Azərbaycanın dövlət rəmzlərinin təşəkkül və inkişaf tarixindən

09:40 / 24.07.2017

İstənilən dövlətin mövcudluğunu onun çoxəsrlik dövlətçilik və tarixi-mədəni dəyərlərini təcəssüm etdirən dövlət rəmzləri olmadan təsəvvür etmək mümkün deyil. Bu zənginliyi özündə əks etdirən rəmzlər sistemi hər zaman mövcud olub və tarixi inkişaf mərhələsi keçmişdir. Dövlət rəmzlərinin formalaşmasının tarixinin öyrənilməsi dövlətçilik tarixinin, mədəniyyətin və ideologiyanın inkişaf tarixi haqqında daha dolğun məlumat almağa kömək edir.
Hələ qədim zamanlardan hökmdarların, qəbilə başçılarının hakimiyyətini bildirən şəxsi nişanları mövcud olmuşdur. Hökmdarlara məxsus belə nişanlar (veksilloid, ştandart) bəzək və emblemlərlə bəzədilmiş, adətən taxta və ya metal sapdan ibarət olmaqla müasir bayraqların ilkin təkamül forması hesab edilirdi və yarandığı gündən hərbi xarakter daşıyaraq döyüşçülərin toplanış yerini, mövqeyini bildirirdi.
Tarixə məlum olan ipək parçadan hazırlanmış ilk bayraq qədim Çində qaldırılıb. Çində Çjou sülaləsinin əsasını qoyan imperator Çou e.ə XII əsrdə qoşunun önündə onun saraya gəlişini xəbər verən ağ bayrağın aparılması əmrini verib. [9, 9] İpəkdən olan bayrağı əldə gəzdirmək veksilloiddən daha rahat olmaqla yanaşı, həm də uzaq məsafədən daha yaxşı görünürdü.
Azərbaycan ərazisində yaranmış ilk dövlətlərin rəmzlərinin formalaşması və inkişafı tarixi prosesi getmişdir. Azərbaycanda ilkin bayraqların (ştandartlar) meydana gəlməsi bizim eradan əvvəlki əsrlərə aiddir. Hökmdarların hakimiyyətinin rəmzi mənasını daşıyan, ağ sapa taxılmış və heyvan təsvirləri ilə bəzədilmiş tunc dövrünə (e.ə. IV-II minilliklər) aid ilk bürünc ştandartlar Azərbaycanda arxeoloji tapıntılar zamanı Şəmkir və Şəki rayonlarında tapılmışdır. Tədricən belə ştandartlar sap və parça hissədən ibarət olan bayraqlarla əvəz olundu. [3, 4]
Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanda orta əsrlərdə bayraq müxtəlif adlarla sancaq, tuğ, buncuq, ələm kimi tanınmışdır. Bu anlayışlara Kitabi Dədə Qorqud dastanında da rast gəlinir. Bunlar Oğuz tayfalarının müqəddəs simvolları sayılırıdı və döyüşçülər həmin rəmzləri öndə daşıyırdılar. (12)
Tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi qüdrətli dövlətlərin hər birinin müstəqillik rəmzi olan bayraqları, gerbləri, möhürləri, pul vahidləri olmuşdur. Tarixi mənbələrdə Qaraqoyunlular dövlətinin hakimiyyət rəmzləri sayılan rəngarəng bayraqlarının olması haqqında maraqlı məlumatlar verilir. Digər dövlətlərdə olduğu kimi, Qaraqoyunlularda da bayraq güc və qələbə rəmzi hesab edilirdi. İ.H.Uzunçarşılının qənaətinə görə, Topqapı Sarayında xəzinə kitabxanasında saxlanılan və 1428-ci ildə ispan J.Villadestes tərəfindən perqament üzərində çəkilmiş xəritədə Qaraqoyunluların bayrağı sarı fonun ortasında qırmızı dördkünc formada təsvir edilmişdir.[ 8, 71-72] Bundan əlavə, Topqapı Sarayında Ağqoyunlu dövlətinin ağac sapa taxılmış ağ parçadan ibarət olan bayrağı da aşkar edilmişdir. Uzunsov üçbucaqlı ağ parça üzərində qızılı hərflər ilə “Sultan Həsən Bahadur” sözləri yazılmış, mərkəzdə Uzun Həsənin tuğrasının təsviri, kənarlarında isə Qurandan ayələr verilmişdir. [5, 27]
XVI əsrin əvvəllərində Azərbaycanın dövlətçiliyinin təkamülündə Səfəvilər dövləti böyük tarixi rol oynamışdır. Zəngin dövlətçilik ənənələrini təcəssüm etdirən bayraqlar haqqında məlumat verən XV-XVI əsr Təbriz miniatürləri tarixi bir mənbə kimi böyük əhəmiyyətə malikdir. XVI əsr Təbriz miniatürlərində Səfəvilər dövlətinə aid bayraqlar əlvan rəngli, üçbucaq formada olmaqla, Qurandan olan ayələrlə bəzədilib.
Tarixi mənbələrdə də Səfəvilər dövlətinə aid bayraqlar haqqında müəyyən məlumatlar qeyd olunub. Belə ki, “Cahanarayi Şah İsmayıl” əsərinə (XVI əsr) istinad edən tədqiqatçı M.Abbaslı bildirir ki, Şah İsmayıl Bağdada özünün ay-ulduzlu bayraqları altında yaxınlaşmışdır. Ehtimal olunur ki, bu elementlərin təsvirləri I Şah İsmayılın qoşunlarının bayraqlarında olmuşdur.[1,26 ] “Tarix-i aləmara-yi Şah İsmayıl” əsərində də Şah İsmayılın bayrağı haqqında məlumat verilir. Mənbədə bildirilir ki, Şah İsmayılın bayrağı çox iri olub, ağ qumaşdan hazırlanmış, üzərində “Quran-i Kərim”in 61-ci (“Səf”) surəsinin 13-cü ayəsində qeyd olunmuş “nəsrum-minəllahi və fəthun qərib” (“Allahdan kömək və yaxın bir zəfər vardır”) və onun qısaca forması olan “nəsrum-minəllahi” (“Allahdan kömək”) ifadəsi öz əksini tapmışdır. [7, 322]
XVIII əsrdə inşa edilmiş Şəki Xan Sarayı nadir memarlıq abidəsi olmaqla yanaşı həm də, dövlətçilik tariximizin öyrənilməsində böyük tarixi əhəmiyyətə malikdir. Sarayın divar rəsmlərində təsvir olunan döyüş və ov səhnələrindəki 28 növ bayraq müxtəlif forma və rəngləri ilə seçilirlər.
XVIII əsrin 40-cı illərində Azərbaycan ərazisində ilk müstəqil xanlıqlar yaranmışdır və onların hər birinin dövlət rəmzləri mövcud olmuşdur. Dövlət rəmzləri sırasında əhəmiyyətinə görə seçilən bayraqlar XVIII əsrin II yarısında mövcud olmuş Azərbaycan xanlıqlarında da geniş yayılmışdır. Azərbaycan xanlıqlarının bayraqları XVI-XVIII əsrlərə aid edilən gözəl şərq parçalarından tikilmiş, müxtəlif ornament və Qurandan olan ayələrlə bəzədilmişdir. Bu bayraqlarda Allahdan kömək və yaxın qələbə, Mərhəmətli Allahın adı ilə, Məhəmməd Allahın elçisidir, Məhəmməd möminləri müjdələ kimi ifadələr tez–tez təkrarlanır.
Dövlət bayraqları ilə yanaşı xanlıqların hökmdarlarının şəxsi bayraqlarını da qeyd etmək lazımdır. Azərbaycan xanlarının da öz hakimiyyət rəmzi olan ştandartları mövcud olmuşdur. Bunlara misal olaraq İrəvan xanı Hüseynqulu, Gəncə xanı Cavad xanın, Şəki xanı Səlim xanın ştandartlarını göstərmək olar. XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan xanlıqları Çar Rusiyası tərəfindən işğal edilməyə başlandı. İranla Rusiya arasında bağlanmış müqavilələr (1813, 1828) əsasında Azərbaycanın şimal hissəsi Rusiyaya, cənub hissəsi isə İrana ilhaq edildi. Döyüşlər zamanı Rusiyaya aparılan qənimətlər arasında xanlıqların bayraqları da var idi. Bunların arasında Gəncə, Bakı, Şəki, İrəvan, Naxçıvan,Təbriz, Xoy xanlıqlarının bayraqlarını qeyd etmək olar. Həmin bayraqlar 1888-ci ildə Qafqaz Hərbi Tarix Muzeyinə verilmiş, 1924-cü ildə isə buradan bəzi bayraqlar Milli Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. (3, s. 5,8)
Azərbaycan xalqı əsrlər boyu tarixi yaddaşında dövlətçilik ənənələrini daim qoruyub saxlamışdır. XX əsrin əvvəllərində milli dövlətçiliyin bərpası çox böyük bir hadisə olaraq Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndən sonra dövlətçiliyimizin atributları yenidən bərpa olunmağa başlanmışdır. Azərbaycan Demokratik Respublikasının həyata keçirdiyi ilk mühüm tədbirlərdən biri 1918-ci il iyun ayının 21-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvirləri olan qırmızı rəngli Dövlət bayrağı haqqında qərar verməsidir. Azərbaycanın üçrəngli Dövlət bayrağı isə 1918-ci il noyabrın 9-da Azərbaycan Demokratik Respublikası Hökumətinin iclasında qəbul edilmişdi. [6, 23]
“Azərbaycan” qəzetinin 1918-ci il noyabr ayının 11-dəki nömrəsində bayrağın qəbulu belə qeyd edilmişdi: “Hökumət tərəfindən üç rəngdən ibarət Azərbaycan bayrağının layihəsi qəbul olunub. Mavi, qırmızı, yaşıl rənglərdən ibarət bayrağın qırmızı rənginin fonunda aypara və şəkkizguşəli ulduz təsvir ediləcəkdir”.[2] Bayraqdakı rənglərin mənasına gəldikdə, mavi rəng türkçülüyü, qırmızı– müasirliyi, qərb demokratiyasını, yaşıl –islam ideologiyasını ifadə edir. [6, 23]
Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər mövcuddur. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra bu gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və bütün müsəlman aləmində həmrəylik, hürriyyət, yardım mənasını daşıyır. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır. [6, 20]
Azərbaycan Demokratik Respublikası dövründə digər rəmzlərlə (gerb və himn) bağlı layihələr hazırlansa da, lakin onların qanunvericilk səviyyəsində təsdiqi və qəbulu mümkün olmamışdır. Belə ki, 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən milli himnin, dövlət gerbinin və möhürün təsvirlərinin hazırlanması ilə bağlı müsabiqə elan edilmişdir. Müsabiqənin müddəti 1920-ci il may ayının 1-də başa çatmalı idi. Müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin rəmzlərinin, orden və medallarının, poçt markalarının ilk nümunələrinin yaradılmasına təkan verdi. Lakin, 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli rəmzlərinin qəbul edilməsinə imkan vermədi. ( 6, 31)
1920-ci ildə aprel işğalı nəticəsində Azərbaycanda sovet hakimiyyəti quruldu və milli dövlətçiliyimizi tərənnüm edən bütün rəmzlər sovet rəmzləri ilə əvəz olundu. Azərbaycan SSR-in bütün bayraqlarında qırmızı rəngdən istifadə olunmuşdur. O zaman qırmızı rəng Sovet xalqının sosializm və kommunizm yaratmaq uğrunda apardığı qəhrəmanlıq mübarizəsi simvolu hesab edilirdi. Bayraq üzərində olan oraq və çəkicin mənasına gəldikdə isə bu fəhlə və kəndli sinfinin ayrılmaz ittifaqını ifadə edirdi. Oraq və çəkic proletar dövlətin emblemi sayılırdı. [10, 454]
Sovet dövründə Azərbaycanda dövlət bayraqlarının dəfələrlə dəyişdirilməsinin səbəbi əlifba dəyişiklikləri ilə əlaqədar olaraq bayrağın üzərindəki yazıların da dəyişikliyə məruz qalması idi. Azərbaycan Sovet Sosialist Respublikasının ilk bayrağı 1920-1921-ci illərdə qəbul edilmişdi. Azərbaycan SSR-in ən son bayrağı 1952-1991-ci illərə aiddir.
[ 11]
Sovet hakimiyyəti zamanı Azərbaycan özünün dövlət atributlarını Sovet Rusiyasının atributlarına uyğunlaşdırmışdı. Azərbaycan SSR-in Dövlət gerblərinin üzərində adətən oraq və çəkic, beşguşəli ulduz, sünbül çələngi ilə əhatə olunmuş aypara təsvir edilmiş və “bütün ölkələrin proletarları birləşin” şüarı yazılmışdı. Dövlət gerbinin dəfələrlə dəyişdirilməsi bayraqlardakı dəyişikliklərə səbəb olan amillərlə bağlı idi. Azərbaycan SSR-in ən son gerbi 1978-ci ilə aid olmaqla Sovet İttifaqının süqutunadək dövlət gerbi statusu daşımışdır. Dövlət bayrağı və gerbi ilə yanaşı, 1945 və 1978-ci illərdə Azərbaycan SSR-in Dövlət himni də qəbul edilmişdir.
XX əsrin 80-ci illərində üçrəngli bayrağımız Azərbaycan xalqının milli azadlıq hərəkatının rəmzinə çevrildi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının Dövlət bayrağı statusu verildi.
1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.[4,101] Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının dövlət gerbi kimi təsdiq etmişdi.[6,32] Dövlət rəmzlərimizin Azərbaycan Respublikasının Konstitusiyasının 2 maddəsində (23 və 75) təsbit olunması onların qanunvericilik səviyyəsində təsdiq olunduğunu göstərir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət quruculuğu siyasətində tarixi işlərlə yanaşı, milli dövlətçilik atributlarının tam formalaşdırılması, onların bütün vətəndaşlar, xüsusən gənclər arasında təbliği və öyrənilməsi işində tarixi zəmin yarandı. 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamın imzalanması dövlət rəmzlərinin daha geniş miqyasda təbliğini təmin edərək, eyni zamanda cəmiyyətin vətənpərvərlik ruhunda formalaşmasına, dövlət rəmzlərinə hörmət və ehtiram hisslərinin gücləndirilməsinə xüsusi təkan vermiş oldu.
Heydər Əliyev tərəfindən dövlətçilik sahəsində görülən işlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inkişaf etdirilməkdədir. 2004-cü il 8 iyun tarixli “Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi dövlət rəmzlərinin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş mühüm tədbirlərdən biridir.
2007-ci il noyabr ayının 17-də Prezident İlham Əliyev tərəfindən “Bakıda Dövlət Bayrağı Meydanının yaradılması” və 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” olan Sərəncamlar dövlət başçısının və Azərbaycan xalqının Dövlət bayrağına olan dərin ehtiramın və yüksək dəyərin bariz nümunəsidir. Ölkə başçısının imzaladığı bu sərəncamlar Dövlət bayrağının dövlət rəmzləri sırasında tutduğu əhəmiyyətli yeri və rolunu, xalqımızın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini dünya ictimaiyyətinə təbliğ etmək naminə gördüyü uğurlu siyasətin ifadəsidir.
2010-cu il sentyabrın 1-də açılışı olan Dövlət Bayrağı Meydanı Azərbaycanda xüsusi əhəmiyyətə malikdir və Azərbaycan xalqının milli dövlətçilik ənənələrini, milli-mədəni dəyərlərini, həmrəyliyini təcəssüm etdirir. Meydanın üzərində vüqarla dalğalanan üçrəngli bayrağımız müqəddəs qürur rəmzinə çevrilərək, ürəyi Vətən sevgisi ilə döyünən hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yer tutur.

Ədəbiyyat
1. Abbaslı M. Şah İsmayıl Xətayinin həyat yolu miniatürlərdə. Bakı: İşıq, 1981, 91 s.
2. Azərbaycan qəz. 1918, 11 noyabr
3. Azərbaycan bayraqları : kataloq. Bakı: Elm, 2005, 88 s.
4. Azərbaycan Respublikasının Qanunlar Külliyyatı I cild “Hüquq ədəbiyyatı”, Bakı, 2001
5. Əhmədov S. , Məmmədov V. Azərbaycan Respublikasının Dövlət Bayrağı. Bakı: 2010, 156 s.
6. Əliyev İ. H. , Məhərrəmov E. Ə. Azərbaycan Respublikasının Dövlət rəmzləri. Bakı: Nurlan, 2008, 56 s.
7. Namiq Musalı. I Şah İsmayılın hakimiyyəti (“Tarix-i aləmara-yi Şah İsmayıl” əsəri əsasında). Bakı: Elm və təhsil, 2011, 482 s.
8. Nəcəfli T.H. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri (Müasir Türkiyə tarixşünaslığında) Bakı,Çaşıoğlu, 2012, 604 s.
9. Иванов К. Флаги государств мира. Издательство: Транспорт 1971 г. 232 с.
10. Энциклопедия. Символы, знаки, эмблемы» «Астрель, АСТ», 2004 г, 556 с.
11. http://files.preslib.az/projects/remz/pdf/remz_bayraq.pdf
12. http://www.zmogusirzodis.leu.lt/index.php/zmogusirzodis/article/view/7

Açar sözlər: rəmzlər, bayraq, dövlət, hakimiyyət, qanun

Резюме
В статье рассказывается об истории происхождения государственных символов Азербайджана. История символов Азербайджана восходит к глубокой древности. Исторические источники и памятники материально-духовной культуры дают информацию о символах государств Гарагоюнлу, Аггоюнлу и Сефевидов, азербайджанских ханств существовавших на территории Азербайджана.
Азербайджанский народ сохранил в исторической памяти традиции, государственных символов и благодаря этому, в 1918 г. после провозглашения независимости в Азербайджане начался процесс по восстановлению символов и атрибутов государственности.
Кроме того, в статье подчеркивается роль государственных символов в истории государственности Азербайджанской Республики.

Summary
The article describes the history of the origin of the state symbols of Azerbaijan. The history of Azerbaijan symbols goes back to the ancient times. Historical sources and monuments of material and spiritual culture give information about the symbols of Garagoyunlu, Aggoyunlu and Safavids, Azerbaijani khanates that existed on the territory of Azerbaijan.
The Azerbaijani people saved and preserved in historical memory the national-spiritual values, and exceptionally owing to it, after declaring its independence in 1918 the process of restoration of statehood symbols and attributes began in Azerbaijan.
In addition, the article emphasizes the role of the state symbols of statehood in the history of the Republic of Azerbaijan.


"GEOSTRATEGİYA" jurnalı №03 (39) May- İyun 2017


Könül İmamverdiyeva
Tarix üzrə fəlsəfə doktoru


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM