz yaratmalı, qaçqınlar daimi yaşayış yerlərinə qayıtmalı idilər. İki ölkə arasında diplomatik və iqtisadi münasibətlər normallaşmalı, regiona beynəlxalq iqtisadi yardım göstərilməli və status barədə referendum keçirilməli idi [1,23 noyabr 2006]. Noyabrın 28-da Minskdə Həmsədrlər-B.Fayse, Y.Merzlyakov və M.Brayza, ATƏT-in Fəaliyyətdə olan Sədri K.Quxt, Fəaliyyətdə olan Sədrin şəxsi nümayəndəsi A.Kasprşik, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri E.Məmmədyarov, V.Oskanyan və RF-nın xarici işlər naziri S.Lavrovun iştirakı ilə geniş tərkibdə görüş keçirildi. Səhəri gün Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü baş tutdu. Görüşə jurnalistlər buraxılmadı və danışıqların nəticələrinə dair mətbuata məlumat verilmədi. Sonradan verilən bəyanatlardan məlum oldu ki, danışıqlar prosesində qarşılıqlı razılaşma əldə olunmayıb [21].
Baza prinsipləri xarici işlər nazirləri və prezidentlərin 2007-ci ildə mart, aprel və iyunda Cenevrə, Belqrad və Sankt-Peterburqda təkbətək və vasitəçilərlə görüşündə bir daha müzakirə edildi. Hər iki ölkədə qarşıdan gələn prezident seçkilərinin danışıqlar prosesinə təsir edəcəyi, eyni zamanda Baza prinsiplərinin dövlət başçıları səviyyəsində təqdir edilmədiyi halda dinc nizamlanmaya dair saziş mətninin işlənib hazırlanmasının qeyri-mümkün olduğu məlum oldu. Həmin günlərdə Azərbaycan və Ermənistan ziyalılarının DQ-a, İrəvana və Bakıya birgə səfərlərinin təşkili hər iki respublikada ictimai rəyin sülhə hazırlanması baxımından yüksək qiymətləndirildi [23,mg/48784]. Noyabrın 29-da Madriddə ATƏT-in XİNŞ-nın toplantısı zamanı ABŞ Dövlət katibinin müavini N.Berns, RF və Fransanın xarici işlər nazirləri S.Lavrov və B.Kuşnerin E.Məmmədyarov və V.Oskanyanla görüşündə “DQ münaqişəsinin dinc nizamlanması üçün Baza prinsipləri” münaqişə tərəflərinə təqdim edildi [23,mg/49237]. Həmsədrlər və münaqişə tərəfləri arasında 2005-ci ildən bəri hazırlanan və məxfi sənəd kimi təqdim olunan Baza və ya “Madrid prinsiplərinə” aşağıdakılar daxil idi: DQ ətrafındakı torpaqların və erməni silahlı qüvvələri tərəfindən ələ keçirilən ərazilərin Azərbaycana qaytarılması; məcburi köçkün düşmüş şəxslərin DQ-a qayıtması, bu regiona müvəqqəti (aralıq) statusun verilməsi, o cümlədən təhlükəsizlik təminatlarının və özünüidarə hüququnun verilməsi; DQ-a beynəlxalq təhlükəsizlik təminatının verilməsi, o cümlədən beynəlxalq sülhyaratma əməliyyatlarının keçirilməsi; gələcəkdə DQ əhalisinin qanuni iradəsi əsasında regionun statusunun müəyyən olunması [9,s.85]. E.Məmmədyarov mərhələli həll planına uyğun olan bu təkliflərdə Azərbaycan tərəfinin qəbul edə biləcəyi məqamların olduğunu təsdiq etdi. Məlum oldu ki, nizamlanmanın əsas prinsipləri müəyyənləşdirilib. İcmalar danışıqlara münaqişənin həllindən sonrakı dövrdə, nizamlanma prosesində qoşula bilərdilər [1,27 dekabr 2007]. Danışıqlar prosesində ayrı-ayrı vaxtlarda bəzi irəlləyişlərə baxmayaraq 2007-ci ilin sonunda müzakirələrdə tam, yaxud qismən hər hansı razılıq əldə olunmadı.
2008-ci ildə martın 4-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq cəbhənin Təmas xəttində vəziyyəti gərginləşdirdilər. Baş verən hadisələrdə hər iki tərəfdən ölən və yaralananlar oldu [15]. Münaqişənin nizamlanmasına cəhd göstərmək məqsədilə amerikalı həmsədr M. Brayza və A.Kasprşik regiona səfər etdilər və bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər [23,mg/49545]. Cəbhə boyu baş verən hadisələrin ardınca növbəti diplomatik gərginlik yarandı. Azərbaycanın təşəbbüsü ilə martın 14-də BMT BA-nın sessiyasında müzakirəyə çıxarılan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” qətnamə səsə qoyularkən ATƏT-ə üzv dövlətlərin böyük əksəriyyəti, o cümlədən həmsədr ölkələr sənədin əleyhinə səs verdilər [14]. Onlar hesab edirdilər ki, BMT-nin qətnamə layihəsi vasitəçilərin balanslaşdırılmış prinsiplərini nəzərə almamışdır [23,mg/49564]. Rəsmi Bakı hazırkı mərhələdə həll prosesinin hər hansı digər təşkilatın müstəvisinə keçməsinin məqsədəuyğun olmadığına dair həmsədr ölkələrin mövqeyi ilə razılaşmalı oldu [1,20 mart 2008]. DQ-ın statusu məsələsi mart ayında Vyanada və apreldə Buxarestdə NATO-nun sammiti zamanı əsas müzakirə mövzusu oldu. Burada münaqişənin dinc nizamlanmasının başlıca prinsiplərinə dair konsensusun əldə olunması və DQ-ın yekun statusuna dair razılaşdırılmış siyasi kompromisin zəruriliyi xüsusi qeyd olundu [23,mg/49596]. İyunun 7-də Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində, noyabrın əvvəlində Moskvada Rusiya prezidentinin iştirakı ilə prezidentlərin növbəti görüşlərində Baza prinsiplərinə əsaslanan təklifləri ciddi şəkildə nəzərdən keçirmək çağırışı edildi. Konstruktiv hesab edilən bu görüşlərdə sülh prosesi gedişində ilk dəfə bəyannamə imzalandı. Ankara və İrəvan arasında aparılmış müzakirələrin də danışıqlar prosesinə müsbət təsir göstərdiyi deyilirdi. 2009-cu ilin yanvarından iyununa qədər danışıqlar prosesi nəticəsiz qaldı [23,mg/50902]. “Böyük 8-lər”-in iyulun 10-da İtaliyanın Akvila şəhərində keçirilən sammitində həmsədr ölkələrin prezidentləri B.Obama, D.Medvedyev və N.Sarkozi DQ münaqişəsinə dair Birgə bəyanatla çıxış etdilər. Baza prinsiplərinin yenilənmiş variantı Azərbaycan və Ermənistan prezidentlərinə təqdim olundu və prinsiplərə dair razılığı başa çatdırmaq çağırışı edildi. Helsinki Yekun Aktının güc tətbiq etməmək, ərazi bütövlüyü və xalqların bərabər və özünüidarəetmə hüquqlarına əsaslanan mümkün komrpomisləri əks etdirən Baza prinsiplərinə o cümlədən aşağıdakılar daxil idi: DQ ətrafındakı torpaqların Azərbaycanın nəzarətinə qaytarılması; DQ-a onun təhlükəsizliyini və özünüidarəsini təmin edən aralıq statusun verilməsi; Ermənistanı DQ-la birləşdirəcək dəhlizin verilməsi; qanuni iradə azadlığı əsasında DQ-ın gələcək yekun hüquqi statusunun müəyyən olunması; ölkə daxilində yerlərini dəyişmiş bütün şəxslərin və qaçqınların öz keçmiş yerlərinə qayıtmaq hüququ; sülhüyaratma əməliyyatı da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatları [23,mg/51152].
Akvila sammitindən sonra iyulun 17-18-də prezidentlərin Moskva görüşündə Baza prinsiplərinin hələ də konseptual şəkildə razılaşdırılmamış bəzi elementlərinə dair təkliflər müzakirə edildi. Madrid sənədinin iki prinsipi - DQ-a veriləcək aralıq və yekun statusu müəyyən etmək üçün nəzərdə tutulan səsvermənin proseduru haqda müzakirələr aparıldı. Eyni zamanda ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarından çıxmasının spesifik məqamları və münaqişə zonasına hansı sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi nəzərdən keçirildi [12]. 2009-cu ildə oktyabrın 10-da Surixdə İsveçrənin vasitəçiliyi ilə Ermənistan və Türkiyə münasibətlərinin normallaşmasına dair protokollar imzalandı [20]. İki ölkə arasında münasibətlərinin yaxşılaşması MQ-nun üzvü kimi Türkiyənin danışıqlar prosesinə cəlb olunması və onun regional oyunçu kimi siyasi, iqtisadi nüfuzundan istifadə edilməsi imkanlarını artırırdı. Payızda Lüksemburqda, Münhendə DQ-a dair danışıqlarda bəzi irəlləyişlər əldə olunsa da bir sıra müddəalar yenə açıq qaldı [23,mg/51627]. Əldə olunan irəlləyişlərin nədən ibarət olduğu və açıq qalan müddəalar haqda məlumat verilmədi. Dekabrın 1-də Afinada ATƏT-in XİNŞ-in toplantısı ərəfəsində münaqişə tərəflərinə beş dövlət başçısının 2008-ci ilin noyabr Moskva Bəyannaməsi və xarici işlər nazirlərinin 2008-ci ilin dekabr Helsinki Bəyanatının öhdəliklərini yerinə yetirmək çağırışı edildi [23,mg/51685]. KİV-də verilən məlumatlara görə Afinada DQ münaqişəsinin ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli məsələsi nəzərdən keçirilmişdi və Ermənistan ilk dəfə olaraq ərazi bütövlüyünü əks etdirən sənədə qoşulmalı olmuşdu [13]. Münhen görüşündən sonra prezidentlər arasında gedən müzakirələri izləmək və Baza prinsiplərinə dair razılaşmanı 2010-cu ildə başa çatdırmaq üçün zəmin hazırlamaq məqsədilə Həmsədrlər dekabrın 11-də Bakıya və 2010-cu ildə yanvarın 20-də İrəvana səfər etdilər. Səfərlərdə Baza prinsiplərinin ən son əlavələrlə yenilənmiş variantı prezidentlərə təqdim olundu [23,mg/51835]. Münaqişənin Madrid prinsipləri əsasında tezliklə nizamlanması 14-17 fevral 2010-cu ildə ATƏT-in Fəaliyyətdə olan Sədri Qazaxıstanın xarici işlər naziri K.Saudabayevin Cənubi Qafqaza səfəri zamanı da açıq müzakirə olundu [6].
Martın 15-də E.Məmmədyarov Madrid prinsiplərinin yenilənmiş variantının detallarını ictimaiyyətə açıqladı. Birinci mərhələ Azərbaycan ərazilərinin “5+1” düsturu üzrə azad edilməsini nəzərdə tuturdu. Ermənistan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlını, həmçinin Laçın rayonunun on üç kəndini azad etməli idi. Bundan sonra regionda bütün kommunikasiyalar açılmalı, azad edilmiş torpaqların bərpası üzrə donor konfransı keçirilməli, regionda sülhməramlı müşahidəçilər yerləşdirilməli, doğma yurdlarına qayıdan köçkünlərin təhlükəsizliyi təmin edilməli idi. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad olunmalı, azərbaycanlı icması DQ-a qayıtmalı, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində DQ-ın hüquqi statusu müəyyən edilməli idi. DQ-a RF tərkibində Tatarıstan və Başqırdıstan modelinə bənzər yüksək muxtariyyətin verilə bilməsi də nəzərdə tutulurdu [11]. Rəsmi mənbələrin məlumatına görə danışıqlar gedişində Azərbaycan bəzi istisnalarla Madrid sənədini qəbul etmişdi. Ermənistanın yenilənmiş Madrid prinsiplərinə dair mövqeyi dəqiq məlum deyildi [16].
“Böyük 8-lər”in iyunun 26-da Kanadada Muskoka sammitində həmsədr ölkələrin dövlət başçıları DQ münaqişəsinə dair bəyanatla çıxış etdilər və münaqişənin Helsinki prinsipləri və Akvila elementləri əsasında dinc nizamlanmasına dair Azərbaycan və Ermənistanın razılığa gəlmələrini alqışladılar [23,mg/69515]. Rusiya Prezidenti D.Medvedyevin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 27-də Həştərxan görüşündə münaqişə tərəfləri arasında müxtəlif sayda razılaşdırılmamış məqamların olduğu məlum oldu, halbuki iyunda Sankt-Peterburqda münaqişənin başlıca nizamlanma prinsiplərinin mübahisəli müddəalarına dair tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olmuşdu. Həştərxanda tərəflər humanitar xarakterli bəyanat qəbul etdilər və hərbi əsirlərin, münaqişə zamanı həlak olanların meyitlərinin qaytarılmasına dair razılığa gəldilər [19]. ATƏT-in dekabrın 1-də Astana sammitində həmsədr ölkələrin nümayəndə heyət başçıları - RF-in Prezidenti D.Medvedyev, Fransanın Baş naziri F.Fiyon və ABŞ-ın Dövlət katibi H.Klinton, Azərbaycan və Ermənistan prezidentləri İ.Əliyev və S.Sarqisyan birgə bəyanatla çıxış etdilər. Münaqişənin danışıqlar vasitəsiylə dinc nizamlanmasının region xalqlarının sabitliyi və təhlükəsizliyi üçün yeganə mümkün yol olduğu bir daha elan edildi [17].
Çoxsaylı və müxtəlif formatlı görüşlərə və təkliflərə baxmayaraq 2001-2010-cu illərdə MQ DQ münaqişəsinin dinc nizamlanmasına imkan verən sülh sazişinə nail ola bilmədi. Vasitəçilik siyasətinin və məkik diplomatiyasının uğursuzluğu bir sıra amillərlə izah oluna bilər. Məlumdur ki, ATƏT-in vasitəçilik sahəsində siyasəti təşkilatın sammit sənədləri əsasında müəyyən edilir və müvafiq hüquqi çərçivəni əvəz edir. Vasitəçilik və dialoq təşkilatın həm prinsipi, həm də vasitəsi olaraq çıxış edir. Bu sahədə ayrıca sənəd ancaq 2011-ci ildə hazırlanıb və təlimat xarakteri daşıyır. ATƏT çərçivəsində münaqişələrin tarixi və səbəbləri araşdırılmadan onların həllinə cəhdlər problemin həllindən çox onların uzanmasına və dondurulmasına səbəb olur. ATƏT rəsmiləri Mərkəzi Asiya, Cənubi Qafqaz, Dnestryanı, Gürcüstan və Cənubi Osetiyada münaqişələrin dinc nizamlanması siyasəti ilə bağlı etiraf edirlər ki, təşkilatın faktiki olaraq ancaq bir prinsipə əsaslanan dəqiq qərarları yoxdur. Hər bir qərar fərdi qaydada qəbul edilməlidir: münaqişələrin tarixini, siyasi kontekstini, iqtisadi və sosial amillərin məcmusunu başa düşmək lazımdır” [7].
Vasitəçilik siyasəti münaqişələrin həllində müharibəni qəti şəkildə rədd edir. Digər tərəfdən təcavüzkarın müəyyən olunması, ona qarşı sanksiyaların tətbiqi və hər hansı çəkindirici tədbirləri müəyyən etmir. MQ fəaliyyəti dövründə cəbhənin təmas xəttində dəfələrlə çoxsaylı insan itkisinə səbəb olan silahlı hadisələrin və atəşkəsin pozulmasının qarşısını ala bilmədi, günahkar tərəfi cəzalandıracaq hər hansı tədbirlər görmədi [9, s.99]. Bu dövr ərzində MQ tam heyətdə bir dəfə də olsun toplanmadı və vasitəçi həmsədr dövlətlərin tərkibi dəyişmədi. Münaqişənin nizamlanmasında marağı olan, eləcə də həll prosesinə bu və ya digər dərəcədə təsir imkanlarına malik olan digər region və qeyri-region dövlətləri vasitəçilik siyasətinə cəlb olunmadılar. Münaqişənin həlli demək olar ki, üç dövlətin nəzarətinə keçdi. Fransa və ABŞ-da erməni lobbisi və diasporunun güclü nüfuzu danışıqlar prosesinə öz təsirini göstərir. Həmsədr dövlətlər qondarma rejimə maliyyə, humanitar, demokratik və d. sahələrdə yardım edirlər. MQ-nun üçü həmsədr olmaqla beş ölkəsində (Rusiya, Fransa, ABŞ, Almaniya, Ermənistan) separatçı qondarma respublikanın daimi nümayəndəlikləri fəaliyyət göstərir. Ermənidilli KİV-in verdiyi məlumatlara görə həmin nümayəndəliklər səfirlik funksiyaları yerinə yetirir və yerləşmə ölkəsinin müvafiq hökumət strukturları ilə siyasi, iqtisadi, humanitar və digər sahələrdə birbaşa əlaqələr qururlar. İşğalçı Ermənistanda və qondarma rejimdə hesab edirlər ki, de-yure tanınmasa da, bu ölkələrdəki erməni diasporunun yardımı və dəstəyi nəticəsində DQR artıq çoxdan beynəlxalq birliyin və biznesin de-facto tərkib hissəsinə çevrilmişdir. ABŞ-da qondarma rejimin “daimi nümayəndəliyi siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə DQ xalqını və hökumətini təmsil edir”. 1997-ci ildə qondarma respublikaya maliyyə dəstəyini nəzərdə tutan qətnamənin qəbul olunması ilə separatçı rejimə müntəzəm maliyyə yardımları edilmişdir. 1998-ci ildən 2013-cü ilə qədər qondarma respublika Vaşinqtondan 70 milyon dollara yaxın maliyyə yardımı almışdır [4]. Rusiyalı deputatlar dəfələrlə DQ-da keçirilən parlament və prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak ediblər. Rusiya təcavüzkar Ermənistanla geniş hərbi əməkdaşlığını davam etdirir [18]. Bu xüsusda MQ-nun fəaliyyəti böyük dövlətlərin geosiyasi, hərbi, iqtisadi və d. maraqlarının ciddi şəkildə toqquşduğu və bəzi hallarda bir-birini tamamladığı diplomatik oyuna çevrilmişdir.
Diqqəti cəlb edən digər bir məsələ MQ həmsədr dövlətlərinin digər beynəlxalq təşkilatları, xüsusilə BMT-ni danışıqlar prosesindən kənar saxlamaq cəhdləridir. Məlumdur ki, MQ BMT TŞ-nın mandatı əsasında fəaliyyət göstərir. Həmsədrlərin mandatına dair 23 mart 1995-ci il tarixli 525/95 saylı ATƏT sənədində vasitəçilərin öz fəaliyyətlərində BMT TŞ-nın müvafiq qətnamələri (822, 853, 874, 884), BMT Nizamnaməsi və ATƏT-in Budapeşt sammitinin qərarlarını rəhbər tutmaları və BMT TŞ-nın qətnamələrinin icrası haqqında TŞ Sədrinə və BMT-nin Baş katibinə hesabat vermələri təsbit olunub [10]. Lakin Həmsədrlərin fəaliyyəti dövründə BMT-nin qətnamələri nəinki yerinə yetirilmədi, hətta 2008-ci ilin yazında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair qəbul edilmiş qətnamə sülh prosesinə təhlükə yaradan sənəd kimi qiymətləndirildi. Həmsədrlərə görə digər təşkilatların birtərəfli təşəbbüsləri gərginliyi artıra və danışıqlar prosesini poza bilər [23,mg/48784].
MQ-nun fəaliyyəti ümumilikdə ATƏT çərçivəsində vasitəçilik siyasətinin təkmilləşdirilməsini, dinc nizamlama sahəsində müvafiq institut və qurumlarının yaradılmasını zəruri edir. 1992-ci ildə ATƏM-in o vaxtkı XİNŞ-nın Sədri Hans Ditrix Genşer DQ kimi münaqişələrin həlli məqsədilə ATƏM-də ABŞ və Rusiyadan ibarət barışıq və arbitraj üzrə xüsusi orqanın yaradılmasını və onun qərarlarının məcburi xarakter daşımasını, münaqişə bölgələrinə göndərmək üçün ATƏM-in sülhüqoruma qüvvələrinin yaradılmasını təklif etmişdi [3,27 mart 1992]. 1994-cü ilin oktyabrında Vyana görüşündə İtaliyanın xarici işlər naziri Antonio Martinonun ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrini yaratmaq təklifi müzakirə olunmuş və bəyənilmişdi. O vaxt Qarabağ bölgəsinə üç min nəfərə yaxın hərbçi və hərbi texnika göndərmək nəzərdə tutulmuşdu [2,s.30]. Budapeşt, Lissabon sammitlərinin sənədlərində də təşkilatın sülhüqoruma qüvvələrini yaratmaq ideyası əks olunmuşdu. Lakin bu qüvvələr indiyə qədər yaradılmayıb. Sülhüqoruma qüvvələrinin yaradılması öz növbəsində təcavüzkarın müəyyən olunmasını və ona qarşı müvafiq sanksiyaların tətbiqini tələb edir. Təcavüzkarı müəyyən etmədən və problemin tarixi səbəblərini araşdırmadan münaqişə bölgələrinə sülhməramlı qüvvələrin yerləşdirilməsi münaqişələrin nizamlanmasına nəinki kömək edə bilməz, əksinə, münaqişə tərəflərləri arasında gərginliyi artırar, regionda SQ yerləşdirən dövlətlərin problemin həllinə müdaxilə imkanlarını gücləndirə bilər. ATƏT-də qərarların konsensus qaydasında qəbul edilməsi qəbul edilmiş sənədlərinin tam gücü işləməsinə mane olur. Təşkilat çərçivəsində qəbul edilən sənədlərin işləməsi zərurəti qərarların qəbulu prosesində yeni prosedurların tətbiqini tələb edir.


ƏDƏBİYYAT
1. Ayna qəzeti (2005-2008-ci illər)
2. Əhmədov Elçin. Ermənistanın Azərbaycana təcavüzü və beynəlxalq təşkilatlar. Bakı: Tuna, 1998, 138 s.
3. Xalq qəzeti (1992-2013-cü illər)
4. Арутюнян Ван. Основы внешней политики Нагорно-Карабахской Республики. (http://tta.am/основы-внешней-политики-нагорно-кара-2/), 06.09.2013; Müraciət tarixi 22.06.2014
5. Будапештские решения. Региональные вопросы. Активизация действий СБСЕ в связи с нагорнокарабахским конфликтом. СБСЕ. Будапештский документ 1994 года. На пути к подлинному партнерству в новую эпоху (www.osce.org/ru/mc/39558?download=true), Müraciət tarixi 12.01.2016
6. Выступление Действующего председателя ОБСЕ К.Саудабаева на зимнем заседании Парламентской Ассамблеи ОБСЕ. (г.Вена, 18 февраля 2010 г.). (www.osce.org/ru/cio/41577?download=true), Müraciət tarixi 01.03.2016
7. Выступление Адама Коберацкого, директора Центра по предотвращению конфликтов Секретариата ОБСЕ. (http://old.mgimo.ru/news/guests/document210796.phtml), 16.09.11; Müraciət tarixi 01.03.2016
8. Нагорно-карабахское урегулирование. (http://archive.mid.ru//ns-vnpop.nsf/osn_copy/B342CD6F6CB0BB34C325704300315434), Müraciət tarixi 25.05.2015
9. Посредничество и содействие диалогу в контексте ОБСЕ. Справочное руководство. (www.osce.org/ru/secretariat/155196?download=true), Müraciət tarixi 25.12.2015
10. http://www.mfa.gov.az/content/835, Müraciət tarixi 03.07.2015
11. http://modern.az/articles, 15.03.2010; Müraciət tarixi 11.01.2012
12. 23.07.2009-(http://musavat.com/news/gündəm/madrid-prinsipləri-yenilənəcək_56949.html), 23.07.2009; Müraciət tarixi 25.08.2009
13. http://www.yeniazerbaycan.com/Arxiv_e5436_az.html, 12.10.2010; Müraciət tarixi 21.09.2013
14. http://az.trend.az/azerbaijan/karabakh/1172407.html, 09.04.2008; Müraciət tarixi 07.02.2016
15. http://az.trend.az/azerbaijan/politics/1156538.html, 14.03.2008; Müraciət tarixi 07.02.2016
16. http://aksakal.info/az/news-azerbaijan/7835-glava-mid-azerbajdzhanaarmeniya-otkazyvaetsya-prinimat-madridskie-principy-uregulirovaniya-konflikta.html, 26.05.2010; Müraciət tarixi 01.03.2016
17. http://www.osce.org/ru/home/87435. 30.11.2010, Müraciət tarixi 02.12.2010
18. http://www.materik.ru/rubric/detail.php?ID=9907, 26.05.2010; Müraciət tarixi 24.06.2014
19. http://www.vestikavkaza.ru/news/39165.html, 24.06.2011, Müraciət tarixi 24.07.2011
20. http://www.panarmenian.net/rus/world/news/37462/, 10.10.2009; Müraciət tarixi 18.08.2014
21. http://www.memo.ru/hr/hotpoints/caucas1/msg/2006/12/m75753.htm, 3.12.2006; Müraciət tarixi 20.03.2016
22. http://www.osce.org/cio/49789-(http://www.osce.org/cio/49154, OSCE Chairman-in-Office meets Minsk Group Co-Chairs. Madrid 14 November 2007. Müraciət tarixi 23.01.2016
23. http://www.osce.org/mg/108306 (MQ Həmsədrlərinin birgə rəsmi bəyanatları), Müraciət tarixi 21.02.2016.

Açar sözlər: Minski qrupu, Madrid prinsipləri, mərhələli həll paketi, Dağlıq Qarabağ münaqişəsi.
Ключевые слова: Минская группа, Мадридские принципы, пакетно-поэтапный план, Нагорно-Карабахский конфликт.
Keywords: Minsk group, Madrid principles, package and step-by-step plan, Nagorno-Karabakh conflict.

РЕЗЮМЕ
Статья посвящается изучению посреднической деятельности и содействие диалогу Минской группы ОБСЕ и ее последствиям. Изучение деятельности МГ помогает анализировать и оценивать посредническую политику ОБСЕ и ее последствия в целом. В статье изучается методы и инструменты посреднической политики и челночной дипломатии сопредседателей в 2001-2010 годах. За период с 1992 по 2005 год Минская группа ОБСЕ представила конфликтующим сторонам три различных предложения в качестве основы для переговоров. С 2005 года на обсуждение был вынесен «пакетно-поэтапный» план, которым предполагалось предварительное согласование основных принципов урегулирования. Предварительная версия принципов урегулирования конфликта, названных впоследствии «Мадридскими», была передана конфликтующим сторонам в ноябре 2007 года в Мадриде. 10 июля 2009 года в Аквиле глава государств-сопредседателей МГ предложили обновленной версии Мадридских принципов.

Resume
Article is devoted to study of intermediary activities and promoting dialogue of the OSCE Minsk group and to its consequences. Action research of MG helps to analyze and evaluate intermediary policy of OSCE and its consequence in general. In article it is studied methods and tools of an intermediary policy and shuttle diplomacy of cochairmans in 2001-2010. From 1992 for 2005 the OSCE Minsk group provided to conflicting parties three different sentences as a basis for negotiations. Since 2005 for discussion the "package and step-by-step" plan which supposed preliminary coordination of the basic principles of settlement was carried out. The preliminary version of the principles of settlement of the conflict called afterwards "Madrid" was transferred to conflicting parties in November, 2007 in Madrid. On July 10, 2009 in Aquila the head of the states cochairmans of MG offered upgraded version of the Madrid principles.

AYBƏNİZ RÜSTƏMOVA
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun dissertantı


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM