Orta Asiyanın unitar dövlətlərindən Tacikistan Respublikasının tərkibində muxtar inzibati-ərazi vahidi Dağlıq Bədəxşan Muxtar Vilayəti (DBMV; tacik dilində “Viloyati Muhtori Kuhistoni Badahşan”) mövcuddur. DBMV-nin yaranma tarixi maraq doğurur. Mənbələrin məlumatına görə, Pamir və Bədəxşan ərazilərində hələ daş dövründə insanlar yaşamış, tunc dövrünün sonlarında isə bölgədə əvvəlcə proto-hind qəbilələri, daha sonra isə qədim irandilli tayfalarla məskunlama prosesi getmişdir. Gəlmələrin dilləri və dini inancları hind-Avropa dil qrupuna daxil olmayan yerli substrat dillə qaynayıb qarışmış, nəticədə Bədəxşanda Şərqi İran dil qrupu meydana çıxmışdır. E.ə. VII-II əsrlərdə isə burada sak tayfaları və toharlar məskunlaşmışlar. Dağlıq Bədəxşan miladdan əvvəl Əhəmənilər imperiyasının, yunan Baktriya çarlığının, eramızın I əsrindən etibarən Kuşan çarlığının, Ağ hun imperatorluğunun, Qərbi Göytürk xaqanlığının, Ərəb xilafətinin, Tahirilər, Samanilər, Qəznəvilər feodal dövlətlərinin, habelə Buxara və Kokand xanlıqlarının tərkib hissəsi olmuşdur. 1895-ci il rus-ingilis razılaşması ilə Pənc çayının sol sahil ərazisi Əfqanıstana, sağ sahil əraziləri Rusiyanın vassalı olan Buxara xanlığına verildi [3, s. 256]. 1920-ci ilin iyununda Dağlıq Bədəxşan ərazisində sovet hakimiyyəti elan olundu və 1923-cü ilin iyulunda o, müstəqil vilayət hüququnda Türküstan MSSR-in tərkibinə daxil edildi. 1925-ci il yanvarın 2-də SSRİ MİK-in qərarı ilə Tacikistan MSSR-in tərkibində DBMV yaradıldı [13]. Qeyd edək ki, Tacikistan 1924-cü ildə Özbəkistan SSR-ə “Muxtar Sovet Sosialist Respublikası” kimi daxil edilmiş, 1929-cu ildə isə ayrılaraq “Sovet Sosialist Respublikası” elan edilmişdi [2, s. 246; 8, s. 79].
Yarandığı gündən Dağlıq Bədəxşan muxtar siyasi-inzibati vilayət statusunda olmuşdur. Doğrudur, 1992-ci il aprelin 11-də DBMV-nin Xalq deputatları məclisi birtərəfli qaydada muxtar vilayətin Bədəxşan Muxtar Respublikası elan edilməsi haqqında qərar qəbul edərək faktiki inzibati muxtariyyətdən siyasi muxtariyyətə keçilməsinə təşəbbüs göstərdi. Lakin Tacikistan Respublikasının Ali Məclisi həmin qərarı tanımaqdan imtina etdi.
1994-cü il noyabrın 6-da referendumla qəbul edilən Tacikistan Respublikasının 10 fəsil, 100 maddədən ibarət Konstitusiyasının [6] ilk maddəsi ölkəni unitar dövlət elan edir: “Tacikistan Respublikası – suveren, demokratik, hüquqi, dünyəvi və unitar dövlətdir. Tacikistan, sosial dövlət olaraq, hər bir insanın layiqli həyatını və sərbəst inkişafını təmin edən şərait yaradır. Tacikistan Respublikası və Tacikistan – eynihüquqlu anlayışlardır”. “Tacikistan ərazisi bölünməzdir və toxunulmazdır. Tacikistan DBMV-dən, vilayətlərdən, şəhərlərdən, rayonlardan, qəsəbələrdən və kəndlərdən ibarətdir. Dövlət Tacikistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təmin edir. Dövlətin vahidliyinin pozulmasına yönəlmiş təbliğat və hərəkətlər qadağandır. İnzibati-ərazi vahidlərinin yaradılması və dəyişdirilməsi Konstitusiya qanunu ilə tənzimlənir” (maddə 7). Beləliklə, Konstitusiya Tacikistanı birmənalı şəkildə unitar dövlət elan edir və sərt konstitusion norma ilə bu unitarizmi möhkəmləndirir.
Konstitusiyada DBMV ilə bağlı müddəalar ayrı-ayrı hüquqi normaların tərkib hissəsi kimi əks olunmuşdur. Əsas Qanunun 48-ci maddəsində Tacikistan parlamenti olan Ali Məclisin (“Məclisi Oli”) iki palatadan – Milli məclis və Nümayəndələr məclisindən (“Məclisi namoyandaqon”) ibarət olduğu bildirilir. Daimi və peşəkar əsaslarla fəaliyyət göstərən Nümayəndələr məclisinə yaşı 25-ə çatmış, ali təhsili olan hər bir ölkə vətəndaşı seçilə bilər. Milli məclis üzvlərinin isə dörddə üçü paritet əsaslarla DBMV-nin və onun şəhər və rayonlarının, digər vilayətlərin və onların şəhər və rayonlarının, Düşənbə şəhərinin və onun rayonlarının, respublika tabeli şəhərlərin və rayonların xalq deputatları sovetlərinin birgə iclaslarında seçilir. Milli məclis üzvlərinin qalan dörddə bir hissəsi isə Tacikistan Prezidenti tərəfindən təyin edilir. Səlahiyyət müddəti 5 il olan Milli məclis çağırış əsasında fəaliyyət göstərir, ölkənin yaşı 35-ə çatmış, ali təhsilli hər bir vətəndaşı Milli məclisə üzv seçilə və ya təyin edilə bilər. Hər bir keçmiş prezident, özü bu hüquqdan imtina etmədikdə, Milli məclisin ömürlük üzvü olur (maddə 49). Qeyd edək ki, Tacikistan Ali Məclisinə seçilən nümayəndələr palatalar üzrə fərqli adlandırılır: Nümayəndələr məclisinin deputatı və Milli məclisin üzvü.
Milli məclis sədrinin müavinlərindən biri DBMV-nin təmsilçisi olmalıdır (maddə 53). Qanunvericilik təşəbbüsü hüququ Milli məclis üzvünə, Nümayəndələr məclisinin deputatına, Tacikistan Prezidentinə, Tacikistan Hökumətinə və DBMV-nin Xalq deputatları məclisinə məxsusdur (maddə 58; həmçinin maddə 82). DBMV, Xoroq şəhəri və vilayətin rayonlarının sədrlərinin, Ədliyyə şurasının təqdimatı ilə DBMV hərbi məhkəməsinin, məhkəməsinin və iqtisad məhkəməsinin hakimlərinin vəzifəyə təyin və vəzifədən azad olunması Tacikistan Prezidentinin səlahiyyətləri sırasına daxil edilmişdir (maddə 69-5, 69-13). 78-ci maddədə göstərilir ki, “DBMV-nin, vilayətlərin, Düşənbə şəhərinin, şəhərlərin və rayonların sədrlərini vəzifəyə təyin və vəzifədən azad edən Prezident onları müvafiq xalq deputatları məclislərinin təsdiqinə verir”. DBMV Xalq deputatları məclisi Konstitusiya və qanunları sistematik olaraq yerinə yetirmədikdə Milli məclis onu buraxmaq hüququna malikdir (maddə 80).
DBMV-nin Məhkəməsi və İqtisad məhkəməsi ölkənin ümumi məhkəmə quruluşuna daxildir (maddə 84). Muxtar vilayətin Məhkəməsinin hakimi vəzifəsinə yaşı 30-dan aşağı, 65-dən yuxarı olmayan, 5 illik hakimlik təcrübəsinə malik hüquqşünaslar seçilir və təyin edilir, İqtisad məhkəməsinin hakimliyinə isə yaşı 25-dan aşağı, 65-dən yuxarı olmayan, 3 illik hakimlik fəaliyyəti təcrübəsinə malik hüquqşünaslar təyin edilir. Hər iki məhkəmə orqanının hakimləri Ədliyyə şurasının təqdimatı ilə ölkə Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. 7 nəfər üzvdən ibarət Konstitusiya məhkəməsinin üzvlərindən biri DBMV-nin təmsilçisidir (maddə 89).
Konstitusiyanın 7-ci fəsli (maddə 81-83) bilavasitə DBMV-nin səlahiyyətlərinə həsr edilmişdir. Əsas Qanuna görə, DBMV Tacikistan Respublikasının ayrılmaz tərkib hissəsidir. DBMV Xalq deputatları məclisinin razılığı olmadan muxtar vilayətin ərazi hüdudlarını dəyişmək qadağandır. DBMV-nin sosial, iqtisadi, mədəni sahələrdəki və digər səlahiyyətləri konstitusiya qanunu ilə müəyyən edilir.
Tacikistan Konstitusiyasının qəbul edilməsindən bir il sonra, 1995-ci il noyabrın 4-də Prezident İ.Rahmon tərəfindən “Dağlıq Bədəxşan Muxtar Vilayəti haqqında” Konstitusiya Qanunu [12] imzalandı və qüvvəyə mindi. 6 fəsil, 30 maddədədən ibarət olan Qanunun preambula hissəsində qeyd edilirdi ki, “DBMV-nin statusunun tarixən təşəkkül tapdığını, Dağlıq Bədəxşanın xüsusi coğrafi şəraitə malik olduğunu, vilayət əhalisini təşkil edən xalqların unikal mədəniyyətə və dillərə sahib olduğunu, DBMV-nin Tacikistan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu, onun öz sosial-iqtisadi və mədəni problemlərini Tacikistan Respublikasının Konstitusiyasına uyğun olaraq həll etdiyini nəzərə alaraq Tacikistan Respublikasının Ali Məclisi “Dağlıq Bədəxşan Muxtar Vilayəti haqqında” Tacikistan Respublikasının Konstitusiya Qanununu qəbul edir”.
Konstitusiya Qanunu “Ümumi müddəalar”, “DBMV-nin nümayəndəli və icra hakimiyyəti”, “DBMV-nin iqtisadi fəaliyyətinin əsasları”, DBMV-nin maliyyə fəaliyyətinin əsasları”, “DBMV-nin sosial-mədəni fəaliyyətinin əsasları” və “DBMV-də məhkəmə hakimiyyəti” adlı fəsillərdən ibarət olub, ölkənin unitar quruluşunu möhkəmləndirirdi. Qanunda hakimiyyətlərin bölünməsi prinsipi əks olunsa da, əslində daha çox maliyyə-iqtisadi və sosial-mədəni sahələrdə məhdud səlahiyyətlərə malik olan DBMV konstitusion səviyyədə siyasi deyil, inzibati muxtariyyət hüquqları almış olurdu.
Bununla belə, on iki il sonra 4 noyabr 1995-ci il Konstitusiya Qanununun ləğvi və yeni qanunun qəbul edilməsi ilə muxtar vilayətin hüquq və səlahiyyətləri daha da məhdudlaşdırıldı. “Dağlıq Bədəxşan Muxtar Vilayəti haqqında” Tacikistanın yeni Konstitusiya Qanunu [10] parlamentin Nümayəndələr məclisinin 6 iyun 2007-ci il tarixli qərarı (№ 605) ilə qəbul edildi [4] və iyulun 19-da Tacikistan Respublikası Ali Məclisinin Milli məclisinin qərarı (№ 373) ilə təsdiq edildikdən [5] sonra 2007-ci il iyulun 30-da Tacikistan Prezidenti tərəfindən imzalanaraq qüvvəyə mindi.
Yeni Qanun cəmi 5 fəsil, 20 maddədən ibarət olub preambula hissəsi daha lakonik idi: “DBMV Tacikistan Respublikasının ayrılmaz tərkib hissəsi olub, xüsusi coğrafi şəraitə, unikal mədəni, mənəvi və dil sərvətlərinə malikdir. Bu Konstitusiya Qanunu Tacikistan Respublikasının Konstitusiyasına uyğun olaraq DBMV-nin sosial, iqtisadi, mədəni sahələrdə və digər səlahiyyətlərini tənzimləyir”. Yəni vilayətə muxtariyyət “tarixən təşəkkül tapması”na görə yox, yalnız xüsusi coğrafi və mədəni xüsusiyyətlərinə görə verilir. Başqa sözlə, Dağlıq Bədəxşanın hüquqi statusu daha da məhdudlaşdırılır.
Qanunun ilk maddəsində qeyd edilir ki, “DBMV Tacikistan Respublikasının ayrılmaz tərkib hissəsidir. DBMV-nin hüquqi vəziyyəti Tacikistan Respublikasının Konstitusiyası, bu Konstitusiya Qanunu və Tacikistan Respublikasının digər qanunları ilə müəyyən edilir”. DBMV inzibati mərkəz olan Xoroq şəhərindən, rayonlardan, qəsəbələrdən və dexotlardan ibarətdir. DBMV Xalq deputatları məclisinin razılığı olmadan vilayət ərazisinin sərhədlərini dəyişmək qadağandır (maddə 2). Tacikistan Respublikası Ali Məclisinin Milli məclisində DBMV, əhalisinin sayından asılı olmayaraq, digər vilayətlərlə, Düşənbə şəhəri ilə, respublika tabeli şəhərlər və rayonlarla eyni sayda təmsilçilik hüququna malikdir; Milli məclisin sədr müavinlərindən biri DBMV-nin nümayəndəsidir; ölkənin Konstitusiya məhkəməsinin hakimlərindən biri DBMV-nin təmsilçisidir. DBMV-nin Xalq deputatları məclisi qanunvericilik təşəbbüsü hüququna malikdir (maddə 3-4).
5-ci maddəyə görə, DBMV-də yerli dövlət hakimiyyəti orqanlarının fəaliyyəti, qəsəbələrin və dexotların (camaatlıqların) özünüidarə orqanlarının fəaliyyəti və məhkəmələrin fəaliyyəti Tacikistanın müvafiq olaraq “Yerli dövlət hakimiyyəti orqanları haqqında”, “Qəsəbə və kəndlərin özünüidarə orqanları haqqında”, “Tacikistan Respublikasının məhkəmələri haqqında” konstitusiya qanunları ilə tənzimlənir.
Əvvəlki Konstitusiya Qanununda əks olunmuş tacik dilinin dövlət dili, rus dilinin isə millətlərarası ünsiyyət dili olması, həmçinin muxtar vilayətin ərazisində dövlətin qırğız, şuqnan, ruşan, vaxan və yazqulam dillərinin məktəblərdə və kütləvi informasiya vasitələrində sərbəst istifadə edilməsinə və inkişafına şərait yaratması barədə müddəa yeni konstitusion aktda yoxdur.
“DBMV-nin fəaliyyətinin iqtisadi əsasları” adlanan ikinci fəsildə göstərilir ki, muxtar vilayətin mülkiyyətinə, əgər Tacikistan qanunları və normativ-hüquqi aktlarında başqa qayda nəzərdə tutulmayıbsa, vilayətin iqtisadi və sosial inkişafı üçün zəruri olan hakimiyyət və idarəçilik orqanlarının əmlakı, əhalinin mədəni-tarixi sərvətləri, vilayətin büdcə vəsaitləri, mənzil fondu və mənzil-kommunal təsərrüfatı, kənd təsərrüfatı, ticarət, məişət xidməti, nəqliyyat müəssisələrinin, sənaye və tikinti komplekslərinin digər müəssisələrinin, səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin əmlakı daxildir. Eyni qayda muxtar vilayətin inzibati-ərazi vahidlərinə də şamil olunur. DBMV-nin Xalq deputatları məclisi, vilayətin, Xoroq şəhərinin və rayonların sədrləri öz səlahiyyətləri daxilində ölkə qanunvericiliyinə uyğun şəkildə müvafiq olaraq muxtar vilayətin, Xoroq şəhərinin və rayonların mülkiyyətinə daxil olan kommunal obyektlərin idarəçiliyini həyata keçirir. Belə obyektlər müvafiq ərazinin əhalisinin iqtisadi və sosial inkişafı üçün səmərəli xidmət məqsədi ilə istifadə olunur. Kommunal mülkiyyətin özəlləşdirilməsi qaydası ölkənin normativ-hüquqi aktları ilə, mülkiyyətin respublika mülkiyyətinə və ya əksinə keçirilməsi qaydaları Tacikistan Hökuməti tərəfindən müəyyənləşdirilir. Muxtar vilayətin, Xoroq şəhərinin və rayonların kommunal mülkiyyəti başqa mülkiyyətə dövlət hakimiyyətinin müvafiq yerli təmsilçilik orqanının qərarına əsasən keçirilir.
Tacikistan Respublikasının normativ-hüquqi aktlarına uyğun olaraq dövlət hakimiyyətinin yerli orqanları müvafiq inzibati-ərazi vahidində yerləşən müəssisə, idarə, təşkilat və onların birliklərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsinə, ixrac gücünün inkişafına, rəqabət qabiliyyətli məhsulun, işlərin və xidmətlərin istehsalına və yerinə yetirilməsinə səbəb olan xarici iqtisadi fəaliyyət göstərir (maddə 9). Bu məqsədlə birgə müəssisələr təsis edilir, xarici investisiyaların cəlb olunması üçün şərait yaradılır, ölkə qanunvericiliyinə uyğun olaraq sərhədyanı ticarət təşkil olunur və s.
DBMV-nin Xalq deputatları məclisi, vilayətin, Xoroq şəhərinin və rayonların sədrləri, ölkənin normativ-hüquqi aktlarına uyğun olaraq, respublikanın mülkiyyətində olan istehsal və sosial obyektlərin məqsədəmüvafiq paylanması, müvafiq infrastrukturun yaradılması, təbiət və əmək resurslarının, ətraf mühitin və digər sahələrin səmərəli istifadəsi üzərində nəzarət həyata keçirir.
Əvvəllər muxtar vilayətə tanınmış iqtisadi fəaliyyət səlahiyyətlərinin bu Qanunda ciddi məhdudlaşdırılması müşahidə olunur. Bu, ilk növbədə özünü 2007-ci ildən vilayətin bütün sosial-iqtisadi fəaliyyəti yalnız respublika qanunvericiliyinə tabe edilməsində göstərir (əvvəllər muxtar ölkə qanunvericiliyi ilə yanaşı, Konstitusiya Qanununa da istinad edilirdi – E.C.). Bundan başqa, qanundan “DBMV-nin iqtisadiyyatının əsasını mülkiyyətin müxtəlif formaları təşkil edir. Dövlət mülkiyyətin bütün növlərinin, o cümlədən şəxsi mülkiyyətin bərabərhüquqluluğuna və hüquqi müdafiəsinə təminat verir” müddəası çıxarılmışdır. Həmçinin Xalq deputatları məclisinin dövlət mülkiyyətinin bölünməsi nəticəsində və ya ölkə qanunvericiliyindən irəli gələn obyektlər, büdcə vəsaitləri, büdcədənkənar və məqsədli fondların vəsaitləri, muxtar vilayətin öz imkanlarına hesabına yaradılan müəssisələr üzərində mülkiyyətçi səlahiyyətləri, habelə iqtisadi inkişafın prioritetlərinin müəyyənləşdirilməsi, təbii ehtiyatların hasilatı və istifadə edilməsi üzərində nəzarət funksiyası ləğv edilmişdir və s.
Konstitusiya Qanununun 3-cü fəsli muxtar vilayətin fəaliyyətinin maliyyə əsaslarını müəyyən edir. Vilayətin maliyyə mənbələrinə yerli büdcə vəsaitləri, dövlət məqsədli fondları, ölkə büdcəsindən ayrılan dotasiya, yuxarı orqanın büdcəsindən verilən subvensiya və büdcə krediti, qiymətli və uduşlu kağızlar və yerli auksionlar, kütləvi, idman və mədəniyyət tədbirlərindən əldə olunan gəlirlər, xarici sərmayə və ölkə qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr daxildir. Muxtar vilayətin, onun mərkəzi şəhərinin və rayonlarının maliyyə mənbələri müqavilə əsasında birgə proqramların, o cümlədən regionlararası inkişaf proqramlarının maliyyələşdirilməsi məqsədi ilə digər vilayət, şəhər və rayonların, fiziki və hüquqi şəxslərin maliyyə mənbələri ilə birləşdirilə bilər.
DBMV-nin, Xoroq şəhərinin və rayonlarının büdcəsinin gəlir hissəsi mənbələr və ayrılan vəsaitlər, vergi və qeyri-vergi gəlirləri, həmçinin tənzimlənən vergilərdən və yığımlardan daxil olan gəlirlər təşkil edir. Vergilərdən daxilolmalara ölkənin normativ-hüquqi aktları ilə müəyyən edilən yerli vergilər, ölkənin növbəti maliyyə ili üçün dövlət büdcəsi haqqında qanunla tənzimlənən vergi və yığımlar, respublika büdcəsinə daxil edilməyən dövlət rüsumları, büdcəyə digər məcburi ödənişlərdən daxil olan gəlirlər, ölkə qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr aiddir. Qeyri-vergi gəlirlərinə isə respublika büdcəsindən dotasiya, subvensiya, büdcə krediti və ya başqa formada ayrılan vəsait, yerli dövlət hakimiyyəti və büdcədən maliyyələşən idarəetmə orqanlarının ödənişli xidmətlərindən daxilolmalar, cərimələr, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə ödənişlər, dəbbə pulu, kompensasiyalar və digər formalar da daxil olmaqla dövlətin maliyyə işlərinə dair ölkə qanunvericiliyini pozmuş şəxslərə qarşı məcburi ölçü tədbirlərindən daxilolmalar, fiziki və hüquqi şəxslərin xeyriyyə ödəmələri, yerli auksionlarda qiymətli və uduşlu kağızlardan əldə edilən gəlirlər, şəhərin və rayonun kommunal mülkiyyəti olan və ya onların təsərrüfat idarəçiliyində olan əmlakdan daxilolmalar təşkil edir.
Şəhər və rayonların xalq deputatları məclisi ölkə qaununvericiliyi ilə müvafiq yerli büdcəyə daxil olan vergi, rüsum və yerli ödəniş verənlərin ayrı-ayrı kateqoriyalarına güzəştlər müəyyən etmək hüququna malikdir.
Qanun yerli büdcədən istifadə çərçivəsini də aydın şəkildə müəyyənləşdirir: yerli dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin təminatı; müvafiq inzibati-ərazi vahidinin kommunal və ya onun idarəçiliyində olan mülkiyyətinin formalaşdırılması; yerli dövlət hakimiyyəti orqanlarının kommunal mülkiyyətində və ya onun sərəncamında olan təhsil, səhiyyə, mədəniyyət, idman və bədən tərbiyəsi, KİV və nəşrlər, həmçinin digər müəssisələrin yaradılması, fəaliyyətinin təmin edilməsi və inkişafı; mənzil-kommunal təsərrüfatının inkişafı; tikinti və yerli əhəmiyyətli yolların saxlanılması; abadlıq və yaşıllaşdırma; məişət tullantılarının istifadəsi və yenidən emalı; əhalinin və yerli dövlət hakimiyyəti orqanlarının kommunal mülkiyyətində və ya onun sərəncamında olan müəssisələrin nəqliyyat xidməti ilə təminatı; yerlərdə ətraf mühitin mühafizəsi; yerli dövlət hakimiyyəti orqanlarının məqsədli proqramlarının həyata keçirilməsi; yerli dövlət hakimiyyəti orqanlarının kredit xidmətləri və onların ödənişləri; əhaliyə əvəzsiz maliyyə yardımı və yerli dövlət hakimiyyəti orqanlarına seçkilərin keçirilməsi. Digər maliyyələşdirmə məsələləri ölkə büdcəsinin təsnifat sisteminə uyğun aparıla bilər.
DBMV-nin, Xoroq şəhərinin və rayonların sədrləri sessiyalar arasında təsdiq olunmuş büdcənin 10 faizindən artıq olmayan sərbəst maliyyə resursları üzərində sərəncam verə bilər. Bu zaman o, öz qərarını Xalq deputatları məclisinin sessiyasının təsdiqinə verməlidir. Sərbəst maliyyə resursları 10 faizdən artıq olduqda, sədr yerli büdcəyə dəyişiklik və əlavələri məclisin müzakirəsinə çıxarır. DBMV-nin, Xoroq şəhərinin və rayonların birgə xərcləri növbəti maliyyə ili üçün Dövlət büdcəsi haqqında və ölkənin digər qanunları ilə həyata keçirilir.
DBMV-nin, Xoroq şəhərinin və rayonların məclisləri təsdiq olunmuş büdcə çərçivəsində müvafiq yerli büdcənin ümumi gəlirlərinin 0,5 faizindən çox olmayan həcmdə müvafiq məclisin sədrinin ehtiyat fondunu yarada bilər. Həmin fond büdcənin xərclər hissəsinə daxil edilir. Sədr Tacikistan Hökumətinin müəyyən etdiyi qaydada ehtiyat fondu üzərində sərəncam verir və fondun ehtiyatların xərclənməsi ilə bağlı müvafiq xalq deputatları məclisi qarşısında hesabat verir.
Büdcə layihəsini müvafiq xalq deputatları məclisinin sədri işləyib hazırlayır və ölkənin normativ-hüquqi aktlarına uyğun qaydada məclisə təqdim edir. Məclis büdcəni qərar formasında qəbul edir. Büdcə profisitlə işlənib hazırlana və təsdiq edilə bilər. Yerli dövlət hakimiyyəti orqanlarının maliyyələşdirilməsi yerli və respublika büdcəsi ilə müəyyən olunan həcmdə həyata keçirilir. Yerli nümayəndəli orqanların saxlanılma xərcləri müvafiq xalq deputatları məclisi tərəfindən müəyyən edilir. DBMV-nin, Xoroq şəhərinin və rayonların xalq deputatları məclisləri və onların sədrləri büdcənin icrası zamanı öz səlahiyyətləri daxilində balanslaşdırmanın təmin edilməsinə cavabdehdirlər. Müvafiq xalq deputatları məclisi büdcənin icrasını təsdiq edir.
Muxtar vilayətin maliyyə fəaliyyətinin əsasları ilə bağlı məsələdə də əvvəlki qanunla hazırda qüvvədə olan konstitusiya qanunu arasında fərqlər vardır. Belə ki, büdcə ilə bağlı daxilolmalar və xərclərin əhatə dairəsi bir qədər genişləndirilsə də, maliyyə vəsaitlərinin ölkə qanunvericiliyinə uyğun idarə edilməsi yeni qanunda daha sərt şəkildə təsbit edilmişdir. Bundan başqa, DBMV-nin, Xoroq şəhərinin və rayonların sədrlərinin sərəncam vermək hüququna malik olduqları büdcə vəsaitinin dəqiq həcmi müəyyənləşdirilmişdir. Əvvəlki qanunda mövcud olmuş DBMV Xalq deputatları məclisinin muxtar vilayətin valyuta fondunu yaratmaq səlahiyyəti yeni qanunda yoxdur.
Qanunun son fəsli muxtar vilayətin sosial və mədəni fəaliyyətinin əsaslarına dair hüquqi müddəaları ehtiva edir. DBMV-nin yerli dövlət hakimiyyəti orqanları təhsilə dair dövlət siyasətini həyata keçirir, milli, sosial, mədəni, demoqrafik və digər xüsusiyyətləri nəzərə almaqla, təhsil sahəsində regional inkişaf proqramları hazırlayır və reallaşdırır, dövlət təhsil sisteminin inkişafını təmin edir, vilayətin ərazisində yerləşən məktəbəqədər, ümumtəhsil, ibtidai, orta, peşə və ali təhsil, elmi-tədqiqat müəssisələrinin işinə nəzarət edir, elmin inkişafına kömək edir.
DBMV-nin yerli dövlət hakimiyyəti orqanları mədəniyyət sahəsində dövlət siyasətini həyata keçirir, ölkə qanunvericiliyinə uyğun olaraq, vətəndaşların mədəni və dini sahədə hüquq və azadlıqlarını qoruyur, vilayətin ərazisində əhalinin mədəni, mənəvi sərvətlərini, tarixi ənənələrini nəzərə almaqla dövlət proqramları hazırlayıb həyata keçirir, vilayət ərazisində və ondan kənarda mədəniyyət mərkəzləri, xalq tətbiqi sənətinin öyrənilməsi üçün tədris mərkəzləri yaradır, vilayətin şəhər və kəndlərində vətəndaşların ictimai birliklərdə və mədəni həyatda sərbəst şəkildə iştirakı, bədii yaradıcılığın, elm və texnikanın inkişafı üçün şərait yaradır, ətraf mühitlə, tarix və mədəniyyət abidələrindən istifadə ilə bağlı məsələləri həll edir, mədəniyyət müəssisələri şəbəkəsini, televiziya və radionu inkişaf etdirir.
Yerli dövlət hakimiyyəti orqanları əhalinin sağlamlığının qorunması sahəsində vahid dövlət siyasətini həyata keçirir, bu sahədə qanunlara riayət olunmasına nəzarət edir, vətəndaşların sağlamlığının qorunması ilə bağlı hüquq və azadlıqlarını müdafiə edir, səhiyyə sisteminin və əhalinin sağlamlığının müdafiəsinə dair ərazi proqramları hazırlayıb icra edir, idarəetmə orqanları yaradır, səhiyyə sistemini inkişaf etdirir və maddi-texniki bazanı möhkəmləndirir, dövlət səhiyyə müəssisələrini dərmanlarla, tibbi texnika və avadanlıqla təchiz edir, ilkin tibbi və sanitar köməyi və digər tibbi yardım formalarını təşkil edir və onların əhali üçün əlçatan olmasını təmin edir, özəl tibbi fəaliyyətin inkişafına kömək edir, əhalinin sanitar-epidemioloji təhlükəsizliyini təmin edir, səhiyyə müəssisə, təsisat və təşkilatlarının fəaliyyətini əlaqələndirir və ona nəzarət edir, ətraf mühitin mühafizəsini təşkil edir, ekoloji və radiasiya təhlükəsizliyini təmin edir, ölkə qanunvericiliyinə uyğun olaraq səhiyyə sisteminin idarə edilməsi və əhalinin sağlamlığının mühafizəsi üzrə digər vəzifələri həll edir.
Digər sahələrdən fərqli olaraq muxtar vilayətin sosial, mədəni, təhsil və səhiyyə sahəsində fəaliyyətinə dair hüquqi normalar yeni konstitusion qanunda daha geniş şəkildə əks olunsa da, səlahiyyətlərin məhdudlaşdırılması baxımından bu sahə xali deyildir. DBMV Xalq deputatları məclisi sədrinin vilayətdə özəl təhsil və səhiyyə müəssisələrinin fəaliyyətə başlaması və fəaliyyətinin dayandırılması üçün (müvafiq olaraq respublika təhsil və səhiyyə nazirliyi ilə razılaşdırılmaqla) lisenziya vermək, vilayətin torpaq, su hövzələri və atmosfer sahəsi üzərində nəzarət, hər hansı bir ərazinin kurort, qoruq, milli park kimi tanınması haqqında qərar qəbul etmək, infeksion xəstəliklər epidemiya halı aldıqda xüsusi əmək rejimi tətbiq etmək və s. hüququ artıq yoxdur.
Nəzərə alsaq ki, 2007-ci il Qanununun son iki maddəsində 1995-ci il Qanununun qüvvədən düşdüyü və yeni qanunun rəsmi şəkildə dərc olunduqdan sonra qüvvəyə minməsi barədə müddəalar əks olunmuşdur, o zaman aydın olur ki, DBMV haqqında əvvəlki 30 maddəlik Konstitusiya Qanunu faktiki 18 maddədə əks olunan hüquqlarla həm məzmunca, həm də formaca xeyli məhdudlaşdırılmışdır. Bunu aydın şəkildə göstərən əsas fakt isə əvvəlki qanunda mövcud olan “DBMV-nin nümayəndəli və icra hakimiyyəti” və “DBMV-də məhkəmə hakimiyyəti” fəsillərinin yeni konstitusion qanunda əks olunmamasıdır. Belə ki, hakimiyyətlərin bölünməsi prinsipinin ifadəsi olan və çox məhdud şəkildə olsa da, hüquqi baxımdan vilayətə siyasi muxtariyyət mahiyyəti verən həmin fəsillərin tamamilə qanundan çıxarılması DBMV-nin statusunun məhdud inzibati muxtariyyətə qədər azaldılması məqsədinə xidmət etmişdir. Hazırda Tacikistanın inzibati-ərazi bölgüsünə Dağlıq Bədəxşanla yanaşı, daha üç vilayətin daxil olduğunu nəzərə alsaq, burada mərkəzi hakimiyyət orqanlarının muxtar vilayətin səlahiyyətlərinin digər vilayətlərə yaxınlaşdırması cəhdi aşkar sezilməkdədir. Beləliklə, 2007-ci il Konstitusiya Qanunu DBMV-nin sosial-iqtisadi və mədəni sahədə çox da geniş olmayan səlahiyyətlərə malik inzibati muxtariyyət kimi statusunu möhkəmləndirir.
Hazırda DBMV-nin ölkə əhalisinin 3,2 faizini təşkil edən sakinlərinin sayı 222 mindən artıqdır. Əhalinin 90 faizindən çoxunu taciklər, 7 faizə yaxını isə qırğızlar (sonuncular vilayətin ərazisində XVII-XVIII əsrlərdə məskunlaşmışlar) təşkil edir. Etnik taciklərin (çox zaman elmi ədəbiyyatda “pamirlilər” adlandırılır – E.C.) ölkənin əsas əhalisi ilə başlıca fərqliliyi dil və konfessial sahədədir – Pamir dilləri (paşto-ormuri və s. dillərlə yanaşı) Şərqi İran, tacik dili isə Qərbi İran dil qrupuna daxildir [7].
484 yaşayış məntəqəsindən ibarət 43 dexotu (kənd camaatlığı) əhatə edən 7 rayonun (nohiyə) tərkibinə daxil olduğu DBMV-nin ərazisi 63700 km2-dir və ölkə ərazisinin 44,5 faizini əhatə edir [11; 13]. İnzibati mərkəz Xoroq şəhəridir. Vilayət şimalda Qırğızıstanla, şərqdə Çinlə, cənubda və qərbdə Əfqanıstanla sərhədlərə malikdir.
Ədəbiyyat
1. Cəfərli E. Postsovet məkanının unitar dövlətlərində muxtariyyətlər və Naxçıvanın muxtariyyəti // Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir (04-05 iyul 2014-cü ildə keçirilmiş beynəlxalq konfransın materialları). Naxçıvan: Əcəmi NPB, 2015, s. 116-122
2. Kafkasyalı M.S., Tacibayev R. Tacikistan: Kurgusal Kuruluştan Kurgusal Politikalara // Türk Dünyası İncelemeleri Dergisi / Journal of Turkish World Studies, XII/1 (Yaz 2012), s. 239-266
3. Moezzi M. (Çev. Ali Ertuğrul). Bedahşan İsmailîlerine Ait Elyazmaları // DEÜİFD, XXXIII/2011, s. 255-273
4. Ахбори Маджлиси Оли Республики Таджикистан, 2007 г., № 6, с. 476
5. Ахбори Маджлиси Оли Республики Таджикистан, 2007 г., № 7, с. 715
6. Конституция Республики Таджикистан. http://www.prezident.tj/ru/taxonomy/term/5/112
7. Олимов М. Об этнополитической и конфессиональной ситуации в Таджикистане и вероятности межэтнических конфликтов / http://www.analitika.org/article. php?story= 20050319013518622
8. Usmonov Q., Sodiqov M. O‘zbekiston tarixi (1917-1991-yillar). Akademik litsey va kasb-hunar kollejlari 1-bosqich o‘quvchilari uchun darslik / Mas’ul muharrir: Q.Rajabov. Toshkent: Sharq, 2010, 256 b.
9. http://dic.academic.ru/dic.nsf/bse/80582/%D0%93%D0%BE%D1%80%D0%BD%D0%BE
10. http://mmk.tj/ru/legislation/legislation-base/constitutional-laws/
11. http://www.badakhshan.hut.ru/pages/gbao.html
12. http://www.mmk.tj/ru/library/zakon__respubliki_tadzhikistan_o_gbao.doc
13. http://ru.wikipedia.org/wiki/Горно-Бадахшанская_автономная_область
14. http://www.tajik-gateway.org/wp/?page_id=24932
Açar sözlər: muxtariyyət, konstitusiya, konstitusiya qanunu, Tacikistan Respublikası, Dağlıq Bədəxşan Muxtar Vilayəti, Xalq deputatları məclisi, inzibati muxtariyyət.
Ключевые слова: автономия, конституция, конституционный закон, Республика Таджикистан, Горно-Бадахшанская автономная область, Маджлис народных депутатов, административная автономия.
Keywords: autonomy, constitution, constitutional law, the Republic of Tajikistan, Gorno-Badakhshan Autonomous Region, People's Majlis deputies, administrative autonomy.
РЕЗЮМЕ
Горно-Бадахшанская автономная область образована 2 января 1925 года в составе Таджикской АССР (в 1929 г. переобразован в ССР) и расположена в её восточной части. После упразднения независимости Таджикистана в Конституции страны принятой в 1994 г. была включена отдельная глава о статусе Горно-Бадахшана. В 1995 году был принят Конституционный закон о Горно-Бадахшанской автономной области состоящей 6 глав и 30 статей. А в 2007 году закон заменили с новым конституционным законом состоящей из 5 глав и 20 статей. Положении Конституционного закона Горно-Бадахшанской автономной области определяет ее как административной автономии, которая не имеет широкие полномочия.
SUMMARY
Upper-Badakhshan Autonomous Region was established on January 2, 1925 as a part of the Tajik Autonomous Sovet Socialist Republic. (1929 become in SSR) and is located in its eastern part. After the abdition of Tajikistan's Independence in the Constitition adapted in 1994 it included a seperate chapter on the status of Upper-Badakhshan. In 1995 the first constitional law of Upper-Badakhshan autonomous region included of: 5 chapters 30 articles and in 2007, that law arended with a new constitional law consist of 5 chapters and 20 articles. The propositions of thah constitute law Upper-Badakhshan Autonomous Region as an administrative Autonomous Region having wide spread states.
"Geostrategiya" jurnalı № 02 (38) MART-APREL 2017
ELMAN CƏFƏRLİ
Tarix üzrə fəlsəfə doktoru, dosent
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM