Postsovet məkanının muxtariyyətin mövcud olduğu unitar dövlətlərindən Özbəkistanın tərkibində Qaraqalpaqstan Respublikası (özbəkcə “Qoraqalpog‘iston Respublikasi” – E.C.) mövcuddur. Türk etnosları peçeneqlərin və oğuzların arasında qaraqalpaq etnosunun formalaşmağa başlaması VIII-X əsrlərə təsadüf edir, bu dövrdə peçeneqlərin bir qismi qıpçaqlarla qarışaraq onların dilini qəbul edir [7]. Lakin qaraqalpaqlar haqqında ilk yazılı tarixi məlumat 1598-ci ilə aiddir. Buxara xanı Abdulla tərəfindən verilmiş imtiyaz vərəqəsində qazaxlarla yanaşı, Sırdərya hövzəsində yaşayan yarımköçəri qaraqalpaqların da adı çəkilir [6]. XVI əsrin əvvəllərindən əvvəlcə bir əsrlik Şeybanilər dövlətinin, sonra isə Aştarxanilər sülaləsinin hakimiyyəti altında olan müasir Özbəkistan ərazisi XVII əsrin ortalarında Buxara, Xivə və Kokand xanlıqlarına parçalandı [3, s. 150-156; 4, s. 121]. 1811-ci ildə Xivə xanlığının tərkibinə daxil olan Qaraqalpaq ərazisi 1873-cü ildən çar Rusiyasının (Türküstan general-qubernatorluğu), 1918-ci ildə sovet Rusiyası tərəfindən yaradılmış Türküstan MSSR-nın tərkibində olmuşdur [4, s. 163; 5, s. 330-331]. Bolşeviklər xalqların öz müqəddəratını təyin etməsi hüququnu bəyan etsə də, 1918-ci ilin yanvarında Türküstanda milli hərəkatı qan içində boğmuş (10 min insan öldürülmüşdü), Kokand şəhəri bir ay ərzində yandırılmış və erməni millətçi “Daşnaksütyun” partiyasının üzvləri tərəfindən qarət edilmişdi [4, s. 163].
1920-ci ildə Leninin göstərişi ilə Türküstan MSSR-in “milli əlamətlərə” görə bölünməsi prosesi başlanmış, həmin ilin aprelində Xarəzm və Buxara xalq sovet respublikaları (XSR; daha sonra SSR – E.C.) təşkil edilmiş, 1924-1925-ci illərdə Orta Asiyada Özbəkistan SSR (tərkibində Tacikistan MSSR), Türkmənistan SSR, Qazaxıstan MSSR, Rusiyanın tərkibində Qırğızıstan Muxtar Vilayəti yaradılmışdı [2, s. 59-67, 79; 3, s. 223; 4, s. 176-177]. Bu dövrdə ərazisinin böyük hissəsi Xarəzm SSR-in tərkibində olan Qaraqalpaqstan 1925-ci il fevralın 16-da Qazaxıstan MSSR-in tərkibində paytaxtı Turtkul şəhəri olmaqla, muxtar vilayət elan edildi [2, s. 79]. 1930-cu ilin iyulundan bilavasitə RSFSR-ə birləşdirilən muxtar vilayət 1932-ci il martın 20-də muxtar respublikaya çevrildi və 1936-cı ilədək Rusiyanın tərkibində qaldı, həmin il dekabrın 5-dən isə Özbəkistanın tərkibinə verildi. 1990-cı il dekabrın 14-də Qaraqalpaqstan Ali Soveti “Qaraqalpaqstan Respublikasının dövlət suverenliyi haqqında Bəyannamə” qəbul etdi [2, s. 254]. Özbəkistan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 31-də qəbul etdiyi 17 maddəlik “Özbəkistan Respublikasının dövlət müstəqilliyinin əsasları haqqında” Qanunun ilk maddəsində deyilirdi: “Özbəkistan Respublikası öz tərkibindəki Qaraqalpaqstan Respublikası ilə birlikdə müstəqil, demokratik dövlətdir” [1, s. 14].
Özbəkistan nadir ölkədir ki, tərkibindəki muxtariyyətin dövlət suverenliyini tanıyır: “Suveren Qaraqalpaqstan Respublikası Özbəkistan Respublikasının tərkibinə daxildir. Qaraqalpaqstan Respublikasının suverenliyi Özbəkistan Respublikası tərəfindən qorunur”. Başqa sözlə, Qaraqalpaqstanın Özbəkistan Respublikasının tərkibində suverenliyi 8 dekabr 1992-ci ildə qəbul edilmiş Özbəkistan Konstitusiyasının [9] 70-ci maddəsi ilə mühafizə altına alınır. Muxtariyyətin əhalisinin ümumxalq səsverməsi (referendum) ilə Özbəkistanın tərkibindən çıxmaq hüququ ölkə konstitusiyasında təsbit olunmuşdur (maddə 74). Özbəkistanla Qaraqalpaqstan arasında münasibətlər ölkə Konstitusiyası çərçivəsində müqavilə və sazişlərlə tənzimlənir, mübahisələr barışdırıcı prosedurlar vasitəsi ilə həll edilir (maddə 75).
Konstitusiyanın ilk maddəsinə görə, “Özbəkistan – suveren demokratik respublikadır”. Həmçinin “Özbəkistanın dövlət sərhədləri və ərazisi toxunulmazdır və bölünməzdir” (maddə 3). Qaraqalpaqstana öz Konstritusiyasına malik olmaq hüququ verilir. Bununla belə, “Qaraqalpaqstan Konstitusiyası Özbəkistan Respublikasının Konstitusiyasına zidd ola bilməz” (maddə 71) və “Özbəkistan Respublikasının qanunları Qaraqalpaqstan Respublikasının ərazisində də məcburidir” (maddə 72). Qaraqalpaqstan Respublikasının vətəndaşı eyni zamanda Özbəkistan vətəndaşıdır (maddə 21), yəni konstitusion səviyyədə vahid vətəndaşlıq institutu təsbit olunur. Başqa sözlə, Özbəkistan Konstitusiyasında “unitarlıq” prinsipi əks olunmasa, Qaraqalpaqstanın suverenlik hüququ tanınsa da, bəhs edilən hüquqi normalar özlüyündə onun tam suverenliyini təkzib edir və Qaraqalpaqstanı geniş səlahiyyətlərə malik siyasi muxtariyyət kimi təsbit edir. Çünki tam suverenlik daxili və xarici siyasi və hüquqi müstəqilliyin ehtiva etdiyi bütün səlahiyyətləri nəzərdə tutur. Qaraqalpaqstan Respublikasının rəsmi adında “muxtar” sözü əks olunmasa da, hər halda bir ölkə daxilində digər ölkənin tam “suveren dövlət” kimi mövcud olması nə hüquqi, nə də siyasi prinsiplərə sığmır, təcrübədə rast gəlinmir. Elə Qaraqalpaqstan Konstitusiyasının III fəslində də muxtariyyətə yalnız elmi, mədəni və xarici iqtisadi əlaqələr sahəsində beynəlxalq münasibətlərə daxil olmaq hüququ tanınır.
Ümumiyyətlə, Qaraqalpaqstan Respublikasının hüquqi statusu 6 bölmə, 26 fəsil, 128 maddədən ibarət Özbəkistan Konstitusiyasının XVII fəslində təsbit edilmişdir.
Qaraqalpaqstan Respublikasının Ali Soveti 1993-cü il aprelin 9-da keçirilən on ikinci çağırış on ikinci sessiyasında Qaraqalpaqstan Respublikasının 6 bölmə, 26 fəsil, 120 maddədən ibarət Konstitusiyasını [8] qəbul etdi. Konstitusiyanın preambula hissəsində deyilirdi: “Qaraqalpaqstan Respublikasının xalqı, insan hüquqlarına və dövlət suverenliyi prinsiplərinə bağlılığını təntənəli şəkildə bəyan edərək, hazırkı və gələcək nəsillər qarşısında yüksək məsuliyyətini dərk edərək, qaraqalpaq dövlətçiliyinin inkişafının tarixi təcrübəsinə əsaslanaraq, demokratiya və sosial ədalət ideallarına öz sədaqətini təsdiq edərək, respublika vətəndaşlarının layiqli həyatını təmin etməyə səy göstərərək, humanist demokratik hüquqi dövlətin yaradılması vəzifəsini müəyyənləşdirərək, vətəndaş sülhünün və milli həmrəyliyin təmin edilməsi məqsədi ilə öz səlahiyyətli nümayəndələri vasitəsi ilə hazırkı Konstitusiyanı qəbul edir”.
Konstitusiyanın “Dövlətin suverenliyi” adlanan ilk fəslinə (maddə 1-6) görə, Qaraqalpaqstan Özbəkistanın tərkibində suveren demokratik respublikadır, öz inzibati-ərazi quruluşunu müstəqil şəkildə həll edir, dövlət hakimiyyəti və idarə orqanları sistemini müəyyən edir, Özbəkistan Respublikasının siyasətinə uyğun siyasəti həyata keçirir. Ərazisi və sərhədləri toxunulmazdır, dəyişdirilə və bölüşdürülə bilməz. Dövlət dili qaraqalpaq və özbək dilləridir. Onun qanunla təsdiq edilmiş dövlət rəmzləri – bayrağı, gerbi və himni vardır. Paytaxtı Nukus şəhəridir.
Xalq dövlət hakimiyyətinin yeganə mənbəyidir. Milliyyətindən asılı olmayaraq Qaraqalpaqstan Respublikasının vətəndaşları onun xalqını təşkil edir. Xalqın adından yalnız onun seçdiyi Jokarqı Kenes (parlament – E.C.) danışa bilər. Dövlət hakimiyyəti sistemi hakimiyyətin qanunverici, icra və məhkəmə hakimiyyətlərinə bölünməsinə əsaslanır. İctimai həyat siyasi institut, ideologiya və fikirlərin müxtəlifliyi əsasında inkişaf etdirilir, heç bir ideologiya rəsmi dövlət ideologiyası ola bilməz. Demokratiya əsas sərvəti, insan, onun həyatı, azadlığı, şərəfi, ləyaqəti və digər ayrılmaz hüquqları olan ümumbəşəri prinsiplərə əsaslanır. Dövlət öz fəaliyyətini insanın və cəmiyyətin rifahına xidmət edən sosial ədalət və qanunçuluq prinsipləri üzrə qurur.
Qaraqalpaqstan ərazisində Özbəkistan və Qaraqalpaqstan konstitusiyalarının və qanunlarının aliliyi qeyd-şərtsiz tanınır. Konstitusiya müddəalarının Qaraqalpaqstanın hüquqlarına və maraqlarına zərər vurmaq məqsədi ilə şərhinə icazə verilmir.
Qaraqalpaqstanın elmi, mədəni və xarici iqtisadi əlaqələri Özbəkistan və Qaraqalpaqstan qanunvericiliyinə uyğun həyata keçirilir (maddə 17) və onun əsasını “Xarici investisiyalar haqqında” (1998-ci il), “Özbəkistan Respublikasının xarici iqtisadi fəaliyyəti haqqında” (2000-ci il) qanunlar təşkil edir [4, s. 259-260].
Konstitusiyanın böyük bir hissəsini “İnsanın və vətəndaşın əsas hüquq, azadlıq və vəzifələri” adlanan III bölmə (V-XI fəsillər) təşkil edir. Qaraqalpaqstan vətəndaşları cinsi, irqi, milliyəti, dili, dini, sosial mənsubiyyəti, əqidəsi, şəxsi və ictimai vəziyyətindən asılı olmayaraq eyni hüquq və azadlıqlara malikdir və qanun qarşısında bərabərdirlər. Dövlət və vətəndaş bir-biri ilə qarşılıqlı hüquq və məsuliyyətlə bağlıdır. Konstitusiyada və qanunlarda əks olunmuş hüquq və azadlıqlar sarsılmazdır və heç kim məhkəməsiz onları ləğv edə və ya məhdudlaşdıra bilməz. Konstitusiyada şəxsi hüquq və azadlıqların, siyasi hüquqların, iqtisadi və sosial hüquqların geniş əhatəsi müəyyən olunmuş, insan hüquq və azadlıqlarının təminatı təsbit edilmişdir. Vahid vətəndaşlıq prinsipinə uyğun olaraq Qaraqalpaqstan Respublikasının hər bir vətəndaşı Özbəkistan vətəndaşıdır (maddə 21). Ümumiyyətlə, vətəndaşlıq məsələləri ölkə qanunvericiliyi və beynəlxalq hüquq normaları əsasında həll edilir.
Konstitusiya vətəndaşların vəzifələrini də təsbit edir. Vətəndaşlar qanunlara riayət etməli, digər insanların hüquq, azadlıq, şərəf və ləyaqətlərinə hörmətlə etməli, Qaraqalpaqstan xalqının tarixi, mənəvi və mədəni irsini qorumalı, ətraf mühitə qayğı ilə yanaşamalıdırlar. Qanunla müəyyən edilmiş vergiləri və yerli yığımları ödəməli, hərbi və ya alternativ xidmət keçməlidirlər. Özbəkistan Respublikasının və Qaraqalpaqstanın müdafiəsi – hər bir Qaraqalpaqstan vətəndaşının borcudur.
Qaraqalpaqstan iqtisadiyyatının əsasını bazar münasibətlərinin inkişafı və onun müxtəlif mülkiyyət formaları təşkil edir. Digər mülkiyyət formaları ilə bərabər şəxsi mülkiyyət də toxunulmazdır və dövlət tərəfindən qorunur. Yer, onun təki, sular, bitki və heyvan aləmi və digər təbii resurslar ümummilli sərvətdir, səmərəli istifadə olunmalıdır və dövlət tərəfindən qorunur.
Həmkarlar ittifaqları, siyasi partiyalar, ziyalı birlikləri, qadın, veteran və gənclər təşkilatları, yaradıcı ittifaqlar, kütləvi hərəkatlar və digər birlik ictimai birliklər kimi tanınır. Konstitusiya quruluşunun zorla dəyişdirilməsi məqsədi güdən, suverenlik, bütövlük və Respublikanın təhlükəsizliyi, vətəndaşların konstitusion hüquq və azadlıqları əleyhinə çıxış edən, xalqın sağlamlığına və əxlaqına qəsd edən müharibəni, sosial, milli, dini və irqi düşmənçiliyi təbliğ edən, habelə hərbiləşdirilmiş birliklərin, milli və dini əlamətlərə görə təşkil edilmiş siyasi partiya, gizli birlik və cəmiyyətlərin yaradılması və fəaliyyəti qadağandır. Dövlət orqanlarının və vəzifəli şəxslərin ictimai birliklərin işinə müdaxiləsinə yol verilmir. Dini təşkilat və birliklər dövlətdən ayrılmışdır, qanun qarşısında bərabərdirlər, dövlət dini birliklərin fəaliyyətinə müdaxilə etmir. İctimai birliklərin buraxılması, qadağan olunması və ya fəaliyyətinin məhdudlaşdırılması yalnız məhkəmə qərarı ilə ola bilər.
Kütləvi informasiya vasitələri azaddır və qanuna uyğun olaraq fəaliyyət göstərir. Onlar müəyyən olunmuş qaydada informasiyanın dürüstlüyünə görə cavabdehlik daşıyırlar. Senzuraya yol verilmir.
Qaraqalpaqstan Respublikasının Jokarqı Kenesi (JK) – qanunvericilik hakimiyyətini həyata keçirən ali dövlət təmsilçilik orqanıdır (maddə 68). JK çoxpartiyalı sistem əsasında ərazi seçki dairələri üzrə 5 il müddətinə seçilir və Qaraqalpaqstanın yaşı 25-ə çatmış hər bir vətəndaşı parlamentə seçilə bilər.
JK-in müstəsna səlahiyyətlərinə Konstitusiyanın və qanunların qəbulu, onlara dəyişiklik və əlavələrin edilməsi, qanunların şərhi; iqtisadi və sosial inkişaf proqramlarının qəbul edilməsi; JK Sədrinin və müavininin seçilməsi; JK Rəyasət Heyətinin (RH) təşkili; Özbəkistan Prezidenti ilə razılaşdırılmaqla JK Sədrinin təqdimatı ilə Qaraqalpaqstan Nazirlər Şurasının (NŞ) Sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; NŞ-nın sədr müavinlərinin, üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, nazirliklərin, dövlət komitələrinin və digər dövlət idarəçiliyi orqanlarının yaradılması və ləğvi; Konstitusiya nəzarəti komitəsinin, Mülki işlər üzrə Ali Məhkəmənin, Cinayət işləri üzrə Ali Məhkəmənin, İqtisad Məhkəməsinin seçilməsi; mülki və cinayət işləri üzrə rayonlararası, rayon və şəhər məhkəmələri hakimlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; Özbəkistan Baş prokuroru ilə razılaşdırılmaqla JK RH-nin təqdimatına əsasən Qaraqalpaqstan Prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsi; Təbiəti mühafizə üzrə Dövlət Komitəsi sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; yerli xalq deputatları şuralarının qərarlarının dayandırılması və ləğvi; inzibati-ərazi quruluşu məsələlərinin qanunvericiliklə tənzimlənməsi; dövlət hakimiyyətinin respublika və yerli orqanlarının sisteminin və səlahiyyətlərinin müəyyənləşdirilməsi; Nazirlər Şurasının təqdimatı ilə dövlət büdcəsinin və onun icrası haqqında hesabatın təsdiqi; Qaraqalpaqstanın dövlət mükafatlarının və fəxri adlarının təsis edilməsi; parlamentə və yerli orqanlara seçkilərin təyin olunması, Mərkəzi seçki komissiyasının yaradılması; Özbəkistan Respublikasının ali dövlət hakimiyyəti və idarəçilik orqanlarının aktlarının ölkə Konstitusiyasına uyğunluğu haqqında Özbəkistan Konstitusiya Məhkəməsinə təqdimatın verilməsi və digər səlahiyyətlər daxildir.
JK-in iclası onun bütün deputatlarının üçdə ikisindən çoxu iştirak etdikdə səlahiyyətlidir. Onun iclaslarında NŞ Sədri və müavinləri, nazirlər, dövlət komitələrinin rəhbərləri digər dövlət idarəçiliyi orqanlarının rəhbərləri, Konstitusiya nəzarəti komitəsinin sədri, Mülki işlər üzrə Ali Məhkəmənin, Cinayət işləri üzrə Ali Məhkəmənin, İqtisad Məhkəməsinin sədrləri, Qaraqalpaqstan Prokuroru iştirak edə bilər. Qanunvericilik təşəbbüsü hüququ deputatlara, Nazirlər Şurasına, Konstitusiya nəzarəti komitəsinə, Mülki işlər üzrə Ali Məhkəməyə, Cinayət işləri üzrə Ali Məhkəməyə, İqtisad Məhkəməsinə, Qaraqalpaqstan Prokuroruna məxsusdur.
JK qanunlar, qərarlar və digər aktlar qəbul edir, komitələr və komissiyalar seçir, zərurət yarandıqda daimi və ya müvəqqəti əsaslarla deputat, təftiş və digər komissiyalar yaradır. Komitə və komissiyaların səlahiyyəti və fəaliyyət qaydası qanunla müəyyənləşdirilir. Deputatlara deputatlıq fəaliyyəti ilə bağlı müəyyən edilmiş qaydada ödəniş edilir. JK-də və onun orqanlarında daimi əsaslarla işləyən deputatlar öz səlahiyyətləri müddətində başqa heç bir ödənişli vəzifə tuta, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Deputat toxunulmazlıq hüququna malikdir, parlamentin razılığı olmadan məhkəmə qaydasında cinayət məsuliyyətinə cəlb edilə, həbs oluna və ya inzibati tənbeh tədbirinə məruz qoyula bilməz.
Jokarqı Kenes Sədri – Qaraqalpaqstan Respublikasının ali vəzifəli şəxsidir. O, parlamentin deputatları arasından gizli səsvermə ilə JK-in səlahiyyət müddətinə seçilir və ardıcıl olaraq iki dəfədən artıq seçilə bilməz. JK Sədri: ali qanunverici və icra hakimiyyətlərinin qarşılıqlı əlaqəsini təmin edir; parlamentə respublikadakı vəziyyət və digər vacib məsələlərə dair hesabatlar təqdim edir; qanunların və Özbəkistan Respublikası Ali Məclisinin digər qərarlarının, Prezidentin fərmanlarının və digər aktlarının həyata keçirilməsini təşkil edir, JK-in qanun və qərarlarının icrasına nəzarət edir; Sədr müavininin, komitə və komissiya sədrlərinin seçilməsi üçün namizədlər təqdim edir; Özbəkistan Prezidenti ilə razılaşdırmaqla, NŞ-nın Sədri vəzifəsinə namizədi təqdim edir; NŞ-nın Sədrinin təqdimatı ilə, müvafiq xalq deputatları şurasının təsdiqinə verməklə, rayon və şəhərlərin hakimlərini (icra hakimiyyəti başçılarını – E.C.) vəzifəyə təyin və vəzifədən azad edir; JK RH ilə razılaşdırmaqla, Konstitusiya nəzarəti komitəsinin sədrliyinə və üzvlüyünə namizədləri təqdim edir; Özbəkistan Prezidenti ilə razılaşdırmaqla, Qaraqalpaqstanın Mülki işlər üzrə Ali Məhkəməsinin, Cinayət işləri üzrə Ali Məhkəməsinin, İqtisad Məhkəməsinin sədrliyinə və hakimliyinə, eləcə də rayon və şəhər məhkəmələrinin hakimliyinə namizədləri təqdim edir; JK RH ilə razılaşdırmaqla, Təbiəti mühafizə üzrə Dövlət Komitəsinin sədrliyinə namizədi təqdim edir; parlamentin müzakirəsinə təqdim ediləcək məsələlərin hazırlanmasına ümumi rəhbərlik edir, parlamentin iclaslarını çağırır, komitə və komissiya sədrləri ilə bilrikdə onun gündəliyi barədə təklifləri formalaşdırır; JK-in və onun RH-nin işini təşkil edir, onların iclaslarına sədrlik edir, parlamentin və RH-nin qəbul etdiyi qanunları və digər aktları imzalayır, komitə və komissiyalarının fəaliyyətini istiqamətləndirir və əlaqələndirir; Qaraqalpaqstanın dövlət mükafatlarının və fəxri adlarının verilməsi üçün namizədlər təqdim edir; mühakimə olunmuş vətəndaşların əfv olunması barədə məsələ qaldırır; qanun layihələrinin və dövlət həyatının digər məsələlərinin ümumxalq müzakirəsini təşkil edir; qanunvericiliklə ona verilmiş digər səlahiyyətləri həyata keçirir. JK Sədri səlahiyyətinə aid məsələləri RH-nin müzakirəsinə çıxara bilər. JK Sədri səlahiyyətinə aid məsələlər üzrə sərəncamlar verir.
JK Sədri Qaraqalpaqstan Konstitusiyasını və qanunlarını pozduqda parlament tərəfindən geri çağırıla bilər. Bu barədə qərar parlamentin deputatlarının üçdə bir hissəsinin təşəbbüsü ilə, Konstitusiya nəzarəti komitəsinin qərarı da nəzərə alınmaqla, JK-in ümumi deputatlarının üçdə iki hissəsinin səs verməsi nəticəsində qəbul edilir. JK Sədri öz səlahiyyətlərini şəxsi ərizəsi əsasında, həmçinin parlamentin təşkil etdiyi Dövlət tibb komissiyasının təsdiq olunmuş qərarı ilə səhhətinə görə öz səlahiyyətlərini icra edə bilmədikdə yerə qoya bilər. Sədrin səlahiyyətlərinə xitam verilməsi haqqında qərar parlamentin ümumi deputatlarının səs çoxluğu ilə qəbul edilir. Belə hallarda yeni Sədrin seçkisi on gün ərzində keçirilir.
JK işlərinin təşkili və digər səlahiyyətlərin həyata keçirilməsi üçün JK Sədri, müavini, komitə və koimissiyaların sədrləri, parlamentdəki partiya fraksiyalarının rəhbərlərindən ibarət tərkibdə Rəyasət Heyətini yaradır. RH: JK-in sessiyasının gündəliyi və işinin təşkilinə dair təkliflər hazırlayır; komitə və komissiyaların işi və Qaraqalpaqstan qanunlarının, JK-in qərarlarının icrası haqqında məlumatları dinləyir; qanun layihələri üzərində işin planlaşdırılmasını təşkil edir; Sədrin təklifi ilə qanun layihələrinin və digər sənədlərin ilkin müzakirəsini keçirir; deputatlar tərəfindən sessiyalarda qaldırılan təklif və qeydləri təhlil edir və onlara dair müvafiq qərar qəbul edir; dövlət mükafatları ilə təltif edir və fəxri adlar verir; sessiyalar arasındakı dövrdə NŞ Sədrinin təqdimatı ilə, sonradan müvafiq qərarları JK-in təsdiqinə verməklə, NŞ sədrinin müavinlərini və NŞ üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir, nazirlikləri, dövlət komitələrini və digər dövlət idarəçiliyi orqanlarını yaradır və ləğv edir; Özbəkistan Respublikasının Baş prokuroru ilə razılaşdırılmaqla Qaraqalpaqstan Prokurorluğuna namizədi JK-ə təqdim edir; sessiyalararası dövrdə deputatın qanunla müəyyən edilmiş hallarda və qaydada məsuliyyətə cəlb olunmasına razılıq verir, həmçinin işəgötürənin təşəbbüsü ilə deputatla əmək müqaviləsinə son verir; JK-in işi və deputatların öz səlahiyyətlərini səmərəli istifadə etməsi ilə bağlı digər məsələləri həll edir. JK RH öz səlahiyyətinə aid olan məsələlər barədə qərarlar qəbul edir və bu qərarlar müəyyən olunmuş qaydada dərc edilir.
2002-ci ildə Özbəkistan Ali Məclisi ikipalatalı (Qanunverici palata və Senat) parlamentə çevrildikdən sonra “Özbəkistan respublikasının Ali Məclisinə seçkilər haqqında” Qanuna görə 100 nəfərdən ibarət olan Senatın üzvlərindən 6-sı (Daşkəndə şəhəri, digər şəhər və vilayətlərlə paritet sayda olmaqla) Qaraqalpaqstandan Jokarqı Kenesin iclasında gizli səsvermə yolu ilə seçilir [4, s. 225-227].
Qaraqalpaqstan Nazirlər Şurası (Hökumət) – dövlət hakimiyyətinin ali icra-sərəncam orqanıdır. NŞ iqtisadiyyatın, sosial və mənəvi sahələrin səmərəli fəaliyyətinə, ölkə qanunlarının və Özbəkistan Ali Məclsinin digər qərarlarının, Prezidentin fərman, qərar və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Qaraqalpaqstan qanunlarının və JK-in digər qərarlarının, onun RH-nin qərarlarının həyata keçirilməsinə rəhbərliyi təmin edir. NŞ Qaraqalpaqstan dövlət idarəçilik orqanlarının, eləcə də onun rayon və şəhərlərinin hakimlərinin aktlarını dayandırır və ya ləğv edir. NŞ yuxarıda qeyd edilən aktlar əsasında və onların icra edilməsi üçün Qaraqalpaqstan ərazisində icrası məcburi olan qərar və sərəncamlar verir. NŞ-nın səlahiyyət dairəsi və fəaliyyət qaydası, digər dövlət orqanları ilə münasibətləri Qaraqalpaqstan Respublikasının qanunu ilə müəyyən olunur. NŞ JK qarşısında cavabdehdir və öz işi haqqında ildə bir dəfədən az olmayaraq parlamentdə hesabat verir. NŞ yeni seçilmiş JK qarşısında öz səlahiyyətlərini yerə qoyur.
Özbəkistan Prezidenti ilə razılaşdırılmaqla, JK Sədrinin təqdimatı ilə parlamentdə vəzifəyə təyin edilən NŞ Sədri vəzifəsinə görə Özbəkistan Nazirlər Kabinetinin tərkibinə daxildir. NŞ Sədri: hökumətin fəaliyyətinə rəhbərlik edir və səlahiyyətlərini səmərəli həyata keçirməsi üçün tədbirlər görür; JK-ə, sessiyalararası dövrdə isə onun RH-nə sədrinin müavinlərinin və onun üzvlərinin təyin olunması və vəzifədən azad olunması barədə namizədlər təqdim edir; NŞ Rəyasət Heyətinin təsdiqi ilə sədr müavinləri arasında vəzifə bölgüsü aparır; JK-sə, sessiyalararası dövrdə onun RH-inə nazirliklərin, dövlət komitələrinin və digər dövlət idarəçiliyi orqanlarının yaradılması və ləğvi barədə təqdimat verir; JK Sədrinə rayon və şəhərlərin hakimlərinin vəzifəyə təyin və vəzifədən azad olunması barədə təqdimat verir; NŞ-nın, onun RH-nin iclaslarında sədrlik edir; hökumətin işində kollegiallığı təmin edir; dövlət və təsərrüfat idarəçiliyinin NŞ-nın və onun RH-nin iclasında müzakirəsi tələb olunmayan məsələlərinə dair qərarlar qəbul edir və s.
Rayon və şəhərlərdə (rayon tabeli şəhərlər istisna olmaqla) nümayəndəli hakimiyyət orqanları dövlətin və vətəndaşların maraqlarından irəli gələn və onların səlahiyyət dairəsinə daxil olan məsələləri həll edən hakimlərin (özbəkcə “hokim” –E.C.) başçılıq etdiyi xalq deputatları şuralarıdır (XDŞ). XDŞ-nın vəzifələrinə qanunçuluğun, hüquq qaydasının və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi; ərazinin iqtisadi, sosial və mədəni inkişaf məsələləri; yerli büdcənin formalaşdırılması və icrası, yerli vergilərin, yığımların, büdcədənkənar fondların müəyyənləşdirilməsi; yerli kommunal təsərrüfata rəhbərlik; ətraf mühitin mühafizəsi; vətəndaş vəziyyəti aktlarının qeydiyyatının təmin edilməsi; normativ aktların qəbul edilməsi və Qaraqalpaqstan Konstitusiyasın və qanunvericiliyinə zidd olmayan digər səlahiyyətlər daxildir. XDŞ Özbəkistan qanunlarını, Özbəkistan Ali Məclisinin digər qərarlarını, Prezidentin fərman, qərar və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Qaraqalpaqstan qanunlarını və JK-in digər qərarlarını, onun RH-nin qərarlarını, NŞ-nın qərar və sərəncamlarını həyata keçirir, respublika və yerli əhəmiyyətli məsələlərin müzakirəsində iştirak edir. Yuxarı orqanların öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarların icrası aşağı orqanlar üçün məcburidir. XDŞ-nın və hakimlərin səlahiyyət müddəti 5 ildir. Özbəkistan Respublikasının 1994-cü il mayın 5-də qəbul edilmiş “Xalq deputatları vilayət, tümən və şəhər şuralarına seçkilər haqqında” Qanununa görə XDŞ-na seçilmək üçün yaş senzi 21-dir [1, s. 86].
Yerlərdə nümayəndəli orqana və icra hakimiyyətinə rayonun, şəhərin hakimi başçılıq edir. Rayon və şəhər hakimləri NŞ Sədrinin təqdimatı ilə JK Sədri tərəfindən, müvafiq XDŞ-da təsdiq edilməklə, vəzifəyə təyin və vəzifədən azad edilir. Rayon və şəhərlərin hakimləri öz səlahiyyətlərini vahid rəhbərlik prinsipi ilə həyata keçirir və qərarlarına və rəhbərlik etdiyi orqanın fəaliyyətinə görə fərdi məsuliyyət daşıyır. Hakimlərin və XDŞ-larının fəaliyyətinin təşkili və xalq deputatları şuralarının seçki qaydası qanunla tənzimlənir. Hakim səlahiyyətləri çərçivəsində müvafiq ərazinin bütün müəssisə, idarə, təşkilat və birliklər, həmçinin vəzifəli şəxsləri və vətəndaşları tərəfindən icrası məcburi olan qərarlar qəbul edir.
Qəsəbələrdə, aullarda, eləcə də məkan-keneslərdə (məhəllələrdə) özünüidarə orqanları 2,5 il müddətinə öz sədrini (ağsaqqalı) və onun məsləhətçilərini seçən vətəndaş yığıncaqlarıdır. Özünüidarə orqanlarının seçilmə qaydası, fəaliyyətinin təşkili və səlahiyyətlərinin həcmi Özbəkistan Respublikasının “Yerli dövlət hakimiyyəti haqqında” 1993-cü il sentyabrın 2-də [1, s. 86] və “Vətəndaşların özünüidarə orqanları haqqında” 1999-cu ilin aprelində qəbul edilən qanunlarla müəyyən olunur [4, s. 223].
Məhkəmə sisteminə 5 il müddətinə seçilən Mülki işlər üzrə Ali Məhkəmə, Cinayət işləri üzrə Ali Məhkəmə və İqtisad Məhkəməsi daxildir. Məhkəmə işləri qaraqalpaq, özbək və ya yaşayış yeri əhalisinin çoxluğunu təşkil edən xalqın dilində aparılır. Qaraqalpaq Respublikasında konstitusiya nəzarətini həyata keçirən orqan – üzvləri 5 il müddətinə seçilən Konstitusiya nəzarəti komitəsi mövcuddur.
Vətəndaşların seçki hüququna, səsvermə zamanı bərabərliyə və iradəsini sərbəst şəkildə ifadə etməsinə qanunla təminat verilir. JK-ə, rayon və şəhər XDŞ-larına seçkilər onların konstitusion səlahiyyət müddətlərinin başa çatdığı il dekabrın 3-cü ongünlüyünün ilk bazar günü ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə ilə keçirilir. 18 yaşına çatmış hər bir vətəndaşın seçmək hüququ vardır. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş, eləcə də azadlıqdan məhrumetmə yerlərində saxlanılan vətəndaşlar seçkilərdə iştirak etmir. İstənilən başqa halda birbaşa və ya dolayısı ilə seçki hüququnun məhdudlaşdırılmasına yol verilmir. Bir vətəndaş eyni zamanda ikidən artıq nümayəndəli orqanın deputatı ola bilməz.
Qaraqalpaqstan ərazisində qanunların “dəqiq və eyni qaydada” icrası üzərində nəzarəti Qaraqalpaqstan Prokuroru həyata keçirir. Qaraqalpaqstan Prokurorunu Özbəkistan Baş prokurorunun razılığı ilə JK vəzifəyə təyin və vəzifədən azad edir. Rayon və şəhərlərin prokurorları Qaraqalpaqstan Prokurorunun təqdimatı ilə Özbəkistanın Baş prokuroru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Prokurorların səlahiyyət müddəti 5 ildir.
Konstitusiyaya dəyişikliklər deputatlarının üçdə ikisindən az olmayan hissəsinin səsi ilə qəbul edilmiş qanunla və ya referendum yolu ilə edilir. JK Konstitusiyanın dəyişdirilməsi haqqında təklif verildiyi vaxtdan 6 ay ərzində müvafiq qanun qəbul edə bilər. JK Konstitusiyanın dəyişdirilməsi haqqında təklifi rədd edərsə, həmin təklif bir ildən tez müddətdə bərpa oluna bilməz.
Hazırda Qaraqalpaqstanın ölkə əhalisinin 5,7 faizini təşkil edən əhalisinin sayı 1,7 milyon nəfərdən artıqdır ki, onun da 32 faizdən çoxu qaraqalpaqlardır. Burada özbəklərin də sayı təxminən bu qədərdir, əhalinin daha 26 faizini isə qazaxlar təşkil edir. Qaraqalpaqstanın tərkibinə 14 rayon (qışlaq tüməni, özbəkcə “qishloq tumani” – E.C.) daxildir, 80 faizi (13,67 mln ha) səhradan ibarət olan ümumi ərazisi 166,6 min km2-dir və ölkə ərazisinin 37 faizdən çoxunu əhatə edir. Ərazisi neft, qaz, titan və qızıl ehtiyatları ilə zəngindir [1, s. 36; 7]. Respublika şimalda və qərbdə Qazaxıstanla, cənubda Türkmənistanla xarici sərhədlərə malik olub şərq hissədə Özbəkistan ərazisi ilə birləşir.
Ədəbiyyat
1. Usmonov Q. O‘zbekiston tarixi (Milliy istiqlol davri). To‘ldirilgan beshinchi nashri. Toshkent: O‘qituvchi Nashriyot-Matbaa İjodiy Uyi, 2007, 328 b.
2. Usmonov Q., Sodiqov M. O‘zbekiston tarixi (1917-1991-yillar). Akademik litsey va kasb-hunar kollejlari 1-bosqich o‘quvchilari uchun darslik / Mas’ul muharrir: Q.Rajabov. Toshkent: Sharq, 2010, 256 b.
3. Usmonov Q., Sodiqov M. Burxonova S. O‘zbekiston tarixi. Oliy o’quv yurtlari barcha bakalavr yo’nalishlari uchun (tarix yo’nalishidan tashqari). Darslik. Toshkent: 2005, 478 b.
4. Арифджанов Э.К., Алимов Ш.К., Нарбеков А.В., Кадыров К.Б.. История Узбекистана. Курс лекций. Тoшкент: Академия МВД Узбекистана, 2012, 273 с.
5. Зиёев Х. Туркистонда Россия тажовузи ва хукмронлигига карши кураш (XVIII - XX аср бошлари). Тoшкент: Шарк, 1998, 480 б.
6.История каракалпаков. /http://vsemirnaya-istoriya.ru/index.php?option=com_content &view= article&id= 112:karakalpaki&Itemid=3
7. Исхакходжа И. Этнополитические проблемы Каракалпакстана. / http://www.islamsng.com/uzb/ pastfuture/642
8. Конституция Республики Каракалпакстан. http://sovminrk.gov.uz/lang/ru/docs/rkconst/
9. Конституция Республики Узбекистан. http://sovminrk.gov.uz/lang/ru/docs/uzconst/
Açar sözlər: Özbəkistan Respublikası, suveren dövlət, Qaraqalpaqstan Respublikası, siyasi muxtariyyət, konstitusiya, səlahiyyət.
Ключевые слова: Республика Узбекистан, суверенное государство, Каракалпакская Республика, политическая автономия, конституция, компетенция.
Keywords: Republic of Uzbekistan, a sovereign state, Republic of Karakalpakstan, political autonomy, the constitution, competence.
РЕЗЮМЕ
Центрально-азиатская унитарное государство Республика Узбекистан имеет в своем составе Каракалпакскую Республику, которая является автономией. Каракалпакстан в 1925 году Кыргызстан был создан как автономная область, а в 1932 году переобразован на автономную республику и передана в состав России, а с декабря 1936 года стал составной частью Узбекистана. В настоящее время Каракалпакстан по Конституции Республики Узбекистан (1992, 8 декабря) и и по своей Конституции (1993, 9 апреля) имеет статус суверенного государства в составе Республики Узбекистан. Но анализ положений этих двух конституций доказывает, что Каракалпакстан политическая автономия обладающая широкими полномочиями.
SUMMARY
There is Karakalpak Republic in Uzbekistan having autonomous status said to be unitar state in the Middile Asia. Karakalpak as autonomous region established within Kyrgyzstan in 1925. in 1932 it was changed into Autonomous Republic. Firstly it become a part of Russia, in 1936 it became a part of Uzbekistan. At the present Karakalpak Republic is a sovereign state due to the constition of Uzbekistan and itself. But the analysis of both Constitional propositions show that Karakalpak has political autonomy with a large status.
"Geostrategiya" jurnalı № 01 (37) YANVAR-FEVRAL 2017
ELMAN CƏFƏRLİ, Naxçıvan Dövlət Universiteti
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM