Geosiyasi gerçəklikləri müəyyən edəcək və mövcud reallıqları dəyişdirəcək çoxvariantlı modellərin, metodoloji prinsiplərin, tədqiqat metodlarının və prosedurlarının məcmusu, real geosiyasi mənfəətin əldə edilməsinə doğru yönəldilmiş birbaşa reallaşa bilən proqramların, tövsiyələrin və ərazi-siyasət əlaqələri texnologiyalarının məcmusu kimi ifadə edilə bilər. Burada onu bildirmək lazımdır ki, geosiyasi analiz və qərar qəbuletmə bir sıra hallarda dərin qeyri-müəyyənlik şəraitində baş verir. Bu, mümkün gələcəklə bağlı olaraq çox sayda ssenarilərin qurula bilməsini tələb edir. Bu ehtimallar strateji qərar qəbul etmə prosesinə daxil edilməlidir (9). Geosiyasət coğrafi, iqtisadi və irqi amillərin sistemli öyrənilməsi, milli və beynəlxalq siyasət bazasının formalaşdırılmasına xidmət edən bir elmdir (8). Geosiyasət coğrafiyanın siyasətə çevirdiyi istiqaməti araşdırır və qiymətləndirir. İqtisadi, sosial, hərbi, mədəni və siyasi ünsürlər siyasi coğrafiya üzərində dəyərləndirilir; siyasi coğrafiya bu ünsürlərlə aktiv hala gətirilir. Əslində də XIX əsrin II yarısında siyasi coğrafiya üzərindəki işlər geosiyasətin bir elm kimi formalaşmasını hazırlamışdır. Ən qısa izahat ilə geosiyasət, coğrafiyanın siyasətə verdiyi istiqaməti müəyyən edir (4). Geosiyasət ərazi-siyasi hadisələrin iştirakçılarını, onların tərkiblərini müəyyən edir: Dövlətlər və digər siyasi coğrafi subyektlər və onların daxilindəki qurumları; Regional (ərazi) qrupları və onların siyasi, iqtisadi, sosial, mədəni və hərbi təmərküzləşmə səbəbləri; İdeoloji mənşəli regional, lokal, qlobal geosiyasi təsir imkanlarına malik olan qurumlar; Geosiyasi hadisələr və onların iştirakçılarının qərar qəbul edilməsi konseptologiyası; Bilavasitə geosiyasi vəziyyətin analizində ərazinin struktur modelinin tətbiq edilməsi; Siyasi coğrafi proseslərdə iştirak edən qüvvələrin hərbi, siyasi, ideoloji, mədəni və sosial rifah səviyyəsi, regional və qlobal maraqları; Hazırda mövcud olan qüvvələr nisbəti və onun yaxın və uzaq perspektivdə dəyişmə ehtimalları; Ərazilər üzrə və qlobal miqyasda proseslərin modelləşdirilməsi; Geosiyasi hadisələrin idarə olunması və risk amilinin müəyyən edilməsi; Geosiyasi araşdırmaları kompleks tədqiqatlardan ayrı təsəvvür etmək mümkün deyildir. Belə ki, geosiyasət müəyyən ərazidə baş verən və ya baş verməsi ehtimal edilən proseslərin araşdırılması ilə məşğul olduğundan istənilən geosiyasi proses və ya hadisənin fəaliyyətinin inkişaf dinamikasından çıxarışlar edə bilməlidir. Burada önəmli bir anlayış kimi dövrəyə geostrategiya daxil olur. Geostrategiyanın statik və dinamik ünsürləri vardır. Geostrategiyanın statik (coğrafi) ünsürləri: Coğrafi mövqe (qitələrarası və bölgə səviyyəsində); Sərhədlər və ərazi bütünlüyü; Strateji qaynaqlar; Coğrafi xüsusiyyətlər (ada dövləti, qitə dövləti və s.). Geostrategiyanın dinamik ünsürləri: Sosial vəziyyət; İqtisadi durum; Siyasi sistem və vəziyyət; Əsgəri potensial; Mədəniyyət dəyərləridir. Təbii ki, bu anlayışların hər birinin də müəyyən açıqlamaya ehtiyacı vardır. Geosiyasi baxımdan coğrafi mövqe hər hansısa bir geosiyasi vahidin yer səthində və regional miqyasda tutduğu mövqe, onun ətrafındakı ərazi siyasi-coğrafi subyektlərinə və obyektlərinə nisbətən vəziyyətidir. Sərhədlər və ərazi bütünlüyü məsələsi də geosiyasi ünsürlər kateqoriyasında özünəməxsus bir yer tutur. Hər bir dövlətin beynəlxalq və milli hüquq ilə müəyyən edilmiş coğrafi məkan ilə məhdudlaşan ərazisi vardır. Bu ərazinin daxilində onun müxtəlif tərkibləri birləşərək bir bütünlük formalaşdırırlar. Geosiyasi baxımından onların qorunması üçün lazımi ətraf elementlərin formalaşdırılması hər bir dövlətin qarşısında dayanan vəzifələrdəndir. Geosiyasi proseslərin gedişatına başlıca təsir edən amillər sırasına sosial vəziyyətin analizi daxildir. İqtisadi durum ölkənin və təmas edəcəyi geosiyasi məkanın iqtisadi inkişafının təhlil edilməsidir. Son zamanlar geosiyasətdən törəmə olan bir anlayış da elmi dövriyyədədir. Bu da geoiqtisadiyyatdır. Müasir beynəlxalq münasibətlər sistemində iqtisadiyyatın getdikcə əhəmiyyət qazanma meyli özünü biruzə verir. Bu baxımdan, beynəlxalq münasibətlər leksikonunda geo-siyasət və geo-iqtisadiyyat anlayışlarının paralellik göstərməsi təsadüfi deyildir. Siyasi sistem və vəziyyət geosiyasətin dinamik ünsürləri sırasına daxildir. Siyasi sistem, cəmiyyətin siyasi həyatında rol alan siyasi qurumları və digər ictimai qurumları, bunların fəaliyyətini və qarşılıqlı münasibətləri ifadə edir. Əlbəttə ki, hər cəmiyyətin siyasi sistemi onun inkişafının qanunauyğun nəticəsi kimi formalaşır. Siyasi sistem cəmiyyətin sosial-siyasi təbiətini, mövcud siyasi münasibətləri, təsisatları, normaları və hakimiyyətin təşkili prinsiplərini ifadə edir. Siyasi vəziyyət isə müəyyən siyasi sistem daxilində proseslərin inkişafı dinamikasını ortaya qoyur. Geosiyasətin elmi qanunları siyasi və tarixi proseslərin təhlili üçün çox əlverişlidir. Geosiyasi analiz metodları ilə xalqların və ölkələrin siyasi inkişaf qanunauyğunluqlarını öyrənmək və gələcək planlaşdırmalar həyata keçirmək mümkündür. Geosiyasi analiz üsulları fəal milli maraqların təmin edilməsi məsələlərinin həllində dövlət ehtiyatlarının müəyyən edilməsinə təsir edir. Geosiyasət siyasi həyatın müxtəlif iştirakçıları vasitəsilə həyata keçirilir. Geosiyasi analizin metodologiyası əsasında məkan formaları üzərində fəaliyyət reallıqları müəyyən edilir. Hər bir dövlətin özünün gücünə müvafiq olaraq özünəməxsus geosiyasi planları və hədəfləri vardır. Geosiyasi araşdırmaların gedişində məkan və bu məkanda fəaliyyət göstərən siyasi subyektlərin fəaliyyətləri təhlil edilir. Nəticələr müvafiq dövlət qurumları tərəfindən istifadə edilir. Burada məkan anlayışı haqqında müəyyən açıqlığın gətirilməsinə ehtiyac hiss edilir. Mekan reallığı, insan və təbiət proseslərinin qarşılığı və sintezi ilə yaranan bir dəyərlər sistemidir. Yaranan bu dəyərlər sistemi coğrafiyanı təmsil edər və coğrafi şüurla dərk edilir. Bütün bu xüsusiyyətləri məkanın siyasi bir sahə olduğunu da ortaya qoyur. Məkan siyasidir, çünki güc varlığının sınandığı, əks etdirildiyi, həmrəylik və ya qarşıdurma halının yaşandığı ən konkret səhnə məkanıdır. Məkanın daşıdığı və ya yığdığı dəyərlər iqtisadi, mədəni və siyasi məzmun daşıyır və güclər arasında mübarizənin çox zaman səbəbidir. Bu xüsusiyyəti ilə məkan həm güc alınan həm də güc əks etdirilən ünsürdür (5, 24). Özünün gələcək inkişafını və ərazilər üzrə maraqlarının təminatını həyata keçirməkdə konseptual yanaşmaya malik olan dövlətlər geosiyasi proseslərin paralel izlənilməsini düzgün hesab edirlər. Bu zaman dövlətlərin geosiyasi fəaliyyətlərində əsas alınan məsələlərin başında geosiyasi təhlükəsizlik gəlir. Geosiyasət təhlükəsizlik anlayışı, müxtəlif nəzəriyyələrlə bir çox elm adamı tərəfindən fərqli bucaqlardan ələ alınmış, yorumlanmış və günümüzün beynəlxalq təhlükəsizlik siyasətinin təməl qəliblərində özünə yer almışdır (3). Günümüzdə geosiyasi tədqiqatların intensivləşməsini şərtləndirən amillər vardır. Ölkələr arasında qarşıdurma yaşanmasına səbəb olan və son zamanlarda şahid olduğumuz beynəlxalq gərginlik mövzuları bəzi ölkələrin rəhbərliklərini qarışıq seçimlər etməklə qarşı-qarşıya buraxır. Dünya nizamı davam edən bir dəyişmə prosesini keçirir, bu prosesinin birbaşa nəticələri iqtisadi, mədəni və ümumiyyətlə hərbi qarşıdurma problemlərindən mütəşəkkil siyasi qeyri-sabitlik şəklində ortaya çıxır. Tərəflər arasında əməkdaşlıq, iqtisadi inkişaf və sosial inkişaf kimi prioritet mövzular gedərək ölkələrin daha çox geosiyasət maraqlarının qorunmasına fəda edilir. Rusiya, Çin və İran kimi ölkələr, keçdiyimiz son bir neçə illik zaman ərzində, enerji təchizatı, malların tranzit daşınması, ticari fəaliyyətlərdə istifadə olunan pul vahidi, milli sərhədlərin müdafiəsi, hava sahəsinin istifadəyə açılması, digər ölkələrlə hərbi sənaye sahəsində əməkdaşlıq, terrora qarşı ortaq mübarizə və milli suverenlik prinsipinin qorunması kimi sahələrdə həyati əhəmiyyət kəsb edən geosiyasi fəallıq nümayiş etdirirlər. Dünyanın tək qütblü nizamdan çox qütblü nizama keçid prosesi beynəlxalq əlaqələr sahəsində bir çox reallığın dəyişmə keçirməsinə səbəb olur (7).
Paralel tədqiqatlar real mənzərənin düzgün və obyektiv olaraq formalaşmasına kömək edirlər. Geosiyasi hədəflərin və atılacaq addımların vaciblik dərəcələrini müəyyənləşdirmədən araşdırmanın praktiki olaraq işlək halda həyata keçirilməsi və onun əldə ediləcək nəticələr baxımından lazımı səviyyədə aparılması mümkün deyildir. Geosiyasi münasibətlər müxtəlif səviyyələrdə özünü ifadə edir: milli, regional, beynəlxalq (6). Ərazisinə, iqtisadi və hərbi qüdrətinə rəğmən, müasir dövrdə bütün dövlətlər yerləşdikləri regionun əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmağa, milli maraqlarını maksimum səmərəli realizə etməyə çalışırlar.
Geosiyasət hər bir dövlətin beynəlxalq münasibətlər sistemindəki yerini - onun yerləşdiyi coğrafi məkanı, ərazisini, təbii sərvətlərini, iqtisadi-hərbi gücünü, əhalisinin sayını, demokratik inkişaf səviyyəsini, əmək resurslarını, qonşularla münasibətlərini və digər mühüm amilləri öyrənən elm sahəsi kimi ötən əsrin birinci yarısında formalaşmışdır (2). Hər bir müstəqil dövlətin əsas geosiyasi vəzifəsi öz milli ərazisi (dövlətin məxsusi coğrafi məkanı) çərçivəsində vahid milli-dövlət strukturunu, mərkəzləşmiş dövlət idarəçilik sistemini və suveren dövlət hakimiyyətini yaratmaq, möhkəmlətmək və daimiliyini təmin etməkdən ibarətdir. Bundan başqa, dövlətin geosiyasi vəzifələri sırasına həm də cəmiyyətin artan sosial-iqtisadi, mənəvi və s. tələbatının, ölkənin xarici və daxili təhlükəsizliyinin dolğun şəkildə təmin edilməsi, əhalinin təbii fəlakətlərdən qorunması, ölkədə milli-vətəndaş həmrəyliyinin yaradılması, tolerantlığın qorunması və s. daxildir. Bütün bu vəzifələri həyata keçirmək üçün dövlət onunla həmsərhəd olan qonşu ölkələrlə, qarşılıqlı münasibətlərdə fərqli mövqeyi ilə seçilən ayrı-ayrı beynəlxalq və regional aktorlarla təmasa girməli olur. Dövlətin geosiyasi maraqları həmin aktorlarla toqquşa, kəsişə, yaxud üst-üstə düşə bilər. Lakin heç nədən asılı olmayaraq dövlətin rəsmi və qeyri-rəsmi strukturları tarixən formalaşmış beynəlxalq normalara, regional ənənələrə və praktikaya, dərk olunmuş milli və ümumi maraqların qarşılıqlı tarazlığına əsaslanaraq xarici aktorlarla bu və ya digər geosiyasi münasibətlər qurmağa borcludur. Belə münasibətlər sistemi səviyyəsinə görə beynəlxalq, regional və yerli (lokal) olmaqla dövlətin müəyyən geosiyasi kodunu (statusunu) müəyyənləşdirir və müvafiq fəaliyyət kodeksinin (məcəlləsinin) yaradılmasını tələb edir. Geosiyasi kod hər bir ölkənin siyasi fəaliyyətindən, ölkə rəhbərlərinin və əksər əhalinin ətraf aləmə münasibətindən, geoməkan təsəvvüründən, dərk olunmuş və yaxud iddia olunan milli maraq, milli mənafe dairəsi və onun təmin olunması vasitələrindən, xarici aləmlə ünsiyyət zamanı ölkənin kəsb etdiyi maddi, mənəvi, hərbi, insani dəyərlərdən, xarici aləmdən yarana biləcək geosiyasi təhlükələrə reaksiyasından, müqavimət gücündən, malik olduğu hərbi-texniki vasitələrdən və s. keyfiyyət göstəricilərindən asılı olaraq müəyyənləşir. Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, hər bir dövlətin ya tarixən formalaşmış, zaman-zaman ətraf aləmin təsiri ilə dəyişikliklərə məruz qalmış, ya da ki, yeni yaradılmış geosiyasi kodu və buna müvafiq olaraq, xarici aləmlə geosiyasi davranış kodeksi mövcud olur. Tədqiqatçılar fəaliyyət səviyyəsinə görə, ölkələrin geosiyasi fəaliyyət kodeksini- yerli, regional və planetar olmaqla, üç qrupa ayırırlar: Yerli səviyyəli kodekslər - qonşu həmsərhəd ölkələrin geosiyasi statusu, davranışı, bəyan etdiyi, yaxud fəaliyyətindən yaranan, müşahidə olunan geosiyasi məqsəd və vəzifələrinin qiymətləndirilməsi və ona müvafiq addımların atılması haqqında dövlətlərin hazırladığı ümumi xarakterli geosiyasi tövsiyələr toplusudur. Belə kodekslər hər bir ölkənin dövlət və hökumət, müvafiq xarici siyasət, hərbi, təhlükəsizlik, sərhəd və digər strukturlarının rəhbər fəaliyyətlərinin əsasını təşkil edir. Regional fəaliyyət kodeksləri - öz geosiyasi təsirini təkcə həmsərhəd qonşu dövlətlərin deyil, həm də regionun digər ölkələrinin ərazisində yaymaq istəyən regional lider və yaxud belə statusa can atan digər dövlətlərin geosiyasi istəyinə uyğun olaraq yaradılan tövsiyələr toplusudur. Nəhayət, planetar geosiyasi fəaliyyət kodeksləri o ölkələrdə (məsələn, bu sıraya dünyanın atom silahına malik olan ölkələrini aid etmək olar) yaradılır ki, onlar bütün dünyada geosiyasi maraqlarını təmin etmək gücünə malikdir, beynəlxalq aləmin əksər hadisələrinə fəal müdaxilə edə bilir və planetin istənilən guşəsində geosiyasi fəaliyyətlərini təmin etməyə çalışırlar. Əlbəttə, hər bir ölkə özünün iqtisadi, siyasi və sosial vəziyyətindən, dövləti idarə edənlərin dünyagörüşü və xarakterindən, əhalinin ətraf aləmə baxışları və münasibətindən çıxış edərək, yerli, regional və beynəlxalq geosiyasi münasibətlərdən, qonşu ölkələrin geosiyasətindən və mövcud məkanda nümayiş etdirdiyi davranışlardan və s. asılı olaraq, özünün məxsusi geosiyasi vəzifələrini müəyyənləşdirir, fəaliyyət kodeksini hazırlayır və onun əsasında da yaxın və uzaq xarici aktorlarla geosiyasi əlaqələr yaradır (1).
Bu baxımdan tədqiqatlar aparılarkən müxtəlif dövlətlərin daxili və xarici siyasət ehtiyaclarını, onların ərazilər üzrə maraqlarını təmin etmək məqsədi ilə ortaya qoyduqları meyllərini aşkar etmək lazımdır.
Geosiyasi şərait dəyişkən olduğuna görə mövcud olan regionlarda əhalinin siyasi-psixoloji durumunun araşdırılması da vacibdir. Siyasi-psixoloji durum, ölkə daxilində cərəyan edən proseslər, eləcə də bir sıra digər tamamlayıcı məsələlər dövlətlərin geosiyasi fəaliyyətlərinə daxili əhali dəstəyini müəyyən edir.
Daxili əhali dəstəyi olduqca mühüm amillər kateqoriyasına daxildir. Məsələn, SSRİ-nin Əfqanıstanda, ABŞ-ın Vyetnamda və digər bölgələrdə qala bilməməsinin səbəblərindən biri də əhalinin dəstəyi bu siyasi kursa azaltması və hətta bəzi hallarda ona qarşı çıxması idi. Bu gün təcavüzkar Ermənistan dövlətinin daxilində baş verən proseslər də eyni ilə bunu göstərir. Artıq ciddi şəkildə Ermənistan hakimiyyətinin geosiyasi planlarına qarşı daxili etirazlar səslənir. Çünki Ermənistan rəhbərliyinin siyasəti və geosiyasi planları ölkə əhalisini iqtisadi səfalət ilə üzləşdirmişdir.
Tədqiqatlar apararkən həm dövlətlərin fəaliyyətinin və geosiyasi məkanlar üzrə davranışlarının xarakteri və tələbatı dəqiqləşdirilir, həm də bu tələbatın ödənilməsinin mexanizmlərinə baxılır.
Dövlətlər militarist, diplomatik, iqtisadi, potensial imkanlarına müvafiq olaraq geosiyasi fəaliyyət mexanizmləri müəyyən edirlər.
Bu nə deməkdir? Militarist dövlətlər özlərinin maraqlarının ödənilməsi üçün hərbi üsullara və mexanizmlərə üstünlük verirlər. Diplomatik fəaliyyət bazası güclü olan dövlətlər inandırma və çəkindirmə diplomatiyası vasitəsi ilə geosiyasi məkanlara daxil olur, orada möhkəmlənir, rəqiblərini zərərsizləşdirirlər. İqtisadi imperativləri önə çəkən dövlət öz iqtisadi imkanlarından yararlanmağa və mexanizmləri bu bazada qurmaq istəyirlər.
Ümumiyyətlə, araşdırma aşağıdakı mərhələlərdən keçmişdir:
• tədqiqatın hazırlıq mərhələsi;
• məlumatlarının toplanılması mərhələsi;
• yığılmış məlumatların sistemləşdirilməsi;
• sistemləşdirilmiş məlumatların təhlili;
• yekun hesabatların hazırlanması.
Təbii ki, geosiyasi tədqiqatların aparılması forması qarşıya qoyulan məqsədin xarakterindən və ödəniləcək maraqların əhatəliliyindən asılıdır.
Məkanın və onun xüsusiyyətinin müəyyən edilməsi olduqca böyük önəm daşıyır.
Bu, nə deməkdir? Yəni geosiyasi fəaliyyətini reallaşdırmaq istəyən dövlət bu məkanda hansı üstünlüklər əldə edir. Yeni imkanlarmı, dəniz və ya okeana çıxışmı, müttəfiq dövlətlərə çıxışmı, rəqib dövləti və ya dövlətləri zərərsizləşdirmə imkanımı? Məkanın xüsusiyyətinə gəldikdə isə, onu demək olar ki, problemin əhatə dairəsi formanın dəqiqləşdirilməsində xüsusi rol oynayır.
Metodik olaraq tədqiqatın üç əsas növündən istifadə olunur.
İlk olaraq kəşfiyyat xarakterli tədqiqatdır. Bu cür araşdırmalar yığcam xarakter daşıyır. Bu mərhələ məlumatların, müvafiq materialların toplanılması və öyrənilməsi prosesidir. Bu geniş miqyaslı tədqiqatların ilkin mərhələsi hesab olunur. Kəşfiyyat xarakterli tədqiqatın müşahidə və sorğu xüsusiyyətli tərəflərin də vardır. Bu forma xüsusi məlumatların əldə olunması prosesində istifadə olunur.
İkinci növ yazılı materialların və hesabatların ümumi təhlilidir. Bu fəaliyyət şəkli konkret təhlilin ən mühüm formasıdır. Bu tədqiqat növünün qarşısında duran əsas məqsəd əldə olunan bu məlumatların öyrənilməsidir. Yazılı tədqiqatın əhatə dairəsi daha geniş olur və əldə olunan məlumatlar obyektin bütün tərəflərini geniş şəkildə öyrənməyə istiqamətləndirir.
Məlumatların xüsusi hesabatı aparılır, onlara münasib olan təhlil metodu seçilir, tədqiqatın məqsədi, məzmunu, istiqamətləri, funksiyaları müəyyənləşdirilir.
Qeyd edilən tədqiqatlar kateqoriyası mütəxəssislər tərəfindən mükəmməl şəkildə hazırlanmış proqram əsasında yerinə yetirilir. Həmin proqrama uyğun olaraq əldə olunan materiallar qruplaşdırılır, xarakterizə edilir, qiymətləndirilir.
Nəhayət tədqiqatlar analitik tədqiqat işləri ilə bitir. Analitik tədqiqat dərin məzmunlu təhlil növü olub:
• öyrənilən geosiyasi situasiyanın bütün tərəflərinə,
• onların imkan və maraqlarına,
• habelə onların gələcəkdə ola biləcək olan fəaliyyət ehtimallarına
məntiqi təhlillərin yekununda və eləcə də diferensiasiya, habelə icmal metodlarından istifadə edərək rasional mövqedən yanaşır.
Bu, nə deməkdir? İlk öncə geosiyasi prosesdə iştirak edən tərəflər ayırılıqda öyrənilir. Onların imkanları arasında müvazinət təyin edilir, eləcə də maraqların toqquşma nöqtələri müəyyən edilir. Analitik material diferensiasiya edilərək tərkiblərə ayırlır. Sonra icmal həyata keçirilir, bundan sonra isə rasional nəticə əldə edilir. Geosiyasi toqquşma və maraq regionları əslində qlobal məkanda demək olar ki dəyişməmişdir. Tarixi müddət ərzində məkana söykənən və güclər arasında mübarizənin yaşadığı oyun sahələri sanki ənənəvilik daşıyır. Məsələn Qafqaz, Orta Asiya və Yaxın Şərq coğrafiyası ənənəviləşmiş bir oyun sahəsi olaraq xarakterizə edilə bilər. Bu xarakterizə səbəbi nümunə verilən məkanların iqtisadi siyasi dəyərində qorunur (5).
Analitik tədqiqat həmçinin məkanın və onun üzərində həyata keçiriləcək geosiyasi obyektin, həmçinin subyektlərin bütün xarakterik xüsusiyyətlərini faktlar əsasında təhlil edir, onun məqbul və qeyri-məqbul tərəflərini üzə çıxarır.
Analitik tədqiqat materialların toplanılmasına və tədqiqinə kompleks şəkildə yanaşır. Burada müxtəlif formalı təhlillərdən istifadə olunur.
Onların əsasında yaxın müddətli və uzunmüddətli qənaətlər hasil edilir, planlar qurulur.
Bir sıra hallarda yeni situasiyalar üzərində qurulduğundan analitik tədqiqat mahiyyətcə eksperiment xarakteri daşıyır. Çünki tədqiqinə müxtəlif yanaşma metodlarından istifadə etməsi müxtəlif hadisə və obyektin tədqiqində yeni yanaşma tərzləri əlavə edir.
Bunu da qeyd edək ki, tədqiqatlar zamanı eksperimentlər aparmağın bir çox problemləri də mövcuddur.
Çünki eksperimentlər bəzən nəticə etibarı ilə tamamlanmamış şəkildə özünü biruzə verir.
Bu, nə deməkdir? Aparılan araşdırmalar zamanı hər hansısa bir mərhələdə edilən səhv və ya diqqətsizlik yekunda böyük fəsadlara səbəb olur. Geosiyasi fəaliyyət məkanı oyunçularının imkanlarının düzgün müəyyən edilməməsi, maraqlar toqquşmasının düzgün müəyyən edilməməsi, materialların diqqətlə incələnməməsi problemini formalaşdırır.
Burada problemlərin qarşısının alınması zamanı istifadə ediləcək metod paralel araşdırmaların tutuşdurulmasıdır. Tədqiqatlardan, əsasən, geosiyasi layihələndirmə məqsədi üçün istifadə edir. Fəaliyyətin təşkili prosesində tədqiqatların nəticələri əsasında layihələndirmələr qurulur. Xüsusilə, müasir mərhələdə geosiyasi işlərin qurulması, dövlət maraqlarının təmin edilməsi qeyd edilənlərdən asılıdır. Çünki bu layihələrin reallaşdırılması, əsasən, real imkanlar vasitəsi ilə həyata keçirilir. Geosiyasi proqnozlaşdırma da tədqiqatlar əsasında yerinə yetirildikdə gələcək proseslərin inkişaf dinamikasını dəqiqləşdirir, dövlətlərin geosiyasi tələbatlarını əvvəlcədən müəyyənləşdirir.
Литература
1. Həsənov Ə.M. Azərbaycanın geosiyasəti. Dərslik. - Bakı, “Zərdabi LTD” MMC, 2015, s.156-157
2. Qasımov A. Müasir geosiyasətin mükəmməl elmi-nəzəri tədqiqi. // Azərbaycan.- 2010.- 30 noyabr.- S.5
3. Muhittin Demiray, İsmail Hakkı İşcan. Uluslararası sistemde güvenlik kavramının deşiþimi ekonomik ve jeopolitik arka planı. // Dumplular universitesi sosyal bilimler dergisi. Sayı 21, Ağustos 2008, s.141-170, s.142
4. Suat İlhan. Jeopolitik kavramı ve unsurları. // Jeopolitik Özel, K›fl 2002, Cilt: 8, Say›: 4, s. 318-322
5. Yaşar Hacısalihoğlu. Kuramsal ve kavramsal bir çözümleme: mekan - güç – çatışma ve jeopolitik. // Stratejik Araştırmalar Dergisi / Journal of Strategic Studies 1(2), 2008, s.22-44
6. Белашов Иван Иванович. Геополитические интересы в структуре современного политического процесса. Ставрополь – 2004, c.3
7. Елена Осельская. Возможности, проблемы и перспективы использования геополитического анализа для исследования современных интеграционных процессов. // АНАМНЕЗА, Год. X, 2015, кн. 1, с. 61-76
8. Miguel Ángel Ballesteros Martín. Method for the analysis of geopolitical regions (marg). // Journal of the Spanish Institute for strategic studies, p.2
9. Paul Ormerod and Shaun Riordan Query Sheet. A New Approach to the Analysis of Geo-Political Risk. // Diplomacy and Statecraft 15(4): 1–12, 2004, p.3
Açar sözlər: geosiyasi tədqiqatlar, geosiyasi vəzifələr, ərazilər üzrə maraqlar, tarixi proseslər.
Ключевые слова: геополитические исследования, геополитические цели, территориальные интересы, исторические процессы
Keywords: geopolitical research, geopolitical goals, territorial interests, historical processes
Резюме
Проблема в данной статье методология строения теоретических заключений в геополитических исследованиях. Последовательность вопросов в статье группируются в выработке технологий, методологических принципов исследования, методов исследования и процедур совокупности реальных геополитических выводов, которые могут быть реализованы непосредственно вовремя осуществления программ геополитического значения. Автор считает, что законы политического развития стран с методами геополитического анализа могут привлечены для изучения и осуществления планирование.
Summary
The problem in this article is the methodology of the structure of theoretical conclusions in geopolitical studies. The sequence of questions in the article are grouped in the development of technologies, methodological research principles, research methods and procedures of a set of real geopolitical conclusions that can be realized directly during the implementation of programs of geopolitical significance. The author believes that the laws of political development of countries with methods of geopolitical analysis can be attracted to study and implement planning.
"Geostrategiya" jurnalı № 02 (38) MART-APREL 2017
Bəxtİyar Nəbİyev
Bakı Dövlət Universiteti
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM