Bu gün təkcə cəmiyyət modelləri ilə məşğul olan sosioloji diskurslarda deyil, pedaqogikada, iqtisadi elmlərdə və siyasi debatlarda da “biliklər cəmiyyəti” konsepti mərkəzi yer tutur. “Biliklər cəmiyyəti” nin qərarlaşması qeyri-bərabər şəkildə cərəyan edir, bu və ya digər dövlətin inkişaf səviyyəsindən asılıdır. Ayrı-ayrı dövlətlər “biliklər cəmiyyəti” nə tez, digərləri isə gec nail ola biləcəklər. Bu, ölkənin iqtisadi inkişaf xüsusiyyətləri, istehsal səviyyəsi, coğrafi mövqeyi, mədəni ənənələrindən və s. asılıdır. Bu mənada YUNESKO-nun təklif etdiyi və qlobal səviyyəli faktiki, statistik materialların, ilk növbədə bəşəriyyətin hazırkı durumunun fəlsəfi dərki əsasında işlənmiş “biliklər cəmiyyəti” konsepsiyası yeni tip cəmiyyətin inkişaf perspektivlərinin analitik aləti kimi xidmət göstərə bilər. Ümumdünya Bankının işlədiyi metodika əsasında bu və ya digər ölkənin, regionun və ya cəmiyyətin ”biliklər cəmiyyəti”nə keçidə hazır olma dərəcəsini qiymətləndirmək mümkündür.
İqtisadi forumlarda, müəssisələrdə və siyasətdə müzakirə olunan bu problem belə təəssürat yaradır ki, biliklər iqtisadiyyatı, “biliklər cəmiyyəti” yeni bir çağırışdır və müasir iqtisadiyyatlar indi buna ardıcıllıqla reaksiya verməlidir.
Müşahidələrimiz göstərir ki, Azərbaycan hələ yaxın zamanlarda “biliklər cəmiyyəti” ni formalaşdırmaq imkanı baxımından liderlər sırasında deyil. Lakin “biliklər cəmiyyəti”nə inteqrasiya prosesinin vüsət alması ölkəmizin inkişafının strateji hədəflərindəndir. Ölkədə “biliklər cəmiyyəti”nin formalaşması üçün ilkin şərait yaradılır. “Biliklər cəmiyyəti”nin qərarlaşması üçün baza olan təhsil sistemində köklü islahatlar gedir. Təhsil fəlsəfəsinin özü də dəyişmişdir. Təhsil, elm və innovasiya növündə nəhəng potensial yığılıb toplanmışdır ki, ondan düzgün istifadə edilib inkişaf etdirdikdə, o, “biliklər cəmiyyəti” nin qərarlaşması üçün bazis ola bilər.
Bu yolda əsas maneələrdən biri təhsil sistemində aparılan islahatlarda, o cümlədən vahid təhsil məkanına inteqrasiya prosesində kompleksliliyin, sistemliliyin olmaması,“biliklər cəmiyyəti” termini altında nəyin ifadə edildiyinin aydın olmaması ilə bağlıdır. Paradoks da olsa, biliklər cəmiyyətinin empirik təzahürü ilə bağlı yekdil fikir yoxdursa, onda heç “biliklər cəmiyyəti” nəzəriyyəsi də yoxdur. Məhz qeyri-müəyyən olduğuna görə, müasir sosial dəyişikliklərin səciyyələndirilməsi üçün “biliklər cəmiyyəti” konsepti həm elmi diskussiyalarda, həm də populist şüarlarda geniş işlədilir.
Məsələ burasındadır ki, insanın tarixən tələbatları artdığından, bu tələbatların ödənilməsi üçün lazım olan biliklərin həcmi də daimi artırdı. Təbii ki “bilik” anlayışının özünün də məzmunu dəyişirdi. Bundan başqa, müxtəlif sosiomədəni ənənələrdə də biliyin məqsəd və funksiyalarına yanaşmalar müxtəlifdir. Belə ki məsələn, Çin fəlsəfəsinin klassiki Konfutsinin təsəvvürlərində bilik insana üz tutur, yəni “bilmək” idarətmənin etibar edilə bildiyi insanın əsas keyfiyyətlərini bilmək mənasını verirdi. Daosizm və dzenbuddizmdə bilik özünüdərk demək idi. Sokratın da təlimində özünüdərk ən mühüm məsələlərdən biri hesab edilirdi. Maraqlıdır ki, antik dövrdə biliyə başqa müstəvidə də yanaşma mövcud idi. Belə ki Pifaqor “bilik” dedikdə, məntiq, ritorika və qrammatikanı, yəni, ümumi mədəniyyət üçün lazım olan bilik sahələrini başa düşürdü. Səmərəlilik, faydalılıq isə heç də elmə yox, texnikaya, yəni bacarıq və vərdişlərə aid edilirdi.
Yeni Dövrdə “bilik” anlayışının məzmunu köklü şəkildə dəyişdi və yeni sosio-mədəni hadisə olan “elmi bilik” meydana gəldi. F.Bekonun “Bilik gücdür” şüarı Yeni Dövrün devizi oldu. Bu gün “biliklər cəmiyyəti” haqqında mübahisələr bir növ baş vermiş sivilizasiya transformasiyalarının nəticəsi oldu ki, bunun da hərəkətverici qüvvəsini məhz elmi bilik təşkil edirdi. Elmin inkişafı nəticəsində “bilik” anlayışının məzmunu bir tərəfdən genişləndi, daha dəqiq konturlar aldı, digər tərəfdən də elmin sferasından mənəvi dəyərlər xaric edildi. Bu dövrdə obyektin nəzəri izahında və təsvirində subyektə (tədqiqatçıya), onun tətbiq etdiyi vasitə və həyata keçirdiyi əməliyyatlara aid olan hər şeydən sərf-nəzər edilməsi, eliminasiya edilməsi dünya haqqında obyektiv biliklərin əldə olunmasının zəruri şərti hesab edilirdi. Bu dövrü haqlı olaraq stiyentist metodologiya dövrü hesab etmək olar. Klassik fizika canlı orqanizmi, təfəkkürü və cəmiyyəti öyrənən fənlər üçün yeganə model hesab olunurdu.
Elmin inkişafı və industrial cəmiyyətin formalaşması inamın bilikdən ayrılmasına gətirib çıxardı. Tədqiqatın obyektinin əsasən sadə sistemlər olduğu o dövrdə bu, bir tərəfdən mümkün idi, digər tərəfdən isə elmi axtarışlara elə də güclü təsir göstərmirdi. Amma bu dünyagörüşünün nəticələri insanlıq üçün çox acı oldu: dünya texnikanın hakimiyyətinə verildi və cəmiyyətin mexanikiləşdirilməsi üçün zəmin yaradıldı. Qeyd etmək lazımdır ki, kütləvi şüur səviyyəsində bu, yalnız XX əsrin sonunda dərk olundusa, fəlsəfi şüurda bu mənfi nəticələr ondan çox-çox əvvəl, xüsusən də “Həyat fəlsəfəsi” çərçivəsində öz əksini tapmışdır. Məsələn, E. Husserl, Avropa mədəniyyətini kəskin tənqid atəşinə tutmuş, onun böhran yaşadığını söyləmiş, bu böhranın səbəblərini isə elmilik ruhunda görmüşdü. Elm ali hakimə çevrilmiş, hər şeyi, o cümlədən əxlaqi şüuru da əvəz etmişdir[1].
Qeyri-klassik elmin meydana gəlməsi ilə situasiya daha da mürəkkəbləşdi. Biliyin problematikliyi üzə çıxdı. Tədqiqatın nəticələrinin alimin tətbiq etdiyi vasitələrin xarakterindən və öyrənilən obyektin məruz qaldığı əməliyyatların spesifikasından asılılığı nəzərə alınmağa başladı. XXI əsrdə bu məsələ xüsusi bir kəskinliklə qarşıda qoyuldu. Artıq alimin fəaliyyəti daha geniş rakursda götürülərək obyekt haqqında biliklərimizin təkcə tədqiqat vasitələrindən və əməliyyatlardan deyil, həmçinin alimin həm elm daxili, həm də sosial oriyentasiyasından asılı olduğu vurğulanır. Tədricən biliyə təkcə anlayışlar, mühakimələr formasında ixtisaslaşdırılmış məlumatlar deyil, praktiki təcrübənin nəticələri, ənənələr və s. də aid edilir. Başqa sözlə, müasir təsəvvürlərə görə bilik onun istehsalı prosesində iştirak edən subyektdən asılı olmayan mücərrəd konstrukt deyil. Bilik həmişə subyektivdir, deməli, “biliklər cəmiyyəti”nin də tərkib elementlərindən biri subyektin özüdür. Axı biliklə onun praktikada tətbiqi arasında xeyli fərqlər ola bilir. Məsələn, insanın öz vəzifələrini incəliklərinə qədər bilməsi hələ onun doğrudan da ona əməl edəcəyinə zəmanət vermir. Postqeyri-klassik paradiqmanın mahiyyəti də elə məhz bu fərqləri önə çəkməsindədir. Bu, postmodern mədəniyyətinin antropomorf xarakterli olmasından xəbər verir.
Yuxarıda deyilənlərdən aydın olur ki, “bilik” anlayışı müxtəlif təsəvvürləri və dəyərləri özündə birləşdirir. Buna görə də bu gün hansı tip biliklərə və təhsilin hansı formasına üstünlüyün verilməsi barədə mübahisələr göstərir ki, bir mədəniyyətdə arzu olunan biliklər digər mədəniyyətdə arzuolunmaz ola bilər [4,s.235].
Bu gün postqeyri-klassik elmin problemlərinə həsr olunmuş çoxlu sayda əsərlər işıq üzü görməkdədir.İnkişafı özünüinkişaf və özünütəşkil kimi nəzərdən keçirən yeni bir cərəyan - özünütəşkil fəlsəfəsi (sinergetika), elmi bilik haqqında postmodernist və relyativist təsəvvürlər meydana gəlir.
Postmodern dövründə ətraf mühitin mühafizəsi problemləri ön plana çıxdı. Rоmа klubunun bаnisi və ilk prеzidеnti Аurеliyо Pеççеinin "yеni humаnizm" kоnsеpsiyаsındа göstərildiyi kimi, bu gün insаnın məqsədlərindən ən vаcibi – təbiəti məhv еtmədən yаşаmаğı öyrənməkdir. Filosofların fikirlərinə görə, postmodernist transformasiyalar təkcə mədəniyyətdə deyil, həmçinin, sosial-iqtisadi sferada da baş verir. Onlar hesab edirlər ki, qlоbаllаşmаnın nеqаtiv sоsiаl nəticələrindən yаха qurtаrmаq üçün insаnlаr öz həyаt оriyеntаsiyаsını mаlik оlmаqdаn “mövcud оlmаğа” dəyişməlidir.
Lakin yaşadığımız informasiya cəmiyyətində yeni informasiya texnologiyaları biliyin mahiyyətini dəyişməyib, yalnız biliklərin əldə edilməsi, saxlanması, emalı və translyasiyası üsulları və imkanları dəyişir ki, bu da informasiyanın miqdarının misilsiz dərəcədə artmasına və sirkulyasiyasının güclənməsinə səbəb olur. Eyni zamanda bu gün nəzəri bilikdən çox, tətbiqi əhəmiyyətə malik informasiya çox böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, biliyin utilitarlaşmasını, onun məzmununun iqtisadi faydaya yönəldilməsini J.F.Liotar artıq 1979-cu ildə postmodernist biliyi səciyyələndirərkən təsvir etmiş və biliyin qiymətləndirilməsində ənənəvi “düzdür/ yanlışdır” kodunun “tətbiq olunandır/tətbiq olunmazdır” kodu ilə əvəz olunduğunu vurğulamışdı. Başqa sözlə, bilik “burada və indi” lazımdır.
Digər tərəfdən, insanların şüuru ilə manipulyasiya edən peşəkarların meydana çıxdığı bir şəraitdə virtual reallıq da yarandı: real olanla real olmayanı, həqiqəti uydurmadan, biliyi mifdən fərqləndirən meyarlar yox oldu. Məlum oldu ki, cəmiyyətdə, o cümlədən internetdə sirkulyasiya edən informasiyanın həcminin artması avtomatik olaraq mədəni səviyyənin yüksəlməsinə gətirib çıxarmır, ən azı ona görə ki həmin informasiya axınında şübhəli olanlar az deyil. Bu gün insan informasiya axınını şüurlu şəkildə yönləndilmir, əksinə, insanı və onun dəyərlərini informasiya axını formalaşdırır. İnsan informasiyaya deyil, əksinə, informasiya insana sahiblik edir.
Deməli, sosial inkişaf paradiqması dəyişməyib və stiyentist tendensiyalar davam edib daha da genişlənməkdədir. Amma nəzərə almaq lazımdır ki, əsasən inkişaf etmiş ölkələrin hərəkətləri nəticəsində yaranan qlobal problemləri isə bu çərçivədə həll etmək mümkün olmayacaq, çünki “biliklər cəmiyyəti”nin bazisini biliklərə əsaslanan iqtisadi sistem təşkil edirsə, sosial quruluşun tipini maddi maraqlardan və iqtisadi məqsədəmüvafiqlikdən çox, dəyərlər və mənəvi oriyentirlər şərtləndirir.
“Biliklər cəmiyyəti”nin formalaşdırılması məsələsinin qoyuluşu sosial inkişaf paradiqmasının, o cümlədən təhsil paradiqmasının köklü şəkildə dəyişdirilməsini tələb edir. Bu gün təhsil paradiqması ayrı-ayrı elmlərin qeyri-klassik elm tərəfindən aradan qaldırmış vəhdətini və bütövlüyünü, deməli, dünya mənzərəsinin də vəhdətini keyfiyyətcə yeni səviyyədə - “rəngarəngliyin vəhdəti” formasında [3,s.140] bərpa etməlidir. Bu zaman ən mühüm vasitələrdən biri təhsilin humanitarlaşdırılmasıdır.Yalnız bu yolla insanda rasional, mənəvi və estetik bilikləri vahid bir tama gətirmək mümkündür. Digər vasitə kimi təhsilin fasiləsizliyinin, permanentliliyinin təmin edilməsi çıxış edir. Ümumiyyətlə təhsil bitkin ola bilməz: bu, dünyanın dərki forma və üsullarının rəngarəngliyi ideyasına uyğun gəlmir. Təsadüfi deyildir ki, P.Draker “biliklər cəmiyyəti”nin imperativlərindən biri kimi “öyrənməyi öyrətmək” imperativi qeyd etmişdi [2] .
Bir sözlə, dünyanın dərkində zəka da, inam da, iradə də iştirak edir. Bunlardan birinin mütləqləşdirilməsi neqativ nəticələrə səbəb olur.
ƏDƏBİYYAT
1. Гуссерль Э. Кризис европейских наук и трансцендентальная феноменология. M., Наука, 2013 г.
2.Дракер, П. Посткапиталистическое общество // Новая индустриальная волна на Западе: антология / Под ред. В.Л.Иноземцева.-М. : Академия, 1999. – 631 с.
3. Кравец А.С. Постнеклассическое единство физики //Проблемы методологии постнеклассической науки. — М., 1992.
4. Роузентал Ф. Торжество знания: Концепция знания в средневековом исламе. – М.: Наука, 1978.
5. Nəzərov M.H. Bilik və informasiya postsənaye cəmiyyətinin intellektual kapitalının ən mühüm elementləri //Sivilizasiya jurnalı. BAU.Bakı 2014№11, s.9-13
6. Nəzərov M.H. Şəxsiyyətin formalaşması və inkişafında biliklərə əsaslanan iqtisadiyyatın rolu. //Sivilizasiya jurnalı. BAU. Bakı 2015.- № 9. s.3-10.
Açar sözlər: “biliklər cəmiyyəti”, bilik, elm, informasiya, təhsil paradiqması, informasiya cəmiyyəti.
Key words: "knowledge society", knowledge, science, information, educational paradigm, the information society.
Ключевые слова: «общество знаний», знание, наука, информация, парадигма образования, информационное общество.
Резюме
В статье, посвященной императивам «общества знаний», автор анализирует историческую эволюцию понятия «знание», подчеркивает, что в современном информационном обществе новые информационные технологии не изменили сущность знания, а сциентистские тенденции сохраняются. Автор обосновывает мысль о невозможности решить глобальные пробемы современности в рамках такого подхода и в качестве предпосылки указывает на восстановление на качественно новом уровне единства картины мира.
SummAry
In the article devoted to the imperatives of the "knowledge society", the author analyzes the historical evolution of the concept of "knowledge", emphasizes that in the modern information society the new information technologies do not change the essence of knowledge and scientistic trends continue. The author substantiates the idea of the inability to solve global problems of modernity in the framework of this approach and as a prerequisite indicates that the reconstruction at a qualitatively new level of unity of the world picture.
MÜSLÜM NƏZƏROV Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
"Geostrategiya" jurnalı № 06 (36) NOYABR-DEKABR 2016
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM