İnformasiya siyasətinin formalaşmasında və həyata keçirilməsində KİV-in rolu

11:15 / 29.04.2014

Xalid Niyazov
AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu

Müasir qloballaşma dövründə dövlət cəmiyyətin maraqları naminə ardıcıl informasiya siyasəti yürüdür. Dövlət informasiya siyasəti şəxsiyyətin, cəmiyyətin və dövlətin balanslaşdırılmış maraqlarının məcmusunu müəyyənləşdirən informasiya sferasında milli maraqların müdafiəsini təmin etmək məqsədilə həyata keçirilir. İnformasiya siyasətinin formalaşmasında KİV-in rolu müstəsnadır.
XXI əsrdə bəşəriyyət yeni sivilizasiya mərhələsinə - informasiya cəmiyyəti dövrünə qədəm qoymuşdur. İnformasiya cəmiyyətində informasiya həyati əhəmiyyətli məsələyə, insanların, sosiumun və bütövlükdə bəşəriyyətin şüurundakı obyektiv prosesi əks etdirən, saxlayan KİV isə onu bütün dünyaya yayan vasitəyə çevrilmişdir.
Azərbaycan tədqiqatçısı, professor C.Məmmədli informasiya cəmiyyətində KİV-in simasının dəyişdiyini qeyd edir:
- ölkə əhalisinin yarıdan çoxu iqtisadiyyatın informasiya sahəsində çalışır;
- cəmiyyəti birləşdirən və onun əsas sosial dəyərlərindən biri kimi informasiya çıxış edir; informasiya iqtisadi istehsalın əsas məhsulu kimi çıxış edir;
- cəmiyyətdə hakimiyyət xalqın informasiyalı təbəqəsinin əlində cəmləşir;
- cəmiyyətin hər bir üzvü fəaliyyət göstərdiyi coğrafi məkandan asılı olmayaraq, əhatəli informasiya xətləri vasitəsilə istənilən ölkədən lazım bildiyi informasiyanı dolğun və dəqiq şəkildə, operativ əldə edə bilir;
- elektron kütləvi informasiya vasitələrinin fəaliyyəti informasiya sistemləri ilə bütövləşir, rəqəmsal televiziya təşkil olunur;
- informasiya sistemləri nəzdində ölkələrin coğrafi və geosiyasi sərhədləri itir, müxtəlif ölkələrin qanunvericiliyi “toqquşur”, “sınır”, “dəyişdirilir” və “müasirləşdirilir” (1, s. 595).
İnformasiya cəmiyyəti xalqların, ölkələrin bütöv informasiya məkanında birləşməsi üçün şərait yaradır. Müasir texnologiyanın imkanları sayəsində informasiyalaşma sivilizasiyanın inkişafına təkan verən amil kimi çıxış edir. KİV yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sayəsində ictimai həyatın hər hansı sahəsinə aid informasiyanı dünyanın hər bir nöqtəsinə çatdıra bilir. “Mətbuat ictimai həyatın çox mühüm tərkib hissəsidir. İctimai hadisələrin subyektləri öz fəaliyyətlərini ancaq informasiya mübadiləsi sayəsində əlaqələndirə bilirlər. Bu mübadilənin ən əsas formalarından biri isə mətbuatdır” (2, s. 5).
KİV təkcə informasiya mübadiləsini deyil, informasiya siyasətini də həyata keçirir. Kütləvi informasiya-kommunikasiya vasitələrinin güclü dövlətlərin və dairələrin əlində cəmlənməsi nəticəsində onların ictimai rəyə və siyasi təsisatlara təsiri imkanları genişlənir. Müasir dövrdə informasiya üstünlüyünün, informasiyalaşmanın kimin inhisarında olmasından çox şey asılıdır. İnformasiyalaşmanın cinayətkar, terrorist qrupların əlində olması fəlakətli nəticələrə gətirib çıxara, insanların təhlükəsizliyinə təhdidə çevrilə bilər.
Rus tədqiqatçısı V.V.Panferova “Müasir Rusiyanın informasiya siyasəti” əsərində dövlət informasiya siyasətinin strukturunun iki tərkib hissədən ibarət olduğunu göstərir:
1) texniki-texnoloji;
2) humanitar.
Texniki-texnoloji hissə - cəmiyyətin informasiyalaşması, İKT-nin, rabitə vasitələrinin tətbiqi, güclü informasiya-texnoloji infrastrukturun yaradılmasıdır. Dövlət informasiya siyasətinin humanitar tərkib hissəsi isə informasiyaların keyfiyyət və məzmunu ilə əlaqədardır. İnformasiya siyasətinin məhz bu tərəfi informasiyaların cəmiyyətin sosial-iqtisadi, mənəvi və siyasi proseslərinə bilavasitə təsirinin məzmun və xarakterini müəyyənləşdirir (3, s. 211).
Dövlət informasiya siyasətinin humanitar tərkib hissəsində KİV mühüm yer tutur. “İnkişaf etmiş, müstəqil KİV-in mövcudluğuna hər bir demokratik dövlətin daxili stabilliyinin, cəmiyyətin səmərəli idarə olunmasının vacib şərtlərindən biri kimi baxan professor Əli Həsənov onun informasiya daşıyıcısı funksiyasını onun əsas funksiyası hesab edir” (4, s. 26).
Şübhəsiz, KİV təbliğat imkanları ilə dövlət informasiya siyasətini yaratmaq, formalaşdırmaq gücünə malikdir. Hazırda KİV sferasının dövlət tənzimlənməsinin həm tərəfdarları, həm də əleyhdarları mövcuddur. Bu tənzimlənmənin tərəfdarları KİV sahəsində dövlət siyasətinin və qanunvericilik normalarının hüdudlarının genişləndirilməsini istəyirlər. Ümummilli və ümumbəşəri maraqların ifadəçisi olan dövlət öz siyasətini yürüdərkən cəmiyyət və vətəndaşlar qarşısında məsuliyyətini dərk etməlidir. Dövlət informasiya siyasəti demokratik informasiya qaydalarının təmin olunmasında mühüm amildir.
Dövlət informasiya siyasəti dövlətdə və cəmiyyətdə informasiya qaydalarını, onların məqsədyönlülüyünü həyata keçirən hakimiyyət orqanlarının təsəvvür, baxış və ideyalar sistemidir. Bu sistemə uyğun olaraq informasiya sferasında fəaliyyət, qanunvericilikdə təsbit olunmuş müddəalar ciddi şəkildə reallaşır. Dövlət informasiya siyasəti informasiya münasibətləri ilə bağlı geniş məsələləri əhatə edir və bunlardan ən mühümü KİV sahəsində dövlət siyasətidir (5, s. 143).
KİV sahəsində informasiya siyasətinin əhatə etdiyi məsələlərdən biri də milli təhlükəsizliyin tərkib hissəsi olan informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Dövlətin milli təhlükəsizlik siyasəti və onun KİV-də işıqlandırılması ilə bağlı Müstəqil Jurnalistlər Liqasının hazırladığı “Mətbuatda dövlət siyasətinin təbliğinə dəstək” adlı bülletendə göstərilir ki, dövlətlərin milli təhlükəsizlik siyasətləri bir-birindən fərqlənsə də, onlar ən azı üç əsas məsələni əhatə etməlidir: beynəlxalq sistemdə dövlətin rolu, dərk olunmuş yerli və beynəlxalq problemlər, hallar və bu problemlərə və hallara qarşı aktorların həyata keçirməli olduğu öhdəliklər (6).
Müasir cəmiyyətdə demokratikləşmə və modernləşmə xeyli dərəcədə dövlət hakimiyyətindən, media vasitələrindən, həmçinin, onların arasındakı qarşılıqlı münasibətlərdən asılıdır. Bu qarşılıqlı əlaqələr cəmiyyət üçün vacib əhəmiyyət kəsb etdiyindən, müxtəlif elm sahələri tərəfindən qeyd edilən məsələ üzrə aparılan araşdırmaların miqyası daim genişlənməkdədir. Bununla bağlı dünya praktikasında müəyyən konseptual yanaşmalar, araşdırmalar mövcuddur və onlar yeni tədqiqatlar hesabına daha da zənginləşir. Azərbaycanda da dövlət informasiya siyasəti və onun KİV-də işıqlandırılması formaları, bu institutlar arasında qarşılıqlı əlaqələr müstəqillik əldə olunduqdan sonra yüksələn xəttlə inkişaf edir.
Bununla belə təqdirəlayiq haldır ki, KİV və dövlət arasında qarşılıqlı faydalı münasibətlərin əsası qoyulmuşdur.
Milli təhlükəsizlik siyasətinin tərkib hissəsi olan informasiya təhlükəsizliyi siyasətinin əsas məqsədi informasiya sahəsində milli maraqların müdafiəsini təmin etmək üçün tədbirlər kompleksinin reallaşdırılmasıdır. İnformasiya təhlükəsizliyi siyasəti informasiya təhdidlərinə qarşı etibarlı sipər rolunu oynamaqla, milli maraqları qoruyur. İnformasiya təhlükəsizliyində KİV-in fəal rolunu önə çəkən bəzi analitiklər “mediokratiya”dan – KİV hakimiyyətindən bəhs edirlər.
Müasir dövrdə informasiya təhlükəsizliyi sahəsində dövlət siyasətinin əsas prioritetlərindən biri də İKT-nin inkişafını keyfiyyətcə yeni mərhələyə qaldırılmasıdır. Son illərdə Azərbaycanda ictimai həyatın bütün sahələrində İKT geniş tətbiq edilmiş, dövlət qurumları tərəfindən elektron xidmətlərin göstərilməsinə başlanılmışdır. “İKT sahəsində informasiya təhlükəsizliyinin təmini xüsusilə aktualdır. İnformasiya təhlükəsizliyini tənzimlənməsi məqsədi ilə dövlət sirri təşkil edən məlumatların mühafizəsinin hüquqi mexanizmləri təkmilləşdirilir və informasiya azadlığı təmin olunur. Ölkə rəhbərliyi informasiyaya və elektron dövlət xidmətlərinin tətbiqinə doğru istiqamət götürüb. Bütün icra olunan layihələr vahid məqsədə – “elektron hökumət”in yaradılmasına xidmət edir” (7).
Göründüyü kimi, İKT-nin ən son imkanlarından bəhrələnən KİV-lər informasiyanı daha operativ çatdırmaq qabiliyyətinə malikdirlər. Akademik Ramiz Mehdiyev “Modernləşmə xətti yenə də gündəlikdədir” əsərində vurğulayır ki, informasiya-kommunikasiya texnologiyaları təkcə inkişafa yol açmır, o, həm də KİV-də də dəst-xətt, üslub yaradır: “İnformasiya-kommunikasiya texnologiyaları ünsiyyət, qarşılıqlı münasibətlər və dostluq üçün hər gün yeni imkanlar və perspektivlər açır... Artıq bu gün özünün elektron poçtu olmayan, yaxud informasiya-kommunikasiya texnologiyalarının bu və ya digər növündən istifadə etməyən insanları təsəvvür etmək çətindir” (8, s. 38).
Müasir KİV İKT-nin tətbiqi sayəsində dünya informasiya məkanına çox asanlıqla daxil olur, dünya xəbərlərini əldə edərək cəmiyyətə çatdırır, oxucu auditoriyasının tələbatını lazımi səviyyədə ödəyə bilir. Müasir dövrdə mediatexnologiya dövlət və vətəndaş cəmiyyəti qurumları arasında təmasların şəffaflığında, iqtisadiyyat, sosial, elm, təhsil və mədəniyyət sahələrinin və insanların həyat tərzinin inkişafında universal katalizator rolu oynayır. Lakin bu da məlumdur ki, cəmiyyətdə informasiyaya tələb təklifi, təklif isə tələbi tamamladıqda mediatexnologiyalar səmərə verməyə başlayır. Başqa sözlə, informasiya-kommunikasiya texnologiyalarının geniş miqyasda tətbiqini cəmiyyətin sosial sifarişi şərtləndirir. Media iqtisadiyyatı baxımından müasir dünyada cəmiyyətin yeni informasiya texnologiyalarına sifarişini internet təcəssüm etdirir. Bu resursun rəqəmsallığı, multimediallığı, interaktivliyi informasiya işinin yeni tələblər səviyyəsində təşkili praktikasında real hadisələrə çevrilmişdir.
Tanınmış jurnalist Aslan Aslanov “Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri” əsərində yazır: “Rəqəmsallıq informasiyanı fayllaşdırmağa, yaddaşa köçürməyə, onu kodlaşdırmağa, elektron poçtla göndərməyə və qəbul etməyə, şəbəkədə yaymağa, müxtəlif formatlara çevirməyə imkan yaradır. Mediatexnologiyanın multimediallığı onlayn rejimdə informasiya istehsalının ən müxtəlif növlərini (rəqəmsal xəbərlər, videolar, hərəkət edən təsvirlər, hipermətnlər, veb-nəşrlər) vəhdətdə təcəssüm etdirir. İnteraktivlik isə kommunikasiya vasitələri sistemində informasiyanın mənbəyi, yayıcısı və istehlakçısı arasında birbaşa əlaqənin qurulmasını ehtiva edir” (9, s. 245).
Dövlət informasiya siyasətinin həyata keçirilməsində mühüm rol oynayan müasir KİV informasiya cəmiyyətinə özünəməxsus şəkildə təsir edir. Öz növbəsində informasiya cəmiyyətinin KİV-ə təsiri aşağıdakılarla müəyyənləşdirilir:
- İqtisadiyyatın əmtəə istehsalından xidmətə istiqamətlənməsi. Bu şəraitdə jurnalistika qarşısında tələb bazarın informasiya və kommunikasiya sahələrinin idarə edilməsidir.
- Cəmiyyətin texnoloji və sosial-siyasi strukturlarının əsasları kimi biliklərin əhəmiyyətinin artması bilik yayımını təmin edən ictimai institutlara, yəni qlobal informasiya-kommunikasiya şəbəkələrinə və bu sahədə çalışan mütəxəssislərə ehtiyacı formalaşdırır. Belə olan təqdirdə jurnalistika bilik tədarükçüsü rolunu yerinə yetirir.
- Aparıcı “universitet”lərin (təhsil, elm) ictimai faktorun sistem qenerasiyası kimi formalaşması. Bu şəraitdə jurnalistika qarşısında tələb jurnalistikanın, sosial təhsil institutlarının məsuliyyət sferasına aktiv şəkildə əlavə edilməsidir. Jurnalistika sahəsində birbaşa interaktivlik, gələcəkdə əhəmiyyətli dərəcədə intellektual mülkiyyətin müdafiəsini təmin edəcək. Bu artıq müəyyən qədər baş verməkdədir (10, s. 171).
İKT KİV-in formasına, informasiya siyasətinin mahiyyətinə yeni çalarlar verir. Artıq KİV-in elektron tipləri meydana gəlmişdir. Ənənəvi KİV öz yerini tədricən elektron mediaya verməkdədir. Bu b axımdan, Qərbdə informasiya cəmiyyətinin texnoloji infrastrukturunda rəqəmsal şəbəkələrin, mobil və peyk rabitə sistemlərinin əsas rol oynadığını da xüsusi diqqətə çatdırırlar. Ənənəvi medianın inkişafı, KİV-də mədəniyyətin gələcəyi ilə bağlı problemlərin inikası məsələsi Avropada diqqət mərkəzində olan məsələdir:
- yeni informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı ənənəvi medianın strukturuna təsir edir və bu prosesi tənzimləmək üçün yeni qanunvericilik sistemi yaradılmalıdır;
- ictimai yayım öz dəyərini həmişəki kimi saxlayır, ona görə də həmişə cəmiyyətin prinsiplərindən və mövqeyindən çıxış etmək lazımdır;
- hazırda yayım şirkətlərinin fəaliyyətini tənzimləyən prinsiplər gələcəkdə telekommunikasiya xidmətlərinə də aid edilməlidir;
- yeni informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar informasiya sərbəstliyi qat-qat artmış olur, bununla bağlı bəzi məhdudiyyətlərin tətbiqinin vacibliyi (zorakılığın, pornoqrafiyanın təbliği ilə bağlı) yaranır. Bütün bunlar hər bir ölkədə milli qərarların, yaşanmanın mövcudluğunu zəruri edir;
- Əvvəlki dövrlərlə müqayisədə media sahəsində təhlilin rolu qat-qat artır.
Azərbaycan Respublikasında dövlət informasiya siyasətinin əsas hədəflərindən biri də İKT-nin KİV-ə tətbiqi və dünya standartlarına uyğun inkişaf etdirilməsidir. Bunun nəticəsidir ki, Azərbaycanda qəzetlərin elektron tipi və ya tipologiyası getdikcə genişlənməkdədir. Bu istiqamətdə ilk addımlar ötən əsrin 90-cı illərinin əvvəlində ənənəvi qəzetlərin elektron versiyasının yaradılması olmuşdur. İctimai rəyə təsir edən qəzetlər - “Xalq qəzeti”, “525-ci qəzet”, “Yeni Müsavat”, “Azərbaycan” və digər qəzetlər özlərinin elektron versiyalarını yaratdılar. 1990-cı illərin sonlarından isə elektron qəzetlərin ilk nümunələri meydana çıxdı.
İnformasiya cəmiyyətinin əsas amili olan informasiyanın həqiqiliyi və müasirliyi ictimai həyatın bütün sahələrinin inkişafına, informasiya siyasətinin gerçəkləşməsinə səbəb olur. Müasir informasiya idarəetmədə və qərar qəbuletmədə zəruri amilə çevrilmişdir. Professor C.Məmmədlinin yazdığı kimi: “Özünün inkişafı tarixində bir sıra inqilabi sıçrayışlar yaşayan, qəzet istehsalı, tirajlarına texnikasının yaranması, daha sonra radio və televiziya möcüzələri və nəhayət, bu gün “On-line” anlayışı ilə ifadə edilən internet möcüzəsi ilə bəşəriyyətə tarixi məqamlar yaşadan jurnalistika dünya informasiya sistemi adlanan internetlə bağlı özünün yeni dövrə, yeni eraya keçid mərhələsini yaşayır” (11, s. 60).
Demokratik ənənələrin ümumdünya prosesinə çevrildiyi bir şəraitdə insanın siyasi, iqtisadi, sosial, hüquqları ilə yanaşı, informasiya hüququnun ciddi müdafiəsi zərurətə çevrilmişdir. Müasir informasiya cəmiyyətində, qlobal sosial inqilabın, informasiya texnologiyasının inkişafı dövründə informasiya mübadiləsi nə zaman, nə məkan, nə də siyasi hüdud tanıyır. Belə bir şəraitdə cəmiyyətdəki müxtəlif dövlət və qeyri-dövlət təsisatları, o cümlədən, KİV öz informasiya siyasətini yeridirlər. “Azərbaycanın müasir KİV sistemi xeyli dərəcədə formalaşmış və dünya təcrübəsinə inteqrasiya etmişdir. İnformasiya texnologiyalarının sürətli inkişafı ilə beynəlxalq aləmdə – müxtəlif ölkələrin işlək lüğət tərkibinə düşmüş “yeni jurnalistika”, “yeni dönəm jurnalistikası”, “yeni media”, “mediologiya” və s. kimi anlayışlar Azərbaycan gerçəkliyi üçün də adiləşmişdir. Respublikamızın müstəqillik əldə etməsi və bununla da bazar münasibətlərinə keçməsi bütün sahələrdə olduğu kimi, jurnalistikada da özəl sektorun meydana gəlməsini şərtləndirmişdir. Bununla da kütləvi informasiya vasitələrinin çoxçeşidli tipoloji strukturu formalaşmışdır. Eyni zamanda hər tip KİV faktının özünəməxsus informasiya siyasəti ortaya çıxmışdır” (12, s. 180).
Müasir dövrdə Azərbaycan mətbuatında iqtidar, müxalifət, müstəqil istiqamətlərinə ayrılan, cəmiyyətdə özünü göstərən bu bölünmələrə görə özünün informasiya siyasətini formalaşdıran kütləvi informasiya vasitələri mövcuddur. İqtidar KİV-i dedikdə “Xalq qəzeti”, “Azərbaycan”, “Respublika”, “Səs”, “İki sahil” və s.; müxalifət KİV-i dedikdə “Azadlıq”, “Yeni müsavat”, “Bizim yol” və s.; müstəqil mətbuat dedikdə isə “Ayna”, “Zerkalo”, “Exo”, “Bakı xəbər”, “Şərq”, “Ekspress” və s. bu tipli nəşrlər nəzərdə tutulur. Bu KİV-lərin hər bir qrupunun öz informasiya siyasəti mövcuddur. Bu qəzetlər qrupunda fəaliyyət göstərən yaradıcı kollektiv hər hansı bir informasiyaya, xəbərə formalaşan informasiya siyasəti nöqteyi-nəzərdən yanaşır. Məsələn, Azərbaycanın müasir inkişaf tempi iqtidar qəzetlərində obyektiv təqdim olunduğu halda, müxalifətyönlü qəzetlərdə mütləq nöqsanlı cəhətləri ilə verilir. Müstəqil qəzetlər isə mümkün qədər faktı olduğu kimi, şərhsiz çatdırmağa çalışırlar. Qəzetlərin informasiyaya bu fərqli cəhətlərini nəzərdə tutan ulu öndər Heydər Əliyev müstəqil KİV-nə daha çox önəm verməyi vacib sayırdı (13, s. 4950.
Prezident İlham Əliyevin bu fikirləri də xüsusi maraq doğurmaya bilməz: “Azərbaycanda sözün əsil mənasında, müstəqil mətbuata, KİV-lərə böyük ehtiyac vardır... Əminəm ki, normal, hüquqi, demokratik dövlətin qurulması işində müstəqil KİV-lərin çox böyük əhəmiyyəti var və bu əhəmiyyət getdikcə artır” (14, s. 52-53).
İqtidar yönümlü mətbuat orqanları müxtəlif dövlət hakimiyyət orqanları tərəfindən təsis edilmişdir. Belə KİV-lər dövlət orqanlarının fəaliyyəti ilə bağlı onların nöqteyi-nəzərini ifadə edən informasiyalar yayırlar. Özəl, xüsusi KİV cəmiyyətin müxtəlif təbəqələrinin, sosial qüvvələrinin və korporativ strukturların maraqlarını təmsil edir. Bundan başqa müstəqil və ictimai KİV mövcuddur. İctimai KİV və yaxud dövlət – ictimai, ictimai-hüquqi KİV-i demokratiyanın informasiya təminatı tələblərinə daha uyğun gələn təsisat hesab edirlər.
KİV sahəsində demokratik dövlət siyasəti dövlət informasiya siyasətini tərkib hissələrindən biridir. Bu siyasətin məqsədi KİV demokratiyanın sosial təsisatı kimi formalaşması və inkişafıdır. Burada cəmiyyətin informasiya qaydası təmin olunur. İnformasiya siyasəti dövlət orqanları subyektlərinin baxışları, ideyaları və təsəvvürlərinin sistemi kimi mövcuddur. KİV sahəsində dövlət informasiya siyasəti müxtəlif formalarda aparılır. Buraya qanunvericilik, nəzarətedici orqanların fəaliyyəti, inzibati qərarlar, maliyyə yardımları, dövlət mükafatları, dövlət strukturu nümayəndələrinin təltifləri, proqramları, çıxışları və müraciətləri daxildir. KİV sahəsində, əsas dövlət siyasəti jurnalistika sistemi münasibətlərinin tənzimlənməsinə aid normativ sənədlərdir (15, s. 12).
KİV-də dövlət informasiya siyasəti insan, dövlət və cəmiyyətin qarşılıqlı hüquq və vəzifələrinin bərabərliyini, insan və bəşəriyyətə dövlət qayğısını irəli sürən humanizm ideologiyasına əsaslanır. KİV sahəsində dövlət informasiya siyasəti medianı “dördüncü hakimiyyət” kimi qəbul edir. Bu siyasət şəxsiyyət, cəmiyyət və dövlətin kütləvi informasiya təhlükəsizliyini təmin etmək məqsədi güdür.
KİV bir tərəfdən cəmiyyətin siyasi sistemini möhkəmləndirə, inkişaf etdirə, digər tərəfdən onu deformasiyaya uğrada, cəmiyyətə mənfi təsir edə bilər. Demokratik cəmiyyətlərdə KİV hakimiyyət və xalq arasında münasibətlərin ahəngdarlığının əsas vasitəsinə çevrilmişdir. KİV müxtəlif təsisatları təmsil etdiyindən, bəzən onun dövlət və cəmiyyət maraqlarını ifadə etməməsi hallarına da geniş rast gəlinir.
İnformasiya hakimiyyəti xalq və dövlətlə qarşılıqlı təsirdə olan bir fenomendir. İnformasiya hakimiyyətini təmsil edən KİV kütləvi şüura səmərəli təsir göstərir. İnformasiya fəaliyyəti sayəsində KİV dövlətçiliyin əsaslarının və dövlət informasiya siyasətini formalaşmasına təsir edən zəruri ünsürə çevrilir.
KİV siyasi sistemin təsisatı, sosial idarəetmənin subyekti, dövlətin siyasi institutu kimi çıxış edir. KİV-in cəmiyyətə, insanların şüuruna, siyasi proseslərə güclü təsiri bəzi analitikləri “mediokratiya” (KİV hakimiyyəti) dövrünün başlandığı fikrini söyləməyə vadar edir. Media gerçəkliyi yalnız əks etdirib şərh etmir, onu öz qaydalarına və maraqlarına uyğun müəyyən edir. Bu mənada, bəzi tədqiqatçılar KİV-in cəmiyyətə humanist təsirindən, digərləri isə mədəniyyətə və insanlara dağıdıcı təsirindən bəhs edirlər. KİV-in cəmiyyətə ziddiyyətli təsirinin qarşısını dövlət ala bilir. Totalitar rejimlərdə dövlət nəzarəti zorakılığa əsaslanır. Liberal ideologiya və demokratik prinsiplərə əsaslanan dövlətlərdə isə maraqların ahəngdarlığından, dövlətin özünün və KİV-nin fəaliyyətinin qarşılıqlı nəzarətindən söhbət gedir. KİV demokratiyanın amili kimi formalaşır.
Dövlət informasiya siyasəti yürüdərkən dövlət informasiya məkanının aktoru kimi çıxış edir və vətəndaş cəmiyyəti təsisatları, o cümlədən KİV-lə qarşılıqlı münasibətlərdə fəaliyyət göstərir. Son dövrlərdə mənfi nəticələrinə baxmayaraq “Web.2.0” informasiya prosesinə yeniliklər gətirir və onlardan biri də özünifadə azadlığının genişlənməsidir. Sosiallaşmanın özəyi kimi çıxış edən “Web.2.0” informasiyalaşmaya aşağıdakı inqilabi yeniliklər gətirmişdir:
- Yeni texnologiya və üsulların (Web 2.0) tətbiqi internet məkanında yeni mühit yaratmışdır;
- hər kəs özünü və saytını istədiyi kimi təqdim edə, özünəməxsus virtual istifadə məkanı yarada, bura öz fayllarını, albom, video və bloqlarını yerləşdirə bilir;
- internet məkanında kollektiv ağıla, kollektiv mövcudluğa, ünsiyyətə inam yaranmışdır;
- özünütəsdiq, paylaşma, faydalılıq internet istifadəçilərini birləşdirmişdir; (16, s. 47).
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq göstərir ki, bütün dünyada yazılı media elektron media ilə rəqabət apara bilmir. Məlumdur ki, dövlət informasiya siyasətinin əsas funksiyalarından biri informasiya funksiyasıdır. Bu funksiyanı yerinə yetirən KİV ictimai əhəmiyyətli siyasi informasiyalar dövlətin, parlamentin, siyasi təsisatların fəaliyyəti, cəmiyyətin mədəni həyatı, habelə iqtisadi və sosial siyasət haqqında rəy yaradır. Dövlətin mənafeyini təmsil edən KİV-in məsuliyyəti, bu mənada, daha yüksək olur. Çünki onlar ölkənin rəsmi mövqeyinin təmsilçisi kimi çıxış edirlər.
Müasir dövrdə informasiyanın strateji əhəmiyyətinə görə insan və cəmiyyət həyatında əlahiddə mövqeyə malik olması, ilk növbədə, XX əsrin ortalarından informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə start götürmüş evolyusion inqilabla şərtlənir. Xüsusən də elektron kütləvi informasiya vasitələrinin, habelə qısa zamanda hiberinformasiya məkanına çevrilmiş internetin kosmik inkişaf tempi informasiyanın təkcə ictimai münasibətlər sistemində deyil, ümumən sosial-iqtisadi həyatın ən müxtəlif sahələrində – biznesdə, beynəlxalq iqtisadi və siyasi əlaqələrdə, elm və təhsildə, qlobal təhlükəsizlik məsələlərində rolunu görünməmiş dərəcədə gücləndirmiş, informasiyalı cəmiyyətə sürətli keçid prosesini təmin etmişdir.
Müasir dövrdə informasiya qiymətli əmtəə olmaqdan savayı, həm də bəşəriyyətin tarixən can atdığı demokratiya və vətəndaş cəmiyyəti kimi idealların inkişafına zəmin yaradır. Hər bir cəmiyyətdə sərbəst düşüncə tərzinin, şəffaflığın, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının, tolerantlığın mühüm amili kimi çıxış edir. Açıq, demokratik, şəffaf və sivil idarəetmə sisteminin yaradılması, ilk növbədə, cəmiyyətin azad, obyektiv, qərəzsiz informasiya almaq tələbatının ödənməsindən – hər bir fərdin söz, fikir, düşüncə və vicdan azadlıqlarının maksimum səviyyədə təminatından keçir. Bu hüquq və azadlıqlar açıq cəmiyyətin qurulmasını, siyasi plüralizmi şərtləndirməklə, insanların beynəlxalq konvensiyalar və digər normativ hüquq aktlarda təsbit edilmiş hüquqlarının etibarlı müdafiəsinə geniş imkanlar açır.
Dövlət informasiya siyasətinin təhsil funksiyası vətəndaşlarda KİV-dən aldıqları informasiyaları qiymətləndirməyə imkan verən biliklər yaradır. KİV vasitəsilə siyasi təhsil əldə edən, siyasi mədəniyyətini yüksəldən insanlar mürəkkəb, ziddiyyətli informasiya axınından baş çıxarmağa çalışır, onlarda fəal vətəndaş mövqeyi formalaşır. Siyasi mədəniyyəti yüksək olan insan dövlətçiliyin, sabitliyin möhkəmlənməsində əlindən gələni əsirgəmir, antihumanist ideya və metodların qarşısını alır. KİV siyasi maarifçilik fəaliyyəti ilə ölkədə bütün maraqlı qüvvələrin birliyini yaradır. İnsanı bütün ömrü boyu müşayiət edən mass-media onun siyasi və sosial informasiyanı qavramasına ciddi təsir edir.
Dövlət informasiya siyasətinin siyasi təhsil funksiyası sosiallaşma funksiyası ilə vəhdət təşkil edir. İnsanları bütün növ dəyər və normaları, o cümlədən siyasi dəyərləri qavramağa sövq edən sosiallaşma onların sosial-siyasi reallığa uyğunlaşmasını da təmin edir. Demokratik cəmiyyətlərdə KİV vasitəsilə ictimai şüurda qanunun aliliyinə, insan hüquqlarına, peşəkar əməyə, ictimai konsensusa hörmət hissləri formalaşır, vətənpərvərlik tərbiyə olunur.
Tənqid və nəzarət funksiyaları yalnız KİV deyil, müxalifət və xüsusi təsisatlar vasitəsilə həyata keçirilir. KİV-in tənqidi daha geniş xarakter alır. Mass-media siyasi liderləri, hakimiyyətin müxtəlif qollarını, dövlət siyasətini, islahatları, hətta özünü də tənqid edə bilər.
Dövlət informasiya siyasətinin nəzarət funksiyası isə ictimai rəyə əsaslanır. Burada KİV nəzarəti daha səmərəli əhəmiyyət kəsb edir. KİV-də əksini tapan mənfi faktlara, tənqidi materiallara təkcə cəmiyyət deyil, hüquq-mühafizə orqanları və dövlət strukturları da reaksiya verilir, nöqsanların aradan qaldırılması üçün ciddi tədbirlər görülür. Demokratik cəmiyyətlərdə bəzən müstəqil jurnalist tədqiqatları da aparılır. Nəticədə çap olunan tənqidi məqalələr əsasında parlament komissiyaları yaradılır, mühüm siyasi qərarlar qəbul edilir, hətta cinayət işləri qaldırılır.
KİV-in daha bir qeyri-məxsusi funksiyası tənqid və nəzarətdir. Cəmiyyətin demokratikləşməsi və qanunçuluğun təmini baxımından bu funksiya çox mühüm əhəmiyyətə malikdir. Mətbuatın nəzarət funksiyası ictimai fikrin nüfuzuna əsaslanır. O, əlbəttə ki, qanunları və insan hüquqlarını pozanlara qarşı inzibati və ya iqtisadi sanksiyalar tətbiq edə bilmir. Lakin mətbuatın nəzarəti bir çox hallarda bu işi həyata keçirməli olan məxsusi orqanlara nisbətən daha təsirli və ciddidir. Çünki KİV bu və ya başqa hadisələrə və şəxslərə təkcə hüquqi qiymət deyil, həm də ictimai və mənəvi qiymət verir.
KİV-in nəzarət funksiyası demokratik inkişaf yoluna qədəm qoymuş, dövlət nəzarət təsisatlarının peşəkarlığın çatışmadığı, müxalifətin yarımleqal fəaliyyət göstərdiyi ölkələrdə daha çox əhəmiyyət kəsb edir. Qeyri-dövlət, müxalifət KİV-nin mövcud olduğu cəmiyyətlərdə daha çox kəskin tənqidlər olur. Qeyri-dövlət KİV-in olmadığı cəmiyyətlərdə dövlət mediasının tənqidi minimal həddə olur. Belə cəmiyyətlərdə məmurlar dövlət maraqları adı altında öz maraqlarını həyata keçirirlər. Müstəqil, müxalifət KİV-in mövcud olmadığı yerlərdə dövlət mediası bütöv cəmiyyətin, xalqın maraqlarını tam ifadə edə bilmir.
KİV vasitəsilə həyata keçirilən dövlət informasiya siyasətinin funksiyalarından biri artikulyasiya və inteqrasiya funksiyasıdır. KİV-də müxtəlif ictimai maraqlar açıq-aşkar öz əksini tapır. Dövlət informasiya siyasəti insana nifrəti, milli, dini, irqi, ayrı-seçkiliyi, şovinizmi təbliğ edən qüvvələrdən başqa, hamıya öz rəylərini, ideyalarını, proqramlarını açıq ifadə etməyə imkan yaratmalıdır. Eyni zamanda, dövlət və qeyri-dövlət KİV-i tənqidi funksiyanı yerinə yetirərkən obyektivliyə və sosial ədalətə söykənməlidir. Bir çox hallarda KİV-in tənqidi münasibəti sosial ədalətin bərqərar olmasına xidmət edir.
İnformasiya ümumilikdə götürüldükdə mücərrəd məfhumdur. İnformasiya təsvir edilmiş məlumatdır. Başqa sözlə, məlumatın informasiya olması üçün o, tədqiq edilən obyekt və ya proses haqqında təsəvvür yaratmalı, ya da mövcud təsəvvürləri genişləndirməlidir. Əgər məlumat obyekt və ya proses haqqında yanlış təsəvvür yaradırsa, ona yanlış informasiya və ya dezinformasiya deyilir. Obyekt və ya proses haqqında heç bir təsəvvür yaratmayan məlumat səs-küy adlandırılır. İnformasiya proses daxilində müəyyən mərhələdən sonra yenidən məlumat ola bilər.
Dövlət informasiya siyasətinin səfərbəredici funksiyası yerinə yetirilərkən, KİV-dəki informasiyalar insanları ya müəyyən siyasi fəaliyyətə, ya da şüurlu fəaliyyətsizliyə yuvarlayırlar. Bu mənada, dövlət mass-mediası olmadan ümummilli, kollektiv, ictimai əhəmiyyətli məqsəd və dəyərlərin ifadəsi, təbliği, formalaşması və onları əldə etmək üçün vətəndaşların səfərbər edilməsi qeyri-mümkündür.
KİV və dövlət informasiya siyasəti xarici informasion-psixoloji təsirlərə, informasiya qarşıdurmasına, bir sözlə, informasiya müharibəsinə qarşı mübarizə aparmalı, onlara adekvat münasibət göstərməyi bacarmalıdır. Tədqiqatçıların fikrincə, XX əsrin sonlarında total müharibənin yeni növü olan “İnformasiya müharibəsi” bəşəriyyətin həyatına daxil olmuşdur. İnformasiya müharibəsinin əsas xüsusiyyətləri ondan ibarətdir ki, bu müharibədə əsas silah gizli xarakter daşıyan, rəqibin şüuruna yalançı informasiya və təbliğatla təsir etməklə onu dağıtmaq məqsədi güdən informasiyadır.
Tədqiqatçılar göstərirlər ki, informasiya qarşıdurmasını istər beynəlxalq arenada, istərsə də daxildə KİV yaradır. O siyasi maraqlar sahəsinə daxil olaraq hakimiyyətin diqqət mərkəzində dayanır. Elektron KİV-in meydana gəlməsi ilə insanların şüuruna medianın təsiri daha da artmışdır. Rusiya tədqiqatçısı V.V.Panferova göstərir ki, informasiya inhisarçılığının – yəni KİV-in iri şirkətlərin (media inhisar) hökmranlığına tabe olması artıq ümumdünya hadisinə çevrilmişdir. XX əsrin sonlarında ictimai həyatın sosial-iqtisadi, siyasi və mədəni sahələri inhisarçı informasiya kapitalının təsiri altına düşmüşdür. Hazırda KİV qlobal və milli qarşılıqlı təsir şəraitində işləyir (17, s. 265).
İnformasiya qarşıdurmasına hazır olan hər bir ölkə kompleks tədbirlər həyata keçirməlidir: əhaliyə vaxtında zəruri, tam, obyektiv informasiya verilməli, ictimai rəyin manipulyasiya imkanları aşağı salınmalı, informasiya-analitik fəaliyyət gücləndirilməlidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev informasiya qarşıdurmasında daim hazır olmağı tövsiyə edir: “Azərbaycanda müqayisə olunmaz dərəcədə bir xırda məsələ baş verən kimi, dərhal beynəlxalq media orqanlarına çıxarılır. Azərbaycanı elə bil ki, antidemokratik ölkə kimi təqdim etməyə çalışırlar. Bu, bizə qarşı aparılan məqsədyönlü və ədalətsiz mübarizədir. Biz bu mübarizəyə hazırıq və bu mübarizəyə qarşı ancaq öz siyasətimizi, sözün yaxşı mənasında, inadkarlığımızı qoymalıyıq və qoyuruq ki, Azərbaycanın maraqlarını müdafiə edək” (18, s. 39).
Dövlət informasiya siyasətində təşəbbüskarlıq, rasionallaşma və humanitar funksiyalar da KİV vasitəsilə yerinə yetirilir. Təşəbbüskarlıq funksiyası sayəsində cəmiyyətdə insanlarda dövlət qərarları ilə uzlaşan ictimai rəy formalaşır. Rasionallaşma funksiyası nəticəsində ictimai rəyin köməyilə münaqişələr və ziddiyyətlər aradan qaldırılır. KİV ağıl və düşüncələrə təsir edərək informasiya məkanı subyektlərinin qarşılıqlı təsirinin hüquqi əsaslarının inkişafını, KİV-in rasional modelinin yaradılmasını təmin edir. Dövlət informasiya siyasətinin humanitar funksiyası insan üçün adekvat informasiya, sosiomədəni mühit yaratmaq, öz hüquq və azadlıqlarını reallaşdırmaq, ictimai qaydanı təmin etmək məqsədi güdür. İnformasiya siyasəti və KİV cəmiyyətin mənəvi həyatını inkişaf etdirməlidir.
Dövlətin informasiya siyasəti dedikdə, dövlət orqanlarının informasiya sektorunun inkişafına yönəlmiş tənzimləyici fəaliyyəti başa düşülür. İnformasiya sektoru telekommunikasiya, informasiya sistemlərini və kütləvi informasiya vasitələrini, habelə hər növ (işgüzar, əyləncəli, elmi-tədris, xəbər və sair) informasiyaların yaradılması, mühafizəsi, işlənilməsi, nümayişi, ötürülməsi ilə bağlı istehsalın və münasibətlərin məcmusunu əhatə edir.
Dövlətin informasiya siyasətinin əsas vəzifələrindən biri kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlətin maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyənləşdirməsidir. Kütləvi informasiya vasitələrinin cəmiyyətin obyektiv məlumatlandırılması funksiyasını səmərəli yerinə yetirməsinə normal şərait yaradılması da bu siyasətin tərkib hissəsidir.
Dövlət orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlan-dırılması kütləvi informasiya vasitələrinin mühüm vəzifələrindən hesab olunur. Vətəndaşları iqtisadi islahatların gedişi, sosial məsələlərin həlli, ictimai və şəxsi həyatı tənzimləyən normativ-hüquqi aktlar haqqında obyektiv informasiya ilə təmin etmək zəruridir. Ona görə də dövlətin informasiya siyasəti ilə ictimai tənzimlənmə arasında tarazlıq yaradılmalı, informasiya cəmiyyəti və plüralizmin inkişafı xətti daha intensiv həyata keçirilməlidir (19).
Beləliklə, dövlət informasiya siyasəti həm də KİV vasitəsilə reallaşır və cəmiyyətə mənəvi-siyasi təsir göstərir. Dövlət informasiya siyasətinin əsas istiqamətlərini KİV sahəsində siyasət, medianı tənzimləyən qanunvericilik, KİV-in öz informasiya siyasəti, KİV-dövlət informasiya siyasətinin qarşılıqlı münasibətləri təşkil edir.
Alınan nəticəni aşağıdakı kimi xülasə etmək mümkündür:
- Dövlət informasiya siyasəti ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi olan informasiya təhlükəsizliyini; sosial informasiya sistemlərinin, informasiya resurslarının təhlükəsizliyini təmin edir; informasion-psixoloji təhlükələrə qarşı sipər yaradır, dövlətin, cəmiyyətin vətəndaşların normal fəaliyyəti üçün şərait yaradır.
- Dövlət informasiya siyasəti ənənəvi və yeni medianın yazılı və elektron KİV-nin texnoloji inkişafını təmin edir; İKT-nin KİV-ə tətbiqini, sosial medianın internetin, bloqların reallaşmasına yardım edir, KİV və hakimiyyətə inamı möhkəmlədir.
- KİV özünün informasiya, tənqidi, nəzarətedici, sosiallaşma, rasionallaşma, humanitar funksiyalarını yerinə yetirməklə dövlət informasiya siyasətinin formalaşması və gerçəkləşməsinə təsir göstərir.


QEYDLƏR:

1. C.Məmmədli. İnformasiya cəmiyyətinin mahiyyəti və təşkili prinsipləri: beynəlxalq təcrübə // Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış” Respublika elmi-praktik konfransının materialları (21-22 dekabr 2011). Bakı: Şərq-Qərb, 2011
2.Mehdiyev R. “Mətbuat və demokratiya” kitabına ön söz. Məqalələr toplusu / Buraxılışa məsul: R.Mehdiyev; Tərtib edəni və red.: Ə.Həsənov, Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1999, 110 s.
3.В.В.Панферова. Инфoрмaционная политика в современной России //http://cuberlenika.ru/article/n
4. Ə.Həsənov. Mətbuat azadlığı və jurnalist məsuliyyəti. / “Mətbuat və demokratiya”, Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1999, s. 24-37
5. Концепция государственной информационной политики // Кол-в авт. Под общей ред. O.A.Финько, Москва: Мысль, 1999, 347 с.
6. Mətbuatda dövlət siyasətinin təbliğinə dəstək / red. X.Niyazov. Bakı: Azərbaycan, 2011, 135 s.
7. E.Qasımov. Informasiya təhlükəsizliyinin qorunmasında dövlət siyasətinin prioritetləri, “Respublika” qəz., 22 iyun 2012-ci il.
8. R.Mehdiyev. Demokratik Azərbaycan və müstəqil mətbuatın inkişafı. Azərbaycanın inkişaf dialektikası. Bakı: AMEN, 2000, 203 s.
9. A.Aslanov. “Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri” Bakı: “Şərq-Qərb”, 2011, 230 s.
10. Z.Babayev. Yeni media yeni məkanda // N.İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış” Respublika elmi-praktik konfransının materialları (21-22 dekabr 2011). Bakı: Şərq-Qərb, 2011, 668 s.
11. Məmmədli C.Ə. Jurnalistikanın müasir inkişaf meylləri. Bakı: Elm, 2006, 374 s.
12. K.Niftəliyeva. Qəzetin informasiya siyasəti və jurnalistin fərdi yaradıcılıq prinsipləri//N.İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış” Respublika elmi-praktik konfransının materialları (21-22 dekabr 2011). Bakı: Şərq-Qərb, 2011, 668 s.
13. Heydər Əliyev və mətbuat. Dörd cilddə. Bakı: Nurlar, II c. 2003, 640 s.
14. İ.Əliyev. İqtibaslar və təhlil. Bakı: Azərbaycan, 2006, 328 s.
15. Русина В.В. Информационная политика в сфере СМИ в демократическом обществе. Автореферат канд. фил. наук. Москва:, 2005.
16. Типология периодической печати. Москва: изд-во МГУ, 1995.
17. İnformatika//http.www.infor. /jk0htm/l89067
18. İ.Əliyev. “Mən jurnalistləri vətənpərvərliyə çağırıram”. Bakı: “Apostrof” Çap evi, 2010, 271 s.
19. KİV cəmiyyətin aynasıdır //http.www sia.az/aznews/social/65887


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM