Milli təhlükəsizlik siyasəti və Azərbaycan

09:04 / 23.05.2017

Bu gün bütün dünya dövlətlərinin varlığı, mövcudluğu və gələcək inkişaf perspektivləri daha çox onların təhlükəsizlik faktoru ilə şərtlənir. “Təhlükəsizlik” anlayışı siyasi leksikonda “milli təhlükəsizlik”, “milli-dövlət təhlükəsizliyi”, “dövlət təhlükəsizliyi”, “çoxmillətli təhlükəsizlik”, “ümummilli təhlükəsizlik” anlamını verir.
Ölkənin milli təhlükəsizlik sistemi cəmiyyətin və dövlətin siyasi, iqtisadi, sosial sahələrində müxtəlif təhlükə mənbələrinə qarşıdurma funksiyalarını yerinə yetirən bütün dövlət və qeyri-dövlət orqanları və təşkilatlarının məcmusudur. Milli təhlükəsizlik anlayışı iki bir-biri ilə qarşılıqlı əlaqədə olan aspektdə özünü göstərir.

Müstəqil dövlətin milli maraq və təhlükəsizlik prioritetləri
Keçmiş sovet dövlətinin siyasi strategiyasında dünya kapitalizmi düşmən obrazında təqdim edilirdi. Daxili və xarici siyasətdə baş verən bütün neqativ hadisələrdə “suç keçisi” kimi dünya kapitalizmi günahlandırılırdı. Ölkənin milli mənafeyinin təhlükəsizliyi birmənalı şəkildə siyasi rejimin demokratikləşməsini tələb edir. Görkəmli politoloq Z.Bjezinski keçmiş sosialist düşərgəsi ölkələrini təsnifləşdirərkən Rusiyanı inkişaf istiqaməti qeyri-müəyyən olan üçüncü qrup dövlətlər sırasına aid edir. Müəllifin fikrincə, iqtisadi xaos, inflyasiya və işsizlik demokratikləşmə prosesinə mane olan çox mühüm amillərdən bəlkə də birincisidir. Rusiyanın milli mənafe konsepsiyasının yaradıcılarından sayılan Q.V.Osipova görə, bu ölkədə aparılan islahatlar strateji tədbirlərə cavab vermir. Dövlətin bürokratik aparatı islahatlar vasitəsilə cəmiyyətdə lümpenləşmə yaradır.
Bəhsini apardığımız məsələlər Azərbaycan siyasi, geosiyasi və dövlətçilik arxitekturası üçün kifayət qədər yeni məsələlərdir. Belə ki, milli təhlükəsizlik problemi ölkəmizin də içində olduğu sovetlər birliyi üçün talemüəyyənedici məsələ olduğu üçün zamanında onun həlli müttəfiq respublikaların deyil, birbaşa və müstəqim şəkildə SSRİ rəhbərliyinin prioritetinə aid vəzifə idi. Heç şübhəsiz, 25 il əvvəl əldə edilmiş müstəqilliyin, Ulu öndər H.Əliyevin ifadə etdiyi kimi, dönməzliyini, daimiliyini və əbədiliyini təmin etmək üçün ən ümdə məqsəd və vəzifələrindən biri də məhz ölkənin milli təhlükəsizlik konsepsiyasının işlənib hazırlanmasıdır.
Dövlət başçısı İlham Əliyevin 13 illik prezidentlik fəaliyyəti Azərbaycanın milli təhlükəsizliyinin fundamental şəkildə qorunmasına, milli təhlükəsizlik komponentlərinin vahid sistem halına gətirilməsinə yönəlmişdir. Təcrübə göstərir ki, milli təhlükəsizliyin etibarlı təminatı cəmiyyət həyatının ən müxtəlif sahələri ilə sıx bağlı olub ümumi vəhdət təşkil edir. Müstəqil dövlət olaraq Azərbaycanın milli maraq və təhlükəsizliyi də region və qlobal dünya maraqlarından ayrıca, təcrid olunmuş şəkildə təmin oluna bilməz. Bu reallıqdan çıxış edən Prezident İlham Əliyev sürətlə inkişaf edən, müxtəlif sahələrdə ciddi uğurlara imza atan müstəqil respublikamızın milli təhlükəsizliyinin qorunmasını vacib məsələ kimi önə çəkmişdir. Dövlət başçısı haqlı olaraq bildirir ki, xalqın firavan, azad və təhlükəsiz yaşaması baxımından müasir dövrdə milli təhlükəsizlik amilinə xüsusi diqqət yetirilməli, bu istiqamətdə mühüm addımlar atılmalıdır.
Milli maraqlara əsaslanan qətiyyətli diplomatiya eyni zamanda respublikanın Cənubi Qafqazdakı strateji mövqeyini və nüfuzunu daha da artırmaqla, Avratlantik məkana inteqrasiyasına geniş imkanlar açır. Şərqlə Qərbi birləşdirən neft, qaz və nəqliyyat-kommunikasiya layihələrinin mərkəzinə çevrilmiş Azərbaycan bu gün nəinki təhlükəsizlik problemlərinin həllinə nail olur, eyni zamanda Avrasiya məkanında subregional inteqrasiyanın, enerji təhlükəsizliyinin mühüm təminatçısı qismində çıxış edir.
Aparıcı Qərb dövlətləri Azərbaycanın iştirakı olmadan Xəzər hövzəsi regionunda hər hansı transmilli layihənin gerçəkləşdirilməsini mümkünsüz sayır, respublikamızın mövqeyi ilə hesablaşırlar. Avropanın xam neftlə, təbii qazla təminatında tədricən əsas söz sahiblərindən birinə çevrilən respublikamız bu coğrafi arealda enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilir.
Azərbaycan Prezidenti İlham Əliyevin 23 may 2007-ci ildə imzaladığı “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası”nda milli təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin olunmasına xüsusi yer ayrılmış, bu sahədə fəaliyyətin konkret istiqamətləri göstərilmişdir. Avropa və Avratlantik strukturlarına inteqrasiya, beynəlxalq təhlükəsizliyə töhfə, beynəlxalq təşkilatlarla əməkdaşlıq, regional və ikitərəfli münasibətlər, region və qeyri-region ölkələri ilə əlaqələr bu sırada xüsusi yer almışdır [1].
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin milli təhlükəsizliyi üçün yaratdığı açıq-aşkar təhdid faktı təqdim etdiyimiz məqalənin tədqiqat predmetinə aid olmadığı üçün belə bir məqamı vurğulamaqla kifayətlənək ki, üçüncü onilliyin tamamına yaxınlaşan münaqişənin həlli yolunda müxtəlif beynəlxalq təşkilatların uğursuz vasitəçilik missiyası Azərbaycana öz torpaqlarını istənilən yolla işğaldan azad etmək üçün hüquqi-siyasi və mənəvi əsaslar yaradır.
Təəssüflə vurğulanmalıdır ki, işğalçı Ermənistan bugünədək BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin şərtlərini yerinə yetirməyərək işğalçılıq siyasətini davam etdirir. Lakin Azərbaycanın günü-gündən möhkəmlənən siyasi-iqtisadi qüdrəti, beynəlxalq aləmdə güclənən mövqeləri ölkənin milli təhlükəsizliyinin bu gün üçün ən vacib şərti olan işğal olunmuş torpaqların azad edilməsinə ümidləri hər gün daha da yaxınlaşdırır.
Münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suveren hüquqlarına riayət çərçivəsində həlli ölkə üçün taleyüklü məsələ olmaqla, beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinə cavab verməklə yanaşı, həm də dövlətin milli təhlükəsizlik siyasətinə cavab verir. Təsadüfi deyildir ki, prof. Ə.Həsənova görə milli təhlükəsizlik siyasətinin birinci ali məqsədini Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, vətəndaşların hüquqlarının, cəmiyyətin milli və vətəndaş birliyinin, ölkənin sabit inkişafının tələb etdiyi ən ümdə dövləti vəzifələr və onların təminatı yolları, mövcud milli ehtiyatların bu işə səfərbər edilməsi proqramı və bəhs olunan sahədə məsuliyyətli dövlət idarəçiliyinin yaradılması təşkil edir [2, 83].

Təhlükəsizlik anlayışının daxili strukturu
Təhlükəsizliyi miqyasına, təyinatına və vəzifələrinə görə iki yerə ayırmaq mümkündür:
1. Beynəlxalq təhlükəsizlik. Buraya xarici, qlobal, kosmik təhlükəsizlik növləri daxildir.
2. Milli təhlükəsizlik isə siyasi, iqtisadi, hərbi, ekoloji, informasiya, mədəni təhlükəsizlik sferalarını ehtiva edir.
Təhlükəsizlik fərdi və kollektiv vasitələrlə təmin olunur. Təhlükəsizliyin təmin olunması üçün texniki, iqtisadi və texnoloji imkanların yol verdiyi risklərdən istifadə olunur.
Təhlükəsizliyin aşağıdakı növlərini təsnifləşdirmək mümkündür: milli təhlükəsizlik; hərbi təhlükəsizlik; xarici təhlükəsizlik; daxili təhlükəsizlik; dövlət təhlükəsizliyi; beynəlxalq təhlükəsizlik; regional təhlükəsizlik; informasiya təhlükəsizliyi; iqtisadi təhlükəsizlik; siyasi təhlükəsizlik; ekoloji təhlükəsizlik.
Müasir dövrdə təhlükəsizliyin texnoloji, tibbi, ərzaq, bank, maliyyə, nəqliyyat (yol, aviasiya, dəniz, boru-kəmər), demoqrafik, bələdiyyə, ailə, iş, xidmət və s. növlərini də fərqləndirirlər [3].
Beləliklə, təhlükə – vətəndaşların siyasi hüquq və azadlıqlarını məhdudlaşdıran, cəmiyyət tərəfindən hakimiyyətə hər hansı bir təsiri neytrallaşdıran, dövləti zəiflədib dağıdan, milli müstəqilliyin itirilməsini şərtləndirən, deqredativ situasiyalar yaradan, xaos və konfliktlər törədən, hüquq qaydalarını, nizam-intizamı dağıda bilən sosial hadisələr, proseslər və hərəkətlər deməkdir. Deməli, təhlükəsizlik sisteminin şəffaflığı cəmiyyətin qabaqcıl sosial qüvvələrinin müəyyən maraqlarının düzgün müəyyənləşdirilməsindən, onların tarazlaşdırılmasından, hakimiyyətin struktur və funksiyasından asılıdır.
Milli təhlükəsizliyin üç əsas səviyyəsi vardır:
1. Şəxsiyyətin təhlükəsizliyi
2. Cəmiyyətin təhlükəsizliyi
3. Dövlətin təhlükəsizliyi
Hazırda sürətli iqtisadi islahatlar mərhələsini yaşayan Azərbaycan dövləti heç bir xarici müdaxilə və təsir olmadan öz daxili həyatını qurmaq, idarə etmək, daxili sabitliyini qorumaq, ölkənin strateji inkişafını, konstitusiya quruluşunu səmərəli təmin etmək vəzifəsini uğurla həyata keçirir. Belə bir mürəkkəb mərhələdə respublikamız müəyyən etdiyi demokratik cəmiyyət, hüquqi və dünyəvi dövlət, dünyanın qabaqcıl siyasi, iqtisadi və təhlükəsizlik sistemlərinə inteqrasiya xəttini gerçəkləşdirmək üçün regionun və dünyanın güc mərkəzləri ilə münasibətlərə dair xüsusi düşünülmüş, ardıcıl şəkildə həyata keçirilən milli təhlükəsizlik konsepsiyasına malik olmalıdır. Bu konsepsiya dövlətin həm daxili, həm də xarici vəziyyətini və vəzifələrini, onu reallaşdırmağın əsas yollarını və vasitələrini dəqiq müəyyən edən milli proqrama söykənməlidir [4].
Milli təhlükəsizlik strategiyasının məqsədi – milli təhlükəsizliyin təmin olunması naminə dövlətin qüdrət və imkanlarından istifadə edilməsidir.
Hər bir dövlətin milli sabitlik və milli təhlükəsizliyin effektiv müdafiəsi siyasəti vardır. Məhz bu siyasət milli təhlükəsizlik siyasəti (MTS) adlanır. Milli təhlükəsizlik siyasəti (MTS) ölkənin dövlət və vətəndaşlar üçün təhlükəsizliyi necə təmin etdiyini təsvir edən çərçivədir və çox vaxt vahid sənəd şəklində tərtib edilir.
Problemin konseptual şəkildə tədqiqatı ilə məşğul olan prof. Ə.Həsənov vahid və mükəmməl MTS-ə sahib olmağın beş əsas səbəbini göstərir:
• dövlətin bütün təhlükələrin qarşısının alınmasını təmin etməsi;
• təhlükəsizlik aktorlarının fəaliyyətini yaxşılaşdırmaqla təhlükəsizlik sferasının effektliyinin artırılması;
• siyasətin tətbiqinə nəzarət edilməsi;
• daxili konsensusun yaradılması;
• regional və beynəlxalq inam və əməkdaşlığın möhkəmləndirilməsi.
Mükəmməl bir təsisata çevrilmək üçün milli təhlükəsizlik siyasəti, öncə, milli təhlükəsizliyə olan real təhdidlərin ətraflı tədqiq edilməsini tələb edir. Daxili və xarici təhlükələrin təhlili uzun illər biri-digərindən əlahiddə nəzərdən keçirilmişdir. Lakin təhlükəsizlik siyasəti özündə əsasən yerli və beynəlxalq mühitin müfəssəl dəyərləndirilməsini ehtiva edir. Belə bir xətt müəyyən edilərkən təhlükəsizlik üçün əhəmiyyət kəsb edən bütün dövlət aktorlarının, xüsusən də beynəlxalq və qeyri-dövlət aktorlarının təklifləri nəzərə alınmalıdır.
İkincisi, müxtəlif mənbələrin təkliflərini özündə cəmləşdirən siyasətin mərkəzləşdirilmiş qaydada müəyyən edilməsi təhlükəsizliyin vahid şəkildə dərkinə yol aça bilər.
Üçüncü, MTS-lər milli təhlükəsizliklə məşğul olan müxtəlif aktorlara siyasi yol göstərir. MTS-lər operativ qərarlarla milli siyasətin uzunmüddətli və qısamüddətli məqsədlərinin müqayisəsi üçün müvafiq bazanı təmin edir. Mərkəzləşdirmə prosesi isə hazırlama və tətbiqetmə prosesində uyğunsuzluqları, kəsirləri və çatışmazlıqları aradan qaldırmağa yardım üçün resurslardan optimal istifadəyə imkan verir.
Dördüncüsü, MTS-lər peşəkarlar arasında müzakirələri və əməkdaşlığı dərinləşdirmək yolu ilə təhlükəsizlik siyasətinin geniş mənimsənilməsini təmin edir. Bu dialoq aparıcı milli dəyər və maraqlar, eləcə də həmin dəyər və maraqlara olan təhlükələrin miqyası barədə razılığa gəlməyə kömək edə bilər.
Beşincisi, MTS-lər regional və beynəlxalq səviyyədə inam yaradan alətlərdir. Ardıcıl və şəffaf siyasət dövlətin təhlükəsizliklə bağlı narahatlıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaqla beynəlxalq həmrəyliyi və əməkdaşlığı asanlaşdırır” [5].

Milli təhlükəsizlikdə milli kontekst
Elmi ədəbiyyatda dövlətin milli təhlükəsizlik siyasəti digər təsisatlarla – müdafiə siyasəti, təhlükəsizliklə bağlı beynəlxalq öhdəliklər, daxili təhlükəsizlik təsisatları, milli maraq, hərbi idarəetmə orqanları təsisatları, qeyri-hərbi nazirliklər və təhlükəsizlik sektorları, parlament nəzarəti, parlamentdəki təhlükəsizlik sahəsinə aid daimi komitələr və fövqəladə hallar təsisatları ilə qarşılıqlı əlaqədədir.
Azərbaycan tədqiqatçısı A.Piriyev göstərir ki, milli təhlükəsizlik problemi qarşı tərəfin də mənafeyinin nəzərə alınmasını tələb edir. Milli təhlükəsizlik qarşı tərəfə siyasi inamın yaranması ilə təmin edilir. Dövlətin xarici siyasəti başqa dövlətlərlə münasibətdə mənafelərin qarşılıqlı nəzərə alınmasından ibarətdir. Mənafelərin ziddiyyətli olması təhlükəsizlik sisteminin yaradılmasına çətinlik törədir. Hər bir dövlətin xarici siyasətinin əsas məqsədi milli təhlükəsizliyin yaradılmasından ibarətdir. Dövlət tarixi siyasi təcrübə əsasında xarici siyasət konsepsiyasını hazırlayır və xarici siyasi konsepsiyada milli təhlükəsizlik problemi mühüm yer tutur. Lakin milli təhlükəsizlik konsepsiyası daha geniş olmaqla dövlətin həm xarici, həm də daxili siyasətini əhatə edir [6, 40-46].
İstanbul Hərbi Akademiyası tərəfindən çap edilmiş “Milli güvənlik siyasəti və strategiyası” kitabında aşağıdakı istiqamətlər milli mənafeni təşkil edir:
1. Vətən savaşı
2. Bölgə mənfəəti
3. Ekonomik mənfəət
4. Milli dəyərlər [7].
Azərbaycanlı tədqiqatçı C.Xəlilov göstərir ki, milli təhlükəsizlik siyasəti dövlətlərin xarici, istərsə də daxili siyasi xəttinin tərkib hissəsi kimi kompleks halında balanslaşdırılmış şəkildə bu və ya digər dərəcədə ardıcıl həyata keçirilir. Lakin onun bilavasitə və məxsusi olaraq məqsədyönlü həyata keçirilən sahələri də vardır.
Milli təhlükəsizlik siyasətinin sahələr üzrə strukturu da nəzərə alınmalıdır. Bəzi müəlliflər təhlükələr və onların dəf edilməsinin olduqca geniş təsnifatını verirlər. Bu sırada miqyaslara görə (qlobal təhlükələr, dövlətlərarası təhlükələr, dövlətdaxili təhlükələr, regional təhlükələr və lokal təhlükələr), ictimai həyat sahələrinə görə (siyasi, hərbi, sosial, iqtisadi, ekoloji, elmi-texniki informasiya, ərzaq, energetika, psixoloji, milli-etnik, səhiyyə və s.) təhlükələr və bunlara müvafiq olaraq milli təhlükəsizlik fəaliyyəti formalarını araşdırırlar.
Bu təhlükələrdən hər biri müvafiq şəraitdə milli təhlükəsizlik sisteminin sarsılmasına, hətta dövlətçiliyin itirilməsinə gətirib çıxara bilər.
“Milli təhlükəsizliklə bağlı konsepsiya və siyasətin hazırlanıb həyata keçirilməsi, strategiyanın hazırlanıb uğurla tətbiq edilməsi müxtəlif mənbələrdən ola biləcək təhlükələrin və onların aradan qaldırılması imkanlarının diqqətlə öyrənilməsi və əməli fəaliyyətdə onların nəzərə alınmasını da zəruri edir. Bu baxımdan tədqiqat işi üçün seçilmiş sahə xüsusi əhəmiyyət kəsb edir” [8, 32].
İndi milli təhlükəsizlik anlayışı daha geniş sahələri – hərbi, ictimai, beynəlxalq, iqtisadi, informasiya sahələrində şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyini əhatə edir. Siyasətşünas N.Məmmədov özünün “Geosiyasətə giriş” əsərində milli təhlükəsizliyə belə bir tərif verir: “Ümumi mənada götürsək, milli təhlükəsizlik ölkənin milli dəyərlərinin, maraqlarının və milli həyat tərzinin real xarici və daxili təhlükə və təhdidlərdən qorunmasının təmin edilməsi kimi başa düşülür” [9, 278]. Müəllif, əslində, belə bir definisiya ilə “milli təhlükəsizlik” anlayışının əhatə dairəsini bir qədər məhdudlaşdırmışdır.
Digər azərbaycanlı tədqiqatçı D.Həşimov qeyd edir ki, dövlətin, cəmiyyətin möhkəmliyi, sabitliyin təmini problemlərinə diqqət yetirilməsi antik dünyadan məlumdur. Milli təhlükəsizliyin üç əsas səviyyəsi vardır:
• Şəxsiyyətin təhlükəsizliyi;
• Cəmiyyətin təhlükəsizliyi;
• Dövlətin təhlükəsizliyi.
Siyasi sistemin, ictimai münasibətlərin xarakterindən asılı olaraq həmin səviyyələrin dövlətdə rolu və yeri dəyişkəndir. Millətin düçar olduğu böhran anlarında təhlükəsizlik səviyyələri daha aydın nəzərə çarpır. D.Həşimov yazır: “Demokratik cəmiyyətlərdə şəxsiyyətin təhlükəsizliyi, onun hüquq və azadlıqlarının qorunması ön planda durur. Dövlətin təhlükəsizliyi səmərəli idarəetmə mexanizmi, ictimai-siyasi qüvvələrin fəaliyyətinin əlaqələndirilməsi, eləcə də onları müdafiə edən qurumların fəaliyyəti ilə, cəmiyyətin təhlükəsizliyi, ictimai təsisatların, normaların, ictimai şüurun inkişafı ilə, şəxsiyyətin təhlükəsizliyi isə özünün inkişaf və realizə edilməsinə imkan verən ictimai qurumların, təşkilatların, hüquq və əxlaq normaları kompleksinin formalaşdırılması yolu ilə əldə olunur” [10, 102].
D.Həşimovun fikrincə, milli təhlükəsizliyin strukturuna aşağıdakı elementlər daxildir: siyasi, iqtisadi, ekoloji, hərbi, informasiya, mədəni.
Lakin belə bir təsnifat ehkam deyildir və milli təhlükəsizliyin strukturuna digər elementlər də daxil edilir. Məsələn, A.Piriyev milli mənafe təhlükəsizliyini, beynəlxalq terrorizm təhlükəsizliyini, demoqrafiq, sərhəd və dini təhlükəsizliyi də milli təhlükəsizliyin strukturuna aid etmişdir.
Tədqiqatçı milli təhlükəsizliyin aşağıdakı əsas cəhətlərini göstərir:
• birincisi, beynəlxalq təhlükəsizlik – hər bir dövlət xarici siyasət vasitəsilə beynəlxalq təhlükəsizliyini təmin edir;
• ikincisi, siyasi təhlükəsizlik: dövlətin möhkəmləndirilməsi, demokratiyanın genişlənməsi, vətəndaş cəmiyyətinin yaradılması;
• üçüncüsü, iqtisadi təhlükəsizlik: xalqın həyat səviyyəsinin yüksəldilməsi;
• dördüncüsü, ekoloji sahədə: millətin sağlam təbii mühitdə yaşamasının təmin ediməsi;
• beşincisi, demoqrafik təhlükəsizlik: əhalinin qanunauyğun təbii artımının təmin edilməsi, sağlamlığının qorunması;
• altıncısı, hərbi təhlükəsizlik: təcavüzkarlığın qarşısını almaq üçün ordunun, hərbi-hava, hərbi-dəniz qüvvələrinin gücləndirilməsi, hərbi kadrların hazırlaması, ordudan daxili siyasi məsələlərdə istifadə ediməməsi, ölkənin müdafiəsini təmin etmək üçün hərbi müqavilələr bağlamaq imkanından istifadə edilməsi;
• yeddincisi, milli dilin, dinin, əxlaqın, mədəniyyətin, adət və ənənənin yad təsirlərdən mühafizə edilməsi [11, 39].
Müəllif, göründüyü kimi, milli təhlükəsizliyin strukturuna daha çox elementəri aid etmişdir.
Rus tədqiqatçısı P.Sıqankovun qənaətincə, milli təhlükəsizliyin əsas təminatı dövlətdir: dövlətin əsas vəzifəsi ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaqdır. Dövlət daxli və xarici sabitlik yaratmaqla milli təhlükəsizliyi təmin edir, ölkənin və insanların tərəqqisinə nail olur [12, 40].

Milli təhlükəsizliyin kateqorial əsasları
Azərbaycan tədqiqatçıları, milli təhlükəsizlik üzrə bir çox elmi əsərlərin müəllifləri C.Qasımov və N.Nağıyev “Milli təhlükəsizliyin əsasları” əsərində milli təhlükəsizliyə aid kateqoriyalar sistemindən bəhs edərək yazrlar: “Ümumilikdə milli təhlükəsizlik nəzəriyyəsinin kateqoriyaları bazasına milli maraqlar, dövlət, hakimiyyət, geosiyasət, konflikt, siyasi strategiya, ordu, daxili təhlükəsizlik, xarici təhlükəsizlik, siyasi təhlükəsizlik, iqtisadi təhlükəsizlik, hərbi təhlükəsizlik, informasiya təhlükəsizliyi, mənəvi-mədəni təhlükəsizlik, ekoloji təhlükəsizlik, şəxsiyyətin təhlükəsizliyi, cəmiyyətin təhlükəsizliyi, dövlətin təhlükəsizliyi, sabitlik, hərbi-siyasi tarazlıq, milli təhlükəsizlik sistemi, təhdid, beynəlxalq təhlükəsizlik və s. kateqoriyalar daxildir. Qeyd edilən kateqoriyalar sistemi milli təhlükəsizlik nəzəriyyəsinin tədqiqat predmeini özündə əks etdirir” [13, 42].
Tədqiqatçılar milli təhlükəsizlik sisteminə daxil olan kateqoriyaları – milli maraqlar, onlarn mahiyyəti, təsnifi, Azərbaycanın milli maraqları, milli təhlükəsizliyə təhdidlər, terrorizm, narkotizm və s., Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunması, ölkənin milli təhlükəsizlik konsepsiyası, dəniz təhlükəsizliyi strategiyası, kəşfiyyat və əks-kəşfiyyat, DTX, respublikanın milli təhlükəsizliyinin təmin olunması sisteminin vəzifələri, məqsədləri, onu təmin edən qüvvələr və dövlət orqanları, siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekoloji, təhsil, mədəniyyət, mənəviyyat, beynəlxalq təhlükəsizliyini hərtərəfli və dərin təhlil edərək Azərbaycanın milli təhlükəsizlik sisteminin formalaşması və inkişafında Ulu öndər Heydər Əliyevin rolunu da ətraflı şərh etmişlər. C.Qasımov və N.Nağıyev mili təhlükəsizlik anlayışının yaranması və inkişafı barədə yazırlar: “Bu gün leksikona və həyata, müasir cəmiyyətə və dövlətçiliyə sıx şəkildə daxil olan “milli təhlükəsizlik” anlayşı heç kimdə şübhə doğurmur.
Milli təhlükəsizlik – ölkənin milli maraqlarının, geniş mənada, yəni, sosial, iqtisadi, hərbi, ekoloji aspektlərin, xarici iqtisadi fəaliyyətin, kütləvi qırğın silahlarının yayılması, eləcə də xalqın mənəvi və intellektual dəyərlərinin məhv edilməsi təhdidi ilə bağlı risklər də daxil olmaqla qorunması deməkdir.
Milli təhlükəsizlik sosial-fəlsəfi kateqoriyadır və onun əsasında insana layiqli həyatı təmin edən sabit sosial inkişaf dayanmalıdır. Məhz belə bir yanaşmada o, cəmiyyətin və şəxsiyyətin maraqlarını, əxlaqi və mənəvi dəyərləri müdafiə edəcək, həmçinin əhalinin geniş təbəqələri tərəfindən başa düşüləcək, dəstəklənəcək və ümummilli iş olacaqdır.
Milli təhlükəsizlik strategiyasının hazırlanması və reallaşdırıl­ması da milli təhlükəsizlik sistemində mühüm yer tutur. “Strategiya dövlətin, cəmiyyətin və şəxsiyyətin həyati mənafelərinə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması imkanlarından, mövcud qüvvələr, vasitələr, forma və metodlardan istifadə etmək sahəsində konkret seçimdir” [8, 30-31].
Azərbaycanın təhlükəsizlik problemi, onun təmin edilməsi yolları və vasitələri, qlobal və yerli təhlükəsizlik maraqlarının uzlaşdırılması, region dövlətlərinin təhlükəsizlik siyasəti dövlət başçısı İlham Əliyevi ciddi şəkildə düşündürən məsələlərdəndir. Bu da təsadüfi deyildir – Azərbaycan Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin keçdiyi əhəmiyyətli geosiyasi və geoiqtisadi məkanda yerləşir. Əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərdən ölkənin milli maraqları çərçivəsində bəhrələnmək xarici siyasət və milli təhlükəsizlik idarələrinin qarşısında strateji vəzifə kimi durur [14].
Azərbaycan hakimiyyətinin qətiyyəti, xalqa dərin inamı, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində respublikamızın xarici siyasəti ölkənin milli maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqavimət göstərir.

Nəticə
Beləliklə, Azərbaycan alimləri milli təhlükəsizlik sistemini tədqiq edərək onun kateqorial aparatını yaratmışlar.
• Milli təhlükəsizlik mürəkkəb, çoxsəviyyəli, dinamik sistem olub, əsasında sosial subyektlərin şəxsiyyət, cəmiyyət və dövlətin baza münasibətləri durur. Bu sistem bir çox amillərin – tarixi, coğrafi, etnik, demoqrafik, sosial-siyasi, iqtisadi, mədəni, dini amillərin təsiri altında formalaşır.
• Dövlətin milli maraqları xarici siyasət sahəsində (beynəlxalq) və daxili siyasət sahəsində (iqtisadi, sosial, mənəvi, hərbi və s.) maraqlara bölünür. Milli maraqlar sosial əhəmiyyətinə görə üç qrup marağında birləşir: həyati vacib maraqlar, vacib maraqlar və sadəcə maraqlar.
• Milli maraqların dərk olunmasına milli dəyərlər təsir edir. Milli dəyərlər millətin mövcudluğu üçün müəyyən mənəvi və maddi rifah əhəmiyyəti kəsb edən fundamental normalardır.
• Milli maraqların ierarxiyası milli məqsədlərin sistemini müəyyən edir. Milli məqsədlər – milli maraqların reallaşması və müdafiəsinə dair dövlətin, cəmiyyətin və ayrı-ayrı vətəndaşların fəaliyyətində əsas istiqamətlərdir.
• Qloballaşma prosesləri beynəlxalq, milli və regional səviyyələrdə qarşılıqlı asılılığı gücləndirir. Nəticədə insanın, cəmiyyətin vəhdətinin, eyni zamanda bütün dünya üçün təhlükəsizliyin ümumi qlobal probleminin vəhdətinin dərk olunması zərurəti yaranır.

ədəbİyyat
1. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası: //http://eqanun.az
2. Həsənov Ə. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları. Bakı, “Zərdabi LTD”, 2016, 700 s.
3.Политическая энциклопедия. – М., Мысль. Т-1, 2000, 750 c.
4. Niyazov X. Milli təhlükəsizliyin optimal modeli, “Azərbaycan” qəz., 10 iyul 2007.
5. Həsənov Ə. Milli təhlükəsizlik siyasəti dövlət təhlükəsizlik siyasətinin tərkib hissəsi kimi //strategiya az.//http://az.strategiya.az.old/index.rhin?m=xeber-in=4795.
6. Piriyev A. Siyasi strategiya və milli təhlükəsizlik problemi. Bakı: BDU, 2002, 534 s.
7. Мilli güvenlik siyaseti ve strategiyası, İstanbul, IHA, 2001, s.57.
8. Xəliliov С. Milli təhlükəsizlik milli mənlik şüuru kontekstində. Bakı,Vətən, 2006, s. 30-31.
9. Məmmədov N. Geosiyasətə giriş. İki cilddə. II cild. Bakı: Azərbaycan, 2011, 416 s.
10. Həşimov D. Siyasi təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsi kimi (Azərbaycan Respublikasının materialları əsasında). Siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı, 2010, s.102.
11. Piriyev A.Siyasi strategiya və milli təhlükəsizlik məqsədi. Bakı, BDU nəşr-tı, 2005, 544 s.
12. Политология. Энциклопедический словарь. Москва: Политиздат, 1993, 431c.
13. C.Qasımov, N.Nağıyev. Milli təhlükəsizliyin əsasları. Bakı, MTNA, 2015, 407 s.
14. Niyazov X. Milli maraqlara söykənən qətiyyətli mövqe. “Azərbaycan” qəz., 05 iyun 2009.

Açar sözlər: milli təhlükəsizlik, milli maraqlar, milli dəyərlər, milli təhlükəsizlik strategiyası, dövlət təhlükəsizliyi.
Ключевые слова: национальная безопасность, национальные интересы, национальные ценности, стратегия национальной безопасности, государственная безопасность.
Keywords: national security, national interests, national values, national security strategy, public safety.

Резюме
Национальная безопасность является одним из важнейших факторов, обуславливающих преуспевающее, свободное и безопасное проживание народа.
Основополагающую цель политики национальной безопасности определяет необходимость достижения государственной независимости и территориальной целостности Азербайджана, конституционного становления, прав граждан, гражданского и национального единства общества.
Азербайджан, благодаря своей сбалансированной внешней политике, не только достиг решения вопроса в области безопасности, а также на сегодняшний день выступает в качестве гаранта субрегиональной интеграции и энергетической безопасности на евразийском пространстве.
Как известно, основной целью политики любого государства является обеспечение безопасности. Государство на основе историко-политического опыта разрабатывает концепцию внешней политики, в которой вопрос национальной безопасности занимает одно из значимых мест. Основным гарантом национальной безопасности является государство, основной обязанностью которого выступает защита суверенитета и территориальной целостности страны.
Вопрос безопасности Азербайджана, а также пути достижения этой безопасности, координация глобальных и региональных интересов в данной сфере, политика безопасности стран региона, составляют основу внешней и внутренней политической стратегии страны.

Summary
National security is one of the most important factors that stipulate a prosperous, free and safe life of people.
The fundamental goal of the national security policy specifies the need to achieve national independence and territorial integrity of Azerbaijan, establishment of constitutional rights of citizens, civil society and national unity.
Azerbaijan, due to its balanced foreign policy, currently not only reached a decision in the field of security issue, but also serves as a guarantor of sub-regional integration and energy security in Eurasia.
As known, the main purpose of the policy of any government is security. The state on the basis of the historical and political experience elaborates the concept of foreign policy, in which the issue of national security holds a specific place. The primary guarantor of national security is the State, the main duty of which serves to protect the sovereignty and territorial integrity of the country.
The issue of security of Azerbaijan, as well as the ways to achieve this security, coordination of global and regional interests in this area, the region’s security policy, form the basis of internal and external political strategy of the country.

 

 

"Geostrategiya" jurnalı № 02 (38) MART-APREL 2017

Xalİd Nİyazov
Siyasi elmlər üzrə fəlsəfə doktoru


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM