Soyuq müharibənin bitməsindən və ya SSRİ-nin süqutundan sonra formalaşmaqda olan yeni dünya düzəninin xarakteri haqqında ən müxtəlif mülahizələr irəli sürülürdü. Bu məsələ bu gün də müzakirə obyekti olmaqda davam edir. Çünki, hazırda qəti olaraq oturuşmuş dünya düzəni haqqında fikir söyləmək çətindir. Hələ 1995-ci ildə işıq üzü görmüş “Dünyanın qlobal gündəliyi” adlı monoqrafiyada müəlliflərdən biri olan M. Hovard qeyd edirdi ki, “Soyuq”, “isti” olmasından asılı olmayaraq, istənilən müharibədən sonra “soyuq sülh” dövrü başlayır. Belə sülh istənilən müharibədən daha dəhşətlidir. Çünki, müharibədə tərəflərin niyyətləri və davranış qaydaları əvvəlcədən müəyyən olur. Yəni, gözləntiləri bu və ya digər dərəcədə proqnozlaşdırmaq mümkün olur. Tədqiqatçının fikrincə, soyuq müharibənin sona çatmasından sonra dünya uzun zaman kəsiyində çoxqütblü olacaqdır və bu dünyada güc metodları qismən az tətbiq ediləcəkdir. Uyğun olaraq amerika standartlarının zorla dünyaya qəbul etdirilməsi və digər ölkələrə münasibətdə universallaşdırma strategiyasının tətbiqi də zəifləyəcəkdir.
Beynəlxalq münasibətlər sahəsinin tanınmış Rusiyalı tədqiqatçısı A. Boqaturov yeni yaranmaqda olan dünya düzəninə daha əhatəli baxış sərgiləyir. Tədqiqatçı hesab edir ki, SSRİ-nin süqutundan sonra formalaşmaqda olan yeni düzənin konturlarını tam müəyyən etmək mümkün deyildir. ABŞ-la yanaşı digər güc mərkəzlərinin yaranmasından danışılsa da, ona real rəqib olacaq hər hansı bir ikinci güc diqqəti cəlb etmir. Maraqlı burasıdır ki, A. Boqaturov Rusiyanın da müəyyən potensialını önə çəkməyə cəhd edir. Bu cəhdi kifayət qədər ehtiyatlı cəhd kimi qiymətləndirmək olar. Belə ki, onun fikrincə, ABŞ-ın liderliyi aşkar sezilsə də müasir dünyanı tam təkqütblü hesab etmək olmaz. Çünki, digər güc mərkəzlərinin də müəyyən təsirləri nəzərə çarpır. Bu baxımdan, A. Boqaturov yeni dünya düzənini bir yarım qütblü kimi nəzərdən keçirməyi məqbul sayır. O, hesab edir ki, ABŞ tam olaraq bir qütbün başında dayanır, dünyanın inkişafının əsas konturlarını verir, zəif, yəni tam qütb kimi formalaşmayan düşərgənin başında isə Rusiya durur.[1, s.26] Göründüyü kimi, A. Boqaturov Rusiyanın başında durduğu düşərgəni tam oturuşmuş qütb kimi nəzərdən keçirmir. Hətta, o, bir qədər də irəli gedərək, yazır ki, Rusiya dünyanın keçid dövrünün ilkin mərhələsində ABŞ-ın başında dayandığı təkqütblü dünya sisteminə qarşı çıxmamalıdır. Çünki, ABŞ-ın nəzarəti olmayan dünyanın necə olacağı hələ bəlli deyil.[7, s.59] Bundan başqa, tədqiqatçı hesab edir ki, təkqütblü dünya sistemi ümumiyyətlə, inkişafın pis variantı kimi qiymətləndirilməməlidir. Əksinə bunu müəyyən mənada dünya inkişafının və təhlükəsizliyinin optimal variantı kimi nəzərədən keçirmək mümkündür. Belə ki, təkqütblü dünya sisteminin başında duran ABŞ dünyanın məsuliyyətini üzərinə götürə biləcək məhdud sayda dövlətlər dairəsini formalaşdıracaqdır ki, Rusiya bu dairədə özünün layiqli yerini tutmalıdır.[2, s.40] Göründüyü kimi, Rusiyalı tədqiqatçı ölkəsini cərəyan edən qlobal proseslərə ciddi təsir edəcək gücdə görmürdü və hesab edirdi ki, Rusiya tədricən proseslərə təsir etmək imkanları əldə etməlidir. Hazırkı məqamda, həqiqətən də, hiss olunur ki, Rusiya tədricən dünya proseslərinə müdaxilə etmək imkanı qazanmaqdadır. Buna baxmayaraq, müasir geosiyasi reallıqların formalaşmasında ABŞ qədər təsir gücünə malik deyil.
SSRİ-nin süqutundan sonra yaranmış dünya düzəni haqqında yaponiyalı tədqiqatçı A. Tanaki də maraqlı fikirlər irəli sürür. A. Tanaki SSRİ-nin süqutunun artıq üçüncü ili qeyd edirdi ki, müasir dünyanı eyni zamanda həm bir, həm üç, həm beş qütblü hesab etmək olar. A. Tanakinin fikrincə dünyanı ona görə birqütblü hesab etmək olar ki, yalnız ABŞ nözünün bütün imkanlarına görə dünyanın digər ölkələri üzərində mütləq üstünlüyə malikdir. Əgər dünya iqtisadiyyatını götürsək, dünyanı üçqütblü kimi nəzərdən keçirmək olar. İqtisadi qütblər rolunda milli dövlətlər olan ABŞ, Yaponiya və Almaniya çıxış edirlər. Qeyd edək ki, bu yanaşmanı yaponiyalı nəzəriyəçi A. Tanaki hələ 1993-cü ildə irəli sürmüşdür. Dünyanın müasir iqtisadi mənzərəsi isə ötən əsrin 90-cı illərinin əvvəllərindən əhəmiyyətli şəkildə fərqlənir. Belə ki, bildiyimiz kimi, hələ 2010-cu ildə Çin iqtisadi potensialına görə Yaponiya və Almaniyanı xeyli geridə qoymuşdur və ABŞ-dan sonra dünyanın ikinci iqtisadiyyatı olmuşdur. Deməli, A. Tanakinin yanaşmasındakı iqtisadi qütbləşmədə ciddi dəyişiklik baş vermişdir. Dünyanı siyasi-təşkilati baxımdan A. Tanaki beşqütblü kimi nəzərdən keçirmişdir. O, ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanı dünyanı siyasi-təşkilati qütbləri kimi qəbul edirdi. Belə bir qütbləşməni tədqiqatçı bu dövlətlərin dünya proseslərinin idarə olunmasında və qlobal səviyyədə həlledici qərarların qəbulunda geniş təcrübəyə malik olmaları əsasında aparmışdır.[7, s.58]
Qeyd etmək lazımdır ki, amerikalı tədqiqatçılar arasında da təbii olaraq birqütblü dünya sisteminin təfərdarları çoxluq təşkil edirdi. “Təbii olaraq” ifadəsini burada işlətməyimiz təsadüfi deyildir. Çünki, ABŞ-ın xarici siyasi strategiyasının konseptual əsaslarını işləyib hazırlayanlar ölkələrinin dünyanın mütləq lideri rolunda çıxış etməsinin tərəfdarı olmuşlar. Artıq qeyd etdiyimiz kimi, amerikalı nəzəriyyəçilərin fikrincə, ABŞ-ın dünyanı təkbaşına yönləndirməsi üçün
potensialı və haqqı vardır. Bundan başqa, hesab olunur ki, yalnız ABŞ-ın lider olduğu dünyada stabillik və təhlükəsizlik mövcud olacaqdır. Bu mənada, amerikalı tədqiqatçıların təkqütblü dünya sisteminin tərəfdarı olmalarını başa düşmək çətin deyildir. Tədqiqatlarımız göstərir ki, amerikali və qərb tədqiqatçıları təkqütblü dünya sisteminin ömrünün uzun olmayacağını kifayət qədər aydın dərk edirdilər. Məsələn, təkqütblü dünya sisteminin ABŞ-ın hegemonluğunun ən məşhur nəzəriyyəçilərindən biri olan Z. Bjezinski qeyd edir ki, bipolyar dünya sistemindən çoxqütblü sistemə keçid dövrü təkqütblü dünya sisteminin mövcudluğu dövrüdür. O, təkqütblü dünya sisteminin mövcudluğunu ABŞ-ın hegemonluğu kimi təqdim edir. Göründüyü kimi, amerikalı və qərb tədqiqatçıları tam açıq mətnlə ifadə etməsələr də, dolayısı ilə etiraf edirlər ki, ABŞ-ın hegemonluğu təkqütblü dünya sisteminin sonuna qədər davam edəcəkdir. Belə ki, Z. Bjezinski hesab edir ki, Amerika Birləşmiş Ştatları üçün münasib olan bu təkqütblü dünya sisteminin ömrünün uzunluğu onun atacağı addımlardan asılı olacaqdır. Yəni, ABŞ qlobal liderlik strategiyasını müvəffəqiyyətlə həyata keçirə bilərsə, çoxqütblü dünya sisteminin formalaşmasını ləngidə bilər. Göründüyü kimi, Z. Bjezinski burada qeyd edir ki, ABŞ çoxqütblü dünya sisteminin formalaşmasını ancaq ləngidə bilər. Yəni, onun tamamilə önlənilməsi qeyri-mümkündür və çoxqütblü dünya sistemin formalaşması labüddür. Z. Bjezinskinin fikirlərindən həm də belə qənaətə gəlmək olur ki, o, ABŞ-ın çoxqütblülüyün yetişəcəyilə barışmasının məqsədəuyğunluğuna işarə edir. Çünki, SSRİ-nin süqutundan sonra yaranmaqda olan dünya düzəni haqqında fikirlərini inkişaf etdirərək qeyd edir ki, ABŞ elə etməlidir ki, çoxqütblü dünya sisteminin formalaşması prosesinin mərkəzində dayansın və özünün böyük potensialına əsaslanaraq bu prosesi özü tənzimləsin. Yəni, Z. Bjezinski hesab edir ki, yaranmaqda olan çoxqütblü dünya sistemində ABŞ-ın əsas söz sahibi olması üçün hər cür şansı, imkanı vardır.[9, s.21]
Bundan başqa, M. Hovard hesab edirdi ki, yeni dünya sistemnində ABŞ-ın başı əsasən öz problemlərinə qarşıcaqdır.[10, s.144] Bu məqamla bağlı M. Hovardın fikirləri ilə həmrəylik nümayiş etdirmək mümkündür. Çünki, hazırkı dövrdə ABŞ-ın qlobal dünyada nüfuzu və təsiri ötən əsrin 90-cı illəri ilə müqaisədə əhəmiyyətli dərəcədə zəifləmişdir. Yalnız soyuq müharibənin sona çatmasından sonra bir neçə il müddətində ABŞ mütləq söz sahibi statusunda çıxış etmişdir. Zaman irəlilədikcə isə ABŞ-ın qlobal arenada tam sərbəst fəaliyyətinə qarşı çıxışlar intensivləşməyə və güclənməyə başlamışdır. Xüsusilə də, Çin və Rusiya BMT TŞ-nin daimi üzvləri kimi ABŞ-ın təkbaşına qlobal qərarlar verməsinə qarşı açıq çıxışlar edirlər.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, SSRİ-nın süqutundan sonra beynəlxalq münasibətlər sahəsini tədqiq edən tədqiqatçılarının böyük əksəriyyətini əsasən bir fikir birləşdirirdi. Belə ki, əksər tədqiqatçılar hesab edirdilər ki, Soyuq müharibənin bitməsindən və SSRİ-nin dünya siyasi xəritəsindən silinməsindən sonra təkqütblü dünya sisteminin əlamətləri özünü tam biruzə versə də, bu, müvəqqəti xarakter daşıyacaqdır. Yəni, əksər tədqiqatçıların fikrincə, istənilən halda çoxqütblü dünya sistemi formalaşmalıdır. Tədqiqatçıların böyük əksəriyyətinin fikrincə formalaşmaqda olan yeni dünya düzəni birmənalı olaraq çoxqütblü olacaqdır və bu sistemdə dünyanın güclü dövlətləri arasında siyasi, iqtisadi, hərbi və ideoloji qarşıdurma mövcudluğunu saxlayacaqdır. Belə fikirlərin qızğın tərəfdarları kimi tədqiqatçılar H. Reymondu və Ç. Keqlini xüsusi qeyd etmək lazımdır. Onların fikrincə çoxqütblü dünya sistemində güc mərkəzləri arasında qarşıdurma əhəmiyyətli dərəcədə dərinləşəcəkdir və dünya daha ziddiyyətli və münaqişələrlə zəngin olacaqdır.[11, s.23] Göründüyü kimi, çoxqütblü dünyanın oturuşacağı ilə bağlı fikirləri əksər tədqiqatçılar bölüşsələr də, onun mümkün xarakteri haqqında fikir müxtəlifliyi mövcud olmuşdur. Çünki, bir qrup tədqiqatçıların fikrincə, çoxqütblü dünya düzəni bəşəriyyətə sabitlik və təhlükəsizlik gətirəcəkdir. Digər bir qrup hesab edir ki, çoxqütblü dünya sistemində müvafiq olaraq təmin olunması zərurətə çevriləcək rəngarəng maraqlar da meydana gələcəkdir. Təbii ki, bu maraqlar ayrı-ayrı güc mərkəzlərinə məxsus olduğundan, onların təmin olunması ziddiyyətlərin yaranmasını və dərinləşməsini qaçılmaz edəcəkdir. Hesab edirik ki, bu fikirlər reallığa daha yaxındır. Belə ki, çoxqütblü dünyada nə qədər çox təsir etmək gücünə malik iştirakçılar varsa, bir o qədər də toqquşan maraqlar olacaqdır. Bu günkü reallıqlarımız qeyd etdiklərimizi əyani şəkildə sübut edir. Məsələn, bipolyar dünya sisteminin mövcudluğu dövründə də dünya dövlətləri arasında qarşıdurmalar müşahidə olunsa da, bugünkü dərəcədə kəskin və intensiv xarakterli deyildir. Dünyada yeni güc mərkəzlərinin fəallıqlarının artması ilə münaqişə ocaqlarının sayının artması arasında düz mütənasiblik aydın sezilməkdədir. Bizim fikrimizcə, Yaxın Şərqin nəhəng münaqişə arealına çevrilməsinin əsasında da məhz bu məqam dayanır. Yaxın Şərq regionu dünyanın aparıcı dövlətlərinin geosiyasi mübarizəsi arenasına çevrilmişdir. Maraqlı tərəflər bölgədə dərin xaosun meydana gəlməsini şərtləndirməklə nəzarət rıçaqlarına sahib olmaq istiqamətində intensiv cəhdlər etməkdədirlər. Bildiyimiz kimi, dünyanın neft ehtiyatlarının təxmini 65%-ə qədəri Yaxın Şərq regionunda cəmlənmişdir.[4, s.48] Bu fakt regiona nəzarət uğrunda mübarizəni qaçılmaz və barışmaz edir. Əvvəlki dövrlərdə isə, yəni, ikiqütblü dünya sisteminin mövcudluğu zamanında və bu sistemin çökməsindən sonra qısa zaman kəsiyində dünyanın ayrı-ayrı regionlarında nəzarət rıçaqlarına sahiblənmək iddialarında olanların sayı hazırkı qədər çox deyildi. İddialı qlobal iştirakçılar olsalar belə, onların davranışları ABŞ və SSRİ tərəfindən reqlamentləşdirilirdi. Belə bir sistem balansı tam olmasa da, müəyyən səviyyədə saxlaya bilirdi və dünya dövlətləri geosiyasi iddiaları indiki kimi cəsarətlə ortaya qoya bilmirdilər.
Ümumiyyətlə onu da qeyd etmək lazımdır ki, SSRİ-nin süqutunun geosiyasi nəticələri haqqında tam qəti mülahizələr irəli sürmək üçün hələ kifayət qədər çox vaxt keçməmişdir. Hətta, Rusiyanın ən azından hazırkı sərhədləri çərçivəsində mövcudluğu qoruyub saxlaya bilib-bilməyəcəyini də qəti şəkildə proqnozlaşdırmaq olduqca çətindir. Rusiyanın bu gün dünyada hansı statusda olması haqqında mübahisəli mülahizələr irəli sürülməkdədir. SSRİ-nin süqutu ilə qətiləşmiş məqam ondan ibarətdir ki, 15 suveren dövlət meydana gəlmişdir və onlar müasir beynəlxalq münasibətlər sistemində özlərinin müstəqil mövqelərinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində maraqlıdırlar. Yeni yaranmış dövlətlərin bəzilərinin artıq beynəlxalq məsuliyyət dairələri də müəyyənləşmişdir. Məsələn, Azərbaycan Respublikası Qafqaz-Xəzər regionunda ən yüksək inkişaf səviyyəsinə və perspektivlərinə malik ölkə olmaqla beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında fəal rol oynamaqdadır. Bu məqam Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən kifayət qədər ciddi və potensiallı bir iştirakçı kimi tanınmasında əhəmiyyətli amildir. Beləliklə, təbii ki, Azərbaycan da başda olmaqla, postsovet respublikaları SSRİ-inin süqutundan ən böyük “mənfəət”-müstəqilliklərini qazandılar. Deməli, itirən əsasən Rusiya oldu. Qısaca təhlil aparmaqla bunu asanlıqla inandırıcı tərzdə isbat etmək mümkündür. Hər şeydən öncə qeyd edək ki, Rusiya beş milyon kvadrat kilometrdən artıq əraziyə nəzarət imkanını itirmiş oldu. Bu Rusiya imperiyası üçün “ölümcül” zərbə idi. Bu ərazilərə nəzarətin itirilməsi Rusiyanı bir çox strateji imkanlardan, üstünlüklərdən məhrum etmiş oldu. Belə ki, Rusiya Baltik dənizinə və Qara dənizə birbaşa çıxışlarını itirdi. Strateji baxımdan, bundan heç də az əhəmiyyətli olmayan Mərkəzi və Qərbi Avropaya birbaşa quru yolları da Rusiyanın üzünə bağlanmış oldu. Rusiyanın gələcəyi üçün ən təhlükəli reallığın anonsunu verən məqam isə ondan ibarətdir ki, SSRİ-nin süqutundan Rusiya ərazilərinin sürətlə əhalisizləşməsi prosesi getməyə başlamışdır. Xüsusilə də Rusiyanın şərqində əhali baxımından bir “vakuum” yaranmışdır. Rusiya kimi nəhəng bir dövlətin şərqində cəmisi 8 milyon əhali yaşayır. Bu, həqiqətən də Rusiya üçün olduqca təhlükəli bir məqamdır. Nəzərə alsaq ki, qonşusu Çinin əhalisinin artımı ilə ərazisi tərs mütənasiblik təşkil edir, onda bu təhlükənin reallığını daha aydın təsəvvür etmək olar. Təxmini hesablamalara görə Rusyanın əhalisi seyrək olan ərazilərində xaricilərin məskunlaşması ciddi tendensiya halını almışdır və hesab edilir ki, Sibirdə çinlilərin sayı slavyanların sayını keçməkdədir.[6] Təbii ki, belə bir vəziyyət gələcəkdə Rusiya ərazisində separatizm meyllərini daha da gücləndirə bilər. Çünki, çinlilərin sayının Rusiya ərazisində sürətlə artması gec-tez onların real siyasi qüvvəyə çevrilməsini şərtləndirəcəkdir. Hətta, bizim fikrimizcə, bu istiqamətdə proseslər hazırkı səviyyədə dinamikliyini saxlayarsa, Uzaq Şərqin Rusiyanın tərkibində qalması sual altına düşəcəkdir. Məhz bu Rusiya üçün bu kimi təhlükəli məqamları nəzərə alaraq, yuxarıda qeyd etmişdik ki, onun sərhədlərinin necə olacağı müzakirə obyektidir. Bizim politoloji ehtimallarımıza yaxın fikirləri Strateji Qiymətləndirmə İnstitutunun prezidenti politoloq A. Konovalov da irəli sürmüşdür. O, hesab edir ki, Çin gələcəkdə Rusiya üçün ciddi “baş ağrısına” çevriləcəkdir.[5]
Hesab edirik ki, yeni dünya düzəninin konturları haqqında tam dolğun fikirlər söyləmək tarixi baxımdan hələ tezdir. Müasir beynəlxalq münasibətlər sistemindəki reallıqları birmənalı olaraq hansı dövlətin xeyrinə və ya ziyanına olduğunu haqqında mülahizələr irəli sürmək də çətindir. Artıq qeyd etdiyimiz kimi, ötən əsrin 90-cı illərindən başlayaraq cərəyan edən bütün proseslərin ABŞ-ın maraq dairəsində olduğunu söyləmək mümkün idisə, hazırda bu barədə qətiyyətlə fikir irəli sürmək olmur. Çünki, ABŞ özünün mütləq lider olduğu təkqütblü dünya sistemini qoruyub saxlaya bilməyəcəyini dərk etməkdədir. Belə ki, əvvəllər ABŞ hegemonluğunun əbədiləşdirilməsi ətrafında düşünülürdüsə, hazırda yeni formalaşmaqda olan çoxqütblü dünyanın ABŞ üçün əlverişli olması haqqında düşünülür. Bunu bir çox tanınmış tədqiqatçılar da təsdiq edirlər. Məsələn, İ. Vallerstaynın fikrincə, ABŞ-ın siyasi, iqtisadi və hərbi potensialı ona davamlı olaraq qlobal liderlik mövqeyini saxlamağa imkan vermir.[3, s.179]
Ümumiyyətlə ABŞ siyasi elmində son dövrlər onun qlobal liderliyinə kölgə salacaq güc mərkəzləri haqqında daha tez-tez fikirlər səslənməkdədir. Belə ehtimal olunur ki, belə güc mərkəzləri rolunda Avropada Almaniya, Avrasiyada Rusiya, Asiyada isə Çin çıxış edə bilər. Həmçinin hesab edilir ki, bu dövlətlərdən öz hərtərəfli potensialına və inkişaf tempinə görə yalnız Çin qlobal lider statusuna sahiblənə bilər. Qeyd etdiklərimizə uyğun olaraq tədqiqatçı Ç. Kupçan da müasir dünya düzəni haqqında baxışlarını sərgiləyir. Onun fikrincə dünyanın üçqütblü olması ehtimalı daha realdır. O, üç regional güc mərkəzlərini və bu mərkəzlərin liderlərini qeyd edir. Tədqiqatçı güc mərkəzlərinin liderlərini onların hərbi və sənaye sahələrindəki inkişaf səviyyələrinə görə müəyyən edir. Beləliklə, Ç. Kupçan Şimali Amerika, Avropa, və Şərqi Asiya regional güc mərkəzlərini qeyd edir. Onun proqnozlarına görə, bu regional güc mərkəzlərinin liderləri rolunda müvafiq olaraq, Şimali Amerikada ABŞ, Avropada Almaniya və Fransa, Şərqi Asiyada isə Çin və Yaponiya çıxış edəcəklər.[12, s.49] Ç. Kupçan bu fikirləri irəli sürməklə yanaşı, onun səciyyəvi xüsusiyyətlərini də qeyd etməyi unutmamışdır. Onun fikrincə, hər bir regional güc mərkəzində lider dövlətin hərbi və iqtisadi gücü konsensus əsasında təsir altında olan dövlətlərlə səlahiyyətlərin müəyyənləşməsini şərtləndirəcəkdir ki, bu da regionun inkişafında müsbət rol oynayacaqdır. Bundan başqa, tədqiqatçı hesab edir ki, region daxilində konkret qaydaların müəyyənləşdirilməsi və onunun gözlənilməsi daha asan olacaqdır. Beləliklə, bir regionun inkişafında, təhlükəsizliyində və sabitliyində lider dövlət cavabdehlik daşıyacaqdır. Bununla yanaşı, Ç. Kupçan hesab edirdi ki, özünün başqa bir regional güc mərkəzinin başında durmasına baxmayaraq, digər güc mərkəzlərindəki proseslər də ABŞ-ın nəzarəti və
təsiri altında olmalıdır.[12, s.53] Kupçanın qeyd etdiklərindən belə qənaətə gələmək olar ki, o, ABŞ tərəfindən əsasən üç dövlətin nəzarətdə saxlanılmasını məsləhət görür. Görünür, tədqiqatçı bu üç dövləti yerləşdikləri regionlarda ABŞ-ın strateji maraqlarının təmin olunmasını məhdudlaşdıracaqlarına işarə edir. Burada bir məqam da diqqəti cəlb edir. Göründüyü kimi, Ç. Kupçan Rusiyanı regional güc mərkəzinin lideri rolunda görmür. Hesab etmək olar ki, tədqiqatçı bu ehtimalı sadəcə dilə gətirmək istəmir və hesab edir ki, Rusiyanın regional lider statusuna sahib olmasını taktiki addımlarla qabaqlamaq lazımdır. Bundan başqa, Çin və Yaponiya da ABŞ qədər Rusiyanın güclənməsini arzu etmirlər. Çünki, bildiyimiz kimi, onların hər ikisinin Rusiya əraziləri ilə bağlı müəyyən “istəkləri” vardır. Hətta, Çində bəzən xəritələrdə Rusiyanın Uzaq Şərq əraziləri də Çinlə eyni rəngdə göstərilir. Hesab edirik ki, bu, müəyyən məqamlardan xəbər verən ciddi məsələdir.
Göründüyü kimi, yeni formalaşmaqda olan dünya düzənində Çinin liderlik iddialarının reallaşması ehtimalları haqqında daha çox fikirlər səslənməkdədir. Hətta artıq Avropa KİV-lərində Çinin ABŞ-a alternativ bir güc kimi çıxış edəcəyinə dolayısı işarələr də edilməkdədir. Məsələn, Almaniyanın “Der Spiegel” qəzetinin 12 oktyabr 2013-cü il sayında qeyd edilir ki, Çin dünya lideri qismində Yaxın Şərqdəki vəziyyətin sabitləşdirilməsi ilə cavabdehliyi öz üzərinə götürməlidir. Qəzet məqaləsində diqqətə çatdırılır ki, ABŞ-ın Yaxın Şərqlə bağlı maraqları əhəmiyyətli dərəcədə zəifləmişdir və bu proses davam etməkdədir.[14] Göründüyü kimi, Avropada ən nüfuzlu qəzetlərdən olan “der Spiegel” qəzetində belə səpkili yazının getməsi orada artıq formalaşmaqda olan dünyanın konturları haqqında müəyyən təsəvvürlərin mövcudluğundan xəbər verir. ABŞ-da da tədqiqatçılar Çinin dünyada artan rolunu etiraf etməkdədirlər. Belə ki, biz qeyd etmişdik ki, ABŞ tədqiqatçılarının bir çoxu gələcəkdə G8 əvəzinə ABŞ-la Çindən ibarət G2 formatının yaranma ehtimalları haqqında fikirlər irəli sürürlər. Bu ondan xəbər verir ki, ABŞ Çini özünə alternativ kimi qəbul etmək məcburiyyətində qalır. Bu məqamda, yumoristik görünsə də, qeyd etmək istərdik ki, amerikalıların hətta onlar üçün milli dəyər səviyyəsində qəbul edilən beyzbol ağacının da üzərində “made in China” sözlərinin yazılmasında ciddi narahatçılıq keçirirlər. Həqiqətən də Çinin sürətli inkişafı və qlobal proseslərə sürəkli müdaxilə cəhdləri göz qabağındadır. Eyni zamanda Yaxın Şərqdə sülhün və təhlükəsizliyin təmin olunmasında da Çinin daha çox maraqlı olması üçün ciddi əsaslar vardır. Başlıca əsaslardan biri ondan ibarətdir ki, Çin bu gün Yaxın Şərqdən ən çox neft idxal edən ölkədir. Yaxın Şərqdə sabitliyin təmin olunması və potensial münaqişə ocaqlarının qarşısının alınması hər şeydən öncə Çinin enerji təhlükəsizliyinin təmini üçün vacibdir. Bu baxımdan Çin regionda cərəyan edən siyasi proseslərə sehrci qala bilməz və getdikcə müdaxiləsi aşkar hiss edilməkdədir. Beləliklə, Çinin iqtisadiyyatı sürətlə inkişaf etməkdədir, ABŞ-ın ciddi büdcə kəsri isə, onun əsasən öz problemləri ilə məşğul olmağa vadar edir. Bu baxımdan, Çin beynəlxalq münasibətlər müstəvisində fəallığı ilə tezliklə ABŞ-ı geridə qoyacağını güman etmək olar. ABŞ-da öz növbəsində güclənməkdə olan Çinin xarici siyasi fəaliyyətinin onun maraqları ilə uzlaşdırılmasına çalışır. Reallıq isə ondan ibarətdir ki, Çinin həyata keçirdiyi xarici siyasət strategiyası ABŞ üçün heç də arzuolunan nəticələrə gətirib çıxarmır. Belə ki, Çin İrana qarşı sanksiyalar tətbiq edilən zaman ABŞ-la əməkdaşlıqdan yayındı və İran iqtisadiyyatının çökməsinin qarşısının alınmasında müəyyən rol oynaya bildi. Bununla bağlı ABŞ mətbuatında da çoxsaylı yazılar getmişdir. Məsələn, “The New York Times” qəzetinin 30 sentyabr 2013 tarixli sayında gedən yazıda qeyd edilir ki, İrana qarşı tətbiq edlən sanksiyalar onun Çinlə yaxınlaşmasını şərtləndirmişdir.[15] İranın “küncə sıxışdırılmasından” istifadə edən Çin demək olar ki, onun iqtisadiyyatını inhisara almışdır. Beləliklə, regionda təsir imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır. Bütün bunlar qeyd etməyə əsas verir ki, Çin artıq yerləşdiyi regionda güc mərkəzinə çevrilmişdir və proseslərin hazırkı inkişaf məntiqi yaxın gələcəkdə ABŞ-ın regiondakı mövqelərinin əhəmiyyətli dərəcədə zəifləyəcəyinə işarə edir.
Ümumiyyətlə ABŞ-da dərk edilir ki, bütün dünyanı bir mərkəzdən idarə etmək qeyri-mümkündür. Lakin buna baxmayaraq, Çinin və ya Rusiyanın nəinki ABŞ qədər, hətta cüzi qədər qlobal proseslərə təsir etmək imkanı qazanmaları yolverilməz hesab edilir və ABŞ digər taktiki addımlar atmaqla özünün lider mövqeyini qoruyub saxlamağa çalışır. Artıq qeyd etdiyimiz kimi, ABŞ dünya ölkələri üzərində təsir imkanlarını saxlamaq üçün beynəlxalq iqtisadi təşkilatların imkanlarından fəal istifadə etməkdədir. Lakin fikrimizcə, beynəlxalq iqtisadi təşkilatlar ABŞ tam istədiyi şəkildə onun maraqlarına xidmət edə bilmirlər. Bunun başlıca səbəbi ondan ibarətdir ki, bu təşkilatlar ayrı-ayrı ölkələrə təsir imkanlarından təkcə ABŞ-ın maraqları üçün deyil, həm də öz maraqlarının təmin olunması üçün istifadə edirlər və getdikcə özlərini daha müstəqil aparırlar. Bundan başqa, təbii ki, ABŞ-ın özünə alternativ görməməsi və digər inkişaf etmiş ölkələrin maraqlarını çox da nəzərə almasması bu ölkələrin ona qarşı narazılıqlarını artırmaya bilməz. SSRİ-nin mövcudluğu dönəmində Qərbin diqqəti əsasən ona qarşı mübarizəyə yönəlmişdir və bu mübarizənin başında ABŞ dayanırdı. Bu da ABŞ-a yarım əsrə yaxın bir müddətdə Avropa üzərində nəzarəti saxlamağa imkan verdi. Artıq ümumi düşmən sıradan çıxdıqdan, yəni, SSRİ süqut etdikdən sonra Avropa ABŞ-ın liderliyini əvvəlki susqunluqla qəbul etmək istəmədi, hətta, onun qlobal məsələlərlə bağlı təkbaşına qərarlar verməsinə qarşı açıq çıxışlar oldu. ABŞ-ın ənənəvi müttəfiqləri belə onun Əfqanıstanda və İraqda hərbi əməliyyatlar aparmasını yekdilliklə dəstəkləmədilər. Lakin Avropanın ABŞ-ın təsirindən çıxmaq cəhdlərinə baxmayaraq, hələlik hər bir uğurundan danışmaq mümkün deyil. Müasir mərhələdə də ABŞ-ın Avropa üzərində kifayət qədər real təsir imkanları qalmaqdadır.
Bunu bir sıra məqamlarla arqumentləşdirmək mümkündür. Hər şeydən öncə, qeyd edək ki, Böyük Britaniyanın əvvəlcədən seçdiyi davaranış strategiyası onun ABŞ kölgəsində itməsini şərtləndirmişdir. Bu baxımdan, Avropanın aparıcı dövlətlərindən biri olmasına baxmayaraq Böyük Britaniya qlobal proseslərə demək olar ki, təsir etmək imkanlarına malik deyil, və sadəcə olaraq ABŞ-ın xarici siyasi strategiyasının həyata keçirilməsinin yardımçı elementi rolunda çıxış etmək məcburiyyətindədir. Avropanın digər qüdrətli dövləti hesab olunan Almaniya da əsasən daxili probleminin öhtəsindən gəlməklə məşğuldur. Belə ki, ilk baxışdan Avropa iqtisadiyyatının lokomativi rolunda görünsə də, hesab edirik ki, şərqi Almaniyanın qərbi inteqrasiyası prosesi hələ tam başa çatmamışdır və bu prosesə indən sonra da əlavə resurs və zaman sərfi tələb olunacaqdır. Bu səbəbdən Almaniya dünya xarici siyasi fəaliyyətində də hələlik ehtiyatlı olmağı məqbul hesab edir. Fransa da Avropa sərhədlərindən kənarda genişmiqyaslı fəaliyyət göstərmək üçün özünü lazımi gücü tapa bilmir. Bundan başqa, qeyd etmək lazımdır ki, ikiqütblü dünya sistemi çökdükdən sonra Avropa iqtisadi inkişafın tempinə görə ABŞ-dan əhəmiyyətli dərəcədə geri qalmışdır. Həm də İkinci dünya müharibəsindən sonra keçən yarım əsr ərzində ABŞ Avropaya kifayət qədər təsir rıçaqları əldə edə bilmişdir. Qeyd etdiyimiz bütün səbəblərdən Avropanın cəhdlərinə baxmayaraq, ABŞ-ın təsir dairəsindən tam yaxa qurtarmaq şansları hələlik görünmür. Ümumiyyətlə, əksər tədqiqatçılar hesab edirlər ki, ABŞ-la Avropanı bir qütbdə, qalan dünyanı isə əks qütbdə nəzərdən keçirmək lazımdır. ABŞ-la Avropa arasında müəyyən ziddiyyətlə məqamların olmasına baxmayaraq onlar eyni düşərgədə çıxış edirlər və uzun zaman Avropa ABŞ-ın liderliyi altında dünyanın digər regionlarını yönləndirməyə çalışacaqdır. Yeni dünyanı məhz belə formatda nəzərdən keçirməklə, tədqiqatçı A. Yakovlyev hesab edir ki, yeni bipolyar dünya sistemi formalaşmışdır. A. Yakovlyev yeni dünya düzənini Qərb (ABŞ+Avropa) – qalan dünya formatında təqdim etməyə çalışır. Bu zaman o, Qərbi kifayət qədər monolit düşərgə kimi qiymətləndirir. Yerdə qalan dünyanı isə hələ zəif, maraqlarının tam formalaşmadığı bir düşərgə hesab edir. Təbii ki, bu bir tədqiqatçı yanaşmasıdır və bu arada razılaşa bilmədiyimiz məqamlar mövcuddur. Hər şeydən öncə tədqiqatçının qərb düşərgəsinin qarşı qoyduğu qalan dünyanı o qədər zəif hesab etmək düzgün olmazdı. Çünki, bu düşərgədə ən azından sürətlə iqtisadi potensialını və uyğun olaraq qlobal proseslərə fəal müdaxilə imkanlarını artıran Çin də yer alır. Bundan başqa, Rusiya və Hindistan da müəyyən qədər beynəlxalq proseslərə təsir edə bilirlər.
Beləliklə, SSRİ-nin süqutundan sonra dünyanın yaranmış və formalaşmaqda olan geosiyasi mənzərəsi ətrafında apardığımız təhlillər müəyyən mülahizələr irəli sürməyə imakn verir. Bipolyar sistemin çökməsindən sonra müəyyən zaman kəsiyində aşkar müşahidə olunan təkqütblü dünya sistemi mövcud olmuşdur. Bu dünya sistemində ABŞ mütləq lider statusunda çıxış edirdi. Lakin zaman keçdikcə yeni güc mərkəzlərinin əlamətləri özünü biruzə verməyə başlamışdır. Deməli, çoxqütblü dünya sisteminin formalaşması prosesi getməkdədir. Bununla barışmalı olan ABŞ yeni çoxqütblü dünya sisteminin formalaşması prosesini nəzarətdə saxlamağa çalışmaqla özünün orada əlverişli mövqeyini təmin etmək istəyir. Bu ondan xəbər verir ki, ABŞ “arbitr” rolunda çıxış edərək dünyanın supergücləri arasında müəyyən bir dialoqun tapılmasına çalışacaqdır. ABŞ-ın bu strategiyasının uğuru seçəcəyi davranış strategiyasından asılı olacaqdır. Ən azından digər supergüclərin də maraqlarını hesaba almalı olacaqdır. Bundan başqa, Çinin gələcək davranışları da dünyanın yeni obrazında ciddi izlər buraxa bilər. Beləliklə, hesab etmək olar ki, dünya hələlik özünün keçid dövrünü yaşayır.
ƏDƏBİYYAT:
1. Богатуров А.Д. Великие державы на Тихом океане. М., Конверт - МОНФ, 1997. 353 с. (c. 26-49)
2. Богатуров А.Д. Кризис миросистемного регулирования//Международная жизнь. - 1993. - №7.c. 40.
3. Валлерстайн И. Политические дилеммы на рубеже тысячелетий//Полис. - 1996 - №4. - С. 179-180.
4. Иванов С.М. Куда ведет Ближний Восток «Арабская Весна» // Право и безопасность. – 2012. – № 2. – С. 45 – 52.
5. Китайцы берут власть в России// http://www.cpt.ru/att876.php
6. Коновалов А. От кого и чем российская армия собирается защищать страну.// http://newsland.com/news/detail/id/464593/
7. Шаклеина Т.А. Россия и США в новом мировом порядке. Дискуссии в политико-академических сообществах России и США (1991-2002). М.: Институт США и Канады РАН, 2002, s. 58
8. Яковлев А.Г. И все же на горизонте двухполюсный мир//Проблемы Дальнего Востока. - 2000. - №4. - С. 29-41.
9. Brzezinski Zb. The Grand Chessboard. American Primacy and Its Geostrategic Imperatives. - N.Y., 1997, P.21
10. Howard M. Cold War, Chill Peace: Prospects for Order and Disorder/The Global Agenda. Issuesand Perspectives. Eds. Сh. Kegley, Jr. and E. Wittkopf. N.Y., 1995, P. 144-153
11. Kegley Ch., Jr. and Raymond G. A Multipolar Peace? Great-Power Politics in the Twenty-First Century. - N.Y., 1994, p. 23
12. Kupchan Ch. After Pax Americana: Benign Power, Regional Integration, and the Sources of a Stable Multipolarity//International Security. - Vol. 23. - №2 (Fall 1998). - P. 49.
13. Der Spiegel. 12 oktober, 2013, S. 4
14. Iran Staggers as Sanctions Hit Economy/ New York Times, Sept. 30, 2013.
Açar sözlər: xarici siyasət, ABŞ, SSRİ, liderlik, dünya düzəni, mübarizə.
Ключевые слова: внешняя политика, США, СССР, лидерство, мировой порядок, борьба.
Keywords: foreign policy, USA, USSR, leadership, world order, fight.
РЕЗЮМЕ
д.ф.п.н. Сабина Гарашова
Новый мировой порядок и стратегия лидерства США
После завершения Холодной войны или распада Советского союза стали заметны контуры нового мирового порядка. Характер нового мирового порядка вызывал много дискуссии. Были выдвинуты различные мнения о новой системе международной системы. Этот вопрос и сегодня остается объектом обсуждения. Многие авторы считают, что новая система международных отношений еще не полностью сформировалась. Также пока не состоялось абсолютное лидерство США. Исследователи обосновывают тот факт, что после завершения холодной войны мир долгое время останется много полярным. В статье также обращается внимание на роль России в новой системе международных отношений.
SUMMARY
Ph.D. (Political Science) Sabina Garashova
New world order and strategy of leadership of the USA
After completion of Cold War or disintegration of the Soviet Union contours of a new world order were noticeable. Character of a new world order caused a lot of discussion. Various opinions on new system of the international system have been put forward. This question remains subject to discussion also today. Many authors consider that new system of the international relations is not completely formed. Also absolute leadership of the USA hasn't taken place. Researchers prove the fact that after completion of Cold War the world will remain multi- polar for a long time. In article the attention is also paid to a role of Russia in new system of the international relations.
SƏBİNƏ QARAŞOVA,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
"Geostrategiya" jurnalı № 05 (35) SENTYABR-OKTYABR 2016
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM