1941-1945-ci illər müharibəsində Bakı neftinin əhəmiyyəti məsələsi Azərbaycan sovet tarixşünaslığında

09:00 / 06.04.2017

«Motorlar müharibəsi» adlandırılan 1941-1945-ci illər müharibəsində Bakı neftinin hasilatı,emalı və onun Sovet Ordusunun Almaniya üzərində qələbəsini təmin etməsi Azərbaycan sovet tarixşünaslığında xüsusi olaraq araşdırılmayıb. Tədqiqatçılar yalnız problemə Azərbaycan iqtisadiyyatının müharibədə oynadığı rolu araşdıran zaman toxunmuş, Bakı neftinin qələbəyə təsirini ümumi olaraq vermişlər. Belə ki, müəlliflər neft idarələrinin hasilatının statistik cədvəllərini verməklə kifayətlənmişlər. Bakı neftçilərinin gərgin zəhmətini vurğulayan müəlliflər bunu «sosializm ideologiyasının və Kommunist Partiyasının zəhmətkeşləri birləşdirməyin nəticəsi»ndə mümkün olduğunu qeyd etmişlər. Azərbaycan sovet tarixşünaslığında 1941-1945-ci illər müharibəsinin tədqiqatçıları öz əsərlərində Bakı nefti, Bakı neftçiləri və neft sənayesindəki tədqiqat institutlarının alimlərinə aid ümumi məlumat verməklə kifayətləniblər.
Müharibə illərində Bakının neft sənayesində çalışan fəhlələrin qəhrəmanlığından bəhs edilən əsərlərdən biri Yakob Aqarunovun 1982-ci ildə rusca nəşr edilmiş «Böyük Vətən Müharibəsi illərində Azərbaycan neftçilərinin qəhrəmanlığı» adlı əsəridir.Y.Aqarunov neft sənayesində çalışanların qəhrəmanlığını, neft hasilatında əldə edilmiş uğurlar və rekord sayda neft istehsal edilməsindən bəhs edir. Həmin əsərin yazılmasında müəllif «Bakinskiy raboçiy» qəzetindən və dövrün statistik materiallarının saxlandığı arxivlərdən istifadə edərək fundamental tədqiqat aparmışdır. Odur ki, bu əsər 1941-1945-ci illər müharibəsinin tarixşünaslığında Bakı neft sənayesinin inkişafını və Bakı neftçilərinin qəhrəmanlığını öyrənmək üçün dəyərli mənbədir. Neft sənayesində planı yerinə yetirən neft idarələri haqqında geniş məlumat verilən bu əsərdə müəllif qeyd edir ki, 1941-ci ilin sonunda Bakı şəhəri artıq dünya neft sənayesi tarixində rekord həcmdə neft istehsal etmişdir : 23 milyon 541 min ton (1, s.16).
1941-1945-ci illərdə Bakı neft sənayesinin inkişafı barədə müəlliflər heyəti tərəfindən 1960-cı ildə rus dilində nəşr olunmuş «Azərbaycan sənayesi 40 il ərzində (1920-1960)» adlı əsərdə də rast gəlmək mümkündür. Sovet ideologiyasının təsiri altında yazılmış bu əsərdə müəlliflər 40 il ərzində Azərbaycanın digər sənaye sahələri ilə yanaşı neft sənayesinin müharibə illərində vəziyyətinə toxunmuşdur. «Azərbaycanın neft emalı sənayesi» adlanan bölmədə «Azərbaycanın neft sənayesi Böyük Vətən Müharibəsi illərində (1941-1945)» başlığı altında müəlliflər müharibə illərində Bakı neftinin cəbhə üçün əhəmiyyəti, neftçilərin fədakarlığı və s. haqqında ümumi məlumatlar vermişdir.
Burada müəlliflər müharibə vaxtı SSRİ-nin digər bölgələrində neft sənayesinin inkişafı və neft sahəsində kadrların hazırlanmasında böyük xidmətləri olan azərbaycanlı neftçilərin bir çoxunun adlarını çəkir, onların müharibə zamanı neft sənayesinə verdiyi töhfələri yüksək qiymətləndirirlər.Müəlliflər Bakı neftçilərinin 99 dəfə «Ümumittifaq sosialist yarışı»nda qalib gəlməsini, 26 dəfə Keçici Qırmızı Bayraq alması və 29 dəfə birincilik mükafatına layiq görülməsini qeyd etməklə kifayətlənmişlər (2, s.32).
Bakı neftçilərinin qəhrəmanlığından və Bakı neftinin qələbədə oynadığı həlledici roldan bəhs edilmiş əsərlərdən biri də yenə tədqiqatçı Yakov Aqarunova məxsusdur. Onun 1991-ci ildə yazdığı «Neft və qələbə» kitabında 1941-1945-ci illər müharibəsində azərbaycanlı neftçilərin Bakıda və SSRİ-nin müxtəlif rayonlarında neft sənayesinin inkişafına etdiyi təsirlərindən yazır.
Y.Aqarunov «Bakı nefti - diqqət mərkəzində. Qafqaz uğrunda, Bakı nefti uğrunda» başlığı altında Almaniya və onun müttəfiqlərinin Bakı neftini ələ keçirmək üçün gördüyü işlərdən və planlardan ümumi məlumat verməklə Bakının neft rayonlarının müdafiəsinin necə mühüm strateji ərazi olduğunu vurğulamışdır. Qeyd olunan əsərdə «Faşist ordusunun Qafqaza yaxınlaşması. Neft Bakısı təhlükədə» başlığı ilə tədqiqatçı Bakı neftini ələ keçirmək üçün A. Hitlerin işğalçılıq planlarından ümumi olaraq danışır, «Edelveys» əməliyyatı haqqında məlumat verir. «Neft emalı zavodları» başlığında müəllif yazır ki, müharibə illərində Bakıda Sovet ordusu üçün aviasiya benzininin 80 faizi, liqroin və kerosinin 90 faizi, traktor yanacağının 96 faizi, sənaye yağlarının,eləcə də, bütün mazut növləri istehsal olunurdu (3, s. 61). «Neft maşınqayırma zavodları « başlığı ilə müəllif neft sənayesinin istehsalında lazımlı olan neft avadanlıqlarını istehsal edən zavodlar barədə ümumi məlumat verir,qabaqcıl mühəndislərin adlarını çəkir.»Neft institutu» adlı başlıqda bu sahədə kadrların hazırlanmasından danışılır və Azərbaycanda o vaxtkı partiya rəhbərliyinin fəaliyyətinə toxunulur. Sonda müəllif qeyd edir ki, Böyük Vətən Müharibəsinin ən ağır illərində Bakı SSRİ-nin əsas neft bazası rolunu oynadı və qələbənin qazanılmasına güclü təsir göstərdi.»Volqada neftin mənim-sənilməsi» fəslində Bakı neftçilərinin «hakim partiyanın rəhbərliyi ilə» Stavropol, Kuybışev və Volqa ətrafındakı neft sənayesinin inkişafına müharibə illərində verdiyi töhvələrdən yazılır.
Azərbaycan sovet tarixşünaslığında Bakı nefti ətrafında II Dünya Müharibəsi ərzində gedən beynəlxalq danışıqlar, Hitler Almaniyasının,eləcə də, böyük dövlətlərin Xəzərin nefti ilə bağlı maraqları kifayət qədər araşdırılmayıb. Professor Çapay Sultanovun son dövrlərdə yazdığı elmi məqalələrdə və əsərlərdə bu problem araşdırılmış, müasir dövr baxımından tədqiqat aparılmışdır.Müəllif əsərin işlənməsi zamanı dövrün arxiv materiallarından istifadə etmiş, xarici ölkə tədqiqatçılarının əsərlərindən bəhrələnmişdir. Müəllifin qeyd edilən əsərlərində müharibə vaxtı Bakı neftinin qələbəyə olduqca böyük təsiri tədqiqat problemi olaraq ortaya qoyulmuşdur. Çapay Sultanovun 2005-ci ildə rusca nəşr olunmuş «Bakı neftinin itirilməsi vəziyyətində faşizmə qarşı SSRİ və Avropanın tab gətirməsi» məsələləri araşdırılıb. «Müharibədən əvvəl Bakı nefti ətrafında soyuq müharibə» adlı başlıqda müəllif faktlarla sübut edir ki, Hitlerin SSRİ-yə hücum etməkdə əsas məqsədlərindən biri də Bakı neftini ələ keçirmək idi.
Bakı və onun ətraf rayonlarının Hitlerçilərin hava desant diversiya qrupu tərəfindən bombardman edilməməsi üçün müdafiə tədbirlərinə həsr olunmuş « Bakı diversiyaların hücumundan müdafiə olmağa hazır idimi» başlığında müəllif Azərbaycan sovet tarixşünaslığında rast gəlməyən məlumatları göstərmişdir. Berlin hökümətinin bununla əlaqədar məxfi danışıq və yazışmalarını əks etdirən arxiv materiallarını müəllif tədqiqata daxil etmişdir. Əsərin 8-ci fəslində II Dünya müharibəsi illərində Bakıda diversiya törədilməsi üçün ermənilərin hazırlığından bəhs edərək bu işdə mənfur erməni liderlərinin Gestapo rəisi Henrix Müller ilə görüşməsi və aparılan danışıqları barədə faktlar verilmişdir.
«Hər şey qələbə üçün, hər şey cəbhə üçün!» adlanan fəsildə müəllif SSRİ-də neftin 74 %-nin Bakı şəhəri verdiyini vurğulayır, SSRİ-də Bakı neftinin hərbi sənayedə aparıcı sütunun olması barədə mətbuatın heç vaxt heç yerdə yazmamasını göstərir (4, s.268).
Bakı neftinin müharibə illərində əhəmiyyətindən bəhs edərkən Çapay Sultanovun daha bir əsərinin adını çəkə bilərik. 2000-ci ildə rusca nəşr olunmuş «Neft» adlı əsərin 1-ci cildinin 5-ci fəslində müəllif geniş məlumatlar vermişdir. Əsərdə müəllif Bakının neft idarələrinin cəbhə illərində gərgin işləyərək tələb olunan planı artıqlaması ilə yerinə yetirməsini qeyd edir. Burada göstərilir ki, 1943-cü il Bakı neftçiləri cəbhəyə 5 milyon tondan çox müxtəlif neft məhsulları, o cümlədən, 795 min ton benzinin müxtəlif növlərini, 3 332 min ton liqroin, kerosin, dizel yanacağı, 640 min ton solyar, gəmi mazutu və 420 min aviayanacaq yollamışdılar (5, s.198).
Əsərin yazılması zamanı Azneftkombinatın arxiv materiallarından geniş istifadə edilmişdir. Azərbaycan sovet tarixşünaslığında müəyyən səbəblərdən rast gəlmədiyimiz bu məlumatlar müasir dövr baxımından aktual əhəmiyyət kəsb edir. Burada göstərilmiş məlumatlar Azneftin müharibə illərində hesabatlarını da əhatə edir.
1941-1945-ci illər müharibəsi zamanı Bakı neftinin ələ keçirilməsi üçün mübarizə,Almaniya üzərində qələbə qazanılmasında Bakı neftinin böyük əhəmiyyəti barədə 2005-ci ildə nəşr olunmuş «Neft və cahan savaşı» adlı əsərdə çox dəyərli məlumatlar vardır. Müəllif Nazim İsrafiloğlu əsərin əvvəlində sovet tarixşünaslığında müharibədə Bakı neftinin əhəmiyyətinin necə əks olunması məsələlərinə toxunmuş, ona verilən elmi- hüquqi dəyəri araşdırmışdır.Əsərin 10-cu fəsli «Velvet əməliyyatı» adlanır. Müəllif digər tədqiqatçılar kimi vurğulayır ki, Bakı 1942-ci ilin sentyabrın 25-də «Edelveys» planına əsasən işğal olunmalı idi (6, s.139).
Göründüyü kimi istər Almaniyanın, istərsə də Sovet rəhbərliyinin bu qədər xüsusi və məxfi əməliyyat hazırlaması Bakı neftinin necə əhəmiyyət kəsb etdiyini göstərir. Qeyd edək ki, bu faktlar 1941-1945-ci illər müharibəsinin tarixini araşdıran tədqiqatçıların əsərlərində rast gəlinməmişdir. Müəllifin əsərdə verdiyi xəritə planda Hitler ordusu tərəfindən Bakı şəhərinin bombardman edilməsinin sxemi göstərilmişdir. Buraya Qara şəhər, hökümət idarələrinin yerləşdiyi Ağ şəhər, aeroport, hərbi anbarlar, neft ehtiyatları, Şollar su anbarı və dəmiryolu şəbəkəsi daxil idi.
Almaniya üzərində qələbənin 60 illiyinə həsr olunmuş «İqtisadiyyat» qəzetinin 2007-ci ildəki xüsusi buraxılışında 1941-1945-ci illər müharibəsində Bakı neftinin xüsusi əhəmiyyəti geniş tədqiq olunmuşdur. Azərbaycan İqtisadçılar İttifaqı tərəfindən hazırlanan bu əsərdə Bakı neftçilərinin gərgin əməyi, müharibə illərində Bakıdakı neft sənayesi,ordu üçün əhəmiyyətli neft məhsulları, döyüş, silah-sursat istehsalı barədə çox geniş məlumatlar yer almışdır. Rusca nəşr olunan və «Bakı nefti olmadan qələbə mümkün olmazdı» adlanan bu əsərdə iqtisadçılarımız müharibədə Bakı neftinin xüsusi iqtisadi, hərbi və siyasi əhəmiyyətini göstərir, onun qələbənin əldə olunmasına etdiyi təsiri açıqlayırlar. Azərbaycana rəhbərlik etmiş M.C. Bağırovun L.Beriyaya 1943-cü ilin martında cəbhənin neft ilə təminatı üçün vurduğu teleqramın tam mətni verilmişdir. Əsərdə Sovet İttifaqı Marşalı Fedor Tolbuxinin Bakı neftinin keçmiş Stalinqrad, Don, Donbass, Dnepr və Dnestryanı, Belqrad, Budapeşt və Vyana cəbhəsində düşmən üzərində qələbə qazanmaqda yüksək əhəmiyyətindən bəhs edən fikirləri yer almışdır (7, s.37).
Bakı neftinin 1941-1945-ci illər müharibəsində əhəmiyyətinə aid Georgi Zapletinin 2015-ci ildə nəşrə getmiş «Azərbaycan Böyük Vətən Müharibəsi illə-rində 1941-1945» adlı əsərini göstərmək olar. Bu əsərin I fəslinin ilk bölməsi Bakı neftçilərinin əmək qəhrəmanlığına, neft sənayesinin cəbhə illərində inkişa-fından və cəbhəyə göndərilmiş neft və neft məhsullarına həsr olunmuşdur. Təd-qiqatçı burada müharibə zamanı Almaniya ordusu üzərində qələbə qazanılmasında Bakı neftinin böyük əhəmiyyətinin olduğunu faktlarla sübuta yetirir. G. Zapletin qeyd edir ki, Bakı neftçiləri müharibə illərində 2 dəfə ölkənin orden və medalları ilə təltif edilmişdir : 6 ferval 1942 və 6 fevral 1944-cü illərdə. Burada əlavə olunur ki, 1118 nəfər orden və medallarla təltif olunur ki, bunlardan 38 nəfəri Lenin ordenini almışdır (8, s.22).
Son dövrdə nəşr olunan əsərlərdə Bakı neftinin II Dünya Müharibəsi ərəfəsi və müharibə vaxtı beynəlxalq əhəmiyyətindən bəhs edilmişdir.Belə əsərlərdən biri tədqiqatçı Pərvin Dərabadinin 2010-cu ildə Moskvada rusca nəşr olunmuş «XXI əsrdə dünya tarixi və geopolitikasında Qafqaz və Xəzər» adlanır. Burada müəllif Bakı neftinin böyük dövlətlərin maraqlarında olduqlarını, Qafqaz uğrunda aparılmış hərbi əməliyyatda Xəzərin neft ehtiyatlarının ələ keçirilməsinə toxunmuşdur. Digər başlıq altında müəllif müharibə ərzində Qafqazı ələ keçirmək üçün ingilis - fransız hərbi strateji planlarından yazır. Qeyd olunur ki, əgər Hitler ordusu tərəfindən Qroznı və Maykopla yanaşı Bakı neftinin ələ keçirilməsi baş tutsa bu İngiltərə və Fransa üçün çətin vəziyyət yaradacaq idi.Fransa Quru Qoşunlarının baş komandanı general Moris Qamelenin Fransanın baş naziri Eduard Daladyeyə 22 fevral 1940-cı ildəki məruzəsində qeyd edir: « Bakı Sovet İttifaqına neftin 75 % -ni verir. Sovetlərin kənd təsərrüfatı və hərbi gücü Bakı neftindən asılıdır». Qeyd olunan bölmədə Bakı neft mədənlərinin bombardman edilməsi planlarına aid general Şarl de Qollun «hərbi memuarları»ndan sitat gətirilib. ABŞ, Fransa, İngiltərə və SSRİ rəhbərlərinin Bakı və İran neftinin Hitlerin əlinə keçməməsi üçün bombardman edilməsi planları əks olunmuşdur. Müharibə vaxtı Türkiyənin İsveçrədəki səfiri Y.K.Karaosmanoğlunun Ankaraya yazdığı məktubda Bakı neftini ələ keçirmək üçün Fransa səfirinin onunla görüş təklif etməsini və 5-10 günə birləşmiş qüvvələrin Bakı neftini ələ keçirərsə Sovet ordusunun yanacaqsız qalmasının çətinləşəcəyi göstərilmişdir (9, s.130). II Dünya Müharibəsinin iştirakçısı, professor İsrafil İsmayılovun 2007-də nəşr olunmuş «Azərbaycan nefti XX əsrdə» adlı əsərinin 4-cü fəsli «Azərbaycan nefti II Dünya müharibəsi illərində (1939-1945)» adlanır. Müəllif ilk olaraq yazır ki, Almaniyanın SSRİ ilə 1939-cu ilin avqustunda bir-birinə hücum etməmək haqqında pakt imzalaması Fransa və İngiltərənin hakim dairələrini narahat edirdi. Bunun əsas səbəbini müəllif SSRİ-nin Almaniyanı guya Bakı nefti ilə təmin etməsi göstərir, 1940-cı ildən Fransa və İngiltərəyə məxsus kəşfiyyat təyyarələrinin Xəzər dənizi üzərində hücumunu da bununla izah edir. Qeyd olunan əsərdə «Faşist Almaniyası üzərində qələbədə Azərbaycan neftinin həlledici rolu» başlığı Bakı neftinin müharibədəki əhəmiyyətinə həsr olunub. Müəllif yazır ki, 1940-cı ildə Fransa höküməti Suriya və Livan ərazisindəki təyyarələri ilə Bakı, Qroznı, Maykop və Odessanı bombardman etməli idi. Ancaq Hitlerin Fransanı işğal etməsi bu planı pozdu.Əsərdə Xəzər Dənizçiliyi Donanmasının da Qafqaz uğrunda döyüşlərdə iştirakına yer verilmişdir. Xəzər gəmiçilərinin dəniz vasitəsi ilə Sovet Ordusunu yanacaqla təmin etmələrindən bəhs edilmişdir. Bakı neftinin müharibədə əhəmiyyəti haqqında keçmiş SSRİ-nin hərb xadimlərinin fikirləri ilə yanaşı prezident Heydər Əliyevin belə sözləri də yer almışdır: Bakı neftçiləri ölkəyə o qədər neft verdilər ki,bu düşmən üzərində tezliklə qələbə çalmaq üçün lazım idi. Bu gün biz daha aydın və qətiyyətlə hiss edirik ki, Azərbaycan böyük bir qələbəyə çox böyük töhfə vermişdir (10, s. 41). Sonra müəllif haqlı olaraq əlavə edir ki, 1941-1945-ci illərdə Azərbaycanın cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər tələb olunan neft məhsullarının yollamasını və cəbhəni fasiləsiz olaraq yanacaqla təmin etməsi rəhbərlik tərəfindən yüksək qiymətləndirilmədi. Bakıya «qəhrəman şəhər» adı verilmədi. Bunun səbəbi kimi müəllif Moskvada Kremldə oturan İ.Stalin, L.Beriya və A.Mikoyanın xalqımıza düşmən mövqeyində olmasını göstərir, müharibə illərində azərbaycanlıların Sibirə köçürülməsi kimi ermənilərin mənfur planından xəbər verir. Göstərilən bu faktlara Azərbaycan sovet tarixşünaslığında rast gəlinməyib. Odur ki,əsərin qeyd olunan fəsli Bakı neftinin 1941-1945-ci illər müharibəsində rolunun araşdırılması baxımından xüsusi əhəmiyyətlidir.
Müstəqillik əldə etdikdən sona müharibə vaxtı Bakı neftinin həlledici əhəmiyyətinin araşdırılması mühüm aktuallıq kəs etmişdir. 2015-ci ildə Almaniya üzərində qələbənin 70 illiyinə aid nəşr olunan əsərləri buna misal göstərmək olar. Belə tədqiqatlardan biri həmin ildə «İqtisadiyyat» qəzetinin və Azərbaycan İqtisadçılar Birliyinin redaksiya heyətinin rusca nəşr olunmuş fundamental araşdırmasını göstərmək olar. Keçmiş SSRİ-nin dövlət arxivləri və dövrü mətbuat materialları əsasında yazılmış bu kitabda müxtəlif araşdırmalarla yanaşı, Bakı neftçilərinin əmək qəhrəmanlığı, neft sahəsində çalışan alimlər və cəbhə üçün istehsal olunan neft məhsullarına aid tədqiqatlar yer almışdır.
«Bakı Nefti.Qələbəyə gedən yol» adlanan bu əsərin girişində akademik Ziyad Səmədzadə Bakı neftinin müharibə illərindəki əhəmiyyətinə toxunmuş, ön cəbhəyə göndərilmiş neft və neft məhsulları, neftçi qəhrəmanların fəaliyyəti haqqında məlumatlar vermişdir. Bu araşdırmalarda Azərbaycan sovet tarixşünaslığında rast gəlinməyən Bakı neftçilərinin müharibə dövrünə aid fotoşəkillər, keçmiş SSRİ rəhbərlərinin məxfi yazışmaları və digər mühüm arxiv sənədləri yer almışdır.Həmçinin tədqiqatda vurğulanılır ki, Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın rəhbərliyi altında çəkilmiş film Bakı neftinin II Dünya Müharibəsi zamanı xüsusi əhəmiyyətini göstərir və burada yer almış kadrlar və məlumatlar tarixşünaslığımız baxımından çox dəyərlidir.
Qeyd edilir ki, Vermaxt 1941-ci ilin avqustunda Moskvanı tutmalı, sonra Bakını ələ keçirməklə Rusiya ordusunun Qafqazdan neftlə təmin olunmasının qarşısını almalı idi (11, s.55). Həmçinin burada göstərilib ki, Hitler və onun dairəsi yaxşı bilirdilər ki, Bakı nefti olmadan Şərq kampaniyasında uğurlar qazanmaq mümkün olmayacaq.
1941-1945-ci illər müharibəsində Bakı neftinin əhəmiyyəti, onun beynəlxalq maraqlarda olması və Bakı neftini ələ keçirmək uğrunda mübarizədən bəhs edən əsərlərdən biri bu mövzu ilə bağlı tədqiqatlar aparan professor Çapay Sultanovun 2008-ci ildə nəşr etdirdiyi «Bakı nefti olmadan müttəfiqlər qələbə çala bilərdi?» adlanır. İngilis dilində nəşr olunmuş bu əsərdə müəllifin təqdim etdiyi plan və xəritələrdə Bakı neft mədənlərini ələ keçirmək üçün Almaniyanın hakim dairələrinin əməliyyat planları yer almışdır. Əsərin 4-cü fəsli «Bakı almanların əsas işğal hədəfində» adlanır. «Bakı hava hücumlarına və təxribata qarşı müdafiə olunurdumu?» adlanan 7-ci fəsli müəllif Bakının neft mədənlərinə qarşı olan hava hücumu planları və bunlardan müdafiəyə həsr etmişdir. Tədqiqatçı professor Çapay Sultanov qeyd edir ki, almanların planları II Dünya Müharibəsində cəbhədəki hərbi və siyasi vəziyyətə görə dəyişdi. Alman komandanlığı Bakının neft mədənlərini Stalinin casusları tərəfindən yaradılan təxribatdan qorumaq üçün müxtəlif cür hərəkatları inkişaf etdirirdilər (12, s.127).
8-ci fəsil ermənilərin II Dünya Müharibəsində Bakıda təxribat yaratmaq planına cəlb olunmasına həsr olunub. Azərbaycan ərazisində erməni daşnaklarının müharibə vaxtı məkrli planları Bakının neft mədənlərinin partladılması üçün hitlerçilərlə ermənilərin əməkdaşlığından bəhs olunur. Müəllif əlavə edir ki, erməni terrorçusu Drastamat Kanayan (Gen Dro) və yazıçı Qaro Gevirkyan Almaniyanın siyasi rəhbərlərindən biri, Daxili İşlər Naziri Henrix Himmlerle görüşür. Təxminən 30 min erməni faşistlərə qoşulmaq üçün Dro və Himmlerin çağırışına cavab verdilər. Dro cəza dəstələrində xidmət edən erməni əsgərlərini,dəfələrlə qəbul edirdi və Hitlerin nasizm ideyalarını, onların beyninə yeridirdi (12, s.190). Bakı neftinin II Dünya müharibəsi illərində beynəlxalq münasibətlərdə əsas mübarizə meydanına çevrilməsi və Almaniya üzərində qələbənin qazanılmasında böyük əhəmiyyətə malik olması müasir tarixşünaslığımızda aktual bir problem kimi tədqiqata ehtiyacı vardır.

ƏDƏBİYYAT
1. Агарунов Я.М. Героические свершения Азербайджанских нефтяников в годы Великой Отечественной Войны, Баку,1982
2. Азернефтнешр, Промышленность Азербайджана за 40 лет (1920 - 1960 г.г.), Баку,1960
3. Агарюнов Я. М. Нефть и Победа, Баку,1991
4. Султанов Ч. Выстояли СССР и Европа против фашизма, в случае потери бакинской нефти? Баку,2005.
5. Султанов Ч. Нефть, том 1. Баку, 2000.
6. İsrafiloğlu N. Neft və cahan savaşı. Bakı, 2005.
7. Спецвыпуск газета « Игтисадиййат», Победа была бы невозможно без Бакинской нефти. Баку, 2007
8. Заплетин Г. Азербайджан в годы Великой Отечественной Войне (1941 - 1945). Баку, 2015
9. Дарабади П. Кавказ и Каспий в мировой истории и геополитике XXI века. Москва, 2010,
10. İsmayılov İ. Azərbaycan nefti XX əsrdə. Bakı, 2007
11. Самедзаде З. Нефть Баку. Ключ к победе – 70. Баку, 2015
12. Sultanov Chapay. Would the allies have won without Baku oil ?, Baku, 2008

Açar sözlər: Müharibə, Azərbaycan sovet tarixşünaslığı, 1941-1945-ci illər, Bakı,neft
Key words: War, Azerbaijan soviet historiography, 1941-1945 years, Baku, oil
Ключевые слова: Война, Азербайджанская советская историография, 1941-1945 годы, Баку,нефть


Resume
In the article tells of the research value of the Baku oil in the war years 1941-1945 in the Azerbaijan soviet historiography. Also, the struggle for Baku oil in studies during the last period, during the war in international relations and how it is reflected in the impact of victory over Germany.

Резюме
В статье повествуется о исследованиях значения бакинской нефти в войне 1941-1945 г.г. в Азербайджанской советской историографии. Также указана борьба за бакинскую нефть в исследованиях за последний период, в годы война в международных отношениях и в том как она отразилась в воздействии победы над Германией.

 

"Geostrategiya" jurnalı № 01 (37) YANVAR-FEVRAL 2017

Şəfa Mövsümov, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM