Azərbaycanın orta əsrlər tarixində qadınların yeri məsələsini nəzərdən keçirərkən belə bir nəticəyə gəlmək olar ki, ölkəmizin siyasi tarixində qadınlar həmişə xüsusi mövqeyə malik olmuşlar. Onların arasında müəyyən hallarda tarixin gedişinə bu və ya başqa formada təsir göstərə və ya onu dəyişə bilən diplomatlar, cəngavərlər, siyasətçilər, şairələr və sadəcə böyük saray çəkişmələrini qura bilən şəxsiyyətlər var idi. Azərbaycanın 1918-ci ildə Şərqdə qadına seçki hüququ verən ilk ölkə olması faktı da bir çox hallarda Azərbaycan qadınının dövlətin siyasi həyatındakı iştirakının qədim ənənələrinin mövcud olması baxımından izah edilir.
Əgər Vətən tarixinin və mədəniyyətinin daha çox yadda qalan qadın şəxsiyyətlərinin onluğunu tərtib etsək, ora daxil olan Möminə xatun, İnanc xatun, şahzadə Cəlaliyə, Saray xatun, Taclı Bəyim, Pərixan xatun (Şah I İsmayılın qızı), Pərixan xatun (Şah I Təhmasibin qızı), Həcər xanım, şairələr Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan və başqaları daxil olarlar ki, bu məqalədə də onların bəziləri haqqında danışılacaq.
a) Adlar siyahısını çox uzatmaq olar, amma Atabəy Eldənizin həyat yoldaşı və atabəylərin görkəmli nümayəndələri Məhəmməd Cahan Pəhləvanın (1175-1186) və Qızıl Arslanın anası və Azərbaycan Atabəylər dövlətində bütövlükdə qadın hakimiyyəti institutu anlayışının banisi Möminə Xatun şəxsiyyəti üzərində dayanmaq yerinə düşərdi. Bu şəxsiyyət Eldənizlər dövləti (1136-1225) dövründə yaşayıb və fəaliyyət göstərmişdir. Tarixşünaslıqda bu dövrü çox zaman erkən intibah dövrü, sıralarında qadınların da olduğu (bu dövrə Məhsəti Gəncəvini (1089-1159) də aid edirlər) böyük şairlər və siyasi xadimlər dövrü adlandırırlar. Möminə xatun əsasən XII əsrdə Azərbaycanın tarixini qabaqlayan və orta əsrlər abidəsi sayılan irsi mavzoleyini qoyduran şəxs olmuşdur. Əvvəllər xatun sözü türk dünyasında yalnız xanların, sultanların, əmirlərin və s. bu kimi mənsəb sahiblərinin arvadlarına “imperatriça”, “kraliça”, “çariça” sayaq sırf qərb titullarına uyğun olaraq aid edilirdi. Atabəylər dövründə də bu söz eyni mənanı daşıyırdı. Bu titulun çox qədim kökləri vardır. Mahmud Qaşqarinin “Divan-i lüğət-üt türk” əsərində “xatun” aşağıdakı kimi müəyyən edilib:
Afrasyab kızlarından olanların adıdır. Şu savda dahi gelmişdir: “Xan işi bolsa katun işi kalır. Hanın işi, emri olunca, Hatunun işi geri kalır”. Bu arapların sözü gibidir.(اذا جاء نهر الله بطل نهر عيسى) (15, с.410)
(Əfrasiyabın qızlarını belə adlandırırdılar. Cümlədə rast gəlinir: “Əgər xan qərar verərsə, onun arvadının qərarı ləğv edilər. Xanın qərar və əmrləri Xatunun qərarlarından alidir”. Cümlənin mənası ərəb atalar sözü ilə eynidir: Allahdan buyruq gələndə İsanın buyruğunun mənası itir – N.A.).
“Xatun” sözü həmin mənada həm də orxon-yenisey yazılarında da istifadə olunur. Lakin Möminə xatun haqqında hekayəyə başlamazdan əvvəl onun qismətinə düşmüş mürəkkəb tarixi dövrü təsvir etmək lazımdır. Beləliklə, 1118-ci ildə yeni İraq Səlcuq dövləti – paytaxtı Azərbaycan şəhəri Həmədan olan Səlcuqlular sülaləsinin İraq sultanlığı yaranır. Lakin məlumdur ki, sonra faktiki hakimiyyət azərbaycanlı Atabəy Eldənizin əlinə keçmişdir. Burada demək olar ki, bir əsrlik dövrü əhatə etmiş Atabəylər dövlətinin tarixinin öyrənilməsinə Z.Bünyadovun fundamental töhfəsini xatırlamaq ədalətli olardı. Şərqşünas alim ərəbdilli İbn əl-Əsirin (1160-1233) “əl-Каmil fit-tarix”ini (“Mükəmməl tarix”), Sibt əl-Cauzinin (1185-1256) “Mir ət əz-zaman fi tarix əl-əyan”ını (“Məşhurların salnamələrində zamanın aynası”), Sədr əd-Din Əli əl-Hüseynin “Zübdаt ət-təvаrix fi əxbаr əl-ümarə vəl-mülк əs-Səlcuqiyyə”sini (“Səlcuq əmirləri və hökmdarları haqqında seçilmiş salnamələr”) və başqa mənbələrin, farsdilli Zаhir əd-Din Nişapurun (1186-cı ildə vəfat edib) “Səlcuqnamə”sini, həmçinin ibn Əli Rаvəndinin «Rаhат əs-sudur və аyət əs-surur”unu (“Qəlblərin sakitləşməsi və sevinc əlamətləri”) və başqa mənbələri geniş tədqiq etmişdir. Eldənizlər sülaləsinin (1136-1225) başçılığı ilə yaradılmış Azərbaycan sultanlığı Eldənizin adı ilə bağlıdır. 1122-ci ildə o, ilk dəfə İraq sultanlığına gələrək əvvəlcə Sultan Mahmudun vəziri vəzifəsinə təyin olunmuşdur. Vəzirin öldürülməsindən sonra Eldəniz Sultan Mahmudun tabeliyinə keçmişdir. Sultan Mahmudun ölümündən (1132) sonra isə Toğrul ibn Mahmud onu Sultanın şəxsi məmlükləri siyahısına daxil etmişdir. Əl-Hüseyninin, Ravəndinin və bir çoxlarının məlumatlarına görə Eldənizin mənsəb yüksəlişinin ilk illərində Möminə xatun ona xüsusi xeyirxahlıq göstərirdi. Məhz Möminə xatunun məsləhətlərinə əməl edərək Eldəniz saray çəkişmələrinə heç zaman qatılmır və tayfa qruplaşmalarından uzaq dururdu. Bu tövsiyələrə ciddi əməl edən və düzgün davranış xəttini tutan Eldəniz 1132-ci ildə Toğrul tərəfindən əmir titulu ilə mükafatlandırılır, həm də onun oğlu Arslan şahın atabəyi təyin olunur. Toğrulun ölümündən sonra sultan Məsudun (1134-1152) dövründə Eldəniz iqamətgahı Bərdədə olmaqla Qarabağın atabəyi-canişini təyin olunmuşdur. 1336-cı ildə ona möhür (tuğra), üzük (yüzük) və Şəms əd-Din (imanın günəşi) ləqəbi verilir. Həmin dövrdə Eldəniz şəxsi pulunu kəsmək hüququ qazanır və elə həmin dövrdə də Sultan Toğrulun dul qalmış arvadı Möminə xatunla evlənərək iraq Səlcuqları ilə qohum olur. Bu izdivacdan iki oğlu – Azərbaycanın iki gələcək atabəyi – Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan və bir qızı dünyaya gəlir. Möminə xatunun müəyyən yardımı ilə Sultan ona iqta kimi Arranı verir. Eldəniz arvadı, uşaqları və qəyyumu olduğu Arslan şahla Arranın paytaxtı Bərdəyə köçür. Beləcə, Şəms əd-Din Eldənizin yüksəlişi başlayır və Azərbaycan sultanlığı Atabəylərin təməli qoyulur (1136-1225). XII əsrin 40-cı illərinin ortalarında Eldənizlərdən asılı olan Şirvanşahlar istisna olmaqla bütün Azərbaycan onun hökmranlığı altında idi. 1160-cı ildən sonra Eldəniz yetirməsi olan Arslan şahı Sultan elan edir. Lakin İraq sultanlığı artıq de-yurye mövcud idi. De-fakto isə Azərbaycan sultanlığı- Eldənizlər yaranmışdı. Möminə xatun ərini ölkə üzrə bütün səfərlərində müşayiət edirdi, onun dostu və müttəfiqi idi, dövlət işlərində faydalı məsləhətlər verirdi. Bundan əlavə o, Sultanla (oğlu) Atabəy (əri) arasında sağlam münasibətlər qurulmasında əhəmiyyətli rol oynadı ki, bu da fitnə-fəsadın aradan qalxmasında böyük amil idi. Belə nəticə hakimiyyət və vəzifələrin dəqiq bölünməsi yolu ilə əldə edilmişdi: sultan təmsilçilik səlahiyyətləri, əri isə icra hakimiyyəti əldə edirdi. Belə bölgü onların oğulları atabəylər olmuş Cahan Pəhləvanın, sonra da Qızıl Arslanın vaxtında da davam etmişdi. Eldənizin (1136-1160) və onun oğulları Məhəmməd Cahan Pəhləvanın (1175-1186) və Qızıl Arslanın (1160-1191) hakimiyyəti dövrləri bu sülalənin qüdrətinin yüksək zirvəsi idi. Həm də Eldənizlər sülaləsinin mənsəb inkişafından başlamış sultan və atabəylər arasında dəqiq və formalaşmış müştərək idarəçiliyin yaradılmasınadək bütün bu prosesdə böyük rol bizə yaxşı tanış olan Möminə xatuna məxsus idi. Sədr əd-Din əl-Hüseyni Möminə xatunun ana və həyat yoldaşı kimi düzgün mövqeyini çox rəngarəng təsvir etmişdir. Arslanınn mövqeyi asılı, atabəyin mövqeyi isə güclü idi. Sultan Arslan torpaq, xəzinə və s. ilə bağlı bütün əmrlərin və sərəncamların atabəyə məxsus olmasından şikayətlənəndə anası ona belə cavab verirdi: “Bu adam həyatını riskə ataraq amansız döyüşələrə atılırdı. Səlcuqlardan səndən yaşca böyük, amma həbsxanada olan, həyatı sıxışdırılan nə qədər adam var? Əgər onlar yerlərindən tərpənə bilsəydilər iddiaları yüksək olardı. Amma edə bilmirlər! Sən isə Sultan taxtındasan, o da, iki oğlu da (Möminə xatunla Eldənizin iki oğlu – Nüsrət əd-Din Pəhləvan və Müzəffər əd-Din Qızıl Arslan nəzərdə tutulur – N.A.) sənə xidmət edirlər və qarşında dururlar, sənin düşmənlərinlə döyüşür və onlara qalib gəlirlər, sən və sənin ruhun isə bütün bunlardan azaddır! Atabəyin etdiyi hər bir şey – bağışlamağı və ya əlindən almağı – hər şey sənin dövlətinin və sənin hakimiyyətinin möhkəmlənməsi üçün edir. Qoy onun hərəkətləri sənə qüssə gətirməsin, onun istəkləri səni qayğılandırmasın: axı o, sənin məmlükündür!” Anasından bu sözləri eşidən Arslan şah susmalı olurdu (5, s. 144-145).
Bundan əlavə Möminə xatun dövlət işlərindən xəbərdar olmağa və vəziyyəti nəzarətdə saxlamağa çalşırdı. Ravəndi Səlcuqnamədə maraqlı bir epizodu misal gətirir: 1174-cü ilin yanvarında gürcü qoşunları Atabəylər ərazisinə yenidən soxulanda (onlar əvvəl də Gəncəyə soxulub quldurluq və soyğunçuluq etmişdilər), Möminə xatun Naxçıvandan Həmədana özünü vaxtında çatdırmışdı ki, gürcülərin yeni işğalı haqqında məlumat versin. Atabəyin və oğlanlarının başçılığı altında ordu Naxçıvana istiqamət götürdü. Başlanmış taun xəstəliyinin Atabəy ordusuna böyük zərər vurmasına baxmayaraq ordu abxaz qalası Аğşəhri tutdu və qonşu əraziləri talan edərək Naxçıvana qayıtdı. 1175-ci ilin ortalarında Möminə xatun vəfat etdi. Bu qadın öz fəaliyyəti ilə qadının Azərbaycan Atabəylər dövlətinin siyasi idarəçiliyində iştirakının ənənəsini qoydu. Beləcə, məsələn, atabəy Özbəyin oğlu Qızıl Arslan Xamuş Azərbaycana, Məhəmməd Cahan Pəhləvanın və Zahidə xatunun qızı şahzadə Cəlaliyə isə onun Naxçıvanda canişini təyin olundular. Azərbaycanın Atabəylər dövlətinin həyatında hakim sülalənin qadınları mühüm rol oynayıblar. Azərbaycanın bütün qadın canişinlərinin sarayı, vəzirləri və hacibləri vardı. Bundan əlavə şahzadə Cəlaliyənin sarayında əyanların hamısı yalnız qadınlar idi (7, s. 182).
Əlbəttə ki, Atabəylər sülaləsinin qadınlarının saray çəkişmələrində iştirakının xeyli nümunəsi olmuşdur. Cahan Pəhləvanın ölümündən sonrakı çətin və sərt dövrün hadisələrini qərb tarixçiləri “İranın Kembric tarixi” əsərində təsvir ediblər. Qeyd etmək lazımdır ki, adları çəkilən müəlliflərin istinad etdikləri mənbələr Z.Bünyadovun istinad etdiyi mənbələrlə üst-üstə düşür. Burada həmçinin əl-Hüseynin, Ravəndinin, əl-Cauzinin və bir çoxlarının əsərlərindən istifadə olunub. Ərəb-farsdilli müəlliflərlə yanaşı əl-Bundari əl-İsfahani əl-Münşinin (1190-1245) “Züb-dət ən-Nüsra va nüxbat əl-Üsra” əsərindən də istifadə olunur. Beləliklə, Kembric müəllifləri nəql edirlər ki, “1186-cı ildə Cahan Pəhləvanın ölümündən sonra türklərin ağsaqqallıq ənənəsinə uyğun olaraq onun atabəy mövqeyi uşağı olmayan qardaşı Qızıl Arslan Osmana keçirdi. Pəhləvan həm də Qızıl Arslanın nəzarətində olan şəxsi ərazilərini 4 oğlu arasında bölmüşdü. Bu bölgü mahiyyətinə görə zəifliyin və mübahisələrin mənbəyinə çevrilmişdi” (19, s. 180). Qeyd edək ki, alimlərin əksəriyyətinin fikrincə, XII əsrin 80-90-cı illərinin sonu ciddi sarsıntılar, həm də məlumatların az olması səbəbilə elmi tədqiqatlar üçün daha çətin dövrdir. Şiddətli fitnələr və mübahisələr dövrünün ən parlaq və qeyri-adi qadın şəxsiyyəti İnanc xatun idi. O, tanınmış əsilzadə əmirlər nəslindən olan, Reyin nüfuzlu əmiri Üsamə əd-Din İnanc Sunqur bəyin qızı idi (1160-1169). Onun atası– Rey hökmdarı əmir Abbas sui-qəsddə təqsirləndirilərək sultan Məsudun əmri ilə 1147-ci ildə edam edilmişdi. Onun oğlu İnanc Sunqur 1161-ci ildə qiyam qaldırmağa çalışsa da yenidən uğursuzluğa düçar oldu. Yeri gəlmişkən, “İnanc” sözünün mənası Qaşqarinin “Divani lüğət-it türk” əsərində belə verilir:
Güvenlinen, inanılan. Buradan alınarak “İnanç Beg” denir ki “inanılan, itimad edilen Bey” demektir (15, s. 133). (O adamdır ki, ona inanmaq və etibar etmək olar. Buna görə də o bəyi “İnanc bəy” adlandırırdılar ki, ona inanmaq və etibar etmək olar” - N.А.).
Eldəniz Reyi aldı və onu iqta kimi Cahan Pəhləvana verdi. İnanc Arslan şahdan asılılığı qəbul etməyə və qızını Cahan Pəhləvana ərə verməyə məcbur oldu. 1186-cı ildə atabəy Cahan Pəhləvan öləndə onun dul qalmış arvadı tədbirli tərpənərək “özünün iki oğlunun maraqlarını Pəhləvanın kənizlərdən doğulmuş digər iki oğluna qarşı dəstəklədi” (19, s. 180). Burada qeyd etmək lazımdır ki, əl-Hüseyni və Ravəndi yalnız bir kənizdən – türk qızı Quteybə xatundan doğulan oğulun – Özbəyin adını çəkirlər. “Sonunculardan biri olan Əbu Bəkr Qızıl Arslanın xü-susi münasibəti və himayəsi altında idi və Eldənizlərin daha inandırıcı varisi hesab olunurdu. İranın yeni və sonuncu səlcuq Sultanı III Toğrul mənbələrdə çox istedadlı alim və hərbçi kimi təriflənir. “Sonuncu Pəhləvanla xoş münasibətlərdə olsa da Qızıl Arslanın himayəsində özünü o qədər də rahat hiss etmirdi” (19, s. 180). İnanc xatun əvvəlcə Sultan Toğrulla ittifaqa üstünlük verdi. Beləcə, Sultan Qızıl Arslanla birgə Əbu Bəkrə qarşı Qutlu İnanc Məhəmmədlə birləşdi. İnanc xatun uğura ümid edirdi, belə ki, 1188-ci ildə Toğrul Həmədan yaxınlığında Qızıl Arslanın müttəfiqi xəlifənin ordusunu darmadağın etmişdi. Lakin o, ifrat qəddar rəftarına və Həmədanda düşməni kütləvi təmizləməsinə görə dəstəyini itirdi. Əl-Bundariyə əsaslanan Kembricin müəllifləri qeyd edirlər ki, 1190-cı ildə Toğrulun Qızıl Arslana məcburi təslimindən sonra sonuncu Toğrulu və onun oğlu Məlik şahı Təbriz yaxınlığında zindana saldı.
İnanc xatunun Qızıl Arslana ərə getməsinin dəqiq vaxtı qeydə alınmayıb. Amma sultanlığa yiyələnmək məqsədilə apardığı təkəbbürlü siyasəti və qəzəbli davranışı ilə əhatəsini sadəcə qorxudan Qızıl Arslan 1191-ci ildə ona edilən sui-qəsd nəticəsində öz yataq otağında öldürüldü. Kembricin müəllifləri çox da kasıb olmayan mənbə bazasına baxmayaraq belə qənaətə gəlirlər ki, Qızıl Arslan müəmmalı şəraitdə - ya əmirlərindən birinin əli ilə, ya da İnanc xatunun əli ilə öldürülüb. Z.Bünyadov isə müxtəlif versiyalar arasında (7, s.89) Sibt əl-Cauzinin (VIII, 406) və Ravəndinin (333) məlumatlarını da qeyd edir. Onlar Qızıl Arslanın qatilinin İnanc xatun olması fikrində olmuşlar. Ravəndinin məlumatına görə Cahan Pəhləvanın dul qalmış digər qadını Quteybə xatun isə Qızıl Arslanın barmağından üzərində sultan monoqramları və işarələri olan üzüyü çıxararaq oğlu Əbu Bəkrə verir və deyir: ”Yola düş, Azərbaycan və Arran üzərindəki hakimiyyəti ələ al” (7, s. 89). Həmin gecə Əbu Bəkr Cahan Pəhləvanın dul qalmış digər arvadı Zahidə xatunun sərəncamında olan Əlincə qalasına (Naxçıvan) yola düşür. Lakin tezliklə başda Qutlu İnanc Mahmud və III Toğrul olmaqla İnanc xatunun oğlanları arasında tayfa müharibəsi başlayır ki, o da sonuncunun qələbəsi ilə bitir. Belə böhranlı vəziyyətdə İnanc xatun III Toğrula məktub göndərir: “Mən sənə meylimdən heç zaman əl çəkməmişəm və sənin düşmənlərinə düşmən olmuşam... Mənim çoxlu pulum və var-dövlətim var. Əgər məni qəbul etsən, kənizlərindən biri olaraq sənə xidmət edəcəm, o şərtlə ki, nikah müqaviləsinə razılıq verəcəksən və bu barədə öhdəlik götürəcəksən. Mən sənin yanına Həmədana gələcəm, əlimdəki xəzinəni və pulları tədricən sənə ötürəcəm” (7, s. 91; 5, s. 104а). Toğrul izdivaca razılıq verir, lakin İnanc xatunun qullarından biri tezliklə Toğrula bildirir ki, onun sahibəsi Toğrulun içkisinə zəhər qatıb. Bu məlumatın doğruluğunu yoxlamaq üçün Toğrul İnanc xatunu öz içkisini içməyə məcbur edir. Nəticədə İnanc xatun öz zəhərindən də zəhərlənir (7, s 91). Lakin bu məsələ ilə bağlı başqa versiyalar da var. Məsələn, Ravəndi bildirir ki, (s. 337) İnanc xatun kirişlə (yay ipi) boğulub, əl-Hüseyniyə görə isə o, öz əcəli ilə ölüb. İranın Kembric tarixində göstərilir ki, Toğrulun əmri ilə İnanc xatun edam olunur (19, s.181). Z.Bünyadov yazır ki: ”Həmin dövrdə Atabəylər dövlətinin siyasi həyatında bol olan sui-qəsdlərdə və çəkişmələrdə məşum rol oynamış bu qadının həyatı belə bitdi. Onu da əlavə edək ki, bu şəxsiyyətin hərəkətləri çox güman ki, o dəhşətli dövrün amansız xüsusiyyətləri və qanunları tərəfindən diqtə edilmişdi. İnanc xatunun Möminə xatunda olduğu kimi xidmətlərinin böyük və məqsədlərinin nəcib olmamasına baxmayaraq adı Azərbaycan Atabəylər dövləinin tarixində həmişəlik həkk olmuşdur.
Möminə xatun və onun Naxçıvandakı, həm də Atabəy günbəzi kimi tanınan mavzoleyinə gəlincə, məlumdur ki, atabəy Eldəniz onu arvadının məzarı üzərində ölümünə az qalmış ucaltdırmışdı. Böyük Şəms əd-Din Eldəniz Möminə xatunun ölümündən bir ay sonra vəfat etmişdi (1175), buna görə də mavzoleyin tikintisi yalnız Cahan Pəhləvanın dövründə 1186-cı ilin aprelində başa çatmışdır. Mavzoleyi o dövrün məşhur inşaatçısı Əcəm ibn Əbu Bəkr ən-Naxçıvani tikmişdi.
b) XV əsrin möhtəşəm siyasətçisi və Şərqdə ilk qadın diplomat olan Saray xatunun adı o dövrdə yalnız bölgədə deyil, həm də uzaq Avropada məşhur idi. Əli bəy Bayandurun (Osman Qara Yulukun oğlu) həyat yoldaşı, həm də Ağqoyunlu Uzun Həsənin anası olacaq Sara xatun türk alimi Fərrux Sümerə görə müəyyən dövrlərdə Harput şəhərini idarə etmişdi (22, s.210). Onun diplomatik bacarığından əlavə, sanki dövr də onu bu sahədə yetişdirmişdi. Azərbaycanda Ağqoyunlu sülaləsinin hökmranlığının ilk dövründə Avropa ilə diplomatik əlaqələrin sıx inkişafı başlayır. Bu ənənə hələ Uzun Həsənin babası, Qara Yuluk Osmanın hakimiyyəti illərindən qoyulur, yəni bu əlaqələr Konstantinopolun məşhur kilsəsi Aya Sofyanın günbəzindəki xaçın aypara ilə əvəzlənməsindən hələ çox-çox əvvəl başlamışdı. Uzun Həsənin vaxtında isə bu ənənələr özünün yüksək səviyyəsinə çatır, belə ki, 1453-cü ildə osmanlıların Konstantinopolu fəthindən sonra qərb müəlliflərinin yazdıqlarına görə “Avropa monarxları Osmanlı istilasının böyüməkdə olan təhlükəsi qarşısında əsməyə başlamışdılar” (20, s.175). Halbuki əvvəllər “qeyri-xristian ittifaqı ideyası Qərbdə o qədər də populyar deyildi”, lakin çox tezliklə “inkişaf edən Ağqoyunlu dövləti və onun hökmdarı Uzun Həsən onlar üçün təbii müttəfiqə çevrildi” (6, s. 38). Bu uğurun əsas səbəblərindən biri də “onu həm istedadlı sərkərdə, həm də dövlət başçısı kimi fərqləndirən şəxsi keyfiyyətləri” idi (12, s. 62). Qərb-Şərq münasibətlərində vasitəçi kimi Bizans imperiyasından qalmış Trabzon knyazlığı çıxış edirdi. Trabzonun Ağqoyunlu bəyliyi ilə uzun müddətli əlaqələri vardı. Hələ XV əsrin 40-cı illərində Ağqoyunlu dövlətinin Trabzona mütəmadi yürüşləri Bizans salnaməçilərinə geniş material vermişdi. Orada “Amid türkləri”nin başçısı Əli bəy Elxani Qazan xanın (1295-1304) başçılığı altında 1348-ci ildə ordu Trabzona yürüş zamanı xatırlanır və göstərilir ki, həmin hücum zamanı o, Trabzon qapıları qarşısında yenidən peyda oldu. Lakin Əli bəyin cəhdi uğursuz olur. Şəhəri almaq mümkün olmur. Bununla belə görünür gənc İoann Komnin (III Aleksey) o qədər qorxmuşdu ki, siyasi maraqlar baxımından bacısı Mariya Dəspinənin Fəxr əd-Din Qutlu bəylə izdivacına nail olur (21, s.57-60). Bu nikahın nəticəsində, 1352-ci ildə Ağqoyunlu sülaləsinin banisi Qara Yuluk Osman bəy doğulur. Sonradan o, da Trabzon şahzadəsinə evlənir. Bu ənənəni Uzun Həsən də davam etdirir, 1458-ci ildə Kalo İoannın qızı Dəspinə xatun adı ilə tanınmış Katarina ilə evlənir. Uzun Həsənin atası və Qara Yuluk Osmanın oğlu Əli bəy isə sələflərindən fərqli olaraq nəcabətli Bayandurlu (23, s.272) nəslindən olan məşhur Saray xatunu seçir (12, s. 35-36, 63) və diplomatik əlaqələrin inkişafında möhkəm yer tutmaq məhz ona nəsib olur. Avropa ölkələri bir tərəfdən Osmanlı imperiyasına qarşı Ağqoyunlu ilə ittifaqa, digər tərəfdən müsəlman gücləri arasında qarşıdurmaya təhrikdə maraqlı idilər. Y.Mahmudovun yazdığına görə Venesiyadan göndərilən bütün məktublarda Saray xatunun adı çəkilir, ona xüsusi diqqət ayrılması sərgilənirdi (24, s.48-49). 1461-ci ildə Ağqoyunlu, Trabzon və bir sıra Avropa ölkələrinin ərazi bütövlüyü təhlükə altında idi. Yaranan vəziyyətdə Sara xatun Trabzona hücum ərəfəsində olan II Məhəmməd Fatehlə danışıqların böyük hissəsində iştirak etdi. Gücünü və siyasi vəziyyəti müdrikcəsinə qiymətləndirən Uzun Həsən Sara xatunun rəhbərliyi ilə diplomatik missiyanı Yassıçəmən yaylağındakı düşərgəyə göndərdi. Trabzonu xilas etmək mümkün olmasa da, böyük qonaqpərvərliklə qarşılanan Sara xatun II Məhəmməd Fatehi Ağqoyunluya qarşı müharibə niyyətindən çəkindirə bildi. Onun səyləri nəticəsində, həm də sultanın müəyyən maraqlarına görə sülh müqaviləsi imzalandı. Qarşılıqlı anlaşma şəraitində keçən danışıqlarda Sara xatun və II Məhəmməd Fateh bir-birinə “ana” və “oğul” sözlərini işlədirdilər (11; 26, 227). Osmanlıların Trabzonu almalarından (1461) sonra, onun itirilməsinə əmin olan Sara xatun gəlini Dəspinə xatunun vərəsəlik hüququndan istifadə edərək sultanla Trabzon xəzinəsini böldü və II Məhəmməd Fatehdən aldığı qiymətli hədiyyələrlə geriyə döndü (10, s.54). Əlbəttə ki, Trabzonu itirən Uzun Həsən təkcə sadiq müttəfiqini itirmədi, həm də Qara dənizə yeganə çıxışından məhrum oldu. Lakin bu hadisələrə yekun vuran alman alimi H.Römer belə nəticəyə gəlir ki, sultan faktiki olaraq Uzun Həsənə qalib gələ bilmir. Qeyd edək ki, Trabzondakı Komninlər imperiyası 1458-ci ildən sonra da yaşadı və bir çox qonşuları onunla hesablaşırdı (12, s. 63).
Bu vəziyyət Sara xatunun bacarıqlı danışıqlar aparması qabiliyyətini göstərir. Saray xatunun diplomatik fəaliyyəti və istedadı haqqında danışarkən bu qadının Şirvanşahların ağqoyunlulara qarşı teymurilərə ehtimal olunan köməyinin qarşısının alınmasında oynadığı mühüm rolunu xatırlatmaq zəruridir. Qaraqoyunluların müttəfiqi olan teymurilərin hərbi planlarından xəbər tutan ağqoyunlular Saray xatunu Əbu Səidlə danışıqlar aparmaq üçün teymurilərin düşərgəsinə göndərmişdi. Lakin o, teymuriləri ağqoyunlulara hücum fikrindən daşındıra bilmədi. Amma Şirvanşahlarla danışıqlar çox uğurlu alınmışdı. Məlumdur ki, Əbu Səid qoşunlarını Uzun Həsənin üzərinə aparanda o, düşməni Azərbaycanın dərinliyinə - Muğan düzünə (Kür çayı ilə Xəzər dənizinin arası) qədər çəkə bilmişdi. Uzaq yoldan yorulmuş Əbu Səid sülalələri arasındakı ənənəvi dosluğa istinad edərək Şirvanşah Fərrux Yasara kömək üçün müraciət etdi. O da teymurilər ordusunu ərzaq və hərbi sursatla təmin etməli idi. Bu kömək ilk baxışdan əhəmiyyətsiz görünsə də, əslində döyüşün nəticəsinə həlledici təsir edən amillərdən biri ola bilərdi. Öncə Saray xatun Şirvanşaha müraciət edərək ürəyi riqqətə gətirən sözlərlə onların qardaş olduğunu və ümumi düşmənə qarşı birləşməyin vaxtının çatdığını söyləmişdi. Uzun Həsənin və xüsusilə də Sara xatunun diplomatik səyləri nəticəsində Şirvanşah gözlənilmədən Əbu Səidi dəstəkləməkdən və teymurilərə kömək etməkdən imtina etdi. Əbu Səidin soyuq və aclıqla üz-üzə qalmış ordusu Uzun Həsənin qüvvələrinə qarşı dayana bilmədi, bu da Uzun Həsənin qələbəsinin, Əbu Səidin isə məğlubiyyətinin əsas səbəblərindən biri idi (10; 26,230). Bu hadisələrin böyük əksəriyyəti Y.M.Mahmudovun “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşlıqlı əlaqələri” əsərində parlaq təsvirini tapmışdır. Mənbələrdə Sara xatunun ölümünün dəqiq vaxtı bəlli deyil, lakin onun adı Azərbaycan diplomatiyasının inkişafı tarixində əbədi həkk olunmuşdur.
c). Azərbaycan Səfəvi dövlətinin banisi Şah I İsmayılın həyat yoldaşı Taclı Bəyimin (Bəyim xanım, Xan Bəyim və ya Şah Bəyim) adını da çəkmək yerinə düşür. Onun mənşəyi ilə bağlı bir neçə ehtimal vardır. Qazi Əhmədin “Xülasət-Təvarix”inə (Tehran nəşriyyatı, 1971, s.290) əsasən o, mosullu türkman tayfasından olan Həmzə bəy Bəktaşinin nəvəsi və Məhəmməd bəyin qızı idi. Britaniya alimi Hinz belə hesab edir ki, Taclı bəyim Yaqub Ağqoyunlu Yaqub sultanın qızı idi. Lakin Anciolellonun bizə çatan mənbəsinə baxmayaraq bu ehtimal əsassızdır (17, s.78). “Aləm-Ara-yi Şah İsmayıl” adlı anonim əsərə görə o, Şamlu türkman tayfasından olan Əbdi bəyin qızı idi. Bənzərsiz gözəlliyi və qadın üçün istisna sayılan cəsarət və rəşadəti ilə qardaşı Durmuş xanla yarışır və ona qalib gəlirdi. Mənbələrə görə çox gənc olmasına baxmayaraq İsmayıla bir şərtlə ərə getməyə razılıq verir ki, şah ona oxatma yarışında qalib gəlsin, həmçinin döyüş meydanında ona da döyşməyə icazə verilsin. Türkiyə tədqiqatçısı Tufan Gündüz bu epizodla “Kitab-i Dədə-Qorqud” dastanındakı Banu Çiçək və Beyrəyin əhvalatı arasında maraqlı paralellər aparır (16, s.144). Dastanın üçüncü oğuz boyunu nəzərdən keçirəndə tədqiqatçının müqayisəsi ilə razılaşmaq olar:
(Banu-Çiçək – N.А.) deyir:
- Qulaq as, igid! Heç kim mənim atımı ötməyib, heç kim mənim oxumu qırmayıb. Gəl qurşaq döyüşünə çıxaq!..
Beyrək özünü itirir – necə olsun?
- Əgər qız məni məğlub etsə, - fikirləşir, - Böyük oğuzlar arasında xəcalətimdən yer tapa bilməyəcəm, üzümə güləcəklər! (9, s.67)
Taclı bəyimin əsirlikdə olması məsələsinə gəlincə, tarixşünaslıqda bunu təsdiqləyəcək konkret məlumat yoxdur, belə ki, Həsən bəy Rumlunun (3) və İsgəndər bəy Münşinin (1) daha fundamental əsərlərində onun Çaldıran döyüşündə iştirakı barədə heç nə danışılmadığı kimi, Heydər Çələbidə də əsir düşmüş hərəm qadınları arasında belə ad keçmir. Başqa türkiyəli tədqiqatçı Tulun Dəyirmançı çox doğru olaraq qeyd edir ki, bu mövzu uzun müddət Azərbaycan və Türkiyə tarixşünaslığı arasında münaqişəli mövzulardan biri olub. Nəzərdən keçirilən dövr Osmanlı və Səfəvilər arasında düşmənçilik münasibətlləri dövrü olduğundan, bütün türk mənbələri Səfəviləri xoşagəlməz vəziyyətdə təqdim etməyə çalışıblar və yaxud əksinə... Buna görə də Osmanlı mənbələrinin məlumatları əksər hallarda qeyri-obyektivdir, Səfəvi mənbələrində isə Taclı Bəyimin Çaldıranda iştirakı ümumiyyətlə işıqlandırılmır. Lakin bu ayrıca mövzudur və bizim araşdırdığımız məsələdən kənardır. Həm bu, həm də başqa hallarda Taclı Bəyim türk (türkman) qızılbaşlar nəslindən idi və tarixdə fantastik cəsarəti, fərasəti və zəkası, həqiqətdə döyüş meydanında savaşmaq üçün qəhrəman qadınlardan bütöv dəstələr yaradan əfsanəvi qadın izi qoymuşdur. Onun əsas xidməti bunda idi. Bundan əlavə, Taclı Bəyimin dövlətdə xüsusi təsiri var idi, böyük Şah İsmayılın inam və məhəbbətini qazanmışdı.
Yuxarıda deyilənlərə əsaslanaraq biz bütün bu şəxsiyyətlərin tariximizin hadisələrinə və gedişinə həqiqətən də lazımi təsir göstərdiklərinə əmin olmaq imkanı əldə etdik.
ədəbİyyat
1.İskəndər bəy Munşı.Tarix-i aləmara-yi Abbası (Abbasın dünya bəzəyən tarixi).Tərcümənin müəllifləri O.Əfəndiyev, N.Musalı. I c. Bakı, 2009.
2.Fərzəlibəyli Ş.F. Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlər). Bakı, 1999.
3.Fərzəliyev Ş.F. Azərbaycan XV-XVI əsrlərdə (Həsən bəy Rumlunun “Əhsənut-təvarix” əsəri üzrə). Bakı, 1999.
4.Fərzəliyev Ş.F. Səfəvi hökmdarı I Şah Tahmasibin qızı Pərixan xanımın həyatı və fəaliyyətı barədə bəzi məlumatlar. AMEA-nın Tarix İnstitutu. Elmi əsərlər, 2007, c. 19, s. 25-46.
5.Ал-Хусайни. Axбар ад-даулат ас-Сельджукийа. Перевод и примечания З.М.Буниятова. Москв, 1980.
6.Ахундова Н.Ф. Азербайджанские государства в 15-16 вв. по материалам «Кембриджской истории Ирана». Баку, 2015.
7.Буниятов З.М. «Государство Атабеков Азербайджана: 1136-1225 гг.». Баку, 1978, 271с.
8.Велиев С. Момине хатун. Женщина, определившая историю Азербайджана в 12 в. Баку, 2011, с. 10.
9.Книга отца нашего Коркута. Перевод с древнетюркского Аллы Ахундовой. Баку, 1989.
10.Махмудов Я.М. Взаимоотношения государств Аккоюнлу и Сефевидов с западно-европейскими странами. Баку, 1991.
11.Рансимен С. Падение Константинополя в 1453 г. Гл. 12. Европа и завоеватель. Византия./www.dic.academic.ru/.
12.Туркмакнские династии (выдержки из «Кембриджской истории Ирана» об истории азербайджанских государств Каракоюнлу и Аккоюнлу). Пер. с англ. и комментарии Н.Ф.Ахундовой. Баку, 2016.
13.Эфендиев О.А. Азербайджанское государство Сефевидов в XVI в. Баку, 1981.
14.Эфендиев О.А. Образование Азербайджанского государства Сефевидов в начале XVI в. Баку, 1961.
15.Divanü Lüğat-it-Türk tercümesi. Çeviren B.Atalay. c. I. İstanbul.
16.Gündüz T. Qızılbaşlar, Osmanlılar, Səfəvilər. İstanbul, 2015.
17.Нinz W. Uzun Hasan ve Şey Cüneyd (15 yüzyılda İranın milli bir devlet haline yükselişi). Çeviren: T.Biyiklioğlu. Ankara, 1992.
18.Togan Z.V. Ümumi Türk tarihine giriş, c. 1, En eski devirlerden 16. asra kadar. İstanbul: 1981.
19.The Cambridge history of Iran. London. Cambridge University Press. V. 5, 1968.
20.The Cambridge history of Iran. London. Cambridge University Press. V. 6, 1986.
21.Мiller. Trebizond, the last Greek Empire. London, 1926.
22.F.Sümer. Doğu Anadolu da Moğol və Türkmen Devletlerine Ait Bazı Tarihi Yapılar Hakkında Düşünceler. Belleten, Ankara, 1990.
23. Sümer F. Akkoyunlular. İstanbul, 2 cildin II-ci c.,1989.
24.Mahmudov Y.M. «Sara Xatun», Azərbaycan diplomatiyası, Bakı, 1993.
25.F.Babinger. Mehmed the Conqueror and his time. Translated by R.Manheim. Princeton, 1978.
26. T.H.Nəcəffli. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri. Bakı, 2012.
Key words: Mumine khatun, Saray khatun, Tajlu Begim, diplomacy, politics, history.
Ключевые слова: Мумине-хатун, Сара-хатун, Таджлу Бегим, дипломатия, политика, история.
Açar sözlər: Möminə xatun, Sara xatun, Taclı Bəyim, diplomatiya, siyasət, tarix.
A few famous women from Azerbaycan history at the rule’s period of Atabeg’s, Aq Qoyunlu and the Safavid dinasties
SUMMARY
During the centuries in the history of Azerbaijan ,women were taking a special place. There were diplomats, politicians and warrior among them. It would be a long list of such prominant women’s names but some of them played a special role in the history of the statehood of our country: the personality of Saray khatun, Tajlu Begim, Mumine khatun. Mumine khatun founded the bases of the seriouse woman’s institute of the state manegment of the Atabeg’s. She really advantaged the determination of the historical destiny of Azerbaijan in XII-th c.
Несколько знаменитых женщин из истории Азербайджана в период правления Атабеков, Аккоюнлу и Сефевидов
Резюме
На протя
жении веков женщины в политической истории Азербайджана всегда занимали особое положение. Среди них были и дипломаты, и воины, и политики, и поэтессы, и, просто напросто, личности, которые проворачивали величайшие дворцовые интриги, так или иначе меняющие или влияющие, в определённых случаях, на ход истории. Можно было бы составить длинный перечень их имён, но, пожалуй, остановимся на некоторых из них, оставивших многовековой след в истории государственности страны: личности Сарай-хатун, Таджлу Бегим и, в особенности, Мумине-хатун, заложившей основы целого , по сути своей, института женского управления в государстве Атабеков и, безусловно, сыгравшей ту значимую роль, которая во многом определила историческую судьбу Азербайджана в XII в.
Nərgiz Axundova,
Tarix üzrə fəlsəfə doktoru
"Geostrategiya" jurnalı № 04 (34) İYUL-AVQUST 2016
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM