Azərbaycan türklərinin etnik mənşəyini, dilini, ümumiyyətlə, mədəniyyət tarixini öyrənmək baxımından “Kitabi-Dədə Qorqud” dastanları böyük elmi əhəmiyyətə malikdir.“Kitabi-Dədə Qorqud” oğuzların, ilk növbədə Azərbaycan türklərinin yazılı yaddaşıdır. O, türklərin Ön Asiyada o cümlədən, Cənubi Qafqazda qədim dövrlərdən məskunlaşmasını sübut edən, əsl elmi tarixi əhəmiyyəti hələ tam şəkildə müəyyən edilməmiş ən əhəmiyyətli ilkin qaynaqlardan biridir. Onun dili oğuz türklərinin dilidir. Təsadüfi deyildir ki, kitabın Drezden nüsxəsinin üzərində onun məhz oğuz dilində yazıldığına işarə edilmişdir: “Kitabi-Dədəm Qorqud alə lisani taifeyi oğuzan”.
Türkiyə tədqiqatçısı M.Ergin “Kitabi-Dədə Qorqud”a yazmış olduğu ön sözdə xüsusi olaraq, qeyd edir: “Türk ədəbiyyatı tarixininən böyük alimi Fuad Köprülünün dərslərində söylədiyi bir söz vardır: “Bütün türk ədəbiyyatını tərəzinin bir gözünə, Dədə Qorqudu o biri gözünə qoysanız Dədə Qorqud ağır gələr”(1, X).
“Kitabi-Dədə Qorqud” tarixçilər və etnoqraflar üçün böyük maraq kəsb edir. Bu abidə Azərbaycanın etnotarixi keçmişi ilə bağlı ilkin yazılı qaynaqlardan biridir. O, İslamın yayılmağa bağladığı ilk dövrlərdəki tariximizin, kökümüzün, məskənimizin müəyyənləşdirilməsi üçün son dərəcə etibarlı və mötəbər bir qaynaqdır. Həmin boylarda əks olunan tariximiz Azərbaycanın şimalında, cənubunda, Şərqi Anadoluda, Borçalıda, indi Ermənistan adlanan Qərbi Azərbaycanda qədim dövrlərdən türklərin yaşadıqları ərazilərin coğrafi adlarında, toponimlərində, hidronimlərində hifz olunmuşdur. Dastanın dili bəzi arxaik ifadələr istisna olunmaqla, bu gün hər bir Azərbaycan türkünün başa düşdüyü aydın və doğma dilidir.
Dünya qorqudşünaslığı “Kitabi-DədəQorqud”un istər etnik mənşə, dil və məfkurə, istərsə də tarixi-coğrafi baxımından Azərbaycan türklərinə mənsub olması fikrini qəti şəkildə qəbul etmişdir. “Kitabi-Dədə Qorqud” Azərbaycan türklərinin etnik tarixidir, onun tarixi coğrafiyasıdır. O, bütöv bir xalqın qəhrəmanlığını özündə əks etdirən bir eposdur və Azərbaycan türklərinin etnik yaddaşının və arxaik təfəkkürünün öyrənilməsi baxımından olduqca qiymətlidir.
“Kitabi-Dədə Qorqud” boyları “türk törəyiş əfsanəsi”, “özünü dərketmə”, “dil birliyi”, “söykökü birliyi” ilə bağlı elementləri özündə vəhdət halında birləşdirir. Onun bir tarixi mənbə kimi əhəmiyyəti də məhz bundan ibarətdir. Elə buna görə də Sovet hakimiyyəti dövründə, 1957-ci ilə qədər bu eposun öyrənilməsinə qadağa qoyulmuşdur.
Elm aləminə 1815-ci ildə məlum olan bu abidənin Drezden və Vatikan nüsxələri məlumdur. Əsər müqəddimə və 12 boydan ibarətdir(2, 7-8).
Dastanın filoloji baxımdan öyrənilməsi sahəsində bir sıra alman (H.F.Dits, T.Nöldeke, N.O.Fleyşer), ingilis (K.Luis), Türkiyə (F.Köprülü, O.Ş.Gögyay, M.Ergin), rus (V.V.Bartold, V.M.Jirmunski, A.N.Kononov,A.Y.Yakubovski,K.A.İnostrantsev) və Azərbaycan (H.Araslı, Ə.Dəmirçizadə, M.Təhmasib, Ş.Cəmşidov, F.Zeynalov, S.Əlizadə, T.Hacıyev, Q.Ş.Kazımov, R.Qafarlı, Q.Namazov) alimlərinin böyük xidmətləri olmuşdur. Bu dastanın tarixi səpgidə araşdırılması sahəsində S.S.Əliyarlı(3, 191-204; 4, 36-48) və Y.M.Mahmudovunxidmətləri, xüsusilə qeyd edilməlidir(5; 6).
“Kitabi-Dədə Qorqud” dastanlarına bir tarixi mənbə kimi yanaşarkən istər-istəməz belə bir suala cavab vermək lazımdır: hadislər harada və nəvaxt cərəyan edir?
T.Hacıyevin qeyd etdiyi kimi, görkəmli qorqudşünas “M.Ergin mötəbər şəkildə inandırır ki, Fəzlullah Rəşidəddin, Osman Bayburdlu, Əli Yazıçıoğlu, Əbülqazi Xivəli və başqa oğuzşünas tarixçilər “Kitabi-Dəqə Qorquda” tarixi mənbə kimi yanaşmışlar” (7, 6).
Q.Ş.Kazımovun qeyd etdiyi kimi, Ə.Dəmirçizadə və O.Ş.Gögyayöz tədqiqatlarında bu dastanların səlcuqlardan əvvəlki oğuzlara aid olduğunu qeyd etmişlər(8, 439-450).Q.Kazımov xüsusi olaraq qeyd edir ki, “Kitabi-Dədə Qorqud”dakı oğuzlar bir sıra alimlərin iddia etdikləri kimi, səlcuq oğuzları deyildir (8, 439).
Qorqudşünas alim X.H.Koroğlunun yazdığına görə, I Xosrov Ənuşirəvanın saray kitabxanasında “Kitabi-Dədə Qorquda”dakı “Təpəgöz boyu”nun fars dilində tərcüməsi olmuşdur (8, 441-442).
S.S.Əliyarlıya görə, bu boylar artıq VI-VII yüzilliklərdə yazıya alınmış, fars (pəhləvi) və ərəb dillərinə də “Oğuznamə” (“Oğuz kitabı”) adı ilə tərcümə olunmuşdur (4, 36).
Y.M.Mahmudov öz əsərlərində, xüsusilə, “Kitabi-Dədə Qorqud”a həsr olunmuş iki məqaləsində onun tarixi mənbə kimi əhəmiyyətini elmi şəkildə əsaslandırmışdır(5; 6).
V.V.Bartoldun qeyd etdiyi kimi, “Kitabi-Dədə Qorqud” İslamın ilk yüzilliyində yəni, VII əsrdə Qafqaz mühitində yaranmışdır (4, 36).
“Oğuznamə” və “Kitabi-Dədə Qorqud” haqqında ilk yazılı məlumatlardan birinə ərəbdilli müəllifƏbu Bəkr Abdullah ibn Aybək əd-Dəvadarinin əsərində 1229-cu il hadisələrindən bəhs olunarkən rast gəlinir (2, 113; 9, 9-10).
F.Rəşidəddinin “Oğuznamə”sində Dədə Qorqud, Bayandır xan (Bayındır xan), Bükdüz Əmən (Bügdüz Əmən) tarixi şəxsiyyətlər kim yad edilir. Əbu-l-Qazibayat tayfasından olan Dədə Qorqudun adını Ərəb xialfəti dövründə baş vermiş hadisələrlə bağlayır(9, 17). Müəllif onu Qara Xoca oğlu Qorqud Ata adlandırır (9, 112).F.Rəşidəddin “Oğuznamə”də yazır ki, Qarluk hakimi İnal xanın dövründə islam Peyğəmbəri zühur etmişdir. İnal xan öz elçisi Bayat Dədə Kərənçuku onun yanına göndərdi və İslamı qəbul etdi. Bu Qorqud Bayat tayfasından olan Qara Xocanın oğlu idi (9, 70).
XVII əsrin məşhur alman səyyahı A.Oleari və türk səyyahı E.Çələbi Dərbənddə olarkən Dədə Qorqudun qəbrini ziyarət etdiklərini yazırlar (4, 253).
Göstərilən faktlarda müəyyən ziddiyyətlərin olmasına baxmayaraq, burada Dədə Qorqudun tarixi şəxsiyyət olması bu və ya digər şəkildə öz əksini tapmışdır.
“Kitabi-Dədə Qorqud”da əks olunan hadisələri 3 qrupa bölmək olar: 1. İslamdan daha qədim dövrlərə aid hadisələr (qadının kişini döyüşə çağırması, İslama yad olan qida tərzi, bütlərin, ulu tanrının varlığı, İslamdan əvvəlki adların geniş yayılması, İslama məxsus xüsusi din xadimlərinin yoxluğu); 2. İslamın ilk çağlarına aid hadisələr (İslam Peyğəmbərinin anılması, Bükdüz Əmənin Peyğəmbəri ziyarət etməsi, gündəlik həyatda İslam əlamətlərinin yaranması, İslam adlarının yaranması, azan oxunması); 3. İslamın qəbulundan sonrakı dövrlərə uyğunlaşdırılmış epizodlar. Üçüncü qrupa daxil olan hadislərin sonradan əlavə edildiyini söyləmək mümkündür.
“Kitabi-Dədə Qorqud” boylarında birincici və ikinici qrupa daxil olan hadislər mütləq üstünlük təşkil edir və buradakı hadisələr bu və ya digər şəkildə tarixi reallıqlarla uyğunluq təşkil edir.
Eramızın ilk əsrlərindən Azərbaycana yeni türk tayfalarının axını Cənubi Qafqazda türklərin mövqeyini daha da gücləndirdi. Ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid Azərbaycan türk xalqının formalaşması prosesində mühüm rol oynaydılar (6,121).
Bu tayfalar tayfa ittifaqları halında fəaliyyət göstərirdilər və bu ittifaq dövlət qurumunu xatırladırdı. Bu öz əksini “Kitabi-Dədə Qorqud” boylarında da tapmışdır. “Kitabi-Dədə Qorqud”da faktiki olaraq Cənubi Qafqazda “el” halında birləşmiş oğuzlardan bəhs olunur. Bu “el birliyində” hərbi demokratiya elementlərinə rast gəlinir. Bu elin başçısı Bayandır xan, baş sərkərdəsi isə Qazan xandır. Lakin bu eldə-ittifaqda birləşən tayfalar daxilən müstəqildir. Bu isə sonralar onların birliyinin pozulmasına, elin parçalanmasına gətirib çıxarır.Belə ki, burada ölkə daxilində, oğuzlar arasında möhkəm qayda-qanunların yaradılmasına çalışılsa da bu axıradək alınmır. Qorqudşünasların əsas qənaətinə görə, bu el-ölkə iki hissədən – “İç Oğuz”dan (“Üç Ok”) və “Dış”(“Daş”) Oğuz”dan (“Boz Ok”) ibarətdir. Oğuzların ümumi birliyi isə “Qalın Oğuz” adlanır(4, 69).Bu birlik ümumiyyətlə, 24 vilayətdən ibarət idi və onlara ayrı-ayrı bəylər başçılıq edirdi. Onların arasında birinci Dəmir qapı Dərbəndin bəyi gəlirdi (7, 120).
Oğuz türklərinin yayılma arealının öyrənilməsi baxımından “Kitabi-Dədə Qorqud” boyları böyük əhəmiyyətə malikdir.Azərbaycan türklərinin vahid bir xalq kimi formalaşması prosesi onların yayıldığı regionda – şimaldan Qafqaz dağları, cənubdan Sultaniyyə-Zəncan-Həmədan hüdudları, qərbdən Şərqi Anadolu və Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi, Şərqdən isə Xəzər dənizi ilə əhatə olunan tarixi Azərbaycan torpaqlarında baş vermişdir (6,120).
Zənnimizcə, bu epos Cənubi Qafqaz türkləri ilə digər Xəzərətrafı türklər arasında daimi əlaqələri göstərən mühüm tarixi abidədir. Yeni türk tayfaları ümumtürk məkanının tərkib hissəsi olan Cənubi Qafqaza məhz ilkin mənbələrdə qədim türklərin “Dəmir qapı” adlandırdığı, ərəbdilli mənbələrdə isə tərcümə edilərək “Bab əl-Hədid” adlandırılan Dərbənd keçidi vasitəsilə daxil olurdular. Onların Azərbaycana daxil olduqları digər yol – “Dəryal” (“Dar yol” və yaxud“Dar yal”) aşırımı da türklərin tarixi ilə sıx şəkildə bağlıdır.
Dədə Qorqudun qəbrinin Dərbənddə olması barədə ilkin mənbələrin məlumatları, Dərbəndin qala qapılarından birinin Dədə Qorqudun mənsub olduğu Bayat elinin adı ilə “Bayat qapısı” adlanması da təsadüfi deyildir.
Türk tayfaları, başqa xalqlar və etnik qruplardan fərqli olaraq, Azərbaycanın bütün ərazisinə - həm şimalına, həm də cənubuna yayılmışdılar və çoxluq təşkil edirdilər. Buna görə də türk dili Azərbaycan ərazisində yaşayan azsaylı xalqlar və etnik qruplar arasında başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili həm də, şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin vahid Azərbaycan türk xalqının təşəkkülü prosesində, eləcə də türk və qeyri-türk xalqlar arasında vahid Azərbaycan Vətəni ideyasının formalaşmasında çox mühüm əhəmiyyəti var idi.
VII əsrdən etibarən Azərbaycan torpaqlarının böyük bir hissəsində İslam dininin qəbul olunması vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi. Hakim ərəb dili yalnız hakim təbəqələrin və ziyalı təbəqələrin öyrəndiyi dil idi. Sadə xalqın dili nəinki öz varlığını qoruyub saxladı, eyni zamanda yeni dildən aldığı sözləri özününküləşdirərək lüğət tərkibini daha da zənginləşdirdi. Həmin ərəb sözlərini yeni forma və məzmun təşkil etməsi yerli türk dilinin güclü varlığından xəbər verir. Yəni, Ərəb xilafəti dövründə heç bir arranvə azəri dili ortadan qalxmamışdır. Bu dillər, əslində Azərbaycan türk dilinin şimal və cənub ləhcələrindən başqa bir şey deyildi. Ərəb dilinin bəzi sözlərinin dilimizə keçməsi “Kitabi-Dədə Qorqud”da öz əksini tapmışdır. Müəyyən edilmişdir ki, dastanların dilində işlənmiş 2721 sözdən cəmi 559-u ərəb və fars mənşəlidir(8, 449).
Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu (6,124). Bu proses bu və ya digər şəkildə “Kitabi-Dədə Qorqud”da da öz əksini tapmışdır. Təsadüfi deyil ki, İslamı yeni qəbul etmiş Oğuz elində azanı bir “tat əri” oxu-yurdu (7, 24).
“Kitabi-Dədə Qorqud”da İslam dininin Azərbaycanda tədricən yayılması və xristian dininin bəzi yelərdə öz varlığını qoruyub saxlaması da əks olunmuşdur. İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını onları öz təsir dairəsinə salmağa çalışan Bizan imperiyasına və onun himayə etdiyi erməni və gürcülərə qarşı vahid türk-islam bayrağı altında birləşdirdi. Lakin təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq İslam dininin prinsiplərinə zidd olduğu üçün ərəb işğalları dövründə Şimali Azərbaycanın xristian əhalisinin bir qismi İslamın təsir dairəsindən kənarda qaldı. Beləliklə, ölkənin bir hissəsində dini ayrılıq baş verdi: çoxluq təşkil edən və ölkənin bütün ərazisinə yayılmış olan türklər və qeyri-türklərdən ibarət olan müsəlman əhali; azlıq təşkil edən və əsasən, Şimali Azərbaycanın qərb sərhədlərində yaşayan xristian əhali. Elə həmin vaxtdan başlayaraq erməni və gürcü kilsələrinin Albaniyanın qərbindəki xristian əhalini öz dini-siyasi təsir dairəsinə salmaq uğrunda cəhdləri daha da gücləndi. Azərbaycanın qərb bölgəsi İslamla xristianlıq arasınada kəskin qarşıdurma bölgəsinə çevrildi. Zaman keçdikcə, Qərbi Azərbaycanın, o cümlədən Qarabağın dağlıq bölgələrinin əhalisi qriqoryanlaşdırılmağa başlandı (6, 124;10, 85-105).Maraqlıdır ki, bütün bunlar bu və ya digər şəkildə “Kitabi-Dədə Qorqud” dastanlarında da öz əksini tapmışdır. Belə ki, “Kitabi-Dədə Qorqud”da İslam-xristian mübarizəsinin əsasən, Azərbaycanın indiki gürcü torpaqları ilə həmsərhəd olan hissələrində baş verdiyinə işarə edilir.
Vahid Azərbaycan Sacilər və Salarilər dövlətlərinin yaranması ölkə ərazisində türk-İslam etnik-siyasi birliyinin daha da möhkəmlənməsində mühüm rol oynadı. Məhz bu dövrdə Azərbaycan və ümumtürk ədəbiyyatının şah əsəri olan “Kitabi-Dədə Qorqud” dastanları , demək olar ki, bütün Azərbaycan torpaqlarında yayıldı və XI əsrdə isə yazıya alındı.
“Kitabi-Dədə Qorqud” oğuzları sonrakı dövr mənbələrində rast gəlinən oğuzlarla oxşar və fərqli xüsusiyyətlərə malikdir. Bu fərqlər “Kitabi-Dədə Qorqud” oğuzlarının məhz Azərbaycan, Doğu Anadolu, Qafqaz mühiti ilə bağlı olduğunu əyani şəkildə sübut edir. V.V.Bartold, A.Y.Yakubovski, V.M.Jirmunski, A.N.Kononov, K.A.İnostrantsev kimi rus türkoloqları bu dastanın Qafqaz mühitində yarandığını qəbul edirlər. Türkiyə alimləri də onun Azərbaycan mühiti, azəri türkcəsi ilə bağlı olduğunu bildirirlər (2, 17).
X.H.Koroğlu yazır ki, “Kitabi-Dədə Qorqud”dahaqqında bəhs olunan oğuzlar Azərbaycanın bütün ərazisində, indiki Ermənistan və Gürcüstanın bəzi ərazilərində yaşayırdılar. Bu, çağdaş Azərbaycan türklərinin yaşadığı ərazi ilə üst-üstə düşür (2, 17).
“Kitabi Dədə Qorqud”da oğuzların yayıldığı coğrafi ərazilər, onların yerləri-yurdları tam aydındır. Dastanda hadislərin cərəyan etdiyi coğrafi ərazi, bütün Azərbaycan torpaqlarını əhatə etməklə, Dəmirqapı Dərbənddə, Abxaz və Gürcüstan sərhədlərində,Gəncə, Sisian və oradakı Şəkidə, Ağrıdağda, Göyçə dənizi hüdudlarında, Əlincə qalasında, Bərdə, Qara dəniz ətraflarında, Qazlıq (Qafqaz) dağlarında, Qarabağda, Güney Azərbaycanla həmsərhəd ərazilərdə cərəyan edir (11, 28).Ümumiyyətlə, dastanın müxtəlif boylarında rast gəlinən yer adları aşağıdakılardan ibarətdir: Ağ Qaya, Aqsaqa, Alatağ, Aslan yatağı, Ayğırgözlü (Arazın qolu), Bərdə, Dərbənd, Əvnik qalası, Əlincə, Gəncə, Göyçə dənizi, Göyçə dağı, Gürcüstan ağzı, Qara dəniz, Qara dərə, Qara dağ, Qazlıq dağ, Mardin, Amid. Göründüyü kimi, həmin coğrafi yer adlarının əksəriyyəti tarixi Azərbaycan ərazisinin hüdudları daxilində və yaxud onun qonşuluğunda yerləşir.
Bu və ya digər yer adlarının xatırlanması dastanın tarixiliyi fikrini daha da gücləndirir. Dastanların mətnindən məlum olur ki, oğuzlar özlərini bu yelərin əzəli sakinləri kimi aparırdılar.
“Oğuznamə”lərdə və “Kitabi-Dədə Qorqud”da Göyçə gölü tez-tez xatırlanır. “Kitabi Diyarbəkriyyə” ilə “Kitabi-Dədə Qorqud” dastanları arasında müəyyən bağlılığın olduğunu söyləmək mümükündür. Təsadüfi deyildir ki, Y.M.Mahmudov “Kitabi Diyarbəkriyyə” əsərinə istinad edərək Qara Yuluq Osmanın nəsil şəcərəsinin Oğuz xaqana bağlayır və onun Göyçə ətrafında vəfat etdiyini yazır. “Kitabi Diyarbəkriyyə”də də Bayandır xanın Qarabağ və Göyçə də çadırlar qurmasından bəhs edilir (5, 54-55).
X.H.Koroğlu yazır: “XI əsrinilk onilliklərində Azərbaycana gəlmiş oğuz kütlələri burada kifayət dərəcədəkompakt yerli türkdilli əhali ilə qarşılaşdılar” (2, 17). Başqa sözlə, “gəlmə” istilahı yalnız XI əsrdə Azərbaycana gəlmiş səlcuqlara aid edilir. Onların Azərbaycanda rastlaşdıqları isə onlardan çox-çox əvvəl burada yaşayan, “Kitabi-Dədə Qorqud”da və bir sıra digər mənbələrdə adı çəkilən, ərəblərə qarşı döyüşən türklər idi.
XV əsr Azərbaycan şairi Ənvərinin türkcə yazdığı “Dəsturnamə” poemasında Ərəb xilafəti dövründə Ön Asiyada yaşayan oğuzlar haqqında məlumat verilir. Buradan məlum olur ki, xəlifə Ömərin dövründə ərəb sərkərdəsiSəəd Vəqqas Qafqazda oğuzlarla qarşılaşmışdır. Burada onun “bir ulu şəhərdə və onun ətrafında yüz mindən çox oğuz evləri görməsindən” bəhs olunmuşdur(4, 68).Həmin əsərdə“Kitabi-Dədə Qorqud” qəhrəmanlarından Bükdüz Əmənin adı çəkilir (4, 68). “Kitabi-Dədə Qorqud”un ikinci boyunda həmin Bükdüz Əmən “Gedib Peyğəmbərin üzünü görən, gələrək oğuzlar içində ona tərəfdar çıxan” şəxs kimi təqdim olunur(7, 199).
Dastanın ilk sözlərini yada salaq. Burada deyilir: “Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyundan, Qorqut ata derlər, bir ər qopdu” (2, 36).Buradan məlum olur ki, Dədə Qorqud İslam Peyğəmbərinin zamanında yaşamış və köhnə dini inamlarla yeni din-İslam dini arasında vasitəçi rol oynamışdır.Beləliklə, bu faktın özü İslamın ilk əsrində Dədə Qorqud mühitinin Azərbaycan olmasını bir daha sübut edir.
Qorqudşünaslara görə, Dədə Qorqudun özünün yaşadığı dövr Həzrət Peyğəmbərin zamanına təsadüf etsə də, şübhəsiz, dastanın qaynaqları, bir çox motivləri, onu ruhu daha qədim dövrlərə uzanır. Burada qədim türk tanrısı hələ İslamın vahid Allahı ilə əvəz olunmayıb. Buradakı hadisələr yeni türk tayfalarının Qafqazda yerləşərək digər tayfalarla ictimai-siyasi və iqtisadi-mədəni əlaqələrə girməsindən xəbər verir. Təsadüfi deyil ki, İ.V.Stebleva yazır: “Runik şerlər epoxasının poemalarına ən yaxın olan “Kitabi-Dədə Qorqud”da rast gəlinən şeir mətnləridir” (2, 19).
“Kitabi-Dədə Qorqud”da bəzən hadisələrin cərəyan etdiyi ərazi – Oğuz ölkəsi “Türküstan” adlandırılır. Məsələn, “Qazılıq Qoca oğlu Yeynək boyu”nda Bayandır xan “Türküstanın dirəyi” adlanır. Burada Bayandır xana müraciətlə deyilir: “Bütün igidlərin başçısı, yoxsulların ümidi! Tüküstanın dirəyi!” (2, 416; 7, 120).
“Kitabi-Dədə Qorqud”da rast gəlinən etnik məzmunlu maraqlı faktlardan biri də Qazan xanın“Alpanlar başçısı” adlandırılmasıdır.Bu epizoda “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”da rast gəlinir. Burada indiki Gürcüstan ərazisindəki Başı açıq adlı ərazidə kafirlərin casusu Qazan xanı “Alpanlar başı Qazan” adlandırır (2, 494; 7, 80).“Alpanlar” ifadəsinə başqa bir epizodda da rast gəlirik. Belə ki, “Qazılıq Qoca oğlu Yeynək boyu”nda Yeynəyin dilindən “Ağ-boz atlar çapdıran alpanlar gördüm” ifadəsi ilə rastlaşırıq (7, 262).
Buradakı “alpanlar” ifadəsini iki mənada başa düşmək olar: 1. Etnik məfhum kimi; 2. “İgidlər”, “ərənlər” kimi. Əgər ikinci mənaya üstünlük versək o zaman bu ifadə “alpanlar” deyil, “alplar” şəklində işlədilməli idi. Digər tərəfdən Qazan xanın düşmənləri olan kafirlərin Qazan xanı tərifləyərək onu “igidlər başı” kimi təqdim etməsi inandırıcı görünmür. Əksinə, bütün dastan boyu onların Qazan xana düşmən münasibətləri və nifrət bəsləmələri açıq-aşkar görünməkdədir.
Məlum olduğu kimi, qonşu xalqlar Şimali Azərbaycanı Albaniya, əhalisini isə albanlar adlandırırdılar. Ərəblər isə eyni tarixi epizodda yerli xalqı türklər adlandırırdılar. Əgər yuxarıdakı epizodda “alpanları” etnik məfhum kimi qəbul etsək, belə bir qənaətə gəlmək olar ki, burada kafirlər tərəfindən “alpanlar” dedikdə elə albanlar başa düşülürdü. Belə olan təqdirdə həmin alpanların və yaxud albanların elə türklər olduğunu qəbul etmək lazım gəlir. Çünki Qazan xan türk, özü də oğuz türkü idi.
Tədqiqatçılar belə hesab edirlər ki, “Kitabi-Dədə Qorqud” boylarında adı çəkilən“Balqar bir ər”, Dondar bəy və Kanqlı Qoca eponimlər altında bulqarlar, Strabonun alban tayfalarından saydığı dondarlar və kəngərlər başa düşülür(4, 69).
“Kitabi-Dədə Qorqud” dastanlarında rast gəlinən “bun” sözü də dərin araşdırma tələb edir. Məlum olduğu kimi, gürcü mənbələrində tez-tez “buntürk” ifadəsinə rast gəlinir. Zənnimizcə, “Kitabi-Dədə Qorqud”dakı “bun” kəlməsi ilə “buntürk” etnonimi arasında müəyyən bir bağlılıq vardır. Bu sözə dastanın bir sıra boylarında – “Basatın Təpəgözü öldürdüyü boy”da (7, 127), “Bəkil oğlu İmran boyu”nda(7, 139),“İç Oğuza Daş oğuzun dönük çıxması və Beyrəyin öldüyü boy”da (7, 164)rast gəlinir
“Kitabi-Dədə Qorqud”da “bun”, “bunlu” sözü “qəmli” “xəstə”, “dərdli”, “ayrı düşmüş”,“başı dumanlı” və s. mənaları verir. Məsələn, “Bəkil oğlu İmran boyu”nun orjinalda “Ağ saqqallı babam bunlu”, - degil!” cümləsinə rast gəlirik (7, 139). Çevirmədə isə bu cümlə belədir: “Ağsaqqalı atam xəstdərir, söylə!”(7, 279). “İç Oğuza Daş oğuzun dönük çıxması və Beyrəyin öldüyü boy”dakı “Qazan bunlu oldu” (7, 164) ifadəsi “Qazanın başı bəlalıdır” (7, 303), “Qızımız-gəlinümiz bunlu oldu” (53, 164) cümləsi isə “Qızımız-gəlinimiz dərdli oldu” (7, 303) kimi başa düşülür.
“Kitabi-Dədə Qorqud”un və digər mənbələrin materialları əsasında türklərin torpaqlarımızda qədimdən yaşamasını göstərməkdə məqsədimiz onları bu əraziyə sonradan gələn oğuzlardan, eləcə də digər türk tayfalarından ayrı salmaq deyil, sadəcə olaraq, türk dilində danışan xalqımızın Azərbaycan ərazisində qədim dövrlərdən etibarən yaşadığını bir daha təsdiq etməkdir.
Beləliklə, “Kitabi-Dədə Qorqud” oğuzlarının yəni, bugünkü Azərbaycan və ona qonşu ərazilərdə yaşayan türklərin qədimliyi, başqa sözlə, dastanın qədimliyi bu torpaqlarda yaşayan Azərbaycan türklərinin əcdadlarının bu torpaqlarda yaşamalarının uzaq tarixi göstəricisidir.
ədəbİyyat
1. Ergin M. Dede Korkut Kitabı. İstanbul: Milli Egitim Basımevi, 1971, 254 s.
2. Kitabi-Dədə Qorqud Ensiklopediyası. 2 cilddə, I cild., Bakı: Yeni nəşrlər evi, 2000, 623 s.
3. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci ilə qədər. İkinci nəşri. S.S. Əliyarlının redaktəsi ilə. Bakı: Çıraq, 2009, 872 s.
4.Azərbaycan tarixi üzrə qaynaqlar. S.S.Əliyarlının redaktəsi ilə. Bakı: Çıraq, 2007, 400 s.
5. Mahmudlu Y.M. “Kitabi-Dədə-Qorqud” tarixi mənbə kimi və ya türkün çağlayan tarix bulağı // “Altay dünyası”, Bakı: 1997, № 1-2, 150-155.
6. Mahmudlu Y.M. Dədə Qorqud yurdunun qədim sakinlər:Azərbaycanlılar.// “Altay dünyası”, Bakı: 1999, № 5-6, s.119-133.
7.Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Tərtib edəni S.Əlizadə. Bakı: Öndər, 2004, 376 s.
8.Kazımov Q. Azərbaycan dilinin tarixi. Bakı: Təhsil, 2003, 584 s.
9.Рашид ад-Дин Фазлаллах. Огуз-Наме. Перевод с персидского,предисловие,комментарии, примечания и указатели Р.М.Шукюровой. Баку: Элм, 1987. 128 с.
10.Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı: Elm, 1989, 334 s.
11. Namazov Q. Ozan-aşıq sənətinin tarixi. Bakı: Elm və təhsil, 2013, 480 s.
Açar sözlər: Azərbaycan, türklər, tayfa, Cənubi Qafqaz, Dərbənd
Ключевые слова: Азербайджан, тюрки, племена, Южный Кавказ,Дербент
Keywords: Azerbaijan, Turks, tribe, South Caucasus, Derbent
Роль «Китаби-Деде Горгуд» в изученииэтнической историиазербайджанских тюрок
Резюме
«Китаби-Деде Горгуд» («Книга моего Деда Коркута») - исторический памятник, свидетедьствующий о проживании азербайджанского народа, говорившего на едином – тюркском языке, на обширной территориираспространения данного эпоса.
Реальные исторические события, описанные в «Китаби-Деде Горгуд»е, происходило именно в исторических Азербайджанских землях. Факты «Китаби-Деде Горгуд»а свидетельствуют о том, что начиная с древнейших времен территория Азербайджан была священной отчизной тюрок.
Сам Деде Горгуд жил во времена пророка Мухаммеда. Принятие Ислама оказало положительное виляние на формирование тюркских племен в виде единого народа.
The role of “Kitabi-Dede Gorgud” in the studing of ethnic
history of Azerbaijani Turks
Summary
“Kitabi-Dede Gorgud” (“The Book of Dede Korkut”) – a historical monument, testifying of the residency of the Azerbaijani people, whom spoke on a common – Turkic language, speared over a vast area of the epic.
The real historical events described in “Kitabi-Dede Gorgud”, took plase basically in the historical Azerbaijani lands. The facts of “Kitabi-Dede Gorgud” indicates that since ancient times the territory of Azerbaijan was the sacred homeland of Turks.
Dede Gorgud himself lived in the time of Prophet Muhammad. The adoption of the Islam has had a positive influence on the formation of the Turkic tribes into the single nation.
Ramil Ağayev,
Tarix üzrə fəlsəfə doktoru
"Geostrategiya" jurnalı № 04 (34) İYUL-AVQUST 2016
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM