Xəzər hövzəsinin geosiyasi xarakteristikası və müasir dünya siyasətindəki rolu (II)

12:22 / 26.11.2016

Əli Həsənov

Tarix elmləri doktoru, professor

 (əvvəli burada) 

http://az.strategiya.az/index.php?do=xeber&id=73808  

Xəzər hövzəsi həm də Avrasiyanın və dünyanın transmilli nəqliyyat-kommunikasiya sisteminin ən vacib və həlledici halqalarından biri hesab olunur. Dənizin hər iki sahilini Şərqin və Qərbin inkişaf etmiş həmsərhəd ölkələri ilə birləşdirən və əlverişli coğrafi- geoiqtisadi məkan sayılan Xəzər hövzəsi geoiqtisadi xarakteristikasına görə də mühüm əhəmiyyət kəsb edir. Hövzə Şərqlə (Cənub-Şərqi Asiya və Çin) Qərbi (Şərqi və Qərbi Avropa) və Şimalla (Rusiya və Uzaq Şərq) Cənubu (İran və Yaxın-Orta Şərq) birləşdirən ən əlverişli nəqliyyat-kommunikasiya dəhlizinin keçdiyi məkan hesab olunur. Hesablamalara görə, Aralıq dənizindən Sakit okeana qədər olan böyük bir planetar məkanın nəqliyyat-kommunikasiya və ticarət əlaqələrinin qurulmasında həm keçmiş SSRİ dövründə, həm də müasir dövrdə ən qısa və əlverişli dəhliz məhz Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya və Cənubi Qafqaz hesab olunur. Hazırda müxtəlif qitələri birləşdirən transmilli ticarət, enerji mübadiləsi və digər geoiqtisadi əlaqələr ən qısa və əlverişli marşrutlar, enerji dəhlizi və kommunikasiya xətləri də, mütəxəssislərin fikrinə görə bu bölgədəki ölkələrin ərazilərindən keçir.
XX əsrin 90-cı illərinin sonlarından başlayaraq bölgənin quru, su və dəmiryolu şaxələri ətraf ölkələrin bir-biri və transmilli dünya ilə reallaşdırdığı geoiqtisadi əlaqələrinin əsas ağırlıq mərkəzinə çevrilir. Dünyanın və regionun aparıcı dövlətləri, Xəzər ətrafındakı ölkələr və bir çox transmilli nəqliyyat korporasiyaları bir araya gələrək hövzənin əlverişli nəqliyyat-kommunikasiya dəhlizlərindən səmərəli istifadənin yeni marşurutlarını müəyyən edərək icrasına qərar verdilər. TRASEKA layihəsi çərçivəsində Şərqlə Qərbi birləşdirən TRANSAVRASİYA və “Şimal-Cənub” marşurutu çərçivəsində dünyanın zəngin regionlarını birləşdirən yeni nəqliyyat-kommunikasiya marşrutunun dövriyəyə buraxılması istiqamətində mühüm işlər görülür. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı ölkələri, Çin, Yaponiya kimi beynəlxalq, Rusiya, Türkiyə, İran kimi region dövlətləri, o cümlədən bölgənin müstəqillik əldə etmiş yerli ölkələri getdikcə güclənən beynəlxalq ticarət-iqtisadi əlaqələrində bu marşrutlardan istifadə etməyə başlayırlar.
Hövzədə yeni nəqliyyat-kommunikasiya layihələri çərçivəsində bir neçə il ərzində Xəzər hövzəsi və Cənubi Qafqazda görülən işlər- köhnə nəqliyyat infrastrukturlarının təmiri, yeni transmilli nəqliyyat arteriyalarının, marşurutlarının müəyyən olunması və inşasına başlanması bölgənin nəqliyyat-kommunikasiya və tranzid-keçid imkanlarını xeyli genişləndirdi, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat-kommunikasiya sisteminin fəaliyyətinə və s. geoiqtisadi əlaqələrə dinamizm gətirdi, hövzəni beynəlxalq aləmin transmilli fəaliyyət meydanına çevirdi.


Xəzər hövzəsi Mərkəzi Asiya və Cənubi Qafqazla birlikdə Kontinental Avrasiyanın həm də əsas açar geostrateji məkanlarından, xüsusi hərbi-geostrateji əhəmiyyətli bölgələrindən biri kimi dünyanın diqqətini özünə cəlb edir. Hövzə ətraf ölkələrin əraziləri ilə birlikdə geostrateji anlamda “strateji planetar məkan” əhəmiyyəti kəsb edərək (geostrateji kod) özünün dünyadakı mövcud ərazi-coğrafi xarakteristikası ilə xüsusi seçilir. Təsadüfi deyil ki, hövzə bütün dövrlərdə xarici aləmin və regionun xüsusi hərbi-geostrateji rəqabətinə və qarşıdurmalarına meydan olmuş, Rusiya, Türkiyə, İran kimi böyük region dövlətlərinin və onların beynəlxalq müttəfiqlərinin strateji maraq mübarizəsini şərtləndirmişdir. Hazırda həm Qərb- ABŞ və onun NATO üzrə müttəfiqləri, həm Rusiya və onun KTMT üzrə müttəfiqləri, həm də ayrılıqda İran kimi ölkələr Xəzər hövzəsinin hərbi-geostrateji hədəflərinə sahib olmaq, yaxud mövcud mövqelərini qoruyub saxlamaq uğrunda ciddi rəqabət aparırlar. Xüsusən, Rusiya və İran ABŞ-ı, Türkiyəni və onların NATO üzrə müttəfiqlərini bu bölgəyə buraxmamaq istiqamətində kompromissiz mübarizə aparırlar. Şimali Atlantika alyansı isə öz tərəfdaşları ilə birlikdə hərbi-geostrateji cəhətdən “açar məkan” hesab olunan Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaza daxil olmağa və orada möhkəmlənməyə, Rusiya və İranın bölgədəki ənənəvi üstün geostrateji mövqelərini zəiflətməyə, bölgə ölkələrinin milli orduları ilə əməkdaşlıq və tərəfdaşlıq kursu yürüdərək öz mövqelərini gücləndirməyə can atırlar. Göründüyü kimi, üçüncü minilliyin başlanğıcından Xəzər hövzəsinin beynəlxalq sülh və təhlükəsizlik üçün kəsb etdiyi hərbi-geostrateji əhəmiyyət, regionda dünya güclərinin və böyük dövlətlərin geoiqtisadi, geosiyasi və hərbi-strateji maraq dairələrinin kəsişməsi, fərqli dinlərin və sivilizasiyaların intensiv təmas nöqtəsinə çevrilməsi və s. üstünlükləri də bölgəni Avrasiya və dünya geosiyasətinin əsas mərkəzlərindən birinə çevirdi.
Xəzər hövzəsi özünün beynəlxalq dəyəri, zəngin və əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji resursları ilə yanaşı, həm də regionun müxtəlif xalqlarının yaşadığı, ölkələrinin mövcud olduğu konkret bir sivilizasiya meydanı, milli-etnik yaşayış məskəni və coğrafi məkandır. Hər bir Xəzər hövzəsi ölkəsi bölgədə milli maraqlarını təmin etmək məqsədi ilə daxili və xarici siyasət prioritetlərini formalaşdırır, başqa dövlətlərlə siyasi, iqtisadi, hərbi və mədəni qurumlar yaradır, transmilli və regional inteqrasiya proseslərində iştirak edir. Təbii ki, bu zaman ölkələrin bəzən bir-biri ilə və regionda marağı olan digər dövlətlərlə geosiyasi, hərbi-strateji və geoiqtisadi maraqları toqquşur, bəzən də üst-üstə düşür. Buna görə də Xəzər hövzəsi əhatə etdiyi ölkələrin maraq və mənafe dairəsinin, xarici siyasət istiqamətləri və yönlərinin müxtəlifliyi, dövlət idarəçilik sistemlərinin xarakteri və s. baxımından da çox mürəkkəb regiondur. Hövzədə həyata keçirilən qlobal transmilli layihələr, yerli ölkələrin demokratik transformasiyası, iqtisadiyyatının liberallaşdırılması və bölgədaxili siyasi, iqtisadi, mədəni inteqrasiya proseslərində fərqli maraqları təmsil edən onlarla müxtəlif dövlət, hökumətlərarası birlik, QHT-lər və digər geosiyasi aktorlar iştirak edir.
Xəzər hövzəsinin ümumi geosiyasi münasibətlərin mürəkkəbliyi, ilk növbədə bölgə ölkələri arasındakı inkişaf istiqamətlərinin fərqliliyi, regional münaqişələrin mövcudluğu, transmilli və milli maraqların kəsişməsi, xarici geosiyasi güclərin təsiri və s. amillərlə izah edilir. Region ölkələrinin qarşısında qloballaşmanın irəli sürdüyü iqtisadi və sosial yeniləşmə, liberallaşma və demokratik transformasiya kimi tələblərin ciddi bir vəzifə kimi dayandığı müasir dövrdə, bölgədə geoiqtisadi inteqrasiyaya, vahid geostrateji struktura, ölkələrarası bərabərhüquqlu əməkdaşlığa, sabit və təhlükəsiz birgəyaşayışın formalaşmasına region və beynəlxalq qüvvələrin yürütdüyü siyasət də müvafiq təsir göstərir. Hövzə ölkələrinin inkişafı, bölgənin sabitliyi və sivil formada beynəlxalq münasibətlərə qatılması bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıqdan, hər bir dövlətin beynəlxalq hüquq normalarına, özünün və qonşularının suveren hüquqlarına və geosiyasi mənafelərinə hörmətlə yanaşmasından asılıdır.
Beləliklə, göründüyü kimi, Xəzər hövzəsi hazırda bir tərəfdən beynəlxalq güclərin, ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə, İran, Çin və Yaponiya kimi böyük ölkələrin maraqlarının təmsil olunduğu, digər tərəfdənsə yerli dövlətlərin yerləşdiyi və məxsusi maraqlarını təmin etməyə çalışdığı mürəkkəb bir geosiyasi məkan hesab olunur. Mütəxəssislər müasir dövrdə Xəzər hövzəsini sözün həqiqi mənasında, dünyanın gələcək geosiyasi taleyinin müəyyənləşdiyi və beynəlxalq münasibətlərin dinamik cərəyan etdiyi əhəmiyyətli məkanlardan biri kimi dəyərləndirirlər. Dünyanın artan enerji və xammal ehtiyaclarını ödəmək qabiliyyəti olan bu bölgə keçən illərdə yüz milyardlarla dollarlıq xarici investisiyanın yatırıldığı, ən qabaqcıl texnologiyaların tətbiq edildiyi və nəhəng transmilli layihələrin reallaşdığı önəmli bir geosiyasi mərkəzə çevirmişdir. Xüsusilə, Azərbaycan, Qazaxıstan və Türkmənistanın enerji mənbələrinin, neft-qaz yataqlarının istismarına, sərbəst və əlverişli marşrutlarla dünya bazarlarına daşınmasına və satışına yönəlmiş, həm Qərb, həm də Şərq ölkələrinin cəlb olunduğu nəhəng transmilli layihələr dünya güclərinin əsas diqqətini bu regiona cəlb etmişdir.
Dövlətlərarası beynəlxalq münasibətlər və milli maraqlar uğrunda müasir dövrdə Xəzər hövzəsində aparılan mübarizə əsasən bir neçə istiqamət üzrə cərəyan edir. Bunlar:
• regionun böyük dövlətlərinin (Rusiya, İran, Türkiyə, Çin və s.) ayrı-ayrılıqda təzahür edən maraqları;
• dünyanın digər böyük dövlətləri və dövlət birliklərinin maraqları: Buraya ABŞ, Avropa İttifaqı və onun bəzi üzv dövlətlərini (Böyük Britaniya, Fransa, Almaniya), Yaponiya və Çini aid etmək mümkündür;
• regionun mühüm geosiyasi və geostrateji əhəmiyyət kəsb edən yerli dövlətlərinin milli maraqları: Bu sıraya Azərbaycan, Ukrayna, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Türkmənistan və digər region dövlətlərini aid etmək olar.
Hövzədə cərəyan edən əksər beynəlxalq, regional və lokal proseslər, nəhəng transmilli layihələrin reallaşdırılması, fərqli-fərqli sahələr üzrə maraq mübarizələri və s. məhz bu üç qrupun birbaşa iştirakı ilə həyata keçirilir. Bu qruplar hövzənin ümumi geosiyasi vəziyyətinə, yerli və beynəlxalq aktorların bölgədəki geosiyasi hərəkətlərinə, müxtəlif təsir dairələrinin bölünməsinə, regionda fəaliyyət göstərən dövlətlərin və şirkətlərin geosiyasi strategiyalarının mümkün inkişaf ssenarilərinin qurulmasına da ciddi təsir göstərirlər. Məhz elə bu fonda da hövzədə yaşanan beynəlxalq münasibətlər və dövlətlərarası geosiyasi əlaqələr, kifayət qədər mürəkkəbliyi və dinamizmi ilə fərqlənir. Bu mürəkkəblik və dinamizm bəzən transmilli, regional, yerli maraqların ciddi toqquşması, bəzənsə ortaq mənafelərin nəzərə alınması və konstruktiv uzlaşma siyasəti ilə xarakterizə olunur. Hazırda bölgənin yerli, regional və transmilli inkişaf meyilləri və maraqlar sistemi nə qədər mürəkkəb və ziddiyyətli görünsə də, Xəzər hövzəsi və Cənubi Qafqazın hamı tərəfindən qəbul olunmuş geosiyasi statusu, geniş geoiqtisadi, tranzit- keçid imkanları və s. həm əksər region ölkələrinin sağlam rəqabət maraqlarına şərait yaradır, həm də bütün dünya dövlətlərini bölgənin iqtisadi və siyasi həyatına maraq göstərməyə, yerli ölkələrlə hərtərəfli əməkdaşlığa sövq edir. Əlbəttə, Rusiya və digər böyük region dövlətləri kimi, Qərb dövlətləri də bölgədə geoiqtisadi maraqlarını təmin etməyə çalışırlar və bu da beynəlxalq hüquqa tam uyğundur.
Xəzərdə transmilli dünyanı ilk növbədə Qərb ölkələri və şirkətləri təmsil edir. Qərbin transmilli maraqlarının əsas daşıyıcısı rolunda, ilk növbədə ABŞ və onun NATO üzrə müttəfiqləri, Avropa İttifaqının iri dövlətləri çıxış edir. Bundan başqa, transmilli maraqların təmsilçiləri sırasında Çin, Yaponiya, Cənubi Koreya kimi böyük ölkələri təmsil edən qlobal korporasiyalar da çıxış edirlər. Son dövrlərdə hövzənin geosiyasi həyatında, xüsusən dənizin Asiya hissəsində Çinin fəallığı diqqət çəkəçək dərəcədə müşahidə olunur. Məlum olduğu kimi, Çin SSRİ-nin süqutundan sonra dünyada xalqların və dövlətlərin milli maraqlarının «ədalətli və obyektiv təmsilçisi» qismində, «yeni dünya nizamı şəraitində təkqütblü ABŞ hegemonluğunun ən böyük opponenti» kimi çıxış edir. Bu dövlət son illərdə Xəzər bölgəsini hərtərəfli tədqiq edərək, onun xammal mənbələrinə, nəqliyyat-kommunikasiya imkanlarına, satış bazarlarına daxil olmanın və regionda təmsilçiliyin məxsusi strategiyasını hazırlamışdır.
Hövzədə regional maraqların ənənəvi təmsilçisi və öz həlledici təsirini nəyin bahasına olursa-olsun qorumağa çalışan əsas dövlət Rusiya Federasiyasıdır. Rusiyadan başqa, Xəzərdə ən fəal regional siyasət yürüdən və öz maraqlarının pozulması ilə barışmayan digər böyük ölkələr İran və Türkiyədir. Regionun digər böyük dövlətləri - Ukrayna, Belarus, Polşa, Rumıniya və Bolqarıstan kimi ölkələri Xəzər hövzəsində müəyyən fəaliyyət göstərsələr də, bölgənin ənənəvi geosiyasi oyunçuları hesab olunmurlar.
Xəzər hövzəsinin regional geosiyasi vəziyyətini və ölkələrarası münasibətlərin mürəkkəb xarakterini müəyyən edən səciyyəvi cəhətlərdən ən əsası da bölgədə arxasında Rusiya, Türkiyə, İran kimi böyük ölkələrinin dayandığı və müxtəlif maraq daşıyıcısı olan gizli geosiyasi qruplaşmaların mövcudluğudur. Adı keçən ölkələrinin hər birinin Xəzər hövzəsində ayrı-ayrılıqda və tərəfdaşları ilə birlikdə fərqli maraq çərçivəsi və strateji hədəfləri mövcuddur. Regionun üç aparıcı dövlətinin bir-birindən fərqli maraq çərçivəsinə malik olması müvafiq olaraq bölgənin həm geosiyasi və geoiqtisadi, həm də hərbi-geostrateji inteqrasiya proseslərinə təsirsiz ötüşmür və regional geosiyasi qruplaşma meyillərinə şərait yaradır. Regional güclərin hər biri bölgədə öz məqsədi və marağına müvafiq olaraq, digər yerli ölkələri ətrafında, yaxud təsir dairəsində saxlamağa cəhd göstərir. Məsələn, Rusiya özünün böyük dövlət statusu və keçmişdə «SSRİ-nin yaratdığı iqtisadi, siyasi, sosial və mədəni inteqrasiya reallıqlar»dan çıxış edərək xüsusi- üstün regional geosiyasi statusa can atdığı halda, İran özünəməxsus üsullarla “islamyönlü” siyasət yürüdərək, bölgənin müsəlman əhalisinin say üstünlüyündən öz maraqları naminə istifadə etməyə çalışır. O ki qaldı Türkiyəyə bu dövlət Xəzər hövzəsində daha çox türkdilli xalqlar və dövlətlərin dəstəyinə, eyni zamanda, Qərbə ən yaxın və Avropa dəyərlərini daşıyan modern dövlət statusu ilə regionun qərbyönlü ölkələrinin etimadına iddia edir.
Hazırda hövzədə Rusiyanın geosiyasi, geostrateji və geoiqtisadi mövqeləri digərləri ilə müqayisədə daha üstün görünsə də, bütövlükdə regionun və yerli müstəqil ölkələrin malik olduğu beynəlxalq status onu da yeni geosiyasi şəraitlə üz-üzə qoymuş və bölgəyə artan xarici maraqlarla hesablaşmaq məcburiyyəti ilə üzləşdirmişdir. Digər tərəfdən, Xəzər hövzəsində ABŞ, Qərb dövlətləri, Çin, Yaponiya, İran və Türkiyənin illərdən bəri planlaşdırdığı, lakin reallaşdırılması mümkün olmayan geosiyasi fəaliyyətinəf də kifəyyət qədər münbit şərait yaranmışdır.
O ki qaldı hövzənin yerli ölkələrinin regiondakı geosiyasi mövqeləri və bir-biri ilə münasibətlərinə, qeyd etmək lazımdır ki, bu münasibətlər bəzi regional və regiondankənar qüvvələrin müəyyən təsiri altında hərdən mürəkkəb və rəqabətli görünsə də, daha çox əməkdaşlıq və tərəfdaşlıq xarakteri daşıyır. Xəzərin yerli ölkələri arasında bəzi məsələlər üzrə kifayət qədər yaxın dost və tərəfdaşlıq münasibətləri olsa da, digər məsələlərdə hərdən siyasi fikir ayrılığı, kənardan qızışdırılan ərazi, etnik, dini və s. xarakterli problemlər müşahidə olunur. Pozulması daha çox xarici təsirdən asılı olan bu tipli həssas geosiyasi münasibətlər, daha çox hövzənin Orta Asiya ölkələri, bir qədər az formada digər bölgə dövlətləri arasında yaşanır ki, bu da Xəzərin ümumi geosiyasi vəziyyətinə, xarici investisiyalar üçün cəlbedicilik əmsalına və s. transmilli dəyərlərə mənfi təsir göstərir. Xəzəryanı ölkələr arasında kənar qüvvələrin təsiri ilə zaman-zaman alovlandırılan və sonradan acı fəsadları on illərlə yaşana biləcək sərhəd-ərazi, etnik-milli və dini münaqişələr üçün münbit şəraitin mövcudluğu haqqında dünyanın məşhur siyasətşünasları da öz fikirlərini bildirmişlər. (3, s.151)
Müstəqilliklərinin ilk illərində Xəzər hövzəsinin SSRİ tərkibindən ayrılmış dövlətləri Qərblə Rusiya arasında müəyyən mənada geosiyasi seçim qarşısında qalmışdılar. Bu ölkələr Qərblə əlaqələrə daha çox iki anlamda meyil göstərirdilər:
- öz müstəqilliklərinin daimiliyinə əlavə təminat almaq;
- Qərbin köməyi ilə postsovet məkanında mövcud olan iqtisadi böhrandan çıxmaq, maliyyə dəstəyi almaq və qabaqcıl texnologiyaları öz iqtisadiyyatlarına cəlb etmək.
Əslində, ikinci amil əsasında 1992-1998-ci illərdə bu ölkələr Qərbə xeyli yaxınlaşdı və həmin fonda Rusiya getdikcə bölgədə, bütövlükdə Xəzər hövzəsində öz geosiyasi təsirini sürətlə itirməyə başladı. Lakin 1990-cı illərin sonundan hövzənin Orta Asiyadan olan dövlətləri geosiyasi və geoiqtisadi maraqlarını daha çox Qərbə deyil, Rusiyaya doğru yönəltməyə başladılar. Bu “geosiyasi dönüş” əsasən onunla bağlı idi ki, Qərbin bəzi transmilli institutları və rəsmi dairələri Xəzər hövzəsində möhkəmləndikcə tədricən yerli ölkələrin hakimiyyət strukturlarına qarşı müxalif mövqe sərgiləməyə və onları ABŞ-da işlənib hazırlanmış “dünyanın vahid demokratikləşmə dalğası” adlanan sürətli axına qoşmağa çalışdılar. Qərbin “bütün dünya ölkələrini qısa müddətdə və eyni standartlarla demokratikləşdirmək istəyi” əksər hövzə ölkələrinin milli və vətəndaş maraqları ilə, siyasi elitanın hakimiyyət mənafeləri ilə üst-üstə düşmürdü və bu ziddiyyət açıq-aşkar sezilirdi. Xəzəryanı dövlətlərinin əksər siyasi elitası ölkələrinin siyasi maraqlarını “Qərbin şübhəli və müəyyən mənada qeyri-səmimiliyi heç kimdə şübhə doğurmayan demokratiya tələblərindən” daha üstün tutaraq, daha çox Rusiyaya və bir-biri ilə münasibətlərə üstünlük verməyə başlayırlar.
1990-cı illərin sonlarından etibarən Xəzərin Orta Asiyanı təmsil edən əksər ölkələrində o zaman ABŞ və Qərbin elçisi sayılan Türkiyəyə münasibətdə ciddi praqmatik yanaşma nümayiş olunmağa başlandı. Bu ölkələr Türkiyənin ciddi texnoloji və maliyyə imkanları, qabaqcıl iqtisadi quruluşu və demokratiya sahəsindəki təcrübəsinə bir o qədər də əhəmiyyət vermədən Rusiya ilə strateji əməkdaşlıq münasibətlərini dərinləşdirmək yolunu tutdular. Beləliklə, o dövrdən hövzənin Asiya səmtini təmsil edən dövlətlər Qərblə Rusiya arasındakı balanslaşdırılmış siyasətlərini tədricən ikincinin xeyrinə dəyişməyə başladılar. Bu vəziyyət Rusiyanın da bəhs olunan ölkələrlə bağlı geosiyasətində yeni meyillər yaratmağa başladı. Rusiya onların hərbi-geostrateji mövqeləri istisna olmaqla, qalan digər geosiyasi, geoiqtisadi və milli-mənəvi maraqlarına daha sayğı ilə yanaşmaq yolunu tutdu. Politoloqlar Rusiyanın bu cür mövqe tutmasını prezident V.Putinin hakimiyyətə gəlməsi ilə əlaqələndirirlər.
Politoloqların fikrinə görə, Xəzər hövzəsi dövlətlərinin milli geosiyasi maraqları ilk növbədə regionun sabitliyindən, xarici investisiyaların və texnologiyaların azad rəqabət şəraitində bölgəyə yönəldilməsindən, bütün qonşu dövlətlərlə (Rusiya, Çin, İran, Türkiyə, Pakistan) və Qərb dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıqdan keçir. Lakin, Rusiyanın regiondakı üstünlüyü ilə bölgə ölkələrinin milli maraqları həmişə üst-üstə düşmür. Bəzən Çin, Cənubi Koreya, Yaponiya və Qərb ölkələrinin daha əlverişli şərtlərlə təklif etdiyi qlobal layihələri Rusiya müxtəlif təzyiq vasitələrilə rəqabətdən kənar əldə edir və öz niyyətlərini region dövlətlərinin mənafeləri hesabına təmin edir. Artıq qeyd olunduğu kimi, son zamanlar dünyada transmilli maraqların kəskinləşdiyi və geoiqtisadi münasibətlərin şəffaflaşdığı bir şəraitdə Rusiya bölgənin iqtisadi layihələrində xarici aləmlə eyni şərtlər altında daha praqmatik rəqabət aparmağa sövq edilir ki, bu da həm region dövlətlərinin, həm də bütün transmilli tərəfdaşların maraqlarına cavab verir.
Xəzər hövzəsi ölkələrinin bir-biri ilə kifayət qədər intensiv ikitərəfli və çoxtərəfli regional münasibətləri mövcuddur. İran, Türkiyə istisna olmaqla hövzə dövlətlərinin hamısı MDB-nin üzvləridir. Hövzənin Orta Asiyadan olan ölkələri öz aralarında “Mərkəzi Asiya Əməkdaşlıq Təşkilatı” adlı vahid geoiqtisadi qurum yaradıblar. Rusiya istisna olmaqla, əksər hövzə dövlətlərinin daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı (Pakistan da bu qurumun üzüdür), İran və Rusiya istisna olmaqla Türkdilli Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı (İran və Türkmənistan istisna olmaqla) və s. qeyd etmək olar. Əlbəttə, Xəzər hövzəsi ölkələri bu çoxtərəfli əlaqələrə, beynəlxalq və regional qurumlara üzvlüyə ilk növbədə müstəqil dövlətçilik maraqlarını təmin etmək və bir-birilə çoxtərəfli əməkdaşlıq etmək məqsədilə qoşulmuşlar. Lakin onların bəziləri, xüsusən də keçmiş SSRİ-dən ayrılan ölkələr bu regional və beynəlxalq qurumlarda üzvlüyə gələcəkdə Rusiya, yaxud digər böyük dövlətlər tərəfindən öz suverenliklərinə yarana biləcək hər hansı təhlükələrdən sığortalanmaq imkanı kimi də baxırlar. Məsələn, vaxtilə Özbəkistan və Qırğızıstan öz ərazilərində ABŞ qoşunlarının və hərbi bazalarının yerləşdirilməsinə milli müstəqilliklərinə müsbət təsir göstərə biləcək əlavə amil kimi baxırdılar.
Mütəxəssislərin fikrinə görə, Xəzər hövzəsinin Orta Asiyadan olan ölkələri geosiyasi və geoiqtisadi baxımdan Rusiya, Azərbaycan və İranla müqayisadə bir qədər əlverişsiz vəziyyətdədirlər. Onlar dünyanın müxtəlif bölgələri ilə sərbəst enerji ixracı və nəqliyyat-kommunikasiya əlaqələri yaratmaq üçün ilk növbədə Rusiyanın qısqanclığını dəf etmək məcburiyyəti qarşısında qalırlar. Bu ölkələr hazıda Azərbaycan və Gürcüstan vasitəsilə Qərblə, İran vasitəsi ilə Yaxın və Orta Şərqlə, Əfqanıstan və Çin vasitəsilə Şənub Şərqi Asiya ölkələri və s. ilə geosiyasi və geoiqtisadi münasibətlər yaratmağa çalışırlar. Mütəxəssislərin fikrinə görə, Orta Asiya ölkələrinin geosiyasi vəziyyətinin yaxşılaşması, ilk növbədə gələcəkdə onların Qara və Aralıq dənizinə açılan neft və qaz kəmərlərinə, nəqliyyat-kommunikasiya xətlərinə qoşularaq Qərbə, Sarı və Cənubi Çin dənizinə uzanan geosiyasi dəhliz vasitəsilə Şərqə, nəhayyət Fars körfəzinə, İrana uzanan kommunikasiya xətləri ilə Cənuba sərbəst çıxış əldə edə bilmələrindən asılı olacaqdır. (21, s. 436)
Xəzər hövzəsinin Orta Asiyadan olan ölkələrinin geosiyasi vəziyyətinə təsir edən əsas amillərdən biri də onların Rusiya ilə həddən artıq geosiyasi yaxınlığı və hərbi-geostrateji cəhətdən ona bağlılığıdır. Mütəxəssislərin fikrinə görə, Rusiya ilə Orta Asiya ölkələrinin geosiyasi yaxınlığı və hərbi-geostrateji müttəfiqliyini şərtləndirən bir neçə əsas məqam var ki, bölgədə strateji marağı olan və bu maraqları dönmədən reallaşdırmaq əzmi ilə yaşayan hər bir dövlət, yaxud digər geosiyasi aktor bunu mütləq şəkildə nəzərə almalıdır. Özü də bu maraqların bəzisi yalnız Rusiyanın, digərləri isə Orta Asiya ölkələrinin, bəziləri isə hər iki tərəfin mənafelərinə aid edilə bilər. Məsələn, Orta Asiya dövlətlərinin xarici sərhədlərinin qorunması bütövlükdə həm Rusiyanın, həm də bu ölkələrin təhlükəsizlik maraqlarına cavab verdiyi halda, regionun təbii enerji qaynaqlarının daha ucuz qiymətə alınaraq baha qiymətə Qərb ölkələrinə satılması əsasən Rusiyanın geoiqtisadi maraqlarına xidmət edir. Yaxud Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmaqla Orta Asiya ölkələri demək olar ki, öz geostrateji təhlükəsizlik problemlərini rus ordusunun hesabına həll edir və müvafiq olaraq, hər il ordu quruculuğuna, sərhədlərin mühafizəsinə və. s küllü miqdarda əlavə vəsait yönəltmək qayğısından azad olurlar. Lakin, bu ölkələr istənilən anda Rusiya tərəfindən həyata keçirilə biləcək geosiyasi, geoiqtisadi və hərbi- geostrateji təzyiqləri və ondan irəli gələn digər strateji təhlükələri də göz önünə almaq məcburiyyətindədirlər. (21, s. 436-437)
1992-2016-cı illərdə Xəzər hövzəsində mühüm geosiyasi yükə malik bir çox qlobal transmilli və regional layihələr həyata keçirilib ki, onların reallaşmasında yuxarıda adı keçən hər üç qrup ölkələr iştirak ediblər. Bəzi layihələrdə fəallıq ABŞ-a, Avropa dövlətlərinə, Çin, Yaponiya və Cənub-Şərqi Asiyanın digər inkişaf etmiş ölkələri məxsus olubsa, digərlərində Rusiya, İran, Türkiyə və bölgənin digər iri dövlətləri, bəzilərindəsə daha çox transmilli şirkətlər və s. Azərbaycan kimi ölkələr daha təşəbbüskar mövqe sərgiləyiblər. Xəzər hövzəsində xüsusi transmilli əhəmiyyət kəsb edən belə layihələr sırasında ilk növbədə, Xəzərin Avropa hissəsində Azərbaycanın təşəbbüsü ilə reallaşan 1994-cü il “Əsrin kontraktı” neft və 1996-cı ildə Şahdəniz qaz müqavilələrinin, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, TRASEKA layihəsi çərçivəsində Xəzər və Qara dəniz hövzələrini birləşdirən nəqliyyat-kommunikasiya xətlərinin, Bakı-Tbilisi-Kars dəmir yolunun, Cənub qaz dəhlizi çərçivəsində 2012-2015-ci illərdə inşasına başlanılan TANAP, TAP və Şahdəniz 2 layihəsinin adını çəkmək olar.
Bəhs olunun dövrdə Xəzərin Asiya hissəsində Narın və Vaxış çayları üzərində tikilən nəhəng su elektrik stansiyalarını, Çinə, İrana istiqamətlənən və TRASEKA layihəsi çərçivəsində Şərq istiqamətinə çəkilən quru, dəmir və dəniz yolu strukturlarını, Çin-Qazaxıstan, Türkmənistan və İran arasındakı dəmir və avtomobil yollarını, Buxara-Ural-Orta Asiya qaz kəmərini, Türkmənistan-Rusiya xəzərboyu qaz kəmərini və Türkmənistan-Çin qaz kəmərlərini də qeyd etmək olar. Bütün bu nəqliyyat-kommunikasiya xətləri region ölkələrinə həm geosiyasi və geoiqtisadi anlamda, həm də özlərinin beynəlxalq əlaqələrində daha optimal, sərfəli marşrutlar seçmək imkanı yaratmışdır. Qeyd etmək lazımdır ki, Şərq- Qərb və Şimal-Cənub əlaqələrində həlledici bir halqaya çevrilməklə, region ölkələri, eyni zamanda həm də öz müstəqillikləri və milli maraqlarının qorunması baxımından əlverişli beynəlxalq dəstəyə nail olmuşlar.
Hazırda Xəzər hövzəsinin neft, qaz və digər qiymətli təbii mineral yataqlarına Qərb ölkələri və ABŞ-la yanaşı Rusiya, Türkiyə, İran kimi region, Hindistan, Pakistan, Çin, Yaponiya, Əfqanıstan və s. kimi Asiya dövlətləri də ciddi maraq göstərirlər. Onlar həm Avropadan Cənubi Qafqaz vasitəsilə Aralıq dənizinə, həm də Xəzərin digər sahilindən Asiya və Cənub istiqamətlərinə uzanan magistral neft və qaz kəmərləri, nəqliyyat-kommunikasiya sistemləri ilə Azərbaycan, Qazaxıstan və Türkmənistanın karbohidrogen ehtiyatlarına, o cümlədən tranzit-keçid məntəqələrinə çıxış əldə etmək üçün ciddi səy göstərirlər. Bundan başqa, Qərb ölkələrinin planlaşdırdığı və region dövlətlərinin də can atdığı Termez-Məzari Şərif-Herat (Əfqanıstan) dəmir və avtomobil yolu layihəsi (neft və qaz kəmərləri istisna olmaqla bu yolun İranın Bəndərabbas limanına – Fars körfəzinə qədər uzadılması Çin və Hindistanın da strateji planına daxildir), Şimal-Cənub dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və s. Orta Asiya, Xəzər hövzəsi və Fars körfəzinin xarici aləmlə nəqliyyat-tranzit əlaqələrinə çoxvariantlı şərait yaradır.
Göründüyü kimi, Xəzər hövzəsi həm Qərbin- ABŞ və Avropa İttifaqı ölkələrinin, həm regionun- Rusiya, İran və Türkiyə kimi böyük dövlətlərinin, həm də Asiya qitəsinin- Çin, Yaponiya, Hindistan, Pakistan və s. aparıcı ölkələrin həyati maraqlarının əks olunduğu əhəmiyyətli bir geosiyasi regiondur. Odur ki, bölgədə ayrı-ayrı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqların kəsişməsi təbii, real və gözləniləndir.

 

 


ƏDƏBİYYAT

1. Макиндер Х.Дж. Географическая осъ истории // Геополитика. Антология. Москва, 2006. c. 244-255.
2. Bжезинский З.К. Выбор: мировое господство или глобалъное лидерство. Москва, 2004.s.136-137.
3. Бжезинский З.К. Великая шахматная доска. Господство Америки и ее геостратегические императивы. Москва, 1998;
4. Хантингтон С. Ф. Столкновение цивилизаций. Москва, 2005. s.591-628.
5. Генри Киссинджер. Нужна ли Америке внешняя политика // Геополитика. Антология. Москва, 2006. s.562-568.

6. Нартов Н. А; Нартов Б.Н. Геополитика. Москва, 2007;
7. Дугин А.Г. Основы Геополитики. Геополитическое будущее России. Москва, 2000.,
8. Дугин А.Г Теория неоевразийства. Москва, 2002 və s.
9. Suat İlhan. Türklerin Jeopolitiği ve Avrasiyaçılık. Ankara.2005;
10. Mert Bilgin. Avrasiya Enerji savaşları. İstanbul, 2005;
11. Kaynak M. Büyük Ortadoğu projesi ve Türkiye üzerine stratejik analizler. İstanbul, 2005;
12. Ahmet Davutoğlu. Stratejik Derinlik. Türkiye,nin uluslararası konumu. Ankara, 2008;
13. Bügünden yarına Türk dünyasında Stratejik bakış. İstanbul, 2008;
14. Avrasyada Türk jeopolitiği.Ankara, 2009;
15. Celalettin Yavuz. Jeopolitik ve Strateji // http:www.turksam.orq və s.
16. Həsənov Ə.M. Geosiyasət. Bakı, 2010
17. Гасанов А.М..Геополитика. Баку, 2012
18. Hasanov A.M. Azerbaycan Cumhuriyyetinin Ulusal Kalkınma ve Güvenlik Politikası. Ankara, 2013
19. Гасанов А.М Современные международные отношения и внешняя политика Азербайджана. Второе издание, Баку, 2013
20. Гасанов А.М. Политика национального развития и безопасности Азербайджанской Республики. Баку, 2014
21. Həsənov Ə.M.Azərbaycanın geosiyasəti. Bakı, 2015;
22. Həsənov Ə.M.: Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları. Bakı, 2016;
23. Həsənov Ə.M. Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti. Bakı, 2016 və s.
24. Statistical Review of World Energy, iyun, 2016.

Açar sözlər: Xəzər hövzəsi; nəqliyyat dəhlizləri; Cənubi Qafqaz; geosiyasi xarakteristika; enerji resursları

Ключевые слова: Каспийский бассейн; транпортный корридоры; Южный Кавказ, геополитическая характеристика; энергетические ресурсы

Keywords: Caspian basin; transport communication corridors; South Caucasus; geopolitical characteristics; energy resources

SUMMARY

In the article, “The geopolitical characteristics of the Caspian basin and the role of it in the modern world politics” analysis the geopolitical interests of the world’s leading countries in the Caspian basin and in the South Caucasus, and according to their geopolitical policy, current and future economic development of the Republic of Azerbaijan is examined.
In addition, the basis of state policy ensuring national interests of Azerbaijan, the role of the exploitation, and supplying Caspian energy resources to the world markets is explained. At the same time, creating the East-West and North-South transport communication corridors, ensuring security on such issues as well as geo- economic relations with the great power centers of the region is studied.
In the article, as well as geopolitical and geo-economic activities of Azerbaijan state, participation in region’s, Europe’s and transnational world’s energy, transit-access, international transportation, transport-communication fields is analyzed, global geo-economic processes threatening the future national interest of South Caucasus and the Caspian Basin countries is studied.

 

 

 

РЕЗЮМЕ

В статье под названием “Геополитическая характеристика Каспийского бассейна и её роль в современной мировой политике” исследуются вопросы настоящего и будущего экономического развития Азербайджанской Республики на фоне геоэкономических интересов и геополитики, осуществляемой со стороны ведущих государств мира.
Наряду с этим, осуществляется толкование основ государственной политики по обеспечению национальных интересов Азербайджана и исследуется роль эксплуатации энергетических ресурсов Каспия и их транспортировки на мировые рынки. В то же время анализируются геоэкономические отношения Азербайджана с основными центрами силы в регионе и в мире, связанные с формированием и обеспечением безопасности транспортно-коммуникационных коридоров Восток-Запад и Север-Юг.
В статье также находят отражение такие вопросы, как геополитическая и геоэкономическая деятельность Азербайджанского государства в регионе и в мире, участие республики в Европейской и транснациональной энергетической, транспортно - коммуникационной системе и в процессе международных перевозок. Также исследуются глобальные геоэкономические процессы,которые могут в будущем представлять собой угрозу национальным интересам Южного Кавказа и Каспийского бассейна.

 

"Geostrategiya" jurnalı № 04 (34) İYUL-AVQUST 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM