BEYNƏLXALQ HUMANİTAR ƏMƏKDAŞLIQ – AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT SİYASƏTİ KİMİ

09:00 / 17.12.2016

Beynəlxalq humanitar işbirliyində iştirak silsilə amillərlə şərtlənir. Yəni hər hansı bir dövlətin humanitar əlaqələrə və əməkdaşlığa qoşulmasında onun çoxtərəfli potensialı, geniş imkanları, malik olduğu çoxsaylı resurslar mühüm göstəricilər sayılır. Bu kimi göstəricilər dövlətlərin beynəlxalq humanitar əməkdaşlıqda iştirakının səviyyəsini, nəticələrini və perspektivlərini müəyyənləşdirən və onlara köklü təsir göstərən amillər sırasına daxildir.

Ölkəmizin beynəlxalq humanitar əməkdaşlıqda davamlı, faydalı iştirakına özül olan, stimul və təminat verən, əlverişli şərait yaradan potensialı, yəni resursları və imkanları Azərbaycanın dövlət başçıları H.Əliyev (1) və İ.Əliyevin bir sıra çıxışlarında, təhlillərində formulə edilmişdir. İ.Əliyevin 2012-ci ildə keçirilən İkinci Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışı (2), 2016-cı ildə Davos İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən "Azərbaycan iqtisadiyyatının gələcəyi" mövzusundakı məqaləsi (3) və s. bu baxımdan daha səciyyəvi, diqqətçəkicidir. Həmin potensialın − resurs və imkanların tərəfimizdən aparılan təsnifatlaşdırılması tezisvari aşağıdakı kimi ifadə oluna bilər:

a) siyasi-hüquqi –beynəlxalq səciyyəli. Yəni dövlətimizin:

olduqca əlverişli coğrafi mövqeyi;

ölkədə təmin etdiyi siyasi sabitlik və ictimai təhlükəsizlik şəraiti;

humanitar sahədəki beynəlxalq əməkdaşlıqda «siyasətçi məsuliyyəti»nə verdiyi mühüm önəm;

balanslaşdırılmış xarici siyasət;

beynəlxalq aləmdə, təşkilat-qurumlarda qazandığı etibar və s.;

b) sosial-iqtisadi yönümlü. Belə ki, respublikamızın:

insan kapitalına və sosial ədalətə əsaslanan güclü dövlətçilik strategiyası;

zəngin neft-qaz ehtiyatları və şaxələndirilmiş enerji diplomatiyası;

c) humanitar-intellektual məzmunlu. Məsələn, ölkəmizin (xalqımızın):

həyat tərzinə çevrilən mültikulturalizm (çoxmədəniyyətlilik) və tolerantlıq (dözümlülük) mühiti;

zəngin tarixi, bəşəri mədəni irsi və humanitar sərvətləri;

beynəlxalq birliyə təhsil, idman, incəsənət, turizm ilə sıx inteqrasiyası

Bu meyar baxımından Azərbaycan dinamikdir və öncül mövqelərdədir. Ölkəmizin xalqlararası humanitar işbirliyindəki fəallığını təmin edən iqtisadi potensialın başlıca məqamları, göstəriciləri və nəticələri sırasında isə, bizcə, aşağıdakılar xüsusilə vurğulanmalıdır.

1-cisi, öncə AR-in iqtisadi qüdrətini açıqlayan və təsdiqləyən bəzi önəmli göstəricilərin - məlumat və faktların (2;3) qeyd edilməsi lazım gəlir:

hazırda Cənubi Qafqaz dövlətlərinin iqtisadiyyatının 75%-i Azərbaycanın payına düşür;

Ölkə əhalisinin yoxsulluq səviyyəsi 49%-dən 9 faizə enibdir;

bütün bu sadalananların və s. sayəsində: a) çoxşaxəli iqtisadiyyatımız yaranmışdır; b) Davos İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatının rəqabətlilik qabiliyyətinə görə 40-cı və MDB məkanında isə yenidən 1-ci yerə layiq görmüşdür; c) AR son illərin ard-arda gələn iqtisadi-maliyyə böhranlarının mənfi nəticə və meyllərindən maksimum müdafiə oluna bilmişdir.

2-cisi, Azərbaycan xeyli transmilli enerji nəqliyyat layihələrinin uğuruna təminat verməklə də beynəlxalq və regional humanitar əməkdaşlıqda irəli çıxmaq imkanları qazanmışdır. Əsas təşəbbüskar və təşkilatçısı Azərbaycan olan transmilli enerji-nəqliyyat layihələri (BTC, TANAP, TAP, BTQ) və infrastrukturu ölkələri, qitələri birləşdirməklə həm də, bizcə, xalqları yaxınlaşdıran «humanitar körpülər»dir. Yəni onların həyata keçirilməsi prosesində habelə dövlətlərarası elmi-texniki-mədəni əməkdaşlıq, xalqlararası humanitar yardımlaşma və digər bu kimi önəmli işlər də görülür.

3-cüsü, respublikamızda insan kapitalının inkişafına dair dövlət siyasəti də beynəlxalq humanitar əməkdaşlıqda davamlı və faydalı iştirak üçün güclü zəngin imkanlardan sayılır. Hökumətimizin bu sahədəki fəaliyyəti və «Qara qızılı insan kapitalına çevirək» konsepsiyası - xətti çox uğurlu olmuşdur. Belə ki, AR əhalisi neftə əsaslanan inkişafın

"Nigeriya faciəsi" və "Holland sindromu (xəstəliyi)" kimi modellərinin olduqca acı nəticələri ilə qarşılaşmaqdan qurtulmuşdur.

AR-in “Qara qızılın insan kapitalına çevrilməsi” təcrübəsi dünyanın tanınmış dövlət xadimləri, diplomatları və habelə mötəbər beynəlxalq toplantılar tərəfindən yüksək dəyərləndirilmişdir. Belə ki, Bakı Beynəlxalq Humanitar forumlarında – üçüncüdə Türkiyənin keçmiş prezidenti S.Dəmirəl və dördüncüdə isə BMT Baş katibinin təmsilçisi xanım H.Klark bu məqamı xüsusilə vurğulamışlar. Sonuncunun fikrincə, çox təqdirəlayiq haldır ki, ölkənin təbii sərvətləri intellektual – humanitar potensiala çevrilir; bu da “Qara qızılın insan kapitalına çevrilməsi” xəttinin məramına müvafiqdir (5).

Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafının onun beynəlxalq humanitar əməkdaşlıq potensialını xeyli artırması əsla danılmazır. Bu məqam-amil vaxtilə H.Əliyev tərəfindən ciddiliklə nəzərə alınmış və önə çəkilmişdi. Buna görə də Böyük İpək Yolunun bərpasına dair beynəlxalq konfransın məhz AR-də (Bakıda) keçirilməsi heç də təsadüfi deyildi. 1998-ci ilin sentyabrında 32 dövlət və hökumət başçısının, 13 beynəlxalq təşkilat və şirkət rəhbərinin iştirakı ilə keçirilən konfransda «Avropa-Qafqaz-Asiya» nəqliyyat dəhlizinin inkişafı məsələləri (TRASEKA proqramı və s.) ətraflı müzakirə olundu (6,s.81;7,s.356). Konfransın sənədlərində, yəni çoxtərəfli sazişdə və Bakı Bəyannaməsində planetar miqyaslı və həm də humanitar məqsədli (səpkili) strateji layihələrə üstünlük verilməsi, Azərbaycanın nəhəng nəqliyyat dəhlizinin mərkəzində yerləşməsi və başqa çoxönəmli dəyərləndirmələr, müddəalar vurğulanmışdır.

Ölkəmizin beynəlxalq humanitar əməkdaşlıqda iştirak imkanlarını daha da genişləndirən transmilli nəqliyyat layihələri sırasında – İ.Əliyevin «Azərbaycan iqtisadiyyatının gələcəyi» məqaləsində (3) qeyd edildiyi kimi – bunların da xüsusi yeri vardır: 1) Azərbaycanı Avropa ilə dəmiryolu vasitəsilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilişi. 2) Xəzər hövzəsində ən böyük ticarət limanı olacaq yeni Beynəlxalq Dəniz Ticarəti limanının tikintisi. 3) Beynəlxalq hava limanlarının inşası və s.

Beynəlxalq aləmdə həm də idman ölkəsi kimi tanınan müasir Azərbaycanda həyata keçirilən çoxşaxəli tədbirlər ölkəmizin humanitar işbirliyindəki sanbalını, çəkisini xeyli artırır. Bununla bağlı AzərTAC-ın Baş direktoru A.Aslanovun Azərbaycanın dünyada qarşılıqlı humanitar əməkdaşlığın və dialoqun yeni modelini yaratması ilə bağlı təhlilində (8) özünə yer alan bir mühüm fikrə qatılmaq lazım gəlir. Orada qeyd edilir ki, Olimpiya hərəkatı Qərb dəyəri sayılsa da, ilk Avropa Oyunlarının təşkilinin məhz Azərbaycana həvalə olunması böyük şərəf və məsuliyyət baxımından ölkəmizə etimadın göstəricisidir. Bu beynəlxalq tədbir həmçinin AR-in dünyada artan nüfuzunun və geniş imkanlarının beynəlxalq aləm tərəfindən etirafı və təsdiqinin sübutudur.

Bizcə, beynəlxalq humanitar həmrəylik aktı kimi də dəyərləndirlə bilən, Birinci Avropa Oyunları onun Təşkilat Komitəsinin sədri M.Əliyeva tərəfindən isə ölkələri, xalqları, insanları bir araya gətirən dostluq tədbiri kimi qiymətləndirilmişdir (9). Bu fikri oyunlarda 50 ölkəni təmsil edən 6 mindən çox idmançının iştirakı da yetərincə təsdiqləyir. "Formula-1" yarışları, İslam Həmrəylik Oyunları və digər belə tədbirlər beynəlxalq humanitar (idman) dəyərlərini xeyli zənginləşdirə bilən imkanlar sayılmalıdır.

Turizmin genişlənməsi iqtisadiyyatımızın qeyri-neft sektorunun böyüməsini şərtləndirməklə yanaşı, beynəlxalq humanitar əməkdaşlıq potensialımızı da gücləndirir. Fikrimizcə, turizm özünün məramları, qayəsi, resursları və s. ilə "Dünya insan alyansı"nın qurulmasına mühüm təsir göstərir. Turizmin bu kimi üstünlük-imkanları BMT Baş katibi Pan Gi Munun 3-cü Bakı Beynəlxalq Humanitar Forumuna müraciətində ifadə edilən önəmli bir müddəa ilə də xeyli dərəcədə səsləşir: "Qloballaşan dünyada problemlərin həlli sərhədlərdən kənarda geniş əməkdaşlıq olmasını tələb edir" (5). Bu kontekstdə turizmin beynəlxalq humanitar işbirliyindəki yeri və imkanları xüsusi əhəmiyyət kəsb edir.

Belə bir reallıqdan çıxış edən Azərbaycan hökuməti turizmin inkişafı və onun beynəlxalq humanitar əməkdaşlıqdakı mövqelərinin daha da möhkəmləndirilməsi sahələrində xeyli işlər görmüşdür. Belə ki, 1999-cu ildə ölkəmizdə "Turizm haqqında" ayrıca qanun qəbul edilmişdir. AR 2001-ci ildə Ümumdünya Turizm Təşkilatına üzv olmuşdur. 2002-ci ildə Bakıda Beynəlxalq turizm sərgisi təşkil edilmişdir. 2006-cı ildə Azərbaycan Turizm institutu açılmışdır. Bakıda 2009-cu ilin aprelində "Turizm – mədəniyyətlərararsı dialoqu təmin edən amil kimi" adlı beynəlxalq konfrans keçirilmişdir. 2011-ci il Azərbaycanda "Turizm ili" elan olunmuşdur. Turizmin inkişafına dair müxtəlif müddətləri əhatə edən Dövlət proqramlarının qəbulu bu sahədəki sistemli və məqsədyönlü fəaliyyət üçün geniş imkanlar yaratmışdır. Bütün bunlar olduqca səmərəli nəticələr vermişdir. Ümumdünya Turizm Təşkilatının rəsmi məlumatlarına əsasən respublikamıza gələn turistlərin sayı son illərdə xeyli artmışdır. Habelə ölkəmizin humanitar sərvətlərinin və milli dəyərlərinin turizm vasitəsilə dünyaya tanıdılması (təqdimatı) istiqamətində ciddi irəliləyişlər baş vermişdir (10,s.17-18).

AR-in beynəlxalq humanitar əməkdaşlıq imkanları və resursları sırasında çoxmədəniyyətlilik və dözümlülük ən öncül yerləri tuturlar. Bunun da çox ciddi səbəbləri və əsasları vardır. Azərbaycan multikulturalizminin xalqlararası humanitar əməkdaşlıqda iştirakın qüvvətli, etibarlı və dayanıqlı potensialı olması müxtəlif yönlərdən dəyərləndirilə və

əsaslandırıla bilər. Bununla əlaqədar olaraq üzərində dayanılmasına ciddi ehtiyac duyulan bəzi məsələ və məqamların burada qısaca nəzərdən keçirilməsini lazım bilirik. Ölkəmizdəki müasir multikulturalizm:

tarixiliyi, ənənəviliyi, permanentliyi, dönməzliyi və s. ilə seçilir, xeyli fərqlənir;

polietnik, çoxkonfessiyalı, tolerant dövlətin göstəricisi, təcrübəsi, modelidir;

beynəlxalq inteqrasiya və humanitar əməkdaşlıq prosesləri üçün sınanmış, möhkəm dayaqlarlı platformadır və s.

Müasir humanitar əlaqələrimizə qüvvətli təkan verən çoxmə­dəniyyətliliyimiz öz gücünü həm də zəngin tarixi keçmişimizdən alır. Bir yandan tarixi keçmişimiz, digər tərəfdən isə bu günümüz, habelə gələcəyimiz olan çoxmədəniyyətliliymizin potensialı H.Əliyevin də vaxtilə xüsusilə vurğuladığı məsələlərdəndir. O bildirirdi ki, Azərbaycanın öz tarixi nailiyyətlərini və milli ənənələrini bütün dünyaya nümayiş etdirə bilməsinə çalışmaq lazımdır; xalqımız bu mənada tarixi və müasir potensiala (iqtisadiyyata, elmə, mədəniyyətə, ənənələrə, islam dininə və s.) malikdir (1). Bu konseptual baxışı inkişaf etdirən İ.Əliyev III Bakı Beynəlxalq Humanitar forumundakı çıxışında bunları önə çəkmişdir: multikulturalizm Azərbaycanda dövlət siyasətidir və bunu tarixi keçmişimiz diktə edir; biz gündəlik həyatımızda həmin prinsiplər əsasında fəaliyyət göstəririk (2).

Multikulturalizm və tolerantlıqla bağlı AR-də mövcud olan elmi-siyasi rəylərin və dəyərləndirmələrin ortaq qənaətinə görə bu iki fenomenal proses, anlayış habelə:

Azərbaycanın humanitar əməkdaşlığın yeni gündəliyinin hazırlanmasına dair təşəbbüsüdür;

humanitariyanın yeni platformasının formalaşdırılması tələbatıdır;

fərqli mədəniyyətlərin, dinlərin (konfessiyaların) bərabərhüquqlu inkişafına yönəlik idyeya-çağırış-fəaliyyətlərin sistemidir;

polietnik, multikultural cəmiyyət – mühitlərin təşəkkülünü şərtləndirən və təmin edən dövlət siyasəti, strateji proqram və s.

AR-in beynəlxalq humanitar əməkdaşlıqda iştirakının körpülərindən sayılan multikulturalizm və tolerantlığın Azərbaycan təcrübəsi bir çox əməli-praktiki tərəfləri ilə də böyük marağa səbəb olmuşdur. Bununla əlaqədar məsələlər aşağıdakı kimi sistemləşdirilə bilər:

1-cisi, ölkəmizin çoxmədəniyyətlilik və dözümlülük təcrübə-modeli beynəlxalq sənədlərin və respublikamızın qanunvericiliyinin aparıcı siyasi, hüquqi prinsip və tələblərinə qətiyyətlə, ardıcıl olaraq riayət etməklə qazınılmış, yaradılmışdır. Həmin sənədlərin geniş spektri dissertasiyanın digər bölmələrində yetərincə dəyərləndirilmişdir. Bunu nəzərə alaraq burada daha bir neçə sənədi, yəni BMT-nin 1981-ci ildə qəbul etdiyi «Dözümsüzlüyün və din və ya əqidəyə əsaslanan ayrı-seçkiliyin bütün formalarının ləğvi barədə» və YUNESKO-nun 1995-ci ildə yaydığı «Dözümlülüyün prinsipləri haqqında» bəyannamələri, AR Konstitusiyasının multikulturalizmin əsası sayılan tolerantlıqla bağlı məqamları təsbit edən 21-ci (əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsi və inkişafının təminatı) və 44-cü (hər kəsin milli mənsubiyyətinin qoruyub saxlamaq hüququ) maddələri(11,s.9,15;12,s.80-81), respublikamızda qəbul edilən «Dini etiqad azadlığı haqqında» 1992-ci il və «Dini ekstremizmə qarşı mübarizə barədə» 2015-ci il tarixli qanunlar, prezidentin 2015-ci ildə verdiyi "Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərararası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam və s. vurğulamaqla da kifayətlənmək olar. Bu kimi sənədlər AR-in beynəlxalq humanitar əlaqələrində ölkəmizin mültikulturalizm və tolerantlıq kimi nailiyyətlərindən faydalanmağa hüquqi əsaslar vermişdir.

2-cisi, Azərbaycanın multimədəniyyətlilik və tolerantlıq modelinin əməli göstəriciləri və nəticələri ilə bağlı bunları fərqləndirmək olar:

ölkəmizin multikultural-tolerantlıq məkanına və paytaxtımızın isə çoxmədəniyyətlilik ideyaları - çağırışlarının intellektual müzakirələri mərkəzinə çevrilməsi;

2014-cü ildə Bakıda – dünyada ilk və hələlik yeganə mültikultural qurumun – Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması (Yeri gəlmişkən, mərkəzin fəaliyyət sahələri və istiqamətlərinə multikulturalizmlə tolerantlığın – azərbaycançılıq məfkurəsi, milli özünəməxsusluq əsasında – müdafiəsi, beynəlxalq humanitar əməkdaşlıq, dövlətimizin çoxmədəniyyətlilik təcrübəsinin dünyaya təqdimatı, çağdaş multimədəniyyətlilik modellərinin elmi tədqiqatı, təşviqi və s. aid edilir)

AR-in Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi strukturunun təsis edilməsi;

2016-cü ilin Azərbaycanda «Multikulturalizm ili» elan edilməsi və s.

3-cüsü, AR-in multikulturalizm və tolerantlıq təcrübəsi və modelinin beynəlxalq birlik tərəfindən yüksək səviyyədə təqdirolunması da diqqətəlayiq məsələdir. Təcrübə-modelimizin beynəlxalq miqyasda bəyənilməsi və öyrənilməsi məsələləri isə özünün konkret ifadəsini, əsasən, aşağıdakılarda tapır:

a) AR rəsmilərinin, xüsusilə prezidentinin yeni dünya düzəni, humanitar fəlakətlər , terrorçuluq, multikulturalizm, tolerantlıq, miqrasiya və digər məsələlərlə bağlı keçirilən beynəlxalq mötəbər toplantılara dəvət olunmaları ənənəvi diplomatik hala çevrilmişdir. İ.Əliyevin ən son zamanlarda qatıldığı «20-lər»in sammiti,

«Suriyaya və regiona dəstək» beynəlxalq konfransı, IV Beynəlxalq Nüvə Təhlükəsizliyi və Dünya Humanitar sammitləri və s. bu baxımdan olduqca təqdirəlayiqdir;

b) dövlətimizin beynəlxalq humanitar əməkdaşlıqla çoxmədəniyətliliyin, dözümlülüyün qarşılıqlı səmərəli əlaqələri və müsbət təsiri ilə bağlı təcrübəsi dünya ictimaiyyətinin geniş spektri tərəfindən də xoşluq, razılıqla qəbul olunur və diqqətlə öyrənilir. Dünyaya xalqımızın sərvəti kimi təqdim edilən və beynəlxalq aləmdə də belə qəbul olunan multikulturalizm - tolerantlıq təcrübəsinin etirafı, dəyəri çoxsaylı göstərici və faktlarla da təsdiqini tapır. Onlardan bəzilərinin burada qeyd olunmasında lüzum görürük:

Azərbaycandakı dini dözümlülük şəraiti ən yüksək beynəlxalq səviyyələrdə belə etiraf olunmuşdur. Məsələn, 2002-ci ildə AR-ə rəsmi səfərə gələn o zamankı Roma Papası II İoann Pavel ölkəmizdəki dini tolerantlıq durumunu bu cür dəyərləndirmişdi: "Azərbaycanda dinlər arasındakı tolerantlıq münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər" (13,s.208). Papanın tarixi qənaət-etirafına, təbii ki və bizcə də, ölkəmizdəki dini və milli tolerantlıq siyasəti və mühitinin bu kimi əsla inkarolunmaz nəticələri, göstəriciləri də yetərli əsaslar vermişdir: Azərbaycandakı katolik icmasının dövlət qeydiyyatına alınması; Bakıda katolik kilsəsinin inşası və fəaliyyətə başlaması; Heydər Əliyev Fondunun Qərb dövlətləri, xüsusilə də Vatikandakı xristianlıq abidələrinin bərpasına təmənnasız maliyyə yardımı İtaliyanın "Globalist" xəbər portalında özünə yer alan «Hər kəsin yaşaya biləcəyi bir ölkə» adlı məqaləsindəki bu fikir də diqqətçəkicidir: "Azərbaycan bütün mədəniyyətlərin, sivilizasiyaların, dinlərin nümayəndələrinin dostluq şəraitində, bir ailə kimi mehriban yaşadığı modern ölkədir. Bu ölkə dünyada cərəyan edən mənfi proseslərə müsbət və konstruktiv töhfə verə biləcək təcrübəyə malikdir" (14);

hazırda 649 (24-ü qeyri/müsəlman) dini icmanın mövcud olduğu Azərbaycandakı multikulturalizm və tolerantlığa pravoslav kilsəsindən baxış da maraq doğurur. Belə ki, Bakı Pravoslav Xristian Yeparxiyasının arxiyepiskopu Aleksandrın qənaətinə görə, “Azərbaycan multikulturalizmi öyrənilməyə və tətbiq edilməyə layiq mənəvi dəyərdir” (15);

xarici dövlətlərin (Rusiya, Portuqaliya, Çexiya, Litva və s.) bir sıra universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə müvəffəq olunması da müsbət nəticə təki dəyərləndirilə bilər;

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bəzi ölkələrdə (Portuqaliya və digər) nümayəndəliklərinin açılması da Azərbaycanın çoxmədəniyyətlilik və tolerantlıq təcrübəsi-modelinin yayılması, təşviqi baxımından vaxtında düşünülən və atılan addım sayılmalıdır (Sözgəlişi, Portuqaliyanın «Dnoticias.pt» portalının məlumatlarına görə Mərkəzin Lissabondakı təmsilçiliyinin rəhbəri, Lissabon universiteti Beynəlxalq əlaqələr departamentinin direktoru, prof.T.Damasian Bakıda təşkil olunan "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş – 2016" adlı Beynəlxalq Multikulturalizm qış məktəbində «Yeni dünya nizamı və multikulturalizm» mövzusunda məruzə etmişdir;

Azərbaycanın çoxmədəniyyətlilik və dözümlülük təcrübəsi və modelinə İsrail dövlətinin, beynəlxalq yəhudi lobbisinin, ayrı-ayrı ölkələrdəki (o cümlədən də bizdəki, yəhudi icmalarının verdikləri böyük dəyər və müsbət rəylər də olduqca önəmlidir. Bu kimi dəyər və rəylər sırasında bunlar xüsusilə də diqqəti cəlb edir. "İsrailin səsi" Dövlət radiosunun daimi şərhçisi, beynəlxalq münasibətlər üzrə ekspert A.Qutun açıqlama və qənaətilərindən (5) bəzilərinə nəzər salaq: Bakı beynəlxalq humanitar əməkdaşlıq üçün məkana və mərkəzə çevrilir; AR-in mültikulturalizmi, tolerantlığı təbliğ və müdafiə etməsi siyasəti modern və güclü Azərbaycan dövlətçiliyi strategiyasının təzahürü və ifadəsidir; Bakı Beynəlxalq Humanitar forumları "intellektual Davos" səciyyəsini daşıyır və s. (Məlumat üçün qeyd edək ki, A.Qut Bakı Dövlət universiteti Beynəlxalq münasibətlər fakültəsinin məzunudur). AR MM-in yəhudi əsilli deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Y.Abramovun yanaşmaları, fikirləri (16) də çox maraqlı və əhəmiyyətlidir: yəhudilərin Avropadan İsrailə qayıtmaqdan başqa yollarının olmadığı bir şəraitdə Azərbaycanda onları körpə uşaq təki bəsləyirlər; bizim Qırmızı qəsəbəmiz elə Los-Ancelos kimi yaşayır; yəhudilər 2500 ildir Azərbaycanda yaşayırlar və ulu babalarımıza da minnətdarıq ki, bütün dünyanı dolaşıb gətirib bizi burada məskunlaşdırıblar və s. A.Qut ilə Y.Abramovun bir ortaq qənaəti də mütləq diqqətə alınmalıdır: bəzən «Kiçik İsrail» də adlandırılan Qırmızı qəsəbə yəhudilərin öz vətənindən sonra dünyada yığcam yaşadıqları yeganə, nadir (bənzərsiz) bir yerdir və Azərbaycanın həqiqi qürur mənbəyi, bəşəri nailiyyətidir (5;16).

Ümumiyyətlə, aparılan elmi araşdırmalar belə bir nəticə-qənaətə gəlməyə yetərli əsaslar verir: Azərbaycandakı multikulturalizm və tolerantlıq onun beynəlxalq humanitar əməkdaşlıqda faydalı və təsirli iştirakı üçün güclü potensialdır. Həmin potensialın - resurslar və imkanlar cəbbəxanasının - qüvvətləndirilməsi siyasəti düzgün düşünülmüşdür. Buna görə də ölkəmizdəki çoxmədəniyətliliyin və dözümlülüyün qazancları və habelə bu sahələrdəki bəzi problemlər açıq şəkildə müzakirə edilərək dəyərləndirilməlidir.

Multikulturalizm və tolerantlıq kimi fenomenal sərvətlərdən beynəlxalq humanitar əlaqələrimizdə faydalanarkən multimədəniyyətlilik və milli özünüdərk, özünəxaslıq kimi önəmli məqamlar, onların qarşılıqlı təsiri və vəhdəti mütləq nəzərə alınmalıdır. Həmçinin çoxmədəniyyətliliyə və dözümlülüyə dair beynəlxalq təcrübəsinin və ayrı-ayrı dövlətlərin nümunələri də ətraflı öyrənilməlidir. Onların öyrənilməsi və Azərbaycan təcrübəsi (modeli) ilə yaradıcı müqayisəli təhlili mültikulturalizm, tolerantlıq − beynəlxalq humanitar əməkdaşlıq körpüsünün davamlılığı və uzunömürlülüyü cəhətdən də çox vacibdir, əhəmiyyətlidir.

 

 

 

ƏDƏBİYYAT:

 

 

1. Əliyev Heydər. Dünya azərbaycanlılarının I qurultayında nitq.

2. “Azərbaycan” qəz., Bakı, 2011, 11 noyabr.

3. http://www.president.az/articles/12264

4. Əliyev İlham. Azərbaycan iqtisadiyyatının gələcəyi. “Azərbaycan” qəz., Bakı, 2016, 21 yanvar.

5. Muradov Ş. və b. AR-də insan potensialının inkişafı və demoqrafik proseslərin nizamlanması istiqamətləri/ AMEA-nın Məruzələri, LXVIII cild, 2012, N4,s.91-100.

6. Bakı Beynəlxalq Humanitar forumlarının bəyannamələri //az.trend.az/azerbaijan/politics/2207078. html və bakuforum.az/news/index.html

7. Musa İ. Azərbaycanın xarici siyasəti, 3-cü hissə. Bakı: Bakı Universiteti, 2011, 776 s.

8. Azərbaycan tarixi: Ali məktəblər üçün dərslik//M.Abdullayevin elmi redaktorluğu ilə. Bakı: Bakı Universiteti, 2014, 380 s.

9. Aslanov A. Azərbaycan müasir dünyada qarşılıqlı dialoqun və əməkdaşlığın yeni modelini yaradıb //az.trend.az/azerbaijan/politics 2391917 html

10. Əliyeva M. BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumunda çıxışı. “Azərbaycan” qəz., Bakı, 2016, 28 aprel və http://www.mehriban-aliyeva.org/az/main

11. Didavari R., Azerbaijan-Burcting with Tourism Potential // Visions of Azerbaijan. Baku: january-february 2010, p.16-23.

12. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2011, 64 s.

13. Sadıqov S. Birgəyaşayış mədəniyyətinin Azərbaycan modeli // “Milli Məclis” analitik informasiya jurnalı, Bakı, 2014, iyun, s.78-81.

14. “Qarabağ dünən, bu gün və sabah” 11-ci elmi-əməli konfransının materialları. Bakı: 2011, 264 s.

15. www.heydar-aliyev-foundation.org./az/kontent/ view/104/109

16. İmamquliyev B. Multikulturalizmə Pravoslav kilsəsindən baxış. “Azərbaycan” -əz., Bakı, 2016, 1 may.

17. Abramov Y. Azərbaycanda yəhudiləri körpə uşağı bəsləyən kimi bəsləyirlər. “Yeni müsavat” qəz., Bakı, 2015, 17 fevral.

 

Açar sözlər: humanitar əməkdaşlıq, resurslar, “insan kapitalı”, multikulturalizm, tolerantlıq,

 

Ключевые слова: гуманитарное сотрудничество, ресурсы, «человеческий капитал», мультикультурализм, толерантность

 

Key words: humanitarian cooperation, resources, “human capital”, multicoultiralism, tolerance,

 

 

 

РЕЗЮМЕ

 

 

Ш.Т.Аллахвердиева

Потенциал Азербайджанской Республики в области гуманитарного сотрудничества

В статье исследована потенциал гуманитарного сотрудничества Азербайджанской Республики. Здесь проанализированы ресурсы различного характера нашей страны в этой области. Главное внимание уделено изучению таких важных научных проблем, как место и роль мультикультурализма и толерантности в международных гуманитарных связях Азербайджана.

 

SUMMARY

 

S.T.Allahverdiyeva

The potential of the Republic of Azerbaijan in the field of humanitarian cooperation

The potential of humanitarian cooperation of the Republic of Azerbaijan has been investigated in the paper. The nature of different resources of our country in this area has been analysed here. The main attention is paid to the study of important scientific problems, such as the place and role of multiculturalism and tolerance in international humanitarian relations of Azerbaijan.

 

ŞƏMS ALLAHVERDİYEVA,

Bakı Dövlət Universitetinnın doktorantı


"Geostrategiya" jurnalı № 05 (35) SENTYABR-OKTYABR 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM