MOLDOVA RESPUBLİKASININ QAQAUZİYA (QAQAUZ YERİ) MUXTARİYYƏTİ

12:46 / 03.12.2016

SSRİ-nin tənəzzülü dövründə, 1990-cı il avqustun 19-da qaqauzların Moldovada kompakt şəkildə yaşadıqları ərazinin yaşayış məntəqələrini təmsil edən deputatların fövqəladə qurultayı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə uyğun olaraq, SSRİ tərkibində Qaqauz Sovet Sosialist Respublikasının yaradıldığını elan etdi. Moldova mərkəzi hakimiyyət orqanları respublikada yeni etno-siyasi vəziyyətə səbəb olan bu addımı antikonstitusion və hüquqi cəhətdən əsaslandırılmamış elan etdi. O dövrdə yeni yaranmış respublikanın ləğvi cəhdlərinə yerli əhalinin müqaviməti və bölgədəki sovet (rus) ordusu ciddi maneə oldu [7].
Müstəqillik əldə etdikdən sonra ilk illərdə Moldova öz tərkibində Qaqauziyanın milli ərazi kimi mövcudluğunu qəbul etmirdi. Hətta 1994-cü il iyulun 29-da qəbul edilmiş Moldova Konstitusiyasında [6] muxtariyyətlə bağlı heç bir hüquqi müddəa yox idi. Lakin eyni zamanda Avropa Şurası, Venesiya Komissiyası ekspertlərinin iştirakı ilə Qaqauziya məsələsinə dair uzun-uzadı və ağır danışıqlar prosesi aparılırdı. Nəticədə Moldova Respublikasının Parlamenti 1994-cü il dekabrın 23-də “Qaqauziyanın (Qaqauz Yerinin) xüsusi hüquqi statusu haqqında” 27 maddədən ibarət Qanun qəbul etdi [5]. Qanunla Qaqauz Yeri Moldovanın tərkibində qanunverici və icraedici hakimiyyəti, bayrağı, himni və gerbi olan muxtar ərazi qurumu statusu aldı. Qanuna görə, Qaqauz Yeri – Moldova ərazisində milli azlıq olub kompakt şəkildə yaşayan türkdilli qaqauz xalqının xüsusi statuslu muxtar ərazi quruluşudur. Qaqauziya öz səlahiyyətləri çərçivəsində bütün əhalisinin maraqlarına daxil olan siyasi, iqtisadi və mədəni inkişaf məsələlərini müstəqil həll edir. Moldovanın müstəqil dövlət statusu dəyişilərsə, Qaqauziya xalqı öz müqəddəratını təyinetmə hüququna malikdir. Qaqauz Yerinin rəsmi dili moldav, qaqauz və rus dilləridir. Digər dillərin də işlədilməsinə təminat verilir. Muxtariyyət özünün Moldovanın dövlət rəmzləri ilə birgə tətbiq edilən rəmzlərinə malikdir. Bayraq və gerb 1995-ci il oktyabrın 31-də qəbul edilmişdir.
Qaqauz Yerinə əhalisinin 50 faizindən çoxunu qaqauzların təşkil etdikləri yaşayış məntəqələri daxildir. Əhalisinin 50 faizindən az hissəsini qaqauzların təşkil etdiyi yaşayış məntəqələri həmin yaşayış yerinin seçicilərinin 1/3-dən az olmayan hissəsinin təşəbbüsü ilə keçirilən yerli referendumla muxtariyyətin tərkibinə daxil ola bilər. Muxtariyyətin tərkibinə daxil olmuş yaşayış məntəqələri onun tərkibindən müvafiq yaşayış yeri seçicilərinin 1/3-dən az olmayan hissəsinin təşəbbüsü ilə keçirilən referendumla çıxa bilər. Lakin bu halda referendum yaşayış məntəqəsinin Qaqauziyanın tərkibinə daxil olmasından ən azı bir il ötəndən sonra keçirilir.
Qaqauziyanın ali nümayəndəli orqanı hər yaşayış məntəqəsinin ən azı bir deputata malik olduğu, 35 deputatdan ibarət tərkibdə seçilən Xalq Məclisidir (Xalq Topluşu). Muxtariyyətin bütün dövlət idarəetmə orqanları ali vəzifəli şəxsə – 4 il müddətinə seçilən Başkana tabedir. İcraedici hakimiyyəti Başkanın təqdimatı ilə Xalq Məclisinin təsdiqlədiyi İcraiyyə Komitəsi (Başkannıq Komiteti), məhkəmə hakimiyyətini Qaqauziya Tribunalı həyata keçirir. Moldova dövləti Qaqauziyanın səlahiyyətlərini tam şəkildə həyata keçirməsinin qarantıdır. Qaqauziyanın inzibatı mərkəzi yerli referendumla müəyyən edilir. Bu, Komrat şəhəridir.
“Qaqauziyanın (Qaqauz Yerinin) xüsusi hüquqi statusu haqqında” Qanuna dəyişiklik və əlavələr Moldova parlamentinin seçilmiş deputatlarının 3/5 hissəsinin səs çoxluğu ilə edilə bilər.
Xüsusi status haqqında qanun muxtariyyətin idarəçiliyi ilə bağlı problemləri tam həll etmədiyindən Xalq Topluşu 1998-ci il mayın 14-də 35 deputatdan 28-inin iştirakı ilə yekdilliklə muxtariyyətin Əsas Qanununu – Qaqauz Yerinin Qanunnaməsi adlı qanunvericilik aktını qəbul etdi [9]. Preambula, 10 bölmə, 101 maddədən ibarət Qanunnamənin (qaqauz dilində “Təməl Kanonu” – “Təməl Qanunu” – E.C.) strukturu, mahiyyəti və məzmunu onun muxtariyyətin konstitusiyası olduğunu sübut edir. Qanunnamə həm Moldova dövlətçiliyini möhkəmləndirir, həm də faktiki hüquqi əsaslarla muxtariyyətin real məzmuna malik statusunu təkmilləşdirir.
Qanunnamənin 1-ci maddəsinə görə: “1) Qaqauziya – Moldova Respublikasının Konstitusiyası, “Qaqauziyanın (Qaqauz Yerinin) xüsusi hüquqi statusu haqqında” Moldova Respublikasının Qanunu və bu Qanunnaməyə uyğun olaraq öz fəaliyyətini həyata keçirən, qaqauz xalqının öz müqəddəratını təyin etməsini ifadə edən Moldova Respublikasının tərkibində xüsusi statusa malik muxtar ərazi qurumudur. 2) Qaqauziya və Qaqauz Yeri adları eynimənalıdır”.
2-ci maddədə birbaşa Moldova Konstitusiyasının deyil, məhz Qanunnamənin əsas qanun və muxtariyyət ərazisində müstəsna hüquqi qüvvəyə, onun normalarının birbaşa qüvvəyə malik olduğu qeyd edilsə də, “dövlət orqanları, vəzifəli şəxslər, vətəndaşlar və onların birlikləri Moldova Konstitusiyasına, bu Qanunnaməyə və Qaqauziyanın qanunlarına riayət etməyə borcludurlar”. Beləliklə, dolayısı ilə ölkə Konstitusiyasının muxtariyyət ərazisində hüquqi qüvvəsi tanınır. Qaqauziyada insan və vətəndaş hüquq və azadlıqları Konstitusiya, Qanunnamə və ümumi qəbul olunmuş prinsip və normalara əsasən tanınır və təmin edilir (maddə 5).
Qaqauziyada hakimiyyətin mənbəyi, muxtariyyətin siyasi və iqtisadi müstəqilliyinin daşıyıcısı öz hakimiyyətini birbaşa və dövlət orqanları vasitəsilə həyata keçirən Qaqauziya xalqıdır. Xalqın dövlət hakimiyyətni birbaşa həyata keçirməsi forması referendum və seçkilərdir. Qaqauziyanın statusu onun xalqının razılığı olmadan dəyişdirilə bilməz. Moldova Respublikasının müstəqil dövlət statusu dəyişdirilərsə, Qaqauziya xalqı öz müqəddəratını təyin etmək hüququnu saxlayır.
Qaqauziya ərazisi onun xalqının həyat və fəaliyyətinin əsası kimi istifadə və mühafizə edilir. Muxtariyyətin ərazisinə daxil olan yaşayış məntəqələrinin müəyyənləşdirilməsi xüsusi hüquqi status haqqında qanununda əks olunduğu şəkildə təsbit edilmişdir. Qaqauziya ərazisi onun səsvermə hüququna malik vətəndaşlarının əksəriyyətinin öz iradəsini azad şəkildə ifadə etməsi əsasında keçirilən yerli referendumla müəyyənləşdirilərək “Moldova Respublikasının inzibati-ərazi quruluşu haqqında” Moldova Respublikasının Qanunu ilə məhkəmləndirilir (maddə 8).
Qanunnamə vahid ölkə vətəndaşlığını təsbit edir. Qaqauziyada yaşayan vətəndaşlar Moldova vətəndaşlarıdır. Vətəndaşlığın əsasları, qazanılması və itirilməsi “Moldova Respublikasının vətəndaşlığı haqqında” Qanunla müəyyən edilir (maddə 6). Qaqauziyanın Moldovanın suverenliyinin və ərazi bütövlüyünün müdafiəsinə sadiqliyi (maddə 9) ölkənin unitar dövlət quruluşunu möhkəmləndirir.
Qaqauziyanın qanunverici orqanı ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və azad səsvermə nəticəsində 4 il müddətinə 35 deputatdan ibarət tərkibdə seçilən Qaqauziya Xalq Məclisidir (Xalq Topluşu). Moldova Respublikasının 21 yaşına çatmış seçki hüququ olan və seçki keçirilən vaxt təmsil etdiyi dairənin ərazisində yaşayan hər bir vətəndaşı Xalq Məclisinin deputatı seçilə bilər. Deputatlar pedaqoji və elm sahəsi istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz; cinayət yerində yaxalanma halı istisna olmaqla, saxlanıla, həbs və təqib edilə, Məclisin razılığı olmadan məhkəmə məsuliyyətinə cəlb edilə bilməz.
Xalq Məclisinin qanunvericilik fəaliyyəti onun Qanunnaməni qəbul etmək, ona dəyişikliklər etmək, elm, mədəniyyət, təhsil, mənzil-kommunal təsərrüfatı, abadlıq, səhiyyə, bədən tərbiyəsi və idman, yerli maliyyə-büdcə və vergi fəaliyyəti, iqtisadiyyat və ekologiya, əmək münasibətləri və sosial təminat sahələrinə dair qanunlar qəbul etmək səlahiyyətində özünü göstərir. Qanunnamə seçilmiş deputatların üçdə iki səs çoxluğu, qanunlar isə əksəriyyət səs çoxluğu ilə qəbul edilir. Qərarlar yetərsay olduğu halda məclisin iclasında iştirak edən deputatların əksəriyyətinin səs çoxluğu ilə qəbul edilir. Yerli qanunlar imzalanmaq üçün Başkana göndərilir və rəsmi dərc olunduğu gündən qüvvəyə minir. Qanun və qərarlar qəbul olunduğu gündən 10 gün ərzində məlumat üçün Moldova Respublikasının Parlamentinə və Hökumətinə göndərilir.
Xalq Məclisində qanunvericilik təşəbbüsü hüququ Məclisin deputatlarına, Başkana və İcraiyyə Komitəsinə məxsusdur.
Xalq Məclisi öz fəaliyyətinin təmin etmək üçün özünün sədrini, onun müavinlərini və Rəyasət Heyətini seçir. Sədrin müavinlərindən biri qaqauz olmayan etnik mənşəli deputatlardan seçilir. Xalq Məclisinin sədri qaqauz dilini bilməyə borcludur. O, Xalq Məclisinin fəaliyyətinə ümumi rəhbərlik edir; onun iclaslarını aparır, Rəyasət Heyətinin işinə rəhbərlik edir, deputatlara Qaqauziyada işlərin vəziyyəti və zəruri daxili və xarici siyasət məsələlərinə dair qanunvericilik orqanının siyasəti haqqında məlumat təqdim edir; qəbul edilən qərarları imzalayır və s. Xalq Məclisinin sədri deputatların üçdə iki səs çoxluğunun gizli səsvermə ilə qəbul etdiyi qərarla vəzifəsindən vaxtından əvvəl geri çağırıla bilər.
Qanunnamə Xalq Məclisinin buraxılması qaydasını da nəzərdə tutur (maddə 56-3). Xalq Məclisi seçildikdən sonra 68-ci maddənin 10-cu bəndində göstərilən əsaslarla bir il ərzində, həmçinin Başkanın səlahiyyət müddətinin sonuncu altı ayında buraxıla bilməz. Belə ki, Başkan İcraiyyə Komitəsinin tərkibinə dair təklif verdiyi gündən 45 gün ərzində onun formalaşdırılması mümkün olmadıqda və ya büdcə haqqında qanun layihəsi 2 ay ərzində rədd edildikdə Məclisi vaxtından əvvəl buraxa bilər. Lakin Başkan Məclisin fraksiyaları və Rəyasət Heyəti ilə məsləhətləşdikdən sonra onu buraxa bilər. Xalq Məclisi Başkanın İcraiyyə Komitəsinin tərkibi haqqında təklifini ən azı iki dəfə rədd etdikdən də sonra buraxıla bilər.
Qaqauziyanın ali vəzifəli şəxsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və azad seçkilərdə alternativ əsaslarla 4 il müddətinə seçilən Qaqauziyanın Başçısıdır (Başkanıdır). Başkan Qanunnamənin yerinə yetirilməsinin, insan və vətəndaş hüquqlarının qarantıdır; Qaqauziyanın statusunun qorunmasını, dövlət hakimiyyəti orqanlarının fəaliyyətini və qarşılıqlı əlaqəsini təmin edir. Başkan Moldova ərazisində və beynəlxalq münasibətlərdə muxtariyyəti təmsil edir.
Başkan seçkiləri, əgər seçkilərin ilk turunda seçicilərin yarısından azı, ikinci turunda isə üçdə birindən azı iştirak etdikdə etibarsız hesab edilir. Seçkidə iştirak etmiş seçicilərin səslərinin yarısından çoxunu toplayan namizəd Başkan seçilmiş sayılır. Seçkilərin nəticələri Qaqauziya Tribunalı tərəfindən təsdiq edilir.
Moldova Respublikasının 35 yaşına çatmış, Qaqauziya ərazisində yaşayan və ya əvəllər yaşamış və qaqauz dilini bilən vətəndaşı Başkan seçilə bilər (maddə 62). Başkanın seçilməsi, vəzifəsinin icrasına başlaması qaydaları, onun səlahiyyətləri Qanunnamə və yerli qanunlarla müəyyən edilir. Bu səlahiyyətlər Qaqauziya xalqının əleyhinə istifadə edilə bilməz. Digər seçkilər və ya vəzifəyə təyin edilmə səlahiyyətlərin mənimsənilməsi kimi qiymətləndirilir və etibarsızdır.
Başkan, seçkilərin rəsmi nəticələrinin elan olunmasından sonra 30 gün ərzində təntənəli şəraitdə, Xalq Məclisinin və Tribunalının xüsusi iclasında and içir (maddə 64) və öz vəzifəsinin icrasına başlayır. Başkanın səlahiyyət müddəti fövqəladə hallarda, mühasirə vəziyyətində və ya hərbi əməliyyatlar zamanı qanunla uzadıla bilər. Başkan Moldova Prezidentinin Fərmanı ilə Moldova Respublikası Hökumətinin üzvü təsdiq edilir (maddə 66). Başkan toxunulmazlığa malikdir.
Başkan Moldova Respublikasının Qaqauziyanın maraqlarına dair daxili və xarici siyasəti ilə bağlı məsələlərin həllində Qaqauziyanı təmsil etmək; İcraiyyə Komitəsinə başçılıq etmək; onun strukturunu və tərkibini təsdiq edilməsi üçün Xalq Məclisinə təqdim etmək; Başkanın administrasiyasını təşkil etmək; yerli qanunları imzalamaq; Qaqauziya ərazisində icrası məcburi olan qərar və sərəncamlar vermək; Xalq Məclisi ilə razılaşdırılmaqla rayonların administrasiya başçılarını vəzifəyə təyin və vəzifədən azad etmək; yerli referendumun keçirilməsinə təşəbbüs göstərmək; cinayətkarlıqla mübarizə üzrə Əlaqələndirmə şurasını təşkil və ona rəhbərlik etmək və s. səlahiyyətlərə malikdir.
Moldova Konstitusiyasına, xüsusi status haqqında qanuna, Qanunnaməyə və yerli qanunlara, Xalq Məclisinin qərarlarına riayət etmədikdə, həmçinin cinayət törətməsi məhkəmə qərarı ilə təsdiq edildikdə Başkanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər. Başkanın vəzifəsindən uzaqlaşdırılması təklifi Xalq Məclisi deputatlarının üçdə birindən az olmayan hissəsi tərəfindən irəli sürülür və təklif irəli sürülmüş ittihamlara cavab verməsi üçün Başkanın diqqətinə çatdırılır. Xalq Məclisi Başkanın vəzifəsindən uzaqlaşdırılması haqqında qərar qəbul etdikdə, 30 gündən gec olmayaraq, qanunla müəyyən edilmiş qaydada məsələ üzrə referendum keçirilir.
Əgər Başkan səhhətinin vəziyyətinə və ya digər obyektiv səbəblərə görə öz vəzifəsini icra etmək iqtidarında deyildirsə, onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq İcraiyyə Komitəsi sədrinin birinici müavininə həvalə edilir. Vakansiya yarandıqda yeni Başkan seçkiləri üç ay müddətində keçirilir (maddə 71).
Qaqauziyanın icra hakimiyyəti orqanı Başkanın təqdimatı ilə Xalq Məclisində deputatların səs çoxluğu ilə təsdiq edilən İcraiyyə Komitəsidir (Başkannıq Komiteti). Tərkibi təsdiq olunduqdan sonra 5 gün müddətində İcraiyyə Komitəsinin fəaliyyət proqramını Başkan Xalq Məclisinə təqdim edir. İcraiyyə Komitəsi öz fəaliyyətini ölkə Konstitusiyası və qanunları, Qanunnamə və yerli qanunlar, Xalq Məclisinin qərarları, Başkanın qərar və sərəncamlarına uyğun qurur. İcraiyyə Komitəsi Xalq Məclisi qarşısında cavadehdir. İcraiyyə Komitəsinin üzvləri Başkan qarşısında and içdiyi gündən öz səlahiyyətlərini həyata keçirməyə başlayır. Başkanın səlahiyyətinə xitam verildikdə İcraiyyə Komitəsi istefa verir.
İcraiyyə Komitəsinin tərkibinə İcraiyyə Komitəsi sədrinin birinci müavini və müavinləri, Qaqauziya idarələrinin rəisləri, rayonlarının administrasiya başçıları daxildir. Başkanın təklifi ilə Qaqauziyanın sahə idarələrinin rəhbərləri Moldova Respublikasının müvafiq nazirlik və idarələrinin kollegiyalarının tərkibinə daxil edilir. Ədliyyə, milli təhlükəsizlik və daxili işlər idarələrinin rəisləri Moldovanın müvafiq nazirliklərinin kollegiya üzvləridir. Qaqauziya ərazisində yerləşən daxili qoşunların komandiri Başkanın təqdimatı ilə Moldova daxili işlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir (maddə 74).
İcraiyyə Komitəsi; ölkə Konstitusiyası və qanunlarını, Qaqauziya Qanunnaməsi və qanunlarını, Xalq Məclisinin qərarlarını, Başkanın qərar və sərəncamlarını icra və onlara riayət edir; Moldova mərkəzi dövlət idarəetmə orqanlarının Qaqauziyanın mənafeləri ilə bağlı fəaliyyətində iştirak edir; qanuna uyğun olaraq bütün Qaqauziya ərazisində mülkiyyət münasibətlərini, iqtisadiyyatın idarə edilməsini, sosial-mədəni quruculuğu, yerli büdcə-maliyyə sistemini, sosial təminatı, əməyin ödənişini, yerli vergilərin, ətraf mühitin mühafizəsinin və təbiətdən səmərəli istifadə edilməsini tənzimləyir; iqtisadiyyatın inkişafının və elmi-texniki tərəqqinin strukturu və prioritet istiqamətlərini müəyyənləşdirir; Qaqauziya büdcəsini hazırlayır və icra edir və s.
İcraiyyə Komitəsi Qaqauziya ərazisində icrası məcburi olan qərar və sərəncamlar verir və onların icrasını təmin edir; mövcud qanunvericiliyə və cəmiyyətin mənafeyinə zidd olduqda istənilən yerli dövlət idarəetmə orqanının qərarını ləğv edir və dövlət idarəetmə orqanının vəzifəli şəxslərinin vəzifəsindən azad edilməsi haqqında qərar qəbul edir. İcraiyyə Komitəsinin qərar və sərəncamları Qanunnaməyə, yerli qanunlara, Xalq Məclisinin qərarlarına, Başkanın qərar və sərəncamlarına uyğun gəlmədikdə Başkan və ya Xalq Məclisi tərəfindən ləğv edilə bilər. İcraiyyə Komitəsinin qərar və sərəncamları qəbul edildikdən 10 gün müddətində məlumat üçün Moldova Respublikasının Hökumətinə göndərilir.
Xalq Məclisi seçilmiş deputatlarının səs çoxluğu ilə dövlət idarəetmə orqanlarının vəzifəli şəxslərinin tutduqları vəzifədən azad edilməsi haqqında qərar qəbul edə bilər. Məclis tərəfindən bu cür qərar qəbul edildikdən sonra Başkan həmin vəzifəli şəxsin istefasını elan etmək və ya Məclisin qərarı ilə razılaşmamaq hüququna malikdir. Məclis 3 ay ərzində vəzifəli şəxsin vəzifəsindən uzaqlaşdırılması barədə təkrar qərar qəbul edərsə, Başkan 5 gün ərzində həmin şəxsin istefasını elan edir.
Qaqauziya büdcəsi ölkə və muxtariyyət qanunvericiliyi ilə müəyyən edilmiş ödəniş növləri hesabına formalaşır. Muxtar büdcə ilə dövlət büdcəsinin qarşılıqlı münasibəti ölkə qanunverciliyinə uyğun cəlb edilmiş bütün vergi növlərindən ödənişlər, yığım və digər ödənişlər hesabına müəyyən edilir. Ödənişlərin məbləği ölkə Hökuməti ilə İcraiyyə Komitəsinin müvafiq olaraq ölkə Parlamenti və Xalq Məclisi tərəfindən təsdiq edilmiş birgə qərarı ilə müəyyən edilir.
Qaqauziyada yerli dövlət idarəçiliyi nümayəndəli və icra hakimiyyəti orqanları tərəfindən, eləcə də birbaşa demokratiya formasında həyata keçirilir. Şəhər və kəndlərdə yerli dövlət idarəçiliyinin nümayəndəli orqanları Moldova və Qaqauziya qanunvericiliyinə uyğun təşkil edilir. Ölkə Konstitusiyasına (maddə 112) görə “Kəndlərdə və şəhərlərdə yerli muxtariyyəti həyata keçirən dövlət hakimiyyətinin idarə orqanları seçkili yerli şuralar və primarlardır” [6]. Yerli orqanların təşkili və fəaliyyəti yerli hakimiyyətin və idarəetmənin müxtəlif səviyyələri arasında səlahiyyətlərin bölgüsü əsasında, yerli dövlət orqanlarının təşkilində təyinetmə və seçilmə prinsipləri uzlaşdırılmaqla, yerli, regional və ümumdövlət iqtisadi, maliyyə, sosial və digər maraqlar nəzərə alınmaqla həyata keçirilir. Yerli dövlət orqanlarının adları Qaqauziya qanunları ilə müəyyən edilir.
Rayonlarda (dolaylarda) dövlət idarəçiliyini onların administrasiyaları həyata keçirir. Rayonların administrasiya rəhbərləri tabeliklərində olan ərazilərdə inzibati, idarə, sərəncam və nəzarət funksiyalarını həyata keçirən vəzifəli şəxslərdir. Administrasiyanın və onun rəhbərinin səlahiyyətləri və fəaliyyət qaydaları yerli qanunla müəyyən olunur. Yerli dövlət idarəetmə orqanları öz büdcələrini hazırlayıb təsdiq və icra edirlər. Yerli dövlət idarəetmə orqanlarının vəsaitləri qanunla müəyyən edilmiş hallardan başqa, müsadirə oluna bilməz.
Qanunnaməyə görə ədalət mühakiməsi qanunun adından və yalnız məhkəmə orqanları tərəfindən həyata keçirilir. Məhkəmə orqanları Qaqauziya Tribunalı və məhkəmələrdir. Muxtariyyət ərazisində ixtisaslaşdırılmış məhkəmələr ölkə qanunvericiliyinə uyğun olaraq yaradıla bilər. Konstitusiyanın 115-ci maddəsində göstərilir ki, xüsusi kateqoriyalı məhkəmə işləri üçün qanuna müvafiq olaraq ixtisaslaşdırılmış məhkəmələr yaradıla bilər [6]. Ölkənin məhkəmə sisteminin tərkib hissəsi olan Qaqauziya Tribunalı birinci instansiya məhkəməsi qismində öz səlahiyyətləri çərçivəsində daha mürəkkəb mülki, inzibati və cinayət işlərinə baxır. Tribunal özündən aşağı məhkəmə orqanlarına münasibətdə ikinci instansiya məhkəməsi olub, işlərə apellyasiya, kassasiya qaydasında, həmçinin müstəsna hallarda şikayət və protestlərə baxır. Tribunal Qanunnaməni şərh edir, Xalq Məclisinin, Başkanın və İcraiyyə Komitəsinin normativ aktlarının qanuniliyi ilə bağlı müraciətlərə baxır, qanunla müəyyən olunmuş digər səlahiyyətləri həyata keçirir. Tribunalın sədri vəzifəsinə görə Moldova Ali Məhkəmə Palatasının üzvüdür.
Məhkəmə hakimləri müstəqildirlər, ölkə Konstitusiyasına və qanunlarına, Qanunnaməyə və qanunlarıa tabedirlər. Hakimlər Moldova Ali magistratura şurası ilə razılaşdırılmaqla Qaqauziya Xalq Məclisinin verdiyi təqdimat əsasında Moldova Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. 11 nəfər magistrat-üzvdən ibarət Ali magistratuta şurası Moldovada məhkəmə quruluşu qaydalarına uyğun olaraq hakimlərin təyinatını, yerdəyişməsini, vəzifələrinin yüksəldilməsini və onlara qarşı inzibati tədbirlərin görülməsini təmin edən orqandır.
Tribunalda məhkəmə işləri qaqauz, yaxud moldovan və ya rus dilində aparılır. İşdə iştirak edən şəxslərə işin bütün materialları ilə tanış olmasına və məhkəmə hərəkətlərində tərcüməçinin köməyi ilə iştirak etmək, məhkəmədə öz ana dilində çıxış etmək hüququ təmin edilir.
Qaqauziya Prokuroru və ona tabe olan prokurorlar “Prokurorluq haqqında” Moldova Respublikasının Qanununa, muxtariyyətin Qanunnaməsinə və qanunlarına uyğun olaraq Qaqauziya ərazisində qüvvədə olan qanunların və beynəlxalq-hüquqi aktların bütün hakimiyyət orqanları, ictimai birliklər, onların vəzifəli şəxsləri və vətəndaşlar tərəfindən hər yerdə, dəqiq, eyni qaydada istifadə və tətbiq edilməsi üzərində nəzarəti həyata keçirirlər. Xalq Məclisinin təqdimatı ilə ölkənin Baş prokuroru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Qaqauziya Prokuroru vəzifəsinə görə Moldova Baş prokurorluğunun kollegiya üzvüdür. Aşağı səviyyələr üzrə prokurorlar Xalq Məclisinin razılığı və Qaqauziya Prokurorunun təqdimatı ilə ölkənin Baş prokuroru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Qanunnamənin dəyişdirilməsi təşəbbüsü Xalq Məclisi deputatlarının üçdə birindən az olmayan hissəsi, Qaqauziya Başkanı və 15 mindən az olmayan sayda seçicilər tərəfindən irəli sürülə bilər. Həmin seçicilər muxtariyyətin yaşayış məntəqələrinin 50 faizindən çoxunu təmsil etməlidir. Hər yaşayış məntəqəsindən ən azı 500 imza toplanmalı, seçicilərinin sayı 500-dən az olan yaşayış məntəqələrindən toplanmış imzaların sayı isə 250-dən az olmamalıdır (maddə 91).
Qanunnamə referendumun nəticələrinə əsasən və ya öz təşəbbüsü ilə Xalq Məclisi tərəfindən qəbul edilmiş qanunla dəyişdirilə bilər. Xalq Məclisi Qanunnaməyə dəyişikliklərin edilməsi haqqında qanun layihəsinə müvafiq təklifin verilməsindən sonra 6 aydan tez baxmır. Müvafiq qanun seçilmiş deputatların üçdə iki səs çoxluğu ilə qəbul edilir. Dəyişikliklər haqqında qanun 10 gün müddətində Başkan tərəfindən imzalanır və rəsmi şəkildə dərc edilir.
Qaqauziyanın statusu, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı məsələlər və 91-ci maddənin 3-cü bəndi (Başkanın Qanunnamənin dəyişdirilməsi ilə bağlı qanunvericilik təşəbbüsü hüququ) Xalq Məclisi tərəfindən yalnız həmin məsələlərə dair yerli referendumun nəticəsinə uyğun olaraq dəyişdirilə bilər.
Qanunnamənin son bölməsi yekun və keçid müddəalarını əhatə edir. Qanunnamə Xalq Məclisinin seçilmiş deputatlarının üçdə iki səs çoxluğu ilə qəbul edilir və Başkan tərəfindən imzalandığı gündən qüvvəyə minir. Onun qəbul edildiyi gün Qanunnamə Günü elan edilir.
Beləliklə, Qaqauz Yerinin Təməl Qanunu muxtariyyətin siyasi quruluşunun, qaqauz xalqının öz müqəddəratını təyin etmək hüququnun təminatı üçün ciddi əsasları təşkil etməklə yanaşı, muxtariyyət ərazisində insan və və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə həyata keçirilməsi üçün mühüm normalar müəyyən edir, qaqauz xalqı ilə yanaşı, digər etnik qrupların da milli-mədəni hüquqlarının tanınmasına şərait yaradır.
Hazırda dünyada qaqauzların sayı 250 min nəfəri ötür ki, bundan da 200 mini postsovet məkanı ölkələrində (daha çox Ukrayna, Qazaxıstan və Rusiyada) yaşayır. Qaqauziyanın ölkənin ümumi əhalisinin 4,6 faizini təşkil edən əhalisinin sayı 162 mindən artıqdır ki, bunların da 82 faizdən çoxunu qaqauzlar təşkil edir. Qaqauzlardan başqa muxtariyyətin ərazisində say çoxluğuna görə müvafiq olaraq bolqarlar, moldavanlar və ruslar da yaşayır. Qaqauz Yeri 32 yaşayış məntəqəsinin daxil olduğu 3 rayonu əhatə edir, ümumi ərazisi 1848,46 km2-dir və ölkə ərazisinin 5,5 faizini əhatə edir [6]. Qaqauz Yeri muxtar ərazi quruluşu Ukrayna ilə qısa sərhədə malikdir.

 

Ədəbİyyat

1. Cəfərli E. Postsovet məkanının unitar dövlətlərində muxtariyyətlər və Naxçıvanın muxtariyyəti / Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir (04-05 iyul 2014-cü ildə keçirilmiş beynəlxalq konfransın materialları). Naxçıvan: Əcəmi NPB, 2015, s. 116-122
2. Dünya ölkələri. Bakı: 2008, 480 s.
3. Həsənov Ə.M., Vəliyev A.İ. Azərbaycanın və xarici ölkələrin siyasi sistemləri. Bakı: Azərbaycan, 2007, 248 s.
4. Амелин В.В. Вызовы мобилизованной этничности. Конфликты в истории советской и постсоветской государственности. Москва: 1997, 320 с.
5. Закон об особом правовом статусе Гагаузии (Гагуз Ери). http://www.gagauzia.md/pageview.hp?l=ru&idc=389&nod=1&
6. Конституция Республики Молдовы от 29 июля 1994 г. http://www.constitution.garant.ru/DOC_3864849.htm
7. Пашалы Петр. Социально-экономические и государственно-правовые основы этнополитического развития гагаузов в постсоветском периоде / Журнал «Казанский федералист» / 2007 / Номер 1-2 (21-22), зима-весна, 2007 / I. Федерализм и регионализм в мультикультурных сообществах.
8. Пашалы Петр. Социально-экономические и этнокультурные основы самоутверждения Гагаузии как этнотерритториального региона Республики Молдова. Диссертация на соискание ученой степени кандидата исторических наук. Москва: 2009, 213 c.
9. Уложение Гагаузии (Гагауз Ери) http://www.gagauzia.md/pageview.php?l=ru&idc=389&id=240

Açar sözlər: muxtariyyət, Qaqauziya, Moldova Respublikası, Qanunnamə, Xalq Məclisi, Başkan, İcraiyyə Komitəsi

Ключевые слова: автономия, Гагаузия, Республика Молдова, Уложение, Народное Собрание, Башкан, Исполнительный Комитет

Keywords: autonomy, Gagauzia, Republic of Moldova, the Code, The National Assembly, The Governor, the Executive Committee

XÜLASƏ

Ərazi Qurumunu türkdilli xalq olan qaqauzlar kompakt şəkildə yaşadıqları ərazidə xalqların öz müqəddəratını təyin etməsi prinsipinə uyğun olaraq qurmuşlar. Bu muxtariyyətin təşkilinin hüquqi-siyasi əsasları “Qaqauziyanın (Qaqauz Yerinin) xüsusi hüquqi statusu haqqında” Moldova Respublikasının Qanununda (1994-cü il, 23 dekabr) və Qaqauziya (Qaqauz Yeri) Qanunnaməsində (1998-ci il, 14 may) təsbit olunmuşdur. Qanunnamə 10 fəsil, 101 maddədən ibarət olub, muxtariyyətin siyasi-hüquqi əsaslarını və onun tərkibində olduğu unitar Moldova Respublikası ilə qarşılıqlı münasibətlərini müəyyən edir. Bu baxımdan Qanunnamə Qaqauziyaya məxsus muxtar idarəçilik sistemini təmin edən mühüm konstitusion aktdır.


Эльман Джафарли

ГАГАУЗСКАЯ (ГАГАУЗ ЕРИ) АВТОНОМИЯ РЕСПУБЛИКИ МОЛДОВА

В статье исследуется история формирования и конституционно-политический статус Гагаузского (Гагауз Ери) Автономного Образования в составе унитарной Республики Молдова в накануне распада Советского Союза. Как тюркоязычный народ, гагаузы в соответствии с принципом самоопределения народов, создали политическую автономию в густонаселенном ими регине Молдовы. Правовая и политическая основа этой автономии закреплено в Законе Республики Молдова (1994, 23 декабря) «Об особом правовом статусе Гагаузии (Гагауз-Ери)» и в Уложении Гагаузии (Гагауз Ери) – в Основном Законе автономии (1998, 14 мая). Уложение состоящее из десяти глав и 101 статей, определяет политическо-правовой основы Гагаузской автономии и ее взаимное отношение с унитарной Республикой Молдова. Связи с этим Уложение очень важный конституционный акт обеспечивающий систему автономного управления, которая свойственна Гагаузию.


Elman Jafarli

GAGAUZ (GAGAUZ YERİ) AUTONOMY OF THE REPUBLIC OF MOLDOVA

The article explores the history and formation of constitutional and political status of the Gagauzia (Gagauz Yeri), an autonomous entity within the unitary Republic of Moldova on the eve of the collapse of the Soviet Union. As a Turkic-speaking people, the Gagauz in accordance with the principle of self-determination, political autonomy established in a densely populated of region Moldova. Legal and political framework of this autonomy is enshrined in the Law of the Republic of Moldova (1994 December 23) «On the Special Legal Status of Gagauzia (Gagauz-Yeri)» and in the Code of Gagauzia (Gagauz-Yeri) – in the Basic Law of autonomy (1998, 14 May). The Code consists of ten chapters and 101 articles, defines the political and legal foundations of the Gagauz autonomy and its mutual relationship with the unitary Republic of Moldova. The Code therefore very important constitutional act provides autonomous control system, which is characteristic of Gagauzia.

 

ELMAN CƏFƏRLİ,
Naxçıvan Dövlət Universiteti


"Geostrategiya" jurnalı № 04 (34) İYUL-AVQUST 2016



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM