Qarayev Elçİn
Tarix üzrə fəlsəfə doktoru
1804-cü il iyunun 10-da Qacar dövləti ilə Rusiya arasında diplomatik münasibətlərin kəsilməsi müharibənin başlanmasına səbəb oldu. Onlar arasında hərbi əməliyyatların getdiyi əsas istiqamətlərdən biri də İrəvan xanlığının ərazisi idi.
Müharibə ərəfəsində həm Rusiyanın, həm də Qacar dövlətinin təzyiqləri ilə üzləşən İrəvan hakimi hər iki dövlət arasında manevr etməklə bərabər, İrəvan qalasını möhkəmləndirməyə başladı. Məhəmməd xan ənənəvi olaraq ətraf kəndlərin əhalisini qalaya köçürdü. Köçürülən hər bir şəxs özü ilə 2 litr barıt, 1 mer qurğuşun və lazımi miqdarda ərzaq götürməli idi. Xan onlardan arxayın olmaq üçün ehtiyat tədbirlərə əl ataraq, hər ailədən arvad və uşaqlardan ibarət girov götürmüşdü. O, elan etmişdi ki, əgər kimsə düşmən tərəfinə keçsə girovlar asılacaqdır. Xanın səyi nəticəsində qala qarnizonunun sayı 7000-ə çatdırıldı (1,267; 2,298). Lakin Məhəmməd xanın bütün bu tədbirlərinə baxmayaraq, xanlığın əhalisi vahimə içərisində idi. Bu təhlükədən canlarını qurtarmaq üçün iki min ailə Qarsa köçməyə başladı (3,614-615; 4,185).
İrəvan xanlığını özünə tabe etmək üçün ilk öncə şah qoşunu hücuma keçdi. Qeyd etmək lazımdır ki, şahzadə Abbas Mirzənin komandanlığı altında 20 minlik şah qoşununun bir hissəsi Rusiya ilə müharibə başlamamışdan əvvəl, 1804-cü il iyunun 1-də İrəvan qalasını mühasirəyə almışdı. Digər hissəsi isə Mehdiqulu xanın komandanlığı altında gürcü şahzadələri Aleksandrın, Teymurazın və sabiq Axalsıx hakimi Şərif paşanın iştirakı ilə Kartli-Kaxetiyaya hərəkət etdi (5,22; 2,311).
Məhəmməd xan və qaynı Kəlbəli xan İrəvan qalasına sığınaraq şah qoşununa güclü müqavimət göstərməyə başladı. Xanın təslim olmamasının səbəbi ondan ibarət idi ki, o, rus qoşunundan kömək alacağına böyük ümid bəsləyirdi və P.D.Sisianovla danışıqları davam etdirirdi. Danışıqlarda xüsusilə ermənilərdən istifadə edilirdi. Ermənilər isə rus qoşununun tezliklə köməyə gələcəyi ilə xanı aldadaraq, şah qoşununa müqavimət göstərməsini məsləhət görürdülər (5,22-23).
Mühasirə isə uzanırdı. Qala sakinlərinin inadlı müqavimətini görən Qacar komandanlığı şəhər əhalisinin əmlakını talan etmək əmri verdi. Şah qoşunununun bu hərəkəti müdafiəçiləri daha da hiddətləndirdi. Əmlaklarının talan olduğunu görən irəvanlılar iyunun 18-də qaladan çıxaraq şah qoşununun üzərinə hücum etdilər. Bir gün davam edən qanlı və amansız döyüşdə hər iki tərəfdən çoxlu adam həlak oldu. Lakin nizami qoşunun təzyiqlərinə davam gətirə bilməyən müdafiəçilər yenidən qalaya geri qayıtdı (5,25).
Mühasirənin uzanması irəvanlıları çox pis vəziyyətə salmışdı. Qalaya sığınmış xeyli sakin həm döyüşlərdə, həm də istidən və darlıqdan həlak olmuşdu. Şah qoşununun vəziyyəti də ürəkaçan deyildi. Ərzaq çatışmazlığı, hava şəraitinin isti və yağışlı olması qoşunu taqətdən salmışdı. İş o yerə çatmışdı ki, sərkərdələrin əmrinə əsasən, qoşun İrəvanın və Eçmiədzin kilsəsinin imkanlı şəxslərini soymaqla təlabatlarını təmin edirdi (5,25-26).
İrəvan qalasının şah qoşunu tərəfindən mühasirəyə alındığı bu ağır vaxtda, P.D.Sisianovun komandanlığı altında rus qoşunları xanlığın ərazisinə hücuma hazırlaşırdı. İndiyədək yazılan bəzi tarixi əsərlərdə «birinci İrəvan müharibəsi» birtərəfli işıqlandırılaraq əsasən, şah qoşunu ilə rus qoşunu arasında gedən döyüş əsasında verilmişdi (6,74). V.Umudlu isə əksinə bu döyüşdə şah qoşunlarının fəaliyyətini azaltmış və Məhəmməd xan başda olmaqla irəvanlıların fəaliyyətini şişirtmişdi (7,49).
Qeyd etmək lazımdır ki, “İrəvan döyüşü”nü iki mərhələyə bölmək olar və bu mərhələlər bir-biri ilə üst-üstə düşür. Bütün yazılan əsərlərdə birinci mərhələ tamamilə unudulmuş və birinci “İrəvan döyüş”ünün yalnız rus qoşunlarının İrəvana hücumu ilə başladığı göstərilmişdi. Bizə görə hər iki mərhələni bu döyüşə aid etmək olar. Birinci mərhələ Abbas Mirzənin başçılığı ilə şah qoşunlarının İrəvan xanlığına hücumu ilə başlamışdı. Qacar dövlətinə tabe olmaq istəməyən irəvanlılar xan başda olmaqla İrəvan qalasına sığınaraq şah qoşununa güclü müqavimət göstərmişdi. Bu mərhələ yuxarıda işıqlandırılmışdı. İkinci mərhələ isə rus qoşunlarının hücumu ilə davam etmişdi. Mənbələrin təhlili göstərir ki, 1) hərbi əməliyyatların ilk günlərində İrəvan hakimi hər iki tərəf arasında gedən döyüşdən yararlanaraq gözləmə mövqeyi tutmuşdur; 2) hər iki tərəf müxtəlif məzmunlu (hədə-qorxu, şirnikləndirici və s.) məktub yazaraq İrəvan hakimini öz tərəfinə çəkməyə cəhd etmişdi; 3) Məhəmməd xan hər iki tərəfi narazı salmamaq üçün bitərəf mövqe tutmuşdu; 4) döyüşün gedişində İrəvan hakimi şah hökuməti ilə barışaraq, rus qoşununa qarşı vuruşsa da, şah hökumətinə də etibar etməmişdi. Hətta şahzadə başda olmaqla şah qoşununu qalaya buraxmamışdı. Bu bir daha sübut edir ki, Məhəmməd xan daima xanlığın müstəqilliyini qorumağa çalışmışdı.
1804-cü ilin mayında P.D.Sisianovun əmrinə əsasən, Qafqaz qrenader (seçmə əsgər-E.Q.), muşketyor (iriçaplı tüfənglə silahlanmış əsgər-E.Q.) və 9-cu yeger (xüsusi nişançı dəstə-E.Q.) və narva draqun (atlı qoşun hissələri-E.Q.) alayları Tiflisdə hazır vəziyyətə gətirildi (78,258; 366,137). İlk öncə rus qoşunlarının ön dəstəsi olan qafqaz qrenador alayı general-mayor Tuçkovun komandanlığı altında İrəvan xanlığının mahallarından olan Şuragələ hücum etdi. General mayor Tuçkovun dəstəsinə Loridə yerləşən Tiflis qrenador batalyonu və Pəmbəkdə yerləşən muşketyor batalyonu qoşuldu. Bütünlüklə general-mayor Tuçkovun komandanlığı altında 8 topu olan 1800 piyada qoşunu və ona qoşulmuş general-mayor Leontevin kazak və gürcülərdən ibarət dəstəsi var idi (8,258; 9,138; 2,311; 10,98).
Rus qoşununlarının hücuma keçdiyini eşidən şuragəllilər evlərini başlı başına buraxaraq xanlığın içərisinə sığındılar. Heç bir müqavimətə rast gəlməyən rus qoşunu Şuragəli ələ keçirərək, onun mərkəzi Gümrüyə yaxınlaşdı. Nasir Nəcmi yazır ki, “İrəvan xanının xəyanətindən bərk həyacanlanmış və qəzəblənmiş Abbas Mirzə Qacar Dəvəllu tayfasından ləyaqətli sərkərdə Mehdiqulu xana tapşırıq vermişdi ki, altı min atlı dəstə ilə Qarsa doğru hərəkət edib, İrəvan valisinin köçürtdüyü irəvanlıları tezliklə İrəvana qaytarsın. Mehdiqulu xan sürətlə hərəkət edib köçürülmüş bütün irəvanlıları mal-qaraları ilə birlikdə öz himayəsi altına aldı…” (11,30).
Bu əməliyyatdan sonra 8 minlik şah qoşununa rəhbərlik edən Mehdiqulu xan Gümrü yaxınlığında yerləşən Qarakilsə kəndində dayandı. Şah qoşunu burada rus qoşunu ilə üz-üzə gəldi. N.Nəcmi səhv olaraq Mehdiqulu xanın dəstəsinin guya İrəvan valisi Məhəmməd xana yardım etmək üçün tələsən P.D.Sisiyanovun 20 min piyada, 6 min atlı dəstəyə və 30 topa malik rus qoşununa rast gəldiyini yazır (11,30). Əslində şah qoşunu general mayor Tuçkovun başçılığı ilə rus qoşunlarının ön dəstəsinə rast gəlmişdi. Bir-biri ilə üz-üzə gələn tərəflər arasında qanlı döyüş başladı. Mehdiqulu xanın dəstəsi güclü müqavimət göstərsə də, rusların top atəşi qarşısında davam gətirə bilməyərək geri çəkildi. Döyüşdə qalib gələn general-mayor Tuçkovun dəstəsi iyunun 12-də Gümrüyə daxil oldu. Baş vermiş döyüşdə şah qoşunundan 100 nəfər ölmüş, 100 nəfər isə əsir düşmüşdü. Bundan əlavə, boş qalmış şah qoşunlarının düşərgəsindən çoxlu ərzaq və digər ehtiyatlar ələ keçirilmişdi (8,260-261; 9,138; 2,311-312). İrəvandan Qarsa köçmək istəyən iki minə qədər ailə yolda ikən rus qoşunu tərəfindən geri qaytarılaraq Loridə yerləşdirildi (3,614-615).
İyunun 14-də rus qoşunlarının əsas qüvvələri P.D.Sisianovun komandanlığı altında Gümrüdə general mayor Tuçkovun dəstəsi ilə birləşdi. P.D.Sisianovun komandanlığı altında toplanmış rus qoşunlarının sayı belə idi: piyada hərbi qüvvələri Qafqaz qranader alayının 1100 nəfərdən ibarət 3 batalyonu, Tiflis muşketyor alayının 650 nəfərdən ibarət 2 batalyonu, Saratov muşketyor alayının 1200 nəfərdən ibarət 2 batalyonu, 9-cu yeger alayının 400 nəfərdən ibarət 2 batalyonu. Piyadaların ümumi sayı 3350 nəfər təşkil edirdi. Süvarilər isə 300 nəfərdən ibarət üç eskadron narva draqun alayından, 350 kazak və 370 gürcü dəstəsindən ibarət idi. Beləliklə, S.D.Sisianovun 20 səhra topuna malik 4370 əsgəri var idi (78,261). General mayor Tuçkovun dəstəsi ilə birləşdikdən sonra rus qoşunlarının ümumi sayı 28 səhra topundan, 6170 əsgərdən ibarət oldu. Sonradan Xoylu Cəfərqulu xanın 200 nəfərdən ibarət dəstəsi də rus qoşununa qoşuldu (78,268). Qeyd etmək lazımdır ki, H.M.İbrahimbəyli öz əsərində Xoy hakiminin dəstəsini azərbaycanlı könüllü qoşunları adlandıraraq, onların fəaliyyətini xeyli şişirtmişdi (6,74).
Bundan əlavə, P.D.Sisianov bu yürüşdə İrəvan ermənilərindən kömək alacağına böyük ümid bəsləyirdi. Bu hadisələrdə ermənilərin xəyanətkar fəaliyyəti haqqında bir qədər ətraflı məlumat vermək yerinə düşərdi. Kartli-Kaxetiya çarlığı Rusiyaya birləşdirildikdən sonra İrəvan erməniləri açıqdan-açığa özlərini rusların tərəfdarları kimi göstərməyə başlamışdılar. Onların nümayəndələri rus komandanlığı ilə gizli əlaqə yaradaraq, İrəvanda baş verən siyasi hadisələrlə bağlı onları məlumatlandırırdı. Mülkü müşavir Kovalenski çara göndərdiyi məlumatda ermənilər haqqında yazırdı: “Xanın (Məhəmməd xanın-E.Q.) yanındakı erməni məmurlarından biri, İrəvan ermənilərinin başçısı məlik Avram xanın və xalqın dərin hörmətini qazanmışdı. Şübhə yoxdur ki, mənim onunla yazışmamdan sonra məlum oldu ki, nəinki o, həmçinin bütün ermənilər Rusiyaya meyillidirlər” (12,118-124). Hətta P.D.Sisianov da çara göndərdiyi məlumatda «yerli erməni tacirləri bizi ərzaqla təmin etməyi vəd etdiklərini» yazırdı (13,610). Lakin rus qoşunlarının başçısı ermənilərə bel bağlamaqda yanıldığını sonradan başa düşmüşdü. O, İrəvanda rus qoşununlarının məğlubiyyətinin əsas səbəbini ermənilərin yalan məlumatlarında görürdü. Məsələn, 1805-ci il avqustun 15-də erməni yüzbaşı Qabrielin Qarakilsədən baş komandana göndərdiyi məktubunda İrəvanda baş verən hadisələr haqqında məlumat verərək yazırdı ki, Məhəmməd xan şah tərəfindən hakimiyyətdən devrildikdən sonra xan təyin olunan Mehdiqulu xanın ərzaq ehtiyatı yoxdur və qoşun onun sözünə baxmır. O, P.D.Sisianova məsləhət görürdü ki, nə qədər ki, onlar ərzaq ehtiyatı toplamayıb, tezliklə bura qoşun göndərsin və İrəvanı işğal etsin. Daha sonra o, bildirdi ki, guya naxçıvanlı Kəlbəli xan Rusiya himayəsini qəbul edəcəyinə söz verib (14,626). P.D.Sisianov 1805-ci il avqustun 26-da məlik Avrama və yüzbaşı Qabrielə göndərdiyi məktublarda erməniləri “yalançı”, “riyakar”, “müftəxor” və “xain” adlandıraraq yazırdı ki, “…İran qəlbli riyakar ermənilər indi o ümidlə gəlmisiniz ki, bizdən taxıl alasınız. …Gürcüstan müftəxorları yedizdirməyə borclu deyil. Siz İrəvanda qalan erməniləri müdafiə etməyi xahiş edirsiniz. Soruşuram xəyanətkarlar himayə edilməyə layiqdilərmi?. Qoy onlar it kimi gəbərsin, onlar buna layiqdirlər!. Mən keçən il məğlubedilməz rus qoşunu ilə İrəvan qalasını mühasirəyə alanda, bu ləyaqətsizlər Narınqalanı tutub mənə təhvil verə bilərdilər. Lakin bunu etmədilər. Sən yüzbaşı hiyləgər Məhəmməd xanın birinci məsləhətçisisən, mənimlə onun arasında yalanla və xainliklə əlaqə saxlayırsan. Keçən ilki kimi sənin sözünə necə inanım ki, rus qoşunu yaxınlaşan kimi İrəvan əhalisi təslim olacaq. Fikirləşirsən ki, siz 300 nəfər qorxaq ailənizlə 3.000 şah qoşununa qarşı çıxacaqsınız. Yaxud yalan dəlillərlə məni yeni İrəvan hakiminə və hiyləgər Kəlbəli xana inanmağa məcbur eməklə, guya onlar sizinlə gizli danışığa gələrək Rusiya himayəsini qəbul etməklə məni qoşunla oraya yürüş etməyə məcbur edəsiniz. Lakin məndən bunu gözləməyin. İranlıların hiyləgərliyi mənə məlumdur və mən İrəvan qalasını nə vaxt işğal edəcəyimi yaxşı bilirəm” (15,627-628). Bu sənəd bir daha ermənilərin necə xəyanətkar və riyakar olduqlarını sübut edir. Bundan əlavə, bu məktub bir daha sübut edir ki, ermənilər yalan məlumatlar verməklə rus qoşunlarının diqqətini İrəvana cəlb etmək istəyirdilər.
Gümrüdə bir neçə gün qaldıqdan sonra rus qoşunu iyunun 15-də Eçmiədzin kilsəsinə doğru hərəkət etdi. P.D.Sisianov kilsəni ələ keçirərək burada yerləşməklə, Məhəmməd xanla danışıqlar aparmaq istəyirdi. Məhəmməd xan isə ruslardan kömək almaq ümidini itirməmişdi. O, Gümrüdə olarkən P.D.Sisianova son dəfə olaraq kömək üçün müraciət etdi. Lakin baş komandan xana təhqiredici məktub göndərərək, ondan İrəvan qalasının açarlarını təhvil verilməsini tələb etmiş, əks halda Cavad xanın aqibətinin onun da yaşayacağı ilə hədələmişdi (2,313-314). İrəvan hakimi isə yaxın adamları vasitəsilə rus qoşununun sayca az olduğunu bildikdən sonra onlardan kömək almaq ümidini itirdi (5,21).
Lakin Eçmiədzin kilsəsi şah qoşununun əlində idi və burada şahın 400 nəfərlik dəstəsi yerləşdirilmişdi. Bundan xəbəri olmayan rus qoşunu iyunun 19-da kilsənin 8 verstliyində olan zaman şahın qoşunu onları aldatmaq üçün hiyləyə əl atdı. Kilsə zəngləri aramsız çalınmağa başladı. Rus komandanlığı elə bildi ki, bu onları təntənəli surətdə qarşılamaq üçün bir işarədir. P.D.Sisianovun əmrinə əsasən, general-mayor Portnyaginin başçılığı ilə gürcü və kazaklardan ibarət ön dəstə oraya tələsir. Lakin onlar kilsəyə yaxınlaşan vaxt şah qoşunu tüfəng və falkonetlərdən (dəvə üstündə yerləşdirilmiş kiçik çaplı top-E.Q.) rus dəstələrini atəşə tutdular. Qəflətən yaxalanmış general mayor Portnyaginin dəstəsi döyüşə girmək məcburiyyətində qaldı. Lakin onların bu cəhdi heç bir nəticə vermədi. Əsas qüvvələrlə Eçmiədzin kilsəsinə yaxınlaşan P.D.Sisianov qoşunu uzun və çətin yol gəldiyinə görə, həmin gün kilsə yaxınlığında düşərgə salaraq, onun işğalını səhəri günə saxladı (8,262; 16,225; 2,314-315).
1804-cü il iyunun 20-də səhər tezdən Abbas Mirzənin komandanlığı altında 12 minlik şah qoşunu rus qoşunları üzərinə hücuma keçdi. Beləliklə, Eçmiədzin kilsəsi uğrunda döyüş başladı. Şahzadənin qoşunu çox olmasına baxmayaraq, həmin dövr üçün dəhşətli hesab olunan rus artilleriyasının güclü atəşləri qarşısında pərən-pərən oldu. Lakin beş gün davam edən döyüş nəticəsində rus qoşunu çox pis vəziyyətə düşdü. Rus artilleriyasından ehtiyat edən şah qoşunu qəfl və gözlənilməz hücum taktikası seçərək rus qoşununu ərzaq və susuz qoymuşdu. Onlar hücum edərək bir neçə alayın çadırını, yük və ərzaq arabalarını özləri ilə aparmışdı. Eçmiədzin kilsəsini tuta bilməyəcəyinə əmin olan P.D.Sisianov iyunun 26-da oranı tərk edərək İrəvan şəhərinə doğru hərəkət etdi. Kilsə uğrunda döyüş rus qoşununa çox baha başa gəldi. Bu döyüşdə onlardan 51 nəfər ölmüş, 104 nəfər yaralanmış və xeyli əsir şah qoşunu tərəfindən ələ keçirilmişdi (8,262-264).
Bu vaxt Abbas Mirzə əsas qüvvələrlə İrəvandan 8 verst aralıda düşərgə salmışdı. P.D.Sisianov şah qoşunlarının yerləşdiyi bu düşərgəyə zərbə endirməklə məqsədinə nail olmaq istəyirdi. Bunun üçün ilk əvvəl Zəngi çayı üzərində yerləşən Qəmərli kəndini ələ keçirmək lazım gəlirdi. Çünki çaydan keçmək üçün yeganə bərə burada yerləşirdi. Polkovnik Çexanovskinin başçılığı ilə 9-cu yeger alayı kəndə hücum edərək bərəni ələ keçirdi. Bərə ruslara 12 nəfərin öldürülməsi və 20 nəfərin yaralanması hesabına başa gəldi (484,34-35; 78,265; 161,226-227; 366,141).
Qəmərli kəndini ələ keçirən rus qoşunu iyunun 26-dan 30-a qədər burada müdafiə mövqeyində qaldı. Bu zaman kilsədə yerləşən şah qoşun dəstəsi rus qoşunlarının İrəvana doğru irəlilədiyini görərək buranı tərk etdi. Bir erməni keşişindən bu haqda məlumat alan P.D.Sisianov iki alayı oraya göndərərək kilsəni döyüşsüz ələ keçirdi (78,262-265; 366,141; 171,319-320).
Rus qoşunlarının İrəvan qalasına doğru hərəkət etdiyini eşidən Məhəmməd xan və qaynı Kəlbəli xan bərk təşvişə düşərək, Abbas Mirzə ilə danışıqlara başlayır. Onlar vasitəçilik üçün sədrəzəm Mirzə Şəfiyə müraciət etdilər. Xanlar Abbas Mirzəyə hədiyyə göndərərək şah qoşununa müqavimət göstərdikləri üçün bağışlanmalarını və xanlığı rus qoşunundan müdafiə etməsini xahiş etdilər (11,31; 17,618). Bu müraciətdən istifadə edən Abbas Mirzə qoşunu ilə İrəvan qalasına yaxın gələrək ondan üç mil aralıda düşərgə saldı. O, İrəvan hakiminin qüvvələrindən istifadə edərək Qəmərlidə mövqe tutmuş rus qoşununu darmadağın etmək qərarına gəlmişdi. Hətta Qacar komandanlığı plan da hazırlamışdı. Plana görə, Abbas Mirzənin qoşunu rusları ön tərəfdən mühasirəyə alan zaman Məhəmməd xan öz döyüşçüləri ilə arxadan hücuma keçməli idi. O, bu planı həyata keçirməklə rus qoşununun təslim olacağına ümid bəsləyirdi.
Lakin bu plan baş tutmadı. P.D.Sisianov şahzadənin planından vaxtında xəbər tutaraq müdafiə tədbirləri görə bildi. Onun əmrinə görə, rus qoşunu iki dəstəyə bölündü. Birinci dəstə ön tərəfdən hücuma keçməli, P.D.Sisianovun özünün başçılıq etdiyi ikinci dəstə isə gözləmə mövqeyi tutaraq arxadan hücum etməli idi. İyunun 30-da səhər tezdən rus qoşununun ön dəstəsi Zəngi çayını keçərək şahzadənin düşərgəsinə hücuma başladı. Qacar qoşunu yüksək dağ başında mövqe tutmuşdu. Lakin rus qoşunu onları buradan sıxışdırıb çıxara bildi. Arxadan isə irəvanlılar rusların süvari dəstəsinə qarşı hücuma keçdi. Əvvəlcə xanın süvariləri P.D.Sisianovun dəstəsini mühasirəyə alaraq sıxışdırdı. Bir anlıq rus qoşunu içərisində çaşqınlıq yarandı. Lakin vaxtında kömək alan rus qoşunu xanın süvarilərini çaşdıraraq onları qaçmağa məcbur etdi. Məğlub olan İrəvan döyüşçüləri geri çəkilərək yenidən qalaya sığındılar. Abbas Mirzə isə düşərgəni tərk edərək Şərurda mövqe tutdu. Ələ keçirilən şahzadənin düşərgəsi isə rus qoşunu tərəfindən qarət olundu (16,227; 8,265-266; 5,38; 2,320-321; 10,99).
Qəmərli döyüşündə qələbə çalan rus qoşunu İrəvan qalasına doğru hərəkət etdi. Şah qoşununun məğlub olaraq geri çəkilməsi və rus qoşununun İrəvan qalasına yaxınlaşması Məhəmməd xanı çıxılmaz vəziyyətdə qoymuşdu. Meydanda tək qalan İrəvan hakimi P.D.Sisianovla danışıqları yenidən bərpa etməyə məcbur oldu. O, iyulun 1-də baş komandana məktub göndərərək, çoxdan rus qoşununu qalada görmək istədiyini və onları təntənəli surətdə qarşılamağa vəziyyətin imkan vermədiyini bildirmişdi. Məhəmməd xan aman verilməsini və Rusiya dövlətinə sədaqətli olacağına and içirdi. Lakin P.D.Sisianov onun məktubuna əhəmiyyət verməyərək, qeyri-şərtsiz təslim olmasını bir daha tələb etdi (2,322-323).
1804-cü il iyulun 2-də rus qoşunu səhər tezdən İrəvan qalasına yaxınlaşaraq, onu mühasirəyə aldı. Qala rus artilleriyası tərəfindən atəşə tutulmağa başladı. Məhəmməd xan qalanın bombardman edilməsinin qarşısını almaq üçün iyulun 3-də P.D.Sisianova arxiyepiskop Danil vasitəsilə daha bir məktub göndərdi. O isə xana əvvəlki şərtləri qəbul etmək əsasında bombardımanı dayandıracağına söz verdi. Cavab almaq üçün artilleriya atəşi müvəqqəti dayandırıldı. İyulun 4-də rus qoşununun düşərgəsinə gələn elçi baş komandana qalanın təhvil verilməsindən başqa, xanın bütün tələbləri yerinə yetirməyə hazır olduğunu bildirmişdi. Məhəmməd xanın bu cavabı P.D.Sisianovu qane etmədiyindən danışıqlar kəsildi (8,226; 16,228-229; 9,143-144; 2,326).
Beləliklə, İrəvan hakiminin rus qoşunlarının qalaya hücumunun qarşısını danışıqlar yolu ilə almaq cəhdi uğursuzluğa düçar oldu. Müvəqqəti dayandırılmış top atəşi iyulun 5-də yenidən davam etdirildi. Bütün günü qala bombardman edildi. Lakin qala sakinləri arasında ölən və yaralanların sayı getdikcə çoxalsa da, irəvanlılar təslim olmaq niyyətində deyildi (8,267; 2,325).
Qalanın müdafiəsinə Məhəmməd xan və onun qaynı Kəlbəli xan rəhbərlik edirdi. Onlar tərəfindən qala sakinləri ciddi nəzarət altında saxlanılırdı. Xanlar rus qoşununa rəğbət bəsləyən ermənilərin xəyanətinin qarşısını almaq üçün müəyyən tədbirlər görmüşdülər. Onlar qala divarlarında inandıqları yaxın adamlarının başçılığı ilə güclü nəzarətçi dəstələri yerləşdirmişdilər. Hər gecə öz adamlarını tanımaq üçün nəzarətçilərə xüsusi parol (məxfi söz-E.Q.) təyin edilmişdi. Bu parollar tez-tez dəyişdirilirdi (5,49).
Qalaya sığınmış irəvanlılar nəinki müdafiə olunurdu, eyni zamanda imkan düşdükcə hücuma keçirdilər. Belə ki, bir dəstə qala sakini Xan bağında yerləşmiş rus qoşununun 9-cu yeger alayına qəflətən hücum etdi. Lakin daha yaxşı silahlanmış rus alayı bu hücumu dəf edərək, irəvanlıları geri çəkilməyə məcbur etmişdi. Bundan əlavə, qala sakinləri top atəşləri ilə də rus qoşunlarını tez-tez narahat edirdi (2,325).
Mühasirənin davam etdiyi bir vaxtda şah qoşununun yenidən hücuma keçməsi xəbəri gəldi. Abbas Mirzənin məğlub olaraq geri çəkildiyini eşidən Fətəli şah Qacar Xoy və Təbrizdən topladığı 15 minlik qoşunla onun köməyinə tələsdi. O, Gərni çayı sahilində düşərgə salmış şahzadənin qoşunu ilə birləşərək rus qoşununa qəflətən hücum etmək niyyətində idi (5,53; 8,268; 9,144; 2,227-229).
Əlavə kömək alan şah qoşunu iyulun 15-də gecə saat 2-də yenidən hücuma keçdi. Bu xəbəri eşidən Məhəmməd xan İrəvan döyüşçüləri ilə qalanın şimal hissəsində yerləşən rus qoşununun düşərgəsinə basqın etdi. İrəvanlıların bu hücumu rus qoşunu üçün gözlənilməz oldu. Qeyd etmək lazımdır ki, qalanın bu hissəsinin rus qoşunu üçün böyük əhəmiyyəti vardı. Burada onlara məxsus xəzinə və ərzaq anbarları yerləşirdi. «Əgər düşmən (irəvanlılar-E.Q.) oranı tutsaydı, Zəngi çayının sol sahilində yerləşən 9-cu yeger alayı ilə əlaqə kəsilərdi, bütün ərzaq anbarı və xəzinə düşmənin əlinə keçərdi» (16,232). Təhlükənin qarşısını almaq üçün podpolkovnik Simonoviçin başçılığı ilə Qafqaz qrenador alayı irəvanlılarla döyüşə girdi. Tərəflər arasında dörd saat davam edən qanlı döyüş baş verdi. İrəvanlılar rus qoşununa qarşı mərdliklə vuruşurdular. Bunun şahidi olan P.D.Sisianov öz gündəliyində etiraf edirdi ki, «otuz nəfər irəvanlının qoruduğu daxmanı mühasirəyə alan podpolkovnik onları təslim olmağa çağırsa da, onlar ölməyi üstün tutdular» (161,232). Nəhayət, daha yaxşı silahlanmış rus qoşunu irəvanlıları məğlub edərək geri çəkilməyə məcbur etdi. Bu əməliyyatda İrəvan qoşunu 400 nəfərə qədər itki vermişdi (16,232; 9,147).
İrəvanlılar məğlub olaraq geri çəkilsə də, şah qoşunu ilə döyüş davam edirdi. Gecədən başlayan döyüş gündüz saat 1-də rus qoşununun qələbəsi ilə başa çatdı. Çoxlu itki verən Qacar qoşunu iki dəstəyə bölünərək geri çəkildi. Şahın başçılığı ilə olan dəstə Qəmərlidə, Abbas Mirzənin dəstəsi isə Gərni çayı sahilində düşərgə saldı (9,148; 2,334; 10,100). Bu döyüşdə rus qoşunundan 4 zabit, 58 sıravi əsgər ölmüş, 7 nəfər itkin düşmüş, 9 zabit və 108 sıravi əsgər isə yaralanmışdı. Şah qoşunundan ölənlərin sayı minə çatırdı. Onlardan 3-ü xan və 250-si isə məmur idi. Bundan başqa, rus qoşunu 3 bayraq və 2 falkonet qənimət götürmüşdü (16,233). Başqa bir mənbədə isə rus qoşunundan 3 zabit və 120 sıravi əsgərin öldüyü, 6 zabit və 200-ə qədər əsgərin yaralandığı göstərilmişdi (8,270).
Qacar qoşununun parçalanmasından istifadə edən rus komandanlığı onları ayrı-ayrılıqda məhv etmək qərarına gəlmişdi. P.D.Sisianovun planına əsasən, general-mayor Portnyagin kiçik bir dəstə ilə gecə qəflətən Abbas Mirzənin düşərgəsinə hücum edərək, onun qoşununu darmadağın etməli idi. Lakin bu plan baş tutmadı. Belə ki, iyulun 25-də gecə general- mayor Portnyagin bir dəstə rus qoşunu ilə şahzadənin düşərgəsinə doğru hərəkət edərək, gözətçi məntəqələrini keçməklə düşərgəyə yaxınlaşdı. Lakin rus qoşunu tərəfinə keçmiş sabiq Xoy hakimi Cəfərqulu xanın adamları ehtiyatsız hərəkət edərək atəş açdığından şahzadənin qoşunu bu hücumdan vaxtında xəbər tuta bildi. Həyacan siqnalı ilə şahın düşərgəsinə xəbər çatdırıldı. Nəticədə Portnyaginin dəstəsi mühasirəyə alındı. Tərəflər arasında döyüş başladı. Bu döyüşdə ruslar artilleriyaya çox ümid bəsləyirdi. Lakin ilk hücumda topçular şah qoşunu tərəfindən öldürüldü. Bir saat davam edən döyüşdə general- mayor Portnyaginin dəstəsi böyük itki verərək geri qayıdır. P.D.Sisianov gündəliyində bu döyüşdə rus qoşunundan 4 nəfərin öldürüldüyü, 100 nəfərin isə yaralandığını göstərmişdi (16,234). Anonim gündəlikdə isə 50 nəfərin öldürüldüyü, 100 nəfərin yaralandığı qeyd olunmuşdu (8,271).
General-mayor Portnyaginin dəstəsinin məğlub olmasına baxmayaraq, İrəvan qalasının mühasirəsi davam edirdi. Mühasirənin uzanması rus qoşununu acınacaqlı vəziyyətə salmışdı. Onların ərzaq ehtiyatı tükənmişdi. Rus komandanlığı gürcü knyazı Çavcavadzenin Qazax sultanlığından göndərəcəyi taxıla böyük ümid bəsləyirdi. Lakin gözlənilən taxıl ehtiyatı gəlib çıxmadı (17,810-811).
Aclığın rus qoşununu çətin vəziyyətə saldığını başa düşən şah qoşunu bütün yolları nəzarətə götürmüşdü. Mirzə Adıgözəl bəy yazır ki, “… Qızılbaşlar gediş-gəliş yollarını elə kəsmişdi ki, Rusiya qoşununun çarəsi hər tərəfdən üzülmüşdü” (18,68).
İrəvan şəhərinin və Eçmiədzin kilsəsinin ətrafında yerləşən kəndlərin taxıl sahələri isə şah qoşunu tərəfindən yandırılmışdı. Rus qoşununu ərzaqla təmin etməyə söz vermiş ermənilərə olan ümid də boşa çıxmışdı. Eçmiədzin kilsəsində gizlədilmiş taxıl ehtiyatı da rus qoşununu aclıqdan xilas edə bilmədi (19,619; 8,274-275; 2,338-339). Aclıq o dərəcəyə çatmışdı ki, rus qoşununun içində narazılıq başlamışdı. Knyaz İ.Orbelianinin başçılığı ilə 300-ə qədər gürcü süvarisi rus qoşununu tərk edərək Tiflisə geri qayıtmağa səy göstərdi. Lakin yolda onlar Pirqulu xanın və Aleksandr Mirzənin başçılığı ilə 6 minlik şah qoşununun hücumuna məruz qaldı. Onlardan İ.Orbeliani və Baqration başda olmaqla 150 nəfər əsir düşmüş, 22 nəfər qaça bilmiş, qalanları isə öldürülmüşdü. Əsir düşənlərdən 20 nəfəri əsilzadə idi. Onların hamısı Təbrizə göndərilmişdi (20,811; 21,813; 22,815-816).
İsti hava şəraitinin kəskin soyuqlarla əvəz olunması da rus əsgərləri arasında tif xəstəliyinin yayılmasına səbəb olmuşdu. Bu xəstəlikdən xeyli əsgər ölmüşdü (20,811; 8,274-275).
Rus komandanlığı ərzaq tədarükü üçün daha bir təşəbbüs göstərdi. Mayor Montrezor 110 əsgər və bir topla Tiflisə göndərildi. Bu əməliyyatda Məlik Əbu oğlu Rüstəmin başçılıq etdiyi ermənilərdən ibarət dəstə də onlara qoşulmuşdu. Mayorun dəstəsi şah qoşununun təqibi altında iki gün yol getdikdən sonra avqustun 21-də Pəmbəkdə yerləşən Sarəli kəndinə çatdı. Burada rus dəstəsi Qarakilsə istiqamətində hərəkət edən Pirqulu xanın başçılığı altında 6 minlik şah qoşunu ilə üz-üzə gəldi. Döyüşdə mayor Montrezorun dəstəsi məğlub oldu. Ruslardan 15 nəfər yaralanaraq əsir düşmüş, mayor Montrezor başda olmaqla 94 nəfər öldürülmüş, bir nəfər isə qaça bilmişdi. Onlara qoşulmuş ermənilər isə təslim olmuşdular (23,153-154; 18,69). Mayor Montrezorun dəstəsinin məhv olması ilə rus komandanlığının Tiflisdən ərzaq gətirmək ümidi tamamilə boşa çıxdı.
Hər tərəfdən mühasirəyə alınmış və çıxılmaz vəziyyətdə qalan P.D.Sisianov xanlıqda özünə tərəfdarlar axtarmaq üçün cəhd göstərdi. O, kürdlərin başçısi Hüseyn ağa ilə əlaqə yaradaraq onu öz tərəfinə çəkməyə çalışdı. İyulun 24-də yazdığı məktubda şah qoşunu üzərində qələbə çalması və guya İrəvan qalasının işğalının uzanmasını artıq qan tökmək istəməməsilə əlaqələndirərək, Hüseyn ağaya öz dəstəsi ilə ona qoşulmağı təklif edirdi. Lakin onun bu ümidi boşa çıxdı (24,617).
Bütün cəhdləri boşa çıxan P.D.Sisianov yenidən Məhəmməd xanla danışıqları bərpa etdi. Avqustun 25-də İrəvan hakimi rus komandanlığından yeni bir məktub aldı. Məktub əvvəlkilərə nisbətən yumşaq bir tərzdə yazılmışdı. Məktubda P.D.Sisianov Məhəmməd xana xanlığın və özünün təhlükəsizliyi üçün bir daha təslim olmasını təklif edirdi (25,617). Vəziyyətinin çətin olmasına baxmayaraq, rus komandanlığı sentyabrın 1-də Məhəmməd xan və Kəlbəli xan başda olmaqla bütün irəvanlılara yazılmış məktubda isə konkret tələblər irəli sürmüşdü. Tələblər bunlardır: 1) İrəvan qalasında rus qoşunu yerləşdirilməli və iki alaya azuqə verilməli; 2) böyük imperatorun təbəəliyinə keçmək üçün and içməli və sədaqətli olmalı; 3) Hər il 100.000 rubl həcmində vergi verməli; 4) Qarşılıqlı olaraq hər iki xan öz xanlığında əvvəlki vəzifə və hüquqlarında qalacaq, ölüm hökümü ləğv edilərək, əvəzində qanunla cəza tətbiq ediləcək; 5) Bütün dinlər azad olacaq və heç kim sıxışdırılmayacaq; 6) Axund və bütün din xadimləri, şəhər və kənd camaatı mülklərində əvvəlki hüquq və imtiyazında qalacaq; 7) Əsirlərin qaytarılmasında rus komandanlığı vasitəçi olacaq, bunun ardınca hər iki xan öz ailələrini Fətəli şahdan azad edə bilərdilər. Onların özü qalaya daxil olan rus qoşunları tərəfindən müdafiə olunacaqlar (24,617).
Məhəmməd xanın P.D.Sisianova yazdığı cavab məktubları xüsusilə maraq doğurur. Məktublar diplomatik tərzdə yazılmışdı. Onların məzmunundan görünür ki, Məhəmməd xan ağıllı siyasət yürüdərək hər iki tərəf arasında olan düşmən münasibətlərdən yararlanmaqla, vəziyyətdən istifadə etməyə çalışmışdı. O, İrəvan döyüşündə şah qoşunları ilə birlikdə rus qoşununa qarşı çıxsa da, P.D.Sisianova yazdığı məktublarda məcburiyyət qarşısında qaldığını bildirirdi. Məktublardan görünür ki, İrəvan hakimi şah hökumətinə inanmamış və ondan ehtiyat etmişdi. Məsələn, məktubların birində xan yazırdı ki, “… İran dövlətinin tərəfini saxlamaq niyyətində deyiləm. Əlahəzrətə sədaqətlə xahiş edirəm ki, mənə vaxt verin və səbr edin. Baba xan (Fətəli şah-E.Q.) buradan getdikdən sonra nə əmr etsəniz yerinə yetirməkdən imtina etmərəm…” (25,617). Başqa məktubda isə öz mövqeyini belə şərh edirdi: “…7 ildir ki, mən özümü onun (Fətəli şahın-E.Q.) tələsindən qoruyuram, özümü təhlükəyə düçar etmədən, öz xanlığımda yaşayıram və ona tabe olmuram. Əlahəzrətə məlumdur ki, mən necə ona hərbi yolla müqavimət göstərirəm və mənim qalama hücumunu dəf edirəm. Nəhayət, əlahəzrət qoşunla bura gəlib. Bizim xalq inamına görə müxtəlif dinə qulluq edir və bu onları narahat edib. Baxmayaraq ki, mən bilirəm sizdə bütün dinlər yol veriləndir və buna qarşı çıxmaq istəmirsiniz. Lakin bizim xalqı inandırmaq çətindir. Baba xanın vəziri Mirzə Şəfi burada şəhərdə olmuş, əhalini hiyləgərliklə öz tərəfinə çəkmişdi. Mənim qardaşım Cəfərqulu xan onun haqqında bilir ki, necə hiyləgər adamdır. Məndən başqa hamı sizdən üz döndərib. Mən və mənim varislərim ali Rusiya dövlətinə sədaqətlə qulluq etmək niyyətindəyik… Baba xan Pirqulu xanı gözləyərək 10 gündən sonra buradan gedəcək. Öz istehkamınızda xüsusilə ehtiyatlı olun. Baba xan iki dəfə hücuma cəhd etdikdən sonra gedəcəkdir. O, indi mənə nəvaziş göstərməyə cəhd edir, həmçinin şahzadə üç dəfə məktub yazıb və digər əyanlar andla məni inandırmağa çalışırlar. Lakin onlar məni inandırmağa çalışsalar da inanmıram və Rusiya dövlətinə xəyanət etmərəm. Əlahəzrət xahiş edirəm bilin ki, şah qoşunu qalaya daxil ola bilməz (26,618).
Sentyabrın 2-də P.D.Sisianov Məhəmməd xana yeni bir məktub yazaraq onun səmimiyyətinə şübhə etdiyini bildirmiş və qeyd etmişdi ki, “mən geri çəkildikdən sonra siz Baba xana təslim ediləcəksiniz” (27,619). Məhəmməd xanın sentyabrın 4-də yazdığı məktubda diplomatik bir tərzdə ailəsinin şah sarayında girov olduğundan rus komandanlığının şərtlərini qəbul edə bilməyəcəyini, hətta ruslara sədaqətli olduğunu, şah geri çəkildikdən sonra rus komandanlığının şərtlərini yerinə yetirəcəyini qeyd edərək, şah qoşununun hücuma hazırlaşdığını və bunun üçün rus qoşununun ehtiyatlı olmasını bir daha tapşırmışdı (28,619).
Məhəmməd xanı öz tərəfinə çəkə bilməyən və əlacsız qalan P.D.Sisianov yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün hərbi şura çağırmağa məcbur oldu. 1804-cü il avqustun 31-də yeddi nəfərdən ibarət hərbi şura çağrıldı. Burada iki məsələ- hücumu davam etdirmək, yaxud geri çəkilmək məsələsi müzakirə edildi. Səsvermə nəticəsində iki nəfər döyüşü davam etdirməyi, beş nəfər isə geri çəkilməyi qərara aldı. Beləliklə, çoxluğun qərarı ilə geri çəkilmək əmri verildi (19,619; 1,254-256; 9,155; 2,343-344).
Sentyabrın 4-də İrəvan qalasının mühasirəsi götürüldü. Rus qoşunu ayın 5-də Eçmiədzinə, səhəri günü isə şah qoşunlarının təqibi altında Abaran düzünü keçərək, sentyabrın 14-də Qarakilsə kəndinə gəlib çatdı. Rus qoşunları burada iki gün dincəldikdən sonra şimal istiqamətində hərəkət edərək, oktyabrın 4-də Tiflisə daxil oldu (8,281).
İrəvan müharibəsi rus qoşununa baha başa gəlmişdi. Döyüş nəticəsində ruslardan 2500-ə qədər öldürülmüş və əsir düşmüşdü (22,815-816).
Beləliklə, birinci İrəvan döyüşündə həm irəvanlıların həm də şah qoşunlarının birgə səyi nəticəsində rus qoşunları məğlubiyyətə uğradı. İrəvan hakimi Məhəmməd xan bu hadisədə xanlığının müstəqilliyini müvəqqəti də olsa qoruyub saxlaya bildi.
QEYDLƏR:
1. Присоединение восточной Армении к России, сборник документов, т.1, (1801-813). Из-во Академии наук Армянской ССР. Ереван 1972, 715 с.
2. Дубровин Н. Закавказъе от 1803-1806 года. СПб, 1866, 542 с.
3. Отношение кн. Цицианова к гр. Мусину-Пушкину, от 13-го июня 1804 года, №510, АКАК., т. II, д.1228, стр.614-615.
4. Бакиханов А. Гюлистан-и Ирам. Баку, «Елм», 1991, 304 с.
5. Хубов Е. Описание достопамятных происшествий в Армении. СПб, 1811, 130с.
6. Ибрагимбейли Х. Россия и Азербайджан в первой трети XIX века (из военно-политической истории). Москва, «Наука», 1969, 287с.
7. Umudlu V. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və müstəmləkəçilik əleyhinə mübarizə (1801-1828). Bakı, “Elm”, 2004, 184 səh.
8. Анонимная записка о походе русских войск на Ереван под командованием П.Д.Цицианова. см. Присоединение восточной Армении к России (сборник документов). 1801-1813. Из-во Академии наук Арм.ССР, Ереван 1972, стр.257-282.
9. Потто В. Утверждение русского владычества на Кавказе, т.1, Тифлис, 1901.
10. Завоевание Кавказа Россией, СПБ., (без выходных данных).
11. Nasir Nəcmi. Abbas Mirzə. Bakı, Yazıçı, 1993, 127 səh.
12. Записка с.с. Каваленского о Грузии. АКАК., т.1, д.34, стр.118-124.
13. Всеподданнейший рапорт кн.Цицианова, от 12-го марта 1803 года, №32,. АКАК, т. II, д.1216, стр, 610.
14. Донесение юзбаши Габриела Эриванского кн. Цицианову, от 15-го августа 1805. А.К.А.К, т. II, д.1256, стр.626-627.
15. Предписание кн. Цицианова армянскому мелику Абраму и юзбаши Габриелу, от 26 августа 1805 года, № 578, АКАК, т. II, д.1259, стр.627-628.
16. Дневник похода русских войск на Ереван под командованием П.Д.Цицианова. см. Присоединение восточной Армении к России (сборник документов). 1801-1813. Изд-во Академии наук Арм.ССР, Ереван 1972, стр.225-240.
17. Предписание кн. Цицианова кн. Чавчавадзе, от 4-го августа 1804 года. АКАК, т.II, д.1670, стр.810-811.
18. Mirzə Adıgözəl bəy. Qarabağnamə. Qarabağnamələr, I kitab, Bakı, Yazıcı, 1989, səh. 5-102.
19. Отношение кн. Цицианова к кн. Чарторийскому, от 14-го сентября 1804 года, №376, АКАК., т. II, д. 1244, стр.619-620.
20. Всеподданнейший рапорт кн.Цицианова, от 15-го августа 1804 года, №44,. АКАК, т. II, д.1672, стр, 811.
21. Письмо кн. Ивана Орбелиани к кн. Цицианову, от 10-го ноября 1804 года, АКАК, т. II, д. 1678, стр.813.
22. Фирман Фет-Али шаха Имеретинскому царю Соломону, от джемади-эл-эввеля 1219 (1804 года). АКАК., т.II, д.1682, стр.815-816.
23. Потто В. Кавказская война в отделъных очерках, эпизодах, легендах и биографиях, т.3, СПб, 1886.
24. Письмо кн. Цицианова началнику Эриванских курдов Хусейн аги, от 24-го июля 1804 года, №345. АКАК., т. II, д. 1236, стр.617.
25. Письмо к Мамед хану, от 25-го августа 1804 года, №360. АКАК., т. II, д. 1237, стр.617.
26. Письмо Мамед хана к кн. Цицианову, получено 2-го сентября 1804 года. АКАК, т. II, д. 1241, стр.618.
27. Письмо кн. Цицианова к Мамед хану, от 2-го сентября 1804 года, №364. АКАК, т. II, д. 1242, стр.618-619.
28. Письмо Мамед хана к кн. Цицианову, получено 4-го сентября 1804 года. АКАК, т. II, д. 1243, стр.619.
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM