ƏRƏBLƏRİN XƏLİFƏ ÖMƏR DÖVRÜNDƏ AZƏRBAYCANA HƏRBİ YÜRÜŞLƏRİ

09:00 / 11.12.2016

Məlum olduğu kimi peyğəmbər Məhəmmədin (s) miladi 632-ci ildə vəfatından sonra eyni ildə İslam ümmətinin xəlifəsi Əbu Bəkr ibn Əbu Quhafə təyin edilmişdir. Onun dövründə bir çox hadisələrin baş verməsinə baxmayaraq xəlifə Əbu Bəkr bu problemlərin öhdəsindən gələrək İslam dininin yayılmasına şərait yaratmışdır. Miladi 634-cü ildə xəlifə Əbu Bəkr ibn Əbu Quhafənin vəfatından sonra onun yazılı vəsiyyətinə əsasən Ömər ibn Xəttab (634-644) İslam ümmətinin xəlifəsi təyin edilmişdir. Onun xəlifəlik dövrü İslam tarixinin fütuhat dövrü adlanır. Belə ki, İran, İraq, Suriya, İordaniya, Misir, Kürdüstan, Ermənistan, Gürcüstan, Azərbaycan və Şimali Afrika kimi məmləkətlər onun dövründə fəth edilərək İslam dövlətinin ərazisinə daxil edilmişdir (4, səh-33).

Sasani imperatorluğundan gələn təhlükəni nəzərə alan xəlifə Ömər ibn Xəttab miladi 639-cu ildə (hicri 18) Sasani ordularının harada olmaqlarından asılı olmayaraq onların təqib olunması barədə cəbhədiki müsəlman sərkərdələrinə fərmanlar göndərmişdi. Xəlifə tərəfindən verilən bu əmrlərə əsasən Kufə və ətrafında yerləşən müsəlman ərəb orduları Azərbaycan, İsfəhan və Rey istiqamətində hücuma keçmişdilər (7, V cild, səh-1960). Kəşfiyyat xarakteri daşıyan bu hərbi əməliyyatlar, eyni zamanda ərəblərin Azərbaycana ilk gəlişləri idi.

Tarixi mənbələrdə bu əməliyyatlarda iştirak edən ordular və sərkərdələr haqqında ətraflı məlumat verilmir. Amma Azərbaycana təşkil olunmuş ilk yürüş haqqında orta əsr müsəlman tarixçilərindən olan Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Vaqidi öz əsərində məlumat vermişdir. Tarixi mənbələrdən məlum olduğu kimi ərəblərin Azərbaycana gəlişindən əvvəl məşhur ərəb sərkərdələri İyaz ibn Ğanəm, Əbu Musa əl-Əşəri, Səd ibn Əbu Vəqqasın əmri altında olan İslam orduları əl-Cəzirəni fəth etmişdilər. Həmçinin Urfa, Hərran və Ərməniyyəni fəth edən bu ordular onlarla cizyə vermələri şərtiylə əhd bağlamışdır (5, VII cild, səh-126). Xəlifə Ömərin göstərişinə əsasən əl-Cəzirə əyalət mərkəzi, İyaz ibn Ğanəm isə bu əyalətə vali təyin edilmişdir. Malatya şəhərindən Şimali Afrikaya qədər olan məmləkətlər də əl-Cəzirə əyalətinə daxil edilmişdir. İyaz ibn Ğanəm xəlifə Əbu Bəkrin xilafəti dövründə miladi 634-cü ildə Suriya uğrunda baş verən Yərmuk döyüşünün qəhrəmanlarından idi. Valilik müddətində müxtəlif istiqamətlərdə fəth hərəkatlarını davam etdirən İyaz ibn Ğanəm, Diyarbəkr, Urfa, Hərran kimi şəhərləri də fəth etmişdi (8, səh-175-181). İyaz ibn Ğanəmin əmri ilə ərəblər Bidlisin dağ keçidlərindən keçərək Van gölünün şimalından Azərbaycan torpaqlarına daxil olmuşlar (8, səh-175-181; 10, II cild, səh-150). Van gölünün şimalında yerləşən Əxlat qalasından hərbi baza kimi istifadə edən İyaz ibn Ğanəm, Ərməniyyə vilayətindəki bir çox qala və şəhərləri fəth etmişdi. Bu hərbi əməliyyatlar nəticəsində İyaz ibn Ğanəmin əmri altında olan İslam orduları Azərbaycanın cənub-qərbində yerləşən Xoy, Səlmas, Urmiya kimi böyük şəhərləri və ətraf əraziləri fəth etmişdilər. Bu şəhərlərin əhalisinin əksəriyyətinin islamı qəbul etməsindən sonra insanlara Quran və İslam dinini öyrətmək üçün müəllimlər təyin edən İyaz ibn Ğanəm əl-Cəzirəyə qayıtmışdır.

Xoy, Səlmas və Urmiya əhalisinin İslam dinini qəbul etməsinə baxmayaraq, bu fəth hərəkatı müvəqqəti olmuş və bir neçə il sonra sərkərdə Utbə ibn Fərqəd həmin şəhərləri yenidən fəth etmişdi.

Xəlifə Ömər ibn Xəttabın əmri ilə miladi 639-cu ildə (hicri 20) kufəli əsgərlərin başında Fərat çayı boyunca şimal istiqamətində hərəkət edən Utbə ibn Fərqəd Mosul şəhərini fəth etmişdi. Daha sonra Mosuldan şimal-şərqə doğru hərəkət edərək Azərbaycan torpaqlarına daxil olan Utbə ibn Fərqəd Urmiya şəhərini zəbt etmişdi. Urmiya gölünün qərb sahili ilə şimala doğru hərəkət edən ərəb orduları Səlmas və Xoy şəhərlərini də fəth etmişdi. Baş verən bu döyüşlərdə Sasani ordularını məğlub edən İslam orduları çoxlu qənimət əldə etmişdilər (1, II cild, səh-150-151).

Bu hadisələrdən bir müddət sonra Səd ibn Əbu Vəqqasın yerinə Kufə valiliyinə təyin edilən Muğeyrə ibn Şubə, xəlifə Ömər ibn Xəttabın məktubunu Hüzeyfə ibn Yəmana çatdırır. Xəlifə Ömər tərəfindən göndərilən məktubda Hüzeyfə ibn Yəmana Azərbaycana hərbi səfərə çıxmaq əmr edilməklə yanaşı, onun Azərbaycan valisi təyin olunduğu da bildirilirdi. Bu göstərişlərdən sonra Nəhavənddən hərbi yürüşə başlayan Hüzeyfə ibn Yəman, Cənubi Azərbaycanın paytaxt şəhəri olan Ərdəbilə yaxınlaşdı. Sasani canişini Bacərvan, Şiz, Miyanəc və.s şəhərlərdən ordu toplayaraq İslam ordusunu qarşıladı. Miladi tarixi ilə 642-ci ilin sonlarında (hicri 21) Ərdəbil yaxınlığında baş verən döyüşdə qalib gələn Hüzeyfə ibn əl-Yəman Ərdəbil əhalisi ilə müqavilə bağladı. Müqaviləyə görə şəhər əhalisindən heç kim öldürülməyəcək, əsir alınmayacaq və məbədlər dağıldılmayacaqdı. Bunun əvəzində əhali illik 800 min dirhəm cizyə ödəməyi qəbul etmişdi. Hüzeyə öz əsgərləri ilə Ərdəbildən Xəzər dənizi sahili boyunca şimala doğru hərəkət edərək Muğana gəlmiş, burada müqavimət göstərənlər məğlub edilmiş və yerli əhali ilə müqavilə bağlanmışdı (1, II cild, səh-139-140).

Həmədan əhalisinin etirazından sonra miladi 642-ci ildə xəlifə Ömərin göstəri ilə Həmədənı ikinci dəfə fəth edən Nueym ibn Müqərrin ardınca Reyə getmişdi. Bundan əvvəl o, Vaci-Ruz döyüşündə iştirak edən sərkərdələrdən olan Bükeyr ibn Abdullaha öz dəstəsi ilə Hulvanda qalmağı əmr etmişdi. Bir müddət sonra xəlifə Ömər Bükeyr ibn Abdullah və Utbə ibn Fərqədə Azərbaycana gedərək Sasani ordusunun qalıqlarını təmizləmək əmrini verdi. Bu əmrə əsasən Bükeyr ibn Abdullah Hulvandan şimal istiqamətində, Mosulda olan Utbə ibn Fərqəd isə şimal-şərqə doğru hərəkət edib, Azərbaycanın mərkəzinə doğru irəliləyərkən yolda birləşəcəkdilər (7, V cild, səh-1961).

Ərəblərin Azərbaycana doğru hərəkət etdiyindən xəbər tutan Sasani sərkərdəsi İsfəndiyar ibn Fərruxzad müxtəlif şəhərlərdən ordu toplayaraq müharibəyə hazırlıq görmüşdü. Bundan xəbər tutan Bükeyr ibn Abdullah da İslam dövlətinin paytaxtı Mədinəyə xəbər göndərərək xəlifə Ömərdən kömək istəmişdi. Xəlifə Ömər dərhal Nueym ibn Müqərrinə məktub yazaraq Simak ibn Xərəşəni Bükeyr ibn Abdullaha köməyə göndərməsini əmr etdi. Lakin eyni vaxtda Reyi mühasirəyə alan Nueym öz ordusunu parçalamamaq üçün xəlifənin əmrini dərhal yerinə yetirə bilməmişdi (7, V cild, səh-1979; 2, səh-110). Bu hadisələrdən sonra Bükeyr ibn Abdullah öz ordusu ilə İsfəndiyara qarşı vuruşmaq məcburiyyətində qalmışdı. Miladi tarixi ilə 643-cü ildə (hicri 22) Gərmizan dağı yaxınlığında baş verən döyüşdə İslam ordusu qalib gəlmiş və əsir götürülən İsfəndiyar ibn Fərruxzad Bükeyrin yanına gətirilmişdi (6, III cild, səh-27; 7, V cild, səh-1979; 5, VII cild, səh-202-203). Bükeyrin hüzurunda dayanan İsfəndiyar ondan soruşmuşdu: “Müharibəni çox sevirsən, yoxsa sülhü?” Bükeyr “Sülhü daha çox sevirəm” deyə cavab verdikdən sonra İsfəndiyar ona “Elə isə məni öldürmə, əgər məni öldürsən azərbaycanlılar səninlə sülh bağlamayacaqlar, dağlara sığınaraq müqaviməti davam etdirəcəklər”. Bu təklifi qəbul edən Bükeyr ibn Abdullah İsfəndiyara toxunmamışdı (5, VII cild, səh-203).

Gərmizan döyüşündən bir neçə gün sonra öz orduları ilə birlikdə gələn Simak ibn Xərəşə və Utbə ibn Fərqəd də Bükeyr ibn Abdullaha qoşuldular. Bu üç sərkərdənin başçılığı altında olan ərəb əsgərləri bir neçə qala istisna olmaqla, Cənubi Azərbaycanı tamamilə ələ keçirmişdilər. Cənubi Azərbaycanın fəthindən sonra xəlifə Ömərə məktub yazan Bükeyr ibn Abdullah baş verən hadisələri olduğu kimi ona çatdırdı. Bükeyr ibn Abdullaha cavab məktubu yazan xəlifə Ömər fəth edilmiş ərazilərin idarəsini Utbə ibn Fərqədə tapşırmağı, Simak ibn Xərəşənin öz ordusu ilə Utbənin əmrinə keçməsini, Bükeyr ibn Abdullahın isə ordusu ilə birlikdə Bab-əl-Əbvaba doğru irəliləməsini əmr etmişdi. Bu məktubdan sonra İsfəndiyar ibn Fərruxzadı Utbə ibn Fərqədin yanında qoyan Bükeyr şimala doğru yürüşə başlamışdı (6, III cild, səh-28; 5, VII cild, səh-203).

Bu hadisələrdən sonra miladi 643-cü ilin əvvəllərində xəlifə Ömər Ərdəbil və Muğan fatehi Hüzeyfə ibn Yəmanın yerinə Utbə ibn Fərqədi Azərbaycanın ümumi valisi təyin etmişdi. Şəhrəzurdan Ərdəbilə gələn Utbə ibn Fərqəd yerli əhalinin Hüzeyfə ibn Yəmanla bağladıqları müqavilənin şərtlərinə əməl etmədiklərini və məmurları qovduqlarının şahidi oldu. Bundan sonra Əmr ibn Utbənin başçılığı altında olan əsgərlərlə birlikdə həmin ərazilərə yürüş edən Utbə ibn Fərqəd, üsyanı yatırdı, ərdəbillilərlə bağlanmış müqavilə təzələndi və yerli əhali əvvəlki şərtlərlə cizyə ödəməyi qəbul etdilər (1, II cild, səh-140-141).

Gərmizan döyüşündə məğlub olan İsfəndiyarın qardaşı Bəhram ibn Fərruxzad ərəblərə qarşı müqaviməti davam etdirmək üçün ətrafına xeyli ordu topladı. Lakin Cənubi Azərbaycanın vilayətlərindən birində baş verən döyüşdə də Utbə ibn Fərqəd qalib gəldi. Qardaşı Bəhramın məğlub olduğunu eşidən İsfəndiyar Utbə ibn Fərqədə müqavilə bağlamağı təklif etmişdi. Utbə ibn Fərqəd də öz növbəsində İsfəndiyarın istəyini xəlifə Ömərə məktub yazaraq bildirmişdi. Xəlifə Ömər ibn Xəttabın bu təklifi müsbət qarşılamasından sonra Cənubi Azərbaycan hakimi İsfəndiyar ibn Fərruxzad ilə Mədinə İslam dövlətinin Azərbaycandakı ümum valisi Utbə ibn Fərqəd arasında müqavilə imzalanmış (6, III cild, səh-27-28; 3, II cild, səh-119) və Azərbaycan əhalisinə belə bir əmannamə verilmişdi: “Bismillahir-Rəhmanir-Rəhim. Bu, Əmirəlmöminin Ömər ibn Xəttabın valisi Utbə ibn Fərqəd tərəfindən, Azərbaycanın çöl və dağlıq bölgələrində, ətraf və ucqarlarında yaşayan əhaliyə verilən əmannamədir. Onlar maddi vəziyyətlərinə müvafiq olaraq cizyə ödəmək şərti ilə əmniyyət içindədirlər. Bu vergidən uşaqlar, qadınlar, xəstələr, əllərində heç bir varidatı olmayan fəqirlər və özlərini ibadətə vermiş, dünya malından heç bir nəsibi olmayan, inzivaya çəkilmiş rahiblər azaddırlar. Onlar öz yurdlarından keçib gedən müsəlman əsgərləri bir gecə və bir gündüz qonaq saxlayıb, onlara bələdçilik edib yol göstərməlidirlər. Onların arasından müsəlmanlarla birlikdə əsgəri xidmətə gedənlər həmin ilin vergisindən azaddırlar. Xidmətləri bitib öz evlərinə qayıdandan sonra, səfərlərdə iştirak etməyənlər kimi vergilərini ödəməlidirlər. Öz yurd yuvalarını tərk edib gedənlər, əmin olacaqları yerdə məskunlaşana qədər amanda olacaqlar.

Əhdi Cündəb yazdı, Bükeyr ibn Abdullah və Simak ibn Xərəşə şahid oldular. Bu əhd hicri 22-ci (miladi 643) ildə yazıldı” (7, V cild, səh-1970).

İsfəndiyar ibn Fərruxzadla bağlanan müqavilədən sonra Cənubi Azərbaycanın fəthi tamamlandı və xəlifə Ömərin göstərişi ilə Bükeyr ibn Abdullah şimala, Dərbəndə doğru hərəkətə başladı. Şimal istiqamətində hərəkət edən Bükeyr ibn Abdullah Muğana gələrək yerli əhalini məğlub etdikdən sonra yerli əhali ilə belə bir əhd bağlamışdı: “Bismillahir-Rəhmanir-Rəhim. Bu, Bükeyr ibn Abdullah tərəfindən Talış dağlarından sayılan Muğan əhalisinə verilmiş əmannamədir. Onların malları, canları, dini etiqadları və qanunları əmniyyət içindədir. Bunun əvəzi olaraq hər həddi büluğa çatmış kişi başına bir dirhəm və ya bunun bədəlini ödəyəcəklər. Hər bir müsəlmanla yaxşı rəftar edəcək, ona yol göstərəcək, bir gecə və bir gündüz qonaq saxlayacaqlar. Belə olsa xeyirxah olub, əmniyyətdə olarlar. Bu bizim vədimizdir və vəkil olaraq Allah yetər. Onlar bu şərtlərə xələl gətirsələr, əhd qüvvədən düşəcəkdir. Üsyançıları tutub təslim etməyə məcburdurlar. Əks təqdirdə onlar da üsyançılarla birlikdə sayılacaqlar.

Buna Şəmmax ibn Zirar, Rəsaris ibn Cənadib və Həmələ ibn Cəviyyə şahid oldular. Əhd hicri 22-ci (m.643) ildə yazılmışdır” (7, V cild, səh-1984). Strateji əhəmiyyətə malik və Dərbənd yolu üzərində yerləşən Muğanın fəthi ilə Dərbənd yolu müsəlmanların üzünə açılmışdı.

Muğanın fəthindən sonra Bükeyr ibn Abdullaha şimala doğru hərəkət etməsini əmr edən xəlifə Ömər, digər tərəfdən də Kufədə Şirvana yürüş etmək üçün ordu hazırlanmasını göstəriş vermişdi. Sürəqa ibn Əmrin başçılıq etdiyi bu orduda Hüzeyfə ibn Useyd, Bükeyr ibn Abdullah və Əbdürrəhman ibn Rəbiə kimi tanınmış şəxsiyyətlərdə iştirak edirdi (3, II cild, səh-120; 9, I cild, səh-361). Eyni zamanda əl-Cəzirə valisi Həbib ibn Məsləməyə də məktub yazan xəlifə Ömər, ona da Sürəqa ibn Əmrin ardınca Şirvana getməyi əmr etmişdi (6, III cild, səh-28).

Əbdürrəhman ibn Rəbinənin başçılığı altında olan dəstə Dərbənd ətrafına çatdıqda, məmləkətin hakimi Şəhribəraz onunla görüşmək istədiyini bildirdi. Əbdürrəhmanın razılığından sonra İslam ordusunun düşərgəsinə gələn Şəhribəraz, idarə etdiyi insanların müxtəlif dinlərdən olduğunu, onlardan razı olmadığını və müsəlmanlara yaxın olmaq istədiyini bildirdi. Təbərinin qeyd etdiyinə görə Ərməniyyə hökmdarı olan Şəhribəraz, qədim zamanlarda Şamı zəbt edib Bəni-İsraili qılıncdan keçirən hökmdarın nəslindən idi (7, V cild, səh-1982). Eyni zamanda Şəhribəraz Əbdürrəhmandan idarəsi altında olan insanların cizyə vergisindən azad olmasını istədi. Əbdürrəhman onun fikirlərini Sürəqa ibn Əmrə çatdırdı. Sürəqa da yalnız müsəlmanlarla birlikdə hərbi səfərlərdə iştirak edənləri cizyədən azad edə biləcəyini söylədi. Sonra Sürəqa bu fikirləri xəlifə Ömər ibn Xəttaba çatdırdıqda xəlifə bu fikirləri qəbul edərək onlarla əhd bağlanlamasına göstəriş vermişdi (2, səh-111). Xəlifə Ömərin göstərişindən sonra Şirvan və Arran əhalisi ilə miladi tarixi ilə 644-cü ildə (hicri 23) aşağıdakı şəkildə əhd bağlandı: “Bismillarih-Rəhmanir-Rəhim. Bu, Əmirəlmöminin Ömər ibn Xəttabın valisi Sürəqa ibn Əmr tərəfindən Şəhribəraza, albanlara və Albaniyada yaşayanlara verilən əmannamədir. Hər hansı bir hadisə baş verib-verməməsindən asılı olmayaraq, hər hərbi səfərdə iştirak etmək, valinin uyğun gördüyü hər yürüşdə iştirak etmək şərtilə onların canları və malları qorunacaq, dinləri və məzhəblərinə, dini ayinlərinin icrasına toxunulmayacaq və mane olunmayacaqdır. Zərər və ziyana uğramayacaqlar, heç bir şeyləri əskilməyəcəkdir. Bu əmannamə Albaniya əhalisinə, əl-Bab bölgəsindəki dağlarda, dağ kənarlarında məskunlaşanlara, onlarla qonşu ərazilərdə yaşayanlara və şərtləri qəbul edən hər kəsə şamil edilir. Onların arasından bu şərtləri qəbul edənlər cizyədən azaddırlar. Səfərbərlikdə iştirak etmək cizyə yerinə keçərlidir. Səfərbərlikdə iştirak etmək istəməyənlər Cənubi Azərbaycan əhalisinin ödədiyi miqdarda cizyə ödəməlidirlər. Eyni zamanda onlar qonaqlara bələdçilik etməli və hər biri bir müsəlmanı bir gecə və gündüz qonaq saxlamalıdırlar. Səfərbərlikdə olanlar bundan azaddırlar. Səfərbərlik bitib öz yurdlarına qayıdandan sonra yenə bu şərtlərə əməl etməlidirlər.

Əhdi Mərazə ibn Müqərrin yazdı. Əbdürrəhman ibn Rəbiə, Salman ibn Rəbiə, Bükeyr ibn Abdullah şahid oldular” (7, V cild, səh-1983).

Əhdin bağlanmasından sonra Sürəqa ibn Əmr Həbib ibn Məsləməni Tiflisə, Hüzeyfə ibn Useydi isə Alaniyaya yürüşə göndərdi. Lakin onun bu işini bəyənməyən xəlifə Ömər dərhal göndərilən dəstələrin Şirvana çağırılmasına göstəriş verdi (6, III cild, səh-29). Çünki yeni fəth edilmiş İran və digər ölkələrin əhalisi müsəlmanların hər bir hərəkətini diqqətlə müşahidə edirdilər. Xəzərlərin qəfil hücumu da hər şeyi alt-üst edə bilərdi. Digər tərəfdən göndərilən bu dəstələri ərzaqla təmin etmək də çətinləşmişdi.

Miladi 643-cü ilin sonunda xəlifə Ömərin göstəri ilə Kufə valisi Muğeyrə ibn Şubə Əşəs ibn Qeysi Azərbaycan valiliyinə təyin etdi. Eyni vaxtda Hüzeyfə ibn Yəmanla bağladıqları müqavilənin şərtlərinə əməl etməyən Şərqi Azərbaycan əhalisi üsyan etmişdi. Qısa müddət ərzində yenidən bu ərazini istila edən Əşəs ibn Qeys yerli əhalinin istəyi əsasında Hüzeyfə ilə bağladıqları müqaviləni yenilədi. Yalnız bundan sonra Əşəs ibn Qeys Azərbaycan əhalisinə İslam dinini öyrətmək üçün dövlət xəzinəsindən maaş alan müəllimlər təyin etmişdi (1, II cild, səh-140-141).

Miladi 644-cü ildə Əbu Lölö ləqəbli Firuz tərəfindən ağır yaralanan xəlifə Ömər öləcəyini başa düşdüyü üçün özündən sonra xəlifə seçimini İmam Əli, Osman ibn Əfvan, Səd ibn Əbu Vəqqas, Təlhə ibn Ubeydullah, Əbdürrəhman ibn Ovf və Zübeyr ibn Əvvam kimi səhabələrdən təşkil olunmuş şuranın öhdəsinə buraxdı.

Xəlifə Ömər hicrətin 23-cü ili 26 avqustda vəfat etmiş və Mədinədə Peyğəmbərin (s) qəbri yanında dəfn edilmişdir.

 

 

 

ƏDƏBİYYAT:

 

1. Bəlazuri, Əhməd ibn Yəhya, Futuhul-buldan, İstanbul-1956.

2. Bələmi, Tarixi Qozide, Məşhəd-1373.

3. Əbdurrəhman ibn Məhəmməd ibn Xəldun, Tarixi İbn Xəldun, Beyrut-1971.

4. Kazıcı Ziya, İslam müessiseleri tarihi, İstanbul, 1991.

5. İbn Kəsir, İsmayıl ibn Ömər, əl-Bidayə vən-Nihayə, İstanbul-1994.

6. İbn əl-Əsir, İzzəddin Əli, əl-Kamil fit-Tarix, İstanbul-1986.

7. Təbəri, Məhəmməd ibn Cərir, Tarixi-Təbəri, Tehran, 1362.

8. Vaqidi, Əbu Abdullah Məhəmməd ibn Ömər, Futuhuş-şam, Beyrut.

9. Yaqut əl-Həməvi, Şihabəddin Əbu Abdullah, Mucəm əl-Buldan, Beyrut.

10. Yəqubi, Əhməd ibn Yəqub, Tarixi-Yəqubi, Beyrut-1960.

 

Açar sözlər: Atropatena, Albaniya, Ərdəbil, Balasacan, Savalan, Babul-Əbvab

 

Ключевые слова: Aтрoпaтeнa, Албания, Ардебиль, Бaлaсaджaн, Сaвaлaн, Бaбu-л-Абваб

 

Key words: Atropatena, Albania, Ardabil, Balasacan, Savalan, Babul-Abvab

 

Военные походы арабов в Азербайджан в период Халифа Омара

 

РЕЗЮМЕ

 

Азербайджан является частью исламского мира и самой большой страной на Кавказе с мусульманским населеним. Как и остальные Кавказские страны Азербайджан хранит верность национальным культурным и религиозным ценностям. Распространение Ислама на Кавказе началось с Азербайджана что подтверждает ее большую роль в развитии Исламской Цивилизации в регионе.

 

Military campaigns arabs into Azerbaijan under Caliph Omar

 

SUMMARY

 

Azerbaijan is a biggest country in Caucasus with Muslim population. History states that, as well as other neighbor countries Azerbaijan have been devoted to its national cultural and religious values. Spreading of Islam in Caucasus started from Azerbaijan and it consists big part of regional history. It proves Azerbaijan’s big role in development of Islamic Civilization in Caucasus.

 

ŞAHLAR ŞƏRİFOV,

İlahiyyat üzrə fəlsəfə doktoru


"Geostrategiya" jurnalı № 05 (35) SENTYABR-OKTYABR 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM