XƏLİFƏ ÖMƏR İBN XƏTTABIN XİLAFƏTİ DÖVRÜNDƏ QARNİZON ŞƏHƏRLƏRİN SALINMASI

09:00 / 29.11.2016

Xəlifə Ömər yeni qurulmuş İslam dövlətinin hər tərəfində daima hərbi düşərgələrin olmasını, əsgərlərin xarakterlərini itirmədən rahat və asan bir həyatla təmin edilməsi zərurətini dərk etmişdir. Bu səbəblə yeni ərəb şəhərlərinin inşa edilməsinə razılıq verdi. Xəlifə Ömərin göstərişi ilə əsası qoyulmuş şəhərlər İraqda Bəsrə, Kufə, Misirdə isə Fustat şəhərləridir. Biz də bu məqalədə məhz bu şəhərlər haqqında məlumat verməyə çalışacağıq.
Bəsrə şəhəri
Bəsrə indiki Bağdad şəhərinin 420 km cənub-şərqində Dəclə və Fərat çaylarının birləşdiyi nöqtənin 50 km cənub-qərbində yer alan qədim bir yaşayış məskənidir. Bura Kəldanilər zamanında Teredon, Sasanilər dövründə Vehiştabat Ərdəşir deyə bilinən, ərəblərin isə Hureybə dedikləri bölgədir.
Buraya gələn ilk sərkərdə Utbə ibn Qəzvandır. Bu səbəblə xəlifə Ömər hicrətin 14-cü (miladi 635) ilində qədim İraq şəhəri olan Hureybədə qərargah quran Utbə ibn Qəzvana müsəlmanların qışı keçirə biləcəkləri, müharibədən döndüklərində toplanacaqları, eyni zamanda ərəb əsgərlərinin yaşaması üçün uyğun bir yerləşmə məkanı tapması barədə əmr verdi (1, səh-178). Hər zaman etdiyi kimi xəlifə bu dəfədə öz sərkərdəsindən bölgəni açıq bir şəkildə tanıtmasını istədi. Utbə ibn Qəzvan xəlifə Ömərə yazdığı cavabda bunları deyirdi: “Ərazinin quru tərəfi əlverişli olmaqla yanaşı digər tərəfində isə dəniz olduğunu bildirdi”.
Xəlifə yeni salınacaq şəhərin həmin ərazidə salınmasına razılıq verdi. Utbə ibn Qəzvan 800 adamla o zaman boş və əhalisiz olan Hurəybə bölgəsində şəhərin inşasına başladı (14, II cild, səh-176). Məsudi Bəsrənin hicri 14-cü və ya hicri 16-cı ildə (miladi 635 və ya 637) Utbə ibn Qəzvan tərəfindən salındığı barədə məlumat verir. Bəsrə şəhərinin memarı Asim ibn Dəlf Əbul-Cəriyya adlı şəxs olmuşdur (6, səh-383). Bunun ardınca müsəlmanlar da buraya yerləşməyə və özlərinin yaşaması üçün evlər inşa etməyə başladılar. Eyni zamanda evlərlə yanaşı məscidlərdə tikildi.
Utbə ibn Qəzvan həmçinin əmirlik binasında divan və həbsxana inşa etdirdi. İnşa edilən evlər ilk əvvəl müdafiə istehkamları səciyyəsini daşıyırdı. Yəni İslam ordusunun əsgərləri döyüşə getdikləri zaman bu evləri sökür və ondan özləri üçün müdafiə səddi kimi istifadə edirdilər.
Utbə ibn Qəzvan tərəfindən əsası qoyulan Bəsrə şəhəri öncə İraq, ardınca da İran fəthlərində önəmli bir əsgəri dayaq məntəqəsi olaraq istifadə edildi. İki il sonra miladi 637-ci ildə Bəsrə şəhəri əhalinin məskunlaşmasına açıq elan edilərək buraya bir çox ərəb qəbilələri o cümlədən Səqif, Suleym, Ədi, Beli və Yəşkür kimi müxtəlif qəbilələrinə mənsub əsgərlər tərəfindən məskunlaşdırıldı. Xəlifə Ömər Kufəlilər tərəfindən fəth edilən bəzi zəngin şəhərlərin gəlirlərinin Bəsrəlilərə təxsis edilməsi barədə qərar verdi. Ayrıca maaş bölüşdürülərkən, Kufəlilərə verilən haqların Bəsrəlilərə verilməsi xəlifə Ömər tərəfindən təmin edildi. Xəlifənin bu qərarının sayəsində ətrafda yaşayan çöl ərəbləri Bəsrəyə gələrək burada məskənsaldılar (2,V, 109). Daha sonra buraya digər qəbilələr Təmim, Dabbə, Ribab, Əbdulqeys, Bəkr ibn Vail, Əzd, Qureyş, Kinanə, Qeys-Aylan və Mədinəli Ənsar kimi qəbilələr yeni salınmış şəhər olan Bəsrəyə axın edərək burada məskunlaşdılar. Eyni zamanda Ərəb qəbilələri ilə yanaşı Bəsrəyə ətraf ərazilərdən o cümlədən İranın Kirman və Sicistan bölgələrindən əhali və Ərəblər tərəfindən əsir alınmış İran mənşəli əsirlər buraya köçərək yerləşdilər (1, səh-180).
İbn Sədə görə təzə salınmış Bəsrə şəhərinə 40 tayfaya mənsub insanlar yerləşdirildi. Şəhərə vali olaraq ilk dəfə Əbu Musa əl-Əşəri xəlifə tərəfindən təyin edilmiş və Bəsrə şəhərində ilk məscidi də o tikdirmişdir. Habelə vali şəhərdə valilik binası olan Darul-İmarəni də tikdirmişdir.
Kufə şəhəri
Kufə sözünün etimologiyası və mənası haqqında fikirlər müxtəlifdir. Bəzi qaynaqlar bu sözün fars mənşəli sözlərdən olduğunu qeyd etdikləri halda, digər qaynaqlar onun suryani mənşəli söz olduğunu qeyd edirlər. Buna baxmayaraq Kufə sözünün etimoloji cəhətdən ərəb mənşəli söz olması və lüğətdə “yuvarlaq qum təpəsi”, “çınqıl daşları ilə qarışmış qum təpəsi” və ya “insanların toplaşdıqları yer” mənasında olması ən güclü ehtimaldır (9, XXVI cild, səh-339; 10, səh-141). Tanınmış islam alimlərindən olan Yaqut əl-Həməviyə görə isə bu söz bu ərazidə yerləşən “Kufan” adlı bir qum təpəsindən götürülmüşdür (16, IV cild, səh-557-558). Digər tanınmış alimlərdən olan Əllamə Hairi isə Kufə adının “əl-Kufan” sözündən götürüldüyünü və bəla və şərin bir-birinə qarışması” mənasında olduğunu qeyd edir (3, XV cild, səh-293). Bəzi alimlər isə onun Kufə adlanmasının səbəbini belə ifadə etmişlər: “Kufə ona görə kufə adlanır ki, o ölkələrdən bir parçadır” (3, XV cild, səh-294). Qeyd olunanlar əsasında deyə bilərik ki, Kufə sözü “hissə”, “parça” mənalarında işlədilir. Terminoloji mənada isə Kufə dedikdə İraqın cənubunda, qədim Babilistan ərazisində qurulmuş və mövcud olan şəhər nəzərdə tutulur.
Tarixi mənbələrdə Kufənin bir neçə adla adlanmasına rast gəlinir. Onun ən qədimi Suristan olmuş, lakin islamın gəlişindən sonra iki adına daha çox rast gəlinmişdir ki, bu da onun yaxınlığında yerləşən Bəsrə şəhərinin adı ilə bir çəkilir. O adlardan biri İraqeyn (iki İraq), digəri isə Misreyndir (iki şəhər). Beləliklə, Kufə Suristan, Kufə, İraqeyn və Misreyn adlarından ibarətdir (10,səh-142).
Kufə şəhərinin salınma tarixi islamdan sonrakı dövrə təsadüf etsə də mənbələr onun qədim tarixə malik olduğunu qeyd edirlər. Bu haqda Əli Əkbər Dehxuda “Lüğətnamə” əsərində yazır: “Nuhun (ə) tufanı zamanı qaynayan təndir burada qaynamışdır” (4, “kəf” maddəsi, səh-363). Mənbələrə görə bura Nuhun (ə) dövründə yaşayış məskəni olmuş və Nuh (ə) orada böyük bir məscid tikdirmişdir (8, səh-83). Tufandan sonra Kufədə yaşayan Nuh (ə) elə orada da vəfat etmişdir. Onun qəbrinin Kufədən 12 km aralıda olan Nəcəf şəhərində olması da buna dəlil göstərilə bilər. Lakin sonradan ora xaraba qalmış və İslamın gəlişindən sonra xəlifə Ömər ibn Xəttabın xilafəti dövründə yenidən Səd ibn Əbu Vəqqas tərəfindən qululmuşdur (8, səh-101).
İslamın zühuru ərəfəsində Kufədə yaşayış olmamışdır. Kufə cənubi İraqda bir şəhər olub Babil xarabələrinin cənub qismində və Fərat çayının qərb qolu üzərində qurulmuşdur. Onun ilk dəfə şəhərə çevrilməsi xəlifə Ömərin hakimiyyəti dövrünə (634-644) təsadüf edir. Qadisiyyə zəfərindən sonra müsəlmanların əldə etdikləri ərazilərdəki xalqı asanlıqla idarə edə bilmək və nəzarət altında saxlaya bilmək üçün möhkəm dayaq məntəqələrinə ehtiyac var idi. Çünki bu bölgələr ilə xilafət mərkəzi Mədinə arasında coğrafi maneələr var idi. Bununla belə müsəlmanlar Cəlula və Tikrit şəhərlərini fəth etdikdən sonra, mərkəz olan Mədinəyə xəlifə Ömərin yanına bir heyət göndərdilər. Xəlifə Ömər bu heyəti qəbul etdiyi əsnada heyətdəki şəxslərin rənglərinin dəyişdiyini, üzlərinin saraldığını və bədənlərinin zəiflədiyini görüncə onlara belə dedi: “Allaha and olsun ki, mən sizləri bu halda oraya göndərməmişdim. Qadisiyyədən də heyətlər gəldi amma onlar sizin kimi deyildi. Sizi belə dəyişdirən nədir?” Heyət üzvləri belə dedilər: “Yaşadığımız bölgənin nəmi və rütubəti buna səbəb oldu.” Xəlifə Səd ibn Əbu Vəqqasa yazdığı məktubunda bunları soruşdu: “Ərəblərin rənglərinə və bədənlərinə mənfi təsir göstərən və onların hal və vəziyyətlərini dəyişdirən şeyin səbəbini mənə bildir.” Səd xəlifəyə göndərdiyi cavabında belə deyirdi: “Ərəblərin rənglərini dəyişdirən və bədənlərini zəiflədən Dəclə və əl-Mədainin (Ktesifon-Selevkiyanın) rütubətidir” (15, səh-292). Buna əsasən xəlifə Ömər Sədə bu məzmunda məktub yazdı: “Ərəblərə ancaq dəvələrinə əlverişli olan ölkələr münasibdir. Liderlərdən Salman əl-Farisini və Hüzeyfə əl-Yəmənini məni sizdən ayıracaq körpü və ya dəniz olmaması şərti ilə dəniz kənarında şəhər qurmaq məqsədilə əlverişli bir yer seçmələri üçün vəzifələndir”.
Bunun üçün Səd Hüzeyfə və Salmanı bu vəzifəni yerinə yetirmək üçün göndərdi. Salman yola çıxdı. Əvvəl Ənbara gəldi. Daha sonra Fərat çayının qərbi ilə yoluna davam edərək salınacaq şəhərin olduğu məkana Kufəyə çatdı. Bura çatana qədər keçdiyi yerlərin heç birini bəyənmədi. Hüzeyfə də müəyyən qədər yol qət etdikdən sonra həmin əraziyə gəlib çatdı və bu ərazini uyğun gördü. Hər iki səhabə bu ərazini şəhərin salınması üçün əlverişli hesab edərək Sədə bu barədə xəbər verdilər. Səd də bu haqda xəlifəyə ətraflı məlumat verdi. Xəlifə də Sədə şəhərin əvvəlcə planının çəkilməsi haqda əmir və göstərişlərini verdi. Beləliklə, xəlifənin təlimatı və sərkərdə Sədin səyləri nəticəsində hicrətin 17-ci ilində (miladi 638) Kufə şəhəri quruldu. Şəhəri salan məmur Əbu Həyyac ibn Malik olmuşdur (6, səh-382-383).
Kufənin şəhər olaraq neçənci ildə salınması barədə qaynaqlarda fərqli məlumatlar vardır. Qaynaqlarda Kufə şəhərinin miladi 635-640-cı illər arasında salındığı qeyd edilməklə bərabər daha çox miladi 638-ci ildə salındığı daha mötəbərdir (5, XXVI, 339). Digər bir məlumatda isə Kufə şəhərinin xəlifə Ömərin göstərişi ilə miladi 637-ci ildə salındığı qeyd edilir (11, səh-19). Kufənin yerini bəzi məlumatlara görə isə Səd ibn Əbu Vəqqasın İbad qəbiləsindən olan Əbdülməsih ibn Bukeylə adlı bir şəxsin bələdçiliyi sayəsində Hirə ilə Fərat çayının arasında yerləşən ərazini taparaq təyin etdiyi nəql edilir. Daha sonra Səd ibn Əbu Vəqqas şəhərdə bir çox tikinti işlərini həyata keçirmişdir. Mərkəzdə adət olaraq məscid inşa olundu. Yeni salınmış şəhərə tayfa və qəbilələrin yerləşməsini öncədən təyin etmək üçün püşk atma üsulu tətbiq edilmişdir. Nəticədə Yəmən qəbilələri şəhərin şərqinə Nizarlılar isə qərb tərəfinə yerləşdirildi.
Tarixçilərin verdikləri məlumatlara görə Kufə şəhərinin salınmasının başlıca səbəblərindən biri bütün İraqın fəth olunması və sərhədlərin Sasani hücumundan qorunması olmuşdur. Bundan əlavə Kufənin yerləşdiyi yer əl-Cəzirə, Həmədan, Curcan, Azərbaycan, İsfahan və digər bölgələrin fəth edilməsi üçün xilafətə lazım olan bir ərazi idi. Həqiqətən bu şəhər salındıqdan sonra yuxadı adı çəkilən bölgələrin tutulması gerçəkləşdi. Sonra burada oturan vali Azərbaycanı, İsfahanı, Rey və Qəzvin şəhərlərini buradan idarə etmişdir. Dünya tarixində böyük imperiyalardan olan Sasanilər imperatorluğunun süqutunda da Kufənin rolu danılmazdır.
Kufədə məskunlaşan ərəb qəbilələri isə bunlardır: Həmdan və Himyər, Məzahic, Əşar və Tey, Qureyş, Kinanə, Əsəd, Təmim, Ribab, Müzeynə, Qays, Əbdulqeys, Kində, Həzramut, Quzaə, Məhzə, Əzd, Bəcilə, Hasam, Xuzaə, Ənsar, Bəkr, Tağlib və digər Rəbiəlilər.
Belə ki, şəhərə yerləşən Yəmənlilər 12000 nəfər, Nizarlılar isə 8000 nəfər, Deyləmlilər isə 4000 nəfər təşkil etmişdir (1, səh-182-183). Kufədə evlər əvvəlcə qamışdan tikilirdi. Sonralar baş verən yanğın nəticəsində qamışdan tikilən evlərin hamısı yandı. Bundan sonra xəlifə Ömər Kufə əhlinə kərpicdən ev tikməyə icazə verdi. Nəticədə qısa müddət ərzində Kufə şəhəri əhalisi çox olan böyük bir şəhərə çevrildi.
Kufə şəhəri böyüdükcə onun problemləri də çoxalırdı. Xəlifə Ömər müəyyən yollarla bu problemlərin qarşısını alsa da ondan sonra problemlər daha da böyüdü. Xəlifə Osmanın dövründə Kufəyə vali təyin edilən Vəlid ibn Uqbə əhali ilə yaxşı rəftar etmədiyi üçün onlar xəlifəyə öz etirazlarını bildirdilər. Xəlifə edilən etirazlara əsasən Vəlidi vəzifəsindən kənarlaşdırıb onun yerinə Səid ibn Ası gətirsə də bunun heç bir nəticəsi olmadı. Çünki Səib ibn As da beytul-mal bölgüsündə haqqa riayət etmədi və nəticədə valiyə və xəlifəyə qarşı üsyan baş verdi. Bu qiyamçılar Bəsrə və Misir qiyamçıları ilə əlbir olaraq miladın 656-cı ilində xəlifənin öldürülməsində yaxından iştirak etdilər.
Osman ibn Əffanın qətlindən sonra xəlifə seçilən İmam Əli (ə) Müaviyə ibn Əbu Süfyan kimi İslam düşmənlərinin cinayətlərini peyğəmbər şəhəri Mədinədən uzaq tutmaq üçün xilafətin paytaxtını Mədinədən Kufəyə köçürmüşdür.
Fustat
Misir fatehi ünvanını qazanmış məşhur ərəb sərkərdəsi Əmr ibn As İskəndəriyyə şəhərinin fəthini tamamladıqdan sonra, xəlifəyə bu şəhəri əyalətin mərkəzi etmək niyyətində olduğunu bildirdi. Çünki, şəhərin müsəlmanların əlinə keçməsilə Bizans sakinlərinin əksəriyyəti şəhəri tərk etmiş və evlərini buraxıb qaçmışdılar. Ancaq xəlifə Ömər, ərəb torpaqları ilə aralarında Nil çayının olması səbəbilə valinin bu tələbini qəbul etməyib, yeni salınacaq şəhərin dövlətin mərkəzi sayılan Mədinə ilə qurudan əlaqəsi olan başqa bir yerdə inşa edilməsini məqsədə uyğun hesab etdi. Bunun üzərinə Əmr ibn As Misirin orta bölgəsində və Nil çayının şərqində nəzərdə tutulan şəhərin salınması işinə başladı. Şəhərin yerləşdiyi ərazi mövqe etibarilə müdafiə olunmağa əlverişli və digər bölgələrə ordu göndərmək üçün olduqca münasib idi. Şəhər şimalda Babilon qalası, şərqdən Muqattam dağı, qərbdən isə Nil çayı ilə sərhədlənirdi. Müsəlmanlar buraya ilk dəfə gəldikləri zaman burada çadır qurduqları üçün şəhərin adı da ərəbcə çadır mənasında olan “Fustat” olaraq adlandırılmış və bu adla da tarixə keçmişdir. Müsəlmanlar Əmr ibn Asın başçılığı altında bu bölgəyə gəldikləri zaman Fustatın əvvəlki qədim adı əl-Yuna idi (12, səh-112).
Təbəri isə, müsəlmanların bu kəlməni daha çox Şamda ikən Rumlardan eşitdiklərini, daha sonra eyni adı işlətməyə davam etdiklərini deyir (13, III cild, səh-406). Əmr ibn As Misirin mərkəz şəhərini təyin etdikdən sonra, Müaviyə ibn Xudeyrin rəhbərliyi ilə meydana gətirdiyi bir heyətə şəhərin salınma planını çəkdirdi.
Daha sonra da şəhərin ərazisini məskunlaşmaq üçün hazır vəziyyətə gətirdi. Fustat şəhəri hicrətin 21-ci ilində (miladi 641) quruldu (1, səh-183). Digər bir məlumatda isə Əmr ibn Asın xəlifə Ömərin siyasətinə uyğun olaraq Misirin Babilyon şəhərinin xaricində bir ordu qərargahı olaraq qurulduğu bildirilir. Fustat şəhərinin hərbi qərargah olaraq qurulması digər ərazilərdə əsgəri ordugah məqsədilə salınmış olan Suriyadakı əl-Cabiyə və İraqdakı Bəsrə və Kufə şəhərləri ilə bənzərlik təşkil etməkdədir (7, səh-250-251).
Qısa müddət ərzində yeni salınmış bu şəhər də Ərəbistan yarımadasından buraya axın edən ərəb qəbilələri tərəfindən məskunlaşdırılmış və böyük şəhərə çevrilmişdir.
Nəticə olaraq bunu deyə bilərik ki, haqqında bəhs etdiyimiz şəhərlərin İslam tarixində yeri və önəmi böyükdür. Çünki bu şəhərlər İslam ordusunun ordugah şəhərləri olmaqla yanaşı digər sahələrdə də fərqlənmişlər. Bəsrə və Kufə şəhərlərinin İslam elmlərinin inkişafında da üstünlükləri danılmazdır. Buna misal olaraq ərəb dilçilik elmi ilə əlaqədar olan Bəsrə və Kufə qrammatika məktəblərini və onların yetişdirdiyi elm adamlarını qeyd etmək olar.

ƏDƏBİYYAT

1. Apak. Anahatlarıyla İslam tarihi, II, (Hulefai-Raşidin dönemi) Ensar neşriyat yayınları, İstanbul, 2007.
2.Əbülxaliq Bakır. “Bəsrə”, DİA.
3. Əllamə Hairi. Dairətul-məarifiş-şiiyyətul-Ammə, Beyrut, 1413/1993.
4. Əli Əkbər Dehxuda. Lüğətnamə, Tehran, 1351 h/ş.
5. Casim Avcı. Kufe, DİA.
6. Cevdet Paşa. Kısası-Enbiya ve Tevarihi-Hulefa, Bedr yayınevi, İstanbul,1994.
7. Filipp Hitti. Siyasi ve kültürel İslam tarihi, I cild, tərc. Salih Tuğ, Marmara Üniversitesi İlahiyat fakültesi Vakfı yayınları, İstanbul,1995.
8. Hüseyn bin Əhməd ən-Nəcəfi əl-Bərqi. Tarixul-Kufə. Beyrut, 1987.
9. İslam Ensiklopediyası, Ankara, 2002.
10. İbrahim Quliyev. Hədisi-Şəriflərdə müqəddəs şəhərlərin tarixi. Bakı, 2012.
11. Mustafa Dəmirçi. İslamın ilk üç asrında toprak sistemi. Kitabevi yayınevi, İstanbul, 2003.
12. Nuri Ünlü. “Anahatlarıyla İslam tarihi”. Marmara Üniversitesi İlahiyat fakültesi Vakfı yayınları, nöm. 6. İstanbul, 1987.
13. Tarixi-Təbəri, c. I-IX, Beyrut tarixsiz, thk. Məhəmməd Əbul-Fəzl İbrahim.
14.Tellioğlu. “Ömer b. Hattab” ŞİA, Şamil yayınevi, İstanbul, 1992.
15. Temmavi. Hz. Ömer ve modern sistemler, tərc. Muhammed Vesim Taylan, Kayıhan yayınevi, İstanbul, 1993.
16. Yaqut ibn Abdullah əl-Həməvi. Möcəmul-buldan. Beyrut, 1399/1979.

Açar sözlər: Xəlifə Ömər, Bəsrə, Kufə, Fustat, qanun
Key words: Calipha Omar, Basra, Kufa, Fustat, justice
Ключевые слова: Xалифa Омар, Басра, Куфа, Фустат, закон.

Резюме
Помимо упомянутых городов, таких как Басра, Куфа и Фустат, существовали другие города, которые сыграли весьма существенную роль в развитии Ислама во времена правления Халифа Омара. К сожалению, мы не смогли детально рассказать о каждом из них в данной статье. Без изучения исторических фактов и влияющих на них обстоятельств, невозможно полностью изучить историю Ислама.

SummAry
Besides indicated citie like Basra, Kufa, Fustat, there were many other places which had magnificent role in development of Islam during administration of Caliph Omar Ibn Khattab. In this article we covered the places, their history, detailed many facts what is very important for understanding general History of Islam.

Şahlar Şərifov
İlahiyyat üzrə fəlsəfə doktoru


"Geostrategiya" jurnalı № 03 (33MAY - İYUN 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM