AZƏRBAYCANDA SİYASİ MODERNLƏŞMƏNİN XÜSUSİYYƏTLƏRİ

09:00 / 15.12.2016

Modernləşmə sosial fakt kimi

Yenidən dövlət müstəqilliyini əldə etdikdən sonra hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamlı addımlar atan Azərbaycan Respublikasında cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Ötən dövr ərzində ölkənin demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində yüksək nailiyyətlər qazanması bilavasitə vətəndaş cəmiyyəti quruculuğuna hesablanmış islahatların respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur və bu həm də ölkəmizdə siyasi modernləşmənın immanent xüsusiyyətlərindən sayılır.

Bir sıra təqdiqatçıların arasında belə fikir də hakimdir ki, modernləşmə və ya müasirlik prinsip etibarilə sona yetə bilməz. Seneqallı sosioloq S. Amin vurğulayır ki, “modernləşmə sona çatmayıb, o, bilinməyənlərə, tədqiq edilməyənlərə bir qapı açır. Müasirlik mahiyyəti etibarı ilə sonu olmayan prosesdir, lakin o, cəmiyyətin tarixində yaranan ziddiyyətləri ən müxtəlif formalarda aradan qaldırmağa qabildir” [1, 49]. Modernləşmə sosioloji makronəzəriyyənin formasiya və sivilizasiyadan sonra üçüncü paradiqması kimi qəbul edilir. Modernləşmə nəzəriyyəsinə görə, insan cəmiyyətinin tarixində bütün mövcud olanlar ikiqütblüdür. Bu ondan irəli gəlir ki, modernləşmə nəzəriyyəsinin əsas kateqoriyalarını “ənənəviçilik” (“ənənəvi cəmiyyət”) və “müasirlik” (“müasir cəmiyyət”) təşkil edir. Burda proses ənənəviçilikdən müasirliyə doğru gedir. Amerikalı sosioloq İ.Vallerştayn “Dünya sistemlərinin təhlili və müasir dünyada vəziyyət” adlı kitabında modernizasiyanın iki anlayışı ilə bağlı yazır:

1. Qabaqcıl texnologiya, texniki tərəqqi, sürəkli yeniləşmə - cari müasirlik. Belə “müasirlik formasına görə maddidir və bugünkü müasirlik sabah üçün köhnədir.

2. İrəliyə istiqamətlənmə kimi maddi yox, döyüşkən ideoloji müasirlik. Belə müasirlik azadlıq, demokratiya, insanın özünü reallaşdırmasıdır. Bu, əbədi müasirlikdir” [2, 421-423].

Siyasi modernləşmə proseslərini tədqiq edərkən onun iki əsas növünü ayırmaq lazım gəlir:

1. Uzun sürən təbii-tarixi inkişaf nəticəsində ənənəvi cəmiyyətdən rasional cəmiyyətə keçid kimi dəyərləndirilən orijinal, spontan modernləşmə. Buna konkret misal kimi Böyük Britaniya, ABŞ kimi ölkələri göstərmək olar.

2. Öncül, irəlidə gedən ölkələrin təcrübəsindən istifadə edərək onların modernləşmə modelindən istifadə edən ölkələr ikinci sıranı bölüşürlər. Belə dövlətlərə Rusiyanı, Brazilyanı və digərlərini aid etmək mümkündür.

Beləliklə, bir proses olaraq modernləşmə və onun nəticəsi kimi müasirləşmə Qərb dünyasında meydana gəlsə də, sonradan qlobal miqyasda yayılmağa başlamışdır. E.Giddens hesab edir ki, hər hansı ənənəvi, ictimai formalar tam şəkildə qlobal tendensiylardan təcrid olunmuş şəkildə özünü saxlaya, modernləşməyə qarşı dura bilməz. Tanınmış İsrail sosioloqu Ş. Ayzenştadta görə, modernləşmə tarixən 17-19-cu əsrlər arasında Qərbi Avropada və Şimali Amerikada yaranan sosial, iqtisadi və siyasi sistemlərin dəyişməsi və bunun digər ölkə və qitələrə doğru genişlənməsi prosesidir [3, 152].

Siyasi sferada modernləşməninin fərqləndirici cizgiləri demokratik konstitu-siyalı dövlət, dövlət quruculuğunda millli dövlətçiliyə keçid, iqtisadi sahədə isə kapitalizmə keçiddir. 20-ci əsr üçün xarakterik olan modern transformasiyanın universal paketinə nəzər salan rus mədəniyyət antropoloqu E.Orlova yazırdı ki, cəmiyyətin sosiomədəni səviyyəsində modernləşmə iqtisadi sferada sənayeləşmədən postsənayeləşməyə, siyasi müstəvidə isə avtoratizmdən demokratik rejimlərə, hüquqi səpkidə isə adidən hüquqi prosesdurların hökmranlığına keçid prosesidir: “Bunlara müvafiq olaraq sosial əhəmiyyət kəsb edən anlayışlar sahəsində və dünyagörüşündə dəyişikliklər müşahidə olunur: dini sferada dünya nizamının dünyəvilik, tolerantlıq baxımından daha əsaslandırılımış formasına doğru mühüm irəliləyişlər yaşanır, fəlsəfədə monizmdən plüralist dünya anlayışına, incəsənətdə stilistik vahidlik səylərindən polistilistikaya, elmdə obyektivzmdən antrop prinsiplərə doğru vacib irəliləyişlər qeydə alınır” [4, 38].

Cəmiyyətin modernləşməsi prosesində milli dəyərlərin, ənənələrin qorunması, onların və bu qəbildən olan digər halların sözügedən proses nəticəsində məhvinin qarşısının alınması da xüsusi aktuallıq kəsb edir. Bu kontekstdə modernləşmə prosesində identifikasiya probleminin zəruriliyi özünü xüsusilə vurğulayır. Bu məsələ cəmiyyətin

mədəni dəyər prinsiplərinə zidd olmayan səciyyəvi xüsusiyyətlərin axtarışını şərtləndirir. Məsələ burasındadır ki, müasirliyin problemləri insanı mənəvi seçim qarşısında qoyur. Bu seçimi isə mütləq dəyər yaradan mənbəyin qorunması şərtləndirməlidir, çünki sosial reallıqlar daima dəyişir. Müasirliyə aparan yol formalizm deyil, təfəkkür və dünyanı qavrama üslubunun modernləşməsidir.

Modernləşmə milli quruculuğun norması kimi

Bu gün modernləşmə və institusional demokratiyanın inkişafı, demək olar ki, qlobal miqyasda milli quruculuğun ümumi normasına çevrilmişdir. Elə bu kontekstdə də bir çox dünya dövlətləri formal meyarlara görə müasir, yaxud modern dövlətlər kimi qəbul edilirlər. Bununla belə, modernləşmənin Yeni dövrdən üzü bəri sosial təkamülündə inkişafın iki prinsipial fərqə malik meyli aydın şəkildə biruzə verir. Onlardan birincisi, bu günə qədər əsasən Qərb və Avropada formalaşan, institusional mühit və həyat keyfiyyətinə görə yüksək inkişaf etmiş cəmiyyətləri səciyyələndirir. Digəri isə, Avropanın institusional, mədəni və oxşar nümunələrini təkrar istehsal edərək mənimsəməyə, milli modernləşmə əsasında bu nümunələri ənənəvi sosial təcrübənin şərtlərinə uyğunlaşdırmağa çalışıır.

Təcrübə göstərir ki, modernləşmə qoyulmuş konkret məqsədə yetişmək üçün hər bir kəsi səfərbər edə biləcək siyasi iradənin olmasını tələb edir. Burada siyasi hakimiyyət bir növ açar rolunu oynayır. Cəmiyyətin yeniləşməsi ideyası fərqli insan qrupları tərəfindən dəstəklənə bilər. Lakin yalnız hakimiyyətdə olan siyasi elitanın düşüncəsində o, inkişafla bağlı real proqrama çevrilir. Sonuncu bu prosesin təşəbbüsçüsü olmaqla yanaşı, dövlət idarəçilik mexanizminin bütün qüvvəsini onun xidmətinə yönəldə bilər [5, 64].

Beləliklə, modernləşmə hər bir ölkədə özünü müxtəlif şəkildə göstərir, çünki bu və ya digər şəkildə ənənəvi milli mədəniyyətə və etik normalara əsaslanır və onlardan tam imtina olunmasını tələb etmir. Qeyd olunan kontkestdə ötən əsrin son onillyində yenidən dövlət müstəqillyinə qovuşan müasir Azərbaycan da modern inkişaf yolunda inamla irəliəməkdə, yeni nailiyyətlərin müəllifi qismində çıxış etməkdədir. Ölkəmiz sosial-iqtisadi, siyasi, mədəni və təsisat-struktur sahəsində köklü dəyişikliklər aparılması, şəffaflığın genişləndirilməsi, cəmiyyətin yeni konturlarını müəyyən edən ən perspektivli dövlət siyasətinin aparılması yolunu tutmuşdur. İnkişafın əsas məqsədi kimi cəmiyyətin yüksək rifah halının önə çıxarılması, maddi nemətlərin ədalətlilik prinsipləri əsasında bölüşdürülməsi, əhalinin etibarlı və davamlı sosial müdafiəsinin təmin olunması və s. möhtəşəm nailiyyətlərlə müşayiət olunan tərəqqi strategiyasının, eyni zamanda iqtisadi modernləşmənin ən mühüm baza elementlərini təşkil edir.

Azərbaycanda ilk modernləşmə dalğası Azərbaycan Xalq Cümhuriyyəti dövründə özünü göstərmiş, Qərb modernizminin bəzi xüsusiyyətləri özünü büruzə verməyə başlamışdır. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan Demokratik Respublikası yaranarkən sivil dövlət quruculuğu haqda işlənib hazırlanmış və real həyatda sınaqdan çıxmış dövlətçilik təcrübəsi yox idi. Yaxın, uzaq qonşularımızda və bütün müsəlman Şərqində şahlıq, krallıq, imperatorluq sistemi hakim idi. Məmməd Əmin Rəsulzadə totalitar, mütləqiyyət xarakterli rejimlərdən imtina edərək o vaxtadək müraciət edilməmiş bir yol seçdi; ilk demokratik respublika quruluşu yaratdı. Dövlət quruculuğunda demokratiya, azadlıq, bərabərlik, ümumxalq seçki sistemi, qanunun aliliyi, çoxpartiyalılıq, sosial ədalət prinsipləri əsas fəaliyyət proqramı kimi qəbul edildi.

Dünyanın mütərəqqi, demokratik ölkələrinin dövlət quruculuğu prinsiplərinə əsaslanan Azərbaycan demokratik respublikası XX əsrin əvvəllərində Şərq dünyası üçün nümunə olan yeganə parlamentli müstəqil dövlət idi. Modernləşmənin aparıcı qüvvəsi kimi dövlət cəmiyyətdə mühüm rol oynamağa başlamışdı. Lakin Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və Şimali Azərbaycanda müstəqil Azərbaycan dövlətçiliyinə son qoyuldu. 1920-ci il aprelin 28-də Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan edildi. Bununla da Azərbaycanın demokratik yolla inkişafının, Qərb ruhunda modernləşmənin qarşısı alındı.

Sovetlər dönəmində isə Stalin sənayeləşməsi müsbət addım kimi qəbul edilsə də ümumi modernləşməyə imkan vermədi. Çünki SSRİ-də sənayeləşmə bir çox hallarda Rusiya impreiyasının sənayeləşmə təcrübəsini xatırladırdı. Sovetlər dövründə modernizasiya nəzəriyyəsi yasaq sayılan mövzulardan idi. Səbəb kimi belə bir fərziyyə göstərilirdi ki, modernləşmə yalnız inkişaf etməkdə olan ölkələrin tədqiqi üçün yararlı ola bilər və onun ideoloji əsasları qüsurludur. Lakin SSRİ-nin süqutu ilə vəziyyət dəyişdi. Azərbaycan 1991-ci il 18 oktyabr tarixli Dövlət müstəqilliyi haqqında Konstitusiya aktında demokratik, hüquqi və dünyəvi dövlət olduğunu bəyan etmiş, ümumbəşəri yolla qarşıya qoyduğu strateji hədəflərə doğru irəliləmək iradəsini nümayiş etdirmişdi. Belə bir qətiyyət, eyni zamanda, Azərbaycanda modernləşmə proseslərinin artıq yeni bir mərhələyə qədəm qoyduğunu göstərirdi.

Ölkədə son 20 il ərzində ardıcıl olaraq həyata keçirilən liberallaşdırma və vətəndaş cəmiyyəti quruculuğu xəttini siyasi modernləşmənin zəmin qatı hesab etmək mümkündür. Modernləşmənin mühüm istiqaməti və tərkib hissəsi institusional islahatların aparılmasıdır. Totalitar sistemdən miras qalmış siyasi, iqtisadi və sosial təsisatların köklü surətdə yenidən qurulması və yenilərinin yaradılması müstəqil Azərbaycanda ictimai-iqtisadi tərəqqinin əsasını təşkil edir. Təsisat islahatları ilə yanaşı, ölkə və iqtisadiyyat üçün prioritet istiqamətləri müəyyən edən iqtisadi inkişaf strategiyasının hazırlanıb həyata keçirilməsi olduqca vacibdir. Belə prioritetlər həm ümumi, həm də xüsusi xarakterə malikdir.

Qərb ölkələrinin təcrübəsi, əlbəttə ki, əldə edilən nailiyyətlər prizmasından vacibdir, lakin onun analoq qismində təkrarlanması mümkünsüzdür. Eyni zamanda, etiraf olunmalıdır ki, kamil bir sivilizasiya kimi Qərb artıq digər cəmiyyətlərə öz iradəsini yeritmək üçün tələb olunan iqtisadi və demoqrafik dinamizmə malik deyil və bunu həyata keçirmək üçün atılan hər bir addım, edilən hər bir cəhd beynəlxalq hüququn təməl prinsipi sayılan öz müqəddəratını təyinetmə və demokratiyanın təməl dəyərlərinə ziddir. Belə bir faktı da gözardı etmək olmaz ki, Qərb ölkələrinin sivilizasiya üstünlüklərinə can atması qlobal məkanın bütün subyektlərində əks reaksiya doğurur. Buna görə də müasir dönəmdə qloballaşma və onun stimullaşdırıcı elementi sayılan modernləşmənin vesternizasiya, yəni qərbləşmə ilə eyniləşdirilməsi – beynəlxalq səciyyəli problem kimi qarşıya çıxır. Qloballaşmanı qərbləşmə, qərbləşməni isə modernləşmə kimi təqdim edən ideologiya isə qüsurlu və birtərəfli qəbul edilir. Digər tərəfdən, Şərq geosiyasi arxitekturasının modernizasiya yoluna qədəm qoymuş bir sıra ölkələri bu prosesdə nəinki Qərbə çata bilmiş, həm də bəzi parametrlərdə daha böyük uğurlara imza atmışlar [6, 98].

Modernləşmədə öz yolunu tapan, Qərbi bir analoq kimi kopyalamayan ölkələr öz mədəni-sivilizasiyon xüsusiyyətlərini hifz edə bilmiş, dünyanın ümumtərəqqi təcrübəsinə böyük töhfələr verərək onu daha da zənginləşdirmiş, hətta bəzi parametrlər üzrə inkişaf prosesində Qərbi qabaqlamağa da nail olmuşlar [7, 132]. Məhz belə ölkələrin təcrübəsi Azərbaycan üçün olduqca vacibdir.

Bu gün yalnız Azərbaycan cəmiyyətində deyil, MDB və Şərqi Avropa ölkələrinin böyük əksəriyyətində modernləşmə keçid, “aralıq” xarakteri daşıyır. Postsovet ölkələrinin modernləşmə traniziti bu prosesin hələ müəyyən müddət üçün davam edəcəyini göstərir. Digər tərəfdən, siyasi modernləşmənin özünün hazır modeli, standart qəlibi yoxdur və belə bir məqama da məxsusi diqqət yetrilməlidir ki, keçmiş Sovetlər İttifaqı məkanında siyasi rejimlər özləri bir-birindən (məsələn, Baltikyanı ölkələr və Orta Asiya dövlətləri) əhəmiyyətli dərəcədə fərqlənir və bu səbəbdən onların hamısı üçün eyni bir modeli keçərli təsəvvür etmək çətindir. Başqa bir yöndən, modernləşmə yoluna qədəm qoymuş postsovet ölkələrində Qərb təcrübəsindən fərqli siyasi institutlara rast gəlmək mümkündür və bu da onların modernləşmə yolunu fərqləndirən cəhətlərdəndir. Qeyd olunan kontekstdə nəzərə alınmalıdır ki, siyasi modernləşmə prosesində dövlətin rolunun artması, insanların şüurunun siyasiləşməsi və siyasi fəallığının artması, ən yeni siyasi təşkilatlanma strukturlarının yaranması geniş vüsət alır.

Postsovet ölkələri üçün modernləşmə və onun tipologiyasından bəhs edərkən mövzunun tədqiqatçılarından M.V.İlyinin müəyyən etdiyi invariantlar diqqəti daha çox cəlb edir. Müəllif modernləşmənin aşağıdakı tiplərini fərqləndirir:

1. Endogen, yəni, ölkə daxilindəki mövcud əsaslara söykənən modernləşmə. Bu tipə ABŞ və Avropa ölkələrinin keçdiyi modernləşmə yolunu aid etmək olar.

2. Endogen-ekzogen, yəni həm ölkə daxilində olan əsaslara dayanan, həm də xaricdən mənimsənilmiş təcrübə əsasında həyata keçrilən modernləşmə. Buraya bəzi MDB ölkələrini, o cümlədən Azərbaycan və Şərqi Avropa ölkələrinin keçdiyi modernləşmə yolunu aid etmək mümkündür.

3. Ekzogen, yəni, xaricdən mənimsənilən təcrübə əsasında həyata keçrilən və daha çox imitasiya xarakteri daşıyan modernləşmə.

Birinci tip ölkələrlə müqayisədə ikincilərdə siyasi faktor əhəmiyyətli rol oynayır və bu, tamamilə məntiqəuyğundur. Çünki burada ənənəvi iqtisadi, siyasi, sosial və sosiomədəni strukturların yayğın transformasiyası üçün yetərincə zəmin formalaşmayıb və bu səbəbdən bəzi hallarda dövlət təkanverici qüvvə və transformasiya prosesinin təşkilatçısı kimi çıxış etmək məcburiyyətində qalır [8, 38].

Müasir dünyada modernləşmə hər bir cəmiyyətin inkişafının vacib şərtlərindən biridir. Eyni fəlsəfədən çıxış edərək, hesab edirik ki, dünyanın indiki geosiyasi dizaynında bu xətt Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir və bu gün ölkənin təşəkkülündə iştirak edən ən vacib amillərdən biridir. Modern Azərbaycan dövləti ölkədə sosial-iqtisadi və təsisat-struktur sahəsində köklü dəyişikliklər aparılması, şəffaflığın genişləndirilməsi, cəmiyyətin yeni konturlarını müəyyən edən ən perspektivli dövlət siyasətinin aparılması yolunu tutmuşdur. Azərbaycanda müstəqillik illərində ardıcıl olaraq həyata keçirilən liberallaşdırma və vətəndaş cəmiyyətinin

yaradılması xətti siyasi modernləşmənin təməl daşıdır. Digər tərəfdən, siyasi modernləşmə cəmiyyətin yenidən qurulmasının mühərriki olan iqtisadi modernləşməyə də yaşıl işıq yandırır.

Modernləşmə transformasiya proseslərinin generatorudur

Postsovet dövlətlərində, eləcə də Azərbaycanda modernləşmə prosesində siyasi və iqtisadi elita aparıcı rol oynayır. Demokratiyaya keçid hakimiyyətin təşkilində irəliyə doğru atılmış mühüm addım sayılır və belə bir arxivacib məqam siyasi elita tərəfindən qəbul edilən qəti qərar kimi təzahür edir. Ümumiyyətlə, demokratik cəmiyyət, hüquqi dövlət və vətəndaş cəmiyyəti kimi təsisatların xronologiya və konsept olaraq eyni vaxtda formalaşmağa başlaması səbəbindən Azərbaycanda modernləşmənin əsas subyekti və təşəbbüskarı qismində siyasi elita, lider çıxış etmişdir. Buna görədir ki, modernləşmə proseslərindən söz düşəndə ilk növbədə dövlətin, iqtisadiyyatın, siyasi sistemin, hərbi gücün, idarəetmə sisteminin modernləşməsi başa düşülür.

Son 20 ildə cəmiyyətin, siyasi sistemin və iqtisadiyyatın modernləşməsi sahəsində həyata keçirilmiş tədbirlər sistemi Azərbaycanı yeni davranış normaları və stereotipləri, davamlı siyasi sistemi və mərhələlər üzrə formalaşmaqda olan demokratik təsisatları, bazar sisteminə xas iqtisadi strukturu olan məkana çevirməyə imkan vermişdir. Azərbaycanda yaşanan siyasi modernləşmə endogen-ekzogen xaraketr daşıyır və cəmiyyətin modernləşməsi prosesində həlledici rol dövlətə məxsusdur.

Azərbaycanda siyasi inkişaf prosesləri və modernləşmə tarixi-siyasi xüsusiyyətlər və milli-mənəvi təməllər üzərində qərar tutur. Beləliklə, Azərbaycanda siyasi modernləşmənin səciyyəvi cəhəti kimi onun həm qabaqcıl təcrübədən bəhrələnməsini, həm də öz inkişaf yolunu müəyyənləşdirərək bu yolda əldə etdiyi mütərəqqi nailiyyətlərlə milli-tarixi ənənələrin sintezi zəminində formalaşmasını göstərmək olar.

Siyasi modernləşmənin, demokratikləşmənin uğurla reallaşması üçün onun möhkəm iqtisadi resurslara söykənməsi şərtdir. Modernləşmə və möhkəm iqtisadi əsaslar üzərində təşəkkül tapan demokratiya bir-birindən ayrı təsəvvür edilməyən anlayışlardır. Zəngin ölkələrdə demokratiyanın təkamülü və dönməz xarakteri siyasi sistemlə yanaşı həm də məhz iqtisadi rifahın yüksəlişi ilə şərtlənir. Ölkəmizdə siyasi modernləşmə və demokratikləşmə proseslərinə xidmət edən iqtisadi əsas isə Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyein ötən əsrin son onillyində yenidən hakimiyyətə qayıdışından sonra yaradılmış, bununla həm də modenrizasiya prosesinə keçidin əsas təməllərindən biri formalaşdırılmışdır. Son 20 ilin reallıqları da bunu təsdiq edir.

Müstəqil Azərbaycanın prezidenti kimi Heydər Əliyevin 1993-2003-cü illərdə irəli sürdüyü ideya və fikirlər, iqtisadi-siyasi və sosial-mənəvi sahədə reallaşdırdığı kurs və parktiki tədbirlər milli inkişaf siyasətinin formalaşması və həyata keçirilməsinin ikinci mərhələsində ölkədə bir ictimai siyasi sistemdən digərinə keçidin, yəni demokratik cəmiyyətin və ictimai həyat normalarının əsasını yaratmışdır. “Bu siyasət bütün keçid dövrü ərzində imperiya və sosializmin sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, getdikcə qloballaşan dünyada öz yerini axtaran, milli maraqlarını və təhlükəsizliyini qorumağa çalışan gənc Azərbaycan dövləti üçün praktiki fəaliyyət proqramına çevrilmişdir” [9, 29].

Ulu öndər qeyd edirdi ki, bir ölkədə hətta inqilabi dəyişikliklər belə köhnə sistemi dərhal dəyişdirmir, onu yeni sisitemlə əvəz etmir, inqilab köhnəni vurub dağıdır, ancaq ondan fərqli sistem yartamaq üçün müəyyən vaxt və illər lazımdır [10]. Təkamül əsasında müstəqil Azərbaycanın yeni siyasi sistemə müvəffəqiyyətli keçidini təmin edən Heydər Əliyev bununla həm də Qərb təcrübəsi əsasında Azərbaycan reallıqlarına uyğun uğurlu modernizasiyasının əsasını yaratmışdır. Ulu öndər etik-milli və mili-siyasi aspektlər arasında optimal nisbəti nəzərə almaqla dövlətin təkamül yolu ilə inkişafına ciddi zəmin yaratmış və dövlətçilik probleminin ən əlverişli həll yolunu müəyyənləşdirmişdir [11]. Bu zaman daxili ictimai-siyasi sabitliyin qorunması, vətəndaş həmrəyiliyinin formalaşdırılması və onların hüquqlarını sərbəst şəkildə reallaşdırıması, əhalinin sosial-iqtisadi, siyasi tələbatının ödənilməsi daim diqqət mərkəzində olmuşdur.

Ümummilli liderin müəyyənləşdirdiyi proqram əsasında həyata keçirilən siyasəti uğurla və novatorluqla davam etdirən Prezident İlham Əliyevin siyasətində ən müxtəlif mövqelərdən, fərqli bucaqlardan ifadə olunan siyasi yanaşmaların hamısı azərbaycançılıq fəlsəfəsində, Azərbaycanın dinamik inkişafı naminə aparılan miqyaslı işlərdə tamamlanır. Müasir dönəmdə ölkəmizin ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazandığı nailiyyətlər əsasında Prezident İlham Əliyev ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-ideoloji transformasiyasının yeni mərhələsinin əsasını yaratmışdır. Bu mərhələnin əsas məqsədlərindən biri isə Azərbaycanı Qərbin ən yüksək inkişaf etmiş ölkələri ilə eyni cərgəyə daxil edərək onu daha modern və müasir bir ölkəyə çevirməkdir. Bu istiqamətdə ölkənin indiyə qədər əldə etdiyi iqtisadi, siyasi, sosial və mədəni uğurlar daha da möhkəmləndirilir və buna paralel olaraq liberal, çoxşaxəli, dinamik və innovativ texnologiyalara əsaslanan milli iqtisadiyyat formalaşdırılır, sosial və siyasi idarəçilik sahəsində optimal, səmərəli və ədalətli inkişaf modeli yaradılır. Bu kontekstdə Azərbaycan

Prezidentinin xüsusi Sərəncamla təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” Milli İnkişaf Konsepsiyası isə strateji inkişafın istiqamətlərini, prinsip və vəzifələri müəyyən edir.

O da məxususi vurğulanmalıdır ki, azərbaycançılıq ideyasına sadiq qalmaqla Avroatlantik məkana inteqrasiya ölkəmizdə siyasi modernləşmənin başlıca xüsusiyyətlərindən hesab olunur. Başqa sözlə, azərbaycançılıq ideyası milli-mənəvi dəyərlər sistemi kimi modernləşmənin təməlini təşkil edir. Prezident İlham Əliyev bu məsələ ilə bağlı olaraq demişdir: “Azərbaycan demokratiya yolunu öz xalqının iradəsi ilə seçmiş bir ölkədir. Biz bu yola qədəm qoymaqla, bütün demokratik normalara riayət etməklə, özümüzün tarixi, geosiyasi və başqa xüsusiyyətlərimizi nəzərə almaqla azadlıq və demokratiya, modernləşmə prinsiplərinin reallaşdırılmasını təmin edəcəyik. Biz bilirik ki, nə istəyirik, haraya gedirik və bunun nəticəsi nə olacaqdır. Nəticə güclü ölkə olacaq, güclü Azərbaycan olacaq” [12].

Eyni zamanda, sosial reallığın dərki, həyatın maddi və rəmzi aspektlərinin əhəmiyyəti, xarici və daxili amillərin iştirakı, üstünlük təşkil edən metodlar, individin azadlığının səviyyəsi kimi amillərin təhlili Azərbaycanın gələcək inkişaf konsepsiyasının çərçivə və istiqamətlərini aşkara çıxaran əsas faktorlar sırasındadır. İnsanların ictimai-siyasi fəallığının artması və özünüdərkinin yetkinləşməsi sayəsində cəmiyyətdəki ictimai-siyasi və sosial-iqtisadi proseslərin tənzimlənməsində vətəndaşların müxtəlif təbəqə və kateqoriyalarını təmsil edən ictimai qurumların fəal rol oynaması isə dövlətin və insan toplumunun daha yüksək inkişaf səviyyəsini təşkil edən vətəndaş cəmiyyətini səciyyələndirən əsas amillərdəndir.

Prezident İlham Əliyev tərəfindən modernləşmənin əsas vəzifələri qismində müasir cəmiyyətin, müasir infrastrukturun və müasir insanın yaradılması məqsədi müəyyənləşdirilmişdir. Bu mənada qətiyyətlə qeyd etmək olar ki, Azərbaycan modernləşməyə transformasiyanı uğurla həyata keçirir, proses özünü ən müxtəlif, o cümlədən siyasi və iqtisadi həyatada qabarıq formada büruzə verir. Akademik Ramiz Mehdiyevin “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” adlı məqaləsində göstərdiyi kimi: “Hazırda sosiomədəni transformasiyanı milli tranzitin iki aspekti- iqtisadi və siyasi modernləşmə müəyyən edir. Bu transformasiyanın əsas mahiyyəti inkişaf dərəcəsi, siyasi və iqtisadi hazırlıq səviyyəsi müxtəlif olan cəmiyyətlərə “üçüncü demokratik dalğa”nın genişlənməsi ilə əlaqədar “idxal edilən” şəffaflıq, yeni idarəetmə stereotipləri, digər davranış və sosiomədəni normalar və arxetiplər şəklində təzahür edir” [13].

Siyasi inkişaf bir proses kimi islahatlar və ya modernləşmə, yaxud da inqilabi formada ola bilər. Birinci, siyasi sistemin əsasları saxlanılmaqla onun yenidən formalaşmasını nəzərdə tutur və demokratik inkişafı qarşıya məqsəd qoyan ölkələr üçün xarakterikdir. Belə bir inkişaf strategiyasını seçmiş hər bir ölkənin daxilində demokratik proseslərin inkişafına real zəmin yaradılmalı, tətbiq olunan yeniliklər ictimai şüur tərəfindən tam şəkildə mənimsənilməlidir. Bu nöqteyi-nəzərdən, demokratik quruculuq yolu ilə hərəkət edən Azərbaycan həssas bir geosiyasi bölgədə yerləşsə də, onun həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə özünəməxsus inkişaf modeli formalaşmaqdadır.

 

NƏTİCƏ

Qlobal proses olaraq qəbul edilən modernləşmə struktur-funksional diffe-rensiasiya və müvafiq inteqrasiya formalarının əmələ gəlməsi ilə xarakterizə edilir. Siyasi modernləşmənin mərkəzində yer alan əsas məqam isə elmi-texniki tərəqqi, sosial-strkutrur dəyişiklikləri, normativ və dəyərlər sisteminin dəyişməsi nəticəsində qlobal sivilizasiya prosesinin ümumi modelinin əsaslandırılmasıdır. Modernləşmə sosioloji makronəzəriyyənin formasiya və sivilizasiyadan sonra üçüncü paradiqması kimi qəbul edilir. Siyasi sferada modernləşməninin fərqləndirici cizgiləri demokratik konstitutsiyalı dövlət, dövlət quruculuğunda millli dövlətçiliyə keçid, iqtisadi sahədə isə kapitalizmə keçiddir.

Ötən əsrin son onillyində yenidən dövlət müstəqillyinə qovuşan müasir Azərbaycan modern inkişaf yolunda inamla irəliləməkdə, yeni nailiyyətlərin müəllifi qismində çıxış etməkdədir. Modern Azərbaycan dövləti öz inkişafında sosial-iqtisadi, hüquqi, təsisat-struktur, mədəni sahədə köklü dəyişikliklərin həyata keçirilməsi, şəffaflığın genişləndirilməsi, bu müstəvidə cəmiyyətin yeni konturlarını müəyyənləşdirən ən perspektivli dövlət siyasətinin reallaşdırılması yolunu tutmuşdur. 1990-cı illərin ortalarından etibarən, cəmiyyətin, onun malik olduğu siyasi sistemin və iqtisadiyyatın modernləşməsi istiqamətində həyata keçirilmiş tədbirlər Azərbaycanı yeni davranış normaları və stereotiplərə malik, davamlı siyasi sistemi və mərhələlər üzrə formalaşan demokratik institutları, bazar sisteminə uyğun iqtisadi struktura malik bir məkana çevirməyə imkan vermişdir.

Azərbaycanda siyasi modernləşmə endogen-ekzogen xaraketr daşıyır və cəmiy-yətin modernləşməsi prosesində həlledici rol dövlətə məxsusdur. Siyasi inkişaf prosesləri və modernləşmə tarixi-siyasi xüsusiyyətlərə əsaslanmaqla

milli-mənəvi təməllər üzərində qərar tutur. Beləliklə, Azərbaycanda siyasi modernləşmənin xarak-terik cəhəti qismində onun həm qabaqcıl təcrübədən bəhrələnməsini, həm də öz inki-şaf yolunu müəyyənləşdirərək bu yolda əldə etdiyi mütərəqqi nailiyyətlərlə milli-tarixi ənənələrin sintezi zəminində formalaşmasını göstərmək olar.

 

 

ƏDƏBİYYAT:

 

1. Амин С. Экономический глобализм и политический универсализм:

Конфликтующие результаты (Реф. обзор А. Б. Рахманов), Социология, РЖ, РАН ИНИОН. M., 2003, № 1.

2. Валлерштайн И. Анализ мировых систем и ситуация в современном мире. Пер. с англ. П. М. Кудюкина, под общей ред. Б. Ю. Кагарлицкого. - СПб., Университетская книга, 2001, 416 c.

3. Eisenstadt S. Modernization, Protest and Change. 1966.

4. Орлова Э. А. Социокультурные предпосылки модернизации в России: Библиотека в эпоху перемен: Информ. сб. (Дайджест). Вып. 2(10), Москва: РГБ, 2001, с. 7-42.

5. Штомпка П. Социология социальных изменений. М., 1996, 243 с.

6. Виноградов А.В. Китайская модель модернизации: поиски новой идентичности. М.: Памятники историче¬ской мысли, 2005, 334 c.

7. Восток в древности , Отв. ред. В. А.Якобсон. М., ВЛ РАН.I'W; История Востока, т.1.

8. Modern, Anti, Post and Neo: How Intellectuals have Coded, Narrated and Explained the “New World of Our Time”. [by] Jeffrey C. Alexander. Verso, New York, NY, 1995.

9. Həsənov Ə. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti. Bakı: Letterpress, 2011, 440 s.

10. Əliyev H. Müstəqilliymiz əbədidir. Elektron külliyyat // Http: heydar-aliyev.preslib.az

11. Xəlilov S. Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsi. “Azərbaycan” qəzeti, 2008, 9 aprel.

12. Prezident İlham Əliyevin “Fövqəladə Ukrayna dəyirmi masası” beynəlxlq investisya forumunun geniş iclasının açılışındakı nitqindən, 16 yanvar 2005-ci il.

13. Mehdiyev R. “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti”, “Azərbaycan” qəzeti, 2008,16 yanvar.

 

Açar sözlər: siyasi sistem, modernləşmə, demokratiya, cəmiyyət, sosial təkamül, hüquqi dövlət

 

Ключевые слова: политическая система, модернизация, демократия, общество, социальная эволюция, правовое государство

 

Keywords: political system, modernization, democracy, society, social evolution, legal state

 

 

РЕЗЮМЕ.

Особенности политической модернизации в Азербайджане. Халид Ниязов. В статье представляется подробная характеристика модернизации и анализируются основные этапы процессов политической модернизации. По мнению автора, первая волна модернизации произошла еще в период Азербайджанской Демократической Республики, в начале XX века на Востоке было создано первое государство с Парламентом. В статье комментируются проделанные работы для успешного осуществления политической модернизации и описываются предпринятые шаги в направлении совершенствования механизмов государственного управления, эволюционной системы общества.

 

 

SUMMARY.

Features of political modernization in Azerbaijan. Khalid Niyazov. The article represents in detail the characteristics of modernization and analyzes the main stages of political modernization’s processes. According to the author, the first wave of modernization took place during Azerbaijan Democratic Republic, in the early XX century in the East created the first state with the Parliament. The article comments on the work done for the success

of political modernization and describes the steps taken towards improving the mechanisms of state management, the evolutionary system of society.

 

 

XALİD NİYAZOV,

Siyasi elmlər üzrə fəlsəfə doktoru


"Geostrategiya" jurnalı № 05 (35) SENTYABR-OKTYABR 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM