Mingəçevir və onun ətraf bölgələri Qarabağ və Qərb (Gəncəbasar) bölgələrinin qovuşuğunda yerləşməklə, hər iki bölgəyə məxsus maddi mədəniyyət irsindən bəhrələnmiş və burada özünəməxsus məhəlli-lokal spesifika ilə fərqlənən yeni çalarlı maddi mədəniyyət kompleksi formalaşmışdır. Belə məhəlli-lokal spesifika yaşayış məskənləri və evlər, xalq geyimləri və bəzəklər, yeməklər və içkilər, eləcə gə xalq nəqliyyatı vasitələrinin forma və tiplərində aydın izlənilir. Ənənəvi kişi geyimləri bu cəhətdən xüsusilə fərqlənir.
Forması, rəngi, parçası və üstündə olan naxışlardan asılı olaraq geyim, müəyyən dövrdə zövqün nə vəziyyətdə olmasını aydınlaşdırır. Bir sözlə, geyimlə nəinki bir adamın zövqünü, dünyagörüşünü, həttə bütün bir xalqın maddi mədəniyyətini, iqtisadiyyatını, başqa xalqlarla münasibətini müəyyən etmə olar. Geyimin tarixi tamamilə xalqın siyasi-iqtisadi-mədəni tarixi ilə əlaqədardır. (15, səh. 35). Geyim mədəniyyətinin formalaşmasında təbii-coğrafi şəraitin, xüsusilə də iqlimin, xalqın etik normalara əməl etməsinin və insanların zaman-zaman inkişaf edən estetik zövqlərinin təmin edilməsi zərurətinin də həlləedici rolu olmuşdur.
Bütün tarixi-etnoqrafik bölgələr üzrə, eləcə də Mingəçevir və onun ətraf bölgələri üzrə Azərbaycanın milli xalq geyimlərini qadın geyimləri, kişi geyimləri və uşaq geyimləri olmaqla üç dəstə ayırmaq olar. XIX əsr xalq geyimlərini həm mərasim geyimləri (toy, yas, bayram, qonaqlıq, gündəlik), əhalinin müxtəlif sosial qruplarının peşə mənsubiyyəti ilə əlaqədar geyimlər, mövsümi səciyyəli geyimlər, dini zümrələrə məxsus geyimlər və s. kimi də fərqləndirə bilərik. (7, səh. 98)
Toplanılan etnoqrafik-çöl materialları, Mingəçevir, Yevlax, Goranboy və Xaldan şəhərlərinin muzey ekspozisiya və fondlarında qorunub saxlanılan maddi və mənəvi mədəniyyət nümunələri, sənət irsini əks etdirən eksponatlar, eləcə də müxtəlif peşə sahibləri olan məlumatçıların söylədikləri bölgə əhalisinin kişi geyimlərinin növlərini, geyim materiallarının hazırlanmasını, kişi baş və ayaq geyimlərinin müxtəlif çeşidlərini, geyimlərin ərsəyə gətirilməsində xalq sənətkarlarının – parça toxusularının (bəzzaz, şalbaf, şərbaf, basma naxışçı, qələmkar və s.), çəkməçi, başmaqçı, çustçu, papaqçı, həllac, kürkçü və s. maddi yaradıcılıq imkanlarının zənginliyini təsəvvür etmək və əyani şəkildə görmək üçün geniş imkanlar yaradır.
Tarixi inkişafın gedişində sosial-iqtisadi həyat şəraitinin dəyişməsi geyim növlərində əsaslı dəyişikliklərə səbəb olmuş, yeni-yeni geyim növləri meydana çıxmışdır. Neolit (Yeni daş) dövründə hörmə toxuculuğunun meydana çıxması, er.əv. II-I minilliklərdə isə dəzgah toxuculuğunun meydana gəlməsi və inkişaf etdirilməsi geyim elementlərini xeyli zənginləşdirmişdir. Mingəçevir qazıntılarından əldə edilən parça qalıqları (3, səh. 152) və toxucu dəzgahının hissələri (2, səh. 68) ilk orta əsrlərdə Azərbaycanda dəzgah toxuculuğunun daha geniş yayıldığını göstərir. Ənənəvi kişi geyimləri bütün orta əsrlər boyu yeni-yeni geyim elementləri ilə tamamlanmış, XIX-XX əsrin əvvəllərində özünün biçim üsulu, tikiş texnikası, dekorativ-bədii xüsusiyyətləri, etnosun milli varlığının ləyaqət göstəricisi kimi mükəmməl şəkildə dəstlənmişdir.
XIX-XX əsrin əvvəllərində azərbaycanlıların ənənəvi kişi geyimləri biçim üsuluna və tikiş texnikasına görə Ümumqafqaz səciyyəsi daşımaqla, yalnız çox da böyük əhəmiyyəti olmayan lokal-məhəlli xüsusiyyətləri ilə seçilirdi. Ənənəvi kişi geyimləri alt (can) və üst köynəyi, dizlik, şalvar, arxalıq, içlik (zıbınça, canlıq, cılıtqa, pambıqlı) çuxa, kürk, yapıncı, eləcə də müxtəlif formalı və adlı baş və ayaq geyimlərindən ibarət idi. Mingəçevir və ətraf bölgələrin kişi geyimləri haqqında aydın təsəvvür yaratmaq üçün onunla qonşu olan Qərb (Gəncəbasar) və Qarabağ bölgələrinin kişi geyimlərindən bəhs edən iki yazılı məlumatı diqqətə çatdırmaq istərdik: XIX əsrin 80-ci illərində Qazax qəzası Salahlı kəndi əhalisinin kişi geyimlərindən bəhs edən B.Veniaminov yazırdı ki, onlar çit və ağdan tikilmiş köynək, onun üstündən ipək və yun arxalıq (kəmər və xəncərlə bilikdə), yun və mahud çuxa, yun başlıq və mahuddan tikilmiş şalvar, qoyun dərisindən papaq, başmaq, kürk və yapıncı geyirlər (5, səh. 107). Yelizavetpol quberniyasının Bərdə kəndinin kişi geyimlərindən bəhs edən Q.Osipov yazırdı ki, bərdəlilər çuxa, dizə qədər çatan şalvar, corab (yun və yarımipək corab) geyirlər. Son zamanlar gənc bərdəlilər evdə toxunma ləzgi şalından tikilən çərkəzi çuxaya üstünlük verirlər. Çuxanın altından pamazı, atlas, triko, lastik, məxmər və müxtəlif çit parçalardan tikilən arxalıq geyirlər. Alt paltarları bərdəli qadınların pambıqdan toxuduqları bez parçadan hazırlanır. Başlarına əksər əhali qoyun dərisindən tikilmiş papaqlar qoyurlar. Varlılar isə 4-15 manat dəyərində olan bahalı papaqlar gəzdirirlər. Qışda varlılır kürk və başlıq geyir, kəndlilər və çobanlar isə nazik keçədən yapıncı geyirlər. Bütün gənc bərdəlilər cümüş kəmər taxır, ağsaqqallar, mollalar və digər mənsəb sahibləri ağ və qara rəngli müxtəlif parçalardan qurşaq bağlayırlar (12, səh. 134). Xatırladaq ki, qadın geyimlərindən fərqli olaraq kişi geyimləri elementlərinin növlərinə görə deyil, bəzi məhəlli-lokal spesifikasına görə fərqli olmuşdur. Bu mənada, Qazax və Cavanşir qəzaları əhalisinin kişi geyimlərini XIX-XX əsrin əvvəllərində bütövlükdə bütün Azərbaycana, eləcə də Mingəçevir və ətraf bölgələrin əhalisinin geyimlərinə də şamil etmək olar. Bu fikri Yelizavetpol qəzasının Goranboy-Əhmədli kəndi əhaliəinin kişi geyimlərindən bəhs edən Həsən bəy Bağırov da təsdiq edir: "Goranlılar başlarına böyük dəri papaqlar qoyur, ətəyi uzun arxalıq və çuxa geyir, qışda isə nadir hallarda yapıncıdan istifadə edirlər. Alt paltarı təsərrüfat işləri zamanı kasıblar üçün rahat və əlverişli olan, kifayət qədər möhkəm qalın bezdən tikilirdi. Kişi ayaq geyimləri başmaq, məst (tufli) və çarıqdan ibarət idi" (4, səh. 179). Bu geyimlər gündəlik (iş paltarı) və boğçalıq (xeyir-şər paltarı) olmaqla iki dəstdən ibarət hazırlanırdı. Boğçalıq paltarlar qiymətli parçalardan tikilir, geyim elementlərinin çoxluğuna, təzəliyinə və s. görə gündəlik geyimlərdən fərqlənirdi. (6, səh. 56).
Bölgənin ənənəvi kişi geyimləri alt paltarı və üst paltarı kimi dəstlənirdi. Üst geyimləri də öz növbəsində çiyinə geyilən və belə bağlanan olmaqla iki variantda hazırlanırdı. Geyim materialları başlıca olaraq yun, pambıq, kətan və ipək parçalardan, keçədən, dəridən ibarət olur, geyim hazırlığı ilə məşğul olan sənətkarlar tərəfindən hasilə gətirilərək bölgəyə yaxın olan Gəncə, Şəki, Bərdə və Ağdam, sonralar isə Şuşa bazarlarından satınalma yolu ilə əldə edilirdi.
Kişi alt paltarı bütün Azərbaycan üçün xarakterik olan alt köynəyi və dilikdən ibarət idi. Tuniki və kəsmə (doğrama) biçim üsulu ilə hazırlanan kişi alt köynəyi düzyaxa olur, nisbətən ucuz parçalardan (bez, qalın ağ, humayun ağı, satin, mitqal və s.) hazırlanır, yan kəsikləri 10-15 sm ölçüdə açıq saxlanır (buna peş deyilirdi), qoltuğunun altına isə xiştək (qoltuqaltı) qoyulurdu. Qol ağzı nisbətən enli olan bu köynəyin yaxa kəsiyi bir ilgək-düymə ilə boğazın altında bağlanırdı. Bölgədə el adətincə toya hazırlaşan bəyin köynəyini ( həm alt, həm də üst köynəyini) onun qaynanası biçib-tikər, yaxa, qol ağzı, sinə və yan kəsiklərini müxtəlif tikmə bəzəklərlə bəzəyərdi.
Kişi alt geyiminin bir elementi də dizlik idi. Ona adətən kişi tumanı və ya istilik deyilirdi. Dizlik bədəni dizə qədər kip tutur, iki balağı bir-birinə miyança (ara ağı) ilə birləşdirilir, bel yerinə qoyulan nifədən keçirilən tumanbağı vasitəsilə belə bağlanırdı. Adətən dizik mitqalı ağdan, bezdən, çitdən tikilir, qabaq və arxa tərəflərində nifə yeri açılırdı ki, onu hər iki tərəfinə geymək mümkün olsun.
Kişi üst köynəyi düzyaxa, çəpyaxa və çiyin yaxalı köynək kimi üç variantda hazırlanırdı. Düzyaxa köynəyin yaxa kəsiyi, adından da məlum olduğu kimi, sinə üstündə düz kəsilir, bir ilgək-düymə ilə bağlanırdı. Çəpyaxa köynəkdə yaxa kəsiyi boğazın altından sola doğru yanakı biçilir, o da bir ilgək-düymə ilə bağlanırdı. Çiyin yaxalı köynəkdə isə yaxa kəsiyi boyun kəsiyinin davamı kimi çiyin üstündən qol yerinə kimi biçilir, yaxa yeri qaytanla bağlanırdı. Çiyin yaxalı köynək Azərbaycanın Gəncəbasar və Qərb bölgələrində də geniş yayılmışdı və adətən mindoylu köynək adı ilə məlum idi. (6, səh. 60-61). Köhnə Mingəçevir kənd sakiləri Əliyev Allahverdi Zülfüqar oğlu və Nəbiyev Adil İnayət oğlunun təsdiq etdiklərinə görə Mingəçevirdə boğazı düyməli köynəklər kişi geyimlərinin ayrılmaz tərkib hissəsi olmuşdur. Köynəklər, bir qayda olaraq şilə, qədək, fay, qanovuz, məxmər, atlas və s. parçalardan tikilər, boyunduruqsuz olar, cib qapaqlarının, yaxa və qol kəsiklərinin ağızlarına baftadan naxışlar salınardı. Köynəyin qolları ya düyməli ya da açıq şəkildə saxlanılardı. Parça materialından (qalın və zərif-nazik parça) asılı olaraq köynəyin ətəyi ya şalvarın içərisinə yığılır, ya da şalvarın üstündən salınaraq qayışla beldə yığılırdı. Varlıların köynəkləri boyunduruqlu olardı, hətta yaxa, ətək, yan kəsikləri də bəzədilərdi.
Beldə saxlanan kişi üst geyimlərindən biri də şalvar idi. Bölgədə musurmanı şalvar, varlıların və ziyalıların geydiyi qabağı yarıq urusu şalvar və qalifeyi şalvar istifadədə olmuşdur. Etnoqrafik ədəbiyyatda bütün Azərbaycan üçün xarakterik olan nifəli və ya musurmanı şalvarın geniş təsviri verilmişdir:
"Özünün biçim üsuluna və tikiş texnikasına görə dizliklə eyniyyət təşkil edən şalvar ondan balaqlarının uzun (topuğa qədər) və nisbətən enli olması ilə fərqlənirdi. Belə şalvarın qabağı bütöv olmaqla, bəzən ciblə də təchiz edilirdi. Qara, yaşıl, bənövüş, qırmızı mahuddan, şaldan və ipəkdən tikilən belə şalvarlar əhali arasında "nifəli şalvar" və ya "musurmanı şalvar" kimi məşhur idi. Varlıların geydiyi qabağı yarıq şalvar "urusu şalvar" adlanırdı.
"Musurmanı şalvar"ın bel yerinə nifə tikilərək oraya tumanbağı keçirilirdi. Tumanbağının uclarında qızılı və gümüşü güləbətin sapdan toxunmuş yaraşıqlı qotazları olurdu… Qaba şaldan tikilmiş şalvarların paça yerinə "ağ" və ya "şalvar ağı" (narvan, miyança) tikilir, yun parça bədəni sürtməsin deyə, pambıq parçalardan astar qoyulurdu. "Musurmanı şalvar"ın ayağı (balağı) topuğun üstündə 10-12 sm ölçüdə çapıqla tamamlanırdı. Buraya rəngli ip-qaytan tikilirdi. Ümumilikdə isə, şalvarın balağı ayağa geyilən ayaqqabının növündən asılı olaraq ya ayaqqabının boğazlığına qabqarılır, ya da onun üstündə qalırdı" (7, səh. 121). Kənd əhalisi təsərrüfat işləri ilə məşğul olduqlarından, adəğən şalvarın balağını corabın içərisinə qabqarır, üstündən soyuq havalarada dolaq bağlayırdılar. Yevlax rayonunun Salahlı kəndindən olan məlumatçılarımız İsmayılov Aqranom Məhəmməd oğlu, Qorçiyev Qaçay Alməmməd oğlu, İsmayılova Qənirə Alış qızı, Nəbiyeva Səriyyə Nəsib qızı da Mingəçevir və onun ətraf bölgələrində yuxarıda adları sadalanan şalvar növlərinin əksəriyyətinin kişilər tərəfindən geyildiyini təsdiq etdilər. Burada qılıcı şalrdan kişi şalvarlarının tikildiyini və xüsusilə geniş yayıldığını göstərdilər. Varlılar və nisbətən tavanalılar isə nazik toxunuşlu bahalı mahud parçadan, dioqanaldan, məndulədən şalvar tikdirib geyirdilər. XX əsrin əvvəllərindən başlayaraq bölgədə qalifeyi şalvar da dəbə düşmüşdü.
Köynəyin üstündən zıbını (zıbınça, içlik, qalınça, canlıq) adanan isti geyim növü geyilirdi. Onu bir kürək və iki yaxa olmaqla biçib hazırlayır, üstünə yun və pambıq döşədikdən sonra astar çəkir və sıx sırıyırdılar. Bu geyimin yaxası tam açıq olur və boğaz altından qurşağa qədər ilgək-düymə ilə bağlanırdı. Zıbını adətən qolsuz tikilirdi. Bölgədə nadir hallarda aşılı dəridən hazırlanan içlik-zıbınça da geyilmişdir.
Ənənəvi kişi üst geyimlərindən biri də arxalıq idi. Bölgədə həm Gəncəbasar tərəflərdə geyilən önürsüz (döş yaxası bir sıra düyməli) və önürlü ( döş yaxası iki sıra düyməli) arxalıqlar, həm də Qarabağ bölgəsində geyilən oyma yaxalı arxalıqlar əhalinin sevilən geyimlərindən olmuşdur. Maddi durumundan asılı olaraq əhali arxalığı şal, mahud, kəşmir, məndulə, bez, satin, atlas, lastik, alaca, əbrişim və s. parçalardan tikdirirdi. Oyma yaxa arxalığın başlıca müştəriləri cavanlar və toy etməyə hazırlaşan gənclər olurdu. Arxalıq bel yerinə qədər bədəni kip tutmaq üçün ilgək-düymə və çarpaz-çarışqa ilə bağlanır, ətək yeri isəbüzməli və ya çinli olurdu. Arxalıq sifariş verilərkən yaş fərqinə uyğun olaraq parçanın rəngi seçilirdi. Cavanlar açıq rəngli, göz oxşayan parçalara, yaşlılar isə tünd parçalara üstünlük verirdi. Axalığın astarı fərqli rəngli parçadan qoyulmaqla, sırınırdı. Arxalığın üstündən sosial mğvqeyə görə varlılar qızıl və gümüş kəmər, ortabablar gümüş təkbənd, yoxsullar isə qayış və qurşaq bağlayırdılar. Azərbaycanın Abşeron etnoqrafik bölgəsində "don" adlandırılan arxalıq eyni adla, bəzən də "beşmet" və "zepun" adı ilə Şərqi Avropa, Volqaboyu, Qafqaz, Cənubi Qafqaz, Sibir tatarları, Qabaq və Orta Asiya xalqları arasında da geniş yayılmışdır. (8, səh. 156). Etnoqraf E.N.Studenetskaya isə qeyd edir ki, biçim üsulu və tikiş texnikasında müxtəlifliyə baxmayaraq, gürcü, erməni və Dağıstanın bir çox xalqları da bu geyim tipini arxalıq adlandırmışlar (14, səh. 25).
Arxalığın üstündən, bir qayda olaraq çuxa geyilirdi. Onu əsasən evdə toxunma şaldan və fabrik parçalarından tikirdilər. Bəhs olunan bölgə əhalisi çuxanı yaxın bazarlardan (Gəncə, Ağdam, Şəki, Bərdə) satınalma yolu ilə əldə edirdi. Bölgədə çuxanın ətəyi büzməli və çinli, qolları isə atmaqol və qolçaqlı növləri geniş istifadədə olmuşdur. Adətən çuxanın arxa hissəsi yarıq tikilir, yaxası açıq olur, üstündən heç nə bağlanmırdı. Onun da astarı arxalıqda olduğu kimi ətək yerinə qədər fərqli rəng parçadan qoyulur, yüngül sırınırdı. XIX əsrin sonu - XX əsrin əvvəllərində bölgədə vəznəli çuxa da geyilmişdir. Xanabadlı məlumatçımız Cəfərov Bəhram Cəfər oğlu kişi geyimlərindən qəlifeyi şalvar, buxara papaq, enli kəmərlər, arxalıq, yapıncı, kürk ilə yanaşı, bölgədə Qarabağ fasonlı oyma yaxa və düzdəmə yaxa çuxaların davamlı olaraq geyildiyini söylədi. Atmaqol çuxanın qolu isti mövsümdə açıq saxlanır və oraya özgə rəng parçadan astar qoyulur, soyuq havalarda isə kənar yanlarına tikilən ilgək-düymə vasitəsilə bağlanıb qol şəklinə salınırdı. Çuxa, din xadimlərindən başqa, bütün əhali təbəqəsinin geydiyi üst geyim növü olmuşdur.
Mövsümü səciyyəli kişi geyimləri içərisində kürkün öz yeri vardı. Burada kürkün sallama kürk və çoban kürkü kimi iki variantı mövcud olmuşdur. Qolları qondarma (yalançı) olduğuna və çiyinə geyilən zaman yandan sallandığına görə ona sallama kürk deyilmişdir. Bu kürkü varlı əhali təbəqəsi geyirdi. Adətən 9-10 quzu dərisindən hasilə gətirilən belə kürklər ya ziyarətlər zamanı uzaq ölkələrdən gətirilir, ya da iri şəhər bazarlarından satın alınırdı. Ondan zəvvar və çarvadarlar yatacaq kimi də istifadə edirdilər. Adətən belə kürklər Xorasan və Ərdəbil kürkü adlanırdı.
Çoban kürkü həm də geymə kürk adı ilə məlum idi. Ölçüsündən asılı olaraq onu 4-5 ədəd dəridən hazırlayırdılar. (11, səh. 438). Belə kürkü maldar-elatlar (çobanlar, sərkarlar, sığırçılar, kəllədarlar) daha çox geyirdilər.
Həm yağışlı-qarlı soyuq havalarda, həm də güclü istilər zamanı maldar-elatların daha çox üstünlük verdiyi geyim növü yapıncı idi. Onun materialını kəndbəkənd gəzib keçə salan həllaclardan alır və sadə biçimli olduğuna görə hər kəs özü biçib-tikirdi. Ümumqafqaz geyim növü olan və çoban məişət tərzinin ayrılmaz komponenti sayılan (ondan, yeri gələndə, yorğan-döşək, yatacaq kimi də istifadə olunurdu) yapıncının bölgədə knyazı, saçaqlı, saya və ya çoban yapıncısı kimi növləri istifadədə olmuşdur. Yerli əhali yapıncıya bəzən bürünmə də deyirdi. Yapıncı çiyinə salınır, qol yer olmur, yaxası açıq biçilir, boğazın altında qaytanla bağlanırdı.
Ənənəvi kişi geyimlərini tamamlayan baş və ayaq geyimləri əsasən dəridən, parçadan, keçədən və yundan hazırlanır, müxtəlif çeşidləri ilə seçilirdi. Xüsusilə kişi baş geyimləri milli ləyaqət, qeyrət, namus simvolu oldugundan, ona tələbat da böyük olmuşdur. Etnoqrafik-çöl materialları və ədəbiyyat göstəriciləri də təsdiq edir ki, bölgə əhalisinin kişi baş geyimləri içərisində qoyun və quzu dərisindən hazırlanmış böyük papaqlar (çoban papağı, motal papaq, şələ papaq və s.) geniş yayılmışdır. Xanabadlı məlumatçımız Cəfərov Bəhram Cəfər oğlu söyləyir ki, bizim tərəflərdə daqqa papaqlar da olub. Daqqa papaq əksərən qaragül dərisindən, bəzən də yerli körpə quzu dərisindən ülgü əsasında biçilib tikilirdi. Papaq gövdə, tərk və astardan ibarət olurdu. Onun tərkini (üst hissəsini) çox vaxt parçadan deyil, tumac və ya aşılı dəridən tikirdilər. İlin fəsillərindən asılı olaraq papağın astarı yun və ya pambıq parçadan qoyulurdu. (7, səh.130). Əhalinin Nuxa qəzasından satınalma yolu ilə əldə etdiyi daqqa (taqqa) papağın tərk hissəsini adətən məxmərdən qoyurdular (1, səh. 171). Ziyalılar və din adamları papağın və əmmanənin altından başlarına araqçın qoyardılar. Onlar bəzən yatacaq papağı kimi şəbkülahdan da istifadə edirdilər. Çöl-təsərrüfat işləri zamanı və yatağa uzanan vaxt yaşlılar başlarına sarıq çəkirdilər. Varlılar arasında qaragül dərisindən hazırlanan buxara papagın müxtəlif çeşidlərinə (ərəbi papaq, çalpapaq, sürpapaq) də nadir hallarda təsadüf etmək olardı.
Bölgənin cavan yaşlı əhalisi və uşaqlar başlarına "qarabağ fasonlu" yüngül, dairəvi papaqlar geyirdilər. Bu papaqların hündürlüyü 15-16 sm olur, aşağıdan yuxarıya doğru 1,5-2 sm enlənirdi. Belə ülgülənmə səciyyəsinə görə onu bəzən qazan papaq da adlandırırdılar. Maldar-elatlar arasında papağın üstündən geyilən başlığa da təsadüf edilirdi. Onun uzun qulaqcıqlarını geyinən zaman boğaza dolayırdılar. Başıq satınalma yolu ilə əldə edilirdi.
Bödgə əhalisinin ənənəvi kişi ayaq geyimləri corab, badış, çarıq, başmaq, məst, çust, uzunboğaz və yarımboğaz çəkmə, patava və dolaqdan ibarət olmuşdur. Corablar uzunboğaz və gödəkboğaz olmaqla yun, pambıq və yarımipək saplardan toxunur, üzəri həndəsi və nəbati naxışlarla bəzədilirdi. Bu naxışlar xalça ormentlərinə çox yaxın olduğundan, onları gəbə corab adlandırırdılar. Uzunboğaz corab adətən çarıqla geyilirdi. Çöl-təsərrüfat işləri ilə məşğul olan kənd adamları daha çox çarıq geyirdilər. Onu aşılanmış, bəzən də xam göndən hazırlayırdılar. Çarıq ayaq geyiminin uzunburun, quşgözü, qarabağı, şirvanı, kalmanı, çütburun, quşburnu kimi növləri əhalinin geniş istifadəsində olmuşdur. Çarığı ayaqda möhkəm saxlamaq üçün göndən köşə çəkirdilər. Bel və baş dərisindən çəkilən köşələr daha davamlı hesab olunurdu. Çarıq ayağa geyildikdən sonra köşə (çarıqbağı) vasitəsilə baldıra bərkidilirdi. Bəzən çarıqbağı rəngli toxunma ipdən hazırlanırdı. Adətən hər kənddə bir neçə çarıq tikən çarıqçı olur, onlar əhalini daha davamlı çarıq növləri ilə təchiz edirdi. Əksəriyyət hallarda isə çarığı hər kəs özü tikə bilirdi.
Bəhs olunan dövrdə bölgədə başmaq adlanan (mərdanə başmaq) ayaq geyim növündən də istifadə edilmişdir. Onun dabanı açıq, burun hissəsi isə yuxarı qatlanmış şəkildə olurdu. Qadın başmağına nisbətdə kişi başmağı bəzəksiz olur, dabanına nal vurulurdu. Bölgədə başmaqçı və çəkməçi dükanları olmadığından, yerli əhali başmağı Gəncə və Şəki bazarlarından əldə etmişlər. XIX əsrin ortalarında Şəkidə (Nuxada) 147 nəfər başmaqçının olması (13, səh. 108), Gəncədə isə 75 nəfər çəkməçinin işləməsi (10, səh. 339) Mingəçevir və ətraf bölgələri də bu ayaq geyimləri ilə təchiz etmişdir.
Mingəçevir və əraf bölgələrdə ayaqqabı (xüsusilə də başmaq, çust, uzunboğaz və yarımboğaz çəkmə tipli ayaqqabı) hazırlanmasının qədim tarixi vardır. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan və er.əv. XI-VIII əsrlərə aid edilən gil ayaqqabı – qablar (9, səh. 36-60, tablo - I-III) XIX əsrdə xalqın istifadəsində olan eyniadlı ayaqqabılarla tipoloji oxşarlıq təşkil edir. Bu isə bir daha sübut edir ki, bu ayaqqabı növləri uzun zaman əsaslı dəyişikliyə uğramadan öz mühafizəkarlığını qoruyub saxlamışdır.
Azərbaycanın digər bölgələrində olduğu kimi, Mingəçevir və ətraf bölgələrdə də "XIX əsrin sonu – XX əsrin əvvəllərindən başlayaraq xalqın geyim dəstinə rus və Avropa ayaq geyimlərinin tədriclə daxil olması həm kişi, həm də qadın ayaq geyimi olan qaloşun kütləvi istehsalı çarıq, patava, dolaq, çust, başmaq, məst və s. kimi ayaq geyimlərini ciddi surətdə sıxışdırıb məişətdən çıxarmağa nail olmuş, ayaq geyimlərində keyfiyyət dəyişiklikləri əmələ gəlmişdir. Yüngüllüyü, yumşaqlığı, ucuz başa gəlməsi və təsərrüfat işlərində davamlılığı qaloşun indi də kənd əhalisinin ayaq geyimləri içərisində üstünlüyünü qoruyub saxlayır. Bununla yanaşı, əhali fabrik istehsalı olan digər ayaqqabı növlərinə də məişətdə geniş yer ayırır" (7, səh. 82-83).
ƏDƏBİYYAT
1. Azerbaydjanüı. İstoriko gtnoqrafiçeskiy oçerk. Baku: Glm, 1998.
2. Aslanov Q.M. K izuçeniö rannesrednevekovıx pamətnikov Minqeçaura / KSİİMK. vıp. 60, M.: 1955.
3. Aslanov Q.M., Vaxidov R.M., İone Q.İ. Drevniy Minqeçaur. Baku: İzd-vo AN. Azerb. SSR., 1959.
4. Baqirov Qasan-bek. Nekotorıə xarakternıə çertı jiteley seleniə Qeranğ-Boy-Axmedlı, Elisevetpolğskoy qubernii, Elisavetpolğskoqo uezda. // SMOMPK, vıp. VI, odt. III, Tiflisğ: 1888.
5. Veniaminov B. Selenie Salaxlu i tatarskie skazki, zapisannıe v nem // SMOMPK, vıp. III, otd. 2, Tiflis: İzd-vo Upravleniə Kavkazskoqo Uçebnoqo Okruqa, 1883.
6. Vəliyev F.İ. XIX-XX əsrin əvvəllərində Azərbaycanın maddi mədəniyyəti (geyimlər, bəzəklər) Bakı: Elm, 2006.
7. Vəliyev F.İ. XIX-XX əsrin əvvəllərində Azərbaycanın maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat). Bakı, Şərq-Qərb, 2010.
8. Həvilov H.A. Azərbaycan etnoqrafiyası. Bakı: Elm, 1991.
9. İone Q.İ. Qlinənıe sosudı-sapojki iz Minqeçaura // Materialğnaə kulğtura Azerbaydjana. t. III, Baku: İzd-vo Akademii Nauk Azerbaydjana, 1953.
10. Kavkazskiy kalendarğ na 1854 q. Tiflisğ: 1853.
11. Mustafayev A.N. Papaqçılıq və kürkçülük. // Azərbaycan etnoqrafiyası. Üç cilddə. I cild. Bakı: Şərq-Qərb, 2007.
12. Osipov. Q. Selenie Barda Djevanşirskoqo uezda Elisavetpolğskoy qubernii // SMOMPK, vıp. XVII, Tiflisğ: 1893.
13. Sumbatzade A.S. Promışlennostğ Azerbaydjana v XIX v. Baku: İzd-vo AN. Azerb. SSR, 1964.
14. Studeneükaə E.N. Odejda narodov Kavkaza (o sobiranii materialov dlə Kavkazskoqo istoriko-gtnoqrafiçeskoqo atlasa) // SG., 1967, № 3.
15. Tərlanov M., Əfəndiyev R. Azərbaycan xalq yaradıcılığı nümunələri. Bakı: 1959.
Ключевые слова: Мингечаур, материальная культура, культура одежды, мужская одежда, головные уборы, обувь.
Keywords: Mingachevir, material culture, drtss culture, clothes for men, hear-gear, foot gear
РЕЗЮМЕ
Представленная статья посвящены как составной части комплекса традиционной национальной одежды населения Мингечаура и его окресностей в ХIХ - начале ХХ века. С точки зрения этнографии исследованы характерные одеяния сезонного типа, а также повседневные одеяния, как - рубашка, брюки, архалуг, чуха, кюрк, япынчы и зыбыны. В статье, также всестронне изображены головные уборы и обувь населения региона и указаны причины происходящих качественных изменений в традиционному мужскому одеянии с начала ХХ века.
Summary
The article is devoted to the traditional men clothing as a constituent part of national clothing complex in Mingechevir and surrounding areas in XIX-XXcenturies. The author has investigated the shirt, trousers, zibini, arkhaliq, chuxa, kurk and yapindji as daily and specific seasonal clothes from ethnographic point of view. The article also thoroughly investigates head covers and shoes. The reasons of quality changes in men clothes also has been indicated.
"Geostrategiya" jurnalı № 01 (37) YANVAR-FEVRAL 2017
AYGÜN QƏDİROVA, АМЕА Аrxeologiya və Etnoqrafiya İnstitutu
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM