NATO-nun sülhməramlı əməliyyatlarında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və hərbi birləşmələrinin rolu

09:00 / 03.04.2017

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin dünyanın müxtəlif yerlərində sülhməramlı əməliyyatlarda iştirak etməsi ölkəmizin beynəlxalq əhəmiyyətinin yüksəlməsinə səbəb olmuşdur. Məsələnin önəmli tərəflərindən biri də odur ki, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak etməklə Azərbaycan ordusu özünün döyüş qabiliyyətini və kadr hazırlığını da gücləndirmişdir. Sülhməramlı əməliyyatlar mahiyyətcə çoxfunksiyalı və mürəkkəbdir. Onların uğuru, digər amillərlə yanaşı, töhfə verən dövlətlərin əməliyyatların planlaşdırılması və aparılmasının bütün mərhələlərində komanda və nəzarət vasitələrinə cəlb edilməsindən asılıdır. Bu baxımdan xüsusilə onu qeyd etmək lazımdır ki, Azərbaycan ordusu bu cür əməliyyatlara cəlb edilmədən öncə də müharibəyə və döyüş şəraitinə adaptasiya edilmiş bir vəziyyətdə idi. Azərbaycan ordusu digər NATO üzvü olan ölkələrin orduları ilə müqayisədə hərbi situasiyanın real olaraq içində idi. NATO əməliyyatlarına cəlb edilmiş olan zabit və gizirlərin bir çoxu Qarabağ döyüşlərində real vərdişlər kəsb etmiş, müharibənin nə olduğunu tam olaraq öz üzərilərində anlamışdılar. Eyni zamanda, onlar müharibə şəraitində relyef və landşaftdan praktiki olaraq istifadə edilməsini bilirdilər. Bir sözlə, Azərbaycan ordusunun təcrübəsi NATO üçün az əhəmiyyətli deyildi.
Həmçinin, dövlətimizin də NATO çərçivəsində sülhməramlı əməliyyatlarda xüsusi əhəmiyyət verdiyi məsələlərdən biri Azərbaycan ordusunun ən qabaqcıl kadrlarının fəaliyyətə cəlb edilməsi idi. Belə ki, bununla Azərbaycan dövlətinin təbliği, eləcə də qarşısına qoyulmuş vəzifələri icra etməsi mümkün olacaqdı. Məsələnin bu tərəfini diqqətə alan E.Nəsirov sülhməramlı tabur haqqında yazır: “Onun şəxsi heyətinin seçilməsinə xüsusi diqqət göstərilir. Əsasən, hündürboylu, sağlam, fiziki cəhətdən hazırlıqlı, təhsilli, yüksək intellektual səviyyəsi olan, xarici dil bilən əsgər və zabitlər bu taburda xidmət edirlər.” (9, s.350)
Azərbaycan Respublikası tərəfindən sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərilən hərbi heyətin tərkibinə ayrı-ayrı hərbi qulluqçular, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, hüquq mühafizə orqanlarının və fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə orqanların, habelə digər dövlət orqanlarının hərbi və hərbiləşdirilmiş birləşmələri (müvafiq silahlara və texnikaya, yardım və təminat vasitələrinə malik olan hissə və bölmələr) daxil edilmişdilər. Bu isə o demək idi ki, Azərbaycan Respublikası NATO-nun sülhün bərqərar edilməsi əməliyyatlarında özünün bütün potensialı ilə iştirak etmək fikrində idi. Eyni zamanda, Azərbaycan ordusu və silahlı birləşmələri də burada önəmli təcrübə toplayırdılar. Azərbaycan Respublikası tərəfindən sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərilən mülki heyətin tərkibinə diplomatik statusa malik olan və ya malik olmayan mülki şəxslər, o cümlədən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ayrı-ayrı nümayəndələri, nümayəndə qrupları və ya bölmələri daxil edilməklə ölkənin Qərb standartlarına keçidinin təmin edilməsi üçün addımlar atılırdı. Azərbaycan Respublikasının hərbi bölmələri NATO-nun sülhü dəstəkləmə əməliyyatlarında iştirak etmiş və müəyyən səviyyədə beynəlxalq təcrübə əldə etmişlər. Azərbaycan NATO-nun rəhbərliyi altında aparılan sülhməramlı əməliyyatlara qoşulmuş, Avro-Atlantik təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini vermişdir.
Azərbaycanın silahlı qüvvələri 1999-cu ildən 2008-ci ilədək Kosovoda, 2002-ci ildən Əfqanıstanda, eləcə də 2003-cü ildən İraqda həyata keçirilən sülhməramlı əməliyyatları dəstəkləyir. Azərbaycan Respublikası NATO-nun terrorizmə qarşı apardığı mübarizədə öncül yeri tutur və tərəfdaş ölkələr arasında bu sahədə öz fəallığı ilə seçilir. Lakin NATO ilə Azərbaycanın əməkdaşlığı təkcə hərbi sahə ilə məhdudlaşmır. Elm, ekoloji və humanitar sahələrdə əməkdaşlıq da ölkəmizin NATO ilə sıx işləməsinə səbəb olmuşdur.
Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası bəyan edir ki, “NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı uzlaşan hərbi əməliyyat qüvvələrinin yaradılması, böhranların aradan qaldırılması məqsədilə müvafiq beynəlxalq təşkilatların mandatı əsasında aparılan sülhməramlı cavab əməliyyatlarında iştirak etmək” Azərbaycan Respublikasının müdafiə siyasətinin əsas istiqamətlərindən hesab olunur. (3, s.15) Azərbaycan Respublikası ordusu Kosovo əməliyyatından başlayaraq NATO şəmsiyyəsi altında əsas etibarilə qardaş ölkə olan Türkiyə ilə birgə hərəkət etmişdir. Bu isə öz növbəsində Azərbaycan-Türkiyə yaxınlaşmasına kömək edən amillərdən biri olmuşdur. Azərbaycan Respublikası NATO-da ən güclü ordulardan birinə sahib olan Türkiyə ilə həm NATO çərçivəsində, həm də ikitərəfli hərbi əlaqələri inkişaf etdirir. NATO ilə əlaqələrə əhəmiyyət Türkiyə üçün də əhəmiyyətli xarici siyasət və təhlükəsizlik siyasəti meyarıdır. Türkiyə Orta Asiya və Qafqaz dövlətlərinin Avro-Atlantik Əməkdaşlıq Şurası və “Sülh naminə tərəfdaşlıq” proqramında yer almalarını dəstəklənir. 1997-ci il yanvar ayında Azərbaycan Silahlı Qüvvələri tərkibində sülhməramlı birliyi yaradılmışdır. 20 oktyabr 1999-cu ildə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Kosovo Türk Taburu qüvvələri tərkibində Kosovoya gedəcək Azərbaycan birliyinin statusuna dair Sazişin Azərbaycan Parlamentində razılaşdırılmasından sonra Azərbaycan sülhməramlı birliyinin bir qrup hərbçisi bu istiqamətdəki vəzifələrinin icrasına başlamışdır. NATO-nun baş katibi Lord Corc Robertson Azərbaycan Müdafiə naziri ilə görüşü zamanı Azərbaycan sülhməramlı birliyinin roluna görə təşəkkür etmiş, “Kosovodakı 40 mindən çox sülhməramlı hərbçi içərisində Azərbaycan birliyinin xüsusi bir mövqeyinin olduğunu” vurğulamışdır. (10, s.6)
1999-cu ilin sentyabrından 2008-ci ilin mart ayınadək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə (32 əsgər, 1 gizir və 1 zabit) Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə (KFOR) əməliyyatlarda iştirak etmişdir. Azərbaycan taqımı Türkiyə taburunun 4-cü mexanikləşdirilmiş piyada bölüyünün (qərargahı: Draqaş) tərkibində Draqaş şəhərində xidmət aparırdı və taqımın bilavasitə cavabdeh olduğu və növbə apardığı Brod yaşayış məntəqəsi idi. Bu müddət ərzində Kosovoda 362 nəfər hərbi qulluqçu iştirak etmişdir. (345 nəfər əsgər, 7 nəfər gizir, 10 nəfər zabit). 2008-ci ilin aprel ayında Kosovonun müstəqilliyinin təktərəfli elan olunması ilə əlaqədar taqım tam heyətlə Kosovo bölgəsindən geri çağırılmışdır. (4)
Azərbaycan Respublikasının Milli Məclisinin qərarı dövlətin xarici siyasət maraqlarından qaynaqlanır. Kosovo regionunda siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 16-cı bəndinə uyğun olaraq qərara alır: I. Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında keçmiş Yuqoslaviyanın Kosovo regionunda yerləşdirilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin taqımı geri çağırılsın. II. “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Yuqoslaviyanın Kosovo regionunda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1999-cu il 2 iyul tarixli, 697-IQR nömrəli Qərarı qüvvədən düşmüş hesab edilsin. III. Bu Qərar qəbul edildiyi gündən qüvvəyə minir.” (6)
Azərbaycan Resublikası Prezidenti ilə görüşü zamanı NATO baş katibi Corc Robertson növbəti dəfə özünün təşəkkürünü ifadə etmişdir: “Cənab Prezident, sağ olun. Mən sadəcə olaraq, bir məqamı şərh etmək istərdim. Bir halda ki, biz burada camaat qarşısında görüşürük, mən Kosovoda vəziyyətin sabitləşdirilməsi proseslərində iştirak edən sülhməramlı qüvvələrinizə görə Sizə, hökumətinizə, xalqınıza təşəkkürümü bildirmək istərdim. Bu, yəqin dünyanın indiyədək gördüyü ən böyük sülhyaratma əməliyyatıdır. Əlbəttə, bu qoşunlara nəinki NATO ölkələrinin, habelə Rusiyanın, NATO üzvü olmayan dövlətlərin, o cümlədən də Azərbaycanın hərbi qulluqçuları daxildirlər. Bu yardıma görə Sizə çox minnətdarıq.” (7)
1999-cu ilin martında Kosovo böhranını özünün uyğun bildiyi şəkildə həll edən NATO, özünü Serbiyanın müttəfiqi adlandıran Rusiyanın bu məsələyə müdaxiləsinə imkan vermirdi. Bu hadisə NATO-nun sülhün qorunması və beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün real güc olduğunu göstərdi. Hər iki reallıq Azərbaycan Respublikasının maraqlarına uyğun idi. Azərbaycan həm Rusiyanın beynəlxalq təsir imkanlarının azalmasında, eyni zamanda, tərəfdaşı olduğu NATO-nun gücləndirilməsində də maraqlı idi. Ümumiyyətlə, Azərbaycanın NATO ilə əməkdaşlıqda son məqsədi bütün Avro-Atlantika zonasında sülhün və sabitliyin möhkəmləndirilməsinə öz töhfəsini vermək və bilavasitə təşkilatın fəal iştirakı ilə yaradılacaq hər hansı bir təhlükəsizlik sistemində özünə yer tapmaqdan ibarətdir. Azərbaycan-NATO münasibətlərinin inkişaf səviyyəsi, eləcə də müxtəlif proqramlar çərçivəsində əməkdaşlığın mövcud durumu yüksək qiymətləndirilir. Azərbaycan hərbçilərinin beynəlxalq sülhməramlı qüvvələr tərkibində iştirakı ordumuzun NATO standartlarına uyğun olaraq formalaşdırılması, zəruri təcrübənin qazanılması və respublikamızın beynəlxalq nüfuzunun artması baxımından mühüm əhəmiyyət daşımışdır.
Sülhməramlı fəaliyyətlərdə aktiv fəaliyyətin nəticəsi olaraq sülhməramlı bölmələr də daxil olmaqla, hər iki tərəfin hərbi qüvvələri arasında əlaqələndirmənin, hərbi-dəniz qüvvələrimizin imkanlarının genişləndirilməsi, Azərbaycanın təyyarə meydanlarının və hava məkanının idarə olunmasına nəzarət sistemlərinin NATO standartlarına uyğunlaşdırılması barədə bir çox razılıq əldə edilmişdir. Sülhməramlı fəaliyyətlərdə iştirakının keyfiyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası öz Silahlı Qüvvələrini NATO standartlarına uyğunlaşdırmağa səy göstərir və bu sahədə artıq müəyyən işlər görülmüşdür. Azərbaycanın Ali Hərbi-Tədris Müəssisələrində kursantların təlimi tam şəkildə NATO standartlarına uyğun keçirilmişdir. Azərbaycan Respublikasında da NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində onlarca kurslar, konfranslar, məşğələlər, seminarlar, təlimlər və digər tədbirlər keçirilmişdir. Bunlardan ən əhəmiyyətlisi, məlum olduğu kimi, 2001-ci ilin noyabrında “Kooperativ Determineyşn-01” çoxmillətli sülhməramlı komanda-qərargah təlimlərini göstərmək olar. (11) Bu təlimlərdə 9 NATO üzvü və 9 tərəfdaş dövlətlərdən 379 nəfər nümayəndə və beynəlxalq təşkilatlar iştirak etmişlər. 2004-cü ilin payızında isə Azərbaycan Respublikasında NATO üzvü və tərəfdaş dövlətlərin sülhməramlı qüvvələrinin iştirakı ilə “Kooperativ Best Effort-04” səhra təlimlərinin keçirilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikasının “Sülh naminə tərəfdaşlıq” proqramında səmərəli, faydalı və məqsədyönlü əməkdaşlığının nəticəsi və bəhrəsi kimi Silahlı Qüvvələrimizin sülhməramlı bölmələri dünyanın müxtəlif bölgələrində sülhməramlı əməliyyatlarda iştirak edir. Ordunun möhkəmlənməsi, NATO-ya tərəf əməli addımlar respublikada müstəqilliyin dönməzliyinə şərait yaradırdı. Azərbaycanın NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilən tədbirlərin, Türkiyə Respublikası hərbçilərinin köməyi böyük idi.
Azərbaycan Respublikasının NATO ilə birgə iştirak etdiyi fəaliyyətinin bir qismi də Əfqanıstanda təhlükəsizliyin dəstəklənməsi ilə bağlı olmuşdur. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin Türk taburunun tərkibində fəaliyyət göstərəcək Azərbaycan tağımına dair Saziş”i Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə sazişi Azərbaycan Respublikası Prezidenti Ümummilli Lider Heydər Əliyev 2002-ci il noyabrin 11-də imzalamışdır. Burada yazılır: “1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı tağımının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (İSAF) türk taburunun tərkibində iştirak etməsi məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin Türk taburunun tərkibində fəaliyyət göstərəcək Azərbaycan tağımına dair Saziş”i Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat və Döyüş Hazırlığı İdarəsinin rəisi - Baş Qərargah rəisinin birinci müavini, general-mayor Eyvaz Məmməd oğlu Cəfərova verilsin. 2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat və Döyüş Hazırlığı İdarəsinin rəisi - Baş Qərargah rəisinin birinci müavini, general-mayor Eyvaz Məmməd oğlu Cəfərova verilməsi barədə Türkiyə Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.” (2)
Azərbaycan Respublikası Silahlı Qüvvələri iki taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında Milli Məclisin qərarı ilə 2002-ci il noyabrın 15-də qəbul edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdimatına baxaraq, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 16-cı bəndinə uyğun olaraq qərara almışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri dörd taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilsin. (5) Prosesin hüquqi bazisinin gücləndirilməsi istiqamətində işlərin aparılması daha sonra da davam etmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bununla bağlı olaraq qanun imzalamışdır. Azərbaycan Silahlı Qüvvələrinin 22 nəfərlik sülhməramlı tağımı 2002-ci il noyabr ayının 20-dən Əfqanıstanda İSAF tərkibində fəaliyyət göstərməyə başlamışdır. Daha sonra, 2008-ci il yanvarın 15-də onların sayı artırılaraq bölük səviyyəsinə çatdırılmışdır. 2009-cu il oktyabrın 2-də isə Milli Məclis sülhməramlı kontingentin 2 dəfə artırılması barədə qərar qəbul etmiş və onların sayı 90 nəfərə çatdırılmışdır. 2010-cu il oktyabrın 5-də isə NATO-nun Əfqanıstanda keçirdiyi İSAF üzrə əməliyyatlarında ölkəmizin Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə ora əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit göndərilmişdir. Əlavə edək ki, sülhməramlılarımız Əfqanıstandakı fəaliyyətini 2009-cu il fevral ayının 19-dan etibarən Türkiyə taburu tərkibində davam etdirir. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir. (8) Azərbaycan qoşunları Alyans və digər tərəfdaşların qoşunları ilə çiyin-çiyinə Əfqanıstanda İSAF əməliyyatında xidmət edir. Azərbaycanlı zabitlər öz xidmətlərində fərqlənirlər və Əfqanıstana sülh və sabitliyin bərqərar olmasına onların töhfəsi müttəfiqlər və tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın İSAF-a töhfəsi hər şeydən öncə Azərbaycanın Avro-Atlantika məkanında təhlükəsizlik və sabitliyin əldə edilməsi sahəsində daha böyük məsuliyyəti öz üzərinə götürmək əzmindən xəbər verir. Dövlətimiz Əfqanıstanda bərpa işlərində iştirak üçün İSAF-a qoşulmaqla Avro-Atlantika təhlükəsizliyinə əhəmiyyətli töhfəsini vermişdir. Bu əməliyyatlarda qazanılan təcrübə bizim üçün mühüm əhəmiyyət kəsb edir. Əfqanıstanda NATO-nun başçılığı altında aparılan sülhməramlı və İraqdakı çoxmillətli əməliyyatlarda sülhməramlı qüvvələrlə iştirak etməklə, Azərbaycan siyasi şəraitə, müyəssər ehtiyat və imkanlara müvafiq olaraq beynəlxalq təhlükəsizliyə əhəmiyyətli töhfələr vermişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sülhməramlı bölüyü 15 avqust 2003-cü ildən 7 dekabr 2008-ci il tarixinədək 151 nəfər şəxsi heyətlə (120 nəfər əsgər, 16 nəfər gizir, 15 nəfər zabit) İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərmişdir. İraqın Əl-Həditə şəhəri yaxınlığında ABŞ Dəniz Piyadaları Komandanlığı tərkibində su anbarının və su elektrik stansiyasının mühafizəsini həyata keçirmişdir. Koalisiya Qüvvələrinin İraqdan çıxması ilə əlaqədar 2008-ci il dekabrın 7-də bölük tam heyətlə İraqdan geri qayıtmışdır. Azərbaycanın ölkə parlamentinin qərarı ilə missiyasını başa vuran İraqdakı sülhməramlı qüvvələri Əl-Anbar bölgəsində təşkil olunan rəsmi mərasimlə bu ölkədən ayrılmışlar. Azərbaycan sülhməramlılarının missiyasının başa çatması ilə bağlı onların xidmət keçdiyi bölgədə, Hadita su anbarı ərazisində Amerika hərbçilərinin və İraq rəsmilərinin iştirakı ilə mərasim təşkil edilmişdir. Azərbaycan sülhməramlılarının xidmət etdiyi su bəndi irimiqyaslı terror hücumlarına məruz qalmamış və indiyədək bir-birilərini əvəz edərək cəmi 1000-dən çox Azərbaycan əsgəri bu missiya çərçivəsində xidmət keçmişdir. Amerika dəniz piyadalarının “Military.com” saytı isə qeyd etmişdir ki, təqribən ABŞ-ın Cənubi Karolina ştatı böyüklükdə olan Azərbaycan ötən beş il ərzində İraqın Əl-Anbar bölgəsində həyati əhəmiyyətli obyektin mühafizəsində iştirak etmişdir. Dekabrın 3-də keçirilmiş mərasimdə deyilmişdir ki, Azərbaycan əsgərlərinin sülhü və təhlükəsizliyi təmin etmək üçün göstərdikləri mühüm fəaliyyət sona çatmış və onlar tezliklə öz evlərinə dönəcəklər. “Ola bilsin ki, amerikalıların çoxu Azərbaycanı tanımır, ancaq bu ölkənin əsgərlərinin İraqda gördükləri işlər dünyada xüsusi hörmətə layiqdir. Azərbaycanlı əsgərlər həyati əhəmiyyətli Hadita su bəndinin mühafizəsində iştirak etmişlər. Bu stansiya İraqın elektrik enerjisinə olan ehtiyacının 25 %-ini təmin edir”, deyə mərasimdə çıxışı zamanı Amerika dəniz piyada qüvvələrinin polkovniki Patrik Malay bildirmişdir. Polkovnik həmçinin demişdir ki, azərbaycanlı əsgərlər ilk dəfə İraqa 2003-cü ilin avqustunda gəlmiş, o vaxtdan bu yana onlar hər hansı irimiqyaslı terror hücumu ilə üzləşməmişlər. Azərbaycan əsgərləri su bəndinin xarici mühafizə postlarında mövqe tutmuş və hər gün elektrik stansiyasında işləməyə gələn 630-dan çox adamı yoxlamışlar. Həmçinin onlar Fərat çayının və Qadisiyah gölünün sularına nəzarət edərək yaraqlıların mümkün hücumları ilə bağlı təhlükəsizlik tədbirləri görmüşlər. Amerikanın İraqdakı qüvvələrinin komandanlığının nümayəndəsi, general-mayor Maykl Ferrit Azərbaycan sülhməramlılarını mükafatlandırmışdır: “Bu, İraq və Azərbaycan üçün tarixi gündür. Eyni zamanda biz koalisiya üzrə tərəfdaşlarımızla vidalaşdığımıza görə məyusuq”-deyə general bildirmişdir. Mərasimin sonunda sülhməramlılar Azərbaycan bayrağının ətrafında toplaşmışlar. Amerika ordusunun generalı Con Kelli isə söyləmişdir ki, koalisiya qüvvələri artıq terrorçulara qarşı müharibənin ön cəbhəsində deyil: “Biz fəxrlə deyə bilərik ki, geri çəkilirik. Çünki İraq təhlükəsizlik qüvvələri artıq güclüdür”. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İraqda NATO əməliyyatlarında iştirakı iki ölkə arasında əlaqələrə də müsbət təsirini göstərmişdir. Son illər əlaqələrin səviyyəsi bir çox iraqlı məsul şəxsin Azərbaycana səfərləri, İraqda müqəddəs yerləri ziyarət edən azərbaycanlı zəvvarların sayının artması ilə tədricən inkişaf etmişdir. Bu əlaqələrin inkişafına 2010-cu il noyabrın 10-da iki ölkə arasında “Elmi, texniki, iqtisadi və ticari əməkdaşlığa dair Saziş” in imzalanması yeni təkan vermişdir. (1) İraqdakı beynəlxalq koalisiya əməliyyatlarına qatılması üçün Azərbaycan qüvvələrinin hazırlığında PAP olduqca məhsuldar olmuşdur.
Azərbaycan NATO ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu konkret praktiki tədbirləri ilə təsdiq edir. Kosovo və Əfqanıstanda beynəlxalq sülhməramlı qüvvələr tərkibində öz missiyasını uğurla yerinə yetirən Azərbaycan 2003-cü ilin mayında beynəlxalq koalisiya qüvvələrinin tərkibində İraqda keçirilən sülhməramlı əməliyyatlarda iştirak haqqında qərar qəbul etdi. Bununla da erməni terrorizmindən ziyan çəkmiş Azərbaycan Respublikası beynəlxalq terrorizmə qarşı mübarizədə dünya dövlətlərinin ön sırasında olduğunu nümayiş etdirdi. Beləliklə, göründüyü kimi Azərbaycan təkcə Avropa İttifaqının enerji təminatı və təhlükəsizliyi baxımından və “Qonşuluq siyasəti”nin əsas fiqurantlarından biri kimi deyil, həm də dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda, İraqda, Balkanlarda və s. həyata keçirdiyi sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması və s. fəaliyyəti ilə də Qərbin etibarlı tərəfdaşı hesab olunur.


ƏDƏBİYYAT
1. Azərbaycan-İraq əlaqələri: dünəni, bu günü, gələcəyi. http://newtimes.az/az/diplomatik
2. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin Türk taburunun tərkibində fəaliyyət göstərəcək Azərbaycan tağımına dair Saziş”i Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə saziş. 13 noyabr 2002-ci il, № 1086
3. Azərbaycan Respublikasının Milli Təhlükəsilik Konsepsiyası, Azərbaycan Respublikası Prezidentinin 2198 saylı Fərmanı ilə 23 may 2007-ci ildə təsdiq edilmişdir.
4. Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı. http://www.mod.gov.az/
5. Azərbaycan Respublikası Silahlı Qüvvələri iki taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında Milli Məclisin qərarı 15 noyabr 2002-ci il № 378-IIQR
6. Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının keçmiş Yuqoslaviyanın Kosovo regionundan geri çağırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. 4 mart 2008-ci il, № 553-IIIQR
7. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin NATO-nun baş katibi Lord Corc Robertsonu və onu müşayiət edən şəxsləri qəbul edərkən söhbətindən Prezident sarayı, 16 yanvar 2001-ci il
8. Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən Azərbaycan hərbçilərinin sayı açıqlanıb. http://az.trend.az/azerbaijan/politics/2256130.html
9. Nəsirov E.X. Amerika Birləşmiş Ştatlarının antiterror doktrinası və onun tətbiqi mexanizmləri. Bakı: Elm və təhsil, 2010.
10. Askerzade A. NATO Çerçevesinde Azerbaycan-Türkiye Askerî İşbirliği ve
Bölgesel Güvenlik Sorunları, Karadeniz Araştırmaları, Sayı, 20, 2009, s.1-17
11. Cooperative Determination. http://www.globalsecurity.org/military

Açar sözlər: NATO, sülhməramlı əməliyyatlar, hərbi birliklər, təhlükəsizlik, Müdafiə Nazirliyi
Ключевые слова: НАТО, миротворческие операции, воинские части, безопасность, Министерство Обороны
Keywords: NATO, peacekeeping operations, military units, security, Ministry of Defence

Резюме
В статье исследованы миротворческие операции составляющие основную деятельность НАТО. Здесь говорится о вкладах Азербайджана в целях поддержания мира и стабильности в евро-атлантической зоне. Вооруженные силы и воинские части Азербайджана под руководством НАТО присоединились к операциям по поддержанию мира в Косово, Афганистане, и Ираке и принимали непосредственное участие в защите европейской и евро-атлантической безопасности. В статье проанализированы эти процессы и в итоге определены результаты.

Summary
The peacekeeping operations that are the basic components of NATO’s activities have been investigated in the article. It deals with the contribution of Azerbaijan to maintain peace and stability in the Euro-Atlantic area. The armed forces and military units of Azerbaijan under the leadership of NATO have joined peacekeeping operations in Kosovo, Afghanistan and Iraq, and have been directly involved in the protection of Euro-Atlantic security. These processes have been analyzed, in this scientific paper, and in consequence some results have been obtained.

 

"Geostrategiya" jurnalı № 01 (37) YANVAR-FEVRAL 2017

Həmidə Əhmədova, Bakı Dövlət Universiteti



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM